Xorxe Fransisko İsidoro Luis Borxes Asevedo (1899-1986) - B.Suares Linç və H.Bustos Domek ədəbi imzaları ilə də çap olunan argentinalı nasir, şair, çevirmən, esseçi və kitabxanaçıdır. İspandilli Latın Amerikası poeziyasında avanqard cərəyanın banisi sayılır.

Oxuculara təqdim edilən mətn X.L.Borxesin "Səsli düşüncələr" adlı esselər silsiləsindəndir. Esselərə bu adın verilməsinin əsas səbəbi isə onları universitet auditoriyalarında mühazirələr şəklində oxuyan yazarın gözlərinin onillər öncə tutulmasıdır.

 

Detektiv

 

Esse

 

Van Vik Bruksun "Yeni İngiltərənin çiçəkləməsi" adlı bir kitabı var. Onun bəhs etdiyi ağlasığmaz faktın izahını isə yalnız astronomiya elmi verə bilər: kitabda XIX yüzilin ilk yarısında Birləşmiş Ştatların kiçicik bir bölgəsinin adını dillərdə dastana çevirən parlaq istedad sahiblərindən söz açılır. Əski İngiltərədən bir xeyli cəhəti əxz edən bu Yeni İngiltərəyə mən özümün də rəğbət bəslədiyimi sizlərdən gizlətməyəcəyəm. O istedadların sadalanacağı uzun siyahını tutmaq elə də çətin iş sayılmaz: oraya Emili Dikinsonun, Herman Melvillin, Toronun, Emersonun, Uilyam Cemsin və ən nəhayət, (Bostonda, yanılmıramsa, 1809-cu ildə doğulan) Edqar Allan Ponun adları mütləq düşəcəkdir. Sizə də bəllidir ki, mənim göstərdiyim tarixlərə çox da güvənmək olmaz. Detektivdən söz salmaq - ilk növbədə bu janrın yaradıcısı sayılan Edqar Allan Podan danışmaqdır, ancaq yenə də kiçicik bir məsələyə bu söhbətimin başlanğıcında aydınlıq gətirməkdə fayda var: ümumiyyətlə, "ədəbi janrlar" qavramı mövcuddurmu?

Xatirinizdədirsə, Kroçe mənim də misilsiz hesab etdiyim "Estetika"sında yazırdı: "Hansısa kitabı roman, alleqoriya və ya estetika barədə traktat adlandırmaq - ona sırf sarı rəngli qapağına və ya şkafın soldan üçüncü rəfində durmasına görə dəyər biçməyə bənzəyir".

Başqa sözlə desəm, belədə o əsərin məğzi onun daşıdığı dəyərə gözgörəsi qurban gətirilir. Bu fikrə qarşı etiraz eləmək də mümkündür: əgər sadəcə fərdlər real həyatda mövcuddursa, onda onlar barədə yürüdülən istənilən mühakimə də müəyyən mənada bir ümumiləşdirmədir. Mənim bu indi açıqladığım fikir də elə eyni qəbildəndir - ümumiləşdirməyə əsaslandığı üçün o da qanunazidd sayılmalıdır.

Düşünmək - bütün bildiklərini ortaq məxrəcə gətirməkdir. Bir şeyi təsdiqləməyə çalışarkən, biz Platonun bu arxetiplər çərçivəsindən əsla kənara çıxa bilmirik. Bəs onda ədəbi janrların varlığını axı niyə danmalıyıq?!

Bu yerdə öz tərəfimdən bir xüsusu da vurğulayım: adına "janr" dediyimiz şey əslində mətnin özündən daha çox, onun oxunuş tərziylə bağlı bir qavramdır. Estetik həzz üçün mətn mütləq oxucuya təqdim olunmalıdır, çünki o, məhz bunun hesabına meydana çıxır. Gəlin, məntiqsizliyə varmayaq: kitab - hə, sadəcə kitab - oxucu ilə təmas qura biləndə, həyat qazanır.

Elə estetik həzz də məhz bu halda dövrəyə girir və bu sayədə kitab bir növ təzədən dünyaya gəlir.

Çağdaş oxucular arasında "detektivsevər" adlanan tiplər var. Bu oxucu tipini yaradan isə Edqar Allan Podur və indi belələri bütün dünyanı bürüdüyündən sayları milyonları aşır. Gəlin, riskə gedərək, təsəvvürümüzə gətirək ki, bu oxucu tipi qeybə çəkilib. Ya da daha maraqlı olsun deyə, onun zahirən bizlərə zərrəcə bənzəmədiyini düşünək. Bu cür oxucu milliyyətcə fars və ya malay, hansısa kənd sakini, ağlı kəsməyən bir uşaq, ya da "Don Kixot"un məhz detektiv roman olduğu fikrinin aşılandığı qəribə bir tip də ola bilər.

Tutalım, bu uydurduğumuz personaj yalnız və yalnız detektiv əsərlər oxuyub və ən axırda "Don Kixot"u oxumağa girişib. Bəs onun girişdiyi bu mətn nədir belə? "Lamançdakı  hansısa (adını yadıma salmağa da ərinirəm) bir kənddə bu yaxın vaxtlara qədər bir idalqo yaşayırdı...". Elə ilk dəqiqədən həmin oxucu bu mətndəki heç bir sözə inanmaz, çünki detektiv əsər oxucusu - hər şeyə aşkar şəkk-şübhə ilə yanaşan biridir, o, mətni ehtiyatla, hətta böyük ehtiyatla oxuyur.

