Azərbaycan mətbuatı:
gizli nəşrlər, "samizdatlar"
I məqalə
1920-ci il aprelin 27-də Sovet Rusiyası bolşevikləri Azərbaycanı işğal etdilər. Azərbaycanda bütün azad mətbuat orqanları qapadıldı, yalnız bolşevikyönümlü qəzet və jurnalların çapına icazə verildi.
Azərbaycan Cümhuriyyəti dövründə dövlətin adını özündə əks etdirən "Azərbaycan" qəzetinin son sayı da 1920-ci ilin 28 apreli - yəni ölkənin işğal günü çıxdı. Görkəmli mütəfəkkir və bəstəkar Ü.Hacıbəylinin redaktorluğu ilə dərc edilən "Azərbaycan" qəzeti bir daha işıq üzü görmədi.
Ü.Hacıbəyli böyük uzaqgörənliklə və bolşeviklərin Azərbaycanda törədəcəkləri cinayəti əvvəlcədən duyaraq "Azərbaycan" qəzetinin aprelin 25-də çıxan 82-ci sayında "Zurna" adlı felyeton yazdı və öz mövqeyini açıqladı (Bax: Ü.Hacıbəyli, "Zurna", "Azərbaycan" qəzeti, 25 aprel 1920, ¹ 82).
Sovet rejimində mətbuat azadlığının boğulmasını və söz, fikir azadlığının olmamasını sübut edən böyük mütəfəkkir M.B.Məmmədzadə "Sovet Azərbaycanında hürriyyəti mətbuat" yazısında bu fikirləri açıqlayırdı:
"...Son zamanlarda intişara (nəşrə) başlayan qoca "Molla Nəsrəddin" belə ciddi senzor altında çıxmaqdadır. Çox zaman "Molla Nəsrəddin" Çeka məmuru tərəfindən bütün mündəricatı dəyişmək məcburiyyətində qalır. 1923-cü ildə "Molla Nəsrəddin"də "Bayquş" imzalı bir şair "İntibah" sərlövhəsiylə bir şeir nəşr eyləmişdi. Hökumətin siyasət və fəaliyyətinə toxunan bu şeir Sovet Çekasını elə qəzəbləndirmişdi ki, "senzorun bir xətası" nəticəsi olaraq satışa çıxarılan "Molla Nəsrəddin"in bütün nüsxələrini xüsusi əmrlər ilə toplayırdılar. Bu xüsusda "Molla Nəsrəddin"in müdiri Cəlil Məmmədquluzadə Çekanın töhmətinə məruz qalmış və məcmuənin heyəti-idarə rəisi Məmməd Səid Ordubadi, Ruhulla Axundov və sair kommunistlərin kontroluna (nəzarətinə) tabe tutulmuşdu". (Bax: M.B.Məmmədzadə, "Sovet Azərbaycanında hürriyyəti mətbuat", "Yeni Qafqasiya", 15 avqust 1924, sayı: 22, s.4).
Qeyd edək ki, Sovet dövründə mətbuata nəzarəti 1920-ci illərdə İnqilabi Hərbi Şura, "Çeka" (Fövqəladə Komissiya), sonradan Nazirlər Kabineti yanında Mətbuatda Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ("Qlavlit") həyata keçirirdi.
Qayda belə olurdu: nəşriyyata təqdim olunan əsər "Qlavlit"ə göndərilir, orada oxunur, çapına qol çəkilir, möhür vurulurdu. "Qlavlit" işçisinin kimliyini bildirən 5 rəqəmli şərti nömrələr də mövcud idi. SSRİ-nin hər yerində o nömrədən "Qlavlit" işçisinin kimliyi müəyyən olunurdu.
Sovetlər Birliyi dövründə mətbuat senzorları yazıçı və şairlərə belə göstəriş verirdilər: "Biz tələb edirik, israr edirik, istəyirik!".
1953-cü ildə İ.V.Stalinin ölümündən və N.S.Xruşşovun hakimiyyətə gəlişindən sonra cəmiyyətdə senzura sistemində müəyyən "yumşalma" prosesi getdi və "məcburi əmrlər, göstərişlər" "tövsiyələr"lə əvəz olundu. Bu prosesə daha çox 1960-1970-ci illərdə Sov.İKP Mərkəzi Komitəsi İdeoloji şöbəsinin müdiri Demiçev, əsasən də MK-nın İdeologiya üzrə katibi M.A.Suslov nəzarət edirdi.
Bəs "Qlavlit"
necə qurum idi? SSRİ dövlətində
mətbuata nəzarət
sistemi "Qlavlit"
təşkilatı tərəfindən
həyata keçirilirdi.
"Qlavlit" sözünün
açılışı (bu söz ruscanın
qısa formasıdır)
belədir: "Sovetlər
Birliyi Nazirlər Sovetinin yanında Mətbuatda Dövlət Sirlərini Mühafizə
Baş İdarəsi".
Bu sahəyə uzun müddət Sov.İKP MK-da Ağır Sənaye şöbəsini idarə
edən P.K.Romanov başçılıq edib.
