Füzulinin xeyir-duası
Ustad şairimiz Rəsul Rzanın "Leyli-Məcnun"
poeması üzərinə
notlar
Şərq poeziyasında Nizami Gəncəvidən üzü bəri saysız-hesabsız "Leyli
və Məcnun"lar yazılıb. Əmir Xosrov Dəhləvi, Əbdürrəhman
Cami, Əlişir Nəvai,
Həqiri Təbrizi, Əndəlib Qaracadaği
bu məşhur əfsanəni nəzmə
çəkiblər. Füzulinin
"Leyli və Məcnun"u o dağ silsiləsinin ən ucalarındandır. Atını
Nizami ilə yanaşı səyirdən
ustad bu əfsanəyə yeni rənglər,
çalarlar qatdı.
Gözəlliklə qəddarlıq,
sərtliklə mərhəmət
Füzulidə üzvi
şəkildə birləşir,
iki aşiq fənafillah məqamına
yetişir. Füzulinin
təbi bərəkətli
torpaq kimi öz sinəsində ətirli çiçəklər
bitirir, bu söz gülüzarında
dolaşan aşiqləri
şairin qüdrətli
qələmi əzab səhrasına atır. Ayrılıq sanki bu iki aşiqin
qanına susayıb. Füzuli bu qəmli əhvalatı bir qədər də mistik tülə bürüdü.
Leyli ilə Məcnun bir bütövdür, onlar bir-birində yaşaya bilməyən vadiyi-vəhdətin
övladlarıdır. Elə
bir vəhdət ki, İlahiyə can atır.
Bu, mifik məntiqə
sığmayan bir həqiqətdir. Leyli ilə Məcnun dünyanın ilk insanları Adəmlə Həvvadır ki var. Tanrıdan
yaranıb ona dönməyə can atan aşiqlərin Yer üzündəki eşq macərasıdır bütün
"Leyli və Məcnun"lar.
Bu dünyada şirin yalanlar da var. Yalan dünyanın şair yalanına həmişə
ehtiyacı olub. Çünki Tanrı dünyanın ən gözəl yalanlarını
söyləmək qüdrətini
məhz şairlərə
bəxş edib. Eni zamanda şair yalanında dünyanın
ən böyük həqiqətləri sayrışır.
"Leyli və Məcnun"dakı kimi! Hansı "Leyli və Məcnun"da? Hamısında.
Bir "Leyli-Məcnun" da var. Böyük
şairimiz Rəsul Rzanın verlibrlə hecanın sintezi kimi qələmə aldığı "Leyli-Məcnun"
poeması ötən
əsrin 50-ci illərində
qələmə alınıb.
Bu poema ustad şairin sonsuz eşq macəralarına
XX əsrin gözüylə
baxan reminissensiyasıdır.
İki gənc qatarla uzaq yola
çıxırlar, oğlanın
adı Məcnun, qızın adı Leylidir. Onlar bir kupedədirlər və ortaya çökmüş sükutu
şair obrazların iç düşüncələri
ilə "pozur".
Deyirlər ki,
ürəkdən ürəyə yol
olur,
bəs
yol hanı?
Niyə
tapa bilməyir
o düz yolu cavanlar?
Görən burda nə sirr var?!
Sükut
gah uzun sürür,
gah qısa.
Oğlan
söz tapa bilmir,
gözünü döyüb durur
qız söhbəti açmasa.
Oğrun-oğrun baxır o
lalə
yanaqlı qıza.
Yəqin
bilmir ki,
oğrun
baxmaq
bərk
qadağandır.
...oğrun baxmaq olmazsa,
doğun
baxsın, nə eybi.
Dəqiqələr yavaş-yavaş əriyir;
pəncərənin buzlu naxışlarıtək.
Hansı
ocaq odudur
yaxıb,
yaxıb yandıra;
iri, qara gözlərin
söz gizləyən,
zalım
baxışlarıtək.
Onlar
yeni dövrün paradiqmasında
bir əmək meydançasında çalışan
gənclərdir. Qız
oğlandan "Leyli və Məcnun"u oxuyub-oxumadığını soruşur.
Oğlan rişxəndlə:
"Leyli-Məcnun" zamanı,
ay bala, keçib"
- dedi". İncə
məqama diqqət edək: şair poemanın adını niyə "Leyli və Məcnun" deyil, "Leyli-Məcnun"
(defislə) şəklində
yazır? Burada Leyli ilə Məcnun sevgisinə yeni dövr insanının fərqli, bir az da skeptik baxışına
işarə edilir.
"Dəlisən, nəsən,
ay qız,
Bugünkü kolxozda da
Heç
Leyli-Məcnun olar?"
Qız sakit baxdı ona.
Gözlərindən də güldü.
"Mən demədim
kolxoza qəbul edək Leylini.
Mən demədim ki,
Məcnun
bizə briqadir olsun.
Deyirəm qoy bu gün də
duyğular böyük olsun.
Məhəbbət qadir olsun".
Hürkək aşiqlər söhbətə
məhz "Leyli və Məcnun" ilə körpü atırlar. Bu dialoq hisslərin sınağa çəkilməsi məqamıdır.
Oğlan "Leyli-Məcnun"
sevgisinin olmasına şübhəylə yanaşır,
amma qarşısında
oturmuş "göyçək,
cavan, can alan bir qız" şirin bir macəraya sürükləyir.
Şairin məqsəd
və məramı da
məhz budur; insanın sevgi qarşısında məğlubiyyəti.
