İsmayıl Hikmətin "Azərbaycan ədəbiyyatı

tarixi"ndə "Üç cərəyan" nəzəriyyəsi

 

(Əvvəli 2022-ci il ¹ 50-51, 52)  

 

Bununla bərabər, İ.Hikmət mərhələnin ədəbiyyatında böyük əksəriyyət sənətkarları "elmi cərəyan"ın nümayəndəsi kimi təqdim və tədqiq edir. İ.Hikmət bu cərəyana məxsus hansı estetik xüsusiyyətləri önə çıxarır? O, bu cərəyanla "dini cərəyan"ı fərqləndirən hansı cəhətlərin üzərində dayanır? İ.Hikmət yazır: "Böyləliklə, Azərbaycan ədəbiyyatında da mövzu, qayə, məna və sənət etibarilə qövmi və dini cərəyandan çox ayrı, digər bir cərəyanın canlandığına şahid oluruq ki, bu da elmi cərəyandır. Bunun qayəsi gərək məlumat, sənət, məharət göstərmək və gərəksə bədi və bəyana əhəmiyyət vermək etibarilə digər cərəyanlardan ayrılmaqdadır".

Fikrimizcə, İ.Hikmət elmi cərəyanı "dini cərəyan"ın transformasiyası kimi başa düşür. Dini cərəyan nə qədər həyati hadisələr, ictimai-siyasi proseslərlə bağlı idisə, sənətkarın tərənnüm etdiyi ideyalar həqiqi yaşantının məhsulu idisə, eyni zamanda, daha çox təlqin, təbliğ xarakteri daşıyırdısa, elmi cərəyan bütün bu keyfiyyət və məqsədlərdən uzaqdır. Təsəvvüf görüşləri elmi cərəyana ənənədən gəlir, sənətkarın dünyagörüşünün həqiqi ifadəsi kimi yaranmır. Düşünürük ki, İ.Hikmətin bu cərəyanı sxolastik, "təsəllüfi (riyakar) bir cərəyan" kimi xarakterizə etməsi bununla bağlıdır. Cərəyanın adındakı "elmi" anlayışı sənətkarın dünyagörüşünün aldığı təhsilin təlqinləri ilə formalaşmasına işarədir. Elmi cərəyanın nümayəndəsi kimi Həbibidən danışarkən onun dünyagörüşünün formalaşmasında mədrəsə təhsilinin rolunu xüsusi vurğulayır: "...Gördüyü təhsil ilə həyatını da, zehniyyətini də dəyişdirmiş, sxolastik tərbiyənin təsiriylə yetişərək oxumuşlar. Sinfinə daxil olmuş "elmi cərəyan" müməssilləri arasına girmiş olduğu görülür. Şərqdə mədrəsə o qədər qüvvətli bir sxolastik təşkilata malik ictimai bir fabrika idi ki, onun içinə düşən fərd hansı sənətdən, hansı zümrədən, hansı ailədən olur-olsun, eyni qalibdə, eyni tələqqi, eyni məfkurə və eyni duyğuda olaraq çıxardı".

Sxolastik dini elmləri mənimsəmək, özündən əvvəlki şeirin poetikasına bələdlik, bu poetika qarşısında imtahan verərək özünü təsdiq etmək, nəticə etibarilə isə saraya yaxınlaşmaq, saraya daxil olmaq və burada özünə mövqe qazanmaq "elmi cərəyan" nümayəndələri üçün baş məqsədə çevrilir: "Bu cərəyan çox zaman saraylara o qədər yaxlaşmış, mövzuları o qədər yeknəsəqləşmiş, xanları, xaqanları, sultanları, şahları mədhü sitayişə o qədər illəri getmişdir ki, nəhayət "saray ədəbiyyatı" deyə bir təbirin yaradılmasına meydan vermişdir".

Dini cərəyan nümayəndələrinin yaradıcılığı ilə elmi cərəyan nümayəndələrinin yaradıcılığı arasındakı əsas fərqi İ.Hikmət əksər hallarda təsəvvüfə münasibətdə axtarmışdır. Nəsimini dini cərəyanın böyük nümayəndəsi olaraq görən İ.Hikmət onun təsəvvüf poetikası ilə elmi cərəyan nümayəndələrinin təsəvvüf poetikası arasındakı fərqi hər iki cərəyanı fərqləndirən əsas cəhət kimi qəbul etmişdir. Bir-iki səciyyəvi müqayisəyə diqqət yetirək.

