Müasir Latın
Amerikası
romanının problemləri
Roman daha sonrakı janrdır. Poeziyanın min ildir
sürəkli inkişaf etdiyi Asiya və Afrika ölkələri
var ki, orada roman sənəti təzəcə ilk
addımlarını atır. Buna görə də bu
ölkələrin ədəbiyyatında belə bir təhlükə
var ki, roman sənəti
elə başlanğıcdan təqlid yolunu tuta bilər. Belə
ki, məsələn,
iqtibas edilmiş üsulların köməyi ilə yerli həyata
uyğunlaşdırılan fransız modeli nümunə kimi
götürülür. Bu səbəbdən 20-ci illərin
sonuna qədər Latın Amerikası romanında fransız
naturalizminin təsiri çox hiss edilirdi. Əvvəllər ədəbiyyatda
heç rastlanmayan şəkildə insanın və təbiətin
bədii təsvirində anidən son dərəcə orijinal
keyfiyyətlərə yiyələnmiş bizim "nativizmə"
gəlincə, - etiraf etmək lazımdır ki, onun işlətdiyi
üsullar çox az dərəcədə orijinal idi və elə
Avropada da özünü açıq-aşkar şəkildə
büruzə verən həmin istiqamət və dalğaya bənzəyir,
onun prinsiplərinə cavab verirdi. İstisna halları hesaba
almasaq (məsələn, XIX əsrdə kubalı Vilyaverdinin
"Sesiliya Valdes" kimi çox populyar romanı), bizim
naturalist romanlar hələ Köhnə Dünyada
özünü bəlli edən nəsnələrin əks-sədası
idi: məsələn, 20-ci illərdə (keçən əsrin-tərcüməçinin
qeydi) bir çoxları üçün Afrika
dünyasının özəlliklərini kəşf
etmiş Rene Moranın Qonkur mükafatını
qazanmış, indisə artıq unudulmuş "Batuala"
romanı; Vladislav Reymontun müəllifinə Nobel
ödülü qazandırmış "Kişilər"
romanı; Knut Hamsunun şimalın böyük romanı
sayılan "Torpağın şirəsi" əsəri;
Panaita İstratinin səhifələrindən dağların,
bitkilərin, cürbəcür rənglərin,
qayışına tapança taxmış quldurların
fransız ədəbiyyatına sel kimi, şırranla
töküldüyü, Paris əhli üçün
yazılsa da, artıq Parisin özünü də bezdirməyə
başlamış romanları; bu romanlardakı Paris real Parisə
o qədər bənzəyirdi ki, Paris haqqında yazmaq
Monteskyönün qəhrəmanları kimi qışqıran
("Amma... Necə iranlı olmaq olar ki?!")
şəxslərin dünyasında əyalət
işinə çevrilmişdi.
Ancaq bu da hələ hamısı deyil. Biz də
Konkista və müstəmləkələrdən
başlayıb sonsuza qədər uzadıla bilən nümunələr
üzərində dayanmayacağıq. Amerika
xalqlarının cəsarət və nəzərsizliyinin ən
müxtəlif xarakterli əsərlərdə yüzlərlə
müxtəlif üsullarla təsdiq edildiyinin şahidi oluruq.
Məhz burada, nə
roman, nə də qotik üslubların məlum
olmadığı bizim qitədə barokko memarlığı
ən fərqli şəkillərdə və tam olaraq öz
ifadəsini tapmışdı - elə Meksika və
bütün And ölkələrində - polixrom materiallarını tətbiq
etməklə, hindli ustaların və naməlum Avropa
memarlarının yaratdığı yüksək texnikadan
istifadə etməklə. Məhz burada, bu torpağın
üzərində, XVI əsrin bəlkə də ilk günlərindən
başlayaraq hindilərin və zəncilərin arasıkəsilməz
üsyanlarından
bizim dövrün müstəqillik uğrunda ən
nəhəng döyüşlərinə qədər, -
müasir tarixin müstəmləkə əlyehinə
müharibələrinin əsasında duran ilk üsyan və
çaxnaşmalar başlamışdı... Uzunçuluq
azarına mübtəla olmamaq və bizim
varlığımızın hər bir ayrıca şəhadəti
üzərində dayanmamaq üçün təkcə bunu
xatırlayaq ki, qadın hüquqlarının müdafiəsi
naminə həlledici şəkildə göndərilən ilk
sənəd (qadınlara elm və bilik sahələrinə
baş vurmaq, siyasi həyatda iştirak hüququ verən,
"maçizmin" ziddinə onların ictimai və mədəni həyatda
bərabərlik hüququnu verən sənəd).
