Orijinal poetik duyğular şairi

 

Çağdaş poeziyamızda öz yeri olan Ayaz Arabaçı səsi, nəfəsi, orijinal poetik düşüncələri, həyata və dünyaya çeşidli rakurslardan baxmaq bacarığıyla seçilir. 

Ayaz Arabaçının bütün yaradıcılığının ana xəttini vətənimizin tarixi taleyinə yaxından bələdlik, xalqın gündəlik sevinc, dərd və iztirablarına biganə qalmamaq, hətta bütün bu ağrıları varlığından keçirib onlarla yaşamaq özəlliyi kimi müəyyənləşdirmək  olar. Şeirlərində tarixi faciələrimizi, doğru və yanlışlarımızı, dost və düşmənlərimizi şeirə gətirən, oxucularına tanıdan şairin qorxmazlığı, cəsarəti və şəxsi istedadına vicdanlı münasibəti özünü qabarıq göstərir.

Ayaz həmişə keçmişlə bugünümüz arasında tarixi bağlılıq və məntiqi ardıcıllıq görür, bunların üzərində qurulmuş gələcək haqqında narahatlıq keçirir, bəzən bədbin notlara köklənir, amma tam ümidsizliyə qapılmır, daha keşməkeşli minilliklərdə öz izi və sözü olan bir xalqın nümayəndəsi kimi nikbin olmağı bacarır.

 

Yarıb keçər dan kimi qara qaranlıqları,

Tarixin sinəsindən keçər qanlı şırımtək.

Bürüyər göy üzünü üçrəngli bayraqları,

Düşər düşmən başına göylərdən ildırımtək.

Ağırdı, çox ağırdı daşı bu məmləkətin,

Hər yetənə əyilməz başı bu məmləkətin.

 

Bir qayda olaraq, şeirlərinə ad verməyən A.Arabaçı "Mənim əsgər qardaşım" adlandırdığı yeni formalı bir şeirində gənc əsgərimizə üz tutur, onun kövrək addımlarını oxşayır, bütün çətinlik və ümidsizliklərə baxmayaraq, ona güvəndiyini, yaxın zamanda son qələbə döyüşünü başladacağına ürəkdən inandığını bildirirdi:

 

Boğazımı bir udum siqarla yaşlayıram,

Sözümü sənnən açıb, sənnən də başlayıram.

Allahı çağırıram, şeytanı daşlayıram.

Bəzən olur özümdən özümü dışlayıram.

Sinəmi torpaq kimi eşirəm, xışlayıram.

 

Hamıya hirslənəndə səndə yavaşlayıram.

Hər gün səni öyürəm, səni alqışlayıram.

Mənim əsgər qardaşım, baş əyirəm önündə,

Əyirəm önündə baş.

Savaş indi başlayır - İndi başlayır savaş.

 

Bu şeiri sonadək oxuyanda istər-istəməz 44 günlük İkinci Qarabağ savaşında  əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıq və şücaətlər gözlərimiz önündə canlanır...

Əlbəttə, A.Arabaçının milli ordumuzun Qarabağ zəfəri və Şuşa döyüşlərində göstərdiyi misilsiz qəhrəmanlıqları vəsf edən şeirləri haqqında da söz açmalıyıq. Şuşada qanlı döyüşlərin getdiyi, hələ şəhərin ordumuzun nəzarətinə keçmədiyi bir zamanda yazdığı məşhur "Öpürəm" rədifli qoşması məqamında deyilmiş söz kimi çox təsirlidir.

 

Yağış yağır dayanmadan Şuşaya,

O yağışın sellərindən öpürəm.

O yağışda qıvrım-qıvrım islanan

Əsgərimin tellərindən öpürəm.

 

A.Arabaçının sevgi-məhəbbət şeirləri də olduqca yeni, təravətli və orijinaldır. Klassik dövrlərdən üzü bəri bütün şairlərin ilham mənbəyi, yaşam stimulu olan bu ülvi duyğu və emosiyalar burulğanı çox zaman Ayazı da öz qoynuna alıb aparır, görmədiyi yerləri göstərir, eşitmədiyi səsləri eşitdirir. Şair bu əzəli-əbədi mövzunu da başqa yazarlardan fərqli biçimdə təsvir etməyə, mümkün qədər yeni və incə təşbeh-bənzətmə çalarlarıyla bəzəməyə çalışır ki, oxucunu daha çox ilgiləndirsin və yormasın.

 

İçi-çölü, daşı-himi yox imiş,

Heç yox imiş, sənə kimi yox imiş.

Vəsaiti, müəllimi yox imiş,

Eh, bu imiş sevgi adlı fənn demək.

 

"Ürəyimi girov qoydum sevgiyə" deyən şair tez-tez sevdiyinin həsrət və intizarından alışıb-yandığını demir, onun vəfasızlıq və zalımlığından uzun-uzadı şikayətlər eləmir. Sadəcə, bu həsrət və amansızlığın həssas şair qəlbində doğurduğu rəngarəng duyğu-təəssürat selini kağızlara tökür, misralara yönəldir.

