İtaliya markalı ayaqqabı
Hekayə
Hava isti idi. Adamım lap nəfəsi
kəsilirdi. Səfərəli özünü xarici
malların satıldığı
mağazaya saldı.
İçəridə kondisioner işlədiyindən
xoş sərinlik vardı. Öz-özünə:
"Köynəklərə, kostyumlara, ayaqqabılara baxıb bir az özümə gəlim, sonra bir taksiyə əyləşib avtovağzala
gedərəm", - deyə
fikirləşdi.
Səfərəli Söyüdlü rayonundan
idi. Bakıya iş
dalınca gəlmişdi.
Çalışdığı idarədən göndərmişdilər.
Tapşırığı yerinə yetirmişdi.
Daha görəcəyi
bir iş qalmamışdı. Avtobus haradasa
2-3 saatdan sonra tərpənəcəkdi. 2-3
saatlıq da yolu vardı.
Köynəklərə, kostyumlara, ayaqqabılara baxdıqca Səfərəlinin halı
qarışırdı: "Ə bu nədir, köynəyin biri 100-200 manata, ayaqqabı 500-600, kostyum 900-1000 manata. Bu şəhər camaatı
əcəb kefdədir!
Pulları var ki, bu malları gətirib bu qiymətə mağazaya qoyurlar".
Ətrafa göz gəzdirdi. İçəridə
xeyli adam
vardı. Kassanın qabağında da
növbə yaranmışdı.
Birinin əlində qalstuk, digərində kostyum, birində palto, başqasında ayaqqabı, plaş...
Səfərəli də gəlib kişi ayaqqabıları
olan şöbənin
qarşısında dayanmışdı.
İtalyan markalı ayaqqabılar
idi. Götürüb baxdı. "Salvatore
Ferragamo" firması.
Qiymətini görəndə
az qala
başına hava gələcəkdi: 595 dollara.
Amma ayaqqabı da ayaqqabı idi ha.
Ayaqqabını yerinə qoyub mağazadan çıxmaq
istədi: "Bu ayaqqabını
almaq üçün
gərək evimi satım". Çıxış qapısına yaxınlaşmışdı
ki, nə isə fikirləşib geriyə döndü.
Ətrafa baxdı. Xoş
simalı bir qızı hədəfə
aldı və ona yaxınlaşdı:
- Xanım, sizə işim düşüb. Gərək kömək edəsiniz.
Qız müştəriyə mehribanlıq
göstərdi:
- Buyurun, dayı, sizə nə kömək lazımdır?
Səfərəli söhbətinə davam
etdi:
- Qızım, subaysan, yoxsa ərdəsən?
Müştərinin bu sualından bir şey başa
düşməyən qız
çiyinlərini çəkdi. Öz-özünə
fikirləşdi:
"Bunun məsələyə
nə dəxli var? Sözünü de də. Yoxsa
mənə elçi düşmək istəyir?".
Səfərəli qızın təəccüblə
baxdığını görüb
əlavə etdi:
- Xahiş edirəm, məni düzgün başa düşəsən.
Mənim bir oğlum var...
Qız diqqət kəsildi: "Dedim də... İndi başlayacaq ki, səni oğluma almaq istəyirəm.
Yəqin,
bu mağazada işlədiyimi görüb
elə bilir burada pul kəsirik.
İndi belədir də. Varlı gəlin axtarırlar".
Səfərəli davam etdi:
- Oğlun deyəndə kürəkəni nəzərdə
tuturdum. Sən yaşda bir
qızım var. Toyu olmalıdır. İndi, bala,
belədir də.
Oğlan
evi toy ərəfəsində
gəlin üçün
fata, gəlinlik paltarı, zinət şeyləri ...aldığı
kimi, qız evi də bəy
üçün kostyum,
köynək, qalstuk, ayaqqabı, üzr istəyirəm, alt geyimi alır. İndi qəribə vəziyyət
yaranıb. Bütün geyimlər
alınıb, ayaqqabıdan
başqa.
