Ulu Öndər Heydər Əliyev müstəqillik
dövrü ədəbiyyatının
memarı kimi
1990-cı
ilin 20 yanvarı Azərbaycan cəmiyyətini silkədi,
ictimai şüurda inqilab oldu. Qarabağ hadisələrinin
yedəyində gələn Millət oyanışı pik həddinə
çatdı.
Bu həm də bütövlükdə sovet rejiminə
qarşı köklənmiş 1960-1980-ci illər ədəbiyyatının
pik və son həddi idi:
Nə
yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa
dur, Azərbaycan, səninləyəm!
Az bir
zamanda (bütün 90-cı illər ərzində)
böyük bir sıra yaradan İstiqlal və 20 yanvar ədəbiyyatı,
şedevrlərindən kütləviliyinəcən, uzun bir
dövrü (1960-1980-ciləri) əhatə edən Müqavimət
və etiraz ədəbiyyatının son ifadəsi oldu:
Azadlığı
istəmirəm
Zərrə-zərrə,
qram-qram
Qolumdakı
zəncirləri qıram gərək
Qıram!
Qıram!
Etiraz ediləsi, müqavimət göstəriləsi
rejim qalmamışdı. Müqavimət hərəkatının
liderlərindən biri elə belə də deyirdi:
"Demişdim ki, bu quruluş dağılacaq..."
Müstəqillik nəfəsi ədəbiyyata yeni hava,
yeni tələbat, yeni tələblər gətirdi. Yağışdan sonra
göbələklər kimi çoxlu manifestlər, ədəbi
bəyanatlar, şüarlar səslənir, təzə-təzə
ədəbi qruplar, estetik "-izm"lər peyda olurdu (bax:
T.Mustafayinin "Ədəbiyyat söhbəti". Bakı,
Alatoran, 2020, s. 12-34). "Köhnəsi" də,
yeniSi də... - Ədəbiyyat alatorandan yollar axtarırdı.
Çox vaxt "yeni"nin harada-necə-nədən gizləndiyini
bilmək, ayırd etmək asan olmadığından, tez bir
zamanda "köhnə"dən qurtulmaq, "xərabələri"
üzərində bayram, şadyanalıq etmək həvəsləri
daha böyük idi. Yeni
"etirazçılar" köhnə rejimi yerində
görməyib, kölgəsini qılınclayır, o cümlədən
"sovetdənqalma" ədəbi təsisatları kor-koranə
hədəfə götürürdülər. Hələ
də oturduğu budağı bir anlıq unudaraq, Azərbaycan
Yazıçılar Birliyini (AYB), hətta bu qurumun
sükanı arxasına keçmiş məşhur
"60-cılar"ı az qala daş-qalaq
edəcəkmişlər. Bir anlıq unudulurdu
ki, həmincə rejimin qəbir qazıyanlarından birisi elə
60-cılar olmuşdur. Unudulurdu ki,
60-cılar bu "sovetdənqalma" bastionu tamlıqda hələ
təzəlikcə, 1987-ci ildə Anarın başa gəlməsi
ilə ələ keçirmiş; rəsmən siyasi müstəqilliyimizdən
də öncə (1991, mart) milliləşdirərək,
"İttifaqdan" (Azərbaycan Yazıçılar İttifaqı)
AYB-yə dəyişmişdilər. Unudulurdu
ki, 1980-ci illər Qarabağ hadisələrinin arxasınca gələn
böyük Müstəqillik hərəkatının
beşiyi başında durmuş və durasılardan birisi elə
AYB olmuş və bu bastion bizə hələ çox
lazım olacaqmış.
Ən nəhayət,
fərqində də deyildilər ki, "ədəbi yenilər"
havada deyil, çox vaxt ədəbi iddialarını, bəyanatlarını,
təzə "-izm" və müstəqillik
sevdalarını elə AYB-nin təşəbbüsü ilə
yaranmış, onun nəzdində yeni qurumlar - Azərbaycan Tərcümə
Mərkəzi, ədəbi orqanları "Xəzər",
"Yol" dərgilərində bəyan və əyan edir,
bir növ yenə də AYB-yə söykənirdilər. Təsadüfi
deyil ki, 1990-cıların ortalarında AYB, onun qurumları və
ədəbi orqanları böhran və demək olar ki,
çıxılmazlıq durumuna düşərkən, onu əvəz
etmək, yerini tutmaq bəyanatları da birdən-birə səngidi,
heç yoxmuş kimi ədəbi mühitdən sovrulub getdi. Ədəbiyyat gölünə sanki daş
atıldı. Görünür,
sütunları sökmək heç də hünər
deyilmiş, təməlində yeniSini qurmaq çətinmiş.
Dağılan onsuz da dağılmış, quruculuq
zamanları gəlmişdi...
Ulu
Öndər Heydər Əliyev iqtidara yenidən gəlişi
ilə, ölkənin vəziyyətini 1993-cü il sentyabrın 20-də Akademiya binasında
ziyalılarla görüşündə belə ifadə
edirdi: "Baxmayaraq ki, indi respublika dağılmış vəziyyətdədir.
Təəssüf ki, dənizdə
qasırğanın dağıtdığı gəmini dalğalar
sahilə atmışdır. Həmin gəmini
yenidən tikmək, elə vəziyyətə salmaq
lazımdır ki, bir daha dənizə çıxa bilsin.