Latın Amerikası romanında fantaziya elə həqiqi
detallarla ifadə edilir ki, nəticədə xüsusi
gerçəklik tipinin yaradıldığının
şahidi oluruq, biz onu sürrealist gerçəklik də
adlandıra bilərik. Fantaziya və gerçəklik
üstü təsvirlər vasitəsilə
reallığın xarakterik "silinməsi"nə həqiqi
zaman və məkanın dayanmadan
dağıdılmasını da əlavə edə bilərik.
Nəhayət, özəl keyfiyyətlə bağlı daha
bir çox mühüm və xarakterik nümunə: eyni bir əşyanın göstərilməsi,
eyni fikir və duyğunun ifadəsi üçün ən
müxtəlif sözlərin paralel şəkildə işlədilməsi.
Qərb mədəniyyətinə mənsub olan
insan bu paralelizmi mənasız söz oyunu hesab edir, ancaq hindilərə
bu, heç şübhəsiz ki, poetik ruhun ölçüyəgəlməz
yüksək zirvəsinə yetişmək imkanı verir,
magik hesab edilən ruhi tarazlığın yaranmasını
şərtləndirir.
Amerikanın aborigen xalqlarının mədəniyyətində
romana yaxın olan ədəbi janrın yaranması məsələsinə
qayıtsaq, roman formasını onun yaranma mərhələsindəki
eposla eyniləşdirmək kifayət edərdi. Təxəyyüldən
doğulan qəhrəmanlıq əfsanəsi şəhər-şəhər
dolaşıb ana mədəniyyətin müxtəlif mətnlərini
oxuyan, tayfaların "danışan dili" hesab edilən
rapsodlar tərəfindən yayılırdı.
Bizə
çox da məlum olmayan, hindi-amerikan ədəbiyyatında
geniş şəkildə yayılmış bu epik nəğmələrə
indi bizim "roman intriqası"
adlandırdığımız, ispan rahibləri və alimlərinin
"uydurma" saydıqları nəsnə xas idi.
Öz kökləri ilə ən qədim
çağlara gedib çıxan roman xarakterli əfsanələr
şan-şöhrətli qəhrəmanlıq səhnələrini
yaddaşlarda qoruyub-saxlayır və dinləyicilərə
bunlardan nümunə götürməyi təlqin edirdi. Həmin
dövrdə eyni zamanda real və uydurma olan gerçəkliyi əks
etdirən bu ədəbiyyat ispanlar hindiləri əsarət
altına aldıqları zamandan etibarən inkişafdan
qalır və bundan sonra bizə ölüb getmiş
böyük sivilizasiyaların saxsı qırıqları
şəklində çatır.
İnsani və real olan nə varsa gerçəkliklə
təmasda meydana çıxan müasir Latın Amerikası ədəbiyyatına
yad deyildir. Bu hər şeydən öncə roman janrına
aiddir. Artıq heç kəsə sirr
deyildir ki, bizim roman tədriclə bütün dünyada həmin
janr sferasında aparıcı mövqe qazanır. O, bizə
aid olan hər ölkədə ən müxtəlif üslublu
yazıçıların yaradıcılığında
çiçəklənir, nəzərə alsaq ki, o, hər
şeydən öncə amerikan materialına əsaslanır və
buna görə də bizim tarixin sənədli əksinə
çevrilir. Biz isə, yəni müasir Latın Amerikası
romançıları ədəbiyyatımızın xalqa
xidmət etmək ənənəsini
davam etdirərək torpaqların yoxsullara verilməsini,
istismar edilən şaxtaların isə sahələrdə məhv olan,
banan plantasiyalarında gücdən düşən çox
sayda insanın hüquqlarını müdafiə etməliyik.
