Zəlimxan dediyi sözə salam ver...
21 yanvar Xalq şairi Zəlimxan
Yaqubun doğum günüdür
Osman Sarıvəlli:
Zəlimxanın
şeirləri, əsasən, xalqımızın həyat, məişət
ənənələrindən, onun
yaradıcılığından, şeir dilindən
qidalanır. Müəllifin xalq yaradıcılığına
böyük məhəbbəti, dil, ifadə, ruh
yaxınlığı, forma yaxınlığı folklorun,
aşıq şeirinin əsla kor-koranə təqlid və təkrarı
deyildir, əsərləri mövzuları, fikir və
mülahizələri, arzu və diləkləri etibarilə
tamamilə orijinaldır.
Bəxtiyar Vahabzadə:
Mən "Əlli yaşın dastanı"
poemasının 36 sətirlik "Hardan gəlir Zəlimxan?"
fəslini türk dünyası ədəbiyyat və sənətinin
manifesti, proqramı adlandırardım. Əslində,
Zəlimxan öz proqramında haqlıdır. Çünki bu qaynaqlara söykənmədən
türk dünyasının sənətkarı olmaq
mümkün deyil.
İsa Muğanna:
...Səsimə
səs verənlər həsrəti ilə qocaldım, "Ah
dilində" öz bətnimlə - içərimlə
danışa-danışa tək qaldım. Həmin bu vaxt tənhalıq
qapısına "söz" adlanan möcüzə gəlib,
"saz" adlanan möcüzəsi ilə
qoşalaşıb dedi: "Mən Zəlimxan Yaqubam".
Hüseyn Arif:
Zəlimxanın mayası sazla yoğrulub. Sazın
bağrından qopan od-alovu, simlərdən süzülən
zümzüməni onun şeirlərində eşitmək
olar. Sazla Zəlimxan baş-başa verib
pıçıldaşanda, mənə elə gəlir ki, iki
şeir-sənət vurğunu bir-birilə dərdləşir,
bir-birinin hoyuna çatır, dadına yetir.
Xəlil Rza Ulutürk:
Zəlimxanın nəfəsində bizim milli qəhrəmanımız
Mete dilə gəlir, Türkistan dünyası dilə gəlir. Biz bilməliyik ki, Azərbaycanın
guşədaşı türklükdür... Bizim Türkiyə
və bütün Türkistan dünyasına güvənməyimizdir...
Böyük salonlarda bu eşqi tərənnüm
eləyir Zəlimxan. Ona görə biz Zəlimxanı
təkcə bir ər kimi yox, ictimai ürək kimi
tanımalı, ondan ibrət götürməliyik.
Xudu Məmmədov:
Zəlimxanın şeirlərində Vətən
mövzusu mütləq ölçülərdə təsvir
olunmur, ölçüsüzlüyə çevrilir.
Anar:
İraqa səfərimiz düşür yadıma. Hələ
sonrakı şöhrətinə çatmadığı illərdə
Bağdadda şeir gecəsini aparmağı Zəlimxana
tapşıranda, nümayəndə heyətinə daxil olan
başqa şairlərimizdən narazı qalanlar da oldu. Cəmisi
bir neçə il keçdi və Zəlimxan
narazılıq edənlərin çoxundan daha məşhur,
xalqımız tərəfindən daha çox tanınan və
sevilən şair kimi təsdiq olundu. Amma bütün bu illər
ərzində Zəlimxanın kiminsə şöhrətinə,
fəxri adına, mükafatına
darıldığını, kiməsə həsəd
apardığını, kiməsə ağız
büzdüyünü görmədim...
Zəlimxan
Yaqubun "Sürgün" əsərinin
açdığı mövzulara ədəbiyyatımızda
toxunan olmayıb... Qazaxıstana, Qırğızıstana
sürgün edilmiş Azəri və Axıska türklərinin
faciəsi haqqında bizim ədəbiyyatda ilk əsər Zəlimxanın
poemasıdır...
Elçin:
"Aşıq
Hüseyn Saraclı dastanı"nın
dili - həm nəsrində, həm də şeirində - mənim
içimə, həqiqətən bir fəxarət gətirdi:
nə gözəl, nə zəngin dilimiz var!
...Folklorla
nəfəs almaq - mənim aləmimdə xalqın güzəranına,
məişətinə, etnoqrafiyasına dərindən bələd
olmaq və bunları öz içində yaşatmaq, həmin
xalqın dilini, psixologiyasını ən incə məqamlarına,
ən zərif çalarlarınacan mənimsəmək, hiss
etmək deməkdir.
