Bədii tərcümələr mədəni
zənginlik kimi
Akif Abbasovun tərcümə
əsərləri haqqında
Tərcümə müxtəlif dillərdə
danışan cəmiyyətlər arasında ünsiyyət
vasitəsidir və bu ünsiyyət vasitəsilə mədəniyyətlərin
ötürülməsi təmin edilir.
Mədəniyyətlərin keçmişdən bu
günə qədər davam edən dəyişim və
inkişafında çox mühüm gücə malik olan tərcümələr
Azərbaycan mədəniyyətinin, dilinin və ədəbiyyatının
inkişafında da böyük əhəmiyyətə
malikdir. Bu inkişafa töhfə verənlərdən biri də
Akif Abbasovdur.
Akif Abbasovun
tərcüməsində M.Bayciyevin "Duel", G.Xuqayevin
"Andro və Sandro", Z.Çernışevanın
"Buzda ehtiyatlı ol", H.Kuntsevin "İstəkli
adamlar üçün hədiyyə", Y.Obuxovun "Nənə
gələndə", V.Kojevnikovun "Səhra", Y.Ziskind
"Uğurlu skamya" adlı birpərdəli və ikipərdəli
pyesləri müxtəlif vaxtlarda respublika radiosunda
tanınmış artistlərin ifasında səslənmişdir.
Ernest
Heminqueyin "Yağış altında pişik",
"Hindu qəsəbəsi", Morli Kallaqanın
"Yalançının etirafı", Erskin Kolduellin
"Kristi Tökerin ölümü", A.Adeişvilinin
"Beş", M.de-Millenin "Zalım", Qreys Oqotun
"Elizabet", Albert Maltsın "Əlvida",
"Küçə tinində hadisə", Şon O'Keysinin
"İş", Stiven Likokun "Sehrbazın
intiqamı", "Qətlin sirri açıldı",
"Naməlum dostum" və b. hekayələri, eləcə
də "Ağıllı arvad", "Ən yaxşı
antilop", "Xanım Tviddin qızılı",
"Tavanda balta", "Tavanda Cək"
nağılları real həyata və ya təxəyyülə
əsaslanan, insan təcrübələrindən və cəmiyyət
hadisələrindən bəhs edən bədii əsərlərdir
ki, bunlar Azərbaycan ədəbiyyatını zənginləşdirən
tərcümələr
sayılır.
İngilis dilindən tərcümə edilən əsərlərdən
bir neçəsinə nəzər yetirək.
E.Heminqueyin
"Hindu qəsəbəsi" hekayəsində qayıqla
körfəzi keçmək məcburiyyətində olan hindu ailəsinin dramı əks olunur. Ailənin xanımının doğuşu yolda -
sahildə başlayır, doğuş zamanı
arvadının əməliyyat ağrılarına dözə
bilməyən ərin öz boğazını kəsməsi
insan psixologiyasının xüsusiyyətlərini ortaya qoyur.
Nəqlə əsaslanan bu hekayədə
yüksək səviyyədə dildən istifadə vardır
- sıxılmış zaman dilimində gərgin atmosfer dili,
daha dar hekayə dili və müşahidə gücü ilə
əks olunan dil. Əsərin bu səviyyəsi müəllifin
olduğu qədər də tərcüməçinin ədəbi
dilinin gücündən irəli gəlir.
A.Abbasovun ingiliscədən tərcümə etdiyi əsərlərdən
digəri Qrehem Qrinin "Canlılar yaşayan otaq" pyesidir. İkipərdəli,
dörd şəkildən ibarət olan psixoloji dramda
yarıkatolik bir ailə və onların həyatlarına ciddi
təsir edən psixoloji problemlər səbəbilə baş
verən hadisələr təsvir olunur.
Əsərin əsas mövzusu evdə ayrı-ayrı
otaqlarda ölən ailə üzvlərinin ölümündən
sonra evdəki bütün yataq otaqlarının
qapılarının bağlanmasıdır. Bu onların
ölüm qorxusundan irəli gəlir. Əsər
xüsusilə bağlı qapılar arxasında, yaşlı
xalaları ilə birgə cansıxıcı həyatdan bezən
gənc Rozun qaçıb qurtarma səyini; özündən
yaşda xeyli kiçik olan Rozu sevdiyi üçün
yaşlı arvadını tərk etməyə hazır olan
psixoloqun, Mayklla evlənməsini dini cəhətdən
uyğun görməyən, çəkdiyi iztirablardan
qurtarması üçün kilsəyə gedib dua etməyini
məsləhət edən Ceyms dayısının
acığına, onun xoşbəxtliyi üçün səbirdən
başqa bir yol göstərməyən dini ayinlərə olan
nifrəti səbəbindən zəhər içərək
intihar edən Rozun, sutkada 22 saat keşiş olduğunu unudan
katolik Ceymsin, ölüm qorxusundan qapı-pəncərəni
bağlayan, danışanda da səsini ucaltmayan yaşlı
Miss Helenin, Miss Terezanın qaranlıq dünyalarını,
qorxularını və onların daxili
sarsıntılarını əks etdirir.