Əslinə qalanda, "Lamançdakı hansısa kənddə" ifadəsini oxuyan kimi bu oxucu hadisələrin ümumiyyətlə Lamançda cərəyan etmədiyi qənaətinə gələr. Davam edək: "adını yadıma salmağa da ərinirəm...". Axı Servantes niyə bunu xatırlamağa ərinir ki?! Anlaşıldı, çünki o, bir qatildir və bir günah işləyib. Ən nəhayət: "bu yaxın vaxtlara qədər...". Keçmiş, hər necə olsa, gələcək qədər bizlərə qorxu vəd eləməz yəqin.

Bəli, detektiv janr oxucuların fərqli bir növünə həyat bəxş edibdir. Edqar Ponun yaradıcılığını müzakirə edərkən, adətən bu xüsus unudulur. Halbuki detektiv janrın banisi məhz Podursa, deməli, detektiv əsər oxucularına da məhz o, həyat verib. Detektiv janrdan baş çıxartmaqdan ötrü Ponun keçdiyi həyat yolunun nisbətən ümumiləşmiş konteksti diqqətə alınmalıdır. Məncə, Po özünün bütün yaradıcılığı boyu, onun yaddaşımıza həkk olunan əsərləri ilə və yazdığı hər səhifə ilə özünün misilsiz romantik şair olduğuna bəslənən şübhələri daha da artırıb. Şeirlərinə nisbətən öz nəsrində o, xeyli güclüdür. Bəs şair olaraq Ponun əsas əhəmiyyəti nədədir?

Onu "the jingleman" (ingiliscə: zəngçalan, ahəngdarlıq ustası - A.Y.) adlandırarkən, bəlkə də Emerson haqlı idi. Son nəticədə bir şair kimi onu uzaqbaşı Tennison ilə yanaşı qoymaq mümkündür - bir neçə unudulmaz misrası olan Po birinci dərəcəli şair sayılmaz axı. Ponun nəsri isə bambaşqadır: burada o, sayı-hesabı bilinməyən kölgələrə ömür veribdir.

Bəs nə yaradıb axı o?

Müəyyən riski də gözə alaraq, deməliyəm ki, iki nəfər olmasaydı, çağdaş ədəbiyyat öz mövcud səviyyəsinə əsla yüksələ bilməzdi. Bunların ikisi də amerikandır və XIX yüzildə yaşayıblar. Birincisi - Uolt Uitmendir: o, vətəndaş poeziyasının təməlini qoyub, Pablo Nerudanın və daha hansısa, müsbətə-mənfiyə yozulacaq bir sıra şeyin meydana çıxmasına səbəb olub.

Digəri isə Edqar Allan Podur: o, Bodler simvolizminin təşəkkülünə təkan verib və özünü Ponun şagirdi sayan bu şair gecələr uzunu onun ruhuna dualar oxuyub. Biz Poda bir-birindən zahirən fərqlənən, əslində isə məğzləri etibarilə yaxın sayılan iki olayın rüşeym halını görürük. Bunlardan biri - ədəbiyyatın məhz əqli, intellektual qaynaqlarının dərki, etirafıdır. Bir digəri isə - onun yaratdığı detektiv janrıdır. Bunlardan birincisi, yəni ədəbi yaradıcılığın ruhdan yox, zəkadan qaynaqlanması hökmü, məncə, daha önəmlidir. Aralarında Stivensonun, Dikkensin, Ponun həqiqi mirasçısı sayılan Çestertonun da olduğu bir sıra yazarın məhz bu janrda yazmağa həvəsləndirilməsi isə nisbətən cüzi əhəmiyyətə malikdir. Ədəbiyyatın bu altnövünü biz ikinci dərəcəli bir şey saya bilərik, çünki hazırda bu janr həqiqətən də özünü tükədib, fantastika janrı onu ya ötüb-keçib, ya da sıxışdırmaqla sıradan çıxarıb, yeri gəlmişkən, elə fantastikanın ehtimal olunan banilərini araşdırarkən biz yenə də Edqar Po ilə qarşı-qarşıya gəlirik.

Ancaq, gəlin, o ilkin ideyaya qayıdaq: demişdik ki, poeziya - düşüncənin məhsuludur. Bu qənaət indiyədək bərqərar olan və poeziyanı ruhun şəhdi-şirəsi kimi təqdim edən ənənəvi mövqelərə ziddir. Belə durumda sarsıdıcı bir məqamı xatırlamamız yerinə düşərdi: axı "Bibliya"nın özü də müxtəlif dövrlərdə yaşamış fərqli müəlliflərin qələmə aldığı, mövzu baxımından bir-birilə tam uzlaşmayan mətnlər toplusudur və onları yaxınlaşdıran bircə xüsus varsa, o da həmin mətnlərin gözəgörünməz varlığa - Müqəddəs Ruha aid edilməsidir.

