Möhlət

 

Romandan parça

 

Çarhovuzun yanındakı evin qabağına çatanda Xaliq ayaq saxladı, axund da çar-naçar onun yanında dayandı. Xaliq daş pilləkənə göz gəzdirib izn istəyirmiş kimi yanındakına dedi:

- Girək içəri...

- Necə məsləhətdi... - Məhəmməd etiraz eləməyib həlimliklə, lakin könülsüz-könülsüz dilləndi.

Xaliq corabsız ayağına keçirdiyi başmaqlarını çıxarıb səliqə ilə cütlədi   daş pillələri ayaqyalın qalxdı. Yuxarı çıxdıqca birinci kərə qalxırmış kimi üstünə mavi rəng çəkilmiş pillələri saydı - bəzi yerlər sürtüldüyündən, qopduğundan altdakı göy, solğun rəng də nəzərə çarpırdı, rənglər bir-birinə qarışdığından pillələr çopurlaşmışdı, artırmanın döşəməsindəki narıncı boya da qopuq-qopuq idi, amma köhnə rəngin altında başqa boya olmadığından doşəmənin köhnəlmiş, tikanları ayağa batan taxtası bozarırdı - dodaqaltı, öz-özünə: "Bir, iki, üç, dörd, beş, altı"... Həm daş pillələrin üstündə, həm də toz qonmuz taxta döşəmədə balaca ayaqlarının izi qaldı. Qədd-qaməti kimi əl-ayağı da xırda idi. Ətrafa maraqla göz gəzdirdi, sanki bu evə birincə dəfəydi gəlirdi. Arxaya baxanda Məhəmmədin hələ də aşağıda dayanıb duruxduğunu görüncə bərkdən dedi:

- Gəl də, nə quruyub qalmısan? - Məhəmməd əyilib üstü deşik yay çəkməsini çıxarmaq istəyəndə qoymadı. - Sən soyunma, elə-belə gəl, onsuz da içəri toz-torpaqdı, ayağına nəsə batar, yox yerdən peşmançılıq olar. Çoxdandı heç kim gəlmir bura, gedəni də qoymuram buraları təmizləsin... Elə bilirəm bura ayrı adam gəlsə təsadüfən qiymətli bir şeyi salıb sındıracaq. Fəqət dəyərli bir şey də yoxdu burda... Dəyərlilərin hamısı quş kimi uçub getdi... - şalvarının çübindən nazik, uzun açar çıxardıb qapıya saldı. - Deyəsən heç kəsdə bir suç yoxdu, son zamanlar mən özüm vasvası olmuşam...

Xaliq otağın qapısını açanda Məhəmməd soruşdu:

- Bir gözdü?

- Hə... - Xaliq başını tərpətdi. - Ancaq iri otaqdı... Sən olmamısan burda?..

- Bilmirəm... - Məhəmməd çiyinlərini çəkdi. - Yadımdan çıxıb... - qapı açılanda içəridən gələn tozu və qatı kir, kəsif iyini içinə çəkməməkdən ötrü burnunu tutdu.

- Gəl içəri, çəkinmə... - Xaliq yalın ayaqlarını taxta döşəmədə yavaşca şappıldada-şappıldada irəli yeridi. - İndi pəncərələri açacam, bu iy-qox çəkiləcək...

Məhəmməd car-nacar içəri girəndə hiss elədi ki, min bir pəncərə açılsa belə, bütün Arazın-Kürün suyu ilə yuyulub təmizlənsə də illərdi ist-üstə qalaqlanan başgicələndirici qoxu bu otaqdan, bu evdən keçib gedən deyil. Bir-birinə qarışmış özəyi naməlum, ürəkbulandıran iyi birdəfəlik yox eləmək üçün tavanında, divarlarında yekə, qalın və qaramtıl hörümçək toru sallanan, üstünə nazik tozdan "xalı" sərilən divanın arxasındakı yanlarını güvə yeyib deşik-deşik eləmiş xalçanın üstünə asılmış iri, böyüdülmüş fotonu - Məhəmməd gözlərini qıyıb baxsa da, şəkildəkinin kim olduğunu yaxşı görə bilmədi - üstəgəl otağın ortasındakı iri masanı, masanın ətrafındakı stulları elə bu otaq, bu evqarışıq birdəfəlik yandırıb külə döndərmək lazımdı.

