Çobanbayatı
Poema
Uzaqlardan
bir ilahi tütək səsi gəlirdi,
Kədər
vardı,
fərəh vardı,
dəvət vardı o səsdə...
Əlim
qaşımın üstündə, qulağım dinşəmədə,
axşamüstü yol dəyişdim o ilahi səs səmtə.
"Az
getdim-üz getdim, dərə-təpə düz getdim",
Bir saatın tamamında ol məkana yetişdim.
Dağ
döşündə bir çobandı
üzü-gözü fərəhli,
Yeməkdən yorğun sürüsü gövşəyirdi
sərində.
Salam
verdim, salam aldım.
Dedim,
qardaş,
nə
çalır, nə oxurdun? -
buralara
o ilahi
səsdən tutub gəlmişəm.
Dedi,
"Çobanbayatı"ydı - "bizim, "Çobanbayatı"
-
Çobanların
həyatı"...
Dedim, pəki,
qızındırmı yamacda çiçək
yığan?
Dedi,
qızımdır, əmisi, çobanyastığı
yığar;
Dedim,
boğazım quruyub... -
Tez səslədi
övladını,
dedi,
götür kuzəni,
en bizim
çobanbulağa,
doldur gətir,
yubanma...
İldırımtək
çaxdı getdi,
quş
ötgünü qayıtdı -
çobanqızı gətirən su -
su
deyildi, elə bil ki,
Yerin buz
damarıydı...
İçdim,
sonra, elmisali alxışımı söylədim:
"Salam
olsun Hüseyni-Şəhidə,
lənət olsun Yezidi-Pəlidə!".
Çoban
dedi:
- Nuş
olsun!
- Sonun sutək
durulsun!
- Qonaq
qardaş,
salamına ehtiramım, şəhidlərə sayqım var,
amma
"Yezidə lənət"i sənə
yaraşdırmadım. -
Bilirsənmi,
yaddaşı var suların;
bəlkə dağın-daşın da,
hələ desən, bu havanın, havadakı tozun da...
niyə
lənət eşitsinlər bu şər vaxtı dilindən?
Tanrı
özü yaxşı bilir, nədir kimin qazancı;
Biz
söyləyək alxışları - şəhidlərə
yetişsin,
qarşısında deyiləm, e... yezidlərə lənətin;
mən
alxışa tərəfdaram,
alxışlıdan yanayam..!
Dedim,
irfan çobanısan - görürəm,
Bəlkə
elə ona görə
adam kimi
danışırdı tütəyin...
Mən də
yəqin, öz ömrümü qara yelə vermirəm,
Tütəyində
görünürdü sənin böyük ürəyin...
***
Qoyunların
xalxal vaxtı, sağım vaxtı çatmışdı...
"Qumral"
ilə "Gözüqara" qoyun da,
"Diziqara",
"Alabəzək", "Narınc" da
imrəndilər, "anladılar" çobanı... -
Sonra
çoban "Təpəl" dedi,
gah da
"Qaşqa" çağırdı,
Yoldaşıydı
deyəsən, qoyunları sağırdı...
Söz
sözü çəkmişdi, söhbət söhbəti,
Oğlu
bizə çay gətirdi, qızı dəmdəsgah
açdı,
Kəkotu
çayıydı - çaydan artıqdı -
Sanki
dağdöşünün altun tamıydı...
Bir də
gördüm, qardaş özü
varaq-varaq
çevirir
dünyasını çobanın...
Bir
sağ söz deyən varsa,
qulaq
vermək vicdanıdır insanın...
Deyəsən,
çoban məni lap şəhərli sanmışdı,
Mən
maraqla dinlədikcə, o hey xırdalayırdı...
***
Elə
ki, oyanır qış mürgüsündən,
bu
dağlar, bu düzlər yaşıl geyinir,
Uzun aylar
qışlaqlarda saxlanan qoyun-quzu
Bizdən
qabaq can atır təbiətin qoynuna.