Bəlkə də mən səhv edirəm, lakin Azərbaycan
indi təxminən belə vəziyyətdədir..." (Heydər Əliyev, Ədəbiyyatın yüksək
borcu və amalı. Nitqlər, məruzələr,
çıxışlar. Bakı, "Ozan", 1999,
s.192; Heydər Əliyevdən bütün sitatlar bu mənbədəndir)
Ulu
Öndər ədəbi ictimaiyyətlə sonrakı
görüşlərində, o cümlədən 1997-ci ilin
oktyabrında Azərbaycan yazıçılarının X
qurultayı günlərindəki sıra
çıxışlarında Ədəbiyyat dəryasında
Azərbaycanı xilas edəcək "gəmi"
missiyasında məhz AYB-ni - Azərbaycan Yazıçılar
Birliyini gördü və dövlət
başçısı kimi onu hərtərəfli dəstəklədi:
"Mən hesab edirəm ki, Azərbaycanın
Yazıçılar Birliyi bu altı il müddətində -
keçən qurultaydan indiyə qədər çox iş
görübdür. Yazıçılar Birliyini
qoruyub saxlayıb, onun parçalanmasına,
dağılmasına yol verməyibdir. Axı
Yazıçılar Birliyi də böyük sınaqlardan
keçib. Görürsünüz, bu
altı ildə bizim Azərbaycanın başına nə
işlər gəlibdir. Yazıçılar
Birliyi də bütün imtahanlardan, sınaqlardan
keçibdir. Ona görə də şəxsən
mən belə hesab edirəm ki, bunu yüksək qiymətləndrmək
lazımdır. Yazıçılar Birliyinə rəhbərlik
edən şəxslərin fəaliyyətini yüksək qiymətləndirmək
lazımdır..." (s.410)
Ulu
Öndər Azərbaycan milli-ictimai və mədəni-mənəvi
şüurunun inkişafında AYB-nin tarixi roluna önəm verdi, onu heç vəchlə itirməməyə
çağırdı: "...Yazıçılar
İttifaqının yaşamasında bir neçə nəsil
öz xidmətlərini göstəribdir.
Yazıçılar İttifaqı yazıçıların
yaşaması, inkişaf etməsi, yaradıcılıqla məşğul
olması üçün çox işlər
görübdür... Mən bunu dünən də dedim, bizim
keçmişdə yaranmış adət-ənənələrimiz
çox gözəldir və biz onları itirməməliyik,
saxlamalıyıq, onlardan bu gün də, gələcəkdə
də istifadə etməliyik. "Keçmişdə nə
vardı, hamısını pozmaq, yenidən yaratmaq
lazımdır" kimi cılız fikirlər fəlakətdən
başqa heç bir şey gətirə bilməz..." (s.
390)
AMEA Nizami
Gəncəvi adına Ədəbiyyat
İnstitutunun hazırladığı "Müstəqillik
dövrü Azərbaycan ədəbiyyatı" ikicildliyində
oxuyuruq: "1990-cı illərin ortaları üçün
olduqca çətin durumda olan Azərbaycan
Yazıçılar Birliyinə Heydər Əliyev Dövlət
himayəsini bərpa etdi. Birliyin əsas nəşrləri
- "Ədəbiyyat qəzeti" və "Azərbaycan"
jurnalının dövlət hesabına çıxması təmin
olundu. C.Məmmədquluzadə, H.Cavid,
S.Vurğun, S.Rüstəm, R.Rza, İ.Əfəndiyev və b.
XX əsr ədəbiyyatı korifeylərinin yubiley mərasimlərinin
də təntənəli surətdə qeyd olunması ədəbiyyata
ümumxalq sevgisinin qaytarılmasında böyük rol
oynadı. Heydər Əliyevin klassiklərlə
yanaşı, müasir yazıçıları da dəyərləndirməsi,
B.Vahabzadə, X.R.Ulutürk kimi canlı klassiklərə xəstə
ikən baş çəkməsi, qayğı göstərməsi,
M.Araz, M.Dilbazi, Anar, Y.Səmədoğlu, M.İbrahimbəyov və
b. yazıçıların yubileylərində
iştirakı, Xalq yazıçısı fəxri adı,
İstiqlal və Şöhrət ordenləri ilə təltif
etməsi də ədəbiyyata diqqətin
qayıtmasını nümayiş etdirirdi. Ümummilli liderin
1997-ci ilin oktyabr ayında keçirilən Azərbaycan
Yazıçıları Birliyinin X qurultayında şəxsən
iştirakı, qurultaydan qabaq Prezident İqamətgahında
yazıçıların nümayəndələri ilə, həmçinin
ədəbi gəncliklə səmimi görüşləri ədəbi
ictimaiyyətdə böyük ruh yüksəkliyi
yaratdı" (Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı.
İki cilddə. I cild.
