Elvira
Hekayə
Yerlə Günəşin göz-gözə
dayanan vaxtlarında - avqustda bir axşam
lapdan ildırımlar
çaxdı Ufaya, sel getdi. İldırım qorxusuyla taksidən düşüb üçüncü
platformada dayanan Nijnevartovsk-Bakı qatarına
tələsdim. Qatar vaxtında gəlmişdi.
Bu qatara Sibir qatarı da deyirlər. Dodağı
al-qırmızı, döşlərinin
böyüklüyündən ağ köynəyinin
düymələri hər
an qırılıb uçacaq
gonbul bələdçinin
yanından birtəhər
sivişib içəri
girən kimi burnuma qadın qoxusu doldu. Plaskart vaqonda
məxsusi nizamsızlıq
hökm sürürdü.
Öləziyən işıqların altında kişilər, qadınlar, uşaqlar kədərli görünürdülər.
Bir anlıq mənə elə gəldi ki, o vaxt repressiya
olunan adamlar geri dönür. 60 il əvvəl
yük vaqonlarına doldurulub ac-susuz Sibirə ölümə gedənlər indi ailə-ailə yarıyuxulu
qayıdırdılar. Dünəndən
içimdə gəzdirdiyim
gözəl qadınla
iki günlük qatar səyahəti
xəyalım 13-14-15-ci yerlərdə
oturmuş ağsaqqal və iki qara
gəncin varlığıyla
qadın qoxusuna qarışıb əridi,
çəkilməz əzaba
dönüşdü. Yerbəyer olmuşdum
ki, vaqon axmağa başladı.
Yerim aşağı
sıradaydı. Yayxanıb dəmir dalğaların
üstündə yırğalana-yırğalana
gedən gəminin sərnişinlərinə bir
də diqqət yetirdim. Bu qara
qarmaqarışıqlığın içində gözüm
ətrafı qırmızıyla
müjdələyən balaca
göy zolaqlı, qan rəngli topa sataşdı.
Top qırmızını hər
tərəfdən bölən
göy zolaqları ilə yumurlanıb üstümə gəlirdi.
Əyilib tutmaq istəyəndə
düz yanımda qəhvəyi saçlı,
mavi gözlü, millətini kəsdirə bilmədiyim uşaqla göz-gözə gəldim.
Həmən arxadan səs gəldi:
- İslam!
Bu səs vaqondakıları
diksindirdi. Çönüb baxanda arxa sırada yaşlı kişiylə pəncərə
önündə oturan
qadının narahat üzünü gördüm.
Topu uşağa verib bir də qadına
baxdım. Sarafan geyinmiş
vaqon qaranlığında
pambıq əllərinin
hərəkətilə uşağı
çağırırdı. İslam tərs-tərs məni süzəndən sonra pambıq əllərə
tərəf getdi.
Oturub toxtayandan sonra yanımdakılarla tanış oldum. Ağ saçlı kişi bu
qara oğlanların atasıymış, Surqutdan
qayıdırdılar. Bazarda
o qədər yanbayan işləyiblər ki, ata-balalıq yaddan çıxıb, dost, yoldaş
olmuşdular. Çox keçməmiş
məni də zarafatlarına qonaq elədilər. Bunlar da
mənim kimi tez-tələsik çıxdıqlarından
yola heç nə götürməmişdilər,
amma kefləri saz idi. Sonra hardansa kart peyda oldu, başladıq oynamağa. Uduzan növbəti stansiyalarda
balıq, pivə, çörək alacaqdı.
Samaraya qədər bunların aldığı pivədən
içib ağsaqqalı
cırnadırdım. O da oğlanlarına baxıb başını bullayır, arada da "dükanı da belə bankrot
elədiz" deyirdi. Pəncərədən yamyaşıl Rusiya
çöllərinə baxdıqca
sinəm genişlənir,
Bakını, orda məni dörd gözlə gözləyən
ata-anamı düşünürdüm.
