AMEA Rəyasət Heyətinin
iclasında
mühüm qərarlar qəbul edilib
Yanvarın 16-da Azərbaycan Milli Elmlər
Akademiyasının Rəyasət Heyətinin növbəti
iclası keçirilib.
İclasda
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət
Heyətinin üzvləri, Qərbi Azərbaycan
İcmasının sədri, millət vəkili Əziz Ələkbərli,
Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in
baş redaktoru Rəşad Məcid, “Ədəbiyyat qəzeti”nin
baş redaktoru Azər Turan, AMEA-nın elmi müəssisə
və təşkilatlarının baş direktorları, aidiyyəti
şəxslər, ali təhsil müəssisələrinin və
KİV-in nümayəndələri iştirak ediblər.
Əvvəlcə AMEA-nın Humanitar və İctimai Elmlər
bölmələrinin alimlərinin 2022-ci ildə əldə
etdikləri mühüm nəticələri əks etdirən
sərgiyə baxış keçirilib.
Tədbiri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli
açaraq iclasın gündəliyi barədə məlumat verib.
Müzakirəyə
çıxarılan birinci məsələ Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin AMEA əməkdaşlarının,
elmi işçilərin, doktorant və magistrlərin, təqaüdçü
alimlərin sosial müdafiəsinin daha da
yaxşılaşdırılması haqqında fərman və
sərəncamları, qarşıda duran vəzifələr
barədə olub. Akademik İsa Həbibbəyli
bildirib ki, Azərbaycanda elmin, ziyalılığın, təhsilin,
mədəniyyətin inkişafına müstəqil Azərbaycan
dövləti həmişə böyük diqqət və
qayğı göstərib. Ulu Öndər Heydər
Əliyevin hələ Sovet hakimiyyəti illərində Azərbaycana
rəhbərlik edərkən başlatdığı
böyük iş dahi rəhbər tərəfindən
müstəqillik dövründə daha da inkişaf etdirilib.
Prezident İlham Əliyevin həmişə öz fəaliyyətində
Azərbaycanda elmin, təhsilin, mədəniyyətin,
ziyalılığın inkişafına dəstək verilməsini,
qayğı göstərilməsini prioritet sahələrdən
biri kimi meydana qoyduğunu deyən akademik İsa Həbibbəyli
bu dəstəyin yeni imkanlar açdığını
söyləyib: “Bu günlərdə cənab Prezidentin Azərbaycan
cəmiyyətinin, o cümlədən ziyalı təbəqənin
sosial müdafiəsinin daha da gücləndirilməsi ilə əlaqədar
imzaladığı sərəncamlar içərisində elmə,
təhsilə aid olan sahələr xüsusi yer tutur və bu,
Akademiyaya göstərilən diqqət və
qayğının parlaq ifadəsidir. Cənab Prezidentin 13
yanvar 2023-cü il tarixli Sərəncamı
ilə AMEA-nın Rəyasət Heyəti və
aparatının, Gəncə Bölməsinin aparatının
və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin əməkdaşlarının
əməkhaqları 15 faiz artırılıb. Bundan başqa,
ölkə başçının Fərmanı ilə elm və
təhsil sahəsində 25 il çalışmış,
hazırda işləməyən şəxslərin aylıq
təqaüdləri artırılaraq elmlər doktoru elmi dərəcəsinə
görə 500 manat, fəlsəfə doktoru elmi dərəcəsinə
görə isə 300 manat müəyyən edilib. Bu məbləğ MDB ölkələri içərisində
ən yüksək göstərici sayılır və bu,
alimlərimizin sosial müdafiəsi sahəsində cənab
Prezidentin atdığı əhəmiyyətli bir
addımdır. Eyni zamanda, fəxri adlara
görə aylıq təqaüdün məbləği də
artırılıb və Əməkdar elm xadiminin təqaüdü
150 manata çatdırılıb. Cənab
Prezidentin digər sahələrin və o cümlədən
elm adamlarının sosial müdafiəsinin gücləndirilməsi
istiqamətində atdığı addımın mahiyyəti
Akademiyada daha dərindən başa düşülür,
yüksək dəyərləndirilir”.