Müqəddəs Ruhun hələ də hansısa tanrıça və ya hüdudsuz bir zəka olduğu düşünülməkdədir: fərqli əyyamlarda ən müxtəlif məmləkətlərdə Onun ayrı-ayrı mirzələrə hələ cürbəcür mətnlər diktə elədiyi də təxmin olunur. Bunların arasında isə, məsələn, İovun kitabına bənzər metafizik dialoqa da rast gəlinir, "Xanədanlıq" kitabları kimi tarixi hekayətlərə də, "Nəticə" kimi teoqoniya və ya peyğəmbərlərin müjdə dolu mətnlərinə də. Sadalanan mətnlər bir-birinə əsla bənzəməsələr də, biz onları hələ də eyni müəllif tərəfindən yazılıbmış kimi oxuyuruq.

Əgər sırf panteist düşüncə tərəfdarı olsaydıq, biz öz fərdi cəhətlərimizi yəqin (indiki qədər) şişirtməz, özümüzü əbədi tanrının fərqli əzaları kimi qavrayardıq. Ancaq mövcud şəraitdə belə çıxır ki, bütün kitabları yazan-yaradan da, onların hamısını ucdantutma oxuyan da elə Müqəddəs Ruhun özüdür, çünki bu və ya digər şəkildə o, hər birimizi bəlli hədəflərə yönəltməklə məşğuldur.

Ancaq, gəlin, mövzumuza qayıdaq. Məlum olduğu kimi, Po həsəd duyulmayacaq bir ömür sürüb. Qırx yaşında ikən, həm spirtli içkilərin, həm ruh düşkünlüyünün, həm də nevrozun əsiri olaraq ölüb, gedib. Onun xəstəliklərinin təfərrüatlarına varmağı mən mənasız bir iş saydığımdan, onun öz yaşam tərzindən heç razı olmadığını vurğulamaqla kifayətlənirəm. Taleyin bu gərdişindən yaxa qurtarmaqdan ötrü o, öz əqli qabiliyyətlərindən nəinki gen-bol yararlanmağı, bəlkə hələ onları tamamən tükətməyi də özünə rəva görürmüş.

Şeirlərində yox, məhz özünün nəsrində - misal üçün, "Artur Qordon Pim..." adlı uzun hekayəsində - o, özünü görkəmli şair, hətta  romantik şeirin dühası sayır. Əsər qəhrəmanının və müəllifin adları Artur və Edqar, onların ikinci adları, şotland mənşəli Qordon və Allan və ən nəhayət, Pim və Po soyadları arasında gizli bir bənzərlik var. Əsər müəllifi zəkasını özünün digər cəhətlərindən daha üstün tutduğu kimi, onun qəhrəmanı Pim də özünü bu dünyadakı istənilən olay barədə baş yormağa və mühakimə yürütməyə qadir sanır. Po əslində elə də güclü bir şair sayılmasa da, görünməmiş dərəcədə şöhrət qazanan "Quzğun"un da müəllifidir. Sonralar, Bostonda bir çıxışı əsnasında o, niyə məhz bu mövzunu seçdiyini dinləyicilərinə açıqlayıbmış.

Əvvəlcə o, şeirdə refrenin (təkrarlanan deyimin, təkririn - A.Y.) üstün məziyyətinə, daha sonra isə ingilis dilinin fonetikasına diqqət yetiribmiş. Fərqinə varıbmış ki, ingilis dilində ən danılmaz təsir gücünə malik və yaddaşda iz buraxacaq iki səs var: bunlar - "o" ilə "r"-dir. Sonra o, bu səslərin işləndiyi "nevermore" (ingiliscə: "heç vaxt", "əsla" deməkdir - A.Y.) sözünü tapıb və bütün tapıntıları da məhz bunlardan ibarət olub. Sonra o, qarşısına başqa bir hədəf qoyub: niyə etdiyini bilməsə də, şeirdə elə fikirlər açıqlamağa başlayıb ki, bunun hər bəndinin sonunda bu "nevermore" sözünü təkrarlamağa gərək duyulsun.

Həmin mərhələdə belə qərara gəlib ki, şüurlu məxluqların nitqindən yararlanmasına hər hansı ehtiyac yoxdur və bu durumda elə danışan quş da onun dadına çatar. Əvvəlcə şair tutuquşu üzərində dayanıb, ancaq bu quş yazılacaq mətnin dəyərini azalda bilərmiş deyə, o, daha sonra quzğuna üstünlük tanıyıb. Ola bilsin, yazar həmin vaxt Çarlz Dikkensin "Barnabi Rac" romanını oxuyurmuş - axı orada da quzğundan bəhs olunur. Bu və ya digər şəkildə şeirdə "Nevermore" adlı bir quzğun peyda olub və o, aramsız şəkildə, elə hey öz adını təkrarlayırmış. Ponu sözügedən mətni yaratmağa vadar edən səbəblər də sırf bunlar olub.

Daha sonra o, fikrə dalıb: həyatdakı hansı hadisəni daha qüssəli, daha üzüntülü saymaq olar? Əlbəttə ki, gözəl bir qadının ölümünü. Bəs bu itkiyə hamıdan çox kim yas tutar? Heç şübhəsiz, onun sevgilisi. Bunun ardınca Po öz şeirini Leonor adlı sevgilisini itirən bir aşiqin dilindən yazıb: mərhumənin bu adı isə mətndə sıx təkrarlanacaq "nevermore" sözüylə gizli uyum yaratmaqdadır. Bəs bu iztirabdan yanıb-qovrulan aşiqi harada təsvir eləsin axı? Əgər quzğun qapqara rəngdədirsə, onun qaralığı hansı məkanda daha çox diqqəti çəkər? Əlbəttə ki, mərmərdən yonulan bir büstün fonunda. Bəs o büst kimi təsvir eləsin? Afina Palladanı. Onda bu heykəlcik harada qoyula bilər? Kitabxanada. Po yazır ki, o şeirdəki daxili vəhdətin təmini məhz qapalı bir məkan hesabına mümkün imiş.