"Qlavlit"in qadağaları:
"Jurnalistlərin terminində
(arqosunda) "talmud"
deyə adlandırılan
və məzmununda hər il dəyişikliklər
edilən, ancaq senzorların faydalandığı
böyük həcmli
kitabda qadağalar qeyd edilirdi. Bu
kitabda məxfi "qadağalar" senzorların
fəaliyyətində əsas
götürülürdü.
Senzorları tez-tez seminarlara çağırır, onlara
yeni təlimatlar verirdilər.
Senzura orqanlarında
o dövrdə 70 (yetmiş)
min insan çalışırdı.
Sovet kino sistemində isə senzura işinə redaksiyalar, redaktorlar, Kinematoqrafçılar
Birliyi, hərbi senzorlar, DTK orqanları,
"Qlavlit", Sov.İKP
MK və s. qurumlar nəzarət edirdi. "Qlavlit"də nəzarət
daha güclü idi (Bax: Herman. F.F.Asininov. Sovetlər Birliyində senzor."Dərgi",
Münhen, 1970, ¹ 59, s.70-71).
"Qlavlit" Azərbaycanda
1998-ci ilin avqustun 6-da rəsmi olaraq ləğv olundu.
1920-ci illərdən başlayaraq
Sovet dövlətinin əsas təbliğat vasitələri isə bu mətbuat orqanları vasitəsilə
həyata keçirilirdi:
"Pravda", "İzvestiya",
"Zarya Vostoka". Azərbaycanda isə aşağıdakı mətbuat
orqanları sovet dövlətinin təbliğatını
yayırdılar: "Kommunist",
"Bakinski Raboçiy".
Qeyd edək ki, 1920-ci illərdə Azərbaycanda
bolşevik-sovet rejimi əleyhinə ilk məxfi
yayınlara başlayan
Müsavat Partiyasının
gizli təşkilatı
oldu (Bax: N.Yaqublu. Müsavat Partiyasının tarixi. B., 2012. , s.111).
Müsavatın gizli təşkilatının
fəaliyyəti nəticəsində
sovet rejiminin işğalçı mahiyyətini
ifşa edən gizli bəyannamələr,
vərəqələr xalq
arasında yayılırdı. Bu bəyannamələr, adətən,
28 May İstiqlal Günündə
və 27 Aprel işğalı ildönümündə
məxfi olaraq insanlara çatdırılırdı.
1922-ci ildə isə başda M.B.Məmmədzadə,
böyük yazıçı
və dramaturq C.Cabbarlı, Ə.V.Məmmədov
(Yurdsevər) olmaqla gizli Müsavatın rəhbərliyinə daxil
olan şəxslər
gizli mətbəə
yaradıb, "İstiqlal"
qəzetini nəşr
etməyə başladılar.
(Bax: A.Rüstəmli.
C.Cabbarlı və milli istiqlal hərəkatı.
B., 2018, s.148).
"İstiqlal" qəzetinin
19-cu sayı çap edilərkən mətbəənin
yeri aşkarlandı və işçiləri
həbs olundu.
Məlum oldu ki, gizli
mətbəədə "Yaşıl yarpaqlar" məcmuəsi, vərəqələr,
kitabçalar da çap edilib yayılırmış.
Sovet dövründə
rejim əleyhinə yazılara, sətiraltı
mənalarda bolşeviklərə
qarşı çox fikirlərə rast gəlmək mümkün
idi.
Eyni zamanda M.Ə.Rəsulzadənin Türkiyədə
1923-cü ilin sentyabrından
nəşr etməyə
başladığı mühacirət
mətbuatımızın ilk nümunəsi olan və sovet rejimi
əleyhinə yazılar
dərc edən "Yeni Qafqasiya" (sonradan "Azəri Türk", "Odlu Yurd") gizli olaraq Azərbaycana gətirilir, xalq arasında yayılırdı. (Bax: "Yeni Qafqasiya" jurnalı, İstanbul, 26 sentyabr 1923,
¹1).
Azərbaycanda təqiblərə və izləmələrə baxmayaraq,
sovet rejimi əleyhinə ziyalılar
tərəfindən də
gizli yazılar hazırlanır, şeirlər
yazılır, xalq arasında yayılırdı.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Gəncənin
Qubernatoru (Valisi) olmuş X.Rəfibəylinin
həyat yoldaşının
evi axtarılarkən oradan qızı Nigar xanımın (sonradan Azərbaycanın Xalq şairəsi) 1928-ci ilin iyun ayında
yazdığı bir şeir tapılmışdı. Şeir
belə adlanırdı:
"Şimaldan günəşin
doğmasını gözləyənlərə".
Şeirdə deyilirdi:
"Başında Şimal
rüzgarları əsən
"Şair", sən
İsa şəklini
Lenin şəkli ilə
əvəz edib, bizi rus mujiki
ruhunda tərbiyə edir, ona baş
əyməyə məcbur
edirsən. Lakin bunu bil ki, şimaldan günəş doğmamış
və doğmayacaqdır.