Xudaya, görəsən havada vızıldayan qara milçək necə, nə təhər girmişdi bura, nə ilə qudalanıb arı boyda yepyekə olmuşdu? İçəridə lal-dinməz, hərəkətsiz dayanıb pərdəsiz pənçərələri açmağa çalışana baxan - nədənsə, əl atıb büllur çilçırağın işığını yandırmaq ağıllarına gəlmirdi, bəlkə də içəri hər tərəfdən işıq düşdüyündən, o günəş şüası havaya qalxan tozu da işım-işım işıldadır, par-par parıldadırdı, buna ehtiyac yox idi - özü öz sualına cavab verə bilmədi. Çünki Xalıq pəncərələri aça bilməyib qan-tər içində ona sarı döndü.

- Bekara əziyyətdi, pənçərələri aça bilmədim... - günahkarcasına gülümsündü. - Mənlik deyil, qocalmışam... Gəl elə artırmada oturaq. Burda boğulur adam...

Onun sözləri Məhəmmədin ürəyindən oldu, tez özünü bayıra atdı, Xaliq də artırmaya çıxıb otağın qapısını örtdü, üstəlik qapını qıfıllayıb açarı yenə şalvarının cibinə qoydu.

Artırmadakı köhnə, rəngi getmiş kətildə yanaşı oturub - kətillərin üstünün toz olduğunun fərqinə varmadılar, toz-torpaq veclərinə deyildi, şükr eləyirdilər ki,  bayırda, artırmada sinədolusu nəfəs almağa təmiz hava var - taxta, oymalı məhəccərə dirsəkləndilər. Sərçələr çarhovuzun yanındakı tutun budağına qonub ağacın şipşirin barını dimdikləyirdi. Ağacın altına qonub yerə düşən tutu rahatca yeməyə qorxurdu quşlar. Çünki həyətdəki pişiyin belini əyərək, gizlənərək gözləri parıldaya-parıldaya marığa yatıb onları güddüyünü bilirdi. Bir qarın ac, bir qarın tox olsa da sağ-salamat qalmağın heyvan dişində çabalamaqdan yaxşı olduğunu əcdadlarından öyrənmişdi qanadlılar. Bunu unutmağın bədəli ya tələyə düşməkdi, ya yem olmaq... Hər ikisinin sonusa, ölümdü, yoxluqdu və ən zülümü ölümdən qabaqkı dəhşətli bir əzabdı ki, o dəhşətli əzabdan sonrasını da bir Allah bilir...

Həyətdəki ağaclara, ətrafı mərmər, lal-sakit, göyümtülləşən suyunun üstündə qurumuş, sarımtıl yarpaqlar "lövbər salan" çarhovuza baxırdılar.