Bu,
"Aşıq Hüseyn Saraclı dastanı"nın elə bir xüsusiyyətidir ki, onu kitab,
elm, nəzəriyyə vasitəsilə əldə etmək
mümkün deyil, o, necə deyərlər, qanla gəlməlidir,
çünki yalnız bu zaman fərdi istedadın təbii tərkib
hissəsinə, üzvi bir atributuna (genetik atributuna)
çevrilə bilər.
İsa Həbibbəyli:
Bənzərsiz, özünəməxsus əsərləri
Zəlimxan Yaqubun poetik kimliyini müəyyən edir. Hətta onun
poetik nitqi də, şeir demək taktikası da fərqlidir.
Zəlimxan Yaqub möhkəm hafizəsi, qeyri-adi
yaddaşı ilə də fərqlənir. Sənətindəki bənzərsizlik poetik nəfəsindəki
orijinallıqla tamamlanır. Bu mənada Zəlimxan
Yaqubun yaradıcılığı onun sənət pasportudur.
Tofiq Hacıyev:
Türkün cild-cild kitabda deyilməli tarixi
coğrafiyasını, qəhrəmanlar, sərkərdələr
şəcərəsini Zəlimxan bir şeirdə deyib -
onları tutub, hər anın tarixi rəmzini tapıb, türkün
tarixini türk sözünə
sığışdırıb, türk sözünün bədii-estetik
obrazını açıb. "Mete kimi, Oğuz
kimi bir xan, türk!" misra deyil, daşlaşmış etnik
tarixdir, türkün şəxsiyyətinin
açılmasıdır. Bu misra
şeirin içində bir şeirdir.
Məmməd Araz:
Yurdumuzun ən gözəl şairi, ən qüdrətli
oğlu, poeziyamıza qeyri-adi nəfəs gətirən Zəlimxan
Yaqub.
Nəriman HƏSƏNZADƏ
O həqq aşiqiydi
Zəlimxan
qaynadı, daşdı, çağladı,
Onu nəzərində Allah saxladı.
Torpaqdan
qaldırdı, elə bağladı,
Get eldən
xəbər al, torpaqdan soruş.
Açdı
sinəsini o sinədəftər,
Nəfəsi pakıydı, ruhu təzə-tər.
Dilindən
düşmədi Vurğun, Ələsgər,
Nə
dedi, qələmdən, varaqdan soruş.
Türkün
tarixini yazdı, oxudu,
Xınalı sözləri cehiz toxudu.
Əzbər
bilmədiyi şeir yoxuydu,
O, Həqq
aşiqiydi, sən haqdan soruş.
Dilindən
çıxanlar dillər əzbəri,
Səsi ilahiydi, fikri bəşəri.
Şairlər
millətin ən şah əsəri,
O xalq
şairini bu xalqdan soruş.
Sazın
tellərində sözü-söhbəti,
Sevildi əbədi, sevdi əbədi.
Nəydi
gülüşünün şəhdi-şərbəti,
Suyunu içdiyin bulaqdan soruş.
Məzarın
bir isti ana qucağı,
Qoy səni qızdırsın odu-ocağı.
Ürəyin
bütöv bir vətən torpağı,
Fəxri xiyabandan, bayraqdan soruş.
Fikrət Qoca
Zəlimxan
Son
şeirlərindən birində
"Hamı
bu şəhərə dipdiri gəlir,
hamının şəhərdən ölüsü gedir" -
yazmışdı Zəlimxan Yaqub.
Borçalının
Kəpənəkçi kəndindən
Bir oğlandı, uçdu gəldi Bakıya.
Baş
açmadı çoxbilmişlər fəndindən,
Uyuşmadı bu şəhərdə hay-küyə.
Ululardan,
nənələrdən qalana -
- Qəlbindəki
doğma dilə sığındı.
"Keçmiş
olsun" - dedi hər cür olana,
Nə yıxıldı, nə büdrədi, nə
sındı.
Yer
üzünü görmək üçün can atdı,
Az əyləndi,
çox çalışdı, az yatdı.
O
özündən güclü bir Mən yaratdı,
Mən də
mənəm! deyə-deyə Zəlimxan.
Utancaqdı
üzü yerə baxardı,
Xəzan vaxtı xəzəl altda axardı.
