"Köç"
havasında
Xalq
yazıçısı Mövlud
Süleymanlının xatirəsinə
Onda ölümün adamdan qorxan vaxtlarıydı. Allahın adı hələ Tanrıydı.
Adamlar nə üçün yaranmışdı,
necə olmalıydı,
hələ eləcəydi.
Könül quşu gülə-çiçəyə
qonurdu hələ, ağçaya-boğçaya yox.
Göz günəşin
nurundan, ayın aydınlığından, suyun
duruluğundan, ocağın
sayasından, insan adının mənasından
sevinirdi, naxırından,
ilxısından, qoşunundan,
qalasından yox. Çünki onda hələ bütov yaradılmış dünyanı
ayrı-ayrı çəpərlərə,
sərhədlərə bölən
nəfs yoxuydu. Göy üzü kimi dumduru insan
nəfəsi varıydı.
Yerə bağlı şeylər hələ insanı çəkmirdi özünə...
Sonra ölümü qorxudan adamlar uralana-uralana gəlib adamı qorxudan ölüm zamanına yetişdilər.
Bacaran qala qurdu, qoşun yığdı, qoşununa,
qızıl-gümüşünə qızırğalandı. Bacarmayan dövrəsinə
qaratikandan çəpər
çəkdi, qarqarasına
irtmək qoparan köpək bağladı.
Bağa kimi öz qınına çəkildi hamı. Tanrını yada salmaq yaddan çıxdı. Allahlıq zamanı yetişdi...
"Allah
adı yer üzünə bir az başqa şəkildə
gəlib çıxmışdı.
Gəlib
adamları bölmüşdü,
yuxarı vardı, aşağı vardı..."
Arada araçıları, buyruqçuları
vardı. Öncə adamlar Tanrını "günəşin nurunda, suyun aydınlığında,
çiçəklərin qoxusunda, bitən otda, açan tumurcuqda" görərdi.
İndi Allahı görmək
üçün Göyə
baxmalı oldular. Göyə baxa-baxa ayağının altını
görməz oldu adamlar. Düşmənini
tüfənginin səsindən
tanıyan adamlar neçə köynək
dəyişdi. Alqışı
alqış, qarğışı
qarğış olan
at üstünün adamları
getdi. Dili söylədiyini
qulağı duymaz, atını tanımaz olan yer adamları
gəldi. Köç
getdi, köç gəldi...
Yazıçı Mövlud Süleymanlı
da gələn köçün
adamıydı. Amma o, hansısa
sirli-sehrli qüvvənin
köməyi ilə Tanrı dövrünün
havasını ruhunun bir küncündə qoruyub saxladı. Bu qüvvə ona başlanğıcımıza ayna
tutan "Köç"
kimi saf və duru bir
əsər yazmağa
kömək etdi.
***
Elə əsərlər var ki, əhatə
dairəsi genişdir,
amma dərin deyil. Bəzilərində
isə dərinlik var,
əhatəsi dardır.
"Köç" romanında
yazıçı istedadı
həm dərinliyi, həm də genişliyi birləşdirir
özündə.
Son yarım əsrdə qan yaddaşımızı
oyadan bu cür əsərlər üç yazıçıda
- İsmayıl Şıxlıda
("Dəli Kür"),
Yusif Səmədoğluda
("Qətl gunu")
və Mövlud Süleymanlıda ("Köç")
özünü göstərib.
"Köç" bu
əsərlərin birincisidir
həm də. Ötən əsrin 30-cu illərində belə bir yaddaş Yusif Vəzir Çəmənzəminlidə də ("Qızlar bulağı") özünü
göstərib, lakin bu qan yaddaşı
olmayıb, bir ruh yaddaşı idi.
Tanrıçılıq və Allahlıq mərhələlərinə
bölünən "Köç"ü Mövlud Süleymanlı, öncə
qeyd etdiyim kimi, daxilən, ruhən Tanrı dövrünə məxsus
olduğu dövrdə
yazıb. Sonralar o, ikinci belə bir əsər yazmadı. Həyatının
davamını Allahlıq
dövrünün - ayrı
çəpərlər, ayrı
ocaqlar dövrünün
adamı kimi yaşadığı vaxtlarda
isə "Şeytan"ı,
"Dəyirman"ı yazdı.
Bu mənada, "Köç"
həm Mövlud Süleymanlı yaradıcılığında, həm də ümumi nəsrimizdə bənzəri olmayan unikal bir əsərdir.
***
Bəzən deyirlər, Türk
tarixi yaradıb, amma yazmayıb. Əslində türk öz tarixini bayatılar, dastanlar şəklində yazıb.
Bu tarixi oxumaq, bu tarixlə tanış olmaq üçün nağıllarımızda,
dastanlarımızda olan
simvolları açmaq
lazımdı. Simvolların
ilki olan sazı duymaq lazımdı. İlk açarlardan
biri sazdı, çünki. Diqqətlə baxsaq, görərik, şəkli
də açara oxşayır sazın. Dünyanın sehrinin-sirrinin
açarıdır saz.
