Ədəbi gənclik -
ikimininci illər
I məqalə
O ədəbiyyat
yaşamağa qadirdir ki, onun istedadlı gəncliyi var və
bu gənclik onun gələcəyidir. Müasir
Azərbaycan ədəbiyyatı da bu mənada
özünün gələcəyinə ümidlə boylana
bilər.
On milyonluq bir ölkədə hər gün bir
möcüzə, nəsə gözlənilməz bir hadisə
baş verə bilər. Hardasa yeni bir neft sahəsi kəşf edilər,
bir alim dünya əhəmiyyətli ixtiranın müəllifi
kimi tanınar, bir də eşidərik ki, kosmosa azərbaycanlı
bir gənc yol açır. Bu xəyallar
heç də uzaq gələcəyə aid edilməməlidir.
İkinci Qarabağ müharibəsində Azərbaycan
ordusunun 44 günlük böyük zəfəri möcüzənin
həqiqətə çevrilməsinin sübutu deyilmi?
Ədəbiyyat
aləmi də belə möcüzələrdən, kəşflərdən
xali deyil, böyük qürur hissilə deməliyik ki, Azərbaycan
torpağı təkcə maddi nemətlər yetirmir, bu
torpaqda bir Nizami dağı göylərə baş
qaldırıb, bir Füzuli yanğısı ərşə
bülənd olub, bir Nəsimi hünəri dünyaya səs
salıb, bir Sabir qeyrəti xalqı haqqa səsləyib, bir
Üzeyir bəy dühası ilə milyon ürəklər fəth
olunub. Azərbaycan xalqı bu mənada
Sözün, Poeziyanın radiumu, qızıl mədənləridir.
Ancaq bu mədənlərin həmişə
işlək olduğunu düşünmək
yanlışlıq olardı. Necə deyərlər,
sənətdə, xüsusilə, poeziyada həmişə
möcüzələr baş vermir.
Bu publisistik girişdən sonra biz ikimininci illər və
daha çox 2020-2022-ci illər Azərbaycan poeziya mənzərəsində
gənclərin yaradıcılığına nəzər
yetirmək istəyirik.
İlk növbədə, müasir ədəbi gəncliyin
yaradıcılıq axtarışlarında hansı yönlərə,
istiqamətlərə, axınlara meyil etdiyini
aydınlaşdıraq. Müxtəliflik, üslub rəngarəngliyi fərqli
poetik qütblər yaradır və bu proses keçən əsrin
doxsanıncı illərindən poeziyada bir-birinə
oxşamayan, bir-birinə bənzəməyən təmayüllərə
yol açdı. Poeziyada yeni cərəyanlar (ədəbi
cərəyanları nəzərdə tutmuruq - V.Y.), yeni
üslubi təmayüllər meydana gəldi. Təbii ki, yenilik həmişə qısqanclıqla
qarşılanır, hətta bu yeni meyillərə
qarşı müəyyən müqaviməti də başa
düşmək olar. Amma bu yeni meyillər
hardan gəlir? Milli poeziyanın öz daxili,
yaşarı ənənələrinin yeni dönəmdə
novator keyfiyyətlərlə zənginləşməsindənmi,
poeziyanın zamanın, əsrin havasını duyub
özünü bu havaya kökləməsindənmi, dünya
şeirində baş verən və milli ədəbiyyatlara da
təsirsiz qalmayan "izm"lərin tez bir zamanda bizim
poeziyaya da sirayət etməsindənmi?
Əlbəttə, söz sənətində, xüsusilə,
poeziyada ənənənin gücü və
davamlılığı daha çox, daha qüvvətli şəkildə
özünü hiss etdirir. Ənənəyə köhnəlik
kimi baxanlar unudurlar ki, o, ədəbiyyatın hər yeni mərhələsində
özünə təzəlik "donu" biçir, bir
sıra stereotiplərdən, şablonlardan imtina edir, lakin ilkin
mahiyyətini, məzmununu itirmir. Bir sözlə,
ənənə və onun poeziyada təzahür formaları
yalnız bir şəkildə qala bilməz, o da dəyişməli,
yeniləşməlidir. Praktiki mənada deyək ki,
Vaqifin, Zakirin, Ələsgərin qoşmaları ilə XX əsr
şairləri Hüseyn Arifin, Məstan Günərin,
Hüseyn Kürdoğlunun, Məmməd İlqarın
qoşmaları poetik təfəkkür baxımından
bir-birindən fərqli xüsusiyyətlərə malikdirlər.
