Salam ver
Gördüyün yerləri kökündən
tanı,
Cığıra salam ver, izə salam
ver.
Üzün dar günündə
dərmanın olsun,
Yanağa
salam ver,
üzə salam ver.
Zərif
gözəlliyi həyat
çox sevir,
Həyatın başına üzərrik
çevir.
Yaxşılığı ucalt, pisliyi devir,
Doğrunu salamla, düzə
salam ver.
Göylərin hər yeri torpağa əziz,
Torpağa baxırsan, dalğalı dəniz.
Dünyanın hər yeri müqəddəs, təmiz,
Birə
hörmət göstər,
yüzə salam
ver.
Təzə niyyətlərlə açılır sabah,
Təzə duyğularla əriyir günah.
Hər şeyi bizimçün yaradıb Allah,
Tanrını qucaqla, bizə salam ver.
Ətrafa,
çevrəyə, çərəyə
and iç,
Ürək and yeridi, ürəyə
and iç.
Zəlimxan yediyi çörəyə
and iç,
Zəlimxan dediyi sözə
salam ver.
Döyüşən Türk
Ayaz nədir, şaxta nədir, bürkü nə,
Nə qorxudar haqq yolunda Türkü
nə?
Birə
düşsün düşmənlərin
kürkünə,
Dəniz
kimi dalğalan Türk, çalxan Türk,
Döyüşən Türk, oyanan Türk, qalxan Türk!
Silkələdin göyün yeddi
qatını,
Qucaqladın doğu ilə batını.
Dur yəhərlə ərənlərin
atını,
Dəniz
kimi dalğalan Türk, çalxan Türk,
Döyüşən Türk, oyanan Türk, qalxan Türk!
Sabaha bax, əsr səni
gözləyir,
Qala səni,
qəsr səni gözləyir.
Məhkum
səni, əsir səni gözləyir,
Dəniz
kimi dalğalan Türk, çalxan Türk,
Döyüşən Türk, oyanan Türk, qalxan Türk!
Qılınmasa başımızın çarası,
Silinərmi üzümüzün qarası.
Altay ilə Anadolu arası
Dəniz
kimi dalğalan Türk, çalxan Türk,
Döyüşən Türk, oyanan Türk, qalxan Türk!
Döyüşdədir ağlın, huşun yolları,
Döyüşdədir uçan quşun yolları,
Döyüşdədir qurtuluşun yolları,
Dəniz
kimi dalğalan Türk, çalxan Türk,
Döyüşən Türk, oyanan Türk, qalxan Türk!
Əritmisən əriyəntək qar
suda
Romanı da, Bizansı da, Farsı da.
Qala kimi təzədən qur Qarsı da,
Dəniz
kimi dalğalan Türk, çalxan Türk,
Döyüşən Türk, oyanan Türk, qalxan Türk!
Gilqamışdan, Alpamışdan, Manasdan
Geri qalmaz, dastan olsun bu dastan.
Qurtar bizi bu həsrətdən,
bu yasdan
Dəniz
kimi dalğalan Türk, çalxan Türk,
Döyüşən Türk, oyanan Türk, qalxan Türk!
Hardan hara getdiyini bilən yol,
Üfüqlərə qovuşanda gülən yol,
Atilladan
Atatürkə gələn
yol,
Qalxan olsun, başın üstə, qalxan Türk!
Çanakkala, Malazgirdin davamı
Türk
deyil ki, öz qanından qorxan Türk!
Təmiz
süddən mayalansın,
doğulsun,
Mete kimi, Oğuz kimi bir xan,
Türk!
Yaddaşımda sıralansın, anılsın,
Ərtoğrul bəy, Osman Qazi, Orxan Türk!
Yenə
Tanrı dağlarını
qucaqla,
Dəniz
kimi dalğalan Türk, çalxan Türk,
Döyüşən Türk, oyanan Türk, qalxan Türk!
Bu yaşıl ağacın
altı bizimdi
Kök üstə budağı neçədi, bildim,
Budaqda yarpağı
neçədi, bildim.
Salxımı, saçağı neçədi,
bildim,
Bu yaşıl ağacın
altı bizimdi.
Saçağı tərpənir tellərin
kimi,
Yarpağı oynaşır əllərin
kimi,
Düyməsi açılıb güllərin
kimi,
Bu yaşıl ağacın
altı bizimdi.
Bu sevgi, bu layla,
bu beşik bizim,
Çəkər növbəmizi bu keşik bizim.
Nəyimizə lazım ev-eşik
bizim,
Bu yaşıl ağacın
altı bizimdi.
Su içər sevginin kökü ömürdən,
Sevgi əl üzməsin təki ömürdən.
Xoş bir xatirədi iki ömürdən,
Bu yaşıl ağacın
altı bizimdi.
Könlümüz havalı, gözümüz
də ac,
Gəncliyin havası başımızda
tac.
Bir sənsən, bir mənəm, bir yaşıl ağac,
Bu yaşıl ağacın
altı bizimdi.
Atəş Allahındı, isti
Allahın,
Ocaq Allahındı, tüstü
Allahın.
Bu yaşıl ağacın üstü Allahın,
Bu yaşıl ağacın
altı bizimdi.
Dən kimi səpələ, toxum kimi ək,
Zəlimxan, bu anın ləzzətini
çək.
Hələ bizdən sonra çoxu deyəcək,
Bu yaşıl ağacın
altı bizimdi.
Vəfalıymış
Nə vaxta arxalan, nə baxta aldan,
Nə dövran,
nə də bir çağ vəfalıymış.
Min bir daş ürəkli
dostdan, tanışdan,
Bir daşlı,
qayalı dağ vəfalıymış.
Nə toxa bel bağla,
nə aca söykən,
Nə ada, şöhrətə, nə
taca söykən.
Özün basdırdığın ağaca söykən,
Bağbandan min dəfə bağ vəfalıymış.
Zəlimxan dilində min dürlü
dastan,
Gah toydan söz açar, gah da ki
yasdan.
Bahalı
köynəkdən, əlvan
libasdan,
Kəfən etibarlı, ağ vəfalıymış.
Şahdan gəlib
şaha gedən yoldayam
Dan yerindən əsən mehə bələndim,
Mehdən gəlib mehə gedən yoldayam.
Duru gəlib, duru qalmaq eşqinə,
Şehdən gəlib şehə gedən yoldayam.
Libası
qəm, paltarı qəm, donu qəm,
Günlərimin beşi sevinc, onu qəm.
Bu dünyanın əvvəli
qəm, sonu qəm,
Ahdan gəlib
aha gedən yoldayam.
Yağış mənim, boran mənim, qar mənim,
Uçurum mənim, keçid mənim, dar mənim.
Ucuz yolda nə ölümüm var mənim? -
Baha gəlib,
baha gedən yoldayam.
Lələ mənəm, Kərəm
mənəm, kül mənəm,
Kül içindən
baş qaldıran gül mənəm.
Sevgi adlı şah evində qul mənəm,
Şahdan gəlib şaha gedən yoldayam.
Zəlimxan YAQUB
Ədəbiyyat qəzeti.- 2023.- 20
yanvar.- S.13.