Xatirələrin soyqırımı
Şəhərimizi qoxusundan tanıdım.
Uşaq vaxtı aldığım
qoxulardan.
Hələ də yaddaşımın
harasındasa ilişib qalmışdı
bu qoxu.
Qoxlaya-qoxlaya, amma bir az da qorxa-qorxa girdim
şəhərə. Minalardan o qədər
danışılmışdı ki, hər addımda
özümün də minalardan qorxduğumu zənn edirdim.
Kənardan baxan olsaydı, belə də
görünərdi. Sonra yavaş-yavaş
anladım ki, minalar eynimə də deyil, məni qorxudan məhz
xatirələrimdir.
Şəhərim dağılmışdı, viran
edilmişdi. Heç bir zəlzələ,
tufan, heç bir təbii fəlakət şəhəri belə
məhv edə bilməzdi. Buna yalnız insan, bəndeyi
aləm qadir ola bilərdi yəqin. Məni dəhşətə gətirən də elə
bu idi.
Yeridikcə şəhərim mənə
yol göstərirdi. Heç nə
fikirləşə bilmirdim, ayaqlarımın
yaddaşıydı məni irəli aparan. Baş ayağa deyil, ayaq başa hökm edirdi. Getdikcə gedirdim. Ayaqlarım məni
evimizə doğru çəkirdi. Evimizin
yerini yaxşı bilirdi ayaqlarım. İnsan
əli ilə tikilən heç nəyə ümid yox idi -
onlar mənə yol göstərmir, əksinə, sanki
azdırmaq istəyirdi. Ayaqlarıma yol
göstərən təbiətin özüydü,
ayağım altındakı torpağın özü yönləndirirdi
məni. Hisslərim
korşalmışdı, heç nə hiss etmirdim. Hansısa bir qüvvə evimizin olduğu yeri mənə
göstərdi bir anda. Ayaqlarım
öz-özünə hərəkətdən qaldı. Gözlərim açıldı, şüurum
özümə qayıtdı. Böyüdüyün
doğma evini görməsən də, yerini görə bilmək,
amma gedə bilməmək əzab verirdi adama... Qayıtmalı
olduq. Olduğu kimi deyirəm, vətəninə
ilk dəfə qayıdan hər bir insana verilən sual mənə
də verildi.
Ramil Əhməd soruşdu:
"Hansı hissləri keçirirsən?"
Cavab: - heç bir hiss
keçirmirəm, Ramil.
Hisslərim ölmüşdü yəqin,
nə bilim, o dəqiqələrdə
heç bir hiss keçirmədiyimi dəqiq bilirəm. Təkcə təbiət
mənə doğma idi. Yasəmən
ağacları, alça ağacları, bütün
ağaclar, hava və torpaq.
Bu an necə oldusa,
şəhər canlandı gözlərim önündə. Sanki bütün binalar yerində idi. Sanki uşaqlar küçədə
qaçışırdı, özüm də o
uşaqların içində idim. İnanmayacaqsınız,
bilirəm. İndi heç özüm də
inanmıram. Amma belə idi, həmin an.
İstədiyim binaya girə bilərdim. Anamın
işlədiyi yerə gedə bilərdim. Bax,
bağçamız da burdadı, müəllimlər də
tum çırtlayır, məni izləyirlər ki, görək
aradan çıxacaq, ya yox? Yanından keçdiyim
binadan tar səsi gəlir. İlk dəfə
atam gətirmişdi məni, üzüqara qayıdıram.
Hər gün qardaşımın tarını
dınqıldatmalı olacaqdım yenə. Məktəbdən çıxırıq
uşaqlarla, əllərində bulka. Mən
isə bulkamı çantamda gizlətmişəm.
Kiçik qardaşımın yemədiyi heç bir şeyi
yeyə bilmirəm axı! Beləcə, nələrsə
danışıram, izah edirəm. Bəlkə
də məntiqsiz danışıram, nələrisə izah
edirəm.
Birdən daha bir sual. Qəfil
ayıldım. Bütün şəhər
yox oldu bir anda, bircə ağaclardan başqa. Məyusluq bütün
varlığımı sardı, bədənimə
ox kimi sancıldı.
