Sensasiyalı həyatı və təxəllüsləri ilə əsrarəngiz yazarlıq karyerasına malik olan Suat Dərviş 1972-ci ildə vəfat edənə qədər bir çox qəzet və jurnala onlarca roman, yüzlərlə hekayə və minlərlə məqalə verib. Bir yerə toplanıb tərtib edilməsi kifayət qədər çətin olan bu külliyyat, araşdırmaçı-yazar Sərdar Soydan və İthaki Nəşriyyatının zəhməti nəticəsində nəşr olunmaqda davam edir.

Suat Dərvişin "Hatice Hatip" təxəllüsü ilə nəşr etdirdiyi bu hekayə 1-7 yanvar 1936-cı il tarixləri arasında "Son Posta" qəzetində nəşr edilib. Qəzet xaricində ilk dəfə Türkiyə mediasında İthaki Nəşriyyatından alınan icazə ilə oxuculara təqdim olunub. 86 il əvvəlin həyəcanlı yeni il gecəsindən bəhs edən həmin hekayəni dilimizə uyğunlaşdıraraq təqdim edirik.

 

Həyəcanlı yeni il gecəsi

 

Hekayə

 

Bu səhər çıxan qəzetlərdən birində belə yazılırdı:

"Dünən gecə 935-ci ilin 936-cı ilin yerini tərk etdiyi dəqiqədə çox qəribə bir hadisə baş verib. İstanbulun çox tanınmış bir ailəsinə mənsub olan gənc qız nişanlısının yanından qaçırılıb.

Yeni il gecəsinin sevincini puç edən bu inanılmaz hadisə böyük bir barın rəqs zalında baş verib.

Saat on ikidə işıqlar sönənə qədər nişanlısının yanında çox şən şəkildə oturan qızın işıqlar yenidən yandığı vaxt masa arxasındakı yerində olmadığı, yanındakı kişinin oturduğu stula bərk-bərk bağlanmış və ağzına da bir yaylıq soxulduğu görülüb.

Masasına bağlanıb ağzı da tıxanmış olan bu qırx beş-əlli yaşlarında görünən kişinin ağzından yaylıq çıxan kimi ilk sözü bu cür qışqırmaq olub: "Ay aman, qaçın, nişanlımı qaçırdılar!".

Qapıdan bayıra qaçışan adamlar qarderobçunun və ofisiantların da əlləri-qolları və ağızlarının bağlı olduğunu görəndə çox heyrətləniblər.

Qapının önündəki qapıçının da girişdə pilləkənlərin üstündə möhkəm bağlanmış və ağzı qapalı vəziyyətlə yerdə uzandığını görüblər.

Əl-qolları açılan, ağızlarından yaylıqlar çıxarılan bütün adamlar ifadə verərək hava qaralan kimi hücuma məruz qaldıqlarını, ağızlarının da bağlandığını bildirib, heç bir şey görmədiklərini də əlavə ediblər. Qapıdan bayıra çıxan adamlar qapının önündə növbədə dayanan taksi sürücülərindən gənc qızın zorla çıxarılıb-çıxarılmadığını soruşduqda, onlar təcili tibbi yardım (ambulans) ilə aparılan xəstədən başqa, bardan heç kimin çıxarılmadığını bildiriblər.

 

Təcili tibbi yardım maşını

 

Hansı xəstədən, hansı təcili tibbi yardım maşınından söhbət getdiyini soruşanda sürücülər, bunun saat düz on ikidə barın qapısına gələn maşın olduğunu deyiblər.

Dindirmə nəticəsində məlum olub ki, saat on ikidə təcili tibbi yardım maşını barın qapısına gəlib, içindən köynəkli iki nəfər çıxıb. Xərəklə içəri giriblər. Bir az sonra yanlarında üç nəfər və xərəkdə üstü örtülü xəstə ilə birlikdə maşına mindikləri, sirenalarını qoşaraq böyük sürətlə Şişli istiqamətində getdikləri görülüb.

Qapının qarşısında toplaşan bir-iki nəfər maraqlanan şəxsə içəridə bir qadının huşunu itirdiyini deyiblər.

 

On ikidə şəhərin telefonları işləməyib

 

Bəzi adamlar bu araşdırmaları apararkən, bəziləri telefona tələsərək təcili tibbi yardım maşını ilə gənc qızın qaçırıldığını polisə bildirmək istəyiblər, lakin telefonun işləmədiyini görüblər.