Bu qənaətlə də o, Minervanın büstü üçün kitabxananı uyğun bilir və sadəcə kitabların əhatəsində, tək-tənha oturan aşiq özünün "so lovesick more" (ingiliscə: hədsiz sevdiyi - A.Y.) məşuqəsinə bu mühitdə yas tutmağa başlayır və az sonra quzğun da haradansa uçub, o məkana gəlir. Bəs bu quş nəyə lazım imiş? Adətən kitabxana - dərin sükutun hökm sürdüyü bir guşədir, mətndə isə təzada, mübhəmliyə ehtiyac duyulurmuş: məhz bu durumda fırtınalı, narahat bir gecəni təsvir eləmək ideyası şairin AĞLINA batır və quzğun da belə bir gecənin qoynunda zühur edir.

Qəhrəman onun kimliyi ilə maraqlananda quzğun elə hey "nevermore" cavabını verir. Bunu eşidincə, mazoxistcəsinə öz dərdlərinin girdabına qapılan aşiq quzğuna ardı-arası kəsilməyən suallar yağdırmağa başlayır, ondan aldığı cavab yalnız "nevermore" (heç vaxt, əsla) olsa belə, onun sualları kəsilmək bilmir. Ən nəhayət, aşiq quzğuna yalvararaq deyir ki, "öz iti dimdiyini onun qəlbindən çəkib-çıxartsın, bəlkə bu sayədə ölən məşuqənin obrazı (əksi) da həmin guşədən silinib, gedə": görünür, şeirdəki ən başlıca metafora da məhz budur. Heç şübhəsiz, buradakı quzğun - sırf yaddaşın, həm də (sırf talesizlikdən!) ölümün nə olduğunu bilməyən yaddaşın təcəssümü kimi bizə təqdim olunur və ondan yenə də eyni cavab gəlir - "nevermore".

Aşiq anlayır ki, şəffaf tərzdə yaşadığı ömrünün qalan qismini o, istənilən suala eyni cür, yəni "nevermore" deyə cavab verəcək quzğunla söhbətdə keçirməyə məhkumdur, həm də hər səfər ona verdiyi sualın cavabı zatən ona bəri başdan bəlli olacaq. Başqa sözlə desək, bu şeiri örnək gətirən Po bizi inandırmağa çalışır ki, mətn onun sırf ağlının məhsuludur, halbuki şairin gətirdiyi dəlil-sübutlara baxılarsa, bunun belə olmadığı o dəqiqə anlaşılır.

Normal ağlın-məntiqin dışına çıxan bir məxluq uydurarkən, Po quzğun əvəzinə, deyək ki, hansısa əyyaşı və ya gicbəsəri də öz hədəfi seçə bilərdi, ancaq belədə şeir tamamilə fərqli bir ovqat qazanardı, ən əsası isə, daha az izah, yorum tələb edərdi. Zənnimcə, Po insan ağlının imkanlarına valeh idi: bununla əlaqədar öz çılğın heyranlığını bu aşiqin obrazıyla, guya bizlərə tamamilə yad saydığı bir personajın köməyi ilə təqdim eləyibmiş, halbuki bənzər tiplərə biz öz dost-tanışlarımız arasında da rast gəlirik. Ancaq şair bunun mümkünlüyünü guya heç cür öz yaxınına buraxmır - sən demə, bu, dünya ədəbiyyatındakı ilk xəfiyyə, kübar təbəqədən çıxan Ogüst Düpen imiş. O, bütün sərvəti əlindən çıxan bir fransız aristokratıdır və buna görə də dostu ilə birlikdə Parisin ucqar məhəllələrindən birində məskunlaşıbdır.

Və biz detektiv ənənəsinin təməllərindən birini təşkil edən məqamla artıq üz-üzəyik: detektiv əsərin əsasında insan zəkası, onun əqli səyləri hesabına üstü açılan hansısa sirr dayanırmış. Bu işi görmək isə xüsusi istedada malik olmasıyla seçilən, əvvəlcə Düpen, sonra Şerlok Holms, daha sonralar isə rahib Braun və onlarla başqa məşhur ad-soyad sahibinə qismət olacaqmış.

Bunların ilki, yəni arxetipi isə dostuyla birgə kirayə ev tutan və bütün bu olub-bitənləri bizə nağıl edən zadəgan Şarl Ogüst Düpendir. Bu variantın özü də sonradan bir ənənəyə çevrildi və Ponun vəfatından uzun illər sonra irland yazıçısı Artur Konan Doyl tərəfindən inkişaf etdirildi. Müəyyən mənada Don Kixot ilə Sanço arasındakı dostluğu xatırlatsa da, Konan Doyl da xasiyyətcə tamamilə fərqli iki insanın dostluğu kimi cazibədar bir mövzunu davam etdirdi və bu cür dostluqdakı ziddiyyət dolu məqamları da qələmə almaqdan əsla çəkinmədi.