Bakı, "Elm və təhsil", 2016, s. 73)
Ulu Öndər Heydər Əliyev istər sovet dönəmində,
istərsə də müstəqillik illərində Cəmiyyət
həyatında Ədəbiyyata, sənətə son dərəcə
önəm vermiş, böyük təsir gücündən
milli tərəqqi naminə, dövlətçiliyin
inkişafında daim faydalanmışdır. Dünyaşöhrətli
klassiklərin - Nizami Gəncəvinin 840, İmadəddin Nəsiminin
600 illik yubileylərinin ümümxalq bayramı kimi,
İttifaq və UNESKO səviyyəsində təşkili ənənəsini
Ulu Öndər, ictimai-siyasi həyatdakı bütün
çətinliklərə baxmayaraq, müstəqillik illərində
də bərpa və davam etdirdi. Müstəqilliyin ilk
onilliyində böyük Azərbaycan şairi Məhəmməd
Füzulinin 500 illik yubileyinin 1994-1996-cı illərdə
Bakıda, Türkiyədə, İraqda, Moskvada, Parisdə,
"Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyinin 1997-2000-ci
illərdə Bakıda, Türkiyədə, Drezdendə, Parisdə
UNESKO səviyyəsində geniş qeyd olunması cəmiyyət
quruculuğunda klassik dəyərlərə geniş yer verməklə
yanaşı, mahiyyətcə həm də Azərbaycan ədəbiyyatı
və mədəniyyətinin millli tarixi kontekstlərini
dirçəltməyə yönəlmişdi.
Ulu
Öndər deyirdi: "Doğrudur, tarixin cürbəcür mərhələlərində
ədəbiyyatın çox güclü inkişaf
dövrü də, süqut dövrü də olubdur. Biz enişli-yoxuşlu bir tarix keçmişik, ancaq ədəbiyyatımız
yaşayıbdır. Əgər indi biz "Kitabi-Dədə
Qorqud" dastanının 1300 illiyini qeyd ediriksə və bunu
bütün dünyaya bəyan ediriksə, demək, bizim bədii
sözümüzün 1300 illik tarixi göz
qabağındadır. Ədəbiyyatı,
şeiri, bədii sözü yaradan insanlar, şübhəsiz
ki, fitri istedada malik olublar. Onlar xalqına,
millətinə, dilinə, dininə, milli ənənələrinə
sadiq insanlar olublar, yazıblar, yaradıblar. Ona görə də bizim ədəbiyyatımız
daim yaşayacaqdır. Ayrı-ayrı dövrlərin
çətinlikləri ədəbiyyatı heç vaxt nə
söndürə bilər, nə öldürə bilər, nə
də onu zəiflədə bilər" (s. 398)
Ulu Öndər Heydər Əliyev milli müstəqillik
hərəkatında, ictimai-siyasi müstəqilliyimizin
qazanılmasında ədəbiyyatın əvəzsiz rolunu
yaxşı bilir və bunu dəyərləndirirdi. Xalq şairi Məmməd
Arazın yaradıcılıq gecəsindəki
çıxışında deyirdi: "Uzun müddət Azərbaycanda
olmadıqdan sonra, 90-cı ildə Azərbaycana
qayıtdıqdan sonra hara gedirəm - Məmməd Arazın
şeirləridir, Bəxtiyar Vahabzadənin şeirləridir. O
vaxt bizdə çox coşqun ictimai-siyasi vəziyyət
yaranmışdı. İnsanlar 20 Yanvar hadisələrindən
sonra çox coşmuşdular. Çox
inciklik vardı cəmiyyətdə. Eyni
zamanda milli azadlıq ruhunda fikirlər daha da açıq
deyilirdi. Hər yerdə Məmməd
Arazın, Bəxtiyar Vahabzadənin şeirləri oxunurdu.
Başqalarının da..."
Xalq
şairi Bəxtiyar Vahabzadə ilə söhbətində məxsusi
vurğulayırdı: "Bu söhbəti sən saldın və
mən də bir daha deyirəm ki, Azərbaycanın müstəqilliyi
uğrunda mübarizədə Bəxtiyar Vahabzadənin xidmətləri
böyükdür. Ölkəmizin, xüsusən
o çox gərgin vəziyyətində siz vətəndaşlıq,
ziyalılıq cəsarəti göstərmisiniz. Ona
görə də nə mən, nə də xalqımız
bunu unuda bilmərik və onu yüksək qiymətləndiririk..."
Xalq
şairi Xəlil Rza Ulutürklə vida mərasimində fərdi
duyğu və yaşamlarını bildirməklə
yanaşı, Ulu Öndər ədibin ictimai siqlətini, vətən,
xalq qarşısında xidmətlərini ümdə olaraq
qabardır: "O, daim Aərbaycanın müstəqilliyi
duyğuları ilə yaşamış, həyatının
şüurlu hissəsini buna nail olmağa sərf etmiş,
böyük xidmətlər göstərmişdir. Allaha
şükürlər olsun ki, o, Azərbaycanın müstəqilliyinin
şahidi olmuş, bunu görmüşdür... Güman edirəm ki, Xəlil Rzanın parlaq həyatı,
onun böyük vətəndaşlığı, milli
azadlıq uğrunda mübarizliyi bütün azərbaycanlılar
üçün nümunə olacaqdır. Əminəm
ki, Xəlil Rza Azərbaycan xalqının qəlbində daim
yaşayacaqdır..."