Kənar yerdən edilən belə bir cəhd də uğursuzluqla nəticələnib. O vaxt təkcə barın telefonlarının deyil, bütün şəhər telefonlarının xarab olduğu anlaşılıb.

Bundan sonra təcili olaraq birini yaxınlıqdakı polis məntəqəsinə göndəriblər, hadisənin baş verməsindən cəmi on beş, iyirmi dəqiqə sonra polis vəziyyəti nəzarətə götürüb.

 

Qaçırılan qız kimdir?

 

Qaçırılan qız şəhərimizin tanınmış tacirlərindən olan Əhməd Özgər bəyin qızıdır. İyirmi yaşı var. Çox ağıllı, çox gözəl, incə qızdır. Beş gün idi ki, çoxlu mal-mülk sahibi olan Lətif bəylə nişanlanıbmış. Lətif bəy Şişli-Nişantaşının alicənab (yüksək səviyyəli, imkanlı) adamlarının tanıdığı çox alicənab insandır. Hamının rəğbətini və sevgisini qazanan bu şəxs polisə hadisəni belə izah edib:

 

Nişanlı nə deyir?

 

"Beş gündür ki, Əsma ilə nişanlıyam. Mən onu uzun illər idi ki, tanıyırdım. Deyə bilərəm ki, demək olar, əlimdə böyüyüb. Bu gecə çox sevincliydi. Bu bara gəlməyimizi o istədi. Gecə yarısına qədər rəqs etdi, əyləndi. Elə düz gecə yarısı işıqlar sönəndə ortada qalmayım deyərək gəlib yanımda oturdu. Onunla təzəcə bir qədəh şampan içirdik ki, birdən işıqlar söndü. İşıqlar sönən kimi ağzıma zorla nəsə soxuldu. Səsimi çıxarmağa macal tapmamış ağzım bağlandı. Əllərimi də bağladılar. Bu vaxt yanımdakı masada da yüngül mübarizə səsini eşitdim. Sonra ipək xışıltısı... Salon zülmət qaranlıq olduğuna görə heç nə görünmürdü. Fit və fışqırıq səslərindən yaranan səs-küydən mənim iniltilərimi eşidən də olmadı".

- Qızın düşməni var idi?

Nişanlısı cavab verib:

- "Xeyr, qızın düşməni yox idi. Çünki cəmi iyirmi yaşı olan uşaqdı. Onun həyatla heç bir əlaqəsi olmamışdı. Heç kimə pislik etməmişdi ki, düşməni olsun. Qaçırılmada səbəb, ancaq qızın valideynlərindən fidyə tələb etmək istəyi ola bilər".

 

Dünən qızın üzərində qiymətli gərdanlıq varmış

 

Yenə polis apardığı araşdırmalarda qızın çox qiymətli boyunbağı taxdığını anlayıb. Qız boynundakı bu boyunbağını oğurlamaq istəyən bəzi şəxslər tərəfindən qaçırılıb.

 

Təcili tibbi yardım maşını necə peyda olub?

 

Hadisə yerində aparılan araşdırma ilə müəyyən edilib ki, dünən axşam saatlarında təcili tibbi yardım maşınına heç yerdən zəng edilməyib. Halbuki, qapının qarşısında toplaşanların və gözləyən taksi sürücülərinin şahidliyi ilə barın qapısına təcili tibbi yardım maşınının gəldiyi və bardan xərəklə bir xəstə götürüb çıxdığı aydın olur.

Beş və ya daha çox adamdan ibarət dəstənin Əsma Özgəri qaçırmaq üçün əvvəlcədən əlbir olduğu dəqiq məlumatdır.

Bu adam oğurluğuna asanlıqla nail olmaq və küçələrdən sürətlə qaçıb getmək üçün daha əvvəldən bu maşını təcili tibbi yardım avtomobili rənginə və formasına çevirən bu dəstə üzvlərindən bir-ikisi düz saat on ikidə bu maşını barın qapısına gətirib və eyni dəqiqələrdə əylənən bar müştəriləri arasına qarışan digərləri də qarderob işçisini, iki ofisiantı və bir qapıçını bərk-bərk bağlayıb, digərləri də masalarında oturan nişanlılara hücum edib.

