Durna qatarı
Vaqif Səmədoğlunun xatirəsinə
Yaradıcılığının əsas mövzusu
azadlıq, zaman, həyat, ölüm, tənhalıq və
ümumilikdə İnsan və onun yaşantıları olan
Vaqif Səmədoğlu altmışıncılar ədəbi
nəslinin görkəmli nümayəndəsidir. 60-cı illər
Vaqif Səmədoğlu üçün hər şeydən əvvəl
bir çox sahələrdə - fəlsəfədə, ədəbiyyatda,
musiqidə, mədəniyyətdə, dəbdə "yeni
zövq"ün yarandığı bir dövr kimi dəyərli
idi. Belə bir dövrdə
yaradıcılığa başlayan Vaqif Səmədoğlunun
əsərləri o illərdə çox çap olunmayıb.
İlk dəfə 1963-cü ildə Xalq şairi Rəsul
Rzanın təqdimatı ilə "Azərbaycan"
jurnalında bir neçə şeiri dərc edilən Vaqifin
1968-ci ildə "Yoldan teleqram", 1972-ci ildə
"Günün bəxti" adlı kiçikhəcmli
kitabları çıxsa da, əsərləri əsas etibarilə
müstəqillik illərində çap olunmuşdur. Amma
şeirlərinin yazılma tarixinə nəzər yetirdikdə
görürük ki, şair dövrün, senzuranın tələblərinə
görə şeirlərini çapa təqdim etməsə də,
yaradıcılıqdan ayrılmamış,
yaşadığı duyğuları, ağrıları, istəklərini
daim qələmə almış və çap olunmaması
yazıçı Anarın dediyi kimi, Vaqif Səmədoğlunun
"poetik mən"ini ana balasını qoruyan kimi
qorumasına kömək etmişdir. Beləliklə,
onun yaradıcılığı "zamanın
kardioqramını cild-cild elmi kitablardan daha dəqiq və
dolğun əks etdirən" (Anar) poetik xəzinə kimi bizə
miras qalmışdır. Vaqif Səmədoğlunun
doğulduğu, böyüdüyü mühit, zəngin
mütaliəsi, güclü müşahidə və təhlil
qabiliyyəti onu istedadlı şair, dramaturq kimi
formalaşdırmışdır. İstedadlı
şair və ədəbiyyat adamı olmaqla yanaşı, onun
ictimai-siyasi xadim kimi də xidmətləri az olmamış,
90-cı illərin əvvəllərində ölkədə
yaranan gərgin siyasi proseslərdə yaxından iştirak
etmiş, Milli Azadlıq hərəkatının öncüllərindən
olmuş, Moskvanın - Kremlin Azərbaycanla bağlı
haqsız siyasətinə qarşı çıxan xalqla həmrəy
olaraq, çıxışları ilə ümumxalq
etirazlarını dəstəkləmişdir.
"Ayrılıq
hissi bütün insanlarda var, amma son vaxtlarda mən
ayrılıqların ən dəhşətlisini hiss etdim: ən
dəhşətlisini, bəlkə də ən
çıxılmazını, bu da Milli Ayrılıq və
Milli Tənhalıqdır.
Qarabağla bağlı hadisələr, erməni millətçilərinin
uzun illərdən bəri apardıqları təbliğat,
hazırlıq, bir də ki, Qərbi Avropanın bu işə
insafsız münasibəti mənə Milli Ayrılıq
hissini yaşatdı. Elə bildim ki, mənim millətim, Vətənim
Azərbaycan Yer kürəsindən ayrılıb".
Bu hisslər, bu yaşantılar Vaqif Səmədoğlunun
poeziyasına da, lirik "mən"inin ovqatına da təsir
edirdi və Azərbaycan poeziyasında onun darıxan, narahat və
nigaran şair imicinin formalaşmasının səbəblərindən
biri də bu milli tənhalıq duyğusu idi.