Bir yandan pivə, bir yandan yamyaşıl
çöllər, bir
yandan da arxada oturmuş pambıq əllər məni məst eləyirdi, boynumdakı dəsmalla tez-tez üzümü, başımı
silir, gözaltı qadına baxırdım.
Hər baxdığımda qadının
xeyli gözəl olduğunu özümə
təkrar isbat edirdim. Qatar sürətlə
gedir, Rusiya torpaqları pəncərədən
vərəqlənirdi. Elə bil hansısa
ali varlıq
Rusiyanı kitab kimi vərəqləyib, bizim kimi insanların
xoşbəxt taleləri
yazılmış sətirləri
axtarır, amma heç cür tapa bilmirdi, bizsə vərəqlərdəki
şəkillərə baxıb
həvəslənir, qədərimizi
bu qırmızı-göy
ölkəyə bağlayıb,
aldanıb bədbəxt
olurduq.
Artıq
səhər açılmışdı,
qatar bələdçisinin
çayının ətri
aləmə yayılır,
əl-üzünü yuyan
adamlar vaqondakıları
yenidən nəzərdən
keçirirdilər. Yavaş-yavaş, bir-bir, iki-iki tanışlıqlar başlayırdı,
üzlər gülür,
qadınlar üz-gözlərinə
əl gəzdirir, bəziləri də çamadanlarını açıb
diqqətlə baxır,
içindəkilərin yerini
dəyişirdilər. Elə bu dəmdə kimsə usulluca kürəyimə toxundu.
Çevriləndə gördüm
ki, dünənki qadınla pəncərə
önündə oturan
kişi üzündə qasid nigarançılığı ilə düz gözümə zillənib.
- Salaməleyküm, oğul,
o yanımda oturan qız səni çağırır...
Anidən tər basdı məni, çiynimdəki
dəsmalla üz-gözümü
elə sildim, görən deyər hamamdan indi çıxmışam. Ağlıma min fikir gəldi, bəlkə tanıyır?
Bəlkə axşam çox
baxdım, onu üzümə vuracaq?
Durub səssiz-səmirsiz gedib qadına çatanda, gözüylə qarşısında
yer göstərdi.
Oturdum. Qadın susurdu.
Qarşımda tərdən mirvari kimi parıldayan boyunbağı taxmış,
boynunun ətəyi qara xallı, saçları yol
yorğunluğundan tel-tel xumarlanmış, dodaqları misir
pambığı kimi açılmış, gözləri
lillənmiş göl, sinəsi ayrı ritmlə qalxıb enən
qadın oturmuşdu. Qadının yaratdığı vakuum məni
yerin cazibəsindən qoparır, qeyri-ixtiyari əl-qol hərəkətləri
eləyirdim.
- Bəlka yerini kışıyla deyişesen?
Yarı
rus, yarı azərbaycanca yükünün çox
olduğunu, kişinin gücü çatmayacağını
başa salandan sonra, dərindən nəfəs aldım,
ürəyimdə "bu kişini Allah mənə görə
belə qocaldıb" fikirləşə-fikirləşə
çamadanımı götürürdüm ki, yol
yoldaşım olan ağsaqqal əməlli göz vurdu,
içində heyifsilənə-heyifsilənə irişdi.
Amma qatar gedirdi, mən də bu vaqonun ən
gözəl qadınıyla üzbəüz oturub, xoşbəxtliyimin
və bəxtimin açılmasının verdiyi rahatlıqla
gülümsəyirdim ki, sifətimə dəyən rezin topun
zərbəsilə gözüm hər yeri
qırmızı-göy gördü, gözümün
qabağında xırda-xırda toplar keçdi. Qadın da özünü saxlaya bilmədi,
şaqqanaq çəkib güldü. Qırmızılar
gözümdən töküldükcə qarşımda gecə
görüb, hadisələrin feyzindən unutduğum uşaq əvvəl
göyə, sonra da öz rənginə bürünüb peyda
oldu. İsnişməyimiz çox çəkmədi,
nə də olmasa, xeyli təcrübəm vardı. Rusiyada qadınlarla incə zarafat eləyə bilsən,
əlindən qurtara bilməz.