 

Telefon niyə işləmirmiş?

 

Saat on ikidən sonra şəhərin heç bir yerindən telefon zəngi edilə bilmədiyi görüləndə telefon şirkətinə müraciət edilib və növbətçilərin iş yerində möhkəm bağlandığı və telefonun mərkəzdən söndürüldüyü məlum olub. Dünən gecə qızı qaçıran şəbəkənin çox geniş olduğunu göstərən bu detal böyük həyəcan yaradıb.

 

Polis araşdırma aparır

 

Dünən gecədən hadisəni nəzarətə götürən polislər çox qısa müddətdə cinayətkarları tapacaqlarına, tezliklə qızı ailəsinə və nişanlısına qaytaracaqlarına böyük ümid bəsləyirlər.

İstanbul polisinin hər zaman qüsursuz çalışan, ən amansız cinayətkarları ələ keçirən ən dəyərli məmurları bu işlə məşğuldurlar.

Əslində, bir şayiəyə görə, hətta vacib ipucu da əldə edilib...

 

Qızın ailəsi həyəcan içindədir

 

Qızın ailəsi həyəcan içindədir. Bu gün səhər saat ikidə onlara baş çəkməyə gedən müxbirimiz Maçkadakı möhtəşəm binanın möhtəşəm mənzilində böyük kədər yaşandığına şahid olub.

Yeni il gecəsində evlərində rulet oynayaraq əylənmək istəyən bu ailə, onları bu qəfil fəlakətləri içində də tərk etməyən qonaqlarının arasındadır və telefondan telefona qaçaraq qızlarının aqibəti ilə bağlı məlumat almağa çalmaqdadırlar.

 

Qızı tapana mükafat

 

"Əsma Özgəri tapan və ya tapılmasına kömək edəcək insanlara qızın atası beş min lirə, nişanlısı da iki min lirə mükafat verəcək.

Qızın anası huşsuz halda yatır və özünü belə tanımır".

Hüsnü Nami qəzeti stolun üstünə atır və qarşısında ayaq üstə dayanan kriminal xəbərlər redaktoruna bu xəbəri işarə edərək soruşur:

- Nə buyurursunuz?

Redaktor kefi pozulmuş, sıxılmış, tərləmiş bir vəziyyətdə onu qarşısında susur. Hüsnü Nami daha əsəbi səs tonuyla təkrarlayır:

"Sizdən soruşuram, zati-aliləri. Buna nə deyirsiniz?".

 

Xəbər boşluğu

 

Gənc jurnalist:

- Amma...  deyib sözə başlamaq istəyir, amma Hüsnü Nami sözünü kəsir:

- Amma-filan yoxdur, müsyo. Mətbuat tarixində belə biabırçı hadisə qeydə alınmayıb.

Redaktor dillənir:

- Amma xəbəri verməyən tək biz deyilik. Səhər qəzetlərinin heç birində belə xəbər yoxdur. Heç biri verməyib... Heç biri verməyib, təkcə gündə üç səhifəlik xəbər çap edən bu köhnə qəzet ala bilib bu xəbəri. Birinci ağlıma nə gəldi, bilirsiniz? Bu xəbərin doğru olmadığını və bu qəzetin nəyin bahasına olur-olsun, belə xəbərlə həyəcan yaradaraq satış etmək üçün yalan yazdığını düşündüm, qəzeti görən kimi dərhal polisə zəng etdim.

         

Xəbər doğrudur

 

Çox istehzalı səslə:

- Nə cavab aldınız?

- ...

- Bu xəbərin doğru olduğunu eşitdiniz, elə deyilmi?

- Bəli...

- Bilirsiniz bu gün qəzetlərin satışı necə olub?

- Bilmirəm.

- Bu murdar kağız parçasının nə qədər satıldığını bilirsiniz?

- Qapıblar deyirlər.

- Qapılar, əlbət... Qarşınıza bir rəqib çıxır, bir neçə iddia atır ortaya. Fəqət siz onu ciddi qəbul edib, onu ciddi belə qəbul etmək istəmirsiniz. Sonra günlərin bir günü, yeni il gecəsində Bəyoğlu müxbiriniz məşuqəsini gəzdirsin, kriminal müxbirləriniz nişanlısıyla rəqs etsin və kriminal xəbərlər redaktorunuz də yeni ili layiqincə qeyd etmək üçün orda-burda yuxulasın... Xəbəri belə ötürürsünüz?