Rəsul Rza ədəbi məktəbinin istedadlı
nümayəndəsi Vaqif Səmədoğlu sərbəst vəzndə
yazdığı əsərlərlə Azərbaycan
poeziyasında sərbəst şeirin ən gözəl və
kamil nümunələrini yaratmışdır. Özünün
də müsahibələrində qeyd etdiyi kimi, sərbəst
şeiri ilk dəfə Vaqif Səmədoğlu qafiyəsiz
yazmışdır. Ona qədər sərbəst
vəzndə yazan şairlər qafiyəli şeirlər
yazırdılar. Şair xüsusi adla
adlandırmadığı, əksəriyyəti kiçikhəcmli
olan şeirlərinə ağırçəkili məna, fəlsəfi
dərinlik və estetik tutum yükləmişdir. Vaqif Səmədoğlunun poetik "mən"inin
yaddaşı güclüdür, xatirələrə hörməti
böyükdür, "39-da doğulsa da, 37-də tutulan"
sələflərinin acısını yaşayır. Onun şeirlərində ölüm nəinki
qorxuludur, hətta bəzəklidir. Vaqif Səmədoğlunun
poeziyası ağrıların ilmə-ilmə,
naxış-naxış toxunduğu misra və bəndlərdən
ibarətdir, onun yaradıcılığı
bütövlükdə ağrı haqqında böyük
poeziyadır. Şair 1982-ci ildə öz şeirlərini
"dostsuz, yaxınsız, kimsəsiz" adlandıranda, bəlkə
də, auditoriyalarda oxunmayan, alqışlanmayan, şəninə
təriflər deyilməyən "talesiz" şeirlərini
nəzərdə tutmaqla yanaşı, həm də o nümunələrin
dövrün ağrı və əzablarını əks
etdirmək baxımından bənzərsiz, tək
olduqlarını demək istəyirdi. Bu tərz
şeirlər o vaxt sakit-sakit, pıçıltıyla otaq
küncündə ancaq dosta oxuna bilərdi. Bətnində əzablar gəzdirən, çox mətləblər
və sirlər gizlədən bu şeirləri o zamanlar ancaq
"stolun gözünə" yazmaq olardı.
Şair
öz şeirləri haqqında ayrı-ayrı nümunələrdə
yazır:
Şeirim
uşaq gözündə
Qoca gözünə bənzər.
***
Şeirlərimin
qızdırmasından
Yata bilməmişəm bütün gecəni.
Ciyərləri
cadar-cadar olmuş
Təngnəfəs şeirlərimin.
Əl-qol
yorulub, üzülüb ürək,
beyin taqətdən
düşüb.
ümidlər əl-ayaqdan
elə
hey şeir, yazı yazmaqdan...
...hər
gün diri-diri, aman Allah,
narkozsuz
şeir yazmaqdan...
Narkoz insana nə vaxt verilir? Yaşayacağı
şiddətli ağrıdan əvvəl. Deməli,
şair şeir yazmağı bu ağrı ilə bərabər
tuturdu, çünki o, "baharın ilk çiçəklərindən"
yazmaq istəsə də, zaman və gerçəklik ona:
Sənin
vətənində meşələr yanıb bu yay
mənim
yurdumda yağışlar yanıb
- yazdırırdı. Meşənin
yanması mümkündür, bu bir təbii fəlakət olub
təbiətə və ekologiyaya zərər vura bilər.
Amma yağışın yanması artıq ruhi
və mənəvi faciədir, duyğuların, xəyalların,
xatirələrin yanmasıdır. Vaqif Səmədoğlu
faciənin dözülməzliyini göstərmək
üçün demir ağaclar yandı, deyir: "Bu meşəsiz
mənzərədə odun yerinə daş yanır". Yaxud "yaramı var o dağın ormanlı sinəsində"
- kimi dəhşətli mənzərənin rəsmini çəkir.
Cəmi beş-altı misra ilə acının,
həsrətin, bir addımlığında durub əlinin
çatmadığı arzuların, üşüyən
uşaqlıq xatirələrinin, çıxılmaz dalana
düşmüş qəhrəmanın çarəsizliyinin
tablosunu yaradır. Bu tablolar o qədər
təbiidir ki, burada nəinki heyrətin, həsrətin,
qorxunun, sevginin rənglərini görürsən, hətta yerə
tökülmüş yaş xəzəllərin, nəm
skamyanın qoxusunu da hiss edirsən və bu tablodan bir qəmli
uşaq gözləri boylanır oxucuya. O uşaq ki,
oxuduğu nağıllarda hətta "divlərin də
gözləri dolur". Bütün
uşaqların oxuduğu nağıllarda divlər dəhşətli
və qorxuludur. Vaqif Səmədoğlunun
nağıllarındakı divin gözləri isə dolub.
