“Səni düşünmək nə
gözəl şey...”
Keçən əsrin 80-ci illərinin əvvəllərində Moskvanın
ünlü Nekrasov kitabxanasında Nazim Hikmətin şeirlərinə,
poeziyasına həsr edilmiş gecə təşkil olunmuşdu. Əsasən tələbə gənclərin
qatıldığı bu
gecənin aparıcıları
tanınmış rus
şairi Boris Slutskiy və mən idim. Nazimseverlər onun əsərlərindən
ibarət gözəl
kompozisiya hazırlamışdılar.
Onların maraqlı çıxışlarından
sonra iştirakçılarla
bizim aramızda Nazimin həyatı və yaradıcılığı
ilə bağlı çox maraqlı, sərbəst fikir mübadiləsi və dartışmalar oldu.
Özünü şair
kimi təqdim edən gənclərdən
biri, Nazimin şeirlərini sevdiyini, onun rus dilinə
tərcümə edilmiş
əsərləri ilə
yaxından tanış
olduğunu, qənaətinə
görə, şairin
yaradıcılığının Rusiyada tək yönlü - yalnız siyasi şeirlər ustası kimi tanıdıldığını, halbuki onun gözəl
lirik əsərlər
yazdığını söylədi
və nə üçün rus dilində Nazimin lirik şeirlərinin çap olunmadığını
soruşdu. Doğrusu,
bu gəncin söylədiklərində böyük
həqiqət payı
vardı, istər Sovetlər Birliyində, istərsə də Avropada Nazim daha çox inqilab şairi, poeziya devrimcisi kimi tanınırdı.
Bilindiyi kimi, 1938-ci ildə, qondarma bir ittihamla
28 illik həbsə məhkum olan Nazim Hikmət yaradıcılığında yeni bir dövr
başlayır. Həbsxanada ikən Nazim öz yaradıcılıq
yoluna tənqidi gözlə baxmağa başlayır və poeziyada "aşırı
solculuğun", lirik,
intim şeirlərə
yasaq qoymasının yanlış olduğunu dostu Kamal Tahirə
yazdığı məktublarında
etiraf edirdi. O, məhz burada, həbsxanada 20-ci illərdə
uyquladığı poetik
yasaqlar zəncirini qıraraq şeirlərinin
sərbəstlik sərhədlərini
genişlədir, hətta
bütün yasaqları
ortadan qaldırır.
Artıq
şair yaşadığı
zamanın bütün
tərəddüdlərini, ümidlərini, sevgisini, acısını, bir sözlə, hər şeyini yazmaqda sərbəst idi. O, məktublarının birində
yazırdı: "İnsana
xas, onun üçün dəyərli
olan her şeyin mənim şeirim üçün də dəyərli olmasını
istəyirəm. Oxucunun
məndə ve ya bizdə öz
duyğularının hamısının
əks olduğunu görməsini istəyirəm:
"Bir May" şeirini
oxumaq istədiyi zamanda da, qarşılığı
olmayan eşqinin şeirini aradığı
zamanda da bizi oxumasını istəyirəm". Və poeziya
inqilabçısı Nazim
həbsxanada durmadan poetik eksperimentlər aparırdı. Şair,
öz diliylə desək "sektantlığı"
və "kiçik burjua solçuluğunu"
aşıb, qəhrəmanlarının
özəl həyatlarına
daha çox diqqət göstərməyə
və onların iç dünyalarına daha dərin nüfuz etməyə başlayır. Bundan sonra Nazim Hikmətin
şeir qəhrəmanları
sadəcə "dünya
və ölkə"
haqqında deyil, eyni zamanda sevgilisi
haqqında düşünür,
təbiət gözəlliklərindən
zövq alır, kiçik olaylara belə sevinir və bu səmimi
duyğularını ifadə
etmək üçün
yeni metaforalar, orijinal obrazlardan istifadə edir.
Yaradıcılığının yeni dönəmində Nazim bütün insani duyğuları yansıdan gözəl şeirlər yazmağa başlayır və yazıqlar olsun ki, uzun illər
əksər oxucular onlardan xəbərsiz olmuşlar.
1941-ci ildə Kamal Tahirə göndərdiyi başqa bir məktubunda Nazım Hikmət yeni estetik konsepsiyanı belə açıqlayırdı: "İyirminci yüzyilin yurddaşını, iyirminci yüzyildə yaşayan konkret insanı önəmli bir şey maraqlandırır: "Məni en ziyadəsiyle etkiləyən bütün sənət qolları, ədəbiyat - şeir, hekayə, roman, rəsim ve musiqi bizə, hərkəsə ne verir? Şair, özünün sevdiği şeyleri, özəl çalışmalarını şeir olarak yazır. Əğər o, bizim hamımız üçün yararlı olmaq düşüncesiyle iyirminci yüzyılın hər hansi bir xarakterik özelliğiyle, öz sevgisini birbirine bağlaya bilmirsə, onun sahip olduğu şey mənə ne vere bilər ki?". Oxucunun bu sualına Nazim Hikmətin cavabı belə idi: "Her bir şairin əsl dəyəri, onun şəxsi ve toplumsal, ictimai olanı birleştirme qabiliyyətindən asılıdır. Əgər şair yazdığı sevgi şeirində bunu edə bilmirsə, o zaman şeir ancaq iki nəfəri - sevgililəri maraqlandırar". Nazim Hikmətin özü bu konsepsiyanı 40-50-ci illərdə yazdığı əsərlərində uğurla reallaşdırmışdır.
Yuxarıda bəhs etdiyim görüşdən sonra Nazim Hikmətin lirik şeirlərini bir araya toplayıb, kitab şəklində nəşr etməyə qərar verdim. Tərtib etdiyim şeirləri mənim yardımımla rus dilinə David Samoylov, Boris Slutskiy, Moris Vaksmaxer, Alev İbrahimov və başqa tanınmış şairlər tərcümə etdilər. Kitab 1988-ci ildə "Kak prekrasno meçtat o tebe" ("Nə gözəl şey düşünmək səni") adıyla böyük tirajla Moskvada yayınlandı və geniş əks-sədaya səbəb oldu. Çünki oxucular bu kitabda yeni Nazim Hikməti - böyük lirik şairi kəşf edirdilər.
Tofiq MƏLİKLİ
Ədəbiyyat qəzeti.- 2023.- 14
yanvar.- S.5.