Prezident
İlham Əliyevin əsas hədəflərindən birinin həm
də yeni elmi nəslin inkişafı ilə əlaqədar
olduğunu deyən AMEA rəhbəri ölkə
başçısının elmlər və fəlsəfə
doktorlarının, doktorantların, magistrlərin təqaüdlərinin
artırılması haqqında Sərəncamlarının təkcə
onların sosial müdafiəsinin gücləndirilməsinə
deyil, həm də Akademiyanın gəncləşməsi
prosesinin sürətlənməsinə hesablanmış
addım olduğunu bildirib: “Dünya akademiyalarında, o
cümlədən AMEA-da qocalma prosesinin genişlənməsindən
həmişə bəhs edilib. Bunun
qarşısını almaq üçün gəncləşmə
prosesini sürətləndirmək lazımdır. Doktorantlar üçün indiyədək mövcud
olmuş təqaüdlərin azlığı nəticəsində
gənclərin Akademiyaya gəlişində durğunluq
vardı. Təqaüdlərin
artırılması doktorantura və magistraturada rəqabət
mühitini genişləndirəcək. Əgər
əvvəllər doktorantura üçün bir yerə 7-10
iddiaçı var idisə, indi bir yerə çox nadir hallarda
iki namizəd olur. Gələnlər isə
imkan daxilində seçilir ki, nəsillərin varisliyi təmin
edilsin. Beləliklə, Prezident İlham
Əliyev tərəfindən Azərbaycanda elmi işçilərin,
alimlərin əməyinin stimullaşdırılması,
onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində
atılan addımlar elmə, alimə, Akademiyaya dövlət dəstəyinin
bariz nümunəsidir. Bu dəstək elmdə
qocalma prosesini azaltmaqla yeni elmi nəsillərin
hazırlanmasına kömək edəcək, Akademiyada gəncləşmə
prosesi sürətlənərək varislik əlaqələri
daha sıx, yaxın təmaslar şəraitində həyata
keçiriləcək. Varisliyin qorunub
saxlanması işinə dövlətin dəstəyi bizə
Akademiyanın sabahına daha inamla baxmağa şərait
yaradır”.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarının
mindən çox Akademiya işçisini, doktorant və
magistrləri əhatə etdiyini söyləyən AMEA rəhbəri
qeyd edib ki, insan kapitalına yönəlmiş bu siyasət elm
və ziyalı faktorunun ölkədə inkişaf etdirilməsinə
öz töhfəsini verəcəkdir.
Rəyasət
Heyətinin iclasında çıxış edən AMEA əməkdaşları
ölkəmizin Prezidenti İlham Əliyevə Akademiya əməkdaşlarına,
alimlərimizə, elmin inkişafına göstərdiyi
böyük qayğıya görə dərin minnətdarlıqlarını
ifadə edib və göstərilən dövlət
qayğısına əməli işləri ilə cavab verəcəklərini
bildiriblər.
Daha sonra
iclasda Prezident İlham Əliyevin “Şuşa şəhərinin
2023-cü il üçün “Türk dünyasının mədəniyyət
paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər
haqqında” 6 dekabr 2022-ci il tarixli Sərəncamının
icrası ilə əlaqədar AMEA-nın Tədbirlər
planı təsdiqlənib.
Sonra ayrı-ayrı elmi-tədqiqat institutlarında
paralellik təşkil edən, yaxud ayrılıqda fəaliyyət
göstərməsinə zərurət olmayan elmi şöbələr
və sektorların işinə yenidən baxılması məsələsi
müzakirə edilib. AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli
bu məqsədlə elmi-tədqiqat institutlarında struktur
islahatlarının aparılmasının zəruriliyindən
və əhəmiyyətindən danışıb.
İclasda
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
Ədəbi cərəyanlar sektorunun ləğv edilərək
Ədəbiyyat nəzəriyyəsi şöbəsinə
birləşdirilməsi barədə qərar qəbul edilib.
Bundan başqa, Rəyasət Heyətinin qərarı ilə fəaliyyət
istiqamətləri eyni olduğu üçün Folklor
İnstitutundakı Musiqi folkloru şöbəsi ləğv
edilərək, Memarlıq və İncəsənət
İnstitutundakı Xalq musiqisinin tarixi və nəzəriyyəsi
şöbəsinin bazasında Musiqi folkloru adlı yeni
şöbə yaradılıb.
Eyni
zamanda, Akademiyada Albanşünaslıq üzrə tədqiqatların
vahid mərkəzdən və sistemli şəkildə tədqiq
olunmasını təmin etmək məsədi ilə
Memarlıq və İncəsənət İnstitutunun Alban
memarlığı və incəsənəti şöbəsi
Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun
Albanşünaslıq Elmi Mərkəzinin tərkibinə
keçirilib.