Türk tarixinin, türk düşüncəsinin,
yaddaşının açarıdır
saz. Köçəri
həyatını özündə
yaşadan, tərəkəmə
həyatından qalan,
onun sirlərini anladan yeganə canlı şahiddir saz.
"Köç" janrca povest qəlibində olsa da, Mövlud Süleymanlı əsəri
roman adlandırır. Bir müəllif
kimi bu, onun haqqıdır. Ola bilər, tənqidçi və ədəbiyyatşünaslar
da əsərin roman adlanması
ilə razılaşsınlar,
yaxud da tərsini iddia etsinlər. Lakin qəlibin genişliyi, darlığı bu əsərin tutumuna təsir göstərə
bilmir. Əslində "Köç"
sırf ədəbi qəliblərə sığışan
bir əsər də deyil.
"Köç" türk tarixinin salnaməsidir. Bu salnaməni ürəklə
oxuyanda, diqqətlə,
duyğuyla, həm də türk kimi yanaşanda türkün tarixiylə tanış olmaq olur. Bilirsən ki, Qarayazı meşələrindən
çıxıb üzü
gələcəyə gedən
Köç bugünkü
köç deyil. Hun,
Göytürk imperatorluqlarından,
Etiken yaylalarından, Orxon-Yenisey çöllərindən
gələn köçdür
və beş min il əvvəldən başlayır
onun əvvəli.
Əsərdə türkün o qədim
yurdlarının adı
çəkilməsə də,
yaşı göstərilməsə
də, o tarixin havası vurur adamı.
Bizim
real tariximizin deyil, ruhumuzun tarixidir "Köç"də yazılanlar.
Çünki Türk
həmişə olmuş
hadisələrin deyil,
ruhunun tarixini yazıb. Ruhun tarixini yazdığından,
bu tarix arxivlərə, elmi məxəzlərə deyil, simvollara çevrilərək saza,
nağıllara köçüb.
Mövlud
Süleymanlı da həmin
sazdan, həmin nağıllardan, kəndində-kəsəyində
qulağına dolan yovşan qoxulu, at kişnərtili sözlərdən
seçib-seçmələyib, ipə-sapa düzərək
bir "Köç"
salnaməsi yaradıb.
Bu mənada, "Köç"dən
danışarkən, yazıçı,
romançı Mövlud
Süleymanlıdan deyil,
salnaməçi Mövlud
Süleymanlıdan danışmamız
gərəkir.
***
"Köç"ün tanrıçılıq
- allahlıq mərhələlərinə
bölündüyünü təkrar qeyd edirəm. İslamaqədərki
və islamsonrası mədəniyyətlərin inikası
deməkdir bu. Amma hər
iki mədəniyyətdə
- tanrıçılıqda da, İslamı qəbul edəndə də köçəri olub türk. Yəni, fars tarixdə oturaqlığı ilə
əksini tapıb, türk köçəriliyi
ilə.
Türk
şəhər salıb,
məscid tiksə belə, o məscidi həmin yerdə özünün möhürü
kimi qoyaraq yanından keçib-gedib;
qəbirlərini dünyanın
dörd tərəfinə
səpələyə-səpələyə
gedib. Nazim Hikmətin məşhur təşbehini
xatırlasaq, türk
"Avropa çöllərinə
əkib ölülərini".
Tanrıçılıqda da, allahlıq dönəmində də təkallahlı olub türk.
İslamçılıqda, sadəcə,
ad dəyişib. Tanrının
adı Rəbb olub, Allah olub. Mövlud Süleymanlı
"Köç"də Tanrıya da, Allaha da türk gözü ilə, türk ruhu ilə baxa
bilib.
Tarix sözlərdə yaşayır
həm də. Amma üst qatlarında göründüyü mənada
yox, alt qatlarında. Sözün üst qatında real tarix, alt qatında gizli tarix yaşayır. O gizli tarixlərə baş vurub Mövlud Süleymanlı.
"Ayın aydınlığında",
"Qar" kimi gözəl hekayələri,
"Dəyirman" kimi
böyük səs-küy
yaradan əsərləri
də var Mövlud Süleymanlının.
Salnaməçilikdən yazıçılığa
keçdiyi zamanlarda yazıb bu əsərləri.
"Köç"dən sonra bu əsərlərin
hamısı adi cəmiyyətə, gündəlik
həyata, içində
olduğu sosial mühitə qayıtmış
yazıçı reaksiyalarıdır.
Bu baxımdan, həmin
əsərlərin hamısından
yuxarıda dayanır
"Köç".
"Yel Əhmədin bəyliyi" adlı bir əsəri də var yazıçının.