Yaxud Tufarqanlının gəraylıları ilə
Ramiz Rövşənin gəraylıları da məzmun
etibarilə bir-birinin eyni deyillər. Deyək
ki, həyat və ölüm haqqında Ələsgərin,
Tufarqanlının fəlsəfəsi ilə Vaqif Səmədoğlunun
və Ramiz Rövşənin fəlsəfəsi arasında
heç cür eyniyyət işarəsi qoymaq olmaz. Deməli, poeziyanın öz daxili, yaşarı ənənələri
novatorluq keyfiyyətləri ilə diqqəti cəlb edə bilər.
Poeziya və zaman ... və burada zamanın, əsrin yeni
havasının poeziyaya təsiri mütləqdir. Əgər
zaman özüylə qloballaşma, modernləşmə
havası gətirirsə, bunun təkcə texnikaya, istehsalata,
elmə və texnologiyaya deyil, mənəviyyata, söz sənətinə
də təsirsiz ötmədiyi məlumdur. Dünya
gör-götür dünyasıdır və əgər bu
gün qloballaşma, modernləşmə bizim mətbəximizdən
tutmuş, həyata baxışımıza qədər
güclü bir təsir rıçaqlarına malikdirsə,
biz də bu prosesdən təcrid ola bilmərik.
Ancaq bu o demək deyil ki, qloballaşma və
modernləşmə milli-mənəvi dəyərlərimizin
üstündən xətt çəkə. Poeziyada Qərbdən
əsən "küləklərin", "izm"lərin
təsiri məsələsini də yalnız yabançı,
milli mənəviyyata zidd hal kimi qəbul etmək və haqda
çığır-bağır salmaq da doğru deyil. Lakin bu məsələdə ifrat, son dərəcə
nihilist mövqe tutmaq yanlışlıqdır. Dünyanın bütün xalqlarının
yaratdığı poeziya bu və ya digər dərəcədə
bir-birilə sıx əlaqəlidir.
İkimininci illərin Azərbaycan poeziyasında gənc
şairlərin də açdıqları izlər aydın
görünür. Əlbəttə, böyük poeziya
meydanında bu izləri təyin eləmək, onların hara
baş alacağını müəyyənləşdirmək
xüsusunda qabaqcadan konkret bir fikir söyləmək çətindir.
Amma başlanğıcdan da çox şey
asılıdır. Ümidlər də,
arzular da o başlanğıcdan doğur.
Sovet dövründə ədəbi gənclikdən
söz düşəndə ortaya yalnız bir sual qoyulurdu ki,
gənclər nədən yazmalıdırlar. Onlara təlqin olunurdu ki,
daha çox sosializm quruculuğundan, əmək qəhrəmanlarından,
günü-gündən "çiçəklənən
respublikamızdan", naxırçıdan, çobandan,
sağıcıdan, Sosialist Əməyi Qəhrəmanından,
qabaqcıl manqa başçısından, ordenli neftçidən
yazsınlar və bu şeirlərin əksəriyyətində
vəsf var idi. Amma bu inzibati təsirlərə baxmayaraq
altmış-yetmişinci illərdə nəsrdə Anar,
Elçin, Yusif Səmədoğlu, İsi Məlikzadə,
Maqsud və Rüstəm İbrahimbəyov qardaşları,
Mövlud Süleymanlı, Məmməd Oruc, Afaq Məsud,
poeziyada Əli Kərim, Fikrət Qoca, Vaqif Səmədoğlu,
İsa İsmayılzadə, Ələkbər Salahzadə,
Fikrət Sadıq, Məmməd İsmayıl, Camal Yusifzadə,
Tofiq Abdin, Səyavuş Sərxanlı, Sabir Rüstəmxanlı,
Çingiz Əlioğlu, Nüsrət Kəsəmənli,
Firuzə Məmmədli ya bu təsirlərə heç əhəmiyyət
vermir, ya da gəmidə oturub gəmiçi ilə dava edirdilər.