Ulu
Öndərin təsis etdiyi Müstəqil Azərbaycan
Respublikasının ən ali
"İstiqlal" ordeni ilə ilk olaraq bu üç
şairi təltif etməsi də ədəbiyyata verdiyi önəmin
bariz ifadəsi idi: "Bildiyiniz kimi, müstəqil Azərbaycanın
ən yüksək ordeni "İstiqlal" ordenidir. İndiyə qədər bu ordenlə heç bir vətəndaş,
heç kəs təltif olunmayıbdır. Dünən
isə mən fərman verərək Bəxtiyar Vahabzadəni,
Məmməd Arazı, mərhum Xəlil Rzanı
"İstiqlal" ordeni ilə təltif etmişəm. Bu bir təsadüf, yaxud ki, birdən meydana
çıxmış, mənim tərəfimdən birdən
qəbul olunmuş qərar deyil. Bu haqda mən
çox düşünürəm. O mənada ki, biz
milli azadlığımız uğrunda
çalışmışıq, vuruşmuşuq, mübarizə
aparmışıq..."
Ulu
Öndər Heydər Əliyev müstəqillik hərəkatında
"60-cılar"ın rolu və ictimai çəkisinə
xüsusi diqqət çəkir, yubiley tədbirlərində
və təbriklərində Yusif və Vaqif Səmədoğlular,
Anar, Elçin, Maqsud və Rüstəm İbrahimbəyovların
timsalında bu ədəbi nəslin tarixi xidmətlərini
ümumən və ayrı-ayrılıqda dəyərləndirirdi.
Yusif Səmədoğlu ilə görüşdə deyirdi:
"O vaxt - yanvarın 20-də mən çox həyəcan
içində idim. "Azadlıq"
radiostansiyasının verilişlərini tutdum və o
verilişlərdən Azərbaycanda olan vəziyyəti
özüm üçün müəyyən qədər
aydınlaşdırdım. Xatirimdədir,
Yusifin səsi ilə - yəni o, telefonla bəyanat vermişdi,
- məlumat verdilər. O, Sovetlər
İttifaqının böyük qoşun hissəsinin
Bakıya girməsini "Azadlıq" radiostansiyasına
telefonla nə qədər həyəcan hissi ilə bildirirdi. Qoşunların vəhşiliyindən, təcavüzkarlığından
danışırdı. Mən bunları
"Azadlıq" radiostansiyasından Yusifin səsi ilə
özüm eşitdim... Güman edirəm ki, təkcə bu
yox, - bu sadəcə mənim şəxsən hiss etdiyim bir
hadisədir, haldır, - ancaq Azərbaycanın o ağır
dövründə, 20 yanvar faciəsi ərəfəsində
və 20 yanvar faciəsi zamanı o aylarda, o illərdə Yusif
Azərbaycanın milli mənliyini qorumaq sahəsində
çox fədakar şəxslərdən biri idi və onun
siyasi fəaliyyəti, ictimai fəaliyyəti çox
olubdur..."
Xalq
yazıçısı İsmayıl Şıxlı ilə
vida mərasimində Ulu Öndər 20 yanvarı bir daha
xatırlayır, yaradıcılığı ilə birgə
ədibin ictimai fəaliyyətini də yüksək dəyərləndirirdi:
"Ancaq mən Azərbaycanın məhz ağır
dövründə - 1990-cı il Yanvar faciəsi dövründə
İsmayıl Şıxlının ictimai-siyasi və vətəndaşlıq
fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Bəli, o dövr çox ağır idi. İnsanlar böyük faciə içərisində
idilər. Müdriklik, eyni zamanda qabağa
çıxıb xalqa yol göstərmək lazım idi.
Cəsarət lazım idi. Elə şəxslərdən
biri İsmayıl Şıxlı olmuşdur..."
Bütün tarixi xidmət və dəyərlərlə
yanaşı, Heydər Əliyevi başqa sahələrdə
olduğu kimi, ədəbiyyatın da bugünlüyü,
müasirliyi, günün tələblərinə cavab verməsi
məsələsi daha çox düşündürür, məşğul
edirdi.
Dövlət və ədəbiyyat münasibətlərinə
həssas yanaşan Ulu Öndər yazıçıların
1997-ci il X qurultayında özünün də
vurğuladığı kimi, hələ sovet dönəmindən
V, VI, VII... - bütün qurultaylarda iştirak edərək,
proqram çıxışlar etmiş, ədəbiyyat
qarşısında ciddi milli və dövləti tələblər
irəli sürmüşdür. Lakin müstəqillik illərində
keçirilən ilk qurultayı Ulu Öndər məxsusi
ayırır, deyirdi: "İndi isə bizim bu
qurultayımız tamam başqa bir şəraitdə
keçir. Keçmiş zamanlarda nə qədər
böyük nailiyyətlər əldə etmişiksə də,
mən hesab edirəm ki, bu qurultay indiyə qədər olan
bütün qurultaylardan, yazıçıların
toplantılarından, konqreslərindən - hamısından
üstündür. Çünki müstəqil
Azərbaycan Respublikasının sərbəst
yazıçıları müstəqil dövlətimizdə
özlərinin ilk qurultayına toplaşmışlar.
