Təbrizli qadınların
kəsilən saçlarındakı...
ey dili qafil fil faili məchul
fani f...
güllər ətrini
təbriz qadınlarının
saçlarına verdilər
bu anlaşma nə vaxtdan göylərdə saklı
qaldı
çiçəklər əcəlini
o saçlarda bulub dirildilər yenidən yazda
quşlar bihuş
oluban çəkilib səmanın küncünə
daldılar
quşlar bihuşlanıb
səmanın namını
öz adlarına çıxdılar
böcəklər hayıl
mayıl pozdular yaşam nizamını
saçlar çəkib
götürmüş cahanı
canla yaxan qoxuları bu qınanarmı
ağrıları acıları
erkən fərq etdilər
saç saç
üstə qalanır
ətir ətirə qarışır
kəsildikcə saçlar
çoxalırdı o bihuşu
o nuru
göz qapadıb kirpik çəkib nəfəs tutub öləsən
sözü ağızdan
geriyə təpib mənasını ətirdə
öpəsən
olum olum olum əsirin
sarıl boğazıma
dol gözlərimə
üzümə sürtüb
sürtüb sinəmin
başında titrəşimini
hiss edim
həyəcanları canıma
çəkərək dünyanı
dünyanı yenidən
dərk edim
dərk edim qadınların kəsilən
saçlarında aləmlər
mələyir
anlayım təbrizli
qadının kəsilən
hörüyündə əyyam
döyünür
qanım qandırım
təbrizin küçələrinə
eşq sovuran kəsilmiş tellər
tarixdə qalmış
nakam azadlığın
zalımlara sitəmiylə
sayılar
bu ki saç
bu ki tel
bu ki hörük deyil
milyonlarca kəsilmiş
biləklərin eşqə
ərkini gördüm
milyonlarca kəsilmiş
qolların savaşa sığmayan
tanrıya sayğısını
gördüm
milyonlarca kəsilmiş
əllərin
yaradana uzanan duasını gördüm
gördüm və savundum
gördüm və ovundum
gördüm və vuruldum
o saçlar ətrini mənim sözlərimlə
bəzzcə danışdırırsa
o saçlar rahiyəsini mənim dilimlə savalanca od püsgürdürsə
o saçlar qokusunu mənim hayqırışımla
təbrizcə söylədirsə
yaşamaq can keçib
ömür aşıb
gün sonalamaqmış
ölüm əmrdən
ötə sadəcə
fələkləri duza
gətirib küyə
salmaqmış
tale soruşma məndən əhdim var imanım daha cəsur
fələk əsirgəmədi
tarix boyu ərkini məndən
odur ki saçlarında acılarım
mücahiddir şərlə
savaşır
hörüklərini görüncə
qəsdinmi var canıma...
sevda çağırır
eşq səsləyir
haqq savunur
Təbrizdə qadınların kəsdiyi
saç
ey dadi bidad danəndə dəhan dərviş d...
qayçılar biçdiyi
örpəklərdən
döndərdi ağzını
təbrizli qadınların
saçlarına
qara saçlar uzun saçlar qulaç saçlar
arşın arşın
hörüklər
qara kömür saçlar qulac qulac qulac
kəsildi doğrandı
köləlikdən qoparıldı
bağlar
arazın o tayından
üç tel göndər sızladım
sazımda
günəşi mizrab edib yaxım cahanı
qoy beləcə titrəsin ərşin dabanı
urmu gölü bəzz qalası savalan dağı
urmu gölü təbriz göyü quşların lələyindən
qurulan eşq hanası
savalan dağı təbriz gülü səs yanğısı
bəzz qalası haqq leylasında ərdəbil ərdəbil
haylasın
uzun qara doğranmış saçlar
kürəkləri saçlarından
boş qalan bacılar
hörükləri kürəklərindən
ayrı düşüb
sızlayan gəlinlər
üsyan
tufan
çağlayış
elədir vardır
bu gurlayışa şayan özgə tələb
onu məndə yalnız göylər yaxın gələr örgütlər
gəl və ağ
ey dadi bidad danəndə dəhan dərviş d...
padişahın kitabxanasına siçan
daraşıb...
yox və çıx get
qırmızıdır yaşıldır
lap belə ağdır
və ... görürəm
uzun qısa və gəlmisən xoşdur baxışlarımdan
sızan
məndən sızan
mənə sızan mən sızan o qalıqlar
"lakin" götürmədiyi
duyğularım hiylədən
hədə gözlər
və ağdır ...rəng bildyim
burnuma dolan qoxularla ol zamandır
ürpərdiyim
bağrıma basdığım
ağrılarla salam verdiyim şamandır... və getdiyim
çəkilib kənara
yol verdiyim soyuma da yaddır
bu minilliyim ...
get get və ağdır
rənglərdəki ayrılığa
ərşi çəkən
işgəncəm
get get bir də
get və boşluqdan şah böyüdən yerlərə çıxalım
bir dənəm
hava soyuqsa üstəlik tanıdıqların
susubsa birdən
mənmi deyim
- sən böyüksən
- sən kiçiksən
- sən lap böyüksən
sən laaaaaaaaaaap kiçiksən...
(qalxıb hal
qarışdırmağa əsla
solmaz vərdişim)
qulağıma dolan səslər yer tapdığı canımda
otururlar nota.. işləyirlər xəta
və get
duruşumu pozmayıb
açılmayan qırışımla
"bax bu da mənimdir" - sitildəyirəm
qurğuşun tökülmüş
içimdə çəkib
çiləmi atıram
hiyləmi...
hə və qal
gəl və ağ...
2008
Xanəmir Telmanoğlu
Ədəbiyyat qəzeti.- 2023.- 14
yanvar.- S.11.