İkimininci illərdə ədəbiyyata gələn
cavan şairlər üçün bu mənada ciddi maneələr
görünmür. Dünyanın adi bir qarışqasından, kəpənəyindən
tutmuş, sonsuz qalaktikalara qədər, - buyur, nədən istəyirsən,
yaz! Forma məsələsini də şair
özü müəyyənləşdirir və bu gün sərbəst
şeir, heca şeiri, əruz şeiri arasında bəzilərinin
süni şəkildə ayrı-seçkilik
saldığı "döyüşlər" də getmir.
Söhbət ancaq ondan gedə bilər ki, kimsə
hecada daha yaxşı yazır, kimsə sərbəstdə və
ya hər ikisində uğursuzluğa məruz qalır.
Bu gün şeir həddindən çox yazılır və
təbii ki, hər yazılan ŞEİR olmur.
Bir daha təkrar edirik ki, ədəbi gənclik hər
bir ədəbiyyatın gələcəyi, onun sabahına
ümid doğuran birinci pilləsidir. Bütün
böyük uğurların, yüksəlişin mənbəyi
-başlanğıcı ədəbi gənclik mərhələsindən
başlayır. Keçən əsrin
iyirminci-otuzuncu illərindən başlayaraq müasir
dövrümüzə qədər ədəbiyyatımızın
hər bir mərhələsində ədəbi gəncliyin, yəni
yeni səs və nəfəslərin gəlişi, doğrudan
da, böyük canlanmaya səbəb olub. Məlum
məsələdir ki, ədəbiyyatda nəsil dəyişimi
əksər hallarda müəyyən mübahisələr
doğurur, nəsillər arasında, həyata, gerçəkliyə,
ictimai hadisələrə münasibətdə bir-birilə
uyuşmayan hallar əmələ gətirir. Bu, əslində, ədəbi inkişafın öz
qanunauyğunluğudur, Azərbaycan ədəbiyyatı da son
altmış ildə hər bir ədəbi mərhələdə
bu qanunauyğunluğa - yeniləşməyə köklənib.
Təbii ki, dünya ədəbi prosesində, həyatda
və cəmiyyətdə baş verən hadisələrin də
təsirlərini unutmaq olmaz.
Biz ədəbi gəncliyin tərifini vermək, onun
mahiyyətini şərh etmək fikrində deyilik. Lakin həmişə
ədəbi gəncliyin qayğısını çəkən,
onun inkişafında böyük rol oynayan ustad şairimiz Rəsul
Rzanın bir fikrinə istinad etmək istəyirəm.