"Getməliyik, vaxt
yoxdur, tez olun, day gedək"
- deyə digərlərinə səsləndim.
Olmuş bir əhvalat danışmaq istəyirəm. Mənə də
ana babam danışıb. Adı Əli
olub ana babamın. Allah bütün ölənlərə
rəhmət eləsin. O da dünyasını dəyişib.
Rəhmətə getməmişdən az əvvəl
danışıb, həm də yazıb verib. Çox
şeylər yazıb, hamısını yazıb sizi bezdirmək
istəmirəm, qısaca danışacağam.
Babam uşaq
vaxtı yaşadıqlarını
mənə danışdıqca, düzü, qulaq asmaq istəmirdim. Yəqin, o da
bunu bildiyi üçünmüş ki, götürüb
yazıb, yazıb deyəndə ki, çızma-qara eləyib
verib, niyə verib, inanın onu da bilmirəm. Bircə onu deyim ki, danışanda elə bilirdim
uydurmadır. Amma indi, bu gördüklərimdən,
viran qalmış şəhərdə olduqdan sonra babama
inanıram, danışdıqlarının
hamısının həqiqət olduğuna əminəm.
Bəlkə də yaşadıqlarının
nağıla bənzədiyinin fərqindəymiş, ona
görə çox cüzi hissəsini danışıb.
Əlqərəz, keçim mətləbə.
Babamgil İrandan,
yəni cənubi Azərbaycandan
gəlmədir. İranlı deyiblər onlara. Gəliblər şimala ki, gün görsünlər.
Gün də nə gün. Çox
uzaqdan başlamayım. Qısacası deyim
ki, babam hələ uşaqkən bacısı və anası
dünyalarını dəyişib. Elə
yaxşı ki, dəyişib. Fikirləşə
bilərsiniz ki, deyəsən, sərsəmləyir. Amma onsuz da zülmlə yaşayıblar. Nə bilmək olar, bəlkə o dünyada gün
görürlər. Atası ilə tək qalan
babamın həmin vaxt 4-5 yaşı olarmış. Bir müddət sonra xəbər gəlir ki,
İrandan gələnlərin hamısı
qayıtmalıdır İrana. Beləcə,
iranlıların hamısını toplayıb Horadizə gətirir,
vaqonlara doldururlar. Düz 18 gün fasiləsiz yol gedirlər. Ölənlər ölür, qalanları səhralıq
bir yerdə, hansısa kənddə yerləşdirirlər.
İndi hər şeyi yazıb
vaxtınızı çox almayım. Təxəyyülünüzü işə salsanız,
hansı məşəqqətlərdən keçdiklərini
anlarsınız. Babamın atası burda evlənir
də. Evlənir deyəndə ki, belə
zənn edirəm ki, bir-birlərinə hayan olmaq
üçün iki qaçqın məzlum iranlı öz
acılarını birləşdirərək ayaqda durmağa
çalışırlar. Beləcə,
aylar min bir zillətlə keçir. Bir
neçə ailə qərara gəlir ki, necəsə Azərbaycana
qayıtsınlar.
Babam yazdığı kimi yazım: "Şələ-şülələrini
də götürüb yola düşürlər. Arada Amudərya deyilən su var idi, ordan keçmək
mümkün deyldi. Suyun kənarında bir
qayıq vardı, ancaq onunla keçmək olardı. (Öz aramızda, babam da dastan dilində yazıb).
Nəhayət, qayığın olduğu yerə
çatdıq. Adamlar çox idi deyə,
hamı minə bilmədi. İsrafil
adında kişinin bir ayağı suda.
Ağırlığı götürməyən qayıq
yellənir, İsrafil kişi
yıxılmamaq üçün atamın şələsindən
yapışır, çəkib özü ilə suya
salır. Bu halı mən kənardan
görürdüm. Atamın suya
düşdüyünü görəndə, onun sağ
qalacağına inanmırdım. Mən də
ölmək üçün özümü suya atdım.
Axı atam olmasaydı, məni kim idi
saxlayan? Onda mənim 7-8 yaşım olardı.