 

Toxun, əllərinin toxun ucunda,

Durmusan dediyin "yox"un ucunda.

Niyə oynadırsan oxun ucunda,

Bu dilsiz-ağızsız ürək şəklini?

 

"Gözəlliyinə baxıb Tanrının da köks ötürdüyü", "bütün rənglərin birləşib ayaq saxladığı" gözəldən və gözəllikdən yazanda Ayazın qələmi rəssam fırçası kimi daha çox ehtizaza gəlir, çeşidli rəng və çalarları bol-bol işlədir.

 

Küləklərdən sıyrılıb, yağışlarda yuyun, gəl,

Sənin tərənnümündür qızıl donlu sətirlər.

Səndən ötrü yaranıb dünyadakı ən gözəl

Çaylar, çöllər, çiçəklər, rənglər, süslər, ətirlər.

 

Bu bənzərsiz gözəl və gözəlliklərin həsrətindən yanıb-qovrulan şair ürəyində gecə-gündüz dil qəfəsə qoymayan, çeşidli dillərdə çeşidli nəğmələr oxuyan yaralı bir bülbül var. Bəzən o bülbülün susması da gözəl bir şeirin yaranmasına səbəb olur, dillərdə-ağızlarda gəzən bir nəğməyə çevrilir.

 

Mənim bir bülbülüm var sinəmdəki qəfəsdə,

Susar bir neçə dildə, dinər bir neçə dildə.

Oturub gecə-gündüz qanlı bir budaq üstə,

Sayıqlayar adını rabitəsiz şəkildə.

 

Uçub uzaq ellərə yol almaz diyar-diyar,

Çırpınar ürəyində son arzu qalanacan.

Bütün damarlarını "uf" demədən doğrayar,

Sənə gedən yollara qanı iz salanacan.

 

Bütün şairlərin qəlbində doğulub boya-başa çatdığı kəndin, uşaqlığını keçirdiyi dağın-dərənin, yal-yamacın idillik-romantik bir obrazı olur. Söz-sənət adamları zaman-zaman o idillik dünyaya baş vurur, uşaq yaddaşında silinməz iz buraxmış o qayğısız və xoşbəxt günlərdən rəngarəng çiçəklər dərir, bugünün oxucusuna ərməğan edir. Məhz bu duyğu və təəssüratı özündə əks etdirən "Bu yol kəndimizə aparır məni" misralı şeir bu baxımdan çox maraqlıdır.

 

Bu yol kəndimizə aparır məni,

Uzaqdan görürəm qarlı dağları.

Qoy, hələ dodağım üzünə dəysin,

Doyunca öpəcəm bal bulaqları.

 

...Açıb qollarımı qucaqlayıram,

Şehli çəmənləri, göy meşələri.

Gərək gözlərimə yığıb aparam,

Şəhərə dönəndə bənövşələri.

 

A.Arabaçı şeirlərinə, adətən, ad qoymur, bir çox durğu işarələrinin, nöqtə və vergüllərin işlənmə yerinə sərbəst yanaşır, üç nöqtə əvəzinə çox zaman iki nöqtə qoyur. Bu da onun ixtisasca filoloq olmadığı kimi, dilçilk və poetika qanunlarına müstəqil və yaradıcı yanaşması kimi dəyərləndirilə bilər. Bəzən sərbəst vəznli şeirlər yazsa da, daha çox heca vəzninin ən müxtəlif ölçülərində məharətlə qələm işlədir, istədiyi fikir və ideyanı istənilən şeirdə ustalıqla çatdıra bilir. Maraqlıdır ki, bu zaman o klassik poetik qanunlara hörmətlə yanaşır, misraların ölçü və ritminə sonadək əməl edir, daha çox tam qafiyələr işlətməyə çalışır. Onu da deməliyik ki, heca vəzninin bu qəlib və çərçivələri ona heç vaxt mane olmur, əksinə, şeirlərinə bir az da gözəllik və harmoniya qatır. Onun əlində sözlər plastilin kimi istənilən şəklə düşür, hər forma və qəlibə sığır, istənilən məzmunu çatdırmaq üçün hazır məmulata çevrilir. Ayazın şeirlərində Qərb dialekt və şivələrindən gəlmə bir çox sözlərin işləndiyini də görürük, hətta o, xeyli elmi-texniki ad və terminləri də çəkinmədən şeirə gətirir, bədii üslub və vəzn ölçülərinə uyğunlaşdırır. Bütün bunlar da onun şeir dilinin zənginləşməsində, rəngarəng poetik çalarlar qazanmasında özünəməxsus rol oynayır.

 

Zəkulla Bayramlı

f.f.d. dosent

 

Ədəbiyyat qəzeti.- 2023.- 28 yanvar.- S.18.