 

O xəbəri yazan məlum qəzet...

 

Kriminal xəbərlər redaktoru ətrafa baxıb ah çəkərək deyir:

- Belə bir qəzetin bu cür xəbəri bütün qəzetlərdən əvvəl necə yazdığını anlaya bilmirəm. Burda iş var. Amma nə?

- Burda olan iş, hamınızın öz vəzifələrinə əhəmiyyət verməməyidir.

Telefona zəng gəlir. Susur, əlini telefona atıb danışır:

- "Alo, alo, alo... Bu... qəzetidir. Alo, alo? Mən Hüsni Nami. Bəli, mənəm. Nə... Nə dedin? Yox, əzizim. Buyur. Uşaqsan sən, dünən axşama qədər mətbəədə olmuşam. Qulaq as, balam...".

Hüsnü Naminin səsi birdən yumşaldı:

- And içirəm. Mən gəzmişəm? Məəən?

Telefonda danışan qadın o qədər möhkəm səslə qışqırırdı ki... İstəmədiyi halda kriminal xəbərlər redaktorunun jurnalistlərə məxsus həssas qulağı onun hər sözünü eşidirdi:

- Sən axmaqsan... Məni aldadırsan? Bütün gecəni səhərə qədər bar-bar gəzmisən.

- Əzizim, indi məşğulam...

- Məşğulsan? Görəsən, nəylə? Yəqin ki, qəzetlə... Qəzetlə məşğul olsaydın, heç olmasa barda qaçırılan qız haqqında bir neçə kəlmə sənin qəzetində də olardı.

Hüsnü Naminin ən  həssas yerinə toxunulmuşdu.

- Lütfən, əzizim. Başa düşmədiyin məsələlərə qarışma.

- Nəyi başa düşməmişəm? Böyük siyasət məsələsidir bu? Bir qızı qaçırıblar, qızın qaçırıldığını İstanbulda sağır sultan da eşidib.

- Biz də eşitmişik, amma... O saatdan sonra qəzetdə verməyə imkan yox idi.

- Vah-vah, on ikidə olan hadisəni qəzetə verməyə çatdıra bilməzdiz?

- Texnikadan başın çıxmır sənin, sus...

- Mən susmayacağam. Dünən gecə məni evdə qoyub get ki, gələrəm çıxarıq...

- Qulaq as mənə. İnan, dünən gecə səhərə qədər burada qalmışam. Maşında nasazlıq olub.

- Sənə göstərəcəm. Axmaq!

Telefonu şiddətlə qapatdı. Redaksiya müdiri telefonun o cür bağlandığını qarşısındakına hiss etdirmək istəmirdi. Buna görə bağlı telefona danışmağa davam etdi:

- Bəli, yaxşı... Allah amanında.

O da telefonu yerinə qoydu. Qarşısında ayaq üstə dayanan redaktora şiddətlə:

- İndi... İndi ən yaxşı müxbirlərinizi bu işin ardınca göndərin. Qızın şəklini, ailəsinin şəklini, yaşadıqları evin şəklini, qızı qaçıranların şəklini...

- Ay bəy, adam oğurlayanların şəklini hardan tapaq?

- Məsələni xüsusi polis kimi təqib edəcəksiniz. Bu məsələni hər kəsdən əvvəl öyrənən və ən yaxşı təfərrüatı ilə çatdıran biz olmalıyıq. Yoxsa...

- Yaxşı, bəy... Bundan sonra görərsiniz. Görək o qəzet bizi ötə bilər?

 

Satışı az olan qəzet

 

Bu satışı az səhər qəzetində redaksiya müdirinin otağı da qəzetin bütün digər otaqlarına uyğun səfalət içində idi.

Necəsə bir hərracda yolunu azıb bu otağa girən işlənmiş yazı masası, çılpaq taxtalı bu otağın ortasında, çaşıb pis meyxanaya girən kraliça kimi yad olaraq dayanıb. Divardakı sadə taxta rəflər içində çoxlu cildsiz və təsadüfən bura atılmış çoxlu kitab var. Redaksiya müdirinin masasının qarşısında fırlanan kreslodan və masanın o biri tərəfindəki köhnə-külüş divandan başqa heç bir şey yox idi.

