"Əbədi təklik", yaxud
"içimdəki həqiqi müəllif"
Marius Çelaru Səlim
Babullaoğlunun rumınca nəşr olunan “Avqust” şeirləri
kitabı haqqında yazır
Rumıniyada nəşr olunan və
əsası 1867-ci ildə qoyulan "Ədəbiyyat söhbətləri"
"Convorbırı literare"
jurnalının (www. www.convorbiri-literare.ro) noyabr 2022-ci il
sayında ("Xarici ədəbiyyat" rubrikasında) Səlim
Babullaoğlunun rumınca nəşr olunan "Avqust"
şeirlər kitabı haqda tanınmış rumın tənqidçisi,
yazıçı, tərcüməçi, "Poeziya"
jurnalının redaktoru Marius Çelarunun "Əbədi təklik",
yaxud "İçimdəki həqiqi müəllif"
başlıqlı yazısı dərc edilib. Yazını
"Ədəbiyyat qəzeti"nin oxucularına təqdim
edirik.
Soruşursuz ki, yazmaq sizin
üçün nədir
və yazmağa nə vaxtdan
başlamısız?
Əlbəttə, yazmaq - ilk
ağıla gələn budur ki,
əl üçün soldan
sağa gəzişmədir.
Daha çox dik, şaquli
keçirdiyimiz narahat,
yorğun ömrü bir az dincəltmə,
yerə sərmədir.
Bəzən də yazmaq - bir az da həyatdan
qisasdır;
qısası, onu dəyişmək
üçün peşədir, ixtisasdır.
Bizim ilk müəllimimiz nitqdir.
Başqa sözlə,
biz yazmağı danışmaqdan
öyrəndik,
yumşaq deməsək,
oğurladıq, köçürdük.
Yəni yazmaq - həmişə həyatdan
plagiatdır.
Səlim Babullaoğlu,
"Müsahibə" şeirindən
"Opera
omnia" kolleksiyasında Valeriu Stankunun rəhbərliyi ilə
çıxan "Dünya poeziyasından" seriyasında
Yaş şəhərində yerləşən "Tipo
Moldova" nəşriyyatında 1972-ci ildə
doğulmuş, Azərbaycan milli poeziyasının "yeni
dalğa"sını təmsil edən Azərbaycan şairi
Səlim Babullaoğlunun kitabı işıq üzü
görüb.
Şair
və essesit olan müəllif region və dilimizlə
yaxından tanışdır (Prut sahillərində, Moldovada,
Rumıniyada, o cümlədən Yaş şəhərində
olub), o həm də tərcüməçidir. O, dünya ədəbiyyatının
Boris Pasternak, İosif Brodski, Zbiqnev Herbert, Çeslav Miloş,
Tomas Tranströmer, Pablo Neruda və digər böyük
imzalarını, bizim şairlərdən isə Arkadi
Suçevyanunu ("Qağayı ilə göndərilən məktub"
toplusu; Qismət Rüstəmovla) tərcümə edib. Səlim
Babullaoğlu çox səyahət edib, əsərləri
müxtəlif dillərə, o cümlədən rumın
dilinə tərcümə olunub. Başqa ölkələrin ədəbiyyatı
ilə yaxından maraqlanır ("Dünya ədəbiyyatı"
jurnalının təsisçisidir). Bir neçə
kitabı nəşr edilib. Bəzi kitabları xatırlatmaq
istərdim, "Tənha" (Bakı, 1996), "İyunda oxunan
nəğmələr" (İstanbul, 2006), "Ürək
döyüntüsünə ithaf" (Vroslav, Polşa,
2007), "Küləyə
qarşı gedən qadın" (Təbriz, İran, 2009) və
sair. İndi isə rumınca kitabı işıq üzü
görüb.
İdeya
yükü baxımından Səlim Babullaoğlu öz
yazı manerasına görə o müəlliflərdəndir
ki, onun poeziyasını simvollar və mənalar arasında
oyunlardan tutmuş, insanın ruh halına təsir edən
situasiyaların izahına, fərd və onun dünyada yeri, həyat
və tənhalıq, ata-oğul münasibəti,
insan-Tanrı münasibətinə qədər bir neçə
aspektdən dəyərləndirmək /oxumaq/ başa
düşmək mümkündür. Bəzi nümunələrə
baxaq. Məsələn, fanilik, həssaslıq, mövcudluq
mövzuları bir neçə şeirdə/situasiyada
müşahidə edilir; keşməkeşli "Təksən"
rədifli şeirdə də "(söhbət "IX hissə"
şeirindən gedir - tərcüməçidən), şəhidlik
zirvəsi və gələcək nəsillərin
gözündə qəhrəmanların obrazından
danışan "Şəhidlər xiyabanı"
şeirində də, "Ey siz, unudulan adamlar" və ya
babaların qəbrini ziyarət edərkən
"başdaşları və ölümün əhatəsində"
kəpənəyi tutmaq üçün qaçan
uşaqlardan bəhs edən "Vizit" şeirində də.
