Azərbaycan mətbuatı:
gizli nəşrlər,
"samizdatlar"
II məqalə
Böyük şair Hüseyn Cavidin də
yazılarında sovet rejimindən ciddi narazılıq məqamları
vardır:
Öylə bir əsr içindəyəm
ki, cahan
Zülmü vəhşətlə
qovrulub yanıyor.
("Peyğəmbər" əsərindən)
"Siyavuş" əsərində
isə şair yazırdı:
Zülmə
qarşı dikbaş və məğrur olun!
Hürriyyət
uğrunda çox cəsur olun!
H.Cavidin "Topal Teymur", "Şeyx Sənan" əsərləri
də hökumət dairələrini ciddi narahat etmişdi.
Dövrün
qəzetləri isə onun əleyhinə belə yazılar
çap edirdi: "Bir az da əski şairlərdən bəhs
edək. Biz güman etmirik ki, Cavad Axundov və Hüseyn Cavid
kimi şairlərdə bu yaxın zamanlarda bir dönüş
əmələ gələcəkdir... Mündəricə
etibarilə bu şairlərin yazıları yeni cəmiyyətin
və yeni Azərbaycan mədəniyyətinin əleyhinədir".
1937-ci ildə
H.Cavid
müsavatçılarla əksinqilabi əlaqələr
yaratdığına, onlarla milli söhbətlər
apardığına görə, qanunsuz əksinqilabi, millətçi
təşkilatda iştirak etdiyinə görə həbs
olunur, sürgünə göndərilir və 1941-ci ildə
orada vəfat edir.
Böyük
şair H.Cavidin
dövrdən
narazılıq əks etdirən və həbsdə olarkən
yazdığı "Allah" əsəri də nəşr
edilməmiş və sonradan akademik Rafael Hüseynov tərəfindən
əldə olunmuş, çapa hazırlanmışdır.
Tanınmış
şair, Azərbaycan İstiqlal Bayrağına mənalı
misralar qoşan Əhməd Cavad Vətəni işğal ediləndən
sonra həsrətlə yazırdı:
Çoxdandır
ayrı düşdüm
Üçboyalı bayraqdan.
A dostlar,
mən yoruldum
Bu gizli ağlamaqdan.
Ə.Cavadın "Göygöl" şeiri isə o
dövrün ən çox səs-küy qoparan əsərlərindən
idi. Şair
yazırdı:
Sənin
gözəlliyin gəlməz ki, saya,
Qoynunda yer vardır ulduza, aya.
Oldun sən
onlara mehriban daya,
Fələk büsatını quralı, Göygöl.
Bu sətiraltı ifadələr diqqətdən
yayınmamış və Ə.Cavada qarşı hücumlar
başlanmışdı. Şeirdə işlədilən
"ulduz", "ay", "yaşıl" sözlərinə
görə şairi ittiham edirdilər (yəni Üçrəngli
Bayrağımızın rənglərinə görə).
Şairin
sovet cəmiyyətindən narazılıq ruhu əsərlərində
əks olunurdu:
"Əyil
Kürüm, əyil keç,
Dövran
sənin deyil, keç!".
("Kür" əsərindən)
Əhməd Cavad 1938-ci ildə güllələndi. Həyat
yoldaşı Şükriyyə xanımı isə həbs
etdilər və 10 illik sürgünə göndərdilər.
Ailənin üç kiçik övladı
atasız-anasız qaldı.
Tanınmış şair Mikayıl Müşfiqin də
yaradıcılığında sovet istila rejimindən
narazılıq motivləri güclüdür. Bu illərdə
Müşfiqin Azərbaycan Milli hərəkatına həsr
edilmiş "Tozanaq" və Nuxa üsyanında (1930-cu ildə
bolşeviklərə qarşı məşhur Şəki
üsyanı - N.Y.) həlak olmuş qəhrəmanların
xatirəsinə həsr olunan "Üsyan" poemaları
xalq arasında geniş yayılmışdı.
M.Müşfiqin 1930-cu illərdə Sovet rejimi əleyhinə
yazdığı və heç yerdə çap olunmayan
"Getdi yurdum yad əllərə" şeirindən bir hissə.
Dərə
dedi: balqanlardan yuvarlandım.
Qolum qırıq, nəyim artıq.
Bir hıçqırıq.
Bu hicran
duyan anlar,
Göz yaşı çağlayanlar.