Sonralar bu mövzu "Kim" (uşaq ilə hinduist rahib arasındakı dostluq) və "Don Sequndo Sombra" (oğlan uşağı ilə bir davar dəllalının dostluğu) əsərlərinin süjet xəttinin özəyini təşkil elədi. Bənzər dostluq mövzusuyla biz Argentina ədəbiyyatında da rastlaşırıq və o, Qutyerreşin bir çox kitablarında öz əksini tapıbdır.

Konan Doylun düşünüb-tapdığı qəhrəman çox da üstün biri sayılmaz və o, özünün əqli cəhətləri sarıdan oxucudan bir elə fərqlənmir. Müəllif onu "doktor Vatson" adlandırıb. Yazarın ikinci qəhrəmanı isə məzəli biri olsa da, hər cür hörmətə layiq olan Şerlok Holmsdır. Holmsın bütün zəka tapıntıları barədə bizə məhz doktor Vatson söz açır və bu təhkiyə boyu o, özü də məsələlərin zahiri cəhətinə qapıldığından daima həm aldanır, həm də heyrətə qapılır. Şerlok Holms isə hər dəfə özünün əqli üstünlüyünü ortaya qoyur və onu da deyim ki, həmişə bunu qabartmağa çalışır.

Bütün bu məqamlar Ponun qələmindən çıxan "Morq küçəsində qətl" adlı detektiv hekayədə də var, halbuki müəllif bununla yeni ədəbi janra həyat verdiyindən hələ özü də xəbərsiz idi. Detektiv janrın realist ruh daşımasını Po da heç diləmirdi, o, bunu intellektual, hətta yeri gələndə, fantastik bir janr kimi görməyi arzulayırdı, ancaq bu "fantastik" kəlməsini işlədərkən də o, sırf xəyal gücünü yox, məhz əqli işi nəzərdə tuturdu, daha dəqiq desək, intellektuallığın ön plana çıxması şərtiylə, o, bunların elə hər ikisini qəsd edirdi.

Heç şübhəsiz, o, cinayət məkanını da, xəfiyyələri də Nyu-Yorka köçürə bilərdi, ancaq onda oxucu hadisələrin məhz necə cərəyan etdiyi üzərində oturub, baş sındırasıydı: görəsən, bənzər hallarda Nyu-York polisi özünü sırf belə aparardı, yoxsa bir başqa cür? Hadisələrin Parisdə, onun ucqar sayılan Sen-Jermen səmtinin kimsəsiz bir məhəlləsində baş verməsinə üstünlük verərkən, Po həm öz işini asanlaşdırıb, həm də xəyal gücünə əlavə qanad taxıb. Elə bu səbəbdən də ədəbiyyat tarixində, belletristikada bizlərə təqdim olunan ilk xəfiyyə surəti kimi əslən fransız olan birisi seçilibdir.

Bəs buna nə hacət varmış? Onsuz da əhvalatı bizə nağıl edən şəxsin özü amerikalı idi və o, ənənəvi sayılmayacaq birisini öz qəhrəmanı seçə bilərdi. Həm də personajlarını bir qədər də qəribə göstərməkdən ötrü onların yaşam tərzinin sıravi insanların şəraitindən xeyli fərqləndiyinə diqqəti çəkib. Hava qaralan kimi onlar pəncərələrinin pərdələrini çəkərək, şamları yandırır, gecələr isə kimsəsiz Paris küçələrini dolaşmağa çıxırdılar ki, bəlkə o "əngin, lacivərdə çalan işartı" yaxalamaq fürsəti qazanalar - Ponun qənaətinə görə, məhz yuxuya qərq olan şəhərdə onu görmək mümkün imiş, axı insan qələbəliyinə rəğmən, özünü yalqız hiss eləmək insanın əqli gücünü oyandırmağa qadirdir.

Parisin bir inli-cinli gözə dəyməyən küçələrində dolaşan bu iki dostu indicə mən xəyalımda canlandırdım: axı onlar nədən danışa bilərdi ki? Hər halda fəlsəfə, ya da ağıl-məntiq məsələləri barədə.

Ancaq sonra biz iki qadının qətliylə, həm də fantastik ədəbiyyatda təsvir olunan ilk cinayət əməliylə qarşılaşırıq. Hə, baxın, bu yerdə mən "cinayət" sözünü "qətl" kəlməsindən üstün tuturam, çünki o, daha təsirli səslənir. Ancaq əsərdə də məhz bundan bəhs olunur: axı o iki qadının qətlə yetirildiyi mənzil də bizlərə tamamilə əlçatmaz bir yer kimi görünür.

Bu yerdə Po bizi qapalı otağın sirriylə üz-üzə qoyur. Qurbanlardan biri boğulub, digərinin isə başı üzülüb. Ümumi məbləği qırx min franka çatan əskinaslar döşəməyə səpələnib, evin altı üstünə gətirilib və biz bunu əsl dəlinin törədə biləcəyini düşünürük.

Başqa sözlə desək, hekayənin əvvəlində təqdim olunan o qandonduran, xunxar bir hadisənin əsl məğzini biz sonradan, yəni finalda öyrənə bilirik.