Söz
alanda vulkan kimi qalxardı,
Burdan uçdu üzü göyə Zəlimxan.
Bu şəhərdə
şöhrət tapdı, ucaldı,
Heyif, heyif vaxtından tez qocaldı.
El
aşiqi Ələsgərdən tac
aldı,
Burdan
getdi ölməzliyə Zəlimxan!
Mövlud Süleymanlı:
Zəlimxanın
yardıcılığı mənim türkcəmin çox
doğma sözlərindən, duyğularından
hörülüb ki, bu duyğuların, sözlərin minlərlə
yaşı var...
Həsən Həsənov:
Zəlimxan təkcə təbiət şairi kimi yox,
tarixin və gələcəyin taleyi üçün narahat
olan, müstəqillik yoluna çıxan xalqının
müqəddəratına cavabdehlərin sırasında olan
şairlərdəndir.
Musa Yaqub:
Zəlimxan sinəsi dolu şairdir. Hələ
ilk yaşlarından Borçalı elinin saz və söz
adamlarının şirin məclisləri doldurub onun sinəsini.
Ustad aşıqlarımızın hikmət dolu
söz qaynaqları, qocalarımızın yaddaşında
yaşayan və hansı yollarlasa Anadoludan axıb gələn
türkülər, Yunus Əmrə ruhuna bələnmiş
klassik türk-azəri şeiri - bütün bunlar Zəlimxanı
riqqətə gətirib, onun sinəsini doldurub. Bu sinədoluluq ilk dəfə şairin sinəsinə
saz verib, onu göynədib, yanğıladıb,
üzünü Sarvan dağlarına tutub ilk sirrini dindirib, ilk
sözünü o ahəngə qoşub Zəlimxan. Və
sonra birdən görüb ki, ürəyində tam başqa
bir göynərti, başqa bir yanğı da var. O dolu sinədən
yanğılanıb, cilalanıb, çeşmələnib gələn
Zəlimxan Yaqubun ilk misraları idi ki, şairi uğurlu
şeir, sənət yoluna çıxardı, xalqımıza
el nəfəsli, Vətən duyğulu bir şair bəxş
elədi.
Kamal Talıbzadə:
Zəlimxan sazla şeirin ruhunu, mayasını birləşdirən
şairdir. Bu iki sənət dünyasının vəhdəti
Zəlimxan şəxsiyyətində Azərbaycanı təmsil
edir.
Yaşar Qarayev:
Sabit, mütləq dəyərlərin əbədiliyini,
onların baba, əcdad, Yəsəvi, Əmrə
kökünü və başlanğıcını Zəlimxan
bizə yenidən xatırlatdı, ənənələrin
diriliyi və irsiliyi ideyasını tərənnüm etdi.
Vaqif Səmədoğlu:
Qolları azacıq yorulanda Zəlimxanın imdad diləyən
səsini eşitmişəm. Köməyə Azərbaycanı
çağırıb, ana yurdu, el-obası qanad aça bilməyəndə
qəhərlənib. Ancaq özünə,
öz taleyinə kimisə yanmağa, ən yaxın bir
adamı belə ağlamağa qoymayıb. Və bircə kərə də öz səsindən
aşağı enməyib.
Fikrət Sadıq:
Zəlimxan Yaqub bəlkə də, Bakıda ilk şeirlərini
mənə oxuyub. İlkin şeirlərindən onun
şairlik qüdrəti bilinirdi. Onda
uçuşa hazırlaşan qartal balasına bənzəyirdi.
İndi bu qartalın fəth elədiyi səma və yüksəklik
ona layiqdir...
Qəzənfər Paşayev:
Zəlimxan Yaqubun poeziyasında həyat həqiqətdə
olduğundan daha həyatidir. Ən önəmlisi
isə odur ki, onun poeziyası milli oyanışa, milli ruhun təbliğinə,
milli özünüdərkə xidmət edir.
Sabir Rüstəmxanlı:
Coşqun ilhamı, yorulmaz qələmi və yurd sevgisi
ilə dolu ürəyi millət arasında Zəlimxan Yaquba
halal və dilimiz durduqca yaşayan rəğbət və
şöhrət qazandırmışdır.
Səlahəddin Xəlilov:
Zəlimxanın
yaradıcılığının, onun poetik "mən"inin
qiymətini heç kim onun özü kimi
dəqiq və canlı verə bilməz. Bunun
üçün Zəlimxanın Yunus Əmrə haqqında
yazdıqlarını onun özünə aid etmək olar.