Şimal
Şərqin qanını
içəndir. Sənin al bayrağın
Şərqin qanına
boyanmışdır. Qızıl bayraq altında "internasional" bağırırsan.
Fəqət mənim daha
hüquqlarım var. Şərq
daha inləməkdədir.
Oradan zəncir səsləri gəlir. Bu səsi
eşidənlər anlayırlar
ki, heç bir zaman şimaldan
günəş doğmamış,
heç bir zaman günəş doğmayacaqdır". (Bax:"Bildiriş" qəzeti,
İstanbul,1931. ¹27; 2) N.Yaqublu. Müsavat Partiyasının tarixi, B., 2012, s.158).
Dövrün istintaq materiallarında Nigar Rəfibəyovanı
(Rəfibəylini) təbliğ
edən sənədlər
vardır. Onun türk doktor
Rza Nuribəyin kitabını yaydığı
qeyd edilir. Həmin kitabda müəllif Azərbaycanın Rusiyanın
müstəmləkəsi altında
olduğunu yazır.
N.Rəfibəylinin atası X.Rəfibəylini
1920-ci il mayın 20-də bolşeviklər
qətlə yetirmişdi.
Bu da N.Rəfibəylidə
Sovet rejiminə nifrət yaratmışdı.
Bolşevik Ə.Qarayev bu şeirinə görə Pedaqoji İnstitutun tələbəsi olan Nigar xanımın bütün işlərdən
azad edilməsini tələb etmişdi.
Yazıçı Anar isə bu
şeirin müəllifinin
şair Mikayıl Rzaquluzadə olduğunu bildirir. (Bax: Anar. Sizsiz.
B., 1992, s.536;2) N.Yaqublu.
Müsavat Partiyasının tarixi. B.,1997.3)."Bildiriş"
qəzeti. İstanbul, 1931, ¹27).
O vaxt M.Rzaquluzadə Moskvada oxuyurdu və N.Rəfibəyli onu ələ vermək istəməyib. Hadisədən xəbər tutan
M.Rzaquluzadə şeirin
ona məxsusluğu ilə bağlı Bakıya məktub göndərib.
Sonradan N.Rəfibəyli Rusiyaya - Moskvada oxumağa getməyə üstünlük
verib.
Tanınmış yazıçı və dramaturq C.Cabbarlının
həm siyasi fəaliyyətində (O, "Gizli
Müsavat" təşkilatının
üzvü idi), həm də yaradıcılığında sovet rejimindən ciddi narazılıq məqamları var idi. Sovet rejimi əleyhinə
gizli olaraq "İstiqlal" qəzetinin
fəallarından olan,
xalqa müraciətlər,
bəyannamələr yazan
C.Cabbarlının bədii
əsərlərində də
haqsızlığa, istismara
etiraz nümunələri
olduqca çox idi.
M.Ə.Rəsulzadə də yazılarında C.Cabbarlının
bolşevik ideyalarından
uzaq bir sənətkar olduğunu qeyd edirdi: "Kommunist olmadısını
göstərən hadisələrdən
biri də onun Moskvada toplanan
Ədiblər Qurultayında
söylədiyi məşhur
nitqidir. Bu nitqində
o, "həqiqi sənətkar
və yazıçının
şanına yaraşmayan
"sosial sifariş"
üsulunun, yəni şairləri hökumət
tərəfindən müəyyən
mövzularda yazmağa
məcbur edilmənin əleyhinə çıxmışdı".
(Bax: M.Ə.Rəsulzadə.
Əsrimizin Siyavuşu. Çağdaş Azərbaycan ədəbiyyatı.
Çağdaş Azərbaycan tarixi.
B., 1991, s.72).
1923-cü
ilin 14 iyununda Azərbaycanın 15 (on beş) ziyalısı
həbs edilmişdi və onlardan biri də C.Cabbarlı
idi.
C.Cabbarlı 1923-cü ilin avqustunda azadlığa buraxılmışdı. Böyük
yazıçı bolşeviklərin
işğalçı siyasətinə
qarşı özünün
bu günə qədər tapılmayan bir şeirini yazmışdı: "Yurdumu
taladı Şimalın
ağ ayısı"
(Bax: N.Yaqublu. Azərbaycan milli azadlıq hərəkatı ensiklopediyası.
B, 2018, s.104).
Yazdığı əsərlərdə elə o dövrü,
1918-1920-ci illərdəki Azərbaycanı
xatırlayıb yazırdı:
Azad bir quşdum,
Yuvamdan uçdum.
Bir bağa düşdüm,
Bu gənc yaşımda.
"1905-ci
ildə" pyesində
isə o, Salamovun dili ilə o dövrdə "millət"
sözünü işlətməyin
necə təhlükəli
olduğunu özünəməxsus
istehza ilə deyir: "Yenə saldı bu zəhrimar
"milliyəni" ortalığa".
(Ardı var)
Nəsiman Yaqublu
Ədəbiyyat qəzeti.- 2023.-
14 yanvar.- S.10.