Qız hələ
də key-key baxır,
Səfərəlinin ondan
nə kömək istəyəcəyini bilmirdi.
- Qızım, məsələ
belədir ki, toy günü yaxınlaşır,
kürəkən xəstəxanadadır.
Satıcı qız mat-məəttəl
qalmışdı: "Əcəb
işə düşmüşəm...".
- Avtomobil qəzasına düşüb. Şükür sağ-salamatdır. Bircə sol ayağı gipsdədir.
Toy gününə kimi özünə gələr.
Satıcı qızı gülmək
tutdu: "Bu kişi yoxsa məni də toya dəvət
etmək istəyir?".
Səfərəli pərt oldu:
- Gülmə, qızım.
Bax, burada gözüm tutan bir ayaqqabı
var. Onu almaq istəyirəm. Amma ayaqqabı
elə şeydir ki, ayağına geyməyib aldın, səni peşman eləyəcək. Ya ayağına
böyük olacaq, ya da ayağını
sıxacaq. Kürəkəni bura gətirmək mümkünsüzdür. Olarmı beh qoyum, ayaqqabının sağ tayını aparım, ayağına olar, lap yaxşı. Pulun qalanını da verib, o biri tayını
götürərəm.
Səfərəli axır ki, satıcı
qızı başa sala bildi. Qız:
- Dayıcan, bu mənlik deyil. Gərək müdirimizə deyək.
Səfərəli razılaşdı:
- Necə məsləhətdir.
Satıcı qız ayaqqabı şöbəsinə yaxın
gəldi. Səfərəli də onun ardınca.
- Hansı ayaqqabını götürmək istəyirsiniz?
Səfərəli göstərdi. Satıcı qız "Salvatore Ferragamo" firmasına məxsus ayaqqabının
sağ tayını götürüb Səfərəli
ilə birgə şöbə müdirinin
otağına gəldi.
Məsələni müdirə anlatdı.
Şöbə müdiri onu
başdan-ayağa süzdü.
Səfərli şəhərə
gəldiyindən bir az abırlı
geyinmişdi. Müdirin tərəddüd
etdiyini görən Səfərəli tez 50 manat çıxarıb ona uzatdı.
- Uzağı, yarım saata burdayam. Mənə inana bilərsiniz. Ya bu sağ tayı
gətirib 50 manatımı
götürəcəyəm, ya da pulun
qalanını ödəyib
sol tayını da götürəcəyəm.
Səfərəli 50 manatı stolun
üstünə qoydu:
- Amma bir xahişim
var.
Şöbə müdiri baxdı. Səfərəli:
- Bir az güzəşt edərsiniz.
Ayaqqabını qaytarmaq söhbəti
olmayacaq. Gözüm bu
ayaqqabını tutub.
Ölçüdə dəyişiklik
ola bilər.
42 ölçünü götürmüşəm,
ola bilər
kürəkənə 43 ölçü
münasib oldu.
- Yaxşı, dayı, amma sabaha qalmasın.
Bir saata "hə", "yox" cavabını verərsən. Oldumu? İtaliyada ən
yaxşı firmanın
ayaqqabısıdır. 595 dollara satırıq.
Sən
550 dollar verərsən, oldumu?
Səfərəli tez:
- Mən razı. Allah köməyiniz olsun.
O, ayaqqabının sağ tayını götürüb
mağazanı tərk
etdi.
Aradan bir saat, iki saat,
üç saat keçdi. Səfərəlidən xəbər çıxmadı.
Şöbə müdiri
satıcı qızı
yanına çağırdı:
- Səkinə, sənin tanışın gəlib
çıxmadı axı.
Səkinə:
- Vüqar müəllim, o mənim tanışım
deyildi ki. Adi müştəri idi.
Mənə dedi, mən də sizin yanınıza gətirdim.