Buna görə də mənə görə əsl
Latın Amerikası romanı əsrlərin dərinliyindən
gələn və yüzlərlə səhifəni dolduran fəryaddır.
Həqiqi Latın Amerikası romanı xalqın
ruhunu ifadə edir və bütün gücüylə onun
hüquqlarını qoruyur; axı bizim nəhayətsiz
torpaqların qanı və şirəsi yeni metropolları zənginləşdirmək
naminə yenə də dənizlərə axır.
Şüurlu,
yaxud sövq-təbii olaraq, bizim roman yarısı
itib-batmış, qalanı pərakəndə şəkildə
dağılmış hindi mətnlərindəki təravəti
və gücü mənimsəmiş, müstəmləkəçilikdə
səhərə yaxın doğacaq şəfəqlərə
zillənmiş kreol gözlərinə hopmuş qüssəni
canına hopdurur, bu
yarıqaranlı mühit hər ahlda indi bizi təhdid edən
zülmətdən qat-qat işıqlıdır. Ancaq hər şeydən qabaq roman inkvizisiyaya
qarşı duraraq insanların ruhuna və beyninə təsir
edib onları mübariz döyüşçüyə
çevirən yazıçıların həyata
çağırış və parlaq optimizmini nümunə
götürür.
İncildən
gəlmə ehkamlar tonunda indi oxuyacağınız sözləri
demək istərdim: əylənmək üçün roman
yazırsansa, - yandır onu! Çünki sən
onu yandırmasan zamanın sürəti və gərdişi
onu məhv edəcək, onunla birgə sən də istənilən
şair, yaxud romançının əbədi qalmaq istədiyi
xalqın yaddaşından silinəcəksən.
Keçmişdə nə qədər əyləncə ruhlu
roman yazılıb! Eləcə də
bütün dövrlərdə. İndi kim
onları xatırlayır?
Bizim yazıçılar ədəbiyyat
dünyasında özünə yer tapmağa cəhd edərək
heç də sensasiyalı, yaxud qəddarlıqdan bəhs edən
mövzulara müraciət etmirlər. Biz humanist
insanlarıq, bundan başqa, irq, coğrafiya və sosial
baxımdan yoxsulluq içində yaşayan yüzlərlə,
minlərlə, hətta milyonlarla insanlarla birgə, yan-yana
yaşayırıq - özü də bizim möhtəşəm
və zəngin Amerikada. Yazdığımız
romanlarla biz xeyirxahlıq, humanizm kimi duyğuları oyatmaq, həyata
qaytarmaq istəyirik, bu insanlara kömək edə bilənlərə
səslənirik.
Porfirio
Diasın iqtidarda olduğu illərdə məşhur və
çox iddialı "alimnəfis" elitanın Meksikanın
müstəqilliyinin yüz illik yubileyinin qeyd edildiyi dönəmdə
Kolumba qədərki keçmin bütün tapmacalarını
bulduqlarını haray çəkdiyi günlər artıq
arxada qalıb. Bizim görkəmli sələflərimizə
ancaq və ancaq istənilən tənqidi yanaşmanı
istisna edən pərəstişlə baxdığımız
günlər də artıq keçmişdə qalıb.