Altmış il bundan əvvəl - 1963-cü
ildə Rəsul Rza "Ümid və arzular" adlı məqaləsində
yazmışdı: "Şeir yazan cavanlar arasında ilhamla,
istedadla ədəbiyyata gələnlər olduğu kimi, həvəsə
düşüb gələnlər də var. Doğrudan, elə
bir tənqidi termometr icad olunmamışdır ki, gənclərin
poetik istedadını ölçüb dərəcəsini
müəyyən etmək mümkün olsun. Adətən,
gənclik insanın mövcud bacarıq və
istedadının qüvvətlə üzə
çıxdığı zamandır. Bu
istedadın formalaşıb təcrübə ilə zənginləşməsi
illərlə sürür. Lakin ilk
şeirlərini, hekayələrini yazmış gənclərdən
həqiqi istedada malik olanlarını görüb seçmək
mümkündür". Rəsul müəllimin
altmışıncı illərin əvvəllərində
söylədiyi bu mülahizələrin konkret bir əsası
vardı - həm altmışıncı, həm də
yetmişinci illərdə ədəbiyyata yenilik eşqilə
yaşayan, əvvəlki ədəbi nəsillərdən
tamamilə fərqli bir üslubda yazıb-yaradan istedadlı gənclər
gəlmişdi: Anar müəllimin
"altmışıncılar"la bağlı "Ədəbiyyat
qəzeti"ndə dərc etdirdiyi məqaləsində o illərin
ədəbi prosesində yeni bir mərhələnin
başlandığı və bu mərhələdə gəncliyin
rolu nəzərə çarpdırılır. Amma "altmışıncılar"ın
etirafı o qədər də asan başa gəlmirdi. Hətta hücumsuz keçməyən, nəinki
respublika mətbuatında, mərkəzi qəzet və
jurnallarda da Çin səddi kimi yüksələn
inkarçı mövqelər bir müddət davam etdi, sonra
isə bu inkarçıların müqaviməti
qırıldı. Səbəb
"altmışıncılar"ın həm şeirdə,
həm də nəsrdə məzmun və forma, ideya və sənətkarlıq
baxımından yeni bir ədəbiyyat yaratmaları idi. "Altmışıncılar" ədəbiyyatda
öz sözünü dedilər və indi də deməkdə
davam edirlər. Ədəbi gəncliyin
yetmişinci-səksəninci və doxsanıncı illər mərhələləri
də bir çox istedadlı cavanların gəlişi ilə
yadda qaldı və indi onların yaşı əllini
keçib, bəziləri vaxtsız vəfat ediblər. Əlbəttə, burada nəsillərin estafeti davam
edir və mətləbi uzatmadan əsas mətləbə
keçirik.
İkimininci illərin ədəbi gəncliyi. Müasir ədəbiyyatımızda
nəsil etibarilə irəlici sayı məhz ikimininci illərdə
ədəbiyyata gələn gənclər təşkil edir.
Nə altmışıncı, nə
yetmişinci-səksəninci, nə də doxsanıncı illərdə
ədəbi gəncliyin meydanı belə gur və qaynar
olmayıb. Mətbuat azadlığı,
özü də sensurasız mətbuat azadlığı
dövründə gənclərin əksər qəzet və
jurnallarda maneəsiz çıxış etmələri, təkcə
üç əsas ədəbi orqandan əlavə, digər qəzet
və jurnallarda gənclərin gen-bol dərc olunmaları,
doğrudan da, təqdirəlayiqdir. Gənclər
müəyyən ədəbi birliklərdə və qruplarda
birləşə bilirlər, sanki XIX əsrdəki ədəbi
məclislər müasir formada davam edir. Vaxtilə gənc
şair və nasirlər ilk kitablarını çap etdirməkdə
çox çətinlik çəkirdilər, onların mətbuatda
ilk çıxışları ilə ilk kitablarının
çapı arasında ən azı on-on beş
il bir zaman məsafəsi dururdu. İlk şeir
kitabları da uzaqbaşı iyirmi şeirdən ibarət
olurdu və əksəriyyətində də birinci şeir
Leninə, partiyaya aid idi. Amma indi gənc
şairlər və nasirlər üçün bu sarıdan
heç bir problem yoxdur, elə gənc yazar
tanıyırıq ki, onun heç otuz yaşı yox, amma
üç-dörd kitabı çap olunub. Məsələnin
maddi tərəfi var - hər il əllidən
artıq gənc yazara Azərbaycan Yazıçılar
Birliyinin birillik təqaüdləri verilir.
Bəs gənclərin yaradıcılığına ədəbi
tənqidin münasibəti necədir? Deyə bilərik ki,
bu sahədə müəyyən ənənə indi də
davam edir. Xatırlayaq Rəsul Rzanın, Bəxtiyar
Vahabzadənin, Nəbi Xəzrinin, Qasım Qasımzadənin,
Anarın, Elçinin müxtəlif illərdə gənc
yazarların yaradıcılığı ilə bağlı
yazılarını. Anar və Elçin son illərdə
də gənclərin yazılarına münasibət bildirən
məqalələrlə çıxış edirlər.
