Heyrət, ey büt!  

 

Səcdədir hər handa

bir büt görsəm ayinim mənim...

 

           Məhəmməd Füzuli

  

Ən əzəl - sözdü...

derlər ən əzəl söz kimisən!

Heyrət, ey büt!

Ey bütüm! Heyrət sənə! Heyrət sənə!

 

Sözdü derlər söz əzəldi...

Sən əzəl söz kimisən!

Bir sözüm yox,

deyim - İncilmi, ya Tövrat sənə?!

 

***

 

Hər neçə

söz vardı ki, kəlləmayallaq, tərsinə -

Dərs verib,

bir-bir çevirdim həpsini astarına!

 

Bu sirri

pünhan tutardım, bəs dedin rövşən qılım -

Mən

qıydım sirrimi rövşənlərin aslanına!

 

Gər kəmənd atdım

səni bənd etməyə mən dərdmənd -

Bəndən oldum,

bənd olub döndüm sənin dustağına!

 

Bağlanıb

min-min nigari-ənbərinxət bəndinə -

Çevrildim

hər ləhzə yoxdan var sözün müştaqına!

 

Söz yükün batmandı, batman!

Duz yükündən yük tutub,

Ram olan

qəddimlə üz tutdum sənin duz dağına!

 

Hər sözün dastandı, dastan!

Dastanın sığmaz sənin -

Əttövbə

yüz Leylinin, yüz Məcnunun dastanına!

 

Göyə daş atmaq -

günahdır, göy üzü daş saxlamaz,

Günah eylər -

kəc baxıb, daş tullayan bostanına!

 

Yazmadı

Mahir bu mətni, bəs demə, ustad imiş,

Yazdı ki -

mahir desinlər Mahirin ustadına!

 

P.S.

 

Mən ki eynən

bu sayaq şövqlə göyündən keçirəm -

En ki, göydən,

sənə yetməz qanadım uçmaq ilən;

 

Hər neçə

yüksəyə uçsam, ətəyindən keçirəm -

Necə

xoşnuddu könül gər ayağın qucmaq ilən!

 

Heyrət, ey büt!

Sən idin, sən - gətirən vəcdə məni!

Kərəm et!

Bitməyə eşq - etməyə tərk səcdə məni!

 

Bütpərəstin...

Nədən imanı gərək mümkün ola?! -

Ya Məhəmməd!

Mədəd et, çəkmə üzü Həccə məni!

 

Mahir N.Qarayev

 

Ədəbiyyat qəzeti.- 2023.- 14 yanvar.- S.7.