XV əsr şairi Xəlilidən danışarkən yazır: "Böylə olmaqla bərabər, Xəlilidə Nəsimidə gördüyümüz fəal (aktiv) və nafiz təsəvvüfü görəməyiz". Həbibi yaradıcılığındakı hürufizm təzahürünün Nəsimidəki hürufizmdən keyfiyyət fərqini İ.Hikmət aşağıdakı kimi xülasə edir: "Bu halda yazılarının üzərində özü mənsub olduğu təriqətə (hürufiliyə - T.S., Y.D.) aid zehniyyət və qənaətlərin də bir təsiri olacağı təbiidir. Bu xüsusda Nəsimidən də, eyni təriqətə malik olan qeyrilərindən də istifadə etdiyi dəxi mühəqqəqdir. Bu qədər var ki, biz Həbibini bir təlqinatçı, bir propaqandaçı və məczub dərviş qiyafət və mahiyyətiylə görəməyiz. Onun çox gəzmiş, çox görmüş olması gərək elminə, gərək təcrübəsinə bir çox əsaslar əlavə etmişdir".

İ.Hikmət Bəsiridən də danışanda onun "təsəvvüfi bir ruhi havi beytləri"ni görürsə də, onların "təsəvvüf propaqandası, bir irşad və təlqin" olmadığı qənaətinə gəlir, bu istiqamətdəki fikirlərini ümumiləşdirərək yazır: "Bəsiri mütəsəvvifdir" deyə bilməriz. Bəsiri də təsəvvüfdə Hamididəki kimi, hətta daha çox infialı (passif) və təslifdir, elm satmaq qəbilindəndir".

Bütün bunlar onu göstərir ki, elmi cərəyanda təsəvvüf inam və inanc xarakteri daşımır, poetik ənənənin yeni mərhələyə nüfuzu kimi özünü göstərir. Lakin bu poetik ənənəyə istinadın özü də məqsədli xarakter daşıyır. İ.Hikmət elmi cərəyanın poetikasındakı bir sıra və çox əsaslı cəhətləri təqdir etməklə bərabər, onun ideya əsaslarına tənqidi münasibət bəsləyir. İ.Hikmətə görə, bu mərhələdə şeir və sənətkarlıq əksər hallarda sənətkarın həyatını iqtisadi cəhətdən təminat vasitəsinə çevrilir. Sufi poetikanı hər hansı bir formada sənətə gətirmək sənətkar üçün başqaları qarşısında öz hünərini göstərmək və nəticədə bu hünərdən faydalanmaq məqsədi daşıyır. Məsələnin bu tərəfi sənətin ictimai amalını tam arxa plana keçirdiyi üçün bütün sənətkarlıq mükəmməlliklərinə baxmayaraq, tədqiqatçı tərəfindən həqiqi sənət səviyyəsində  dəyərləndirilə bilmir.

İ.Hikmətin Bəsirinin keçdiyi yaradıcılıq yolu ilə bağlı qənaətləri elmi cərəyan nümayəndələrinin keçdiyi sənət yolunun əsas mahiyyətini ümumiləşdirmək səviyyəsindədir: "Klassik və sxolastik bir görüşün məhsulu olan elmi cərəyana mənsub olan Bəsirinin dili də bu cərəyanın hamı xüsusiyyətlərini yaşadan, təmtəraqlı, təsnifli və təklifli bir dildir. Əsrinin ən yüksək məhfilləri ilə təmasda bulunubdur. Qayəsi əsərlərini o məhfillərə bəyəndirmək və bu vəsilə ilə də həyatını təmin etmək olduğundan olunca qeyrət və himmətini, əsrində və mühitində bəyənən ərəb, fars mədəniyyət və hərsinin yaratdığı islami fars ədəbiyyatını təqlid və tənzirə bağlamışdır. Gah zamanının padşahından başlayaraq paşalarını, bəylərini, ağalarını mədh etmiş, gah bunları mədh üçün yazılan əsərləri təqlid və tənzirə çalışmış, gah zamanının şöhrətli  şairləri ilə müşairəyə, müsabiqəyə qalxışmış, həcv etmiş və həcv olunmuşdur". Əlbəttə, yuxarıda da qeyd olunduğu kimi, sənətkarların bu tip yaradıcılıq yoluna tədqiqatçı tənqidi münasibət bəsləyir. Lakin tədqiq etdiyi ədəbiyyata obyektiv elmi baxışı əsas götürdüyü  üçün İ.Hikmət onların yaradıcılığında tarixi ədəbi prosesi irəli aparan cəhətlər üzərində dayanmağı da vacib hesab etmişdir.

