Dünyanın damı
Romandan parça
Əsər 37-ci il
repressiyasında sürgünə məruz qalmış nakam
şair Ağasəlim Fədainin acınacaqlı həyat
yolundan bəhs edir
Taxta qapının taqqulbabını döyməyə
ehtiyac yox idi, yüz ildən bəri bu evin sükutunu pozan
olmamışdı. Qapı cırıltı ilə açıldı, ot basmış cığır diksindi. Qoltuğumdakı əlyazmaları sinəmə
sıxdım. Onları kiminsə qəfil əlimdən
alıb qaçacağından qorxurdum. Sükutu
cırmaqlayan pişik səsi məni hürkütdü.
Qapqara bir pişik ayağıma sürtünməyə
başladı. Bu ki, ev yiyəsinin
qara pişiyidir. Adı Odissey olmalıydı... Odissey
sevindiyindən ətrafımda dövrə vurmağa
başladı. O, indi bu həyətin yeganə bələdçisi,
qoruyucusu idi...
Çat-çat olmuş pilləkan mamır
bağlamışdı. Addım səsləri onun da, eyvanın da
yaddaşını oyatdı. İçəridə
qədimdən də qədim sükut yüz illik yuxuya
getmişdi. Nəm, rütubət
çoxillik şərab kimi tündləşmişdi. Qaranlığın, qorxunun gözünün
içinə dik baxmaq çətin idi. Qaranlığın
arxasında daldalanmış kor və kar tale mənə nə
danışa bilərdi ki?!
Yaman yerdə
axşamladım... Başım üstündəki
toz basmış lampa sanki tavandan diri-diri
asılmışdı. Odissey məndən
ürəkli çıxdı, aralı qalmış
qapıdan içəri sivişib qaranlığı diksindirdi.
Əlimi atıb işığı
yandırdım. Amma işıq
yandımı, yanmadımı, bilmədim. Kor tale divardan tuta-tuta, ayağının ucunda, suyu
süzülə-süzülə qapıdan çölə
çıxdı və mən geri çevrilincə yox oldu.
Odissey, deyəsən, bu otaqda hər şeyin
yerini bilirdi. Evin yiyəsi indi o idi...
Taxçada nəmişlikdən saralmış
qovluqların üstünə çıxdı və mənə
sarı boylandı. İşarəni anladım... Odissey qəribə
səs çıxardı və bu səs uzağa
atılmış söz kimi yaddaş çayında həlqələr
əmələ gətirdi.
Ağ vərəqlərin üstündə sanki
qarışqalar gəzişirdi. Bənövşəyi
mürəkkəblə yazılmış sətirlər
dünyasını çoxdan dəyişmiş bir insanın
düşüncələrinin şəkli idi. Heç
nə anlaya bilmirdim, hərflər sanki bir-birinə söykənib
uyuyurdu... Bir əsrdən bəri bu saralmış, illərin
tozu qonmuş vərəqlərdə yatmış duyğuları
oyatmaq o qədər də asan deyildi...
***
O, kəndin
içindən keçib getdikcə adamlar onu qəribə nəzərlərlə
süzür, bu yad adamın kimi, nəyi
axtardığını anlaya bilmirdilər. Adam
yüz ilin yorğunu kimi ayaqlarını arxasınca
sürüyür, ətrafa, keçib getdiyi yerlərə
maraqla baxır, nələrisə yadına salmağa
çalışırdı. Sanki
adamın geyimi də yorulmuşdu, paltarları da əynindən
tökülür, bir küncə atılmaq istəyirdi.
Cavanlardan
biri bu yorğun yolçunun qarşısını kəsdi:
- Əmi, siz kimsiniz?
Adam diksinib ayaq saxladı, bir müddət
qarşısında dayanan cavanı küt nəzərlərlə
seyr etdi. Quyu
dibindən eşidilən kal səslə dedi:
- Mən
keçmişəm.
Cavan
istehza ilə gülüb davam etdi:
- Həə,
deməli, keçmişsən. Bəs
keçmiş bu gündə nə axtarır? Keçmişin yeri arxivdir.
- Mən
keçmişəm, - adam dediyini təkrarladı,
- axı hər kəsin bir keçmişi olmalıdır.
- Yalan
danışma, mənim keçmişim yoxdur.
-
Keçmişin yoxdursa, deməli, gələcəyin də
olmayacaq... - naməlum adam məğrurcasına
gülümsədi.