Ancaq ona da bir ehtiyac qalmır, çünki hekayənin sonuna çatmadan nəticəni artıq təxmin edirik və bu xüsus ondan alınan təəssüratı qismən azaldır. ("Doktor Cekil və mister Hayd"da da bu baş verir və biz bunların ikisinin bir küllün hissələri olduğunu anlayırıq, ancaq bu xüsus da Ponun bir digər davamçısı sayılan Stivensonun əsərini oxuyanlara bəllidir. Çünki doktor Cekil ilə mister Haydın başına gələn əcaib əhvalatdan söz açılarkən, ağlımıza ilk gələn şey bunların məhz fərqli adamlar olması zənnidir). Mətni oxuyarkən axı kimin ağlına gələrdi ki, sonda cinayətkar bir meymun, bir oranqutanq olacaq?!

Bu açmanın elə özü də süni bir şəkildə qurulub: cinayət ortaya çıxana qədər həmin evə girib-çıxanların şahid ifadələri də mətndə bizə təqdim edilir. Onlar, bir nəfər kimi, bildirirlər ki, hansısa fransızın xırıltılı səslə ayrı-ayrı sözlər dilə gətirməsi fonunda bircə kəlməsini də anlamadıqları bir xaricinin danışdıqlarını eşidibmişlər. Milliyyətcə ispan olan şahid onu alman, alman şahid - hollandiyalı, holland isə bir italyan sanıbmış və sair. Halbuki bu insan yox, bir meymun səsiymiş və elə cinayətin üstünün açılması da məhz bu sayədə mümkün olur və biz o nəticədən artıq xəbərdarıq.

Bəlkə də yaratdığı süjetlər bunca incə, hətta deyərdim ki, şəffaf olduğuna görə biz Ponu elə də yüksək ədəbi zirvələrə layiq görmürük. İndi biz onların inkişaf xəttini bəri başdan təsəvvür eləyə bilirik, halbuki detektiv nəsrin ilk oxucuları üçün hər şey daha fərqli idi, yəni onlar bu sahədə bizim qədər təcrübəli sayılmazdılar: axı onda Po, eynilə bizim kimi, o vaxtkı oxucularını da hələ müəyyən bir şəklə salmamışdı. Detektiv əsər oxucusu olaraq bizləri məhz Edqar Allan Po formalaşdırıbdır. Onun ilk oxucuları bu mətnlərə heyran qalırmışlar, bizlər isə çox-çox sonralar peyda olmuşuq.

Po detektiv janrın beş nümunəsini bizə miras qoyub. Bunlardan biri, həm də ən zəifi "Əgər kişisənsə..." adlanır, sonralar İsrael Zanqvill özünün "Biq Bouda qətl" adlı romanında bu mətni yamsılayıbdır, çünki onun əsərində də cinayət qapalı bir məkanda baş verir. Ponun hekayəsindəki qatilin bənzərini isə Qaston Leru özünün "Sarı otağın sirri" adlı romanında yaradıb: həmin əsərdə də qatil xəfiyyənin məhz özü olur. Ponun ustalıq sərgilədiyi digər iki hekayənin biri "Oğurlanmış məktub", digəri isə "Qızıl böcək"dir. Hərçənd "Oğurlanmış böcək"dəki süjet xətti adama yetərincə bəsit görünür.

Bir qələm adamı hansısa məktubu oğurlayır və itən məktubun məhz onda olduğunu polis də bilir. Küçədə iki kərə onun üst-başı axtarılır. Sonra isə evinin hər qarışı ələk-vələk edilir, hətta evi ayrı-ayrı qismlərə bölən polis əməkdaşları mikroskop və zərrəbinlərlə də silahlanırlar. Ev yiyəsinin kitabxanasındakı bütün kitablar və onların nimdaş üz qabıqları araşdırılır, hətta döşəmə taxtaları arasına yığılan qalın toz zolağı da gözdən keçirilir.

Düpen isə bu istintaq işinə sonradan qoşulur. O, artıq əmindir ki, məktubun haradasa gizlədilmə ehtimalını əsas götürən, uşaq qədər sadəlövh düşünən polis yanlış bir yol seçib, halbuki araşdırılan vaqeə elə də bəsit sayılmır. Düpen dostyana bir tərzdə bu şübhəli şəxsin evinə gəlir və masanın üstə, hamının gözləri önündə duran ağzı açıq zərf yalnız onun diqqətini özünə çəkir. Hamının baş yoraraq axtardığı o məktubun bu olduğuna dair təxmin təkcə onun ağlına gəlir. Yəni buradakı ideya - axtarılan əşyanı hamının gözləri önündə tutmaqdan ibarətdir, axı açıq-aşkar hamının gözü qabağında olan bir şey bütün nəzərlərdən daha asanlıqla yayına bilir.

Öz detektiv süjetlərini necə qurduğunu başa salmaqdan ötrü Po hər hekayəsinin əvvəlində təhlil bacarığı ilə bağlı açıqlamalara yer verir - məsələn, şahmat barədə müzakirə apararkən o, vist, yoxsa dama oyunundan da söz açır.

Haqqında danışdığımız bu dörd novelladan əlavə, Po "Mari Rojenin sirri" adlı əsərə də imza atıb. Digərlərindən daha sirli sayılsa da, o, nədənsə daha az maraqla qarşılanır. Hekayədə, yanılmıramsa, çiçək satmaqla məşğul olan Meri Rocer adlı qızın Nyu-Yorkda qətlə yetirilməsindən bəhs olunur. Bu süjeti qəzet xəbərlərindən götürən Po hadisələrin Parisdə baş verdiyini yazdığı üçün qızın ad-soyadını da "Mari Roje" şəklinə salmağa məcbur qalıb. Bunun ardınca isə qətlin işlənmə mexanizmini o, öz təsəvvüründə canlandırıb. Əsl müqəssir bir neçə il sonra yaxalananda boynuna alıbmış ki, bütün əhvalat məhz Ponun hekayədə yazdığı şəkildə baş veribmiş.