Elə də oldu. Vaxt asta-asta qatarla həmahəng
axdıqca Elvira da mənə yastlanırdı. İlk toxunuşlar ilk qar kimi lətif olur.
Əlinə dəyəndə ani sürətlə əlimi tutub
sıxırdı, hər sıxanda içimdə hər
şey yerindən oynayırdı. O gecəki kimi bəlkə də
öləndə susadım. Dodağım hər
yerdən çatlamışdı. Elviranın
bir gözü mənə ehtirasla baxır, bir gözü
İslamı göstərib üzr istəyirdi. Gecə yarını adlayırdı vaqon sakitləşirdi,
Elvira məndə yaratdığı halbahallığın sərxoşluğunda
daha da gözəlləşir, üzərimdə
çaldığı qələbə məmnunluğundan
min ilin rahatlığıyla gülümsəyirdi.
Elvira vaqonda artıq
yüyəni sahibində olan at
rahatlığıyla yorğa gəzir, nazik sarafandan boylanan bədənini
əsdirir, məni özümdən çıxarırdı. Baxışlarım
qeyri-ixtiyari bədənində axıb
tökülürdü. Səhərə
kimi yatmadıq, baxışdıq, gülümsədik,
razılaşdıq ki, Volqoqradda qatardan düşüb bir
gün qalaq, səhər növbəti qatarla gedək.
Qatardan düşəndə
Günəş qoca
Stalinqrada təzəcə doğurdu. Dəmiryol
vağzalında yuxulu adamlar ora-bura qaçır, mürgü
vuranlar səsgücləndiricidən gələn
qadının məlahətli səsinə bir
gözünü açıb yummaqla cavab verirdilər.
Vağzaldakı ayaqüstü kafeyə yaxınlaşıb iki çay sifariş
verdim.
Sarı saçlı, dodağı al-qırmızı,
vağzalda yeməkdən şar kimi
köpmüş qadın mənim çay deməyimə xeyli
gülüb, bir neçə dəfə "çay,
çay, çay" deyib "ç"larıma rişxənd
elədi, sonra daş stəkanda çayları uzatdı.
Çayımızı içib kassaya yaxınlaşdıq. Növbəti qatar
3 gün sonra keçəcəkmiş. Bu
çox gec idi, qala bilməzdik. Qayıdıb
plaskart yerimizə, isti yuvamıza girdik. Birdən
Elvira sevincək boynumu qucaqladı. Dərbənddə
düşək, sərhədə yaxın, həm də dəniz...
Neçə ildi dənizi də görmürəm lap yerinə
düşər, deyib uşaq kimi atılıb-
düşdü. Bu dəmdə İslam topu necə vurdusa,
balaca masanın üstündəki hər şey yerlə bir
oldu.
Axşamçağı Dərbənddə qatardan
düşüb vağzaldakı köhnə
"Moskviç"ə mindik. Sürücü bizi
düz dənizin sahilində "Lokomotiv" mehmanxanasına
gətirdi. Hərəmizə ayrı
nömrə götürməli olduq. Elviranın
otağa gedib-qayıtması 10 dəqiqə çəkmədi.
İkisi də çimərlik geyimində məni
çağıra-çağıra pilləkənləri
endilər. Olandan-olmazdan geyinib
düşdüm dallarına. Xəzər bizi sakit
qarşıladı, göz atıb üzünü o yana çevirdi. Elviranın
gözəlliyi bir anda Xəzərə qarışdı,
sular parıldadı.
Sudan çıxanda dəniz də onun dalınca sahilə can atırdı.
