Güllü yoxuşun xatirələri

 

Şövkət Zərin Horovlunun şeirləri haqqında

 

Onun şeirləri sənə nəyisə xatırladır, xatırlada bilirsə, demək gözəldi. O, bəzən xatirələri ilə haqq-hesab çəkir, razılaşır, razılaşmır, bəzən əlac ona qalır ki, xatirələrdə gələcəyi qurur. Məchul bir nöqtədən yol başlayır gələcəyə. Bax, poeziya budur.

Şeirləri hökmlü üsyankardır, özü belədir, yerişi , danışığı da... Hələ mən dayandığı yerdə görməmişəm onu, həmişə hardansa gəlir, yenicə çatıb, haylı-küylü, bəzən hirsli olduğu bir məqamda üzü təbəssümlənir; Ay Qəşəm, var, yox, səsin niyə gəlmir... Demək, əylənməyə (əyəşmək) dəyər.

Mənə elə gəlir ki, o, hər dəfə Yazıçılar Birliyinə Füzulidən gəlir, özü uzun bir gədiyi aşıb gəlir, vacib, deyiləsi sözü varmış kimi gəlir. özü bir neçə dəqiqəliyə gəlib, çox otura bilməz, vaxtı yoxdur, bir neçə dəqiqədən sonra qayıdacaq Füzuliyə.

Bir yerdə gözəl şairimiz Vaqif Bayatlı Odərin anası ilə bağlı bir xatirəm yada düşür. 1993-cü ildə bəzi Cəbrayıl qaçqınları İmişlidə dəmir yolu vaqonlarında yerləşmişdilər. Vaqifin anası vaqonda qalırdı, onu evimə qonaq gətirmək istədim, gəlmədi, heç vaqondan yerə düşmədi, dedi, birdən qatar gedər Cəbrayıla, mən qalaram.

Bax, Şövkət Zərin Harovlu da mənə həmişə Vaqifin anasını xatırladır, o mənada ki, o da heç yerə gecikmək istəmir, təkcə söhbət fiziki vaqondan getmir, adamın, xüsusən şairin içində min dənə gedən qatar var, mən bilirəm ki, Şövkət xanım o qatarların hansındansa düşüb qalıb həmişə o qatarın arxasınca yüyürür şeirləri, həyəcanları da o qatar haqqında xatirələrdi.

"Horovlu" təxəllüsü onun xarakterini, daxili dünyasını, hirs həyəcanını dolğun əks etdirir. Heç bir şairin təxəllüsü onunku kimi özünə yaraşmır. Şövkət , Zərin , Horovlu da onun boyuna biçilib vəssalam. Xarakterinin cizgiləri bu adlarda ifadə olunur.

Şeirlərində həmişə bir görüş xatirəsi var. Həyat yoldaşı, qız, oğul, nəvə, dağ, dərə ilə görüşləri adi bir görüş deyil, bir ömrün başqa ömrə köçüb calanmasıdır. Bu görüş həyatla görüşdür, onun əllərini sıxmaqdır ömür boyu bu təması yadda saxlamaqdır. Qızına yazdığı şeirdə deyir:

 

Bir gün dayanmasam başının üstə,

Gördüyün duruşda xatırla məni.

 

Özü öz duruşundan həmişə məmnundur, ona görə istəyir ki, hamı onu belə xatırlasın. "Duruş" sözündə bir hərəkət var, daxili, mənəvi vəziyyətin görüntüsüdür bu duruş, şeirlərin qəlbdəki təlatümüdür, üsyanıdır. Bu duruş əyilməməkdir, poetikanın içindən qalxıb dikəlməkdir. Bu duruş təkcə şəkil çəkdirmək deyil, dərdin, kədərin qarşısında mətanətlə dayanmaqdır, olacaqlara duruş gətirməkdir.

Həyat yoldaşına yazdığı şeirdə:

 

Qapısı bağlıdı bu daş mənzilin

Qıfılı daşdandı, açarı daşdan - deyir.

 

Məzarın xarici görüntüsü məzmununa uyğun şəkildə təsvir edilir. Qıfıl açar daşdansa, deməli, növbəti görüş haqq dünyasındadır. Amma şair həmişə həyat yoldaşını xatırlayır. Amma necə, özünü inandırır ki, bu dünyada onunla bu görüş olub; görüşdük, sevib sevildik, ola bilməz ki, bu görüşü kimsə görməsin, yadda saxlamasın, təkcə insan deyil, elə bax uzaqdan baxan çiçək xatırlar ki, mən onunla (həyat yoldaşı) bu dünyada görüşdüm, sonra ayrıldıq haqq dünyasında yenidən görüşmək üçün vədələşdik. Bəs ondan qalan xatirə nədir? Xanım-xatın "Duruş" bir

 

Gözümdə bir xışma sevgi közərdi,

Yəqin, bəs eləyər ölənə qədər.