İ.Hikmət Qaraqoyunluların və Ağqoyunluların hakimiyyəti dövrünün ədəbi-mədəni sahəyə müsbət təsirini xüsusi vurğulayır. Tədqiqatçıya görə, bu dövrün ədəbiyyatında qövmi xüsusiyyətlər güclənir və bu iki istiqamətdə özünü göstərir. Birincisi, xalq ədəbiyyatı tərzi ədəbiyyatda müəyyən bir mövqe qazanır. İ.Hikmətə görə, bu tərz "iraniləşməkdə olan türk ruhu"nun özünə qayıdışına əsaslı bir təkan vermişdir. İkincisi, "fars və ərəb və sair yabançı təsirlər altında əslini qayib etməyə başlayan dildə türk ünsürünün çoxalmasına və qövmiləşməsinə olan xidmət və təsirlərdir" . İ.Hikmətə görə, dövrün ədəbi-mədəni düşüncəsinin ən mühüm xidməti "türkcəyi farscadan üstün tutmasıdır". Səfəvilərin "aydın türk dilində ədəbiyyat" yaratması "dini və məzhəbi bir propaqanda" xatirinə olsa da, İ.Hikmətə görə, türk dilinə mühüm xidmət sayılmalıdır. Dövrün ədəbi prosesində türk dilinə olan maraq, türk dilini fars dili ilə müqayisədə onunla rəqabətə girəcək bir səviyyəyə qaldırmaq meylinin güclənməsi də sağlam və təqdir olunmalı tendensiyalar sırasında önə çəkilir.

İ.Hikmət dövrün ədəbiyyatında elmi cərəyan kanonlarına müqavimət meyli də duyur. Bu kanonlardan xilas olmağın son dərəcə çətin olduğunu, bu kanonlardan kənarda şeirdə ad qazanmağın, demək olar ki, mümkünsüzlüyünü də vurğulayır. Bununla belə, təsəvvüf kanonlarından qaçmaq, uzaqlaşmaq cəhdinin bir meyil kimi mövcudluğuna diqqəti çəkir. İ.Hikmətə görə, təsəvvüf kanonlarından uzaqlaşmağın birinci yolu kimi həqiqi dini inanca tapınmaq nəzəri cəlb edir. Tədqiqatçının Bəsiri  yaradıcılığının istiqamətlərindən biri kimi ümumiləşdirdiyi bu cəhət hər halda dövrün ədəbi prosesində təsəvvüfdən qaçmaq meylinin ifadəsidir: "Dini qənaətlərlə həyati ehtiraslar arasında çırpınan Bəsirinin nəhayət, bu saxtalıqlardan bezib dinə doğru yaklaşdığını və son yazılarından biri zənn etdiyimiz bu beytlərlə inlədiyini duyuruz" (s. 468).

İ.Hikmət dövrün ədəbi prosesinin hərəkətində təsəvvüfdən dini inanca, dini inancdan dünyəviliyə keçidi də müsbət tendensiya kimi dəyərləndirir. Bir çox şairlərin yaradıcılığında "gizli və təmsili" məzmundan uzaqlaşıb "sadə bir eşqi" tərənnüm etməsini  maddi və həyati dünyagörüşündən çıxışı yüksək qiymətləndirir.

İ.Hikmətin XV-XVII əsrlər ədəbiyyatında ən çox dəyərləndirdiyi tendensiyalardan biri xalq şeir tərzinin dünyəvi məzmununda meydana çıxmasıdır. Məhəmməd bəy Şəmsinin varsağılarında müşahidə etdiyi bu cəhəti o, "xeyirli bir ədəbi inqilabın qapısının açılması", başqa sözlə, davam etdirilməsi zəruri olan novatorluq kimi dəyrələndirir. İ.Hikmət Nəsimidə, Xətaidə xalq şeirinə müraciətlə Şəmsidəki müraciətin keyfiyyətcə büsbütün fərqləndiyinə diqqət çəkir. Tədqiqatçıya görə, bu fərq ədəbiyyatın irəliyə doğru hərəkətinin göstəricisidir: "Gərək Nəsimilər, gərək Şah Xətailər və daha çox türk şairləri tərəfindən xalq şeirləri şəkilləri və vəznləri tətbiq edilmişdi və edilməkdə də davam eyləyirdi. Lakin bu təşəbbüs ilə o davamın arasında mühüm və həyati və əsasi bir fərq vardır ki, sükut və laqeydi ilə keçişdirmək mümkün deyildir. Nəsimilərin, Xətailərin kullandıqları şəkil və vəznlər ancaq dini mövzulara münhəsir, zümrəvi və "avamfirib" mənzumələrdi. Bunlar təriqət ədəbiyyatı, təkyə və din cərəyanı propaqanda aləti idi... Onda sifət gözəlliyi, hüsn və xəyal parlaqlığı, hicran və həyəcan təsiri arandığı yoxdu... Halbuki Şəmsinin təşəbbüsü bu şəkildə, bu mahiyyətdə deyildir. Onun vücuda gətirdiyi sanihələr nə din qeydi, nə məzhəb və təriqət qayəsi altındadır. O sadəcə xalq dili, xalq vəzni, xalq şeiri ilə hissiyyatı, hicranı, həyəcanı ifadəyə çalışmaq, ruhu tərcümə etməkdir".