Hələ
ot çıxmasa da,
qoyun-quzu
ruzisini
qalın
qar altındaca saxlayıbdı, saxlayan...
Sürümüzü
görüncə, şenlik dağa qalxınca,
beli
duman kəmərli, zirvəsi göy sirdaşı
dağlarımız sevinir, çöllərimiz sevinir;
Torpağın
arzusutək açılır gül-çiçəklər;
Yaylağa-yamaca,
yola-arxaca
yayılır qoyun-quzu -
səpələnir muncuqtək -
yaraşıq üstünə yaraşıq gəlir...
Cana hopur
yaylağın-yamacın yovşan ətri...
Biz bəsləyən
heyvanların əti, südü, qatığı,
bulaması, dələməsi, süzməsi, şor-pendiri,
damaqlarda
dad olur - hər biri bir aləmdi...
Saçaq-saçaq
qoyun yunu - döşənir döşək olur,
işlənir yorğan olur;
hələ, bir də, köynək, əlcək, corab... desən,
uzun
qışı canımıza yoldaşdı.
Ev-eşikdə
bər-bəzəkdi yun xalılar, gəbələr,
kilim,
cecim və palaz... -
ağlına hər nə gələr... -
Çiynlərdə
heybə, xurcun
bu altun
sürülərin yunundaca deyilmi?..
Nə deyirdi nənələr? -
"Qoyunlu
evlər gördüm,
Qurulu yaya
bənzər;
Qoyunsuz
evlər gördüm,
Qurumuş
çaya bənzər...".
Əziz
qonaq,
nə
başını
ağrıdım,
Anasını,
balasını axtaranda
mələşər qoyun-quzu -
dağlarda, dərələrdə çiçəkləyər
səsləri
bax, o
vaxtda bu heybədən çıxararaq tütəyi,
"Qoyunhəngi"
çalırıq;
qoyun-quzu
səngiyir...
"Bu
qoca dağların biri də bizik",
Təbiət
biznəndir, biz təbiətnən;
Məktəb
oxumadıq, həyat oxuduq,
İndi
uşaqlarım gedir məktəbə,
Onlar təbiətdən
dərs alıb zatən -
Nə ev yıxmaz, nə də ki, könülləri
qırmazlar.
Nəğməsiylə
dağa sevgi çatdıran
Axar suyun,
qara sazın, tütəyin
anlatdığı - təməl dərsdi onlara...
Axar sutək
yardımsevər və comərd,
Al Günəştək
mərhəmətli, şəfqətli -
Belə böyütmüşəm balalarımı.
Gecətək
örtərlər qüsur görüncə,
Hiddət məqamında susqun qalarlar.
Torpaq
kimi, göstərişsiz, sadədil,
Dəniz kimi xoşgörülü balalarım var mənim.
Ustadlar necə söylərdi? -
"Ya olduğuntək görün, ya
göründüyüntək ol!" -
Bax, belədir,
qonaq qardaş, belədir balalarım"...
***
Bəs
necədir sürü ilə dil tapmağın, de, necə? -
Şövqlə
dedi:
isnişmişik, lap incədən də incə...
Dedim,
çətindimi bu sənət, qardaş?
Dedi,
peyğəmbərlər çoban olubsa,
nə sən
sualı ver, nə mən cavabı...
Dedim ki, hər
yerə də adınızı qoşmusuz:
Çobankənd,
Çoban talası, Çoban bulaq -
Daha da
neçə-neçə sizə yaxın-uzaq ad...
- O
adları el veribdi, biz ad verən deyilik,
Eldən
gələn adları da çevirən ha deyilik...
Dedim, sənin
mənə sözün nə ola?
Dedi, siz
söz əhlisiz,
biz hal əhliyik,
qardaş,
Gəl,
gedək, bardaş quraq;
Burda
işimiz var, orda aşımız,
burda da,
orda da qara daşımız...