Əlbəttə,
əks qütb kimi olmasa da, yenə də "Oğlumla
söhbət" və "Ata və uşaqlar" şeirlərində
varislik, ailə, ata-oğul münasibətlərini görmək
mümkündür. Bu "varislik" sayəsində əcdadların
yaddaşı yeni nəslə ötürülür, biz bunu
bayaq sadaladığım "Vizit", "Şəhidlər
xiyabanı" şeirlərində də müşahidə
edirik. Və digər mövzular - xeyirlə şərin əbədi
mübarizəsi, yaxud məqsəd/hədiyyə olaraq kiməsə
görə yazmaq/qoşmaq taleyini yaşayanların
("içimdə sonsuz şeir var"), poeziyanın rolu bir
neçə şeirdə diqqət çəkir. Bu şeirlərdə
vacib, gözəl və çətin nələrsə var (bəzən
söz oyunlarında bunlar əhəmiyyətsiz görünə
bilər): "Siz, şairlər! Görünən şeirlərin
xatirinə əşyaları mənasız yerə
dartmayın şeirin içinə"; yaxud bəzən də
ata övladına müraciət edir: "Bilirsiniz, uşaqlar,
atanız şeir yazır və bilir ki, bu heç kimə
lazım deyil". Yaxud "sözlər, ah, sözlər...";
"daxildə/sözlər başqa sözlərdir, hecalar
ağac kimi budana, kəsilə bilər ("sözləri
ağactək budamaq olarmış"), məsələn,
"meteahna"da "ah" var ("hər bir günahda bir
"ah" var, əsas da bu imiş /qalanı bir az səs, bir
az da səssizlik").
Bu
yaxınlarda "Ədəbiyyat söhbətləri"ndə,
amma "Moldova müəllifləri, Moldova nəşriyyatları"
rubrikasında başqa bir azərbaycanlı şair Fərid
Hüseynin "Yaddaşın ibadəti" kitabını təqdim
etmişdim. Nikolae Spatarunun tərcümə etdiyi şeirlər
yeni "Quadrat" nəşriyyatında çap
olunmuşdu. Fərid Hüseyn üçün "xatirələr
düyünü" daha çox uzaqlarla bağlıdır,
hərçənd "evlər"inin izi özünü
göstərir. Səlim Babullaoğluda da uzaqlarla bağlı
çatışmazlıq yoxdur, amma bütün dünya həm
metafora/məcaz, həm "hekayə" kimi təsvir edildiyi
yerin möhürü kimi görünür, o, daha
sıxılmış vəziyyətdədir, bəzən də
hədsiz incə səviyyədə həyat və
insanların bağlı olduqları yerə köklənməsi,
onların keçmişi, bugünü, sabahı, məişəti
və digər aspektlərdə onların gündəlik
obrazları olduğu kimi verilir.
Beləliklə,
Pifaqor, Kamü - "əbədi dərviş", Herostrat,
Nitsşe, Mariya Maqdalena, Hesse və müəllifi qeyd edilməyən
"Mayn Kampf" (oradan şəri çıxmaq şərtilə)
kimi adlar Qalaqayın kəndinə
aid şeirdə (bu adlar üçün mən kitabda
verilmiş, şeirlərin tərcüməçisinin
seçdiyi adlardan istifadə edirəm) yer alıb.
Qalaqayın kəndinin adı qədimlərdən, tarixin tozlu
səhifələrindən gələn çoxlu Azərbaycan
əfsanələri ilə bağlıdır. Məcnun
adı ("Leyli və Məcnun" dastanında "eşqdən
dəli olmuş" mənasında işlənir) əsrlər
boyu bütün Şərqi dolanmış, dünyanın o
biri ucunda sevgi dastanının məşhur personajı və
çox xatırlanan qəhrəmanıdır, Təpəgöz
məşhur Şərq eposu "Dədə Qorqud"dan bir
personajdır (bu personaja kitabda çoxlu göndərmələr
var, ən çox silsilənin ikinci şeirində "Ata və
uşaqlar"da diqqət çəkir, orada başqa
personajlarla da qarşılaşırıq), yaxud o torpaqlara xas
olan tipik küləklər. Gilavar - dənizdən əsən
isti külək, xəzri - şimaldan Bakıya tərəf əsən
soyuq külək. Yaxud azərbaycanlılar üçün
çox vacib olan 1990-cı ilin 20 Yanvar hadisəsi -
insanların sovet qoşunları tərəfindən güllələndiyi
gün, indi də o insanların xatirəsi yad edilir (Şəhidlər
xiyabanında // döşəmə daşlarını
yağış qaraldıb. // Qoca eynəyinin şüşəsində
muncuqlanmış damcıları silir. // Adlar, şəkillər
dəyişir, ölüm tarixləri isə eynidir: // iyirmisi,
birinci ay, doxsanıncı il. // İrəli əyilir, naməlum
şəhid məzarının // qara mərmər lövhəsində
öz əksini görüb diksinir). Gənclər Şəhidlər
xiyabanından keçir, xiyaban onlara nəsə deyə bilər,
yaxud hamısına deyə bilməz. Çünki
"Madam"ın yanında həm də "Həmidə
xanım" da var, yaxud "Nazim Hikmət küçəsi".
