Yeni əruz gəzişmələri
Gecə ekspressiyalarından...
Mənim
şeirlərim soyuq,
Bir az da yorğun olsa da,
Sənin
səsin yağış
səsi,
Sənin
sözün şeir kimi...
Mənim
şeirlərim ağır,
Bir az da bədbin olsa da,
Sənin
hekayə saçların,
Sənin
üzün şeir kimi...
Mənim
şeirlərim sönük,
Bir az dumanlı
olsa da,
Sənin
zərif baxışların,
Sənin
gözün şeir kimi...
Mənim
şeirlərim bir az
Həyata
küskün olsa da,
Sənin
həyatda varlığın,
Sənin...
özün şeir kimi...
Gecə ekspressiyalarından...
Bir səddimiz olsaydı, aşardıq,
Bir göz yaşı olsaydı, silərdik.
Bir ömrümüz olsaydı,
yaşardıq,
Bir qəbrimiz olsaydı, ölərdik..
Bir bağımız olsa, sevinərdik,
Bir meynəmiz olsaydı, əkərdik..
Bir sevgimiz olsaydı, sevərdik,
Bir dərdimiz
olsaydı, çəkərdik.
Bir nurumuz olsaydı, saçardıq
Bir kölgəmiz
olsaydı, yatardıq.
Bir sirrimiz olsaydı, açardıq,
Bir dostumuz olsaydı, satardıq.
Ömrün dolaşıq yolları
haqda,
Bir şeirimiz olsaydı, yazardıq...
Zülmətdə də yol azmadıq heç vaxt,
Ehhh, ağlımız
olsaydı, azardıq.
...lap çoxdan azardıq.
***
Nə gözəl duyğudu, hərdən
Sənə baxmaq... və düşünmək.
Gecə
narın yağış
olmaq,
Sənə yağmaq... və düşünmək.
Dənizində qayıq olmaq,
Sənə dalmaq... və düşünmək.
Əriyib
nəmli gözündə
Sənin olmaq... və düşünmək.
Yenə
qan rəngli şərabtək
Səni
içmək... və
düşünmək,
Bu qədər varlıq içində
Səni
seçmək... və
düşünmək...
Səni sevmək... və darıxmaq.
Payız yağışına
Sən sevmədiyin nəmli baxışlardı yağışlar,
Çöhrəndə qalan incə naxışlardı
yağışlar...
Hərdən əl açıb,
damcıları ovcuna yığsan,
Tənbəlliyini bəlkə bağışlardı
yağışlar.
Sən sevmədin, onlar elə sevdi səni, sanki
Ruhun ilə çoxdankı tanışlardı
yağışlar.
Qəlbində buludlar dolaşır,
bəlkə onunçün
Sən qüssələnən andaca
başlardı yağışlar...
Göydə buludun göz yaşıdır, amma ki yerdə
Gül qönçələriyçün oyanışlardı yağışlar,
Bülbül gözü ilə
baxan olsa görəcək ki,
Gül üstə
yatan xırda balışlardı yağışlar.
Könlümdə bahar yağmuru vardı, fəqət indi
Sapsarı payız, şaxtalı qışlardı yağışlar.
Göz yaşı içində
süzülüb göylərə
axdın,
Səndən qalan ancaq bu yağışlardı,
yağışlar...
Səndən qalan ancaq bu yağışlardı,
yağışlar...
Nostalji...
Tutulsa göz,
nə fərqi? İşıqdı,
zülmət olsun,
İçimdə öldü sevgi...
Məkanı cənnət
olsun...
Ürəkdə incidir çox,
yaman verir əziyyət,
Gedib qıraqda
ölsün, nişanı
cənnət olsun.
Yönəldin eşqə sarı,
güman yəqinə
döndü,
Kimin yəqini
yoxsa, gümanı cənnət olsun.
Bir ev tikim
səmada, divarları
günahdan,
Bu yan, cəhənnəm, olmur, o yanı cənnət olsun...
Niqabı
açma üzdən,
görünməsin səfası,
Həqiqi aşiq üçün nihani cənnət olsun.
Yol alsan Haqqa doğru,
dayanma bircə an da,
Hədəflərin içində asanı cənnət olsun.
Yetəydi kuyi-yarə, xeyir tapaydı Fəhmi.
Heç olmasa, azından ziyanı cənnət olsun.
Qürub ekspressiyası...
Gəl mənə bir sevgi yaşat, sonra get
Halıma
bir təntənə qat, sonra get...
Sahilimə təkcə qürub
vaxtı gəl,
Al günəşin qanına
bat, sonra get...
Zəlzələ ol, ta ki yatan ruhumu
Silkələ, royadan oyat, sonra get...
Qəlbdə ölməkdə ikən
son ümid
Ömrünü bir azca uzat, sonra get...
Kəsmə bıçaqtək sinəmi,
ağrıdır,
İynə kimi ruhuma bat, sonra get...
Gündə məzarımda gəlib,
ağlama,
Üstünə bir dəstə
gül at, sonra get...
SÖZ kimi düşdünsə
əgər beynimə
Gözlə, şeir həddinə
çat, sonra get...
