Azərbaycanın Xalq yazıçısı Elçinin "Baş"

romanı Ukrayna dilində nəşr olunub

 

Bu, Azərbaycanın Ukraynadakı səfirliyinin və "Vsesvit" jurnalının birgə layihəsidir. Nəşrin ideyası, "ön söz"ü Azərbaycanın Ukraynadakı səfiri, Azərbaycanın Xalq yazıçısı Elmira Axundovaya məxsusdur. Romanı Ukrayna dilinə "Vsesvit" jurnalının baş redaktoru, tanınmış ukraynalı ədəbi tənqidçi, ədəbiyyatşünas Dmitro Drozdovski çevirib. Layihə haqqında danışarkən Elmira Axundova qeyd edib ki, kitabın nəşri hələ müharibədən əvvəl düşünülmüşdü və müharibə dövrünün bütün çətinliklərinə rəğmən gerçəkləşdi: "Bu, əlbəttə, Dmitro İqoreviçin xidmətidir. Onu Elçinin nəsri ilə tanış etdim və o, "Baş" romanına sözün əsl mənasında vuruldu. Ondan əsəri Ukrayna dilinə tərcümə etməyi xahiş etdim və o, məmnuniyyətlə bu çətin işi öz üzərinə götürdü. Biz daim əlaqədəydik, sonra isə Ukraynada yaşayan və hər iki dili mükəmməl bilən soydaşımız Mehman Salmanov işə qoşuldu. Dil və etnoqrafiya ilə bağlı bir çox detalları tərcümə prosesində Dmitro üçün məhz o aydınlaşdırırdı. O dövrün orijinal fotoşəkilləri və xəritələrini yazıçı özü bizim ixtiyarımıza verilmişdir. Beləliklə, sözün bütün mənalarında əsl komanda işi başlamışdı.

İlk baxışdan romanın süjeti XVIII əsrin sonu - XIX əsrin əvvəllərinə təsadüf edir və Rusiya imperiyasının Zaqafqaziyanı işğal etməsi ilə bağlıdır. Hadisələr geniş geosiyasi fonda baş verir: bir tərəfdən nəhəng dövlətlər - Fransa və Böyük Britaniya, Rusiya və Osmanlı Türkiyəsi, habelə İran hökmdarları olan Qacarlar arasında təsir  və nüfuz mübarizəsi gedirsə, digər tərəfdən, kiçik gürcü knyazlıqları və Azərbaycan xanlıqlarının yaşamaq uğrunda çarpışmaları baş verir. Ancaq bu bir növ romanın üst qatıdır. Daha vacibi  isə əsərdə yer alan insan münasibətləri, duyğularının çox mürəkkəb və ziddiyyətli spektrini əks etdirən daxili toqquşmalardır.

Xeyli əvvəl, əski zamanlarda baş vermiş hadisələrdən bəhs edən roman bu gün də çox aktualdır. Romanın süjetinə bənzər hadisələr və ssenari XX əsrin 90-cı illərinin əvvəllərində, ölkəmizin  böyük bir hissəsi parçalanma və itirilmə təhlükəsi ilə üzləşəndə, ermənilərin torpaqlarımıza iddiaları baş qaldıranda, daxili çəkişmələr tüğyan edəndə təkrarlanır. Əsərin müstəqilliyi təhlükə altında olan bugünkü Ukrayna üçün nə qədər aktual olduğunu təsəvvür etmək çətin deyil. Görkəmli Azərbaycan yazıçısının bu romanının qardaş Ukraynada dərc edilməsini böyük bir ədəbi hadisə hesab edirəm və bu işdə töhfəsi olan hamıya təşəkkürümü bildirirəm"...