- Ey qoca
keçmiş, sən artıq dünəndə qalmısan. Bu günümüzdə nə axtarırsan?
- Mən
gələcəyimi axtarıram.
Cavan deməyə söz tapmadı.
Üfüqə doğru əyilən günəş
gülümsədi. Naməlum adam çevrilib arxaya
baxdı, sanki onu kimsə çağırırdı.
Heç kəsin nəzərini cəlb etmədən
çevrilib öz gələcəyinə doğru
addımladı, camaata qarışıb gözdən itdi...
***
Toy gecə yarıdan xeyli keçmiş qurtardı. Hər ikisinin
gözü yuxu bişirirdi. Mağarın
səs-küyü hələ də beyinlərindən çəkilib
getməmişdi. Qulaqlarındakı
uğultunu gecənin sakitliyi ovuda bilmirdi. Kəsmə
yolla dəniz sahilinə doğru addımladılar, hardasa bir
it kal səslə hürüb sükutu pozdu. Vahid damağındakı "Kazbek"i odladı, dərin
qullab vurub tüstünü qaranlığa üfürdü.
Uzaqdan sahilyanı kafelərin zəif
işığı közərirdi.
Dənizdən əsən sərin meh yorğunluğu
misqal-misqal canlarından çıxarmaqdaydı.
- Dəniz
alayı şeydü e, qədeş. Adamın ruhuna
sığal çəkir, can dərmanıdu, - Səyyar
xırıltılı səslə dilləndi.
- Həri.
Bir dəfə kefim kök idi, Nurunun
kababxanasında yeyib-içirdik. Uşaqlar
xahiş elədi ki, bir-iki qəzəl de, feyziyab olaq. Başımı qaldırdım ki, Ay göyün
üzündə bədirlənib. İlahi, o nə mənzərəydi!
Adam lap istəyirdi dənizin üstünə
düşən işıq yoluyla çıxıb
üfüqəcən getsin. Gördüm
suyun üzərində bir su pərisi mənə "gəl,
gəl" deyir. Ömrümdə belə
gözəllik görməmişdim. Mənə
deyir ki, biz bir palçıqdan yoğrulmuşuq, sən mənsiz
yarımçıqsan, mən olmasam, sən yaşaya bilməzsən.
Day sonrası yadıma gəlmir. Bilmədim
dalğa məni hansı qayaya çırpdı...
- Pay
atonnan! Su pərisi səni təxribata çəkirmiş.
Yaxşı ki, batmamısan, əmoğlu.
Yoxsa qəzəliyyatımız yetim qalardı.
Vahid bilmədi ki, Səyyar bu sözləri ciddi deyir, ya
dostuna sataşır.
- Su pərisi
ancaq gecələr gözə görünür... - Vahid
düşüncəli halda dilləndi.
Səyyar su pərisini axtarırmış kimi nəzərlərini
dənizin səthi boyu gəzdirdi. Ay yenə suyun üzərinə
qızılı xalçasını sərmişdi. Sanki su pərisi üfüqdən çıxaraq bu
xalçanın üstüylə gəlib sahilə
çıxacaqdı.
Nurunun köhnə "Moskviç"i kababxananın
böyründə idi. Maşının arxa qapıları
açıq idi, kiminsə ayaqları çölə
çıxmışdı.
Vahidin sinəsi xışıldadı və ardınca
uzun bir öskürək sısqa bədənini silkələdi. Maşında yatan adam səsə başını
qaldırdı. Bobik əvvəlcə
hirsli-hirsli hürdü, gələnlərə
yaxınlaşınca quyruğunu bulamağa başladı.
İt müştəriləri
tanımışdı. Nuru cəld maşının
içindən çıxıb qonaqların qabağına yüyürdü:
- Ay
xoş gəlmisiz. Vahid əmoğlu, deyəsən,
toydan gəlirsiz.
- Həri.
Bu vaxt hardan gəliceyəm? Səyyarı
da avara eləyib gətirmişəm. Yaxşı
çayın olar bəlkə, - Vahid yorğun-yorğun dilləndi.
- Gəlin
əyləşin bu besedkada. Hava da sərindir.
Sizə qəşəng xoruzquyruğu bir
çay dəmləyim. Samovar
çayı yorğunluğunuzu çıxaracaq.
Vahid
çevrilib Səyyara baxdı:
- Hə,
qədeş, samovar çayıyla aron necədü?
- Əla!
- Səyyar sevincək dilləndi.
- Alə,
Ağoppa! Dur əyağa! Vahidgil gəlib.