- Bilmirəm günahım nəydi ki, başıma fəlakət gəldi... - Xaliq öz-özünə danışırmış kimi yanındakına baxmadan dilləndi. - Evin yeganə uşağı idi, sözünün üstünə söz deyən olmamışdı, çox ərköyün böyümüşdü. Bəlkə də elə ərköyünlüyünün, dikbaşlığının badına getdi... Böyüyəndə dedi ki, mən paqon sahibi olmaq istəyirəm, belimdə də tapança... Oldu da... Mən saqqal tərpətdim, şirni verdim, cavan vaxtından vəzifəyə qoydurdum onu. Yadındadı da, qonşu rayonda işləyirdi... - ah çəkdi. - İşləmirdi yox, camaata qan uddururdu. Neçə kərə mənim yanıma xahiş-minnətə gəlmişdilər ki, ay molla, sən el-obanın ağsaqqalısan, din-iman adamısan, oğluna tapşır adamları incitməsin, məxluqla həlim dolansın. Hər zamankı tək mənim də içim özümü yandırırdı, çölüm özgəsini, heç kəsə deyə bilmirdim ki, o, dəyişib day məni də hərləmir. Cəmi bircə dəfə ağız açdım ona, onda da sözüm yerə düşdü, mən də payımı götürüb üzüsulu çəkildim qırağa. Seyid Qeybulla ocağının nəzir qutusu məsələsində... Yazıq seyid içində, qəlbində, ürəyində boğduğu hirs-hikkəsindənmi, qəzəbindənmi, əlacsızlıqdanmı, sarışın adam qapqara qaralmışdı, çırtma vursaydın qanı damardı, o boyda kişi yəqin ya çaşqınlığından, ya da bilərəkdən - Allah rəhmət eləsin, öləndə də yasına getmədim utandığımdan - papaqsız, əmmamasiz, elə başıaçıq gəlmişdi qapıma ki, ay Xaliq, sənin oğlun bizim ocağımızdakı, qapımızın ağzındakı nəzir qutusunu möhürləyib aparıb idarəsinə, oğlumu da tutub, özümüzə də gün verir, içıq vermir, iş açıb barəmizdə, hər gün silisçiyə gedib gəlməkdən əldən-dildən düşmışük. Allah xatirinə bir çarə qıl... Mən də özüm getdim oğlumun ayağına ki, ay bala, Qeybullagilnən işin olmasın, bilmirsən ki, onlar ağır seyiddi, onların ocağına sataşan xeyir tapmaz, day indiyəcən nə olub-olub, bir daş altda, bir daş üstdə, get üzr istə, məsələ bitsin... Üzümə bozardı ki, nə danışırsan, onlar nəkarədi ki, mən ayaqlarına gedib üzr istəyim, sənin aşağıdan yuxarı baxdığın seyidləri mən hər gün hüzuruma çağıtdırıb keçi kimi mələdirəm, sən avamlığına salıb mənim işlərimə qarışma, bir də nə seyid-meyid, onlar fırıldaqçıdı, gənə kimi camaatın qanını sorurlar, hazıra nazirdilər, ucdantutma hamısını dama basmaq lazımdı ki, başqalarının da gözü qorxsun, hamı bilsin ki, bu rayonda söz sahibi kimdi!.. Qanundan böyük qüvvə yoxdu... Din-iman da, Allah da, peyğəmbər də bizik!.. Day o boyda gədəyə nə deyəydim, ana tərəfə çəkmişdi, yekəpərdi, mənim başım onun çiyninə çatmırdı. Qərəz, kor-peşman qayıtdım geri... Neçə gün evdən eşiyə çıxmadım. Arvad nə qədər dilə tutsa da, oğlumun telefon zənglərinə çavab vermədim. Çox sınmışdım... Nəhayət, "Qurban bayramı"nda ertədən rəhmətlik... e... hələ də umudumu üzməmişəm, elə bilirəm diridilər, hardasa yaşayırlar, intəhası yaddaşlarını itiriblər, mən xəyallarından silinmişəm, amma hərdən çaşıb doğmalarıma rəhmət oxuyanda diksinirəm. Hər nə isə, ertədən gəldilər bura. Özü, arvadı, bir də nəvəm... Həlbət ki, bilirdi küsmüşəm. Ancaq özünü o yerə qoymayıb hay-harayla gəldi yanıma, boynumu qucaqladı, qayıtdı ki, bu nədi, fağır-fağır oturmusuz, bayramdı, yığışın gedirik bizə, restoranda oturub kef eləyə-eləyə gedirik, qoyunu da bizdə kəsirik, bayramı da bizim evdə, bir yerdə keçiririk. Gördüm əl çəkənə oxşamır, dedim, bu dini bayramdı, sən ki, belə şeylərə inanmırsan, nədən əl-ayağa düşmüsən, mən məscidə gedib camaatnan bir yerdə olmalıyam, yaxşısı budu sən ananı apar... Day üz vurmadı, anasını da götürüb tez-tələsik düşdü yola. O gedən də getdilər... Yoxa çıxdılar, nə ölüləridən xəbər tutan oldu, nə dirilərindən... Elə bil bu adamlar heç dünyaya gəlməyiblərmiş. Haqqüçünə hökümət adamları da çox axtardı onları. Balam adi adam deyildi axı, vəzifə sahibi idi. Fəqət heç bir faydası olmadı. Naəlaclıqdan bir gecə gözdən oğurlanıb falçı Xeyransanın yanına da getdim. Bilmirəm Xeyransa qocalıb ağlını itirmişdi, ya mənə təsəlli vermək istəyirdi, rəhmətlik dedi ki, fikir eləmə, doğmaların sağ-salamatdı, fəqət sən onları bir də görməyəcəksən... Boynuma alıram ki, yaman sevindim. "Neynək, - dedim özlüyümdə. - Qoy əzizlərimin nəfəsi gedib gəlsin, mən onları görməsəm də birtəhər dözərəm". Qəsdən atüstü, necə gəldi, adda-budda, yığcam danışıram, çəkdiklərimi dilə gətirsəm gərək qırx gün, qırx gecə məni dinləyən ola... Heyhat, hər şeyi dilimə gətirə bilərəmmi?.. Elə şeylər var ki, boynuna ilgək keçirilsə də demək olmur. Qalırsan ürəyin partlaya-parlaya... Nə isə, bu gün mənin kefim yoxdu, həmişəki kimi deyib gülə bilmirik, sənin də qanını qaraldıram...