Bil ki, ürəyimtək genişdi çadırım.
***
Çadırında
saz da vardı, tütək də,
əlyetərdə xəncəri, divarında tüfəng də...
doluydu
yeyim süfrəsi,
deyim,
könül süfrəsi...
Yedik-içdik, damağımız çağ oldu. -
Nə yoxuydu? -
süd,
qatıq, süzmə, pendir,
göyərti və göbələk...
körpə quzu bozartması,
bir də
çoban salatı...
Söz
sözü çəkirdi, söhbət-söhbət,
Üz üzü çəkirdi, diqqət diqqəti.
Çoban
dedi:
Baxma, min
bir zəhməti var -
Bitib-tükənməz...
amma
yenə
öz
zövqü var, səfası var bu işin
çobanlığın qardaşlıqdı düsturu:
Tanrının
yaratdığı hər şeylə anlaşırıq,
biz
Tanrımız yaradanla barışığıq...
***
Birdən
mənə elə gəldi
bu
çoban
alaçıqdan daha artıq
aladağ
yiyəsidir...
Bir azdan
da divardakı saz endi
Elə
ki, alaçıqda saz çalındı, saz dindi...
Dedim, əgər
"Divani"dən
"Müxəmməs"ə
kəsə keçsə,
durum
gedim,
amma
gördüm, "Divan"ini
bir deməyir,
iki deyir,
iki
demir, üç deyir.
Dedi:
"Məktəb görməmişəm" -
amma məktəb
görən məni açıq, heyran eyləyir...
Ustadlardan
dedi, dedi, sonra özünə keçdi -
Orda mənə
elə gəldi, bədahətən söz dedi:
"Yolunu
azarsan yol səni səslər,
Nəsə
itirərsən, ol səni səslər,
hər
səsi çevirib söz etmək olmur,
qəlb
kədəri gəzər, dil qəmi səslər.
Eyni yerdən
gələr, başqadı adı,
başqadı səs dadı, başqa söz dadı;
Səslərin
gözəli qara sazdadı,
Kərəmi
çağırar, Dilqəmi səslər...
Deyir, söz ölməyir, deyir, səs ölmür.
Bəs öləndən sonra nə üçün gəlmir?
Gəlməyinə
gəlir, e,
eşidilməyir,
yoxsa
keçəmməyir kəfəni səslər?!".
Dedim:
- Mənim
havam "Dilqəmi"dir, can çoban.
- Mənim
havam "Ruhani"dir, söylədi...
Dedim:
- Olsun,
bunlar əkiz havadı...
"Aran gözəlləməsi" oldu sonra
çaldığı. -
Bu havayla
aranı sanki dağa daşıdı...
Dedi:
tütəkdə "Çobanbayatı",
sazda
bunsuz qalmarıq...
"Hər
gün verilməmiş bir salamım var,
hər
gün gördüklərim gözümdən çıxar.
Mənim
bu dünyadan bir alasım var,
bir də,
bir adam var sözümdən çıxar.
Dillər
var - adımı təzə saxlayıb,
gözlər var - üstümdə nəzər saxlayıb,
Bir qəlbi
sınıq qız nəzir saxlayıb,
onun da həsrəti
dözümdən çıxar.
Dedilər,
yerisən, yorulmaq qalar,
Elə oturub da qocalmaq olar.
Dəli
arzularnan bacarmaq olar,
İlahi,
sən məni özümdən çıxart"...
Mən
susurdum...
elə
bil ki,
gerçək deyil yuxuydu -
Bu nə
sazlıq, bu nə sözlük - bu belə nə
görüşdü?..
Sonra
"Təcnis"ə keçdi bizim o zalım çoban,
Ondaydı
lətafət, ondaydı irfan:
"Deyirsən
ki, mənli günün sualdı,
deyirsən ki, "... "yəmin" mənəm,
"bəlkə" - siz".
Sənin
eşqin gözlərimdən su aldı,
baxammıram sənə doğru "bəlkə"siz...