 

Yorğun üzlü yeniyetmə

 

Bu divanda qəzetin 35 yaşlı gənc sahibi Əli Vəsfi arxası üstə uzanır kimi oturub böyük zövqlə doldurma siqaretini çəkə-çəkə qəzetinin ogünkü nüsxəsinə heyran-heyran baxırdı. Müdir masasında iyirmi səkkiz-otuz yaşlarında, yorğun üzlü, arıq, qarabuğdayı bir gənc oturmuşdu. Dirsəklərinə qədər çirmələdiyi qollarını stolun üstünə dayamışdı. Boş qəhvə fincanında otuzuncu siqareti söndürərək Əli Vəsfini dinləyirdi.

Əli Vəsfi əlindəki qəzetin, öz qəzetinin ilk səhifəsində verilən xəbərləri oxuyurdu.

  

Yeni il gecəsi

oğurlanan qız tapılmayıb

 

"Dünənki sayımızda Bəyoğlunun ən məşhur barlarından birindən gecə yarısı işıqlar sönəndə naməlum səbəbdən bəzi şəxslər tərəfindən qaçırıldığını yazdığımız Əsma Özgər adlı qız hələ də tapılmayıb və bu məsələ ilə bağlı başladılan istintaq hələ bir nəticəyə gəlməyib.

Hücuma məruz qalan və əl-ayağı bağlı vəziyyətdə tapılan qarderobçu və ofisiantlar yenidən sorğu-sual edildikdə ilk ifadələrindən daha əhəmiyyətli nəsə deməyiblər.

 

Fitlər çalmağa başlayanda...

 

Qapıçının verdiyi ifadə əhəmiyyətli hesab edilib. Qapıçı bunları deyib:

- Düz on ikidə fit çalmağa başlayanda mən də qapının önündən çəkilib aşağı doğru düşməyə başladım. Məqsədim tualetdə işləyən nişanlımı tək qoymamaq idi. Amma pilləkənlərdən on addım aşağı düşməmişdim ki, qəfil hücuma məruz qaldım. Mənə hücum edən iki-üç nəfər olmalı idi. Dərhal ağzımı bağladılar. Qollarımı bərk-bərk bağladılar. Amma nə başıma yumruq vurdular, nə də məni incitdilər. Anladım ki, onların məqsədi məni incitmək deyil. Ancaq mənim başımı itələyib elə yerə saldılar ki, o vəziyyətdən xilas olmağım asan olmadı. Buna görə də içəri girib-çıxanları görə bilmədim.

 

Dəstədə qadın var idi?

 

Amma deyim ki, arada gələn qadın səsi diqqətimi çəkdi. Bu qadın ətrafdakılara əmrlər verirmiş kimi nəsə deyirdi, qaranlıq zalda bütün hadisəni idarə edirdi.

 

İşıqlar yanandan sonra

 

Bar ofisiantlarından biri işıqlar yandırıldıqdan və hadisənin həyəcanı səngidikdən sonra onun xidmət etdiyi tərəfdəki bir masa arxasında əyləşən 3 cavan oğlanın hesablarını vermədən aradan çıxdığını bildirərək onları təsvir etməyə çalışıb.

 

Yorğun üzlü gənc

 

Onlardan biri smokinqli, yorğun və pis görünüşlü, kokain, morfin və bənzəri maddələr aludəçisi olduğu ilk baxışdan üzündən oxunan bir gəncmiş.

Masanın baş tərəfində oturan gənc jurnalist arıq qollarını uzadıb, şkafın balaca gözlərinin birindən kiçik güzgünü çıxarıb üzünə baxıb dedi:

- Mənə oxşayırmış.

Əli Vəsfi gülürdü:

- Amma sənin asılılığın morfin, kokain deyil, spirtdir. Bir az fərqiniz var. Smokinqin təsviri belə eyni səninki kimidir. Dayan görüm, ardın oxuyaq.

"Eyni masada oturanlardan ikinciyə gəlincə, ofisiant bunun üçün bunları deyib:

- Özünü amerikalı kimi göstərmək istəyən özündənrazının biri...

