Gözləməkliyin fenomenologiyası
"Salam...
...Bu gün ayın üçüdür, dünən
ikisi idi, sabah ayın
dördü olacaq...
...Günəşin bundan xəbəri yoxdu - çünki onunçün
nə il
var, nə ay var, nə də
həftənin günləri.
O "dayanıb" yerində,
özüyçün fırlanır
və bizi də fırladır başına - həm bizə həyat verir, həm də azadlığımızı
alır əlimizdən
- buraxmır kənara
özündən...
Amma biz hər
gün onun yolunu gözləyirik. Güya o, harasa
gedib. Gözləyirik
ki, ...Günəş yenə
də çıxacaq,
yenə də dan yeri söküləcək,
O, yenə də yavaş-yavaş qalxacaq zirvəsinə və yenə də yavaş-yavaş başlayacaq
enməyə... Günəş batacaq - gecə olacaq. Ay gələcək
bizi yatırmağa, Günəş gedəcək
yatanları oyatmağa...".
Bu sitat mənim
1998-ci ildə yazdığım
bir məqalədəndi. Bəli,
bizə həm həyat verən, həm azadlığımızı
əlimizdən alan, amma yenə də yolunu gözlədiyimiz Günəş, həm də saatın atasıdı. Saatın anası isə
misirlilərdi. Məhz misirlilər
yerə bir çubuq basdırmaqla günəşin işığını
kölgəyə çevirib
və saat əqrəbini yaradıblar.
Bununla da Günəşin özünü,
onun işığını
ram edə bilməyən
insan, onun kölgəsini əsir götürərək, saatı
yaradıb, Əlahəzrət
Zamanı çevrəyə
salaraq, onu saniyələrə, dəqiqələrə,
saatlara, sonra da günlərə, aylara, illərə bölüb, zamanın sonsuzluğunu hissələrə
ayırıb. Niyə? Çünki insan gözləyə-gözləyə
yaşayır, və gözlənilən zaman sonsuz olanda bitmir.
Sən nəyi nə qədər gözləyəcəyini
bilmirsən. Nəyin nə
vaxt başlayacağını
bilmirsən.
Lev Qumilyov yazırdı
ki, "Biosferin bütün prosesləri fasiləlidir (diskretdir); fasiləsiz inkişafda nə ölümə, nə də doğuma yer yoxdur". Saat isə həm
də qapanmış dairə deməkdir. Saatın əqrəbi fırlana-fırlana
bir dairə cızır. O başlayır
və bitir. Bu mənada, Sizifi
mifoloji düşüncədə
saatın, daha doğrusu, saat əqrəbinin ekvivalenti, onun bədii obrazı adlandıra bilərik. Sizif də saat əqrəbi kimi və ya əksinə,
saat əqrəbi də Sizif kimi
eyni işi görür - daim qalxır və enir, enir və
qalxır. Sizif dəyirmi
qaya parçasını
diyirlədə-diyirlədə dağa qaldırır və o dəyirmi qaya parçası diyirlənə-diyirlənə yenidən
öz başlanğıc
nöqtəsinə qayıdır.
Saat əqrəbi də öz oxu ətrafında
fırlanır və başlanğıc nöqtəsinə
qayıdır.
Həyat isə davam edir, çünki biz gözləyirik. Kimi isə gözləyirik,
nəyi isə gözləyirik. Doqquz ay ana bətnində
bu dünyaya gəlişimizi gözləyirik,
daha sonra "o dünyaya" gedişimizi
gözləyirik. Gündüzü gözləyirik, gecəni
gözləyirik, qışı
gözləyirik, yayı
gözləyirik. Hətta
"Qurani-Kərim"in əsas
kəlamlarından olan
Səbr sözü də bizə gözləmək işarəsini
verir və biz səbr edirik, gözləyirik.
