Varlam Tixonoviç Şalamov
(1907-1982)
Görkəmli rus nasiri və
şairidir. Siyasi
baxışlarına görə iki dəfə, 1929-32-ci və
1937-53-cü illərdə islah-əmək düşərgələrində
cəza çəkmişdir. Ona məşhurluq
qazandıran başlıca əsəri də elə 1930-50-ci
illərdə həmin cəza müəssisələrində
dustaqların çəkdiyi məşəqqətlərdən
bəhs edən "Kolıma hekayələri"dir.
Oxuculara təqdim olunan və
1956-cı ildə qələmə alınan bu hekayə də
adıçəkilən silsilədəndir.
Qatılaşdırılmış
süd
hekayə
Aclığın təsirindən, digər hisslərimiz
kimi, həsəd hissimiz də kütləşib, heydən
düşmüşdü. Hisslərə sərf olunacaq bir
gücümüz də qalmamışdı ki, gedib daha
yüngül bir iş axtaraq, bir gəzib-soraqlaşaq, yalvaraq,
ya da üz vuraq... Həm də biz sadəcə öz
tanışlarımıza həsəd bəsləyə
bilirdik - o kəslərə ki, onlarla bərabər bu
"dünyaya" qədəm qoymuşduq, o kəslərə
ki, kontorda, xəstəxanada və ya tövlədə özlərinə
başgirləyəsi bir iş tapa bilmişdilər -
buradakı bütün giriş darvazalarının
üstündəki frontonlarda (girintili və adətən
üçkünc bölümlərdə - A.Y.)
yazıldığı kimi, əsl şücaət və qəhrəmanlıq
işi sayılan ağır fiziki əməyə, həm də
saatlarla qatlaşmaq onlardan tələb olunmurdu artıq. Uzun sözün qısası, aramızdakılardan
biz sadəcə Şestakova həsəd bəsləyirdik.
Böyrümüzü
səssiz-səmirsiz
kəsdirən ölümdən və laqeydlikdən
bizləri ancaq nə isə kənar bir qüvvə ala,
ayıra bilərdi: məhz daxili qüvvə yox, bəli, bəli,
kənar bir qüvvə, çünki başdan-ayağa
külə döndüyü üçün içimiz
bomboş idi, artıq heçcə nəyə maraq
duymadığımızdan sabahkı günlə
bağlı hər hansı plan-zad da qurmurduq.
Elə
indi də könlümdən baraka
yollanmaq, taxtın üstündə uzanmaq keçirdi, amma mən,
nədənsə, ərzaq dükanının qapısı
ağzındaca qaxılıb durmuşdum. Sadəcə
məişət cinayətləri törətdiyi
üçün dəfələrlə həbsə
atılanların və "avam xalqın dostu" sayılan
xırda oğruların bu mağazadan alış-veriş etməyə
imkanı yetirdi. Əlimizdən heç nə
gəlməsə də, rəflərdəki o şokolad rəngli
kömbə çörəklərdən gözlərimizi
heç cür ayıra bilmirdik, çünki həmin təzə
çörəklərin xoş və güclü rayihələri
burnumuzun pərələrini durmadan qıdıqlayırdı
- o rayihədən hərdənbir hələ
başımız da hərlənirdi. Mən də indi
qaxılıb bu kömbələrə baxır, baraka üz tutmaq üçün canıma bir
az təpərin gələcəyi hansısa anı gözləyirdim.
O dəm
Şestakov qəfil məni səslədi. Bu hərifi
mən hələ Böyük torpaqdan, Butır türməsindən
tanıyırdım - onunla eyni kamerada yatmışdım.
Qızıl mədənində ikən
Şestakov qazma işlərinə cəlb
olunmamışdı. İxtisasca mühəndis-geoloq
olduğundan, deyəsən, ona geoloji-kəşfiyyat
axtarışları aparan kontorda iş
tapılmışdı. Bəxt üzünə
güldüyü üçün o da öz moskvalı
tanış-tunuşuyla artıq candərdi
salamlaşırdı. Biz də bundan əsla
incimirdik - sırf bizə görə o hərifin başı
niyə cəncələ düşməliydi axı?! Hərənin köynəyi özünə daha
yaxındır... və sair və ilaxır.