Bu, çox sevindirici haldır..." (s. 418)
Müstəqillik,
sərbəstlik faktoruna xüsusi diqqət yönəltməklə
Ulu Öndər Heydər Əliyev yeni dövrün xarakterini,
buna uyğun ədəbiyyatın yeni səciyyəsi və vəzifələrini
vurğulamağa çalışırdı: "Bu, müstəqilliyimizin
bizə verdiyi töhfələrdir ki, biz indi artıq heç
kəsdən, heç bir mərkəzdən, ideologiyadan
asılı olmayaraq, özümüz sərbəst olaraq həyatımızın
hər sahəsini araşdırırıq, o cümlədən
öz ədəbiyyatımızı, mədəniyyətimizi
istədiyimiz kimi müzakirə edirik və istədiyimiz
istiqamətdə aparırıq. Bu azadlıq, sərbəstlik,
müstəqillik əvəzsiz bir nemətdir. Ona görə
də bu qurultay başqa qurultayların davamı olmaqla
yanaşı, onuncu qurultaydır və əvvəlki doqquz
qurultayın hamısından üstündür..." (s. 418)
Heydər
Əliyev Azərbaycan yazıçısını həmişə
sərbəst, yaradıcı, demiurq görmüşdü,
indi yaranmış tarixi fürsətdən daha da artıq
yararlanmasını istəyirdi: "İndi Azərbaycan
müstəqil dövlətdir. Müstəqillik
Azərbaycan üçün böyük tarixi hadisədir,
taleyin xalqımıza verdiyi böyük bir fürsətdir.
Şübhəsiz ki, biz bununla fəxr etməliyik... Bu, tarixin, taleyin xalqa bəxş etdiyi böyük
bir nemətdir. Biz bunu qiymətləndirməliyik.
Ancaq müstəqilliyi əldə etmək siyasi
nöqteyi-nəzərdən o demək deyil ki, müstəqillik
tamamdır və dönülməzdir. Müstəqilliyi
inkişaf etdirmək, möhkəm saxlamaq, bütün sahələrdə
tətbiq etmək lazımdır..." (s. 175-176)
Müstəqillik platforması Ulu Öndərin müstəqillik
dövrü ədəbiyyatı üçün irəli
sürdüyü başlıca və demək olar ki, yeganə
universal tələb idi; sonrakı ədəbi-bədii
inkişafın istiqamətini də məhz bu universium diktə
etdi. Ulu
Öndər deyirdi: "Fikir azadlığı, söz
azadlığı bizim həyatımızın əsasını
təşkil etməlidir. Kim nə cür
düşünür, o cür düşünsün. Heç kəsi məcbur etmək olmaz. Sadəcə, biz çalışmalıyıq ki,
öz fikrimizin daha doğru, düzgün olduğunu sübut
edək və insanları bu fikrə şüurlu inandıraq.
Amma hökm etmək ki, sən bunu demə, onu de, bunu de - bu,
artıq mümkün deyildir..." (s. 381).
Ulu
Öndər müstəqillik ədəbiyyatında hər
hansı qatı ideologiyadan, qadağalardan, qəliblərdən
azad böyük yaradıcılıq potensialını
görür və bunu birbaşa yazıçılara da təlqin
etməyə çalışırdı: "Keçmiş
qurultaylardan fərqli olaraq, görürsünüz ki, mən
sizə "hansı mövzuda yazmalısınız, nə
cür yazmalısınız" kimi göstərişlər,
heç məsləhətlər də vermək istəmirəm.
Vermək istəmirəm, heç olmayacaq da.
Siz tam sərbəstsiniz, azadsınız və sərbəstlik,
azadlıq şəraitində nə cür istəyirsinizsə,
o cür yazın. Hansı mövzunu
götürürsünüz, götürün, sizin öz
işinizdir. Dövlət bu işlərə
qarışmayacaqdır. Mən bunu sizə tam qətiyyətlə
deyirəm..." (s. 435)
Ulu
Öndərin müstəqillik quruculuğunun lap
başlanğıcında vəd etdiyi azad ədəbi
mühit postulatı sonrakı gedişatda da özünü
doğrultdu, avtoritar yanaşmadan differensiallaşmaya, çoxsəsliliyə
doğru müstəqillik ədəbiyyatının rəngarəng,
hərtərəfli inkişafına rəvac verdi.
"Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı"
ikicildliyində oxuyuruq: "Heydər Əliyevin Azərbaycan
Yazıçılarının 1997-ci ildə keçirilən
X qurultayındakı nitqi nəinki müstəqillik
dövrü ədəbiyyatının qarşısında
duran fərqli tələb və vəzifələrə
aydınlıq gətirmiş, eyni zamanda bu ədəbiyyatın
ümumi parametr və istiqamətlərini də görməyə,
müəyyənləşdirməyə zəmin olmuşdur. Yaradıcılıq sərbəstliyi, plüralistik ədəbi
mühit, modern estetika tələbləri ilə yanaşı,
yeni ədəbiyyatın ideya əsasının sağlam təmələ
söykənməsi, Azərbaycançılıq məfkurəsinə
əsaslanması ulu öndərin yazıçılara verdiyi
ümumi tövsiyyələr idi. Heydər Əliyev
müstəqillik illəri ədəbiyyatının keyfiyyət
fərqinə diqqət yönəltmiş, sovet dönəmindən
fərqli olaraq, ədəbiyyata total sifarişin
lazımsız və mümkünsüz olduğunu
bildirmişdir." (Müstəqillik
dövrü Azərbaycan ədəbiyyatı. İki cilddə. II cild.