Bu real hadisənin özü də detektiv janrın intellektuallığa olan iddiasını bir daha sübuta yetirməkdədir.

Yaradıcılığın bu qolu sözün tam mənasında təxəyyül məhsulu sayıldığından, burada cinayətlərin üstü də cinayətkarın hansısa səhlənkarlığı və ya birisinin çuğulluğu hesabına yox, sırf özünəqapanmış bir idrakın gərgin işi bahasına açılır. Kəşf etdiyi bu üsulun gerçək həyata hər hansı dəxli olmadığına Po özü də tam səmimiyyətiylə inanırdı, elə buna görə də cinayət yeri kimi Parisi, xəfiyyə kimi isə əsər qəhrəmanının elə hey məzələndiyi polisi deyil, əsl kübar birisini seçmişdi. Başqa sözlə desək, Po bir fikir adamının obrazını yaratmışdı.

Bəs Po vəfat etdikdən sonra nələr baş verdi? Mən biləni, o, 1849-cu ildə dünyadan köçüb. Böyük müasiri Uolt Uitmen Ponun ölümünə yazdığı nekroloqda bildirirdi ki, "o, özünün sadəcə bas tembrinə üstünlük verən bir səs ifaçısı idi və Amerika demokratiyasından yerli-dibli xəbərsiz idi". Əlbəttə ki, Po bu xüsusla bağlı hansısa fikir bildirməyi heç ağlına da gətirməzdi. Eynilə Emerson kimi, Uitmen də Poya münasibətdə haqsız davranıb.

İndiki ədəbi tənqidçilər isə, əksinə, Ponun xidmətlərini bir az da şişirtməyə can atırlar. Mən əminəm ki, bütövlükdə Ponun yaradıcılığı - bir dahilik mücəssəməsidir, hərçənd onun nəsr əsərləri (əlbəttə, "Artur Qordon Pim"i çıxmaq şərtiylə) kamillikdən uzaqdır. Bununla yanaşı, onun bütün hekayələrindən geriyə bir dənə ümumiləşdirilmiş personaj qalacaq və o, Ponun yazdıqlarının hamısından - Şarl Ogüst Düpendən də, artıq heç kəsə qorxu hissi aşılamayan cinayətlərdən və sirlərdən də - daha uzunömürlü olacaq.

Detektiv janrın dərin psixoloji ünsürlərlə yoğrulmuş ən gözəl nümunələri hazırda İngiltərədə yaranır: bunlara Uilki Kollinzin yaratdığı "Bəyaz geyimli qadın" və "Ay daşı" romanları aid edilə bilər.

Daha sonra Ponun davamçısı olaraq Çesterton meydana çıxdı. Yəqin Çesterton etiraf edərdi ki, Ponun detektiv novellalarını kölgədə qoymaq sadəcə mümkün deyil, ancaq mənim şəxsi rəyimi soruşsanız, Çesterton ondan daha üstündür. Po sırf fantastik üslublu hekayələr yazırdı. Gəlin, "Qırmızı ölümün maskası"nı və "Amontilyado çəlləyi"ni yada salaq: axı bunlar - sırf fantastik hekayələrdir. Bundan əlavə, onun intellektual hekayələri də olub və bunların beşi barədə yuxarıda biz öz fikirlərimizi bölüşdük.

Çesterton isə özünə tamamilə fərqli bir yol, üsul seçmişdi: o, detektiv açması olan fantastik hekayələr yazırdı. İndi onlardan birinin qısa məzmununu sizlərlə paylaşacağam, hekayənin adı "Gözəgörünməz adam"dır: o, ya 1905-ci, ya da 1908-ci ildə işıq üzü görübdür.

Əsərin məzmunu qısaca belədir. Hekayənin qəhrəmanı olan ustanın hazırladığı mexaniki oyuncaqlar aşpazın, qapıçının, nökərin və fəhlənin işini görə bilirlər. Usta Londonun təpəsi qarla örtülən bir təpəsindəki çoxmənzilli binada yaşayır. O, ölüm təhdidləriylə dolu məktublar alır, özü isə xeyli gödək birisidir - bu xüsus əsərdə həlledici əhəmiyyətə malikdir. O, özünün hazırladığı mexaniki nökərlər ilə eyni mənzildə yaşayır və təkcə bu faktın özü oxucunu dəhşətə salır: insan kabuslarını xartırladan o mexanizmlərin əhatəsində yaşayan bir insan gətirin təsəvvürünüzə.