Divin də gözlərini yaşardan bu uşaq
"39-da doğulub, 37-də tutulub",
uşaqlığı dustaqlıqda keçib. "Elə bil ayrılıqdan süd əmib
uşaqlığım" - yazıb, "dənizi xoşbəxt",
"sahili şən" aləmin onun nəinki həyatına,
hətta yuxularına belə aidiyyəti olmayıb.
Bu yuxu,
deyəsən, yolunu azıb,
mənim
yuxum deyil bu.
Bu lalələr,
bu çəmən,
sevinib,
uğuna-uğuna Günəşə gülən
bu şən
çocuqlar...
Bu
röya mənim deyil,
bu
dünya mənim deyil.
Bu işıqlı aləm ona görə şairə
yad idi ki, onun "uşaqlığının meşəsində"
ocaqlar çatılmışdı. İsti, xoş xatirələrdən
çox, yaddaşda uşaqlığından "kimsəsiz
park", "üşüyən nəm skamyalar"
qalmışdı. Ona görə Vaqif Səmədoğlunun
poeziyasına həsrətin, ayrılığın
poeziyası da demək olar. Bu həsrətin
poetik obrazı maraqlı tərzdə təqdim olunur. Günəş bir gün göy üzündə
bir daha batmamaq iddiasıyla dayanır, zahirən pis
görünmür. Günəş
işıqdır, istilikdir, həyatdır. Amma şair gözlənmədən bu mənzərədən
doğan və bizim görmədiyimiz həsrəti
görür - bütün dünya gecə həsrəti ilə
dolur. Başqa bir şeirdə "Başın üstən
yana-yana köçər durna qatarı..."
yazır. Durna qatarının köçməsi onsuz da
hicrandır, ayrılıqdır, payızın gəlişidi,
amma bu durna qatarı Vaqif Səmədoğlunun
şeirindən yana-yana köçəndə, bu
ayrılıq daha nisgilli, daha ağrılı olur. Yaxud "dəniz sahilində durub dəniz həsrətiylə
ölmək" - kimi ağrılı hicran.
***
Anasına
xitabən yazdığı şeirdə "bir-iki layla qoy
yoluma, ana, bəlkə uzaqda - uşaqlıqda öləcəyəm",
- deyən şairin bu bədbin poetik fotoları,
düşünürəm ki, təkcə onun yox, elə o nəslin,
o epoxanın bütün uşaqlarının ağ-qara rəngli
qəmli fotolarıdır.
Vaqif Səmədoğlu uşaqları hələ
körpə ikən bayrağa bələməyi tövsiyə
edirdi. Gün gəlir həmin uşaqlar onun şeirlərində
bayraq görəndə gözləri dolan, köksü qabaran qəhrəmana
çevrilir.
Üzük
var, taxmağa bir barmağın yox,
Yollar var,
ayaqsız yol yormağın yox,
Yamaq
vurmağa da öz bayrağın yox,
Nə
yaman ağırmış bulud kölgəsi,
İçində bağıran köçəri səsi.
Şair bu şeiri üçrəngli
bayrağımızın sandıqlarda gizlədildiyi, gün
işığına çıxarılmadığı
vaxtlarda yazıb və burada yamaq deyəndə çox
güman ki, ay-ulduzu nəzərdə tutmuşdur.
Vaqif Səmədoğlunun Sovet dövrü
yaradıcılığında ana dilinə yad münasibətdən
qaynaqlanan bir narahatlıq və nigaranlıq var. Doğma dilə
göstərilən ögey münasibəti şair bəzən
ağrı, acı təəssüf, böyük
yanğı, bəzən kinayə ilə ifadə edirdi.
Yenə
getdi ayrılığa,
Yaxın, doğma izləri.
Yenə qərib
şeirə döndü
Ana dilin
sözləri...
1982-ci ildə qələmə alınan bu parçada
şair ana dilinin qərib şeirə dönməsindən
gileylənir.
Bəzən ayrı-ayrı əsərlərdə "al
qalstuklu pionerin vətən haqda oxuduğu yad sözlər",
"Mənasız olur özgə dilində oxunan duaların
ümidi", "Don vurar türkün dilini" - kimi
nigaranlıq ifadə edən misralarla yanaşı
Körpü
altının
Yosunlu, nəm,
sərin mahnısı da
Düşməlidir yadımıza.
Buraların
bir sözünü,
Bir avazını unutmamalıyıq biz.
Qürbətə
dönməməlidir
Bu yerlərin yetimliyi.
Gündoğanın
və günbatanın
Himnlərini
bilməlidirlər,
ayaq
üstə oxumalıdırlar balalarımız.