Ofisiant bu gəncin barlarına daha əvvəl də gəldiyini və daima çox viski içdiyini, bəzən də pulu ödəyə bilməyib hesablara imza ataraq ödənişi sonra etdiyini söyləyib. Sərxoş olanda ingiliscə söydüyünü də əlavə edib".

 

Qanqsterlər

 

Masanın qarşısında oturan qarabuğdayı gənc gülərək deyib:

- Bu da bizim Rasimin təsvirinə bənzəyir.

Digəri də gülməyə başlayıb:

- Yazını oxumağa davam etsən, yeni il gecəsi qanqsterlərinin özümüz olduğunu hökm edəcəyik.

Elə bu vaxt otağın qapısı açıldı. Qapıdan içəri qısa boylu, şişman, miyop gözlü cavan oğlan girdi. Yekə qarnını iki əli ilə ovuşdurub ətrafına baxaraq dedi:

- A bala, qəzetdə o nə cəfəngiyyatdır yazmısınız?

- Nə?

- Daha nə olsun?

- Gözlə hələ, oxuyuruq.

 

Üçüncü müştəri

 

Üçüncüyə gəlincə, üçüncü müştəri kök, qısa boylu, miyop gözlü oğlan imiş.

Nəfəsi kəsilmək üzrə olan kök oğlan:

- Bu bizik də. Bizik bu!

- Təkcə biz yazmırıq! Bütün qəzetlər bu barədə yazır.

- Bəli, bütün qəzetlər bunu yazır. Polisin bu üç adamın izində olduğu deyilir.

- Bəs, siz nə əlavə etmisiniz?

- Biz əlavə etmişik ki, ofisiantın bu ifadəsindən sonra apardığımız araşdırma nəticəsində belə anladıq ki, bu  işdə əli olduğu görünən bu üç cavan oğlan qəzetimizin müxbirlərindən Rasim, Nəcmi və şişman Mazhardır. Qoy oxuyum. Ardına da qulaq as.

 

Qızı kim qaçırıb?

 

- Qızı bizim qəzetin müxbirləri oğurlayıb?

Hələ polis tərəfindən dindirilməyən dostlarımızı öz qəzetimizin kriminal xəbərlər redaktoru sorğu-sual edib. Bəyoğlu müxbiri Rasim özünü belə müdafiə edib:

- Həmin gecə barda idik. Qızın qaçırıldığını eşidən kimi oradakı vəziyyəti müəyyən edib mətbəəyə qaçdım. Dostlarımızdan biri Nəcmi qızın evində araşdırma aparmaq üçün bardan çıxıb birbaşa ora gedib və Mazhar da polisə xəbər vermək üçün barı tərk edib.

Bar ofisiantına şübhəli görünən müştərilər bizik. Həmin gecə hesabımızı ödəmədən barı tərk etməli olduq. Qəzet vasitəsilə ofisiantdan hesab-faktura ilə mətbəəmizə müraciət etməsini xahiş edirik.

 

İşin içindən necə çıxacağıq?

 

İkisi də qəhqəhə çəkib gülürlər. Təkcə şişman Mazhar gülmürdü. "Bu iş başımıza bəla olacaq", - deyə beynindən keçirib dostlarına müraciət etdi:

- İşin içindən necə çıxacağıq?

Əli Vəsfi qəzeti yerə atmışdı. Masanın başında oturan Nəcmiyə tərəf çevrilib dedi:

- Sən qalx ordan. Mən oturub yazımı yazacağam.

Nəcmi sona yaxınlaşan siqaretindən yenisini yandırıb yavaş-yavaş ayağa qalxdı. Şişman Mazhar həm alnının tərini silir, həm də hələ də mızıldanırdı:

- Əlbəttə ki, xəbəri verdiyimiz qəzetin bir nüsxəsinin belə satılmadığını siz də bilirsiniz?

- Doğrudan?

Əli Vəsfi gülürdü:

- Üsküdar satıcısından öyrəndim. Orada hər gün satılandan düz beş ədəd artıq satılıb.

Nəcmi qəhqəhə çəkdi:

- Böyük uğurdur!

- Bilirsən, Şişlidə, Bəyoğlundan nə qədər satıldığını bilirsən?

- İyirmi beş...

- Düz qırx səkkiz dənə... Amma əsl sabah məsələ əhəmiyyət qazanacaq. Sabah nə qədər satılacağını görəcəksiniz.