Sən
evlisən, "günah" deyir, yasa, din.
Bizə
görə ölmə, sevgi, yaşa, din!
Sevgisizdin,
nikahlıydın - yaşadın,
indi isə
sevgi gəlib - bəlgəsiz...
Yola
çıxdıq, yol hayana çıxacaq?..
Qafada
"din", qəlbdə "sevgi" -
"çıxacaq"...
El
ağzından bircə kəlmə çıxacaq:
dindən
əvvəl doğulaydız bəlkə, siz?!.
Bir demədi,
iki dedi yenə də,
Bir
görəlim nələr vardı dərində:
"Dindən
əvvəl sevgi özü din idi,
onda
aşiq yardı, onda yar aşiq.
Əvvəl
sözün "susma!" idi, "din!" idi,
indi isə
susmaq olub yaraşıq...
Zaman
keçdi, dedik son söz dinindi,
Eşq yolunu kəsib durub din indi.
Ağılda
din, ürəkdə eşq! Din indi,
Bir
addım at, bu sərhədi yar, aşiq!
Şair
deyir, odur bitməz qeylü-qal,
dilimdə get, ürəyimdə "qal" ki, "qal"...
Qəlb -
fərmandar, mən - icraçı, qərar - qal!
nə
deyirsən, həmdəm aşıq, yar, aşıq"?!.
Mən
aramla çay içirdim,
Həm
zövq alır, həm də fikir daşırdım...
Nəsə demək istəyirdim... nə deyim? -
Alaçıqda
saz sehrinə dalmışdım...
Dedi,
qardaş, bir qatar da sən söylə.
"Olsun"
dedim,
onun
sazı bəmdəydi. -
Elə ilk misradanca baxdım hava dəyişdi.
Bu, çox köhnə, unudulmuş havaydı. -
"Yağışlar,
yağışlar yağırdı nazla,
Çiçəklər,
çiçəklər sığallanırdı;
Nə
gözəl, nə gözəl əsirdi yellər,
Göllər
beşiyində yırğalanırdı...
Quşlar
yeni-yeni cəh-cəh vururdu,
Ovlaqlar,
yaylaqlar yoxuydu hələ;
Çay
öz yatağıyla tanış olurdu,
Ah,
dünya qalsaydı... - qalmazdı belə...
Dərələr-təpələr
şəkillənirdi,
Yer yerə
bərkiyir, göy çəkilirdi...
Hər
yer təptəzəydi, hər şey yepyeni,
Buludlar,
buludlar nəsə deyirdi...
İlk kişi - ilk qadın gəldi göz-gözə,
-
Şimşəklər,
şimşəklər belə yarandı...
İlk dəfə
uzandı əllər əllərə,
Barmaqlar
toxundu, Ay paralandı"...
İkimiz
qalanda alaçıqdaca,
illər
öncə bir belə dağ döşündə,
bir
ağayaqçün yazdığım -
"Aldanıb
açılır qar çiçəkləri"
qoşqusunu söylədim -
"Qar
çiçəyi" deyincə kövrəldi zalım,
Məni də
kövrəltdi, sazı inlətdi -
Sanki
"Zəminxarə"ylə
"Çobanbayatı"nı bir-birinə qatmışdı -
tər
hava yaratmışdı:
"Düşmənlər
ayağa, dost başa baxar" -
belə
bir söz qonub el yaddaşına.
Utandım,
üzünə baxa bilmədim,
gözlərim yol çəkdi ayaqlarına... -
Utandım
deyirəm - bu, ilk görüşdü,
Düşmən də deyiləm, özün bilirsən.
Bir atalar
sözü qüvvədən düşdü
bizim
aramızda, - düzünü gəzsən.
Ağmı
görməmişik, ya yaraşıqmı?..
-
yox, sənin
ayağın başqadı, başqa...
bir bax,
öz ürəyin sinəndə vurur,
ayrı
bir ürək də ayaqlarında...