Ağla dərə,
ağla dərə,
Getdi yurdum yad əllərə.
(N.Yaqublu. "Azərbaycan Milli
azadlıq hərəkatı ensiklopediyası", B.,2018)
Sovet rejimi getdikcə nəzarəti gücləndirir,
ölkə daxilində gizli nəşrlərin
yayılmasına imkan vermirdi. Xüsusən 1937-ci
ildə baş verən repressiyalardan və tanınmış
ziyalıların həbs edilib güllələnməsindən
sonra rejim daha da sərtləşdi.
1937-ci il hadisələrindən sonra Azərbaycanda
gizli nəşr nümunələrinə rast gəlinmir.
1940-1970-ci illərdə isə mətbuata və kitablara
ciddi nəzarət həyata keçirilirdi. Bu illərdə daha
çox nəşr edildikdən sonra müsadirə olunmuş
və yayımı dayandırılmış kitabları qeyd etmək
mümkündür.
Bu mənada akademik Heydər Hüseynovun "XIX əsrdə
Azərbaycanda ictimai-fəlsəfi fikir tarixindən"
kitabı nümunə göstərilə bilər. Kitaba əvvəlcə
Stalin mükafatı verilsə də, sonradan qadağan edildi.
Bir qədər fərqli vəziyyəti şair Bəxtiyar
Vahabzadənin "Gülüstan" poeması ilə də
bağlı söyləmək olar. Həmin əsər "Nuxa fəhləsi"nin iki sayında 1960-cı ilin oktyabrında
çap olunduqdan sonra nəşri dayandırıldı.
"Gülüstan" yalnız 16 il sonra
1988-ci ildə Bakıda "Gənclik" jurnalında
işıq üzü gördü. Əsəri
isə xalq sevir, oxuyur, surətini əl ilə yazır,
köçürür, əzbərləyirdi.
Şair Xəlil Rzanın "Məndən
başlanır Vətən" kitabının isə nəşri
dayandırılmışdı. "Silahlan"
şeiri hakimiyyətdəkiləri narahat etmişdi.
Qeyd edək
ki, Sovetlər Birliyində (o
cümlədən Sovet Azərbaycanında) "Amerikanın səsi"
və "Azadlıq" radiolarını dinləmək
qadağan edilmişdi və buna görə insanlar cinayət məsuliyyətinə
cəlb edilirdilər. Sovet dövlətinin
apardığı əməliyyat nəticəsində
"Azadlıq" radiosu Azərbaycan bölməsinin Baş
redaktoru Ə.F.Düdənginski 1954-cü ilin noyabrında
Almaniyanın Münhen şəhərində qətlə
yetirilmişdi. (Bax: N.Yaqublu. Əbdürrəhman Fətəlibəyli-Düdənginski,
B.,2009, s.10).
Sovet Azərbaycanında dövrdən və mövcud
rejimdən narazılıq ifadə edən bədii yazılara
isə hər zaman rast gəlmək mümkündür. Bu yazılar əsasən
xalq arasında yayılırdı və müəllifi el
şairləri, bəzi hallarda isə aşıqlar idi. Bu qadağan edilmiş şeir nümunələri
onların müəllifinə yaxşı həyat bəxş
etmirdi, əksinə onlar izlənilir, yaxud həbs edilirdilər.
1960-1970-ci
illərdə Azərbaycanda xalq arasında gizli yayılan bir
şeir var idi: "Kommunizmə gedirik biz". Əslində,
sovet rejiminə istehza ruhunda yazılmış bu şeirin
müəllifi uzun müddət bilinmədi.
Bu şeirin müəllifi haqqında müxtəlif
fikirlər var. Şair Dəmir Gədəbəyli isə bu
şeirin ona məxsusluğunu qeyd edirdi.
DTK işçiləri bu şeirin müəllifini
tapmağa çalışırdılar. D.Gədəbəylini
həbs edib altı ay DTK-da saxladılar, işgəncə
verdilər, dırnağını qopardılar və sonda
müstəntiqə etiraf etdi ki, şeirin müəllifi odur.
Həmin şeirdən:
Kommunizmə gedirik biz
Ar-namusu
ata-ata,
Kommunizmə gedirik biz.
Bir-birimizi
sata-sata,
Kommunizmə gedirik biz.