Masanın başına keçən gənc böyük kağız parçasını yana çevirib iri hərflərlə bunu yazdı:

 

"ƏSMA ÖZGÜR

NECƏ QAÇIRILDIĞINI DANIŞIR!"

 

"Qaçırılan qız qəzetimizə

məktub göndərib"

 

Qələmin bir ucunu dodaqlarına yaxınlaşdırdı. İri mavi gözlərini bir nöqtəyə dikərək bir müddət fikirləşdi, sonra tələsik yazmağa başladı.

    

GƏNC QIZIN MƏKTUBU

 

Dünən axşam saatlarında qəzetimiz çapa verilməli olan saatda qəzetimizin gecə katibi Arif Eminə bir məktub gətirilib və onun təcili verilməli olduğu bildirilib. Qəzetimizin katibi məktubu açanda böyük sürprizlə qarşılaşıb. Çünki bu məktub iki gündür qəzetimizdə qaçırılması haqqında xəbərlər yazdığımız və hələ də izi  tapılmayan qızdan gəlib. Məktubu olduğu kimi dərc edirik.

"Adım Əsma Özgərdir. Gənc və gözəl qızam. Həssas, incə ürəyim və romantik, zəngin təxəyyülüm var. İyirmi yaşım var. Əksər iyirmi yaşlı gənclər kimi mən də maraqlı macəraları sevirəm.

Ayrıca ürəyimi bir gəncə verməyə haqq qazanmış yaşda olduğumu da unutmayın.

Sözün qısası, bir oğlanı sevdim. Yaraşıqlı, zəhmətkeş, namuslu və çox istedadlı adamdır... Valideynlərim varlı olduqları üçün məni işində böyük uğur qazanmamış bu gənclə evləndirmək istəmirdilər.

Nə qədər ağlayıb yalvarsam da mümkün olmadı. Nəhayət, məni varlı olmaqdan başqa heç bir keyfiyyəti olmayan bir adamla nişanladılar.

Bu vəziyyət nə məni, nə də sevdiyim adamı razı salmadığı üçün çarə fikirləşdik. Həm sevgimizi hər kəsə bildirmək və bütün İstanbulun rəğbətini qazanmaq, həm də valideynlərimə bu rəğbətin təsir edəcəyini düşündüyümüz üçün bu cür qaçış planı hazırladıq. Bu planı yeni il gecəsi həyata keçirməyə qərar verdik.

Sevdiyim adamın rəssam dostu başqa dostunun mağazasından götürdüyü balaca maşını rəngə boyadı və təbii ki, onun xarici formasını təcili tibbi yardım avtomobilinə bənzətdi.

Sevgilim dostuyla bu maşına minib önlük geyindi. Onun bir neçə dostu nişanlımla yeni il gecəsini keçirmək üçün getdiyimiz barda yanımızda olan masada, bəziləri isə orda-burda əyləşmişdilər. Gündüzdən planlanan kimi iki dostu telefon şirkətində gizlənərək gecə növbətçilərinin üzərinə hücum edib on ikidə telefon kəsməyə nail olublar.

Saat düz on ikidə təcili tibbi yardım maşını bizim olduğumuz barın qapısına gəlmək üzrə olduğu yerdən yola düşdü. İşıqlar sönən kimi ayağa qalxdım. Masamıza yaxın oturan dostlar nişanlımı bağladılar. Mən də barın qapısına getdim. Əvvəlcədən hazırlanmış xərəyin içinə uzandım. Avtomobil həyəcan sirenalarını qoşaraq sürətlə naməlum istiqamətə getdi.

İndi sevgilimin mənim üçün hazırladığı yerdəyəm. Amma anamla atamın necə narahat olduğunu sizin qəzetdən oxudum və özümü daha gizlədə bilmədim. İstəyirəm ki, sizin qəzet mənim üçün vasitə olsun, valideynlərimin sağlamlığı və mənim yaşadığım, sağlamlığım barədə xəbərlər burda dərc olunsun.

Bu məktubum dərc olunandan sonra polis vasitəsilə məni axtarmağa çalışmasınlar, sevdiyimin şəxsiyyəti ilə bağlı məxfiliyi də qorumağınızı xahiş edirəm.