Çayın gur axan yerinə
düşmüşdüm. Bu zaman kənarda
Kürdlər kəndindən bir oğlan var idi. Bu oğlan özünü suya ataraq camaata
qışqırır ki, Əlini su apardı. İnsanlar əl-ələ verib, özünü
suya atır. Nəhayət, Əlinin əli
mənim qulağıma çatır. Qulağımdan
tutub, məni quruya çıxardır. Bu
minvalla o biri taya keçə bilirik".
İndi hadisənin ağır emosional gərginliyini təsəvvür etdikcə
tüklərim biz-biz olur.
Beləcə, Azərbaycana gəlib çatırlar, həyatlarını yenidən
qururlar. Babam məktəbə gedir yaxşı da oxuyur, təhsil
alır. Əlqərəz normal həyat
sürürlər. Ancaq mən babamla
danışanda həmişə uşaqlıq illərinin
xatirəsi nə qədər acı olsa da, bunları xoş
bir xatirə kimi danışırdı. Kövrəlirdi,
bəzən donub gözləri bir nöqtəyə zillənəndə,
həmin günlərin xiffətinimi çəkirdi, bilmirəm.
Yoxsa acı xatirələrin xoş anları da
olur? Bircə onu bilirəm ki, belə məqamda
gözlərində kədər, üzündə təbəssüm
oyanırdı.
Bir nəslin
qısa tarixi
xalqımızın nələrdən keçdiyini göstərir. İnsan ruhu
sarsılmaya bilmir.
Şəhərimizdən çıxdıqdan sonra evimizə gedə bilməməyim məni uzun
müddət daxili kədərə həbs etmişdi. Özümü kimisə
darda qoyub qaçan insan kimi hiss edirdim. Rayona gələndə
maşında Aygün Bəylərin oxuduğu "Tut
ağacım" mahnısı səsləndi və qeyri-iradi
içim titrəməyə başladı. Bu nə hissdir, necə, niyə və harda
yarandığını bilmirəm. Uşaqlıq
xatirələrim məni boğmağa başladı; şəhərdəki
evimizin həyətindəki tut ağacları məni ittiham
edirdi sanki. Qərara gəldim ki, yenidən
şəhərimizə, evimizə, həyətimizə getməliyəm,
bəlkə onda rahatlıq taparam.
Rayona
iş üçün gələndə imkan
düşdü, şəhərimizə gedə bildim. Bu fürsəti əldən verə bilməzdim.
Olmayan şəhərdə evimizin yerini dəqiq
tapdım. Açığı, indi də
düşünəndə ki, necə tapmışam
özüm-özümə təəccüblənirəm.
Həyətimizin torpağı, elə bilirəm,
məni xüsusi nəvaziş və bəlkə də həsrətlə
salamladı. Tut ağacını axtardım, yox idi, qoz
ağacını axtardım, yox idi… Evimizi məhv
etmiş, ağaclarımızı qırmışdılar.
Hamamımızın kafeli qarşıma
çıxdı. İçimdəki
daxili burulğanı, hətta bu sətirləri yazarkən
yenidən yaşadığım hissləri ancaq yaşayanlar
bilər. Bəzən unudulmaz nəsnələr
yaşandıqda deyil, keçdikdən sonra nağıl kimi gəlir
və xoş xatirəyə çevrilir. Nağıl
dünyam viran edilmişdi, xatirələrim... Məni
ən çox üzən məhz uşaqlıq xatirələrimin
izinin silinməsiydi, xatirələrim belə soyqırıma məruz
qalmışdı. Bu əzab
dirigözlü ölüm kimidir. Babamı,
deyəsən, onda daha yaxşı anlamağa başladım.
Anladım ki, dünyanın ən böyük
cinayəti elə xatirələrin soyqırıma
uğramasıdır. İnanırdım,
yox əmin idim ağaclarımızı tapsam, daxili
istirabım səngiyər, bağışlanmamı istəyərəm,
amma ağacın kötüyü belə qalmamışdı
ki, əlimlə toxunum.
Faiq Xudanlı
Ədəbiyyat qəzeti.- 2023.- 28 yanvar.- S.21.