Gəl tez samovarı odda, - Nuru yarıyacan quruya
dartılmış qayığın içində şirin
yuxuya dalmış yeniyetməni səslədi.
Ağoppa yerindən dik atıldı,
yaxınlaşıb ədəb-ərkanla Vahidlə Səyyarı
salamladı və işə başladı. O qədər arıq idi ki,
qabırğalarını saymaq olardı. Gün
bədənini yandırmışdı, dərisi mis rəngindəydi.
Şalvarının balaqlarını dizəcən
çirməmiş bu diribaş oğlan günün iyirmi
dörd saatını bu kababxanada olurdu, gələn qonaqlara
qulluq edir, samovar qaynadır, təmizlik işlərinə də
baxırdı. Nuru deyirdi ki, Ağoppa
olmasa, batarıq. Hər yay mövsümü
gələndə Nuru "Moskviç"ini Qızılquma
sürürdü, Ağoppanı axtarıb tapırdı və
özüylə kababxanaya gətirirdi. Ağoppa
bir də evlərinə sentyabrın axırlarında gedirdi.
Vahid
Ağoppanın canıyananlığını bu sözlərlə
qiymətləndirdi:
- Allah
saxlasın! Çox diribaş uşaqdır,
özü də böyük-kiçik yeri biləndür.
Sonra
yadına nə düşdüsə, yenə üzünü
Səyyara tutdu:
- Səyyar,
sənin yadında olar. Kimsə bu dənizə
bir meyxana qoşmuşdu.
-
Hansını deyirsən? - Səyyar fikirli-fikirli dilləndi.
Vahid
meyxanadan bir bənd dedi:
Tanrına
qurban, a qızıl qum dəniz,
Kasıb lüt-üryanlara qəyyum dəniz.
Sən
ki, bizi bu davadan çıxartdın,
Səndə ölüm, sən gözümü yum, dəniz.
- Nə qəşəng
deyib! Bunu eşitməmişdim, əmoğlu, - Səyyar dedi.
Nurunun diqqəti onlardaydı. Tez reaksiya verdi:
- Vahid qədeş,
bunu bizim kəntdimiz deyib. Bax, elə burda
xalça-palazın üstündə oturub diyiblər. O
vaxt müharibə təzə qurtarmışdı. Kəndin cavanları gələrdilər, bu qumun
üstündə dövrə vurub oturardılar,
başlayardılar meyxana deməyə. Həmin
oğlanın adı Cavid idi. İşə
bax ki, sonradan özü yazıq elə dənizdə
batdı.
Vahid çevrilib qəzəblə dənizə
baxdı.
- Heyif... Talantlı uşaq imiş. O sözləri ona
dedirdən ilahi qüvvə varmış. Taleyini
ona pıçıldayıbmış. Allah
rəhmət eləsin. Hələ birdən
yadıma düşdü.
Nuru ortaya nərdtaxta gətirdi. Vahid nərdtaxtanı kənara itələdi:
- Hara getsəm,
yenə kölgəm kimidü nərd,
Bəxtin
zəri şeş verməsə, dövran
heçdir.
Gözlədilər, Vahid qəzəlin ardını gətirmədi.
-
Yorğunam, qədeş. Bunu
yığışdır. Çayımızı gətir,
- dedi.
Ağoppa
Vahidi, Səyyarı görüb sevinirdi, bu əldən zirək
oğlan samovarı beşcə dəqiqənin içində
qaladı. Az keçməmiş
samovarın dızıltısı eşidildi. Vahid
tüstü-dumanın içində itib-batmışdı.
Xəyalı hələ də su pərisinin
yanında idi.
- Vahid qədeş,
deyəsən, toydan gəlirsüz.
Nurunun səsi onu fikirdən ayırdı.
- Həri.
Sıxıb suyumuzu çıxartdılar.
Bu camaat meyxanadan doymur də. Arada qəzəllərimdən də deyirdim. Görürəm xoşlarına gəlir. "Vahid qədeş, birin də de, birin də
de" deyib məni əməlli-başlı yordular.
- Əybi yox, indi qəşəng xoruzquyruğu çay
dəmliyərəm sizinçün, bütün
yorğunluğuvuz gedər işinin dalıycan, - Nuru dəm
çaynikinə kəklikotu atdı.
Qəfildən gecənin qaranlığında havada
ağappaq bir kağız yellənməyə başladı. Sanki
qağayı idi, sahilə doğru aramla süzürdü.
