Rayner Maria Rilke
(Avstriya, 1875-1926)
Orfeyə sonetlər
Göyərir,
ilahi, göyərir ağac!
O səsdi göyərir: səslənir Orfey.
Və susur nə varsa. Bu sükutdaca
rəngini, cildini dəyişir hər
şey.
Vəhşilər
yuvadan qaçır, tələsir,
səsini içinə
qısıb dururlar:
qorxu-hürküdən yox, susub dururlar
dinləməkdən ötrü
o gözəl səsi.
Hansı
ulayırdı, dil-dil ötürdü -
bir heçdi, bir puçdu onlardan
ötrü.
Və sən o balaca, o sısqa
yerdə,
içindən hər şeyin acıqla, kinlə
baxdığı o miskin,
ufacıq hində
məbədlər ucaltdın
gözəl səsinlə.
***
Və
yalnız o kəs ki, öz lirasından
bir an da ayrılmadı,
ruhlar və kölgələr dünyasında
da
ona dönük çıxmadı,
ölülərlə birgə xaşxaş da yedi
iyrənmədən, qorxmadan
-
sonsuzluğu yalnız
o vəsf elədi
tellərə toxunmadan.
Suda əksi
sınan quyu təkindən
baxıb səni
tərk edən
surəti dərk
et.
Yalnız
o tərəfdə, yalnız o üzdə
açıldı üzümüzə
son əbədiyyət.
***
Bulud
kölgəsitək öz dövrəsində
itsə də ömür,
yenə öz kökündən, bünövrəsindən
heç nə dəyişmir.
O qəfil
axında bir göz qırpımı
yanıb, közərib,
Orfey lirasının səsi çırpınır -
canlı, əzəli.
Biz hardan bilək ki, sonumuz nədir?!
Bizimçün dünyada nə
ehtiraslar,
nə də iztirablar dərk ediləndir.
Toranda gizlənib yolun arası.
Yalnız
o nəğmənin
bürüyüb dünyanı
səsi-sədası.
***
Dilimin nəğməsi
- can verdiyinə
qulaq da bəxş edən
Tanrıdı, Tanrı...
Yaz çağı, Rusiya; anıram yenə -
tala, tənha bir at, qaş qaralırdı...
Qayışı-qaytanı
atıb qırağa
baş alıb o kənddən qaçırdı bu at;
uçurdu axşamın
qaranlığına -
üzü tənhalığa
çapırdı, heyhat!
Çapırdı
hər şeyi unudub artıq -
yalı yellənirdi, başı əsirdi,
yaman tələsirdi...
və budur, artıq
gemgeniş talada o tək gəzirdi!
Qulaq kəsilirdi, oxuyurdu at...
Atın
bu surəti məndən amanat!
***
Quduzlaşmış
kütlənin dörd tərəfdən sardığı,
sən ey ilahi səsdə dirçələn
ulu Tanrı! -
sənin səslənişinlə
o yığnağın
varlığı,
hay-küyü itdi-batdı,
xoş bir avaz
yarandı.
Qırammadı heç biri fəqət sənin
liranı.
Ürəyinə tuşlanan daşlar
sənə yetincə
ipək kimi hamısı yumşaldı
bircə-bircə -
nəfəs verib,
can verib dilləndirdin onları.
Qəddar,
amansız qisas axırda baş tutsa da,
Azğın menadlar sənin
axırına çıxsa da -
aslanların, quşların,
ağacların, otların,
qayaların dilinə
keçdi o səs, o səda...
Yerin,
göyün Tanrısı! Sənin füsunkar səsin
o keçmiş ədavətin
uzaq sədası kimi
o vaxtdan dilimizdə səslənir həzin-həzin.
***
Səs gəlir: hardasa çaylar oxuyur.
Oxuyan elə bil zamandı, vaxtdı.
Amma yox, vaxt deyil,
zaman deyil, yox -
bəlkə, sonsuzluqdu
əriyir, axır.
Sənə
yabançıdı bu səslər hələ,
Sudu - gah uzaqda, gah yaxındaca.
O suda bir daşsan
bəlkə sən elə -
düşmüsən, qalmısan
o axındaca.
Hər
şey necə uzaq, necə yaxındı,
hər şey də bəllidi, mənası
varmı...
sudu... axıb gedir, adi axındı...
Sənsə
sirr dəlisi, sirr ölüsüsən,
yad sular, yad çaylar axdı,
apardı
bütün hisslərini...
hara görəsən?
Rayner Maria Rilke
Tərcümə: Mahir N.Qarayev
Ədəbiyyat qəzeti.- 2023.-
28 yanvar.- S.24.