Fespiddən başlayaraq xordan aralanıb ilk aktyora çevrilən və dünyəvi teatrın binasını qoyan şəxsə yunanlar
"hipokrit", bizim
dildə "cavabçı"
deyirdilər. Cavabçının varlığı isə sual verənin
mövcudluğunu şərtləndirir.
Burada həmin sualçı bizik, çünki cavabçının
- Xızır peyğəmbərin,
hansısa ağ
atlı oğlanın,
Simurq quşunun, Qodonun varlığına inanırıq və suallarımıza cavab almaq üçün onları gözləyirik.
Samuel Bekketin "Qodonu
gözlərkən" əsəri
də elə bundan danışır. Amma Bekket
Qodonu tənhalığın
antonimi, daha doğrusu, antitezisi kimi təqdim edir. Bekketin qəhrəmanlarını birləşdirən onların
tənhalıqdan qurtulmaq
istəyidir. Əbəs
deyil ki, "Estraqon: - Sən nə üçün heç zaman mənə yatmağa imkan vermirsən?, - soruşanda, Vladimir: - Mən
onda özümü elə tənha hiss edirəm ki...", - deyir. Lakin onlar da insanlar həyatdan nə istədiklərini bilmədikləri kimi, Qodonu nə üçün gözlədiklərini,
ondan nə istəyəcəklərini bilmirlər.
"Vladimir: - Maraqlıdır, görəsən, o (Qodo-V.Q.)
bizə nə təklif edəcək?"
soruşursa, Estraqon: -
"Ümumiyyətlə, biz ondan nə istəyəcəyik?", - sualını verir. Onlar sadəcə olaraq,
Qodonu gözləmək
üçün yaranıblar.
Qodonu gözləmək onların
həyat tərzidir.
Bunu "Göndərilən
adam"ın gəlişi səhnəsi
də təsdiqləyir.
Həmin səhnədə
"Göndərilən adam"ın: - "Mən
müsyö Qodoya sizdən nə çatdırım?" - sualına Vladimir hər
dəfə yalnız:
"Müsyö Qodoya
çatdır ki, sən bizi gördün",
- (yəni biz onu gözləyirik) deməsi
də bu səbəbdəndi. Vladimirlə
Estraqon bir neçə dəfə özlərini asmaq istəsələr belə
bunu etmirlər: "Qodonu gözləmək lazımdır" axı...
Finala doğru
əsərdə obrazlar
mahiyyətcə bir-birlərinə
yaxınlaşırlar. Vaxtı ilə
görmək qabiliyyəti
olan Potsso və yaxşı düşünmək qabiliyyətinə
malik Lakki sonda bu keyfiyyətlərini
itirirlər. Səhnəyə ilk gəlişində Potsso boynuna kəndir bağladığı nökəri
Lakkini istədiyi yerə dartır. Sonuncu gəlişində isə
əksinədir - kəndir
Lakkinin əlindədir.
Çünki Potssonun gözləri
tutulub - o, daha görmür, yəni artıq həqiqəti yalandan ayıra bilmir. Onun yaddaşı da
pozulub - heç nəyi xatırlamır, yəni kökündən,
keçmişindən qırılıb.
Bu azmış kimi, saatını da itirib. Deməli, artıq Potsso üçün də zaman və məkan
anlayışı yoxdu,
o da mücərrəd
dünyanın sakinidi,
onun da yeri
gec-tez o qurumuş ağacın, Qodonu gözləyənlərin yanıdı.
Axı
"bu dərdi çəkmək bir adamın işi deyil". Bunu əsərdə Vladimir deyir. Elə mən də
belə fikirləşirəm.
Bu gün ayın 22-dir, dünən 21-i idi, sabah ayın
23-ü olacaq...
Günəşin bundan xəbəri
yoxdu...
Və mən Günəşin kölgəsində Qodonu gözləyirəm...
Vidadi QAFAROV
Ədəbiyyat qəzeti.- 2023.- 14 yanvar.- S.15.