Vüqar
yerindən dik atıldı:
- Necə yəni tanışın deyildi. Mən tanımadığım adama
elə bir dəyərdə ayaqqabı
verərdim? Elə bildim
onu tanıyırsan.
- Yox, Vüqar müəllim. Harada olsa, gəlib çıxar. Tay ayaqqabı
neyinə lazımdır?
Səkinənin sözləri Vüqarın
ağlına batdı. Siqaret çıxarıb yandırdı:
- İşə düşmədik. Birdən gəlib
çıxmadı. 595
dollar zibilə düşəcəyik.
Rəhbərlik bu pulu sənin, ya da ikimizin
maaşından çıxacaq...
Yaxşı, gözünün yaşını tökmə.
Gözləyək. Ola bilsin bir
iş çıxıb,
sabah gəlməsə,
polisə müraciət
edərik.
Səfərəli ertəsi gün də, sonrakı gün də gəlmədi, elə o gedən oldu. Vüqar müəllimlə,
Səkinə bərk dilxor olmuşdular. İtaliyanın "Salvatore Ferragamo"
ayaqqabı brendinin sol
tayı Vüqarın
otağında idi, sağ tayı isə əlli-ayaqlı yoxa çıxmışdı.
Bu zaman zəng çalındı. Vasif idi. Başqa bir
firma mağazasının şöbə
müdiri. Həyəcanlı
görünürdü:
- Ay Vüqar, başıma iş gəlib.
- Nə iş?
- Bir-iki gün əvvəl geyimli-kecimli birisi mağazamıza gəlmişdi. "Salvatore Ferragamo" italyan firmalı ayaqqabının
sol tayını götürüb
apardı ki, kürəkənim ayağına
geyib yoxlasın, gəlib götürəcəyəm.
O gedəndir, gəlib
çıxmaq bilmir. Vidi-fasonu məni aldatdı. 50 manat da beh qoymuşdu.
Vüqarı gülmək tutdu. Vasif:
- Niyə gülürsən?
Gəlib
çıxmasa, cibimdən
ödəməliyəm.
- Özümə gülürəm,
sənə yox.
- Özünə niyə gülürsən?
- Bilirsən, qardaş, o mənim də başıma elə bir iş gətirib.
Həmin
yaramaz ayaqqabının
sağ tayını məndən, sol tayını
da səndən götürüb. Hərəmizə də bunun müqabilində
50 manat ödəyib.
Görürsənmi, dünyada necə
kələkbaz adamlar
var. 595 dollarlıq ayaqqabı
ona 100 manata başa gəldi.
- Ola bilməz. Polisə şikayət edərik.
Vüqar
qeyri-ixtiyari əlini yellədi:
- Xeyri olmayacaq. Haradan tapacaqlar onu? Hansı rayonu axtarsınlar? Rayon adamına oxşayırdı.
Kim bilir hansı
rayondandır. Çıxıb gedib evinə-eşiyinə.
Yəqin,
bizi aldatdığını
yadına salıb indi gülür.
- Bəs nə edək?
-
Ağlıma bir fikir gəlib. Gəl belə edək. Ayaqqabının sağ tayı səndədir, sol
tayı məndə. Ya mən göndərim sol tayı sənə, ya da sən
ver sağ tayı mənə. Qoyaq piştaxtaya, satılsın.
Ziyanın yarısından qayıtmaq
da xeyirədir.
Səfərəli artıq iki-üç gün idi ki,
rayonda idi. İtaliya markalı
ayaqqabıları büküb
bir tərəfə qoymuşdu. Onlardan heç kim
xəbər tutmamışdı.
Hətta
evdəkilərə də
bir söz deməmişdi, "Gün
gələr lazım olar" - deyə düşünmüşdü.
Akif ABBASOV
Ədəbiyyat qəzeti.- 2023.- 20
yanvar.- S.17.