Başımızda
motal papaq,
Əlimizdə
zorba çomaq,
Ağ
şalvarda qara yamaq,
Kommunizmə gedirik biz.
(Bax:
N.Yaqublu. "Azərbaycan Milli azadlıq hərəkatı
ensiklopediyası", B.,2018, s.308)
Tanınmış şair Məzahir Borsunlu
(Daşqın) (1909-1979) da gizli yazılarına görə təqiblərə
məruz qalıb. Legioner olduğuna görə həbs edilmiş
M.Daşqın 1955-ci ildə həbsxanada olarkən "Fələk"
şeirində də Stalin və onun ətrafındakı qatilləri tənqid
edərək yazırdı:
Nə qədər
bir dələduz varsa, yığıb dəstələdin,
Özün tamada oldun, onları da məst elədin.
Alimi,
söz qananı, ey zalım şikəst elədin,
Axıra
şair qaldı, Daşqına da qəsd elədin,
Sənə nifrət eləyir, yaxşı da, həm pis
də, fələk.
Məşhur
el aşığı, Tovuz rayonundan olan Mikayıl Azaflı
(1924-1990) el şənliklərində sovet rejimindən narazılıq ifadə edən
fikirlər söyləyirdi. Qorxu bilməyən
aşıq məclislərin birində "Ağ şalvarda
qara yamaq, kommunizmə gedirik biz" misraları ilə
başlayan şeiri oxuduğuna görə Dövlət Təhlükəsizlik
Komitəsinin qara siyahısına düşmüş və həbs
edilmişdi. Doğrudur, onun həbsi səbəbində
"Oğurluqda və evində silah saxlamaqda təqsirli
bilinib" göstərilsə də, sənətkar dörd il (1961-1964) azadlıqdan məhrum edildi. Əslində isə onu həm də
başqalarını təzyiq altında saxlamaq
üçün həbs etmişdilər.
Aşığın özü isə tutulmaq səbəbini
belə izah edirdi:
Ədalət,
həqiqət carçısı oldum,
Töküldü üstümə günah, amandı.
Aşıq
zindanda olduğu zaman "O mənəm", "Bənzər",
"Deyəmmərəm", "Sən demə",
"Döndü körpələrin qana yaşları"
kimi məşhur qoşmalar yazdı.
Sonradan onun "Zindandan məktublar" adlı kitabı
da çap edildi.
Sovet rejimindən narazılıq ifadə edən, məşhur
şeirlər müəllifi kimi tanınan gəncəli el şairi Məhəmməd
(əsl adı Məhəmməd İbrahimovdur) 1915-ci ildə
Yevlax rayonunun Qəjərlər kəndində anadan olub. 1981-ci ildə
Gəncədə maşınla vurularaq öldürülüb.
O,
şeirlərini "Kəmsavad" təxəllüsü ilə
yazıb.
Şair Məhəmmədin sovet rejimi əleyhinə
çox kəskin şeirləri olub. O, Gəncədə yaşayıb,
ibtidai sinif müəllimi işləyib. Böyük
Vətən müharibəsində bir ayağını itirib
və müharibədən sonra müxtəlif işlərdə
çalışıb. Onun şeirlərindən:
Nə deyəsən?
Müdir
gedir aşxanaya
Düz birbaşa, nə deyəsən?
Heç
baxmayır ahu-vaya,
Gözdə yaşa, nə deyəsən?
Deyirsən
ki, yuxarı get,
Bu əclafdan
şikayət et.
Ordakı
it, burdakı it
Alabaşa nə deyəsən?
(Bax:
N.Yaqublu. "Azərbaycan Milli azadlıq hərəkatı
ensiklopediyası",
B., 2018,
s.318)
Əslən Güneydən olan İsfəndiyar
Coşqunun (Bərxunun) şeirləri də müəyyən
insanlar arasında yayılır və maraqla
qarşılanırdı.
Bu illərdə
İsfəndiyar Bərxu sovet sisteminə qarşı kəskin
şeirlər yazmağa başladı və özünə təxəllüs
də seçdi: "Coşqun".
Bu illərdə yazdığı "Yazmamışam,
yazammaram", "Qorxulu heykəl", "Bəsdir daha
yatdığımız", "Yest takaya partiya",
"Hökmdar" və b. əsərlərində Kommunist
Partiyasını və sovet rejimini ifşa edirdi. İsfəndiyar
Coşqunun "Oyanış" şeiri də çox
maraqlı idi:
Oyanış
Oyanın,
ay camaat!