Kitabın tərcüməçisi, yazıçı Dmitro Drozdovski qısa essesində romanın dərin bədii məziyyətləri haqqında düşünür: "Elçinin "Baş" romanı uçurumlar açan və dağıntılar yaradan "rus dünyası"nın hekayəsidir. XVIII əsrin sonlarında Qafqazda "təhsil və mədəniyyət" adı ilə, əslində isə tələfat, sabitliyin pozulması, ənənələrin məhv edilməsi məqsədi güdən Rusiya imperiyasının hekayəsidir. Elçin psixoloji səciyyəli təsvirləri nəsrdə məharətlə yaradır. Roman ilk səhifələrindən oxucunu psixoloji dərinliklərə aparır. Divan zamanı kimin necə davrandığını, nə hiss etdiyini, nə dediyini və nəyi gizlətdiyini aydın görürsən. Roman məni heyrətə gətirdi: özün də hiss etmədən təhkiyəyə, dialoqlara o qədər varırsan ki, zaman keçdikcə "Baş" qəhrəmanlarının həyatını yaşamağa başlayırsan. Romanın dinamikası intensiv, coşqun əsrimizin oxucularına çox yaxındır. Elə təəssürat yaranır ki, sanki oxucu universal xronotop tapmağı bacarıb: qarşımızda keçmiş deyil, özünü müxtəlif tarixi proseslərdə və şəxsiyyətlərdə tapan əbədiyyat canlanır.

Neçə vaxtdır ki, psixoloji cəhətdən bu qədər dərin nəsr oxumamışam: sanki Hüseynqulu xanın görüşlərində şəxsən iştirak etmişəm. Elçin Azərbaycan xalqının qürur və ləyaqətini göstərdi. Gerçəkliyin dəqiq təsviri ilə yanaşı, müəllif həm tarixi, həm də psixoloji cəhətdən varlığın altdünyasına, ağlasığmaz, heyrətamiz hadisələrin baş verdiyi ontoloji məkana "portal" yaratmağı bacardı. Əsərdə bəhs edilən hadisələr indiki zamanla səsləşərək, həyatımıza təsir edir (özü də necə!). "Baş" romanındakı gözə görünməyən "qara" boşluq, dünyamızda hər şeyin necə incə şəkildə bir-birinə bağlı olduğunu əks etdirən kainat proseslərinin sirrini açır. Eyni zamanda, Elçin ali bədii sözün vasitəsilə dərin ontoloji dünya canlandırır, yaddaşda həkk olunan obrazlarla yazır. "Baş" tarix və metafizika, reallıq və üstreallığı birləşdirən bir romandır. Yazıçının böyük istedadı, nasir ustalığı zamana sığmayan, onu üstələyən meyarlardır. Elçin XVIII əsrdə baş verən hadisələri təsvir etdi, lakin məhz bu hadisələr, hərbi qarşıdurmalar pisliyin kökünü göstərir, Ukraynadakı mövcud müharibənin əsl səbəblərini anladır. Əsərdə bəhs edilən hadisələr pisliyin təbiətini "rus humanizmi"nin metafizikası ifşa edir. Bu məni müharibənin ilk günlərindən romanın tərcüməsi üzərində işləməyə vadar etdi. Ətrafınızda bir reallıq mövcuddur, 2022-ci il müharibəsinin hər günündə isə tam fərqli bir reallığa qərq olursan və bu reallıq bir çox sualların cavabıdır. Roman tarixi anlamaq baxımından aktual və qabarıqdır. Sisianovun və "Baş"ın hekayəsi həyat və əbədiyyət, bədən və enerji, fizika və metafizikanın görüşüdür. Elçin mistisizm ilə tarixi birləşdirən tayı-bərabəri olmayan bir qissəxandır.

Bu gün bizim ölkədə, Ukraynada Rusiya ilə müharibənin niyə baş verdiyini başa düşürük. İmperiya başqa yol tanımır, o, daima ekspansivdir, lakin Rusiya imperiyası digər mədəniyyətlərə nifrət bəsləyir, onları əsarət altına almağa və ya məhv etməyə çalışır. Hüseynqulu xanın dövründə də belə idi.