Bakı, "Elm və təhsil", 2016, s. 7)
Bununla belə,
yaradıcı sərbəstlik heç də dəyərlərə
toxunmamalı, milli kanonlarını: Dil, Vətən, Millət
dəyərlərini daim tanımalıdır. Bu məqamların
hər birinə ayrıca önəm verərək, Ulu Öndər
deyirdi: "Ancaq hesab edirəm, bir məsələdə siz
daha da yaxından iştirak etməlisiniz. Bu məsələ
də Azərbaycanın ərazi bütövlüyünün
bərpa olunması, işğal edilmiş torpaqlarımızın
azad olunması, Azərbaycanın qüdrətli ordusunun
yaradılması, Azərbaycan vətəndaşlarının
hərbi vətənpərvərlik, ümumiyyətlə vətənpərvərlik
ruhunda tərbiyələndirilməsi, Azərbaycan gənclərinin
hərbi vətənpərvərlik ruhunda tərbiyəsinin
möhkəmləndirilməsidir. Bu çox vacibdir,
çox lazımdır..." (s. 435)
Ulu Öndər yazıçılara başlıca
tövsiyyəsi, istəyində də
yanılmamışdır. Bugün artıq danılmaz
faktdır ki, otuz il ərzində
Qarabağ müharibəsi mövzusu müstəqillik
dövrü ədəbiyyatının baş istiqamətini təyin
və təşkil etmiş, 2020-ci ilin Vətən müharibəsində
tarixi qələbənin qazanılmasında üzərinə
düşən missiyanı yerinə yetirən ədəbiyyat
da öz payını vermişdir.
"Mədəniyyət, ədəbiyyat gərək
daim dövlətlə bir yerdə olsun..." - söyləyən
Ulu Öndər, şəksiz ki, başlıca olaraq kanonik ədəbiyyata
önəm verir, məhz buna görə ədəbi prosesdə
Yazıçılar Birliyinin flaqmanlığını dəstəkləyirdi. 1997-ci ilin oktyabrı,
qurultayqabağı gənclərlə görüşündə
deyirdi: "İndi də biz tariximizin çətin, mürəkkəb
keçid dövrünü yaşayırıq. Çox sevindirici haldır ki, bu dövrdə də
bizim yazıçılar nəsli daim yaşayır,
yaradır, nəsillər arasında boşluq yoxdur. Dünən mənə dedilər ki,
Yazıçılar Birliyinə üzv qəbul olunmaq
üçün 100-dən artıq müraciət var. Bu,
sevindirici haldır. Çünki indi
yazıçıların sosial vəziyyətinə
qayğı və yaxud maddi inkişaf keçmişə nisbətən
çətinləşib, yaxud da yox dərəcəsinə gəlib
çatıbdır. Amma belə bir vəziyyətdə
yazıçı və şair olmaq, özünü bu sənətə
həsr etmək, yazıçılar ittifaqlarının bəzi
yerlərdə hətta dağıldığı halda bu
ittifaqa qəbul olunmaq, ona üzv olmaq istəyən gənclər
Azərbaycanda çoxdursa, bu, mədəniyyətimiz və ədəbiyyatımız
üçün olduqca sevindirici haldır" (s. 397)
Ulu Öndər Heydər Əliyev bu prosesi yalnız mənəvi
dəstəkləməklə kifayətlənmədi, müstəqillik
quruculuğunun hələ ilk addımlarından müstəqil
ədəbiyyat quruculuğuna da real yardımlar göstərdi. Gənclərlə
görüşdən sonra digər jurnallarla yanaşı,
"Ulduz" jurnalının ardıcıl nəşri də
bərpa olundu; gənclərə illik Prezident təqaüdü
təyin olundu: "Siz bunu da fikirləşin, bəlkə, ola bilər, məsələn, bir, beş ya on
nəfərə bir il müddətində məvacib təyin
edək, baxaq görək onlar bu müddətdə hansı əsərləri
yazacaqlar. Əgər yazdı, verdi,
mükafat da vermək, məvacibin vaxtını da uzatmaq olar.
Amma yazmadı, - yox, pulu geri almayacağam, sadəcə olaraq
pul batacaq..." (s. 408-409) Az sonra Prezident Təqaüdçüləri
sırasından çap olunan on kitab Ulu Öndər
ideyasının yaradıcı bəhrəsi olmaqla
yanaşı, bugün müstəqillik dövrü ədəbiyyatının
ilk sıralarını təmsil edən Salam Sarvan, Orxan Fikrətoğlu,
Qulu Ağsəs, Akif Əhmədgil, Əhməd Oğuz,
Mübariz Cəfərli, Fəxri Uğurlu, Qurban və b.
imzaları ədəbi ictimaiyyətə geniş
tanıtdı.