Keçən il Anarın Azad
Yaşarın şeirləri, Elçinin gənc şairələr
haqqında yazıları böyük maraq doğurub. Son illərdə
Sabir Rüstəmxanlı, Vaqif Yusifli, Əsəd Cahangir, Elnarə
Akimova, Cavanşir Yusifli də gənclərin
yaradıcılığına biganə qalmamışlar. Xüsusilə, Sabir müəllimin gənclərin
şeir kitablarına yazdığı ön sözləri
yalnız ön söz və xeyir-dua kimi yox, həm də bu
cavanların gələcəyinə inam hissi kimi qəbul etmək
olar.
Nəhayət, bir məsələni də xüsusi qeyd
etməliyik.
Ədəbi gəncliyin tanınmasında heç şübhəsiz,
Azərbaycan Yazıçılar Birliyinin ədəbi
orqanları - 100 yaşlı "Azərbaycan", 55
yaşlı "Ulduz" jurnalları, 88 yaşlı
"Ədəbiyyat qəzeti"nin rolunu unutmaq olmaz. Gənclər
birmənalı olaraq bu qəzet və jurnallarda dərc
olunmağa can atırlar. "Azərbaycan" jurnalı
böyük bir missiyanı yerinə yetirir, "ədəbiyyatımızın
güzgüsü"ndə hər il yeni romanlar, povestlər,
poemalar, çox sayda şeirlər, tənqidi məqalələr,
publisistik yazılar, tərcümə əsərləri təqdim
olunur, Amma ədəbi gəncliyə də geniş yer verilir,
hətta jurnalın elə sayı olur ki, istedadlı bir gəncin
şeirləri ilə açılır. Biz jurnalda gənc
yazarların povest və romanları ilə də tanış oluruq. "Ədəbiyyat qəzeti"nin də elə sayı yoxdu ki, orada gənclərin
şeir və hekayələrinə yer verilməsin. "Ulduz" jurnalına gəlincə, bu dərgini
ədəbi gəncliyin açıq qapısı
adlandırmaq olar. Bu açıq qapıdan bizə
yaxşı tanış olan gənc
yazarlarla yanaşı, ilk dəfə şeir və hekayələrini
də oxuyuruq. Baxın, nə qədər yeni imza: Rəşad
Nağı, Nurlan Suvarov, Əfsanə Qurbanlı, Bəhruz Xəlil,
Çinarə Omray, Şəfaqət Cavanşir, Aygün
Yaşar, Vüsal Ağa, Aqil Bəkir, Nurlana Umudvar, Azər
Ərzi, Səddam Laçın, Təranə Dəmir,
Zülfiyyə Yaqub qızı, Ülviyyə Qəhrəman,
Günel Mehri, Günel Xəzəl və b. Bunların
sayını yenə artıra bilərik. "Ulduz"
jurnalı ilə bağlı üç yeniliyi nəzərə
çarpdırmaq istəyirəm. Birincisi:
"Ulduz"da xaricdə yaşayan gənc həmyerlilərimizin
yazılarına da yer verilir, ikincisi: "Dərgidə
kitab" səhifəsi hər bir gənc yazarın şeir və
nəsr əsərləri ilə
qarşılaşırıq, yəni gənc bir yazarın
yaradıcılığı bir qədər dolğun şəkildə
nəzərə çarpdırılır,
üçüncüsü: gənc yazarların özüylə
söhbəti maraqlıdır, biz o gəncin həm şeirləri
və nəsr əsərləri ilə tanış
olur, həm də onun ədəbi düşüncələri
ilə. Biz ədəbi gəncliyə öz
qapılarını açan "525-ci qəzet" və
"Ədalət" qəzetinin də rolunu unutmuruq.
Vaqif YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2023.- 20
yanvar.- S.20-21.