Ən nəhayət, aldığı növbəti məktubda onun bu axşam öldürüləcəyi bildirilir. Usta dost-tanışlarından kömək istəyir və onlar ustanı öz qulluqçularıyla baş-başa buraxıb, polis çağırmağa yollanır və o əsnada qapıdakı qulluqçuya tapşırırlar ki, evə qədəm basacaq hər kəsə mütləq nəzər yetirsin. Eyni təlimatı onlar polis nəfərinə və küçədə qovrulmuş şabalıd satana da verirlər. Bu üç nəfər əllərindən gələni edəcəklərini onlara vəd edirlər. Bir dəstə polislə geri qayıdınca, onların baxışları qar üzərindəki qan ləkələrinə sataşır. Evə tərəf uzanan qan ləkələri dayaz, evdən üzü bəri gələnlər isə xeyli dərindir - sanki bu izləri qarda buraxan şəxs ağır bir yük daşıyırmış. Hamılıqla evə girdikləri zaman onlar o kukla ustasının qeybə çıxdığını öyrənirlər.

Eyni vaxtda onlar buxarıda xeyli kül qalaqlandığını sezirlər. Bu, hekayədəki ən güclü məqamdır: ustanı məhz özünün hazırladığı mexaniki oyuncaqların buxarıda yandıra biləcəyinə dair şübhələr getdikcə artır və bu məqam oxucuya təşviş hissi aşılayır. Belə bir ehtimal nəticənin özündən çox oxucunu təlaşlandırır. Əslində isə qatil evə daxil olubmuş, amma bu adamı görən şabalıdsatan da, polis də, binanın  qapıçısı da ondan zərrəcə şübhələnməyibmişlər, çünki o - bura hər axşam, həm də eyni saatda baş çəkən poçtalyon imiş. O, qurbanı qətlə yetirdikdən sonra cəsədi öz iş çantasına yerləşdirib, çantadakı məktubları isə buxarıda yandırdıqdan sonra evi tərk edib. Rahib Braun onunla görüşür, sorğu-suala çəkir və günahını səmimi etiraf edən bu adamı sərbəst buraxır, çünki onsuz da Çestertonun hekayələrində siz nəinki hansısa zor tətbiqinə, heç həbslərə də rast gəlməzsiniz.

Hazırda detektiv janrı Amerika Birləşmiş Ştatlarında öz çöküş mərhələsini yaşayır. O, realist yanaşmaya üstünlük verməklə qalmır, cinsi təcavüz də daxil, hər cür zorakılığı özünə mövzu seçir.

Bu və ya digər şəkildə sözügedən janr ölüb-gedir. Detektivin intellektual mənbələri də artıq unudulub.

Sözügedən ənənə az-çox İngiltərədə qorunub, saxlanılıb: orada hələ də üsyankarlıqdan uzaq və süjeti ucqar bir ingilis kəndində cərəyan edən romanlar qələmə alınır, soyuqqanlı hesablamalara əsaslanan belə əsərlər oxucuya nə hədsiz amansızlıq vəd edir, nə də zorakılıq səhnələri.

Mən özüm də bir neçə dəfə detektiv hekayə yazmağa cəhd göstərmişəm, hərçənd bundan bir şey alındığını nə deyə, nə də bununla öyünə bilərəm.

Hadisələrin baş verdiyi yer kimi adətən mən simvolik bölgələr seçmişəm və bunun detektiv əsərlər üçün nə dərəcədə keçərli olduğunu da söyləyə bilmərəm. "Ölüm və bussol" adlı hekayəm də bu tərzdə yazılıb. Bir neçə detektiv əsəri isə novellalarını mənimkilərdən xeyli güclü saydığım Bioy Kasares ilə ortaq yazmışam. Həmin əsərlərdən ibarət bir silsilənin qəhrəmanı isə həbsxana hücrəsində oturub, işlənən cinayətlər üzərindəki sirr örtüyünü məharətlə qaldıran don İsidro Parodidir.

Detektiv janrının şəninə yaraşacaq daha nələr demək olar? Tam səmimiyyətlə və inamla mən bir xüsusu vurğulayardım: indi bu ədəbi janr əsl xaosun ağuşuna sürüklənir.

Şeiriyyətdə sərbəst şeirlərə üstünlük verənlər düşünürlər ki, guya bu, vəznli-qafiyəli şeirdən daha asan yazılır, halbuki o, digərlərindən qat-qat qəlizdir. Qəhrəmanlar da, süjet xətti də, bir sözlə, hər şey qeybə qarışıb, gözdən itib, gedib. Bu cür xaotik bir zəmanədə öz klassik ənənələrini qorumağa cəhd göstərsə də, gözə çox da girməyən detektiv adlı bir janr isə hələ də var. Bunu deyərkən, mən o yazmaq xətrinə yazan müəlliflərin hər hansı düyündən, kulminasiyadan və açılımdan məhrum detektivsayağı qaralamalarını nəzərdə tutmuram, əlbəttə.

Mən qələmindən yüksək səviyyəli detektiv əsərlər çıxan yazarları - Dikkensi, Stivensonu və ilk növbədə Uilki Kollinzi nəzərdə tuturam. Detektiv janrını müdafiə eləmək məqsədiylə isə bircə onu deyə bilərəm ki, onun hər hansı müdafiəyə-zada ehtiyacı yoxdur: hazırkı qarmaqarışıq dövrdə də heyranlıqla oxunduğu üçün o, zəmanəmizə bəlli bir nizam və düzən gətirir. Özünün ən üstün nümunələrinə bunca bağlılıq sərgiləyən janr isə hər cür tərifə layiqdir.

 

16 iyun 1978-ci il

 

Dilimizə çevirdi: Azad YAŞAR

 

Ədəbiyyat qəzeti.- 2023.- 20 yanvar.- S.22-24.