Körpələrin özü
kimi
Ələsgər
Əlioğlu-70
Ələsgər Əlioğlu rayonda yaşayıb-yaradan istedadlı
qələm sahiblərindəndir. Ələsgərin əsərlərində xalq
ruhunun saflığı
var. Bu da təsdüfi
deyil. O, folklor mühitində yaşayıb-yaradır.
Xeyli sayda duzlu-məzəli lətifələri toplayıb
nəşr etdirib.
Xalq ədəbiyyatındakı
yığcamlıq, az sözlə dərin məna ifadə etmək, sətiraltı məna, yumor onun öz
yaradıcılığına da təsirsiz qalmayıb. Folklor ənənələrindən yaradıcı şəkildə
bəhrələnən şair
özü də duzlu-məzəli şeirlər,
hekayələr yazıb.
Bütün yaradıcı insanlar kimi Ə.Əlioğlu da həmişə haqqın-ədalətin carçısı
kimi çıxış
edib, ictimai-siyasi motivli əsərlər yaradıb. Onun xeyli sayda müxtəlif məzmunlu qoşmaları, gəraylıları
vardır.
Hara gəldi yozun məni,
Çətin tutar ovsun məni...
Ayağımdan asın məni,
Bəlkə dünya düz
görünə!..
"Səhərin yoluna çıxdım" (1983), "Dəryada gəmim qaldı" (1989), "Haraylar,
cəngilər" (1996), "Vətən ağrıları"
(1997), "Məni qoyub
gedən yağış"
(2004), "Yaz qalayan tonqal" (2008) və sair kitablarında toplanan şeirlərin əksəriyyəti
orijinallığı, bənzərsizliyi ilə seçilən maraqlı poetik nümunələrdir.
Ələsgər Əlioğlu uşaq şairi kimi daha çox tanınır. Onun "Xortumsuz fil"
(1982), "Yeraltı keçid"
(1987), "Göydə uçan
qurbağa" (2008), "Ağacın
balası" (2009) və
b. kitablarına toplanan
şeirlər uşaq
poeziyamızın dəyərli
nümunələri sırasındadır.
Ələsgər Əlioğlunun "Xortumsuz
fil" və "Yeraltı keçid" kitabları çap olunan kimi uşaq
ədəbiyyatı ilə
məşğul olan mütəxəssislərin, şair
və yazıçıların
diqqətini cəlb edib. Şairin ilk uşaq kitabını
- "Xortumsuz fil"i
maraqla oxuyan tanınmış uşaq
yazıçısı Tofiq
Mahmud 1983-cü ildə "Ədəbiyyat və incəsənət" qəzetində
yazırdı: "Ələsgər
Əlioğlunun şeirləri
özünəməxsus müsbət
cəhətləri ilə
fərqlənir. Hər şeydən
əvvəl, gənc müəllif yığcamlığa
və lakonikliyə yiyələnə bilib.
Şair qısa şeirlərində
fikrə, mənaya, lövhəyə, məzmuna
xüsusi diqqət yetirib. Təbiət hadisələri, kənd həyatına aid əhvalatlar, uşaqların
fikirləri, mühakimələri
bu şeirlərin ruhunu, canını təşkil edir".
Ə.Əlioğlu təsvirləri ikinci dərəcəli, əhəmiyyətsiz
detallarla, təfərrüatlarla
doldurmağı xoşlamayan,
bir xarakterik cizgi ilə öz fikrini deməyi bacaran şairdir. "Zəngli
saat", "Sınan
xətkeş" əsərlərinin
balaca qəhrəmanları
öz nadincliklərinin
layiqli cəzasını
alırlar. Zəngli
saatı Natəvan axşam çox oynatdığı
üçün, saat
gecəyarısı qızı
şirin yuxudan oyadır. Bəs Ədalətin dəftərindəki
bu xətt niyə belə əyri alınıb?
Ötən axşam sındırıb
Xətkeşini Ədalət.
Bu axşam dəftərində
Əyri alınıb düz xətt.
Əli xoruzu ona görə
buynuzlu çəkib ki, onu tülkü
yeməsin ("Buynuzlu
xoruz"); Külək
Nabatın bantını
çirkli olduğu üçün onun başından açıb
("Çirkli bant");
Qoç hamıya buynuz göstərdiyi üçün buynuzunun bir tayını örüşdə qoyub gəlməli olub ("Taybuynuz")...
Ələsgər Əlioğlunun əksər
şeirləri belə
xarakterik detallar üzərində qurulmuşdur. Şair hər
bir predmetə, əşyaya uşaq gözü ilə baxmağı bacardığından
onun yığcam, yumorlu şeirlərini oxuyanda istər-istəməz
adamın üzünə
təbəssüm qonur.
"Məktub" şeirində
oxuyuruq:
Məktub
yazan Ayazdı,
Ünvanı da tərs yazdı.
Aparıb
məktubu o,
Poçt qutusuna atdı.
Qayıdıb məktub yenə
Onun özünə çatdı...