Bəsdir
daha yatdığımız!
Əli
qoynunda durub,
Dərdə-qəmə batdığımız.
Yığılaq
bir yerə biz,
Düz oturub, düz danışaq.
Çağıraq
gəlsin İvan,
Burda üzbəüz danışaq.
60 ildir o
deyir,
Bir kərə də biz danışaq.
Məlum
olsun ona da,
Əqlə,
huşa çatdığımız!
Oyanın,
ay camaat!
Bəsdir
daha yatdığımız!..
(Bax:
N.Yaqublu. "Azərbaycan Milli azadlıq hərəkatı
ensiklopediyası",
B., 2018,
s.256-257)
Tanınmış yazıçı Fərman Kərimzadənin
ermənilər, xüsusən Andronik əleyhinə bir roman
yazdığı haqqında məlumatlar olsa da, həmin əsər
bu günədək əldə edilməmişdir.
Buraya əlavə edək ki, Sovetlər Birliyi
dövründə görkəmli şəxsiyyətlər
olan Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə,
M.B.Məmmədzadə və digər mətbuat
yaradıcılarımızın adlarını çəkmək,
irsini oxumaq qadağan edilmişdi. Nəticədə, Azərbaycan
insanı "Həyat", "İrşad",
"Füyuzat", "Açıq söz",
"İqbal", "Yeni İqbal", "Azərbaycan",
"Yeni Qafqasiya" kimi əhəmiyyətli mətbuat irsindən
məhrum edilmişdi.
Böyük mütəfəkkir Ü.Hacıbəylinin
redaktoru olduğu "Azərbaycan", "Həqiqət"
qəzetləri isə yada salınmırdı.
Əlavə edək ki, ermənilərin Azərbaycana
qarşı ərazi iddiaları 1980-ci illərdə yenidən
kəskinləşdi və saxtakar erməni
araşdırıcısı Z.Balayan "Ocaq"
kitabını 1984-cü ildə çap edib yaymağa
başladı.
Bu kitaba cavab olaraq yazılan elmi məqalənin
nəşri mümkün olmadığından əlyazısı,
yaxud makinada çap formasında xalq arasında
yayılırdı.
Şair E.Baxışın
Z.Balayana cavab şeirinin nəşri də bir
müddət mümkün olmadığından əlyazısı
formasında yayılırdı:
O nədir
yazmısan, Zori Balayan
"Bala" da bizimdir, "zor" da bizimdir.
Ölmək
istəyirsən, gəl Qarabağa,
Kəfən də bizimdir, gor da bizimdir.
1980-ci illərdə gizli nəşrlər
"samizdat" adı ilə "görünməyə"
başladı.
"Samizdat" - rus mənşəli sözdür,
qısa məzmunda işlədilir. Bu sözün
geniş mənası belədir - "şəxsi, müstəqil
nəşr (ruscası - samostoyatelnoye izdatelstvo). Yəni ədəbi əsərlərin, dini və
publisistik mətnlərin qeyri-rəsmi formada, senzuradan kənar
nəşri və SSRİ-də yayılması
"samizdat" adlanır.
Mətnin surətləri müəllif və oxucular tərəfindən
rəsmi dövlət orqanlarının icazəsi olmadan makina
yazısı ilə, fotoqrafiya və əlyazması üsulu
ilə yayılırdı. Sonradan isə daha
müasir texniki və çap vəsaitlərindən də
istifadə olunmağa başlandı.
Sovet dövlətinin dağılması ərəfəsində
1989-cu ildə ölkədə 323 dövri "samizdat" nəşr
qeydiyyata alındı. Bunlardan 149-u liberal-demokratik, 54-ü
marksist, 33-ü gənclik, 39-u milli, 4-ü pasifist, 36-sı
xristian, 4-ü ekumenik, 2-si krişnaçı, 1-i
tolstoyçu nəşr.
Baxmayaraq ki, "samizdat" sözü XX əsrin
ortalarında yaranmışdı, lakin qədim dövrlərdən
qadağan edilmiş mövzular insanlar arasında şifahi və
əlyazısı üsulunda yayılırdı.
(Ardı var)
Nəsiman YAQUBLU
Ədəbiyyat qəzeti.- 2023.- 20 yanvar.- S.16-17.