Səni düşünmək gözəl şey,

ümitlü şey,

dünyanın ən gözəl səsindən

ən gözəl şarkını dinləmək kimi bir şey...

Fəqət artıq ümit yetmir mənə,

mən artıq şarkı dinləmək deyil,

şarkı oxumaq istəyirəm.

 

Yumdum gözlərimi

 

Yumdum gözlərimi:

qaranlıqda sən varsan,

qaranlıqda arxası üstə yatırsan,

qaranlıqda bir qızıl üçbucaqdır

            alnın biləklərin.

 

Yumulu göz qapaqlarımın içindəsən,

            sevdiyim,

yumulu göz qapaqlarımın içində şarkılar,

İndi orda hər şey səninlə başlayır,

İndi orda heç bir şey yoxdur

                        səndən öncəmə ait,

sənə ait olmayan.

 

***

 

Ən gözəl dəniz

hələ gedilməmiş olanıdır.

Ən gözəl çocuk

hələ dünyaya gəlmədi.

Ən gözəl günlərimiz

hələ yaşamadıqlarımız günlərdir.

sənə söyləmək istədiyim ən gözəl söz

hələ söyləməmiş olduğum sözlərdir.

 

***

 

Çöməldim, baxıram torpağa,

otlara baxıram,

böcəklərə baxıram,

mavi, mavi çıçək açmış budaqlara baxıram,

sən bahar torpağı kimisən, sevgilim,

            sənə baxıram.

 

Arxası üstə uzandım görürəm göy üzünü,

ağaçların budaqlarını görürəm,

uçan leyləkləri görürəm.

Sən bahar mövsümündə

            göy üzü kimisən, sevgilim,

                        səni sevirəm.

 

Öncə qarda od qaladım, oda toxundum,

suya toxundum,

qumaşa toxundum,

günəşə toxundum.

Sən ulduzların altında yandırılan

            atəş kimisən, sevgilim,

                        sənə toxunuram.

 

İnsanların içindəyəm sevirəm insanları.

Hərəkəti sevirəm.

Düşüncəni sevirəm,

Mübarizəni sevirəm.

Sən mübarizəmin içində bir insansan,

            sevgilim,

                        səni sevirəm.

 

***

 

Çinar olsam dinlənsəm kölgəsində

kitab olsam oxusam

            yuxusuz gecələrimdə darıxmadan

qələm olmaq istəməzdim öz əlimdə belə

qapı olsam yaxşılara açılsam,

            pislərə bağlansam

pəncərə olsam pərdəsiz iki tayı açıq

            bir pəncərə şəhəri içəri

                        alsam

söz olsam çağırsam haqqa, doğruya, gözələ,

söz olsam söyləsəm sevdamı səssizcə.

 

Mən səndən öncə

ölmək istəyirəm

 

Mən

səndən öncə ölmək istəyirəm.

Gedənin arxasından gələn

Gedəni tapacağınımı zənn edirsən?

Mən zənn etmirəm bunu.

Ən yaxşısı məni yandırarsan,

otağında divar sobasının üstünə

            qoyarsan külümü,

içində bir qabın.

Qab şüşədən olsun,

şəffaf, bəyaz şüşədən olsun

ki içində məni görə biləsən.

Fədakarlığımı anlayırsan

vaz keçdim torpaq olmaqdan,

vaz keçdim çiçək olmaqdan,

sənin yanında qala bilmək üçün.

toz olub

yaşayaram yanında sənin.

Sonra, sən ölüncə

Şüşə qabıma gələrsən.

orada bərabər yaşayarıq

külümün içində külün,

ta ki, bir yaramaz gəlin,

yaxud vəfasız bir nəvə

bizi oradan atana qədər.

Amma biz

o zamana qədər

elə qarışacayıq

ki, bir-birmizə,

atıldığımız zibillikdə belə zərrələrimiz

yan-yana düşəcək.

Torpağa bərabər hopub.

bir gün yabanı bir çicək

Bu torpaq parçasından nəmlənib filizlənərsə

sapında mütləq

iki çiçək açacaq:

biri sən,

biri mən.

Mən

daha ölümü düşünmürəm.

Mən hələ bir övlad sahibi olacam.

Həyat aşıb-daşır içimdə.

Qaynayır qanım.

Yaşayacağam, özü çox, oluqca çox,

Amma səninlə bərabər.

Daha ölüm qorxutmur məni.

Yalnız yaraşdırmıram onu özümə.

 

Nazim HİKMƏT

 

Tərcümə etdi:

Tofiq Məlikli

 

Ədəbiyyat qəzeti.- 2023.- 14 yanvar.- S.5.