Təbrizim  

 

Baxdıqca hüsnünə doymayır gözüm

Təbrizim, Təbrizim, gözəl Təbrizim.

...Qoymaram yadları girsin qoynuna,

İzn ver qolumu salım boynuna.

 

                           Süleyman Rüstəm

 

Yenə Təbrizin qaşları çatılıb. 200 ildir ki, Təbriz Azadlığa hamilədir. Tarix türkün xeyrinə işləyir. Türk tarixinin təkəri Təbrizdə fırlanır. Bu gün Təbrizdə axıdılan saf qüdrətli Türk qanı tarixdə selə dönüb, fars şovinizmini boğacaq. Bunu biz demirik, tarix özü deyir. Tarix ən ədalətli hakimdir.

Təbrizin başı həmişə bəlalar çəkib. 1387-1397-ci illər ərzində Təbriz yerli hakimlər tərəfindən 14 dəfə hücuma məruz qalıb, bir hakimin əlindən digərinə keçib, 1392-ci ildə Əmir Teymur gəlib Təbrizi fəth edib. Təbriz əvvəlcə Ağqoyunluların, sonra Səfəvi imperiyasının paytaxtı olub.

"Həmədan həddinin ibtidasından ta Zəncana Əhbərə axırı Dərbəndi Xəzərə çıxınca buna Azərbaycan deyilir". (Əbu Cəfər Məhəmməd ibn Cəriət Təbəri). Təbriz bu Azərbaycanın - Bütöv Azərbaycanın paytaxtıdır.

Bu günədək - 200 ildir ki, Azərbaycanın vətənkeş münavvərləri 1806-cı il Kürəkçay, 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay tarixi səhvlərini düzəltməyə çalışır. Bu illər ərzində Azərbaycan heç bir Azərbaycan türkünün ürəyində bölünməyib, həmişə bütöv yaşayıb.

Nəhayət, 2020-ci ildə, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərdən sonra öz kimliyini dərk edən, azadlığın xoşla alınmadığını görən xalqımız ayağa qalxıb, öz tarixi haqqını tələb edir.

XX əsrin "Molla Nəsrəddin"çi şairi - milli yazarımız Əliqulu Qəmküsar

 

Bir üzüm qaradır, bir üzüm sarı

Fələk götürməz bu əzabları

 

- deyə fəryad edirdi. Mənim dostum, Xalq şairi Nəriman Həsənzadə isə "Xarıbülbül" poemasında yazır:

 

Pyotrun vəsiyyəti

Hələ indi üzə çıxır.

Yollar gedib İstanbula

Ordan da Təbrizə çıxır.

Şah vermişdi

Naxçıvanı, Qarabağı,

Rusun qəsdi Təbrizəydi.

 

Xalqımız tarix boyu Təbriz həsrətini bayatısında, dastanında yaşadıb:

 

dəvə düzdə qaldı,

Yükü Təbrizdə qaldı.

Oğlanı qan apardı,

Dərmanı qızda qaldı.

 

Xalq şairi, rəhmətlik dostum Söhrab Tahir "İki bölünməkdən elə qorxmuşam, çöpü ikiyə bölə bilmirəm" deyirdi. İstedadlı şair Əyyub Sədi 80-ci illərdə bir dəfə içki üstündə doluxsunaraq mənə bir həsrət şeiri söylədi. Yadımda bu misralar qalıb:

 

Arxaya baxıram,

arxada vətən,

Qarşıya baxıram -

qarşı Vətəndir.

Könlümün köynəyən

Başı Vətəndir.

 

İki əsrə yaxındır poeziyamız bu könül göynərtisi ilə yaşayır.

Bu bayatılar da şairlik iddiasında olmayan mənə məxsusdur:

 

Qeyrətimin ölçüsü

Xudafərin körpüsü,

Birləşdir sağı, solu,

Açılsın Vətən yolu.

 

Bu söz mənə ar deyil,

Araz günahkar deyil.

Biz zorla ayrılmışıq

Araz səbəbkar deyil.

 

Araz, Araz xan Araz,

Qanı axan Araz.

Sərhəd məftillərindən

Həsrətlə baxan Araz.

 

        ("Turan yolu" şeirlər kitabı 2021, s.104)

 

Azərbaycan "infarkt" keçirmiş ürəyə bənzəyir, tarixin ədalətsiz zərbələrindən parça-parçadır. Onun əlacı millətin birliyidir. Mənim "Azərbaycançılıq" (Bakı, 2006 səh.104) kitabım bu sətirlərlə başlayır.

Hələ XXI əsrdə bu problem öz həllini gözləyir. İran ərazisinə zorla qatılmış 350000 Azərbaycan vətəndaşı "Azadlıq verilmir, alınır" həqiqətini başa düşüb, yumruq kimi birləşib.

İndi ən boyük Azərbaycan dərdlisi Məmmədhüseyn Şəhriyarı dinləyək:

 

Könlüm quşu qanad çalmaz

            sənsiz bir an, Azərbaycan,

Ya Rəbb, nədir bu qədər

            ürəkləri qan etməyin,

Qolu bağlı qalacaqdır

            vaxtacan Azərbaycan?

İgidlərin İran üçün şəhid olub,

Əvəzində dərd almısan, qəm almısan

Sən İrandan, Azərbaycan!