Əlindəki
bir çimdik tənbəkini qəzet parçasına
büküb, mənə uzadan Şestakov: "Çəksənə"
- dedi və bükməni kibritlə, həm də həqiqi
kibritlə yandırdı. Bir qullab aldım.
Şestakov
dilləndi:
- Səninlə
bir məsələ barədə danışmaq istəyirdim.
- Mənimlə?
- Hə.
Biz barakların arxa tərəfinə keçib, köhnə
qazmanın bir kənarında oturduq. Ayaqlarım daş qədər
ağırlaşmışdı. Şestakov isə
dövlətdən aldığı təzə çəkmələr
geydiyi ayaqlarını qayğısız bir tərzdə irəli-geri
yellədirdi: onlardan balıq yağı iyinə bənzər
xəfif bir qoxu yayılırdı ətrafa. Şalvar
balaqlarının altından isə şahmat
naxışlı corabları görünməkdəydi.
Şestakovun ayaqlarını dərin
heyranlıqla, hətta haradasa fəxrlə süzürdüm
mən - kameramızın ən azı bir sakininin canı hər
gün dolaq sarımaqdan qurtulub deyə.
Ayaqlarımızın altındakı torpaq isə boğuq
partlayışlar ucbatından fasiləsiz şəkildə
titrəyirdi: görünür, yerin altında gecə növbəsindəkilər
daşısın deyə, daha bir torpaq yığını
hazırlanırdı. Ayaqlarımızın
böyür-başına xışıltıyla
dığırlanan narın və bozumtul daşlar xırda
quşları xatırladırdı mənə.
Şestakov
təklif elədi:
- Gəl,
buradan bir az aralanaq.
- Qorxma, o
titrəyişlərdən adam
ölmür. Heç corablarına da onlardan bir
xətər toxunmaz.
- Məsələ
corablarımla bağlı deyil, - deyən Şestakov
barmağıyla üfüq xəttini nişan
verdi: - Bax, bütün bunlar barədə sən nə
düşünürsən?
- Yəqin,
hamımız ölüb-gedəcəyik də, - dedim. Halbuki
o ara mən hər şeydən az məhz
o barədə düşünməyə
çalışırdım.
- Yo-ox,
şəxsən mən hələlik ölməyə
hazırlaşmıram.
- Niyə?
Şestakov
bezgin bir halda dilləndi:
- Əlimə bir xəritə keçib. Bir neçə fəhləni
və səni özümlə götürüb, buradan on beş kilometr aralıdakı Qara bulaqlar məntəqəsinə
getmək niyyətindəyəm. Bunun
üçün xüsusi icazə vərəqəsi də
alacağam. Birlikdə dənizə gedərik.
Buna nə deyirsən?
Öz planını o mənə yaxşıca əzbərlənmiş
bir yanıltmac kimi hüdüləmişdi.
- Bəs
dənizdə nə edəcəyik ey biz? Yoxsa
çimməyə gedəcəyik?
-
Heç fərq eləməz. Əsas olan - nəyəsə
başlamaqdır. Şəxsən mən
daha belə yaşaya bilmərəm. "Ayaq
üstə ölmək - kiminsə qarşısında diz
çöküb yaşamaqdan üstündür". -
Bu sonuncu cümləni Şestakov xüsusi təmtəraqla
dedi. - Kim deyib bunu?
Doğrusu,
mənə də tanış gəlmişdi
bu kəlam. Ancaq onun kim tərəfindən
və harada deyildiyini yada salmağa canımda taqət yox idi. Kitablardan öyrəndiklərim çoxdan unudulub
getmişdi. Çünki onlara heç kəs
inanmırdı artıq. Mən
şalvarımı çırmalayıb, sinqanın (bədəndəki
vitamin azlığı ucbatından meydana çıxan xəstəliyin
- A.Y.) səbəb olduğu qıpqırmızı
yaraları həmsöhbətimə göstərdim.
Şestakov
dedi:
- Bax,
bunları da o meşələrdəki giləmeyvə və
vitaminlər sayəsində sağalda biləcəksən.
Özüm sizə bələdçilik edəcəyəm: həm
yolu tanıyıram, həm də xəritəm var...