Nizami Cəfərov:
Etiraf etmək
lazımdır ki, Zəlimxan Yaqubun
yaradıcılığının miqyasına (və məzmununa)
əhəmiyyətli təsir göstərən ən
mühüm amillərdən biri həmişə xalqla, məşhur
ifadə ilə desək, geniş xalq kütlələri ilə
qırılmaz ünsiyyəti olmuşdur ki, fikrimizcə,
böyük Səməd Vurğundan sonra həmin
ünsiyyət təcrübəsini (məktəbini!)
bütöv bir həyat-yaradıcılıq missiyası (və
mədəniyyəti!) səviyyəsinə qaldıran ikinci Azərbaycan
şairi məhz Zəlimxan Yaqubdur. Xalqına
ürəkdən, canı-qanı ilə bağlı olan, onun
ruhunun tərcümanına çevrilən şairə
böyük ümumxalq məhəbbətinin sirrini də məhz
burada axtarmaq lazım gəlir.
Nizaməddin Şəmsizadə:
Zəlimxan Yaqub mənim qardaşdan əziz dostum idi. Həm ədəbi
dostum, həm əbədi dostum. Sazı
bağrına basanda özündə olmurdu Zəlimxan, ilhamla
ehtizaza gəlir, yerdən ayrılıb səmaya
qalxırdı. Ona görə də səmada Zəlimxan
Yaqub imzası var, onu hər adam görə
bilməz... Zəlimxan Yaqub poeziyası ana dilimizə,
türk dilinə ucaldılmış Söz abidəsidir.
Rüstəm Behrudi:
Zəlimxan Yaqub təkcə Azərbaycanın şairi
deyil.
İstanbuldan Səmərqəndə, Ərdəbildən Dərbəndə,
Borçalıdan Qarabağa, Aşqabaddan Təbrizə
bütün türk ellərinin ruhu çırpınır
onun şeirlərində...
Elnarə Akimova:
Zəlimxan Yaqubun bütün şeirləri ilk növbədə,
milli dil hadisəsidir. Onun mətnlərində dilin bütün
etno-psixoloji ifadə çalarları ehtiva olunur.
Xalqın milli yaddaşı, milli kimlik duyğusu, milli koloriti
və s. Z.Yaqub dilin yaddaş sirrinin qorunmasına çaba
göstərmə özəlliyi ilə seçilir və
milli poeziyamızın dərin qatlarından gələn
duruluğu şeirlərinin ruhuna hopdurmaqla onun şəhd-şirəsini
bir az daha artıq rövnəqləndirmiş
olur.
Zəlimxan Yaqubda vətən sevgisi, torpaq
aşinalığı heç kəsə bənzəməyən
üslubda təzahür edir. Çox sadə, rahat
şəkildə təzahür edən bu sevginin fərqliliyi
də elə məhz sadəliyindədir. Heç
bir kosmetik bəzəyə salınmadan poeziyaya gətirilən
bu şeirləri nəğmə kimi ruhumuza çiləyə
bilirik. Onun poeziyası insan, tarix və
torpağın bir parçasıdır. Köklə
zirvə, dünənlə bu gün arasında bağların
qırılmaz əlaqəsinin ehtiva olunduğu bir parça.
Bu mənada,
mövzusundan asılı olmayaraq, şairin bütün
şeirləri gərəkli və mənalı ömür
idealını əks etdirir.
Elxan Zal Qaraxanlı:
Türkyədəki tədbirlərdən birində
görkəmli şairimiz Çingiz Əlioğlu onu "Azərbaycan
şeirinin imperatoru" kimi təqdim etdi. Bunu sıradan bir adam yox, çağdaş Azərbaycan
şeirinin böyük nümayəndələrindən biri
dedi. İndiki zamanda belə hərəkətlərlə
çox az rastlaşmaq olur. Şəxsi
personaları içində çabalayan əksər
"böyük" ədiblərimiz onlardan sonra ədəbiyyatın
öldüyünü bəyan edirlər. İçi
böyük olmayan heç vaxt böyük şeylər yaza
bilməz. Və başqasını da
etiraf etmək üçün gərək özün
böyük olasan. Çingiz
Əlioğlu Zəlimxan Yaqubu təqdim edəndə Türkiyə
auditoriyasına göstərdi ki, Azərbaycanda böyük ədəbiyyat
da var, böyük kişilər də. Zəlimxan
Yaqub da bu böyük ədəbiyyatı yaradan böyük
kişilərdən biridir. Azərbaycanda
onun kimi ümumxalq məhəbbəti qazanmış az-az
şairlər var.