Səbr
elə, qoy bitsin həyat, sonra get...
Bürkülü yay
ekspressiyalarından...
Uçurumdan qopan anda, əlini tutmasa kimsə,
Gözünü zillə səmaya,
bacarırsansa, gülümsə...
Ən ağır məngənə
içrə nicatın
yalnız ölümsə,
İnanırsansa, dua et, bacarırsansa, gülümsə.
Sənin
ən qorxulu həftən,
mənim ən qanlı günümsə,
Gözümə bax, dişini sıx, bacarırsansa gülümsə.
Batıran ruhuna iynə bu acı zəhr
dilimsə,
Zəhərə azca şəkər qat, bacarırsansa gülümsə.
Bu günəşdən yorulan
yay mənim ən son fəsilimsə,
Payız
haqqında danışma,
bacarırsansa gülümsə...
Elə səssizcə gülümsə...
Hal şeirlərindən...
Darıxmağın gözəldi - baxır kiminçün...
Ürəkdə şimşəyin var - çaxır kiminçün?
Səfeh
bir eşq ucundan - batıb gedirsən,
O inci göz yaşın
da - axır kiminçün?
Səbirli ol, ayıbdı,
- görüb deyərlər,
Qəzəblənib dişin gör - sıxır kiminçün?
Günəş də aşiq olmuş - yəqin ki, bir vaxt,
Görən batır kiminçün? - Çıxır
kiminçün?
Səmada
bir mələk var - yaman nigaran..
Görən gözündə yaşla
- baxır kiminçün?
Halsız şeirlərdən...
Mən bir zaman əllərdə
gümüş bir qələm oldum,
Sən keçmiş həyatında
qəşəng bir şeir idin,
Mən sirli səmalarda buludlar kimi azad,
Sən sərsəri sevdalar əlində əsir idin...
Mən bir zaman atəşlərə
düşmən külək
oldum,
Sən keçmiş həyatında
da şıltaq yağış idin...
Mən dərdi duman zənn elədim, azmağa qorxdum,
Sən qarə buludlarla o vaxtdan tanış
idin...
Mən bir zaman hər
qəlbə nicat verməli tövbə,
Sən keçmiş həyatında
şirin bir GÜNAH idin,
Mən Adəmin ağlındakı
o qorxulu xülya,
Sən ORDA da Həvvanın əlində
silah idin.
...çox incə,
zərif bir silah idin.
Gecə ekspressiyalarından
Sənin həmişə BİR sualın
oldu
Mənim
cavablarım çoox,
Sənin
ölən ümidlərin
çox idi,
Mənim
kitablarım çoox...
Vərəqlərin içində gizli qaldım,
Yavaş-yavaş
saraldım,
Sənin
üzündə görünürsə
ruhun,
Mənim
niqablarım çoox...
Sənə ümid, işiq
verən adamlar
Az olsa da,
şükür, var,
Mənim
fərəh, sevinc duyan halım yox,
Mənim
əzablarım çoox...
Yolun behiştədir, çönüb
dayanma,
Mənim
halıma yanma,
Hesab günü sənin yolun açıqdı,
Mənim
hesablarım çoox...
Zamanə
tərsinə çönərsə
Fəhmi,
Mənə
gələrsə rəhmi,
Savab ilə günah yerin dəyişsə,
Mənim savablarım
çoox.
Günaha
bənzəyən savablarım
çoox...
***
Əriyən qar kimi yollarda axarsansa, gələrsən,
Bizə sarı bir ümid
ilə baxarsansa, gələrsən.
Mənim üçün nə darıxmaq?
Məni
mən görməyirəm
heç,
Öz əlindən
özün hərdən
karıxarsansa, gələrsən.
Ehtiyac yoxdu mənimtək yağışa yanmasan odda,
Özün öz qəlbini atəşdə yaxarsansa,
gələrsən.
Kimisə
zorla tutub saxlamadım, sən də özün bil,
Sıxılarsansa, gedərsən... Darıxarsansa,
gələrsən...
Ağıl insanı soyuq çərçivədə eylədi
məhbus,
Hərdən o çərçivədən sən də çıxarsansa, gələrsən...
Fəhminin sözlərini qiyməti
çox inci kimi sən,
Hamıdan gizlədib, ovcunda
sıxarsansa, gələrsən...
***
Hərdən başını söykə
mənim çiynimə,
ağla,
Göz yumma, geyindir yagışı əynimə,
ağla...
Sənsiz
yaşanan isti-soyuq ömrümə yas tut,
Sənlə yorulan dil, çürüyən beynimə
ağla...
Batmış ümidi sən
açılan sübhə
bağışla,
Dildən
süzülən "bilmirəm"ə,
"neynim"ə ağla...
Bir qəhqəhə görcək
sıxılan qaşıma
gül, gül,
Göz yaşı görərkən
açılan eynimə
ağla...
Buz bağlamasın isti baxışlar yenə, Fəhmi,
Gördün soyuyur, qoy başını çiynimə,
ağla...
İlqar FƏHMİ
Ədəbiyyat qəzeti.- 2023.- 28 yanvar.- S.8.