Unudulmaya
gərək,
yada
düşə gərək
bu
torpağın bütün sözləri
- kimi açıq şeirlər də yazır,
otaylı-butaylı Azərbaycanın nəinki bütöv
dilinin, hər kəlməsinin qayğısına qalır,
onun unudulmamasına çalışırdı. Ana dili Vaqif Səmədoğlunun şeirlərində
elə vətənin özüdür.
Ağac kultu Vaqif Səmədoğlu üçün
müqəddəsdir, bəzən insandan da dəyərlidir. Ağacın
yanında günah etmək onun üçün elə
tanrı yanında günah etmək kimidir. "Meşədə
adam öldürürlər o qədər ağacın
gözü qabağında", "Bəlkə,
günahların ən böyüyü ağacın
gözü qabağında ağlamaqdır, bəlkə,
baltadan da pisdir ağac dibinə daman göz yaşı",
"Dəlixana həyətində bir ağac da dəli
oldu", "Ruhu şad olur meyvə bağında ölənlərin"
kimi misralarda təbiətin, yaradılışın bir
parçası olan ağaca münasibətindən
görürük ki, ağac bəlkə də, şairin ən
çətin, ən tənha günlərində
sirdaşı, dərd anlayanı olub.
Ağac
kölgəsində bitsin,
Kədər-sevinc
davası,
Məni
baxtla barışdırsın,
Yarpaqların
duası
- şeirində isə yarpaqların
duasını ən müqəddəs dua hesab edir, onu bəxti
ilə özü arasında vasitəçi seçir.
Azadlıq mövzusu yuxarıda da dediyimiz kimi, Vaqif Səmədoğlu
poeziyasının əsas mövzularındandır. Vaqif Səmədoğlu
azadlıq deyib hayqırmır, onun azadlıqla münasibəti
kövrək pıçıltı, için-için yanan
poetik "mən"in həzin sevgi etirafı səviyyəsindədir:
Sən mənim
doğma
anamsan, Azadlıq,
mən
sənin
yad
qapısında böyümüş balan...
Sən
son ümidimin qaldırdığı
ağ
bayraqsan, Azadlıq,
mən
səni
yellədən külək...
Bu şeir ağrının, faciənin, yad
qapısında böyüməyin
ağırlığının zildə yox, bəmdə olan
ifadəsidir.
Mənəvi ağrılar,
sızıltılar, "qəflətən sıxılan
ürək", lirik "mən"i fiziki xəstəliyə
düçar edir bir gün. Öz xəstəliyinin səbəbini
və diaqnozunu isə həkimdən də yaxşı dərk
edir:
Professor,
bilirəm,
bu xəstəlikdən
can qurtarmaqçün,
bir zəhrimar
içkidən,
bir də
azadlıq arzusundan əl çəkmək gərək.
Amma
şair nə azadlıq arzusundan, nə də tənhalıq və
təklikdən əl çəkmək niyyətində olmur,
o, azadlıq istəyində israrlıdır:
Ağ
kağız üzərində
yer
üzünün bütün məntiqlərinə
meydan
oxuyan qələmimin təkliyini
dəyişmərəm
nə
bir dövlət bayrağının kölgəsinə,
nə
bir qadın səsinə,
nə
övlad nəfəsinə,
nə də,
bağışla, Allah, sənə...
Bu durumdan, təkid və isrardan itirən şairin səhhətidirsə,
qazanan oxucu və ədəbiyyatdır. Çünki
dövrün ictimai-siyasi, sosial panoraması, mənəvi-psixoloji
durumu bu ədəbiyyatın güzgüsündə
görünür. Zamanın Vaqif Səmədoğlu
kimi söz və fikir adamlarının içindən
keçən məşəqqət və dözülməzlikləri
gələcək nəsillərə məhz ədəbiyyatın,
poeziyanın aynasında təqdim olunur.
Yuxarıda
qeyd etmişdik, şairin "Başın üstən yana-yana
köçər durna qatarı"
misrasını. Düşünürəm ki,
elə Vaqif Səmədoğlu yaradıcılığı
Azərbaycan poeziyasının üstündən yana-yana
köçən durna qatarıdır. Ruhun şad olsun,
şair!
Aygün BAĞIRLI
Filologiya üzrə fəlsəfə
doktoru, dosent
Ədəbiyyat qəzeti.- 2023.- 28 yanvar.- S.14.