Tariximizi sadəcə hərbi hadisələrin
icmalı, sadə xronikası, döyüşlərin konkret mənzərəsi,
saray intriqalarının, qalxma və enmələrin səhnəsi
kimi təsəvvür etdiyimiz zaman da artıq çoxdan
keçib. O dövr ki, bu tarixi nə iqtisadi, nə də
etnik faktları nəzərə almadan, həyatın dərindən
gələn impulslarına biganə olan, yəni tarixin əsasında
duran hər şeydən, eyni zamanda hansısa gizli güclərin,
yadellilərin (konkretləşdirməli olsaq, imperialist
güclərin) iddiaları və təzyiqlərinin at
oynatdığı səhnədən kənarda yazılan əsərlərdən
öyrənirdik, - o dövr qapandı. Bizim
tariximizi digərlərindən fərqləndirən komponentlərin
olmadığı səhnənin pərdəsi endi. Bizim
tariximiz elə əvvəlindən bambaşqadır, fərqlidir,
çünki Amerika torpağı dünya tarixinin salnamələrində
qeydə alınmış ən müxtəlif etnosların
ifrat sensasiyalı görüşlərinin teatrına
çevrilmişdir: bu, dərisinin
rəngi az və ya çox dərəcədə
rəngli olan hindilərin, zəncilərin və avropalı
irqinin təması idi, - bu ən müxtəlif irqlər gələcəkdə
qaynayıb-qarışacaqdılar, - bu, eyni zamanda haçansa
müşahidə edə biləcəyimiz ən gözlənilməz
çulğaşma olacaqdı. Elə bu hadisə
də mədəniyyətlərin, etiqadların, xalq sənətlərinin
qaynayıb-qarışmasını labüdləşdirəcəkdi.
"Biz başqalarına bənzəməməliyik",
- Simon Rodriges bu sözləri təkrarlamaqdan yorulmazdı.
Ancaq bir dil də var - obrazların dili. Bizim romanlar təkcə
sözlərlə deyil, obrazlarla da yazılıb. Bizim romanları oxuyan bir çox insan onları
kinematoqrafik adlandırırlar. Təkcə ona görə
yox ki, amerkan nasirləri özlərinin
orijinallığını əyani şəkildə təsdiqləməyə
can atırlar, həm də ona görə ki, onlar, bizim dilin
bütün səslənmə, məna və obrazlılıq
xəzinəsindən istifadə etməklə sövq-təbii
mənsub olduqları xalqların səslərini birləşdirməyə
can atırlar. Obrazların dili niqtin bütün məzmun zənginliyini
özündə ehtiva etmək naminə süni şəkildə,
yaxud poetik nəsrin pərvəriş tapması naminə
yaradılmayıb, - bu dil zərifliyin bütün lirizmini və
fantaziyasını, Latın Amerikası romanının
bütün üslubi "hiyləgərliyini" ruhuna
hopdurmuşdur. Bizim romantikamızın
özülündə onun nəfəsi olan, təbiətin nəfəsini
içində saxlayan poeziyanın dili durur.
Mənim
fikrimcə, xarici oxucuların diqqətini bizim romana cəlb edən
cəhət bizim dilin koloriti sayəsində nail olduğumuz
şeylərdir, həm də nitqlə təbiətin
musiqisinin qovuşması, eyni zamanda hindi
dillərinin səslənişi, onların bizim nəsrdə qəfildən
peyda olması... Həm də sözə, mənaya, mütləq
və simvolik olana
verdiyimiz önəm sayəsində. Bizim nəsr
kastil ləhcəsinin nizamlı sintaksisindən
ayırılır, yəni söz bizim üçün hindi dillərində malik olduğu böyük
bir dəyər daşıyıcısıdır. Söz -
onun mənası, səslənməsi və füsunkar və
zəngin inversiyası... Sözün arxasındakı
valehedici gücü anlamadan kimsə bizim ədəbiyyatı
və poeziyanı hiss edə bilməz.
Latın
Amerikası romanı oxucunun zövqünü korlaya bilməz,
əksinə, bu zövqü ancaq zənginləşdirə
bilər, - bizim yazıçılar elə buna cəhd edirlər,
elə buna görə də ən geniş ədəbi
imkanları içinə alan, çox zəngin
bir dillə, insan duyğularını dərindən əks
etdirə bilən sözün heyranedici magiyası ilə
yazılmış roman bizim xalqların həsrət və
ümidlərinin ifadəçisi ola bildi.
Alexo Karpentyer
Tərcümə: Cavanşir
YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2023.- 28
yanvar.- S.22.