İ.Hikmət dövrün şeirindəki bu tərzin ənənə yaratmaq gücünü görür və hesab edir ki, "Vaqiflər, Vidadilər, Zakirlər hamısı onun irfan və sənətinin şagirdidirlər".

İ.Hikmət XV-XVII əsrlər Azərbaycan ədəbiyyatında tarixi təkamülü şərtləndirən cəhətlərdən biri kimi məsnəvi janrında yazılmış əsərlərə xüsusi dəyər verir.

O, "Əsrar Dədə təzkirəsi" və "Təzkireyi-Riyazi"yə istinadən Zehni Bağdadinin "Yusif-Züleyxa" adlı bir məsnəvi yazması haqqında məlumatı oxuculara çatdıraraq, təzkirələrdə yer alan parçalarına əsasən bu əsəri "türk-azəri ədəbiyyatı üçün mühüm bir abidəyi-tarixiyyə"  kimi dəyərləndirir.

İ.Hikmət XVII əsr şairi Məsihinin də yaradıcılığında məsnəvi janrında yazılmış əsərlərin mühüm yer tutduğunu qeyd edir, onun "Vərqa və Gülşa", "Danə və Dam", "Zənbur və Əsəl" adlı üç məsnəvisinin adını çəkir, bu əsərləri "Azərbaycan ədəbiyyatının ən qiymətdar abidələri" kimi qiymətləndirərək hər üçünün əldə edilib, üzərlərində tədqiqat aparılmasını vacib sayır.

Yekun olaraq qeyd edə bilərik ki, İ.Hikmət sözügedən dövrlərdə Azərbaycan ədəbiyyatının "klassik və sxolastik fars ədəbiyyatı"nın təsirindən çıxması məsələsini sənətkarın istedadının dərəcəsinə bağlayaraq, şairlə sənətkar arasında əsaslı fərq qoyur. Bu fərq mahiyyətcə M.F.Axundzadənin nəzmlə şeir, nazimlə şair arasında qoyduğu fərqə bərabərdir, o məzmunda da başa düşülməlidir. İ.Hikmət ancaq şair olanı fars ədəbiyyatının təqlidçisi kimi görür. "Həm şair, həm də sənətkar" olanı isə həqiqi istedad sahibi, sənətdə novator kimi dəyərləndirir. İ.Hikmətə görə, "klassik və sxolastik  fars ədəbiyyatı"nın təsirində qalanlar ancaq "şair" olanlardır və onların yaradıcılığının türk şeirinin inkişafında rolu yoxdur.

İ.Hikmət həm "dini", həm də "elmi cərəyan" mərhələlərində "həm şair, həm də sənətkar" olan  xeyli şair görür. Tədqiqatçının fikrincə, sözügedən dövrlərdə türk şeirini irəli aparan ancaq bu tipli sənətkarlardır: "Çərçivəsi cızılmış bu dar sahə içində yapıla biləcək bütün fövqəladəlik şairin öz qüdrət və qabiliyyətinə, həyəcan və sənətinə bağlıdır.

Minlərlcə insan tərəfindən söylənmiş, təkrar edilmiş mövzuları eyni qalıblar, eyni malzamə və vasitələrlə başqa dürlü söyləmək imkanını yaradan şair, şübhə yox ki, həm şair, həm də sənətkardır. Bu şərait içində yalnız öz qəlbi ifadəsi, öz rəfiq hissi və həqiqi həyəcanı ilə seçilərək özlərinə birər xüsusi mövqe yapan bir çox şairlər bu əsrdə meydana gəlmişdir". İ.Hikmət hesab edir ki, bu tip şairlər içərisində "hamısının birincisi Azərbaycan dili və ədəbiyyatını və dolayısı ilə də bütün türk ədəbiyyatını ölməz bir dərəcəyə yüksəldən Füzulidir".

 

Təyyar SALAMOĞLU,  Yədulla DADAŞLI

 

Ədəbiyyat qəzeti.- 2023.- 14 yanvar.- S.18-19.