Ə.Əlioğlunun balaca qəhrəmanları
diribaş, fərasətli,
hazırcavab uşaqlardır. "Sabun"
şeirinin qəhrəmanı
öz səhvini görün necə qiymətləndirir:
Gözümü də qırpmadım,
Sabunladım üzümü.
Sabun acığa düşdü,
Acışdırdı gözümü.
Yumor Ə.Əlioğlunun
bütün uşaq şeirlərinin cövhəridir. "Qarışqalar" şeirinin
qəhrəmanı qarğıatını
çapa-çapa bağda
hərlənir, gah gilas, gah ərik
dərir. Onun üst-başı
bütün şirə
olur. Atını
yerə qoyub əlini yumağa gedir:
Tağı düşdü atından
Görsün ki, harda su
var.
Qayıtdı ki, atını
Miniblər qarışqalar.
Kənd həyatını yaxşı
bilməsi Ə.Əlioğlunun
uşaq şeirlərinin
məzmununa da təsirsiz qalmır. "Doyandan
sonra" şeirində
olduğu kimi:
Qalın
bir biçənəkdə
İtirdim quzunu mən.
Tapa bilmədim onu,
Yorulub düşdüm
əldən.
Çəkildim bir qırağa,
Birdən mələdi quzu.
Yeyib doyandan sonra
Yerini dedi özü.
Son illərin hadisələri,
müzəffər ordumuzun
zəfər yürüşü,
işğal olunmuş
torpaqlarımızın geri
qaytarılması uşaq
ədəbiyyatımıza da yeni mövzular
gətirdi. Digər qələm sahibləri
kimi Ələsgər
Əlioğlu da bu mövzuda xeyli şeirlər yazıb çap etdirdi. Onun "Göyərçin" jurnalında
çap olunan "Qələbə bayramında",
"Çörək muzeyi",
"Xarıbülbül", "Cıdır düzündə",
"Laçın meşələrində",
"Şuşa qalası"
və sair bu kimi şeirlərində
uşaqlarda vətənpərvərlik
duyğularının oyadılması
ideyası ön plandadır. Çörəyimizi
yeyib, suyumuzu içənlərin, hətta
Ağdamdakı çörək
muzeyini belə dağıtmaları ürək
ağrısı ilə
təsvir olunandan sonra şair düşmənlərin məğlubiyyətini
belə mənalandırır:
Deməyin ki, döyüşdə
Yağılar bizi uddu.
Onları
"İtiqovan",
Həm də ki, çörək
tutdu!
"Qələbə bayramında"
şeirində isə
xalqımızın qələbə
sevinci uşaq səviyyəsinə uyğun
şəkildə öz
əksini tapır:
Qələbə bayramıdır,
Hamı çıxıb meydana.
Sevinc, şadlıq nəğməsi,
Yayılıb dörd bir yana.
Göylərdə uçur fişəng,
Ətrafa işıq saçır.
İndi
təkcə yer-yurd yox,
Göylər də işıq
saçır!..
İstedadlı qələm sahibi kimi tanınan Ələsgər Əlioğlunun
"Goranboy lətifələri"
(2005), "Goranboy ölkə
mətbuatında" (2006) kitablarından sonra qazandığı nəsr
təcrübəsi onun
uşaqlar üçün
povest və hekayələrdən ibarət
"İtən bala göyərçin" (2008) kitabının
yaranmasına zəmin
yaratmışdır. Ələsgərin şeirləri kimi, onun nəsr əsərləri də öz yığcamlığı,
uşaq psixologiyasına,
düşüncəsinə uyğunluğu ilə diqqəti cəlb edir. Məsələn,
onun "Nağaraçı
dolu" yazısına
nəzər salaq:
"Əli həyətdəki
skamyada əyləşib
nağara çalırdı. O, bir azdan sonra nağaranı
skamyanın üstünə
qoyub nahar etmək üçün evə girdi.
Əli yenicə
nahar edib qurtarmışdı ki, bayırda nağara səsi eşitdi. O, cəld
bayıra atıldı
ki, görsün nağaranı çalan kimdir.
Oğlan
bayıra çıxan
zaman gördü ki, göydən ağ muncuq kimi dolu düşür
və nağaranı çalan da bu dolu
imiş...".
Ələsgər Əlioğlunun uşaq şeirləri, hekayələri,
nağılları elə
uşaqların özü
kimi təmiz, şıltaq, kövrək,
balacadır. Məsum körpə, uşaq
görəndə adamın
üzü istər-istəməz
güldüyü kimi,
Ələsgərin əsərləri
də adama xoş ovqat bağışlayır.
Ömrünün 70-ci baharını qarşılayan
qələm dostumuzu -
Ələsgər Əlioğlunu
yubileyi münasibətilə
təbrik edir, ona cansağlığı,
yeni-yeni yaradıcılıq
uğurları arzulayırıq.
Rafiq Yusifoğlu
Ədəbiyyat qəzeti.- 2023.- 28
yanvar.- S.19.