Eşidirdim, dəniz nəhəng ürək
kimi döyünürdü. O gün Xəzər xoşbəxt
idi. Qumun üstündə günəşlənəndə
parıltı aləmə yayılır, qumlar sərin cənnətinə
qovuşurdu. Bir onu bilirdim ki, bu mənzərəni
bir də heç vaxt görməyəcəm. Bədənimin
hərarətindən qum tərləyirdi,
su salırdı. Bu ilıq auranı
İslamın üstümdən vıyıldayıb keçən
nəm topu dağıtdı. Durub
gözü dənizdə qalan mehmanxanaya getdik. Mehmanxananın hamamı birinci mərtəbədəydi.
İlk baxışdan qəribə görünən
nömrəmizin sirri indi açılırdı - nömrədə
hamam yox idi. İçəri keçəndə
məlum oldu ki, hamam dördgözlü ümumidir. Su köhnə kafel metlaxlı, amma tərtəmiz
hamamın duşlarından Ufada həmin axşam tökən
sel kimi axırdı.
Bir duşun
altında çimirdik. Elviranın
qızılı bədənindən qum su
dəydikcə ulduz kimi axıb tökülürdü. Yavaş-yavaş ona sarı meyillənirdim, tam
toxunanda hiss etdim ki, aramızda maneə yarandı.
İslam düz ortamızda yuxarı elə baxırdı az qala hamamın damı deşiləcəkdi. Keçib o biri gözdə yuyundum.
O gecə Elvira səhərə
kimi qulağıma tatar mahnıları mızıldadı,
qarmaqarışıq sözlər pıçıldadı, səbəbsiz
güldü, durmadan dərindən nəfəs aldı,
saçlarımı qatdı-qarışdırdı. O gecə
hər yer yumşalmışdı, hara toxunsam axırdı,
istədiyim formaya, şəklə düşürdü.
Səhər tezdən "Jiquli"si özü kimi köhnə kişinin köməkliyi
ilə çantaları yük yerinə yerləşdirib sərhədə
yol aldıq.
Yol boyu Elvira dinmədi, İslam da topunu ora atdı, bura
atdı, sonda qoca sürücünün başını nişan ala bildi. Hamımız
gülüşdük, bircə Elvira gülmədi, uzaqlara
baxdı. Sərhəd zastavasının
yanında maşından enər-enməz Elviranın
üzü döndü. Məni itələyib
ağır çantalarını götürdü, heç
nə anlamadım. Yaxınlaşmaq istəyəndə
acıqlı səslə məndən uzaq durmamı istədi.
Donub qalmışdım. Qatarda,
mehmanxanada olanlar gözümdə öləzidi. Çantamı götürüb zastavaya girdim.
Sənəd işləmləri bitəndən
sonra, neytral zonaya keçdim. Amma bizim
zastavaya da getməyə həvəsim yox idi. Olanlar məni sarsıtmışdı. Dəmir qolların üstündə oturub
fikirli-fikirli Rus sərhəd zastavasına dikilib
qalmışdım. Birdən zastavanın
balaca pəncərəsindən İslamın
qırmızı, göy zolaqlı topu zərblə
çölə atıldı,
dığırlana-dığırlana Samur çayına
düşüb axdı. Lapdan bir kişi
qoluma toxunub məni ayıltdı:
- Sən İlqarsan?
- Hə.
- İçəridə Elvira adlı
bir gəlin mənə tapşırdı ki, İlqarı
görsən, deyərsən məni həbs etdilər, inciməsin,
onu sevirəm...
Baxmağa yer tapmadım, Samura zilləndim. İslamın
bulanıq suya yaraşmayan göy-qırmızı topu
atılıb-düşə, sevinə-sevinə bizim ellərə
axırdı.
İlham Əziz
Ədəbiyyat qəzeti.- 2023.- 28 yanvar.- S.9.