Tərcümənin dəqiqliyi və əsərin
ruhunun tam qorunması oxucunu həmin dövrə aparır və
baş verən hadisələrin təsirinə salır. Oxucu bir daha qəbul
edir ki, həqiqətən də ayrı-ayrı mədəniyyətlərdəki
böyük oyanışlar, əslində daim genişlənən
təfəkkürlə bir-birinə bağlıdır. Bu davamlı düşüncəni təmin edən
də xüsusilə belə tərcümələrdir.
Akif Abbasovun tərcümə əsərləri onun
öz yaradıcılığı üçün də
önəmlidir. Dil, üslub, forma kimi ünsürlərə
hər zaman böyük həssaslıqla yanaşan
yazıçı Qərb ədəbiyyatını oxumaqla, tərcümə
etdiyi mətnlər vasitəsilə əldə etdiyi bilgiləri,
bədii estetikanı öz əsərlərində də
ustalıqla istifadə edir. Çünki
yazıçı təkcə ədəbi-bədii mətnlər
yaratmır, onun sahələrinə aid bir çox müxtəlif
mövzular üzərində düşünməsi nəticəsində
formalaşan çoxşaxəli perspektivdən meydana gətirir.
Akif Abbasovun rus dilindən tərcümə etdiyi Vladimir
Sviridovun "Marya İvanovna", Nikolay Yelinin və Vladimir
Kaşayevin "Elektron elçi", E.Medvedkinin "Bir məhəbbətin
gündəliyi", abxaz yazıçısı Şota
Çkaduanın "Bu saat..." və başqa tərcümələri
oxucular tərəfindən sevilir.
Türkmən
yazıçısı T.Esenovanın "Ali təhsilli
arvad" pyesində taksi sürücüsü Qurdmurad ali təhsilli Ülkəri, ali təhsilli Qurban
isə təhsilsiz Cənnəti sevir. Gənclər evlənməyə
hazırlaşmaqda ikən Qurdmuradın anası Cövzə
oğlunun təhsilli qızla, Qurbanın anası Maral isə
oğlunun təhsilsiz qızla ailə qurmasının əleyhinə
çıxaraq, maraqlı plan qurur, sövdələşərək
üzləri duvaqlı gəlinləri dəyişdirirlər.
Toy gecəsi bəylər təəccüb
içərisində qalırlar. Toy gecəsi
otaqda tək qalanda sevdikləri, könül verdikləri
qızların əvəzinə başqa qızları
görürlər. Duvaqlarını
götürən gəlinlər də həmçinin.
Ancaq Qurdmuradla Ülkər öncədən gizlicə
nikaha girdikləri üçün anaların planı baş
tutmur. Axırda hərə
öz sevdiyinə qovuşur.
Pyesdə bir-birini əvəzləyən yumoristik səhnələr
oxucuda xoş ovqat yaradır.
Rumıniyalı yəhudi əsilli məşhur
yazıçı Harri Kuntsevin "İstəkli adamlar
üçün hədiyyə" pyesi son dərəcə
maraqlıdır. Əsər qonşu qızı Nino və
onun nişanlısı, uşaq evindən götürülən
Tamazın telefondakı sevgi dialoqları, Tamazın Ninoya
oxuduğu sonetlərlə başlayır. Həmin
gün Tamazın və ona atalıq edən Georginin doğum
günüdür. Nino bu iki əziz
insanı sevindirmək üçün onlara sürpriz
hazırlayır. Georginin xaricdə yaşayan doğma
oğlu Levana atasının ölümü ilə
bağlı məktub yazır və onun gəlişini həmin
günə planlaşdırır... Hekayədə
ayrılıqların insan psixologiyasına vurduğu dərin
yaralar və qovuşmağın sevincinin əsl xoşbəxtlik
olduğu bir daha təsdiqini tapır. Burada
yazıçının üslubunu, dövrün ictimai, siyasi
və mədəni xüsusiyyətlərini qoruyub saxlamaqla tərcüməçi
roman mətninin dilini də qoruyub saxlamışdır.
Akif Abbasovun tərcümələri arasında son dərəcə
uğurlu sayılanlardan biri "Yolagəlməz qadın"
povestidir. Bu povestin müəllifi Somerset Moemdir. Povest ingilis dilindən tərcümə
edilmişdir. Hadisələr II Dünya
müharibəsi illərində baş verir. Almanlar fransız ordusunu məğlubiyyətə
uğratdıqlarından bu ölkədə ağalıq edirlər.