İclasda AMEA-nın Rəyasət Heyəti
aparatının strukturunda bir sıra dəyişikliklər
edilməsi də müzakirə olunub. Akademik İsa Həbibbəyli
bildirib ki, ölkə başçısının “Azərbaycan
Respublikasında elm və təhsil sahəsində idarəetmənin
təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər
haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanın
icrasını təmin etmək məqsədilə AMEA-nın
Rəyasət Heyəti tərəfindən 19 avqust 2022-ci il
tarixli qərar qəbul olunub. Qərarın 2-ci
bəndinə əsasən, Rəyasət Heyəti
aparatının mövcud strukturunun AMEA-nın yeni strukturuna və
işçilərin yeni say həddinə
uyğunlaşdırılması zərurətini nəzərə
alaraq, Rəyasət Heyəti aparatının yeni strukturu
yaradılıb. AMEA rəhbəri diqqətə
çatdırılıb ki, hazırda beynəlxalq təcrübədə
elmi idarəetmə sahəsi üzrə yeni innovativ idarəetmə
mexanizmlərinin tətbiqinə, kadrların potensialından
daha səmərəli istifadəyə imkan verən optimal
struktur modellərinin təşkili təcrübəsi Rəyasət
Heyəti aparatının strukturuna, onun şöbələrinin
fəaliyyət istiqamətlərinə və bundan irəli gələrək
həmin şöbələrin adlandırılmasına yenidən
baxılması zərurətini yaradıb.
Qeyd olunanları nəzərə alaraq, AMEA-nın Rəyasət
Heyəti aparatının yeni strukturu təsdiqlənib. Rəyasət Heyətinin qərarı
ilə əlavə maliyyə vəsaiti tələb etmədən
daxili imkanlar hesabına aparatın Elmi, texniki və innovativ fəaliyyətin
təşkili şöbəsi Elm və təhsil şöbəsi,
Beynəlxalq əlaqələr və xaricdə elmi tədqiqatların
(təhsilin) təşkili şöbəsi Beynəlxalq əlaqələr
şöbəsi, Media və informasiya şöbəsi
İctimaiyyətlə əlaqələr və informasiya
şöbəsi, Kadr potensialı və təhsil şöbəsi
İnsan resursları şöbəsi, Hüquqi təminat
şöbəsi Hüquq şöbəsi, Ümumi
şöbə Sənədlərlə iş şöbəsi,
Elmi irsin və sənədlərin arxivləşdirilməsi
şöbəsi isə Elmi irs şöbəsi kimi müəyyən
edilib. Maliyyə şöbəsi ləğv
edilərək onun bazasında Maliyyə və mühasibat
şöbəsi yaradılıb.
Həmçinin iclasda AMEA-da və ölkənin digər
elmi qurumlarında Qərbi Azərbaycanla bağlı
aparılan elmi tədqiqatların daha sistemli və inteqrativ
şəkildə təşkili məqsədilə Akademiyada Qərbi
Azərbaycanla bağlı tədqiqatlar üzrə Əlaqələndirmə
şurası yaradılıb. Eyni zamanda 2023-cü il
üzrə AMEA-da aparılacaq elmi tədqiqat işlərinin əhatəli
planı, eləcə də 2023-cü ildə AMEA-da
keçiriləcək beynəlxalq və respublika səviyyəli
elmi konfransların planı təsdiqlənib.
Daha sonra
AMEA-nın Humanitar Elmlər Bölməsinin 2022-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti
haqqında hesabat dinlənilib.
Hesabatı
təqdim edən AMEA-nın birinci vitse-prezidenti v.i.e.,
akademik-katib, akademik Arif Həşimov bildirib ki, 2022-ci ildə
Humanitar Elmlər Bölməsinin elmi müəssisələri
tərəfindən 8 istiqamətin 39 problemi üzrə 98
mövzu, 504 iş üzərində tədqiqat
aparılıb. 98 mövzudan 27-si, 504 işdən
240-ı tamamlanıb. Bölmənin müəssisələrində
12, kənar təşkilatlarda isə 16 mühüm nəticə
əldə olunub. Bu mühüm nəticələr
içərisində Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və
Qafqazşünaslıq Mərkəzinin təşəbbüsü
ilə Böyük Britaniyada ilk dəfə Azərbaycan dilinin
rəsmi olaraq Oksford Universitetinin Şərqşünaslıq
fakültəsinin türk dili proqramının tədris
yükünə daxil edilməsi xüsusi əhəmiyyət
daşıyır. Oksford Universitetində Azərbaycan
dilinin tədrisi dilimizin və mədəniyyətimizin təbliğindən
başqa, həm də tədqiqatçıların elmi
araşdırmalar zamanı Azərbaycan dilində olan
materialları oxuya bilməsi baxımından böyük əhəmiyyətə
malikdir.