Ümumən,
Ulu Öndər ədəbiyyatda "iqtidar-müxalifət"
qarşıdurmasını qəbul etmirdi; ədəbi gəncliklə
görüşün sonunda post-faktum baş vermiş epizodda
onun özünəxas genişqəlblilik və təbəssümlə:
"Şairin nə iqtidarı, nə müxalifəti"
söyləyib "müxalif düşüncəli" hesab
olunan məşhur şairin problemini yerindəcə həll
etməsi görüş iştirakçılarının
yadında olmalıdır. Yaxud 1997-ci ilin oktyabrı,
qurultayqabağı "Ədəbiyyatımızın
yaşlı nəslinin nümayəndələri ilə
görüş"də 1988-ci il meydan
hadisələrini anaraq, Sabir Rüstəmxanlıya dediyi
sözlər: "Mən Moskvada yaşayırdım, bəzən
meydandakı mitinqi Moskva televiziyası göstərirdi. Səni orada tribunada görəndə mən
sevinirdim. Çünki yadımdadır, mən burada
işlədiyim zaman sən gənc yazıçı, şair
kimi, ümumiyyətlə, bizim cəmiyyətdə, o cümlədən
mənim nəzərimdə çox hörmətli bir adam idin. Görəndə ki, Sabir Rüstəmxanlı
xalqın qarşısında çıxış edir və ədalətsizliyi
ittiham edir, bu məni sevindirirdi..." (s. 386) Və şairin
yaradıcılığına verdiyi yüksək qiymət:
"Sabir Rüstəmxanlının da xatirindən
çıxmayıb ki, biz onun 50 illik yubileyini təntənə
ilə keçirdik, bəli, hamımız birlikdə, - siz də,
mən də birlikdə. İndi az-az olur ki, 50
illik yubiley keçirilsin, elədir, yoxsa yox? Olmamışdır? Hər şeydə bir
kosmonavt olmalıdır" (s. 388-389)
Ulu Öndərin ədəbiyyat kursunun nə qədər
doğru, ardıcıl, məqsədyönlü
olmağını bugün biz müstəqillik dövrü ədəbiyyatının
dirçəlişi, hərtərəfli inkişafı,
mütənasüb formatında da görürük. Əgər 1998-ci il 23 may
Prezident fərmanı ilə Ulu Öndər Heydər
Əliyev fəxri adları bərpa edərək, Hökumə
Billuri, Fikrət Qoca, Söhrab Tahiri "Xalq şairi",
Anar, Elçin, Yusif Səmədoğlu, Hüseyn İbrahimov,
Maqsud İbrahimbəyov və b.-larını "Xalq
yazıçısı" adına layiq
görmüşdüsə, ədəbiyyatımızın
bu elit sırasında bugün həmçinin: Vaqif Səmədoğlu,
Cabir Novruz, Musa Yaqub, Zəlimxan Yaqub, Nəriman Həsənzadə,
Sabir Rüstəmxanlı, Ramiz Rövşən, Vahid Əziz,
Mövlud Süleymanlı, Kamal Abdulla, Çingiz Abdullayev, Afaq
Məsud, Elmira Axundova, Natiq Rəsulzadə adlarını da
görürük.
1 mart
2019-cu il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin
bir qrup yaradıcı ziyalılarla görüşündə,
AYB-nin sədri Anar deyir: "Cənab Prezident, mən, ilk
növbədə, Sizə təşəkkür etmək istəyirəm
ki, iş qrafikinizin gərgin olmasına baxmayaraq, bizə vaxt
ayırmısınız və bizimlə
görüşürsünüz. Başqa
yaradıcılıq təşkilatları kimi,
Yazıçılar Birliyi də Sizin daim
qayğınızı və diqqətinizi hiss edir.
Yazıçılara - 50 nəfər yaşlı, 20 nəfər
cavan yazıçıya Prezident təqaüdünün təyin
olunması, 5 il bundan qabaq 80 illiyimizin geniş qeyd edilməsi,
Yazıçılar Birliyinin binasının təmiri, klassiklərimizin
və müasir yazıçılarımızın yubileyləri
bu qəbildən olan işlərdir... Dekabr
ayında Siz məni qəbul etdiniz və mən
Yazıçılar Birliyinin bir çox təkliflərini,
xahişlərini Sizə yetirdim. Çox məmnunam ki, Sizin göstərişlərinizlə
bunların böyük qismi artıq həyata keçib. Bizim Şüvəlandakı yaradıcılıq
evimizi vaxtilə qaçqınlara, köçkünlərə
vermişik, artıq 30 ilə yaxındır orada
yaşayırlar. İndi Sizin Sərəncamınızla
onlara mənzillər verilir, köçürülür və
o bina təmir olunacaq. Sizin
tapşırığınızla Bakı Şəhər
İcra Hakimiyyəti Heydər Məscidinin yanında bir sahə
ayırdı, orada biz yazıçılar üçün 16
mərtəbəli bina tikiləcək, kooperativ ev. Bununla da bizim
yazıçıların mənzil məsələsi demək
olar ki, həll ediləcək. Daha böyük və
şad bir xəbər odur ki, bir neçə il
bundan qabaq Sizin təşəbbüsünüzlə bəstəkarların,
rəssamların və yazıçıların yaradıcılıq
evi tikilməsi haqqında məsələ
qaldırılmışdı. Mən bir daha
bunu Sizdən xahiş etdim və Siz tapşırıq verdiniz.
Mən gedib o yeri görmüşəm. Şabran rayonunda çox səfalı bir yerdir,
meşənin içində. Amma böyük bir tala var.