- Nə qan qaraltmaq, ömür həmişə toy-bayram deyil ki... Onsuz da bunları mənə çox danışmısan... - axund eşitdiklərindən bezibmiş kimi sakitcə, bir az da etinasızlıqla dedi.

- Sənə danışmıram ki... Hər gün öz-özümə pıçıldayıram ki, ürəyim boşalsın, rahatlanım... Nə gündüzüm gündüzdü, nə gecəm gecə... Səksəkəli yatıram, tez-tez də nəvəmi yuxuda görürəm... Görürəm ki, arxamca gəlir, pay-piyada yol alıb harasa gedirik, ancaq hara getdiyimizi kəsdirmirəm, yerdə-göydə olduğumuzu da bilmirəm, hər yan sıx, qatı duman içindədi, duman elə qatıdı ki, sanki göy yerə düşüb, buludlar yerə dəyir, ya da biz, nəvəmlə mən buludların üstü ilə gəzirik. Özü də yaman yekəlib nəvəm, boy-buxunludu, qədd-qamətdə nənəsinə, dədəsinə çəkib. Bığı-saqqalı da çıxıb, bir suyu elə bizim Adəmə oxşayır...

- Adəmin üzünə tük çıxmayıb axı... - Məhəmməd söhbəti dəyişmək istədi.

- Bir suyu dedim də... Deyəsən heç vaxt bizim Adəmin üzünə tük çıxmayacaq. Kosabaladı...

Məhəmməd zarafata saldı:

- İnanmıram dəllək kosaya qız verə...

- Onun munnəti olsun... Yazıb oxumaqla arası olmasa da, Adəmin ayağı biləni bizim camaatın başı bilmir... - Xaliq müsahibinin məzələndiyini duysa da, Adəmə qahmar çıxdı. - Sən də yetimin haqqını tapdalama, nə olub binəva Adəmə, başıaşağı, gülərüz uşaqdı, hər bir işi bacarır, "qa" deməmiş yemək gətirir, "qu" deməmiş su...

Axund: "Çox tərifləmə, hələ ki, bir boşqab xörəyi gətirib çıxarda bilmir", demək istəsə də, nədənsə, fikrindən vaz keçib sözləri dilinin ucundan qaytardı, əvəzində mızıldandı:

- Tez deyil onu evləndirmək? Qorxuram yola getməyələr... Bir xatası çıxa e... İndiki cavanlara nə var, iraq-iraq, axşam evlənirlər, səhər boşanırlar... Heç bilmək olmur nə istəyirlər, qarınlarının ağrısı nədi...

