Ulu öndərə ilk görüşdə oxunan
şeir
Ey eşqim,
vüqarım, sənətim,
canım,
Ana çağırdığım
Azərbaycanım!
Açıb qollarımı
mehri-ülfətlə,
bağrıma basıram
səni hörmətlə.
Sən də,
ey adıyla fərəhləndiyim,
görəndə, sevinib
ürəkləndiyim,
xalqımın istəkli,
əziz övladı,
şeirimin-sözümün qolu-qanadı!
Sənin hər
istəyin, sənin hər arzun
həyatda qoy, şöhrət çələngi
olsun.
Qaldırdın adını
bu məmləkətin,
andın müqəddəsdi,
südün təmizdi.
Mənim taleyimdi
sənin şöhrətin,
tarixdə tarixi
mərhələmizdi.
Gəlin, addımlayaq
sıx cərgələrlə,
gəlin, qabaqlayaq
dövrü, zamanı.
Daim alqışlayaq
yalnız Zəfərlə
ana dediyimiz
Azərbaycanı!
1969
Aya - nur
Ulduza - işıq
Akademik Arif Mir Cəlal
oğlu
Paşayevin ad gününə
Arif öz əsrinin fövqündə durur,
fiziki kəşflərin gedir
yarışı.
Arif "Yer dilində" təlim oxuyur,
Aya - Nur göndərir,
ulduza - İşıq.
Fiziki kəşflərin gedir
yarışı.
Bəşər övladıdı, sadə,
mehriban,
Üzündə təbəssüm - o haqdan gəlir.
Ona salam verən, onu tanıyan
deyər ki,
İlahi bir insan gəlir.
Üzündə təbəssüm - o haqdan gəlir.
Nəyi sadalayım, hansını
deyim,
göylərin yerlərə töhfəsidir
o!
Sənin - xeyirxahın, mənim
- taleyim,
kiminsə, hardasa
kimsəsidir o.
Göylərin yerlərə töhfəsidir
o.
"Uçan təyyarənin sirri nədədir?"
"Kosmosun təsiri varmı Yer üçün?.."
Arifi ölkələr dəvət
eləyir,
xüsusi hörmətlə,
bu kəşflər üçün.
"Kosmosun təsiri varmı Yer üçün?.."
Könül fərəhlənir tanış
səsindən,
o, yenə yatmayıb, oyaqdı, oyaq.
Ömrün doxsanıncı pəncərəsindən
Arif bizə baxır,
gəlin, əl çalaq.
O, yenə yatmayıb, oyaqdı, oyaq.
Sənin xətrinə
Xəyyam!
O Xəyyam yox, bu biri
Xəyyam,
bu da əzizidi bir əzizimin.
Biri o dünyamdı, biri bu dünyam,
Davudun oğludu,
Davud Nəsibin.
Həssasdı, görürəm çox
şeyi duyur,
yəqin əldən vermir
ehtiyatını.
O, Xəyyamın şöhrətini qoruyur,
bir də
atasının şair adını.
Bəlkə bu dünyaya gəlibdi özü,
hər "Xəyyam!" dedikcə
eşidib bizi.
Bir müdrik kəlamı, ya şair sözü
oxşayır meh kimi
ürəyimizi.
Yenə havalandı sinəmdə
ilham,
könlüm səni görüb
dil açdı yenə:
Şairin xətrinə qoy
sənə, Xəyyam!
Sənə oğlum deyim,
sənin xətrinə.
Qarabağ gəzintisi
Cənab Ali Baş Komandan,
var olun, sizi,
nə o yeriş yaddan
çıxar,
nə o yol, nə iz.
Dəyişdirdi Azərbaycan
tariximizi,
Qarabağda o şahanə
bir gəzintiniz.
Dedilər ki, Atabəydi, -
Cahan Pəhləvan,
qədim ata torpağını
gəzir vüqarla.
O yerişdən tanımışdı
sizi tanıyan,
doğma ellər alqışladı
bir iftixarla.
Hərbi zəka, dəmir
yumruq,
44 Gün və Xalq!
Əsrin hələ görmədiyi
möcüzəsiydi.
Azərbaycan Avropanı
heyran qoyacaq, -
Ulu öndər özü deyib, -
tövsiyəsiydi.
Cənab Ali Baş Komandan,
var olun, sizi,
nə o yeriş yaddan
çıxar,
nə o yol, nə iz.
Dəyişdirdi Azərbaycan
tariximizi,
Qarabağda o şahanə
bir gəzintiniz.
Şeir kitabım
210 saylı tam orta məktəb.
Oxucum Həqiqət xanım
Gülalıyevaya
Qızım, hədiyyədir şeir
kitabım,
bir şeyi çatdırım
nəzərinizə, -
bir az kədərlidir mənim həyatım,
sevinc diləyirəm,
həyatda sizə.
Gələn günləriniz mübarək
olsun,
bir də,
süfrənizdə duz-çörək olsun.