Gözlərimi qapayıb, fikrə daldım. Buradan dənizə aparan
üç yol var idi və hər birinin uzunluğu ən
azı beş kilometr olardı. O məsafəni
isə nəinki mən, heç Şestakov da qət eləyə
bilməzdi. Yoxsa məni özüylə bir azuqə
payı kimi götürməyi planlayırdı bu hərif?!
Əlbəttə ki, yox. Bəs
onda niyə hapa-gopa basırdı belə?! Bu söhbətin
ağ yalan olduğunu özü məndən
daha yaxşı bilirdi axı. Qəfildən mən
Şestakovdan şübhələndim - çünki o, bizim
aramızda öz ixtisasına uyğun işə düzələn
yeganə adam idi. Bəs onu həmin işə,
görəsən, kim və nəyin
qarşılığında götürmüşdü? Axı hər şeyə görə mütləq
bir qarşılıq, təmənna güdülür.
Bir başqasının qanı, bir başqasının
canı şəklində, məsələn...
Gözüyumulu
halda dedim:
-
Razıyam. Ancaq bundan ötrü əvvəlcə
mən qarnımı yaxşıca doyurmalıyam.
- Bax, bu
oldu başqa söhbət. Çox yaxşı.
Qarnını sən mütləq doyuracaqsan.
Mən sənə... konserv gətirərəm.
Axı bizə izn var.
Bu
dünyada cürbəcür konserv çeşidləri var: ət,
balıq, meyvə və tərəvəz konservləri... Ancaq bunların hamısından ləzzətlisi -
süd, həm də qatılaşdırılmış
süd konservidir. Həm də onu
qaynanmış su ilə qarışdırmağa bir elə
hacət qalmır. Onu elə qaşıqla da, yaxmac şəklində
də yemək, ya da birbaşa bankadan, kiçik damlalarla, yəni
tələsmədən içmək də olur: belədə
sən o parlaq qatı mayenin bir anda necə
saraldığını, şəkər zərrəciklərinin
bankanın divarlarında necə çöküb
qaldığını da görə bilirsən hələ...
Xoşbəxtlikdən
nəfəsim daraldı və mən:
- Onda
sabaha öz süd konservimi gözləyirəm, - dedim.
-
Yaxşı, yaxşı. Qoy süd konservi
olsun, - deyən Şestakov məndən ayrıldı.
Baraka qayıdıb yerimə uzandım, gözlərimi də
yumdum. Fikrə getmək asan məsələ deyildi.
Bu, nə isə fiziki bir proses idi - psixikamızın maddı
mahiyyəti tam aşkarlığıyla, özünün
bütün hissi çalarlarıyla özünü mənə
büruzə verməkdə idi. Bu barədə
düşünmək adama əsl ağrı bəxş edir.
Amma düşünməyə də məcbursan.
Yəqin, o bizi qaçmağa təhrik edib,
sonra isə ələ verəcəkdi - buna zərrəcə
şübhə bəsləmirdim. Bizim
qanımız və canımız onun kontorda
tapdığı o işin güdazına gedəsiydi.
Bizi ya elə oradaca, Qara bulaqlarda gəbərdəcəkdilər,
ya da sağ-salamat geri qaytarıb, əlavə iş kəsəcəkdilər
- cəzamız on beş il də
artacaqdı. Buradan
qaçıb-qurtulmağın mümkünsüzlüyü
axı onun özünə də gün kimi bəlli idi.
Halbuki o süddən, o qatılaşdırılmış
süddən imtina eləmək...
Yuxuya getdim, acqarına və qarmaqarışıq şəkildə
gördüyüm röyada Şestakovun gətirəcəyi
qatılaşdırılmış və
mavi-göyümtül etiketli süd zühur elədi - amma o,
görünməmiş ölçülərə malik idi. İriölçülü
və gecə səması qədər göyümtül rəngli
o bankada, nədənsə, minlərlə dəlik
açılmışdı və onlardan sızan qatı
süd səmadakı Süd yoluna bənzəyən gen bir
şırımla axıb gedirdi. Əllərim
göy üzünə asanlıqla çatırdı deyə,
mən o qatı, şipşirin və üstündə
ulduzlar sayrışan süddən dada bilirdim.
Həmin
gün nə iş gördüyümü, nə ilə
baş qatdığımı indi dəqiq xatırlamıram.