- Tez nədi?.. Bəlkə də gecdi... Üzdən uşaq görünməyinə baxma, Adəmin əsl yaşını kim bilir? - dinləyən anlamadı ki, müsahibi zarafat eləyir, yoxsa ciddi deyir. - Əksinə, qorxuram ki, evlənməsələr xatası çıxa... Divar dibində-zadda, küncdə-bucaqda görüşürlər. Odla pambıqdı da, gözləri qızar, aralarında nəsə olar, camaatın dilinə düşərik. Pinəçinin bizinin qabağında dayanası halım yoxdu mənim. Qocalmışam...

- Day pinəçilik eləmir o... Dəlləkdi, baş-üz qırxır...

- Dəllək ülgücü lap pis... - Xaliq pıqqıldadı. - Allah axırını xeyrə calasın, hiss eləmişəm ki, qızın anası da Adəmdən əl çəkmir, ondan ötrü sinov gedir. Bilmirəm bizim bu gədədə nə görüb... Nə biləsən indiki arvadların ağlından nə keçir... Bir cür düşünürlər, başqa çürə danışırlar, axırda da kəlləmayallaq qərar verirlər. Baş açmaq olmur...

- İndi ki, belə narahat-nigaransan, məni də xeyir işdən ötrü çağırmısan, neynək, qoy sən deyən olsun. İnşallah tezliklə Əfruzu... - axundun dili dolaşdı. - Əstəğfürulah, Həvvanı alarıq Adəmə, işlər düzələr...

 

***

 

Adəm bir-iki addım kənara çəkilib əlindəki qayçını havada oynadaraq , yüngül bağ kreslosunda əyləşən Xaliqə diqqətlə baxdı və özündənrazılıqla başını tərpətdi:

- Yaxşıdı... - özü öz sözünə qüvvət verdi. - Saçın da yaxşıdı, qaşlarından da artıq tükləri götürdüm, saqqalın da gözəgəlimlidi...

Qoca qalxanda üstündəki ağ tüklər yerə töküldü, boğazından dizinəcən uzanan ipək örtük də sürüşüb masanın altında bürmələndi,  ayağa duran  bunun fərqinə varmayıb sinəsini, dizlərini yüngülcə çırpdı:

- Adə, ay cüvəllağı, məni ələ salmısan? - qımışdı. - Saçım var mənim? Balaca olanda ağıllı uşaq idin, böyüyə-böyüyə zibilin çıxdı...

- Mən sənin keçəl başını tüklü kimi görürəm, ay dayı... Yəni saqqalınla keçəl başın bir-birinə yaraşır... Bəlkə də saçın olsaydı, belə... göz dəyməsin tfu...tfu... - yalandan tüpürüb öz yanını qaşıdı. - Belə qəşəng görsənməzdin... Saqqalını da ki, qısaldıb düzəltdim, artıq tükləri kəsdim, lap yaraşıqlı oldun e, ay dayı...

- Yaxşı, gic-gic danışma... Kömək elə, gedim yuyunub geyinim, sonra tərpənim sənin xeyir işinin dalınca... Məhəmməd məni gözləyir... O sağ olmuşun da evinə bir xeylağ yoldu burdan... Sənə görə qoca vaxtımda əldən-ayaqdan düşəcəm, ay cüvəllağı...

- Şofer Buludun mobil telefonuna zəng elə, gəlib aparsın da səni...

- Yox, maşınla getsəm hay-haraylı olar, hələ ki, bu işi sakit-sakit görsək yaxşıdı, şər deməsən, xeyir gəlməz... Sən xəbər vermisən də qız evinə?

- Nəyi? - Adəm gözlərini döydü.

- Nəyi olacaq, bizim olara gedəcəyimizi...