Gecənin bu aləmi qağayı nə gəzirdi.
Ətrafa boylandılar. Üst-başı
tökülmüş, saç-saqqal içində
itib-batmış bir kişi sərin mehin
havada oynatdığı kağızın ardınca
qaçırdı. Hər dəfə əlini
atanda kağız uzaqlaşırdı. Adam
divanəyə bənzəyirdi. Qoltuğundakı
qalın qovluğu sinəsinə sıxıb o bircə
kağızın ardınca yüyürürdü. Nuru
Ağoppanı səslədi:
- Adə,
Ağoppa, qaç o kağızı tut, ver kişiyə.
Ağoppa kağızı göydə qamarladı.
- Vahid qədeş,
bu kişini tanıyırsan? - Nuru kədərlə dilləndi.
- Yox,
birinci dəfədir görürəm, amma nəzərimə qərib
gəlir, - Vahid siqaretin kötüyünü dişləri
arasında sıxdı.
- Ağasəlim
Fədaidir. Gözəl şair idi. Dediyinə görə bütün əlyazmalarını
vaqonda oğurlayıblar, o vaxtdan dəli kimi gəzir. Adamın ürəyi ağrıyır.
Həsən
Səyyar diksindi:
- Ağasəlim
Fədai? Yoox, ola bilməz! Bu kişi Ağasəlim ola bilməz. Onun qəddi-qaməti uzaqdan adamı cəlb edirdi.
Bunun qəddi bükülüb, o deyil.
- Alə,
dayan görüm, bu buzovnalı Ağasəlim
döyül? Mən onu axırıncı dəfə
bilirsən haçan görmüşəm? Eeeh, otuz il bundan qabaq. Onda cavan uşaq
idik, Məşədi Azərin yanına gəlib-gedərdik.
Ağasəlim o vaxt təzə-təzə
yazmağa başlamışdı. Sonra
dedilər Operada işləyir. Day sonra nooldu, xəbərim
olmadı, - Vahid dedi.
- Həri,
Vahid qədeş, Operada Məcnunu, Kərəmi oynayıb. 37-ci ildə onu buralardan didərgin saldılar. Tutulacağından qorxub Türkmənistana
qaçdı. Neçə illər idi
Aşqabadda yaşayırdı. Elə
qatarla gedəndə necə olubsa, əlyazmaları it-bata
düşüb. Orda da günü
yaxşı keçməyib. İndi xəstədir,
canıyla əlləşir.
Nuru divanəyə
bənzəyən kişini səslədi:
- Ağasəlim,
gəl bir az dincini al, yaxşı çay
dəmləmişəm.
Ağasəlim Ağoppanın küləyin əlindən
aldığı kağızı ehtiyatla qovluğun içinə
qoyub ağzını düyünlədi və onlara
yaxınlaşdı. Vahidlə Səyyar ayağa qalxdılar.
Ağasəlim onlarla üzbəüz qalınca
duruxdu. Bir müddət baxışdılar və qəfildən
həyəcanlı səs gecənin qaranlığında
burulub sahilə yayıldı:
-
Vahiiid!!!
Qucaqlaşdılar.
- Sən
ki məni tanıdun, halaldu sənə! Özüvü
niyə bu günə qoymusan, ay Ağasəlim? Nuru deməsəydi, səni tanımiyceydim.
Xəcalət janrında susdular. Ağasəlim bu
görkəmindən, Vahidgil isə onu axtarmadıqları
üçün sıxıldı.
Çay süfrəsi arxasında şirin söhbət
gedirdi. Bu şirinliyə Ağasəlimin xəstə
halı azacıq xələl gətirirdi. Ona
elə gəlirdi ki, yeniyetmənin gətirdiyi çay da uzaq
keçmişdən gəlib, dadı-tamı da o illərin
çay dəstgahlarını xatırladırdı. Əmisi oğlu Azərgilin evi həmişə
qonaq-qaralı olardı. Hər həftəsonu
əhli-qələmlər onun bağına
yığışıb şeir məclisləri təşkil
edərdilər. Bu məclislərin
zövq-səfası heç vaxt yadından
çıxmayacaqdı. Ağasəlim
şeiriyyatın incəliklərinə elə bu
yığnaqlarda bələd oldu, ərəb-fars dillərini
ona əmisi oğlu öyrətdi və Ağasəlim klassik
şairlərin yazdıqlarını orijinaldan oxumağa
başladı. Bu intəhasız söz dəryası
onun həmişəlik qərar tutacağı yerə
çevrildi. Bir gün utana-utana əmisi oğluna
şeir yazdığını deyəndə Azər fikrə
getmişdi və bircə kəlmə demişdi: Bilirdim ki, sən
də şair olacaqsan.
