Babulla Səlimov
Amansız ölüm tanınmış
şair və ictimai xadim Babulla
Səlimovu aramızdan
apardı
Babulla Səlimov
1945-ci ildə anadan olmuş, Azərbaycan Neft və Kimya
İnstitutunu, Bakı Ali Partiya Məktəbini fərqlənmə
diplomu ilə bitirmişdi.
O, uzun illər neft sənayesində
çalışıb, Əli Bayramlı (indiki Şirvan) Neft
Texnikumunun direktoru, Şəhər İcraiyyə Komitəsinin
sədr müavini, sədri, Əli Bayramlı Şəhər
Sovetinin sədri, icra başçısının müavini
kimi bir çox məsul vəzifələrdə
çalışıb. Şəhərin quruculuğunda
yaxından iştirak edib, milli memarlıq ənənələrinin
təbliğinə və tətbiq edilməsinə xüsusi
qayğı göstərib. Onun “Səməd
Vurğun dühası xalqa məxsusluğun abidəsidir” layihəsi
əsasında 1987-ci ildə Əli Bayramlı şəhərində
Səməd Vurğun parkı salınıb, şairin abidəsi
ucaldılıb.
“Kitabi-Dədə Qorqud” dastanının
1300 illik yubileyi şərəfinə onun işlədiyi
layihə əsasında Əli Bayramlı şəhərində
“Dədə Qorqud meydanı”
salınıb, Dədə Qorqud abidəsi ucaldılıb,
dastanın motivləri və coğrafiyasını
özündə əks etdirən abidələr kompleksi
tikilib.
Babulla Səlimov, eyni zamanda, neft-mədən
avadanlıqlarının təkmilləşdirilməsi ilə
bağlı 42 səmərəli təklifin müəllifi
olub.
Ötən əsrin 70-ci illərindən
başlayaraq o, respublikanın dövri mətbuatında Babulla imzası ilə həm
elmi-publisistik, həm bədii yazılarla
çıxış edib, hər yazısında
xalqımızın tarixi ilə
bağlı taleyüklü problemlərə toxunub.
Onun 20 Yanvar
şəhidlərinə həsr
olunmuş “Xiyabandan gələn səslər” şeirlər
kitabı 1991-ci ildə, “Yaddaşın abidəsi” fəlsəfi-publisistik
kitabı 2000-ci ildə, “Sonam” xatirat kitabı isə
2013-cü ildə nəşr edilib.
B.Səlimov bir çox dövlət təltifləri ilə, medallarla
mükafatlandırılıb, “Yaddaş” Milli Mükafatına
layiq görülüb.
Babulla Səlimovun
xatirəsi onu tanıyanların yadında
əbədi qalacaq.
Allah rəhmət
eləsin!
Azərbaycan Yazıçılar Birliyi
Ədəbiyyat qəzeti.- 2023.-
20 yanvar.- S.9.