Qeyd edilib
ki, ölkə başçısının “2022-ci ilin Azərbaycan
Respublikasında “Şuşa İli” elan
edilməsi haqqında” 5 yanvar 2022-ci il tarixli Sərəncamı
AMEA alimlərinin qarşısına ciddi öhdəliklər
qoyub. Ölkə Prezidentinn etimadını doğrultmaq, eləcə
də 2022-ci ilin respublikamızda “Şuşa İli” elan
olunmasının ictimai-siyasi, beynəlxalq-ideoloji, elmi-mədəni
əhəmiyyətini təbliğ etmək məqsədilə
AMEA-nın Humanitar Elmlər Bölməsinin elmi tədqiqat
müəssisələri ilə birgə fəaliyyət
proqramının hazırlanıb və bir sıra təqdirəlayiq
işlər həyata keçirilib. Diqqətə
çatdırılıb ki, bu istiqamətdə bölmənin
müəssisələrinin əməkdaşları tərəfindən
“Azərbaycan ədəbiyyatşünaslıq elminin
Qarabağnaməsi” adlı tam mətnli elektron məlumat
bazası yaradılıb, “Azərbaycan dilinin Qarabağ və
Şərqi Zəngəzur dialektoloji atlası”,
“Şuşanamə. Şeirlər toplusu”, “Zəngəzur
folkloru: milli-mədəni düşüncə və
çağdaş elmi yanaşmalar. Elmi araşdırmalar toplusu”,
“Şuşa şəhərinin şəhərsalma problemləri”
və s. kitablar çap olunub, yerli və beynəlxalq səviyyəli
konfranslar keçirilib.
Həmçinin
AMEA-nın Rəyasət Heyətində “Şuşa
İli”nin yekunlarına dair “Akademiyanın Şuşanaməsi:
ədəbi-tarixi ənənə və gələcəyə
baxış” mövzusunda beynəlxalq miqyaslı zirvə
konfransı keçirilib. Tədbir çərçivəsində
işğaldan azad olunmuş torpaqlarımız, xüsusən
də Şuşa şəhəri ilə
bağlı AMEA-nın elmi və elmi-təşkilati fəaliyyətini
əks etdirən “Azərbaycan Milli Elmlər
Akademiyasının Qarabağnaməsi (2020-2022-ci illər)”
(layihənin rəhbəri akademik İsa Həbibbəyli)
adlı kitab nəşr olunub, ölkənin aidiyyəti
qurumları və konfrans iştirakçılarına təqdim
edilib.
Bundan əlavə,
Prezident İlham Əliyevin “Şuşa şəhərinin
2023-cü il üçün “Türk dünyasının mədəniyyət
paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər
haqqında” 6 dekabr 2022-ci il
tarixli Sərəncamının icrası ilə əlaqədar
bölmənin müəssisələri tərəfindən
Şuşa şəhərinin ədəbi-mədəni
mühitinə, ədəbiyyatına, mədəniyyətinə,
folkloruna dair elmi tədqiqat işlərinin aparılması,
kitabların nəşr olunması, genişmiqyaslı tədbirlərin
keçirilməsi və s. ilə əlaqədar təkliflər
hazırlanaraq müvafiq dövlət orqanlarına təqdim
edilib.
Hesabat
ilində, həmçinin dövlət
başçısının 2022-ci ildə Azərbaycan ədəbiyyatının,
ictimai fikir tarixinin formalaşmasında xidmətləri olan
görkəmli xadimlərin yubileyləri ilə əlaqədar
imzaladığı sərəncamlardan irəli gələrək
Əhməd Cavadın 130, Hüseyn Cavidin 140, Ömər Faiq
Nemanzadənin 150, Xurşidbanu Natəvanın 190 illik yubileylərinə
həsr olunmuş silsilə konfransların keçirildiyi, nəşrlərin
ərsəyə gətirildiyi diqqətə
çatdırılıb.