Ağasəlim o gün sevindiyindən yerə-göyə
sığmırdı. O gündən başladı hər şey. Nə oldusa, ondan sonra oldu. Fədai təxəllüsünü
də ona əmisi oğlu verdi.
Birdən
xəstə şair yerindən dikəldi, gözləri
alacalandı:
- Bilirsüz
ki, ya bu üzdə olan şairlərin çoxu şeirlərini
məndən oğurlayıb? Mənim şeirlərimlə
məşhurlaşıblar.
Səyyar
maraq hissiylə soruşdu:
-
Hansı şairlər, ay Ağasəlim? Kimdir sənin
şeirlərini oğurlayanlar?
- Bu
üzdə olan şairlər var aa,
hamısı.
- Ağasəlim,
ağ eləmə də, - Vahid ərklə
köhnə dostuna etiraz etdi. - Bu yazığlar sənin
şeirlərini harda gördülər ki, oğurlasınlar? Mətbuatda çap elətdirdiklərini oxumuşuq,
çox əla şeirlərdir. Onlar da
harda oxunubsa, sənin adın çəkilib. Belə
şey ola bilməz. Olsa, mən
özüm onları ifşa eləyərəm.
Ağasəlim dərin fikrə getdi,
baxışlarını naməlum nöqtəyə zilləyib
susdu. Vahidlə
Səyyar baxışdılar, bu baxışlar onu deyirdi ki,
deyəsən, Ağasəlimin ruh halı yerində deyil.
- Bir rəvayət
yazmışdım. Bu hadisəyə
Aşqabadda rast gəlmişəm. Küçəylə
gedirdim, gördüm uşaqlar göyərçinləri
daşlayırlar. Qəfildən bir arvad
cumdu uşaqların üstünə, qışqırmağa
başladı. "Mənim oğlum
ölüüüb!!! Mənim oğlum
ölüüüb!!!" deyə elə hey
çığırırdı. Əvvəlcə
heç nə başa düşmədim. Quşlarla
onun oğlunun nə əlaqəsi? Uşaqlar da təəccüblə
arvada baxırdılar. Sonra öyrəndim
ki, sən demə, arvada deyiblər ki, sənin
oğlun öləndən sonra göyərçinə
çevrilib. Uşaqlardan biri qadına elə bir sual verdi ki, yerimdəcə quruyub qaldım.
"Xala, bəlkə sənin oğlunun ruhunu oğurlayıblar?". Yazıq arvad
ağlamsındı, pişik miyoltusuna bənzər səs
çıxartdı. Ağlıma dəhşətli
fikir gəldi, bu arvad pişiyə çevrilib göyərçinə
çevrilmiş oğlunu tutub yeyəcək.
İşığın kölgələri sanki dənizin
sahilini süpürməkdəydi. Qaranlıqdan eşidilən
aramsız uğultu Ağasəlimin
danışdığı qəribə hadisənin mistik
aurasını bir az da dərinləşdirdi.
Qızıl
ovxağını xatırladan qum
üstündə diz vurub dövrə ilə oturan bir-iki
cavanın səs-küyü onları fikirdən
ayırdı.
- Vaygirlik
olmayacaq ha! - cavanlardan biri ucadan səsləndi.
Bu, o demək idi ki, meyxana deyiləndən sonra
axırıncı iki misrası təkrar olunmayacaq, meyxana
qoşa misra ilə deyiləcək.
Nuru dilləndi:
- Cavan
uşaqlardu, hər gecə burda yığışıb
meyxana deyirlər.
Vahid
başını buladı:
- Alə,
gənə meyxana? Canımızı gücnən
qurtarmışıq.
Məclisin
şirin yerində iki nəfər cavanlara
yaxınlaşdı, oturanları az qala,
bikef edəcəkdilər. Biri azərbaycanlı,
biri rus idi. Çimərlik geyimində otuz-otuz beş yaşlarında sağlam bədənli
adamlardı. Açıq-aydın hiss olunurdu ki, keflidirlər.
Meyxana kəsildi, hamı dilxor oldu. Azərbaycanlı
salamsız-kəlamsız ədayla soruşdu:
- O
qayıq kimindir?