Elə hey günəşin qərbə tərəf əyilməsini,
iş gününün bitdiyini biz insanlardan daha dəqiq təyin
edən atların kişnərtisini dərin bir intizarla
gözləyirdim.
Xırıltılı
siqnal səsini qulaqlarım alan kimi mən
Şestakovun qaldığı baraka yollandım. O, artırmada
durub yolumu gözləyirdi. Sırıqlısının
cibləri isə bir xeyli qabarmışdı.
Biz barakdakı üstü tərtəmiz silinmiş
masanın arxasında əyləşəndə Şestakov
cibindən bir cüt qatılaşdırılmış
süd bankası çıxartdı. Baltamın bir ucuyla mən
bankanın birində dəlik açdım. O ara bəmbəyaz, qatı maye bankanın
qapağına və əlimin üstünə
sıçradı.
Şestakov
dilləndi:
-
Havası çıxsın deyə, gərək ikinci dəliyi
də açaydın.
- Eyb etməz,
- deyə mən bəyaz mayeyə bulaşan kirli
barmaqlarımı yalamağa başladım.
Şestakov
başımıza yığılan fəhlələrə tərəf
dönərək səsləndi:
-
Qaşıq verin bizə.
Bircə anda masamın üzərində tərtəmiz,
göz qamaşdıran on qaşıq peyda oldu. Hamı
dayanıb, mənim bu təamı necə yediyimə tamaşa
eləyirdi. Onlar bunu bir nəzakətsizlik də
saymırdılar və ya özlərinə ünvanlanacaq bir
təklifə, hətta gizlicə də olsa, ümid bəsləmirdilər. Çünki bənzər hala buralarda rast gəlməzdin
- onların özgənin ərzaq payına bəslədiyi
marağın ardında hər hansı nəfs, istək dayanmırdı.
Yoxsa elə mən də bilirdim ki,
başqasının ağzında əriyib yox olan loxmaları
saymaq ədəb-ərkana ziddir. Yerimi
rahatladım və qatı südün elə yavanca,
ara-sıra üstündən soyuq su içməklə,
axırına çıxdım. Hər
iki bankanın dalından dəydim, getdi. Tamaşa
artıq bitdiyi üçün həndəvərimə
yığılanlar da əlüstü
dağılışdılar. Şestakov hələ
də canıyananlıqla məni süzürdü.
Qaşığımı işıldayana qədər
yaladıqdan sonra ona dedim:
- Bilirsən
nə var? Mən o fikrimdən
daşındım. Siz ora mənsiz gedin.
Şestakov məsələni anladı və daha bircə
kəlmə də kəsmədən durub getdi.
Əlbəttə ki, bütün qalan hisslərim kimi, mənim
bu intiqamım da sönük bir şey idi. Amma əlimdən
başqa nə gələrdi axı?! Başqalarını
məsələdən agah eləyə bilməzdim,
çünki onların kimliyindən xəbərsiz idim.
Halbuki onları agah eləməm vacib sayılırdı,
çünki Şestakov artıq beş nəfəri
razı salmağa imkan tapmışdı.
Onlar bir həftə sonra həmin qaçışı
gerçəkləşdirməyi bacardılar, ikisi Qara
bulaqların yaxınlığında güllələndi,
qalan üçünə isə bir ay sonra əlavə cəza
kəsildi. Şestakovun özüylə bağlı məsələ
isə araşdırılmağa göndərildi. Bir müddət sonra onu başqa yerə
köçürdülər, altı ay sonra isə mən
onunla başqa bir qızıl mədənində
rastlaşdım. Fərariliyinə görə onun cəzası
artırılmamışdı, yəni bəxtindən
müdiriyyət ona verdiyi sözü tutmuşdu, halbuki vəziyyət
tamamilə başqa cür də ola bilərdi.
O, yenə
də geoloji axtarış işində idi, tərtəmiz təraş
olmuşdu, tox görünürdü, ayaqlarındakı
dama-dama naxışlı corablarına da hər hansı
zaval-zad toxunmamışdı. Mənimlə salamlaşmağa
isə o, heç bir gərək duymadı, amma əbəs
yerə: guya o iki banka
qatılaşdırılmış süd belə
böyük mətah idi ki?!
Varlam Şalamov
Dilimizə çevirdi: Azad Yaşar
Ədəbiyyat qəzeti.- 2023.- 14 yanvar.- S.17.