Poema bu məğlubiyyətin xoşbəxtliyi
haqqındadır. Sevgi
Tanrının insanda bir zərrəsidir, bu hisslər insan qəlbində toxum kimi cücərən
andan İlahi ilə təmas başlayır.
Bizim Leyli
ayırmır pəncərədən gözünü.
Pərdəni açıb bir
az
Baxır-baxır elə bil,
qaranlığa deyəcək
ürəyinin sözünü...
Qız düşünür ki, Leyli
Məcnunun eşqiylə
nə bəlalara dözdü, görəsən,
bu Məcnun da dözərmi? "Leylinin
qəzəlindən oxusam,
görən neyləyər?".
Beləcə, tərəddüdlər,
gümanlar içində
qalan qız fikirlərinin təsdiqini qatarın şüşəsindən
o tərəfdəki qaranlıqda,
gecədə axtarır.
Füzuli olsa, necə deyərdi?
Həm visali vurur od
canıma, həm hicranı,
Bir əcəb şəm ilə düşdü sərü-karım bu gecə.
Qatar kupesində vüsalla hicran üz-üzədir. Nisbi vəhdətin mütləq
vəhdətə yolu
nə ilə ölçülür? Bu suala
cavab tapmaq müşkül görünür.
Cavab tapılsaydı,
bəlkə də, bu qədər "Leyli və Məcnunlar"
yazılmazdı. Şair
bir qatar kupesində iki gənc arasında impultiv qığılcımlar
yaradır, bu qığılcımların alova
çevrilmə ehtimalı
xəfif mehə bənzəyir.
Qız oğlanın zahiri laqeydliyinə ürəyində
haqq qazandırır:
Yox, görünür ürəyi
təmiz,
genişdir.
Görünür, bayır-bacaq, yol
görməmişdir.
Yavaş-yavaş öyrənər,
yəqin
isnişər.
Xasiyyəti, söhbəti yoluna
düşər.
Bu fikrindən
pul kimi qızarır Leyli.
Olmaya
bu oğlana düşübdü
meyli?
Qız bu səfeh fikrə
düşdüyü üçün
özünü qınayır,
"bəlkə, adaxlısı
var, bəlkə, deyiklisi
var..." Məcnun isə
üç gün əvvəl opera səhnəsində
baxdığı "Leyli
və Məcnun" tamaşasını xatırlayır.
Məcnunun pəjmürdə
halı onu diksindirsə də musiqinin ecazı ürəyində mübhəm,
anlaşılmaz, namütənahi
hisslər oyatmışdı.
Leylini də salonda görmüşdü
Məcnun. Səhnədəki
aşiq-məşuqlar tamaşa
zalındakı cavanların
ürəyinə sevgi
toxumları səpdiklərinin
fərqindəydilər. Buna əmin olmasaydılar, o cür şövqlə oynamazdılar, səhnədə
o təhər alışıb-yanmazdılar.
Leyli ürəyində baş qaldıran hisslərə Füzulinin buu qəzəliylə sığal
çəkir:
Ey qılan şeyda məni, məndən bu istiğna nədir?
Nişə sormazsan ki, əhvali-dili-şeyda
nədir?
Gər mənə xəlq içrə pərva qılmadın, məzursan,
Böylə tənhalıqda qılmazsan
mənə pərva, nədir?
İlk baxışda kupedəki Məcnun öz xələfi qədər fədakar görünmür,
lakin daxilindən baş qaldıran duyğu seli genişliyə çıxmaq
üçün yollar
axtarır. O, nəfəs
qədər yaxın olan Leylinin hisslərini
üzündən oxumağa
çalışır, sevginin
artıq onu yaraladığı məlumdur.
Rəsul Rzanın usta qələmi bu sevginin üzərindəki
tül pərdəni qaldırmağa tələsmir,
əsasən, obrazların
daxili aləminə fokuslanır. Poema əsasən, (bir-iki sadədil dialoq istisna olmaqla) iç monoloqlar üzərində qurulub, şair gənclərin mənəvi dünyasına
işıq salır. Müəllifin məkan olaraq seçdiyi kupe sanki arzuların
sərhədidir, sevgi,
məhəbbət bu sərhədi aradan götürəcək.
Sonda kupenin qapısı döyülür, qoca qatar bələdçisi içəri daxil olur. Onun danışdığı
kədərli əhvalat
sanki gənclərin sevgisi üçün lokomotivə çevrilir. Qoca taleyindən acı-acı şikayətlənir;
onun yeganə oğlunun cəbhədən
qara kağızı gəlib, arvadı da oğul dərdinə dözməyib dünyadan köçüb. Qoca indi onların görüşünə tələsir,
intizarla ölümünü
gözləyir. Deyir indi də mehrimi
yollara salmışam,
gedib-gəlirəm ki, fikrim
dağılsın.
Cavanlığın qədrini
Bilin, balalar.
Bu dünyanın
Çəkilməz möhnətləri
var.
Qocanın gənclərə tövsiyəsi
sanki dünyaya deyəcəyi son sözü
idi. O qocanı nədənsə elə qoca, müdrik Füzuliyə bənzətdim.
Mənə elə gəldi ki, Füzuli kupedə qəfil sevgiyə yaxalanmış
bu gənclərə xeyir-dua verirdi...
Kənan HACI
Ədəbiyyat qəzeti.- 2024.- 6 aprel,
¹11-12.- S.2.