Övladların vaxtadək tərki-vətən olacaq?

Əl-ələ ver üsyan eylə,

            oyan-oyan, Azərbaycan!

Bəsdi fəraq adlarından

Kül ələndi başımıza

Dur ayağa, ya azad ol,

Ya tamam yan, Azərbaycan!

 

Böyük azadlıq mücahidi M.Ə.Rəsulzadə "Azərbaycan qayəsi" ilə mübarizə meydanına atılmışdı. 1920-ci ildə bu nəcib qayə "qırmızı qaranlıqlar"da (Əlibəy Hüseynzadə) qərq oldu. Bütün imperiyalar kimi rus-bolşevik dövləti olan SSRİ , öz totalitar ideologiyası ilə birlikdə biabırçılıqla süqut etdi. Fəqət bizə - türk qövmünə torpaq-ərazi itkisi, 20 Yanvar Xocalı soyqırımlarını miras qoydu. Bu gün rəzil qəddar düşmənə hədiyyə pay verilmiş Göyçə, Zəngəzur, Çuxur Sədd (İrəvan) torpaqları fəryad edir, bizdən imdad istəyir.

zaman Əbu Cəfər Təbərinin yüzillər öncə xəritəsini nəqş etdiyi Böyük Azərbaycanı - Dərbənddən Həmədana, Göyçədən Zəncana, Borçalıdan Kənkər körfəzinə, Bakıdan Təbrizə qədər uzanan bütöv Azərbaycanı görəcəyik. Yenədəmi bizdən sonra gələnlərə Təbriz həsrətini, Şəhriyar nisgilini acı bir yadigar qoyacağıq? O zaman əcdadlarımız, nəvələrimiz, Tarix bizi bağışlamayacaq. Tarixin hökmü ədalətli amansız olur. Biz Tarixdən ( düşmənlərimizdən!) haqq etdiyimizi, bizim olanı tələb edirik. Yoxsa Sözümüzün gücü ilə Silahımızın qüdrəti bizi bir millət olaraq birləşdirəcək: "Bəsdi fəraq odlarından kül ələndi başımıza" (M.Şəhriyar). Bizi hədələyən, hiylə toru quran düşmənlərimiz unutmasın ki, bizim arxamızda dünyada 40 adla yaşayan türk milləti dayanır. O birləşsə, dünyanın mənzərəsi tamamən dəyişəcək. "Bütün dünya türkləri, birləşin!" - bizim şüarımız bu, getdiyimiz ünvan Turandır.

Babalarımızın Altayda, Sibirdə qalan torpaqları bizi - Türk intibahının müsafirlərini gözləyir. Biz kiçik Vətənimizi - Şimali Azərbaycanı murdar erməni işğalından azad etdik.

Ancaq böyük Vətənimiz Turan bizi həsrətlə gözləyir. Hələ ötən yüzilliyin önlərində - 1911-ci ildə böyük türkçü - turançı Ziya Göyalp yazardı.

 

Vətən Türkiyədir türklərə, Türküstan,

Vətən böyük mübbəd bir ölkədir: Turan!

 

Turan mücərrəd bir anlayış, ərazi deyil. Dədə Qorquddu, "Manas"dı, Nizami, İbn Sinadı, əl Birunidi, Fərabidi, Nəsimidi, Nəvaidi, Füzulidi - 44 gündə 30 illik işğala can qoyan şəhidlər, qazilərdi. Türkün tarixi gözümüzün qarşısında yenidən yaranır. Turan şəhid qanı ilə suvarılmış torpaqdır. Biz can əkib, qan töküb Azadlıq bitiririk.

Vətənimiz tarixin taleyin əli ilə paralanıb-yaralanıb, yaralarından qan sızır. Biz qəhrəman Azərbaycan oğulları müdrik liderin arxasınca gedərək tarixin taleyin yanlış amansız hökmünü dəyişməliyik. Tarixi şansı itirmək olmaz. Bütün bu duyğular sənin şəninədir, qəhrəman Təbrizim! Qalx ayağa, zalıma həddini göstər, mərd oğulların tarixə meydan oxuyur. Bəsdi, İran adlanan məmləkətdə, farsın hökmünə boyun əymə.

Türkün qollarını bağlayan istibdad zəncirləri bu gün Təbrizdə param-parça olmalıdır. Yoxsa Səttar xanın, ulu Şəhriyarın nigaran ruhları bizi bağışlamaz.

Azərbaycanı ata malı kimi ikiyə bölüb rahat yaşayanlar bu gün çalxalanır, tarix bu imperiyaların yaxasından tutub silkələyir, ədalət tələb edir.

Uzun illər müqəddəs dinimizdən sui-istifadə edib irticaya, mövhumata, xurafata çevirən İran molla rejimi tarixin girdabına yuvarlanmaqdadır. Bu gün dünyanın bağları Rusiyada İranda qırılıb, onların puç ideologiyası can verməkdədir. Türkün torpaqlarını işğal edib özlərinə Vətən düzəldən bu dövlətlərə tarix öz amansız hökmünü verib, geriyə, istismara, istibdada yol yoxdur. Tarixin təkərini döndərmək olmaz, Təbrizim!

 

Nizaməddin ŞƏMSİZADƏ

 

Ədəbiyyat qəzeti.- 2023.- 14 yanvar.- S.14.