Ona görə deyirəm ki, orada ağac da qırılmayacaq,
bulaq var, gözəl bir yerdir... Bəstəkarlar,
rəssamlar, yazıçılar üçün üç
bina, bir də ümumi bina tikiləcək ki, orada konfrans
zalı, poliklinika və dükanlar olacaq. Torpaq
və yol işləri qurtarıb. Martda
tikinti işləri başlanacaq. Mən Sizə həm
Yazıçılar Birliyi adından, həm də icazələri
ilə bizim Rəssamlar və Bəstəkarlar
ittifaqlarının adından təşəkkürümü
bildirmək istəyirəm ki, belə bir nadir şəhərcik
yaranacaq..."
Daha sonra
Anar Ulu Öndər Heydər Əliyevin ədəbiyyat sahəsində
uzaqgörənliyinə qarşılıq olaraq təklif
etmişdir: "Mən istərdim ki, bu şəhərcik Ulu
Öndərimizin şərəfinə Heydərabad
adlansın. Çünki bu, həm Heydər Əliyevin Azərbaycan
mədəniyyətinə sevgisinin, qayğısının rəmzi
olar, həm də Azərbaycanın coğrafi xəritəsində
Ulu Öndərin adı ilə daha bir məskən ola bilər..."
(http://www.mct.gov.az/az/umumi-xeberler/prezident-lham-liyev-ve-birinci-xanim-mehriban-liyeva-medeniyyet-ve-incesenet-xadimlerinin-bir-qrupu-ile-gorusubler)
Son Qələbə
təntənələri ilə süslənmiş
Şuşa ilində, 2022-ci il oktyabrın 26-da keçirilən
Azərbaycan yazıçılarının XIII qurultayına
ünvanladığı, AYB-nin fəaliyyətinə yüksək
qiymət verdiyi təbrik məktubunu Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev bu sözlərlə
bitirir: "Mədəni həyatımızın mühüm
hadisələrindən olan qurultayınızın parlaq
Qarabağ zəfəri sayəsində tariximizin şanlı səhifələrini
yaşadığımız bir dövrə təsadüf etməsi
yüksək ideyalı bədii əsərlərin ərsəyə
gətirilməsi naminə bir sıra mühüm vəzifələr
irəli sürür. Azərbaycançılıq
məfkurəsi işığında cəmiyyətin mənəvi
inkişafı məsələlərini hər zaman olduğu
kimi yenə də diqqət mərkəzində saxlayaraq səmərəli
müzakirələr aparacağınıza və əhəmiyyətli
qərarlar qəbul edəcəyinizə inanıram.
Əminəm ki, həmin qərarlar yazıçı və
şairlərimizin müasir təfəkkür tərzi ilə
seçilən vətənpərvər ruhlu yeni nəsli
önündə geniş üfüqlər açacaq,
bütün yaradıcı ədəbi qüvvələrə
dəstək olacaqdır" (Ədəbiyyat qəzeti, 29
oktyabr 2022)
Ulu
Öndər Heydər Əliyev Azərbaycan ədəbiyyatının
zəngin tarixinə, sarsılmaz bugününə arxalanmaqla,
müasir qurucularına, sabahı yaradanlara şəksiz
inanır, ədəbi gəncliklə görüşündə
deyirdi: "Siz, gənc nəsil bizlərə, yaşlı nəsilə
nisbətən daha da xoşbəxt adamlarsınız,
çünki siz daim müstəqil dövlətdə
yaşayacaqsınız. Mən tam əminəm ki, bizim
müstəqilliyimiz əbədi, daimi olacaqdır... Mən gənclərə üzümü tutub deyirəm,
- sizin qarşınızda çox özəl imkanlar,
perspektivlər var. Şübhə etmirəm ki, siz
böyük ugurlar qazanacaqsınız, ədəbiyyatımızı
inkişaf etdirəcəksiniz. Şübhə
etmirəm ki, sizin içinizdən Azərbaycan xalqının
ədəbiyyatını, mədəniyyətini daha da
yüksəklərə qaldıran böyük şairlər,
yazıçılar, ədəbiyyatşünaslar
çıxacaqdır. Mən buna heç
şübhə etmirəm. Çünki
indiyədək yaşadığımız dövr və əldə
etdiyimiz nailiyyətlər buna, belə deməyə tam əsas
verir. Şərait daha da sərbəst olanda, insan daha da
müstəqil, azad olanda: şübhəsiz ki, onun daxilində
olan imkanlar daha da çox açılır və bəhrəsini
verir" (s. 401)
Çağdaş
ədəbi nəsil bütövlükdə müstəqillik
dövrü ədəbiyyatının Heydər Əliyev
modelinə görə Ulu Öndərə minnətdar olmalı,
bu ədəbiyyatı daha da intişar
etdirməli, irəli aparmalıdır. Ulu
Öndər buna şübhə etmirdi. "Heç
şübhə etmirəm ki, Azərbaycan ədəbiyyatı
XX əsri uğurla sona çatdıracaq və XXI əsrdə
dünya, bəşər ədəbiyyatına gözəl
nümunələr verəcəkdir" (s. 446)
Tehran ƏLİŞANOĞLU
Ədəbiyyat qəzeti.- 2023.- 20 yanvar.- S.2-4.