Şeirlər
müxtəlif amplitudadadır. Məişət yeknəsəqliyi
(Əyləcin səsi hamını çaşdırdı. /
Sərçə üçün yolun ortasında /
marığa yatan pişik təkərlərin altından
güclə sivişdi. // Silkindi və yenə
oğrun-oğrun marığa yatdı) bəzən qəribə
obraza bürünür (Çirkli paltarlar atılmış
vedrədən köynəyin qolçağı sallanar. /
Görənlər aldanar təsvirə: sanki kimsə
boğulur dənizdə). Hərtərəfli diskursivlik,
geniş nəfəs və məkan, adını kitaba verən
"Avqust" şeirində də hiss olunur (zamanın
çayı ruha daha çox təzyiq edir, fanilik və
heçlik duyğusunun doğuluşuna səbəb olur, bədbəxtlik
sözü / sükutda əbədilik yox olur), yaxud "Təksən..."
şeirində anlayırsan tənhalığa dözməyə
məhkumsan, tənhalıq alın yazısıdır;
"V.S.V.İ." (bu şeir müəllifin "İlk hərfi
itmiş cümlə kitabına "Aprel" adı ilə
daxil edilib - tərcüməçidən) şeiri (Bu apreldə işsizlik /
üfüqi bədənimin / bezgin bir halıdır ki, /
yoxluğunu feilin / ürəklə xatırladır / və
sair və ilaxır), fərdi
yorğunluq deyə biləcəyimiz və gözə
soxulmayan "feilin yoxluğu". Yaxud fikrin başqa səviyyəsində
"Bir dostuma cavab"ın ("Dostuma cavab məktubu"
şeiri nəzərdə tutulur - tərcüməçidən)
içində çoxlu mövzular ("Vətən şərtiliyin
ən gözəli / taleyinə qürbət
yazılanların / yanında deməyin bu sözü";
"Şəkilli kitablarla oynayan dilsiz körpələrdən
heç nə soruşmayın, / qalın kitablardan daha
çox şeyləri / anlatmazmı o sevgili görkəm?!" həyat haqqında olan
"tablo"ya yerləşdirilib. Ağıla gələn
başqa çoxlu suallar, məsələn, vətən nədir,
nə haqqındadır...
Müəllif
tərəfindən incəliklə tətbiq olunmuş metafor
və simvolları görmək Səlim Babullaoğlu
poeziyasını oxumaq üçün istifadə edilən üsullardan
biridir. Bunun vasitəsilə biz geniş spektrli orijinal şeirlər
oxumuş oluruq. Sosial mövzulardan şəxsiyyətin
müxtəlif yönlərinə, ata-oğul münasibətləri,
özünü və tanrını başa düşmək
kimi mövzular onun doğulduğu yerin poeziyası ilə
dünya poeziyasını birləşdirir. Bu, həm də
şairin öz bioqrafiyasını yazmasıdır.
Son
olaraq Azərbaycan ədəbiyyatından bir çox müəllifləri
rumın dilinə tərcümə etmiş Nikolae Spatarunun zəhmətini
qeyd etmək istərdim. Ə.Ol, F.Hüseyn, N.Nəcəfoğlu
bu müəlliflər sırasındadır.
Səlim
Babullaoğlunun rumınca kitabında yer almış
"Müsahibə" şeirindən başqa bir parça
ilə yazını bitirək:
"Hər
gün günəş çıxır və batır,
hər gün yatır və
dururuq.
Hər
gün günaha batır və
hər gün bir az duruluruq.
Soruşursuz
ki, necəyəm?
Əlbəttə: bir az
yaxşı, bir az pis
olardı
bunları bilməmək.
Və bir də inanın, hər
bir kəs -
bir az
hamıdır, bir az heç.
Mən indi nə
deyim sizə?"
Tərcümə: Jalə
İsmayıl
Ədəbiyyat qəzeti.- 2023.- 20 yanvar.-
S.15.