Sanki "Köç"ün bir abzasından doğulub. Nəqşibəndi
təriqəti, sufi təriqəti, müridizm
çalarları olan bir əsərdir. "Səs", "Günah duası" əsərlərində
də var həmin çalarlar. "Dunya duracaq yer deyil,
ey can, səfər eylə" - deyib oxuya-oxuya gəzən dərvişin taleyidir
"Yel Əhmədin
bəyliyi". O dərviş
bu gün nə vəziyyətlərə
düşə bilər,
nə vəziyyətdə
təqdim oluna, görünə bilər,
yazıçı bunları
yazıb əsərdə.
***
Qeyd etdiyim kimi, "Dəyirman" povesti Mövlud Süleymanlı yaradıcılığında ən çox səs salan bir əsərdir. Yusif Səmədoğlu deyirdi ki, "Dəyirman"
acı həqiqət olduğuna görə böyükdür. Yəni,
bədii əsər kimi yox. Qulaqların,
gözlərin ac olduğu
həqiqətləri ilk dəfə
cəmiyyətə çatdırdığına
görə böyük
səs-küy doğurdu,
rezonans yaratdı
"Dəyirman". Ümumsovet
məkanına baxdıqda,
belə sosial mövzuları eyni dövrdə ədəbiyyata
gəlmiş yazıçıların
çoxunda - Rasputində,
Şukşində, Belovda
və başqalarında da görmək
olar. Həm də düzünə qalsa, "Dəyirman" bədii cəhətdən
Belov, Rasputin səviyyəsində
deyil. Ancaq oxucular arasında böyük rezonans doğurdu. Oxucuda, cəmiyyətdə rezonans
doğurmaq başqa, ədəbiyyatda rezonans doğurmaq başqadır.
Mövlud
Süleymanlının ədəbiyyatda
rezonans doğuran əsəri "Köç"
oldu. Bu əsəriylə
hər kəslə rəqabətə girə
bilər yazıçı.
Bulaq kimi qaynayır bu əsərində Mövlud Süleymanlı.
Qaynamasının bir səbəbi də başqa bulaqdı; - uzun illər çalışdığı radionun "Bulaq" Xalq Yaradıcılığı
verilişidi. Elin boğçasında,
ruhunun gizli qatında nə vardı döşürdü
bu verilişdə çalışdığı illərdə. Şeirə
öncədən gəlsə
də, nəsrə məhz "Bulaq"dan sonra gəldi.
"Köç"ün, bəzən
Markesin təsirilə
yazıldığını iddia edirlər.
Doğru
yanaşma deyil. Ədəbiyyatın bu cür qatları, bu tip yanaşma, bu cür mövzular
təkcə "Yüz
ilin tənhalığı"nda
yox, bütövlükdə,
Latın Amerikası ədəbiyyatında geniş
yayılmış bir
formadır ki, bunun da kökü pritçalardan
gəlir. Həm də əksər yazarlarda var; Karpentyerdə
də var, Bastosda da, Lyosada da. Rus ədəbiyyatı
vasitəsi ilə Latın Amerikasından süzülüb gəldi.
Biz də oxuduq. Yazdıq. Yusif Səmədoğlu "Qətl
günü"nü, Mövlud
Süleymanlı "Köç"ü
yazdı. Amma plagiatlıq
deyil bu. Təsir, bəhrələnmə də
deyil, əslində.
Dünyanın müxtəlif yerlərində
eyni şəraitdə,
eyni ağrıları
yaşayan adamlar var. Həmin ağrıları
bir yazıçı
Kolumbiyada yazıya alıb, birisi Azərbaycanda. Yəni, oxşar həyat tərzi gətirilib ədəbiyyata. Onlarda da köç var, köçkünlük
var. Texas ştatlarında, Meksikada
kovboyluq var. Türkün
də zaman-zaman köçləri
olub. Yəni, türk olsun, ya hindos, ispan,
bir az aşağı,
bir az yuxarı,
eyni köçdur, eyni həyatdır. "Köç"də təsir
varsa da, (eləcə də "Qətl günü"ndə) bu,
oxşar həyatın,
oxşar taleyin təsiridir.
Məmur
çalışmalarından azad olan Mövlud
Süleymanlının ədəbiyyat
yaratmağa daha çox zamanı vardı. Yaratdı da. Son illərdə bir-birinin ardınca "Erməni adındakı hərflər",
"Yer üzünə
məktub", "Teymurlar"
kimi maraqlı əsərlər
də qoydu ortaya. Janrları, həcmləri də genişdir bu əsərlərin. Amma yenə
heç biri "Köç"ə rəqib
ola bilmədi. Çünki
dörd qitəlik ərazisi, beş min illik tarixi var "Köç"ün.
Ən başlıcası, masa arxasında
deyil, at belində yazılıb "Köç"
həm də...
Bəsti ƏLİBƏYLİ
Ədəbiyyat qəzeti.- 2024.-
6 aprel, ¹11-12.- S.3.