Alman əsgərləri Hansla Villi yolu
azdıqları üçün fermaya gəlirlər. Əslində məqsədləri yolu
soruşmaqdır. Onlara
tapşırmışlar ki, fransızlarla nəzakətlə
davransınlar. Fəqət vəziyyət elə gətirir
ki, Hans qapılarını döydüyü,
çaxırlarına qonaq olduğu ev
sahibləri ilə kobud rəftar edir, evin sahibini - fermeri
döyür, onun qızını isə zorlayır. Hans sonralar öz əməlindən peşman
olur. Ara-sıra bu evə gəlib- gedir, ailəni
ərzaqla təmin edir. Hansın fermer və onun arvadı
arasındakı münasibətləri tədricən qaydaya düşür, fəqət
qız bu almana nifrət etməkdən usanmır.
Məlum olur ki, qız hamilədir. Bunu eşidən Hans sevinir və onunla evlənmək qərarına
gəlir. Qızın ata-anası buna şad
olurlar. Lakin qızın - Annetin Hansı
görməyə gözü yoxdur. Həm
də onun sevgilisi var. Bu da nikaha əngəl törədir.
Az sonra cəbhədən xəbər gəlir ki, Annetin sevgilisi həlak
olmuşdur. Bu, qızın Hansa olan nifrətini
daha da artırır. Bir müddət
keçir. Ata-anasının
razılığı, Hansın özünü nəzakətli
aparması Annetdə oğlana qarşı azca da olsa rəğbət
hissi yaradır. Lakin bu hiss dərhal da yoxa
çıxır. Nə baş vermişdir?
"Hans köksünü ötürüb ayağa
qalxdı və arxasınca qapını örtdü. Annet pəncərənin qarşısında dayanaraq
nəzərləri ilə onu ötürürdü. Uzun illər ailənin sadiq dostu olan qoca həyət
iti acıqla hürüb yola sarı addımlayan Hansa tərəf
atıldı. Hans neçə ay idi ki, onu özünə
öyrəşdirmək istəyirdi, amma nail ola
bilmirdi. O, iti tumarlamaq üçün əyiləndə it
geri çəkilərək mırıldadı və dişlərini
qıcatdı. İt onun üstünə cumanda Hans boşa çıxmış ümidlərinin
hayıfını heyvandan alaraq var gücü ilə ona bir təpik
vurdu. İt gedib kolların arasına
düşdü, sonra axsaya-axsaya, zingildəyə-zingildəyə
canını götürüb qaçdı.
- Vəhşi!
- Annet qışqırdı. - Hamısı yalandır, yalan,
yalan! Mənim isə zəifliyimin ucbatından
az qala ona yazığım gələcəkdi".
Günlər keçir. Nəhayət, uşaq
doğulur. Valideynlər şaddırlar.
Hans da övladı olduğunu bilib sevinir. Uşağı görmək istəyir. Lakin Anneti evdə tapmırlar. Hans Annetin sözlərini yada
salır: "Məgər sənin alman, özümün isə
fransız olduğumu unuda bilərəm? Sən
də o biri almanlar kimi axmaq və kütbeyinsən. Yoxsa
başa düşərdin ki, sənin belindən gələn
uşaq mənim üçün yalnız əbədi tənə,
rüsvayçılıq ola bilər".
Tez Anneti axtarırlar. Nəhayət, o gəlib
çıxır. "Madam Perye:
- Uşaq
hanı? - deyə fəryad qopardı.
- Mən
qəti addım atmalıydım. Tərəddüd
etsəydim, sonradan qolum qalxmazdı. Boynuma
düşən vəzifəni yerinə yetirdim. Körpəni çaya basdım. Canı
çıxana qədər suyun altında saxladım...
Hans dəhşətlə
bağırdı. Onun fəryadı
ölümcül yaralanmış vəhşi heyvanın
bağırtısını xatırladırdı. Annet stula çökdü, başını
düyünlənmiş yumruqlarına söykəyərək
için-için ağladı".
Yazıçı
Akif Abbasovun tərcümələri ilə
tanışlıqdan görünür ki, ingilis və rus dillərindən
azərbaycancaya çevrilmiş bu əsərlər orijinala
yaxınlıq və bədiilik baxımından təkmildir. Tərcümələr oxunaqlıdır, ona görə
ki, Akif müəllim ilk növbədə Azərbaycan dilinin
incəliklərinə, gözəlliklərinə məharətlə
yiyələnmişdir, söz ehtiyatı zəngindir. Tərcümə edərkən təkrarlara yol
vermir, söz oynatmır.
Belə əsərlərin tərcüməsi XIX əsrin
sonlarından başlayaraq Azərbaycan oxucusunun ideyalar və
duyğular aləmində yeni üfüqlər
açdıqları üçün dəyərlidir.
Adilə NƏZƏROVA
Ədəbiyyat qəzeti.- 2023.- 28
yanvar.- S.16.