Sən
yerə basırsan, ayaqdı, deyib,
məncə, bu ayaqlar uçmaq üçündü...
Belə
ayaqların eşqinə qalxıb,
aldanıb açılır qar çiçəkləri"...
Başınızı
ağrıtmayım, uzun sözün qısası,
O qədər
şeir dedik, o qədər saz eşitdik,
Nə
sözdən, nə sazdan doymadıq ki doymadıq,
"Bugünün
sabahı var" dedik, qalxdıq, yatışdıq...
***
O günədək
alaçıqda yatmamışdım, doğrusu,
Təbiətdən,
dağdan-daşdan uzaq düşən dağoğlu -
O gecəni
necə yatdım - bilmədim -
sağ
böyrümün üstəcə düşmüş idim
daş kimi...
yarpaq
xışıltısı, su səsi, it hürüşü
-
sanki ahəng
yaradıb,
yuxuya
vermiş məni...
Günəş
üzünüzə xeyirə doğsun,
Lap o
başdan təbiətin özü kimi oyandım,
Alaçıq yiyələri artıq çoxdan
qalxmışdı.
Mal-heyvan örüşə yollanan vaxtdı.
Günəş
qalın ağacların arasındaydı
Hələ
istiliyi çox uzaqdaydı...
Amma isti
samovar, isti çay hazır idi...
Pendir, yağ, südlə qaymaq,
isti
xamralı və bal varıydı süfrədə,
könül vardı, inam vardı, iman vardı süfrədə...
"Sabahın
xeyir, qonaq qardaş" -
xan
çobanın səsiydi -
"oyanmısan, deyəsən,
Yoxsa, səs-küy qoymadımı yatasan?
Dincələrdin
bir hoyru...
Həncəridi buraların yuxusu?"
"Günaydınlar,
əziz insan!
Alaçığın
şən olsun!
Hər
şey, hər şey gözəldi -
Gözəl
ürəyin kimi!
Artıq
iznin gərəkdi, şəhərə
çıxmalıyam,
Mən
sizin ellərin qonağı idim,
artıq
üç gün dolur, daha getsəm yaxşıdır.
Amma inan
bu üç günün zirvəsini sizin ilə
yaşadım!
Və mən
sizdən doymadım!".
Çoban
dedi, "əziz qonaq, elə mən də qonağam -
Neçə
ildir bu dağlara meyil salmış,
lap
buralı olmuşam -
Uşaqların
anasını mənə vermirdi qayınatam,
Biz də
verdik əl-ələ, qoşulduq qaçdıq, neynək...
Sonra bizim
el-oba işğal oldu, geri dönə bilmədik,
Uşaqlar
da buralarda böyüdü -
Buralar da
bizim üçün əzizdir -
Hərdən
qalxıb dağ başına - lap o üzə baxıram,
Darıxıram, əziz qardaş, it kimi darıxıram.
Acığımı
gah tütəkdən, gah da sazdan çıxıram"...
Mənə
aydın oldu artıq
o
tütəkdə, o sazdakı kədər də,
amma yenə
nəsə vardı, onu çözə bilmirdim...
Tanrı
verən nə vardısa səhər-səhər nuş etdik,
Qucaqlaşdıq çoban ilə, "bir də, qismət"
söylədik.
Yoldaşı
da bir balaca bağlama yollamışdı -
"yol azığı, çoban arması"
deyirdilər,
götürməyə bilməzdim...
Sonra mənə
elə gəldi, su atdılar dalımca...
Xeyli
getdim, o naxışlı, o ətirli bağlamanı
yoxladım,
ətim
üyüşdü elə bil - içində məktub
vardı:
"Şair,
məni tanımadın?..
Amma
sağ ol, o şeiri ki oxudun...
Bir də
bir söz yazım sənə,
biləsən ki, adın bizdə doğmadı,
Heç
demədin oğlumuzun adı niyə Murazdı"?..