- Həlbət ki... - Adəm qayçını masanın üstünə qoydu. - İstəyirsən yuyun-geyin, mən özüm səni velosipednən aparım...

- Nə danışırsan, başuva at təpib?.. - desə də qocanı gülmək tutdu. - Sonra da hərə bir zurna çalıb hoydu-hoyduya götürsün məni ki, molla Xaliq qoca vaxtında ağlını tamam itirib, bütün kəndi velosipedlə gəzir... Sənin velosipedinlə elçiliyə getməyin zurnası taksidən də bərk çıxar. Onsuz da bir tikə abırım qalıb, adım özünü-sözünü bilməyən qanmazların dilindədi...

- Onda gedək səni çimizdirim... - Adəmin də dodaqları qaçdı...

...Çiməndən sonra totuq, toppuş yanaqlarına qızartı çökmüşdü, bütün bədəninə xoş bir yorğunluq yayılmışdıdı, həyətdə, masa arxasındakı yüngül kresloya yayxanmışdı, qabağındakı armudu stəkanda da çay. Çayını içib yavaş-yavaş yola düşəcəkdi. Hələliksə, kölgəlikdə oturub dincini alırdı, h ətrafa göz gəzdirə-gəzdirə özlüyündə nəyisə götür-qoy eləyirdi, dodaqlarını ehmalca tərpətsə də səsi çıxmırdı, sənki içindəki sorğu-suala cavab verirdi. Demə, içindəkilərlə danışmaq üçün səsə ehtiyac yoxmuş, ün, səda yan-yörədəkilərdən ötrüymüş... Yanındasa Adəm müntəzir dayanmışdı.

Qoca xəyaldan ayrılıb çaydan bir qurtum aldı, həm əli, həm dili ilə Adəmi çağırdı:

- Bəri dur...

Adəm lap yaxına gəldi:

- Nədi?..

Xaliq boğazınacan düymələdiyi ağappaq, yaxalıqsız köynəyinin döş cibini eşələyib qaşsız, qızıl üzük çıxartdı:

- Bunu görürsən?..

Adəm məsələni duysa da, qəsdən özünü keyliyə vurdu:

- Görürəm, nədi ki?..

- Xeyir işimiz düzəlsə, bunu qızın barmağına taxacam... - özündənrazılıqla deyib təzədən üzüyü köynəyinin cibinə qoyaraq nəfəsini dərdi.

- Sağ olasan, ay dayı...

- Çarhovuzu yaxşı təmişlədün? - burnunu çəkdi.

- Həlbət ki... Özün gördün axı, bir həftə əlləşdim çarhovuznan... Dibində bir qarış lil-palçıq var idi. İndi tərtəmizdi, suyu da ki, dupduru... - Adəm gülümsündü. - İstəsən, isti səni əldən salanda atıl hovuza, nə qədər kefindi çim, üz, sərinlən özün üçün...

- Hə, bircə üzməyim çatışmırdı... - qoca mızıldanıb yerində qurcalanaraq bu dəfə şalvarının cibini eşələdi. - Bunu da götür... - əlindəki açarı Adəmə uzatdı. - Yavaş-yavaş çarhovuzun yanındakı o balaca evi də yaxşı-yaxşı yu, təmizlə... Qapı-pəncərəsini açıq saxla, qoy havası da dəyişsin... Ora yaman gündədi, toz-torpaq dizə çıxıb, iy-qoxdan içəri girmək olmur...

- Baş üstə, ay dayı... - Adəm açarı alıb sevincək dedi. - Gül kimi eləyərəm oranı, narahat olma...

- Day mən durum, yolçu yolda gərək... - qoca özü ilə danışırmış kimi dodaqaltı mızıldanıb ayağa qalxdı. - Sən də mənim hara getdiyimi heç kəsə demə... - Adəmə tapşırdı. - Xəmiri yoğurmamış təndiri tüstülətməyək...

 

Mübariz Cəfərli

 

Ədəbiyyat qəzeti.- 2023.- 28 yanvar.- S.10-11.