Əgər mənim yerim aşkar olunsa və məni olduğum yerdən aparmağa gələn olsa, sizə məlumat verim ki, hündür binanın yeddinci mərtəbəsindəyəm. Qapıdan girsələr, pəncərədən qaçaram. Paraşütüm olduğu üçün nəticədən qorxmuram, nə olacağını da təxmin edə bilmirəm.

Ancaq anam və atam mülayim davranarlarsa, onlara yerimi bildirəcəyəm. Təkcə bir şərtim var.

Məni tapana vəd etdikləri mükafatı mənə verməyi çox dəyərli qəzetiniz vasitəsilə etsinlər... Bu pul sevgilimin işini böyütmək üçün lazım olan kiçik kredit rolunu oynaya bilər. Mən onu ona borc verəcəm və o, işini böyüdəndən sonra o pulu birbaşa mənim gözəl ürəkli atama qaytaracaq.

Bu məktubumun qəzetinizdə tam şəkildə dərc edilməsini xahiş edirəm.

Əsma Özgər".

Gənc qələmi stolun üstünə qoyub, məktubu ucadan oxuyaraq düzəlişlər etdi və sonra əlavə etdi:

- İndi... İndi sabahkı qəzetdə bunu yayımlayacağıq. Sabah... Görək, sabah satış necə olacaq?

 

Qəzet satışı

 

- Gördünüz? Gördün, körpünün kənarındakı satıcı nə qədər satıb?

Əli Vəsfi reklamlarla dolu kağızı masanın üstünə atdı.

- Boğaziçi satıcısı qış gələndən bəri satışları dəhşət azaltmışdı. Bu qədər soyuq olmasına rəğmən avtobusa minib gəlib. Otağa girər-girməz "Beş yüz qəzet istəyirəm" deyəndə fikirləşdim ki, başına hava gəlib, yəqin. Bu, səhər qəzetlərinə zərbədir, amma necə zərbə?! İstanbulda nə qədər yüksəldik, bilirsən?

- Bilirəm, bilirəm.

 

Yəni evlənə biləcəyik?

 

Birdən yan qapı açıldı və idman kostyumunda, qara saçlı, qara gözlü, qamətli bir qız başını qapıdan içəri saldı.

- Əli.

- Əsma.

- Atamdan məktub gəldi?

- Gəldi, əzizim... O sənə mükafat verməyə razıdır və bizim evlənməyimizə də razıdır...

Qız sevinclə oğlanın boynuna atılaraq hər iki yanağından öpməyə başladı.

- Deməli, evlənə biləcəyik?

- Əlbəttə, əzizim.

- Budur, sənə dediyim beş min lirə də artıq əlindədir... Nə qədər xoşbəxtəm!

Cavan oğlan onun qolundan tutub stolun yanına apardı. Stolun üstündəki bir neçə kağızı göstərərək danışmağa başladı:

- Bax, bu Boğaziçi satışından 500 artıqdır... Bu, Eminönündən gəlib, görürsən? Nə qədərdi... Bu...

Qız mənalı gözlərlə Vəsfiyə baxdı:

- Çox yaxşıdır, amma... Bunlar nədir? Bir şey başa düşmürəm.

- Bunlar, bu nəhəng rəqəmlər qəzetin satışını göstərən inanılmaz rəqəmlərdir. Hətta bu gün rəqib qəzetin satış nümayəndəsi gəlib məndən doqquz yüz istədi. Doqquz yüz... Qəzetin artıq beş min lirəlik deyil, beş lirəlik bir yardıma belə ehtiyacı qalmadı. Qəzeti tutuzdurduq, Əsma... Uğurlu, tanınmış qəzetin sahibinin arvadı olacaqsan artıq!

 

Son pərdə

 

- Bəs, o pulla nə edəcəyik?

Əli Vəsfi baş barmağını köhnəlmiş jiletinin cibinə keçirib, həqiqətən də böyük qəzet direktorunun vergi ödəyicisi otağında göstərəcəyi davranış tərzi ilə və sonsuz təkəbbürlə cavab verdi:

- O pulu da artıq atana qaytara bilərsən, əzizim.

 

Suat Dərviş

 

Hazırladı: Nilufər Hacılı

 

Ədəbiyyat qəzeti.- 2023.- 7 yanvar.- S.22-24.