Sən, mən, bulud...

 

Buludların arasından

            günəş gülür üzümə.

Bir işıltı şığıyır görən gözümə.

Səni düşünürəm,

            dodağım qaçır.

Təbəssüm ilişib qalır

            dodaqlarımda.

Bir qızartı görünür

            yanaqlarımda.

Bu xəfif təbəssüm,

            bu utancaq qızartı

                        doğulmayır özbaşına...

Səni xatırladım:

Bax belə bir günüydü,

            buludlu bir gün,

Boylandı günəş buludların arxasından...

Qollarını geniş açıb

            buludla birlikdə

                        günəşi qucaqladın.

Qəfildən bir qolunla da

            qucaqladın çiynimi.

"Sən ondan da gözəlsən" - dedin.

Ondan da işıqlı,

            ondan da yaraşıqlı.

Qoy bizi qısqansın

            günəşlə bulud...

"Unut onları" - dedin, unut!

Bir sən ol, bir mən...

Gözümüz görməsin qeyri-kəsi...

Qəzəbləndi sanki bulud,

            yağdı, islatdı bizi...

Su içində qoydu

            evə çatanacan hər ikimizi...

Çətirimiz yoxuydu...

Cücəyə dönmüşdük ikimiz ...

Tellərindən axan yaş

            çatıq qaşlarının arasından

dodağına süzülürdü,

            silmirdin...

Sən onda qədər

            gözəliydin

                        özün bilmirdin.

Özümüz bilmədən

bulud yağış şəklində

            aramızda durmuşdu...

bizə divan qurmuşdu...

Sən, mən, bulud...

Unut dediklərimi, gülüm, unut!

 

Dünyanın qayğıları...

 

Gözə girməyə çalışmadım,

            yaltaqları sevmirəm.

Tısbağatək qınına çəkilməyə

            alışmadım,

                        rəzilləri sevmirəm.

Haqqım olana sahib çıxacağam,

            buna inanıram...

Noolsun bəzən haqsızlıqlar

            qarşısında pərt oluram,

                        sınanıram...

İnamım güclüdür haqq-ədalətə...

O inamım ölməsin,

            bəsimdir mənim...

Bu dünyada düzlük, dürüstlük, səbr,

            saf ruhum, tər nəfəsim

                        bəsimdir mənim...

İnamıma köklənib,

            inamımla yaşadım

                        bu günə qədər...

İnamsız yaşamaq çətin olur...

İnamla yaşayan insan

            dünyada heç itirmir,

                       qətiyyətli, düz, mətin olur.

Çəkilmişəm bir küncə,

            izləyirəm aləmi,

                        qayğılar basıb məni...

Unutmuşam dəftəri,

            unutmuşam qələmi...

Yazmıram neçə vaxtdır

            ürəyimə dolanı...

Yazmıram ömrümüzdən

            gedəni, qalanı...

Mənim kimi dünyanın

            dərdi başından aşıb...

Sellər, sular çoxalıb,

            çaylar da bəndin aşıb...

Dünya suyun içində, 

            sellər alıb qoynuna...

Təbiətin bəlası

            bizdən yan keçməyib,

Yazın gözəl çağında

            kəndimizə qar yağıb...

Qonşum da söyləndi ki,

            Arana dolu düşüb...

Ağladıb meyvələrin,

            bağçaların anasını...

Kimi görsən, dindirsən,

            giley-güzar eləyər

gah havadan, gah sudan,

            gah uşaqdan,

gah arvaddan, gah ərdən...

Qayğılar çoxalanda

            çəkilirəm bir küncə...

Bir özüm oluram,

            bir qayğılarım...

Öz yükümün çəkisi

            ağır olur, duyuram,

Dünyanın dərdini

            dərdim üstə qoyuram.

O yük yüküm üstdə

            istəsəm , istəməsəm ...

İnsanam axı... hər şeyi deməsəm ...

Qayğılar o qədərdir,

            söylənirəm özümə...

Qələm, dəftər əlimdə

            qısılmışam bir küncə,

Üst-üstə qayğıların

            təpilmişəm gözünə...

Özüm üçün yaşamaq

            alnıma yazılmayıb...

Özümə qapadan da

            bəlkə bu qayğılardır,

Yükləndiyim

            dünyanın qayğıları...

Necə uzaq eyləyim

            ürəyimdən, içimdən,

                        görəsən, "bu yağıları"?

 

Gülxani PƏNAH

 

Ədəbiyyat qəzeti.- 2023.- 20 yanvar.- S.23.