Aman,
Tanrım! Ola bilməz!
Yox, yox!..
Amma
amma
olmuşdu:
Gəncliyimin
ağayaqlı, günəşüzlü gözəli,
illər
sonra, unamadan qarşımaca çıxmışdı...
Mən
onlardan ayrılarkən
çoban sazmı çalırdı? -
sanki
sanki
qara çoban qara sazla
"Xan
Çoban" çağırırdı...
Bəli,
bəli, arxamca da su atılmış -
doğruydu...
"Sərt
yoxuş"dan sərt də endim,
"Kor
güney"dən kor kimicə dolandım,
"Quş
yuvası" - quş ötgünü yol oldu,
"Yeddi
bulaq", "Keçid" və "Çay talası",
"Ağamir"in
addamacı, "Qozluq", "Nənə
bulağı"...
yola rəvan
olmuşdum... -
sanki mən
yox, yol özüydü yeriyən...
Gedən
başı güzərgahım başqa yoldan olmuşdu:
"Dar dərə"ydi,
"Kor bulaq"dı,
"Nazik su" və
"Qalaça"...
Hər
birindən o da keçib, hər birində o da var...
Bu
yolların gedişində mənəm bu gün,
Gəlişində bir də ollam? - Kim bilir?
Lap olsam
da, mən onlara bir də, bir də gedəmmi?..
O mərd
çoban elə sanar, mən oyun oynayıram...
Haşa,
haşa! Haşa haşa! Heç elə şey
olurmu?
Amma illa
bir hikmət var,
illa da
bir qovuşduran qüvvət var...
"Lə
tucəd sadfətə fil aləm,
hunəkə təvafuq" - deyir ərəb -
deyir ki,
"Heç
təsadüf-filan yoxdur aləmdə,
nə
olsa, nə olsa təvafüqlükdür"...
***
Yox, yox,
belə tez keçməyim üstündən,
Qoy, bir az da söhbət açım
Dağ
döşündən, çobandan
Onsuz da
qalıb orda,
orda
qalıbdır ağlım:
Çırtaçırt
yanır ocaq,
Torpaq
üstə qara daşlar,
Üstündə
qaynayan su,
Havaya
qalxan tüstü... -
İlahi,
nə yaman yadırğamışdım -
Yaddaşım
özümə qayıdır sanki,
Su, torpaq,
od və hava,
Yox, yox,
bir az başqa cür:
torpaq,
su, hava və od -
Hamsının
yaddaşı var,
havanın yaddaşı var,
ocaq
özü yaddaşdır,
yaddaşı var suyun da,
yaddaşsız bir daş görsəm,
deyərəm ki, yad daşdır...
Görən,
çoban bilirmi
Ona
ötkəmlik verən,
ona comərdlik
verən
o
dağlardı, o düzlərdi,
ocaq,
hava, su, torpaq -
torpaqdakı, sudakı,
havadakı, ocaqdakı yaddaşdır!..
Mən
özüm, mən özüm inanıram ki,
Çay
dağa türkü deyir -
Həm
ondan uzaqlaşır,
həm
onu haraylayır...
O nəğməni
duya bilsən
Şair
olmağa nə var?..
Su...
Dəli
su, ağıllı su, kürəyən su, sakit su...
Qarşısına
nələr çıxar, nələr çıxar,
O, usanmaz,
o dalaşmaz, illa da bir axar tapar,
tapmazsa
da, hər daşı
lap
damcı-damcı dələr keçər...
Sudan ilham
alan sufilər söylər:
"Səninlə
uğraşan bir kimsəylə uğraşma,
uğraşdınsa onunla eyni yerdə qalarsan,
Oysa, sular
kimi ol - ətrafından dolanıb,
Öz
yoluna davam et"...
Sudur bu,
su... Çoban bilir, çoban görür...
Ətrafından
dolana bilmədiyi dağ-daşın
Dolub-dolub
lap üstündən də aşar -
axmadığı yerdə qalmaz...