Mahir Qarayev:
Bu insanın şair qəlbində heç kəsə
qarşı zərrə qədər də olsa kin-küdurət,
paxıllıq hissi yoxdur. Hərdən fikirləşirəm
ki, əgər 30-cu illərdə rəhbərimizin "Ədəbiyyat
üzrə baş məşvərətçisi" Zəlimxan
Yaqub xislətli bir adam olsaydı, bircə
şairimiz də güllələnməz, sürgünə
göndərilməzdi.
Rüstəm Kamal:
Zəlimxan Yaqub istənilən görüşü mərasimə
döndərirdi. Özü də, sözü də mərasimin
cövhəri olurdu. Əslində, Zəlimxan
Yaqubun şeirləri mərasim poeziyasının parlaq örnəkləri
kimi doğulurdu. Mərasim ruhu ən sadə
qafiyələri onun dilində "cezbə gətirirdi". Bu şeirlərin
magik-sehrli gücü də burdan gəlirdi.
Elçin Hüseynbəyli:
Zəlimxan Yaqub vətənimiz qədər zəngin və
qonaqpərvərdir. O bir almazdır, bəzilərinin gözünü
qamaşdırır, bəzilərinin gözünü
sevindirir, bəzilərinin yuxusuna haram qatır. Onun
zərrəcikləri söz olub, adamların qulağına
sırğalanır, damarlarına qarışır, ürəklərinə
hakim olur. Səməd Vurğundan sonra Azərbaycan
poeziyasının ən ilhamlı şairlərindən biri, bəlkə
də birincisi Zəlimxandır. O, bir bulaqdır
qaynayır və tükənmək bilmir... Zəlimxan
bizim qənimətimizdir, xalqımızın qismətidir,
poeziya sevənlərə Tanrının payıdır.
İrfan Ülkü:
Yeni bir
ortaq ədəbiyyat və sənət məkanında artıq
Zəlimxan Yaqub kimi şairlər, yazarlar bu məkanın hasilə
gəlməsində çox önəmli təməl
daşlarıdır...
Zəlimxan Yaqubun açdığı yolun daha da
genişlənərək, uzanaraq XXI yüzildə yeni türk
renessansının yollarına işıq salacağı bizi
ümidləndirir, gələcəyə şövqlə
baxmağımıza səbəb olur.
Nizaməddin Onk:
Sinəsində alov-alov duyğular parlayan Zəlimxan Yaqub
xalqını, millətini sevən insandır. Türkçüdür.
Türk varlığından təsirlənmişdir.
Soyuna, keçmişinə içdən
bağlıdır. O, öz irqinin köklü mədəniyyətə
sahib olduğuna inanmış, könlünü buna
vermişdir.
Azər Turan:
Zəlimxan
Yaqub Saza və İrfana, Məkkəyə və Təkkəyə,
Qurana və Turana, Ruha və Yaddaşa bütövlükdə istinad
edir. Əgər milli-mənəvi dəyərlərimizin bu əsas
qaynaqlarından biri Zəlimxanın düşüncə
sistemində iştirak etməsəydi, onun zehniyyəti millətin
sazı, ruhu, Məkkəsi, təkkəsi, Quranı və
Turanından keçib, ruhani iqlimlərin qovuşağında
qərar tutmasaydı, biz Zəlimxan Yaqub hadisəsinə yəqin
ki, şahid olmazdıq. Sadaladığım
amillərin Zəlimxan Yaqub yaradıcılığında bir
araya gəlib vəhdət kəsb etməsi, şübhəsiz
ki, ötən əsrin son və XXI yüzilin ilk illəri
üçün milli ədəbiyyatımızın gərəkli
hadisəsi olaraq dəyərləndirilməlidir. Zəlimxan bu mənəvi amilləri vəhdət
halında, kompleks şəkildə ədəbiyyatımıza
gətirdi və belə bir yaradıcılıq modeli yeni
dövr poeziyamıza orijinal xüsusiyyətlər
qazandırdı.
Ədəbiyyat qəzeti.- 2023.- 20
yanvar.- S.12-13.