Qayığı indi görürmüş kimi hamı o
səmtə döndü. Yarıyacan quruya
dartılmış qayıqda sarışın bir qadın
oturmuşdu, o da çimərlik geyimində idi. Meyxana deyənlərdən
biri dedi:
- Mənimdir,
necə bəgəm?
- Bunlar Moskvadan gəliblər. Qayıqda üzüb kef eləmək
istəyirlər, olar da... Həmin adam
bayağı ədayla dedi.
Qayığın
yiyəsi özündən çıxdı:
- Sizin
başuvuz xarabdu? Gecənin bu vaxtı qayıqla
dənizə çıxmaq olar?
Oturanlardan
biri astadan dilləndi:
- Alə,
özü də bu pyandu e, qayıq çörülər,
batar, zırının biridü, çıxarmaq da olmaz. Oturduğumuz yerdə işə düşərik.
Deyəsən,
deyilənlər ədəbazın xoşuna gəlmədi:
- Sən
nə danışırsan? Bu, podpolkovnikdir,
özü də Moskvadan gəlib. Sən
ondan yaxşı qanırsan ki, qayıq nədir, necə idarə
edərlər?
Meyxanaçıların
ən yaşlısı qanqaraçılığın
qarşısını almaq üçün araya girdi və tələsik
təzə qafiyə açdı:
Rus qanır, yəni bu xalq anlamasın?
Qanan oldu, onu sağ anlamasın.
Qayıq istəyən elə bil yatmışdı, birdən
ayıldı.
Ancaq hələ özünə gəlməmiş kənardan
ikinci bənd səsləndi:
Fitnəni
qandı, amma qanmadı ki,
Yanında özgə xoruz banlamasın.
Ədabaz gördü ki, bu xına o xınadan deyil. Matdım-matdım
meyxana deyənlərə baxıb heç nə demədən
geri döndülər. Uzaqdan rusun səsi eşidildi:
- O
çem oni sporyat druq s druqom?
O, elə
zənn eləmişdi ki, oturanlar nə barədəsə
mübahisə edirlər. Cavanlar bir bənd deyib
kənarda duran orta yaşlı adamı ilk dəfə idi
görürdülər.
-
Dayı, deyəsən, sən də hal əhlisən, -
qayığın sahibi bunu deyib gülümsədi.
Ağasəlim cibindən "Kazbek"
çıxarıb odladı, birinci tüstüdə sinəsi
qovuşdu, öskürək bədənini silkələdi. Özünə
gələndə hələ də cavanların onu maraqla
süzdüyünü gördü.
Şuri-eşqündü
salan kuhi-biyabanə məni,
Ey edən zülfü ilə dəhrdə divanə məni.
Fəxr
edib hüsnünə tüğyan eləmə aləmdə,
İncidib zülm ilə salma qəmü pünhanə məni.
Aşiqəm,
sanki Fədai, gülə bülbül kimi mən,
Nə olar, məhrəm elə qönçeyi-xəndanə
məni.
"Fədai" sözünü eşitcək
cavanların dördü də yerindən dik atıldı.
- Fədai!
- Alə,
bu, Ağasəlim Fədaidir ki!
Ağasəlim
kədərlə gülümsündü:
- Mən əbabil
yaşındayam. Unumu əbabil kimi göylərdə
ələdim. Şirin yuxulardan çox gec
ayıldım. Baxdım ki, ömür fənayə
uğrayıb... Qanımla yazdığım
şeirlərin sərxoşu kimi aylarımı, illərimi
qürbət yellərinə verdim. Amma
qürbətin mədəsində çətin həzm olunan
tikəyə döndüm. Başımı
götürüb gəldim vətənə. Ölməyə
gəldim...
Boğazında düyünlənən qəhər ona
sözlərinin ardını gətirməyə imkan vermədi. Adamlar uzun illər
boyu Ağasəlimin bədbəxtliyinin azarkeşi
olmuşdular. Kütlə belə şeyləri
sevir axı. Şairi ya tribunada, ya da dar
ağacında görməyi xoşlayırlar. Ağasəlim
nə tribunada idi, nə də dar ağacında...
- Bu vaxta
qədər haralardaydın, şair? Sənin qəzəllərin
daim məclislərdə oxundu, adın çəkiləndə
gözlər səni axtardı, tapmadı...
- Mən
həyatını bir çantaya yığıb yola
çıxmağı bacaranlardanam, oğul...
Kənan Hacı
Ədəbiyyat qəzeti.- 2023.- 14 yanvar.- S.22-23.