Sular kimi
səbrlidir çobanlar...
Tikan
içində gülü, gecə içrə
gündüzü
gözləyənlərdi onlar...
Su axar təmizlənər,
Çobanlar
suya baxar,
Aya baxar
çobanlar,
Günə
"salavat" çəkər...
Suyu su
kimi görər,
Suyu buz
kimi görər,
Buxartək
görər suyu,
Hər
halıyla sevər onu,
Atar gedənin
ardınca...
Deyər
biz də su kimiyik -
Hara getsək
oralara uyğunlaşar,
orda həyat
qurarıq
amma
lakin
harda
olsaq, özümüz olluq yenə,
Fəsillər
dəyişər biz alışarıq
Lap həyatın
dibində,
lap zirvənin
belində
Yenə
insan qalarıq...
Aza qane
olarıq,
çoxu
talan etmərik...
Sonra
odundan-oddan,
Sonra dəli
küləkdən və də sərin havadan,
Sonra,
bizim çoban qardaş
ağüzlü qara torpaqdan
danışdı hey danışdı...
gah büküldü,
gah güldü.
Həyat
kimi adamdır, adam kimi həyatdır...
Bəlkə
bütün peşələr, bəlkə bütün sənətlər
Elə
belədir, nə bilim... Amma şənlikdən uzaq,
amma
dağlar qoynunda, təbiətlə baş-başa
həyat
yalın gözəldir... - gözəldir cılxa həyat...
***
O
çobandan cavab ilə, o dağdan yüz sualla
ayrıldım və evə döndüm. Qızım
çıxdı qarşıma:
"Ata,
ata, hardaydın bəs, gözüm qaldı yollarda"...
Ah,
dağdakı günəşüzlü hardan, hardan bilsin ki,
Onun
adı bizim evdə lap ilk gündən
çağrılır -
Deyirlər
ki, "atasına oxşayan qız xoşbəxtdi",
Deyirlər
ki, çox oxşayır qızım mənə, nə
bilim...
***
Aşıq
dili yüyrək olar - mən aşıq olmasam da,
Yüyrək olsun dilim deyim, sonrasını gətirim.
Ay
dolandı, illər keçdi, qızım kamala doldu.
Tələbəydi,
dedi, ata, Kəlbəcərə gedəcəm -
Orda
"Elat bayramı" var - qardaş ellər gələcək,
Biz də
orda könüllüyük, gərək ki, iznin ola...
O torpaqlar
uzun illər işğal altda qalmışdı,
Azad
olduğu ilk gündən dirilirdi,
qurulurdu
- bilirdim;
İndi orda bayram varsa, mən qızıma nə deyim? -
Duyğuluydum,
çox danışsam, ağlardım,
Bircə
kəlmə "Get" söylədim -
təki
günü ağ olsun!
Kəlbəcərdən üç gün sonra
qayıtdı.
Anasıyla pıçıldaşdı, uzun-uzun
danışdı.
Gördüm
qızım nəsə sözlü-sovludur...
Elə
bil ki, Kəlbəcərdə yenidən doğulmuşdu...
Kim deyər
ki, qəhrəmanım o çoban
Sürüsünü
Kəlbəcərə sürmüşdür...
Artıq
qazi olan oğlu - adaşım,
Doğma
yurdda
anasının adaşına
vurulmuşdur...
Əlim üzümdə qaldı - nə
möcüzdü, İlahi?
Uşaqlara
ad verəndə - bu günü düşünsəydik...
Yoldaşım
deyəndə ki, onlar elçi gələcək,
Heç
bilmirəm nə hikmətsə,
(mənim dilim qurumasın)
ilk kəlmədən
"Yox!" dedim...
21.06.2020-14.01.2023,
Abşeron-Bakı.
Əkbər QOŞALI
Ədəbiyyat qəzeti.- 2023.- 28 yanvar.- S.12-13.