 

sonra şair birdən-birə fikrini dəyişir, dəyişmir yox, həmin sevgi şeirinin sonuna yeni fikir əlavə edir:

 

deyim, ahıllığımı,

Bir əlçim bulud yadıma salır.

 

Burda da xatırlamaq var. Belə çıxır ki, şairlər öz ömrünün içində əvvələ axıra qaçır, yüyürür, itirdiklərini tapır, ya tapmır. Əsas məsələ budur ki, niyə şairin ahıllığını (məhz ahıllığını) bir əlçim bulud yadına salır? Bəlkə buludun özü onun şair xəyalının yerləşdiyi bir yer, ərazidir. Bəs buludla görüş vaxt olub ki, şair birdən-birə onu xatırladı, yadına saldı. buludun saçlarla uyğunluğu təbiidir, xatırlada bilər, məncə, bu fikrin başqa yozumu da olmamış deyil. Adətən yaşlılar yerə baxar, həm ayağı nəyəsə ilişməsin deyə nəyisə itirdiyini (deyək ki, gəncliyini) axtarıb tapmaq üçün. Bəs göyə baxmaq niyə? Demək, burda qocalıq deyil, əsas məsələ ahıllıqdır, ahıllıq dünyadan hali olmaqdır. Ahıllıq gəncliyin romantikasındadır. Romantika daha ağıllıdır. Romantika göydə, buludlardadır.

Qızına yazdığı şeirin sonuncu bəndində şair itirdiyi romantikasını tapır.

 

Bağda açılanda bənövşə nərgiz,

Yaşıl don geyəndə hər dərə, hər düz.

Onların ətrini alanda mənsiz,

Bir güllü yoxuşda xatırla məni.

 

Əsas məsələnin biri "güllü yoxuş"dadır. Mən çox yoxuş görmüşəm, amma "güllüsü" olmayıb, bəlkə olub, amma onu yazmaq yadda saxlamaq ağlıma gəlməyib. mən inamla deyirəm ki, Şövkət xanımın bütün şeirləri bu güllü yoxuşun xatirələridir. O yoxuşu ancaq Şövkət xanım elə görə bilərdi, gənc bir qızın güllü donu, güllü yuxuları, gül düzülmüş saçları o yoxuşu çıxdığı zaman aşiqin əlinin istiliyi, təması onun şairlərinin dadı, tamı duzudur. Güllü yoxuş təkcə dağı qalxmaq deyil, sevgi, məhəbbət yuxusudur. Ayrılığın, qəmin şirinliyidir, ona görə ki, qarşıda əbədi bir vüsal var.

Şövkət xanımın şeirləri çoxşaxəlidir, "güllü yoxuş"dan tutmuş, Azərbaycan Milli Ordusuna yazdığı şeirlərə qədər, yazıbsa, istedadla, böyük sevgi ilə yazıb.

Xalq şairi Qabil Milli Məclisdə "Ümid sənə qalıb, Azərbaycan əsgəri" şeirini oxuyanda çox adam dodaq büzdü bəziləri düşündü ki, Milli Məclisin tribunası hara, şeir hara, şair hara?

Şövkət xanım Qarabağ savaşı başlayandan ta indiyə kimi müharibədə son sözünü yalnız Azərbaycan əsgəri deyə bilər, Qarabağımızı düşmən caynağından ancaq Milli Ordumuz xilas edə bilər düşüncəsiylə şeirlər yazdı sonda bu şeirlər öz reallığını tapdı. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin "Dəmir yumruq"u, Milli Ordu xalq birliyi düşmən üzərində inamla qələbə çaldı.

Şövkət xanımın qələbəmizə bu qələbəni canları bahasına reallaşdıran şəhidlərimizə, qazilərimizə yazılmış çox maraqlı şeirləri var. Bu şeirlər publisistika deyil, adi sadalama da deyil, sənətkarlıqla yazılmış dərsliklərimizə salınması vacib olan ədəbi mətnlərdir.

 

Xiyaban gör necə bağrına basıb,

Vətənin əyilməz igidlərini.

Döndərək qələbə bayraqlarına

Şəhidlərin qanlı köynəklərini.

 

Tanınmış şair Şövkət Zərin Horovlu bu gün gənclik eşqi ilə yazıb-yaradır. Onun şeirləri tarixi keçmişimizi, mənəvi dəyərlərimizi, zəngin təbiətimizi, gənclərimizin duyğu düşüncələrini böyük şövqlə ifadə edir. O, bir vətən şairidir. Yaradıcılığı öyrənilməyə, tədqiq edilməyə layiqdir. Vətən şairinin indiyə kimi heç bir fəxri adı yoxdur. Onun bir fəxri adı var: Vətən sevgisi, xalq sevgisi. Bu sevgi yolunda böyük şairimizə uğurlar arzu edirəm!

 

Qəşəm NƏCƏFZADƏ

 

Ədəbiyyat qəzeti.- 2023.- 14 yanvar.- S.19.