"Baş" romanı nəhəng biz zəng kimi 2022-ci ildə var gücü ilə çalınır. Dünya mediasının baxışları Ukraynaya yönələn bir dövrdə görürük ki, indiki müharibə Rusiyanın çoxəsrlik müstəmləkə siyasətinin nəticəsidir. Və daha bir məqamı xüsusi qeyd etməliyəm: romandakı ilk epizod diqqətimi cəlb etdi - varlıq ilə söhbət, sirli üstreallıq dünyası ilə dialoq. Yazıçı süjetin dramaturgiyasını sona kimi saxlayır, finala qədər hadisələrin nəyə gətirib çıxaracağını və niyə baş verdiyini başa düşmürsən. Mistisizm? Tarix? Fatum? Sehr? "Baş"ı metafizik məkana nə qərq etdi? Qoy oxucu özü cavab tapsın.

"Baş" romanı ustalıqla yazılıb, bu, psixoloji tarixi nəsrdir, doğru, dürüst, qəddar olduğu kimi realdır. Bu gün keçmişin reviziyası dünya ədəbi trendindədir, lakin Elçin nəinki tarixi hadisələri canlandırır, onun metafizik simasını göstərir. Kəsilmiş, əbədi səssizləşən, dəhşətli "Baş" tarixi dövrlərin, yaxşı ilə pis arasındakı mübarizənin simvoludur. Dünya tarixində neçə belə kəsilmiş baş var? Nadir insanlar Elçin romanının səhifələrində bizimlə danışan varlığın, əbədiyyətin, metafizik dünyanın gözlərinə baxmağa cürət edər.

Romanda xüsusi sintaksis var. Cümlələr parçadakı iplər kimi bir-birinə bağlıdır, yazıçı sanki həyatımızın xalçasını toxuyur və bu xalçanın üzərindəki naxışlar keçmiş dövrlərin sədasıdır. Bu, canlı romandır. Qüdrətli yazıçı qələmi altında sanki müasir 3D texnologiyalar vasitəsilə tarixi şəxsiyyətlərin obrazları canlanır - nifaq səpməyə, qan tökməyə gələn şəxsiyyətlərin və öz torpaqlarını işğalçılardan qoruyanların obrazları. Bu, Azərbaycanın tarixə baxışıdır. Romanı oxuyarkən öz torpağına, mədəniyyətinə sadiq qalan, sahib çıxan qəhrəmanların qüruruna heyran qalırsan, təslim olmamaq üçün onlar ölümə getməyə hazırdırlar.

Əsərin tərcüməsində göstərdiyi böyük köməyə görə Mehman Salmanova səmimi-qəlbdən minnətdarlığımı bildirirəm. Azərbaycanın Ukraynadakı səfirliyinə və şəxsən hörmətli Elmira Axundovaya bu tərcümənin ərsəyə gətirilməsinə görə dərin təşəkkürümü bildirirəm. Bu əsər varlığın metafizikasına saçan işıqdır. Dünya ədəbi prosesində bu işıq çox vaxt çatışmır.

Dünya ədəbiyyatının əsl hadisəsi olan roman üzərində işimə verdiyi dəstəyə görə şair dostum Səlim Babullaoğluna təşəkkürümü bildirirəm. Əminəm ki, Ukrayna oxucuları bu əsərlə tanış olub sözlərimi təsdiqləyərlər".

Həqiqətən, Elçinin bizim ixtiyarımıza necə möhtəşəm bədii nəsr əsəri verdiyini anlamaq üçün bu romanın Ukrayna dilində nəşrini gözləmək lazım idi. "Baş" kimi romanlar bizə çox şey öyrədir, babalarımızın, ulu əjdadlarımızın faciəli talelərindən bizi xəbərdar edir.

 

Afət İslam,

"Bakinskiy raboçiy" qəzeti

 

Tərcümə: Nadiyə Qafarova

 

Ədəbiyyat qəzeti.- 2023.- 28 yanvar.- S.15.