Qeyd olunub
ki, 2022-ci ildə Humanitar Elmlər Bölməsinin müəssisələrində
122 kitab (6-sı xaricdə), 80 monoqrafiya (10-u xaricdə), 2113 məqalə
(279-u xaricdə, 10-u “Web of Science” və “Scopus” bazalarında) və
190 tezis (70-i xaricdə) çap olunub, əməkdaşların
əsərlərinə 96 istinadın edildiyi bildirilib. Humanitar Elmlər Bölməsinin üzvlərinin
(10-u akademik, 8-i müxbir üzv) isə hesabat ilində 21
kitabı, 250-dən çox məqaləsi çap olunub.
Məruzədə
Bölmənin kadr potensialı və elmi kadrların
hazırlanması, beynəlxalq müqavilələr,
keçirilmiş beynəlxalq, respublika miqyaslı konfrans,
sessiya, seminar və yubileylər haqqında məlumat, elmlə
təhsilin inteqrasiyası, elektron elmin vəziyyəti, təltif
və mükafatlar, sosial sferada fəaliyyət barədə də
məlumat verib.
Sonra AMEA-nın vitse-prezidenti v.i.e.,
akademik Gövhər Baxşəliyeva AMEA-nın İctimai Elmlər
Bölməsinin 2022-ci il üzrə elmi və elmi-təşkilati
fəaliyyəti
haqqında hesabatını təqdim edib. Qeyd edilib
ki, ötən il bölmənin müəssisələrində
aparılan tədqiqatlar, əsasən “Azərbaycan 2030: sosial
iqtisadi inkişafa dair Milli Prioritetlər”ə, Azərbaycan
Respublikasının işğaldan azad edilmiş ərazilərinə
Böyük Qayıdışa dair I Dövlət Proqramına,
eləcə də “Azərbaycan Respublikasında 2022-ci ilin
“Şuşa İli” elan edilməsi haqqında” sərəncamların
icrasına istiqamətlənib. Bölmənin
elmi tədqiqat müəssisələrinin əməkdaşları
8 Dövlət Proqramının icrasında iştirak ediblər.
Vurğulanıb
ki, hesabat dövründə bölmənin müəssisələrində
36 problem, 94 mövzu, 316 iş, 168 mərhələ üzərində
elmi tədqiqatlar aparılıb, bunlardan 27 mövzu, 246 iş,
93 mərhələ tamamlanıb. Həmçinin
bölmənin elmi tədqiqat müəssisələrində
17, kənar təşkilatlarda isə 25 mühüm nəticə
əldə olunub.
Akademik Gövhər Baxşəliyeva bildirib ki, hesabat
ilində bölməyə daxil olan müəssisələrin
əməkdaşları tərəfindən
araşdırılan 60-dən çox elmi tədqiqat işi
Qarabağa, Şuşaya həsr edilib. Vurğulanıb ki, dövlət
başçısının “Azərbaycan Respublikasında
2022-ci ilin “Şuşa İli”nin elan edilməsi haqqında” Sərəncamına
uyğun olaraq, bölmənin müəssisələrində
40-dan çox tədbir həyata keçirilib ki, bunlardan
4-ü beynəlxalq, 9-u respublika konfransı, 4-ü sərgi və
20-dən çoxu dəyirmi masa, elmi seminar olub. Sərəncam
çərçivəsində bölmənin elmi tədqiqat
müəssisələrində 21 kitab və monoqrafiyanın nəşr
edildiyi, “Qarabağ 1822-1846: sənəd və materiallar
toplusu”, “Qarabağın və Şərqi Zəngəzurun
Alban abidələri”, “Şuşa Bəyannaməsi və Cənubi
Qafqazın yeni geosiyasi reallıqları”, “Azərbaycan
mühacirəti tarixində Şuşanın görkəmli
şəxsiyyətləri” və s. kitabların bu qəbildən
olduğu diqqətə çatdırılıb.
Qeyd olunub
ki, “Şuşa İli” nin yekunlarına həsr
edilmiş “Akademiyanın Şuşanaməsi: Ədəbi-tarixi
ənənə və gələcəyə baxış”
mövzusunda keçirilmiş beynəlxalq elmi konfransda
“Şuşa İli” ilə əlaqədar apardıqları
elmi tədqiqatlara görə bölmənin 20-dən çox
əməkdaşı AMEA-nın, 40-dan çox əməkdaşı
isə İctimai Elmlər Bölməsinin Fəxri fərmanları
ilə təltif olunublar.
Bundan əlavə, “Azərbaycan Respublikasında
2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi
haqqında” ölkə başçısının Sərəncamının
icrasına uyğun olaraq, bölmənin müəssisələrinin
tədbirlər planının hazırlanaraq AMEA-nın Rəyasət
Heyətinə təqdim edildiyi bildirilib.
İctimai
Elmlər Bölməsinin nəşriyyat fəaliyyətinə
toxunan akademik Gövhər Baxşəliyeva hesabat ilində
bölmə əməkdaşları tərəfindən 2044 əsərin
işıq üzü gördüyünü, bunlardan
64-nün kitab (5-i
xaricdə), 66-nın monoqrafiya (12-si xaricdə),
1456-nin məqalə (385-i xaricdə), 447-nin tezis (172-si xaricdə)
12-nin dərslik, dərs vəsaiti və metodik vəsait,
84-nün məqalə (“Web of Science”, “Scopus” bazalarında)
olduğunu diqqətə çatdırıb. Məruzəçi,
o cümlədən bölmə əməkdaşlarının
əsərlərinə 1316 istinadın edildiyini deyib.
Bildirilib ki, bölmənin 8 akademik və 11 müxbir
üzvünün il ərzində 17 kitabı (1-i xaricdə),
30 məqaləsi (25-i xaricdə) çap olunub.
Diqqətə
çatdırıb ki, hesabat ilində İctimai Elmlər
Bölməsinin müəssisələri tərəfindən
17 beynəlxalq konfrans, 3 beynəlxalq seminar, 1 beynəlxalq forum,
20 respublika konfransı, 44 elmi seminar, 4 elmi sessiya, 19 kitab təqdimatı, 20-yə yaxın
görüş, 47 dəyirmi
masa və Elmi şuranın 71 iclası keçirilib.
Hesabat məruzəsində,
o cümlədən AMEA-nın Rəyasət Heyətinin qərar
və sərəncamlarının icrası ilə əlaqədar
görülmüş işlər, kadr
hazırlığı, elmlə təhsilin inteqrasiyası,
beynəlxalq əlaqələr və qrantlar, müqavilələr,
elektron elmin vəziyyəti, təltiflər və
mükafatlar, elmin populyarlaşdırılması sahəsindəki
fəaliyyət iclas iştirakçılarının diqqətinə
çatdırılıb.
Hesabatlar
dinlənildikdən sonra məruzələr ətrafında
akademik Rasim Əliquliyev, akademik İbrahim Quliyev, Azərbaycan
Mətbuat Şurasının sədri, “525-ci qəzet”in
baş redaktoru Rəşad Məcid, akademik Muxtar İmanov,
müxbir üzv Ərtegin Salamzadə, “Ədəbiyyat qəzeti”nin
baş redaktoru Azər Turan, hüquq elmləri doktoru, professor
Habil Qurbanov və İqtisadiyyat İnstitutunun baş direktoru,
professor Nazim İmanov çıxış edib, fikir və
mülahizələrini bildirərək təkliflərini səsləndiriblər.
Rəyasət Heyətinin müvafiq qərarları ilə
AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin
2022-ci ildəki fəaliyyətinə dair hesabatlar qənaətbəxş
hesab edilib və bir sıra tapşırıqlar verilib.
Sonda
çıxış edən AMEA-nın prezidenti, akademik
İsa Həbibbəyli Humanitar və İctimai Elmlər
bölmələri üzrə mühüm nəticələrin
ötən illə müqayisədə yüksək
olduğunu deyib, bölmə əməkdaşlarının
ideoloji işlərlə yanaşı, cəmiyyət
quruculuğu prosesində də yaxından
iştirakının vacibliyini bildirib. Bölmə
əməkdaşlarının impakt faktorlu jurnallarda məqalələrinin
çapının artırılması işinə diqqətin
gücləndirilməsi, respublika səviyyəli elmi-nəzəri
seminarların keçirilməsi, həmçinin Akademiyada
işıq üzü görən nəşrlərin elektron
variantlarının Vikipediyada yerləşdirilməsi istiqamətində
tapşırıqlarını verib.
Qısa müddət
ərzində aparılan bir sıra köklü islahatlardan
sonra Akademiyanın yeniləşmə mərhələsində
olduğunu deyən AMEA rəhbəri milli dövlətçilik,
milli maraqlar, azərbaycançılıq, vətənpərvərlik
sahəsində dövlətimiz tərəfindən müəyyən
edilmiş istiqamətlərin həyata keçirilməsində
Azərbaycan elminin bundan sonra da öz əməli töhfəsini
verəcəyinə əminliyini ifadə edib.
Ədəbiyyat qəzeti.- 2023.- 20
yanvar.- S.4.