Ana mahnısı
Fatimə xanıma
- Hardasan, Arif, hardasan?
- Burda, yanında,
anacan!
- Ruhunda, canında deyəydin gərək, Arif!
İlk əhd-peymanında
deyəydin, gərək,
Arif!
Bir qəzada itirmişdi həssas qadın, öz ərini,
Arif, - deyə çağırırdı,
ilk səadət günlərini.
Hardasan? - deyirdi, Arif, yaşat məni öz adınca,
içimdə bir səs susubdu, sən o səsi oyadınca.
Yaşat, Arif, yaşat məni...
İki qüvvət
Prof. Mehrab həkimə
O, Qaçaq Kərəmin kürəkənidi,
özü də arabir
ABŞ-a "qaçır".
Həkim kəşfləri var, tamam yenidi,
ağıla gəlməyən düyünlər
açır.
Sadə gülüşü var, zarafatı var,
məşhurlar içində məşhur
adı var.
Hər zaman,
hər yerdə,
görünür yeri!
Ona həsr elədim mən də bu şeiri.
İstədim, iş vaxtı
tək olan zaman,
varsa, yorğunluğu çıxsın
canından.
Şair də həkimin
tutsun əlindən,
birimiz -mənəvi,
birimiz cismən.
Gərək ayrılmasın bu
iki qüvvət,
söz də düz çəkidə - yaşar
cəmiyyət.
"Silaha" çağıran şair
İlk dəfə
"Silaha" çağıran
şair,
səfərbər elədi, kişiləri
də.
İskəndər Homerin yetirməsidir?!
Sübut? -
Axillesin yürüşləridi!
Axilles əsərin baş
qəhrəmanı,
Homer həyat verdi ona bu
adda.
İskəndər - qorudu "İliada"nı,
qılıncla yanaşı,
başının altda.
Şair, Axillesi gətirdin
yada,
de, varmı elə bir Tanrı
hünərin, -
Qalib sərkərdənin yol çantasında,
gəzsin, sən yazdığın
bir şah əsərin?!
Vəkilin göz yaşı
Keçmiş tələbəm
Ayxan Rüstəmzadəyə
Mənə danışdılar
bu əhvalatı,
bəlkə də bəlliydi
yaxına, yada...
Mən onda dedim ki,
insan həyatı
hörmətə layiqdi insan yanında.
Adi sürücüydü...
nə ad, nə şöhrət,
qalmışdı müttəhim kürsülərində.
Ədalət istərdi,
yalnız ədalət,
hər kim otursaydı onun yerində.
Lakin tutulmuşdu üzü hakimin,
görəsən, dustağa nə
deyəsiydi?!
Dedilər, qətiydi sözü
hakimin,
necə?
Türmələrdə çürüyəsiydi?!
Ölçürdü, biçirdi Vəkil
yerində,
deyirdi, dustağın günahı
yoxdu.
Onun işlətdiyi cümlələrində
məntiq yoxdur deyə,
pənahı yoxdu.
Bir zalda gizli bir döyüş
gedirdi,
biri Hakimiydi, o biri Vəkil.
Dustaq da haqqını tələb
edirdi,
ədalət ortada,
heç kəsin deyil.
Ədalət üstündə döyüşüb
bəşər,
"Ədalət"
qoyubdu adını, insan.
Üz-üzə dayanıb Xeyir ilə Şər,
Hakimlə Vəkiltək,
üz-üzə, üsyan!
Şərin qabağını göylər
saxlayıb,
dustaq da o gündən şaxdır,
əyilmir.
Deyirlər o axşam,
Vəkil ağlayıb,
yorğunluq canından çıxıbmı...
bilmir.
Şah babam
"Əgər Yaradan dünyaya bir general göndəribsə, heç
şübhəsiz ki, bu,
Şah İsmayıldır.
Nə Napoleon, nə Sezar, nə Atilla, nə Çingiz, nə də digərləri onun kimi hərbçi, savaşçı deyildi.
Çünki bu Qızılbaş şahı
14 ildə - 14 ölkəni,
357 şəhəri fəth
etdi, ordunun önündə savaşaraq
cahanda iz buraxdı".
Karl Marks
Babam Şah İsmayıl, Qibleyi-aləm,
heykəlin önündə heykəlləşmişəm.
Sinəmdə bir qürur, bir ruh, bir
həvəs,
səni tufanlar da,
tərpədə bilməz!
Bir dahi almanın
verdiyi qiymət
şaha diqqətiydi,
tarixə hörmət.
Tutdu 14 ildə - 14 dövləti,
taclı başlar o bir başa baş əydi!
Azərbaycan dili - rəsmi bir sənəd,
bu dildə başladı -
əlaqə, ülfət.
Dövlətlərarası müqavilələr,
rəsmi gediş-gəliş, rəsmi görüşlər.
Natiqlər yanında 14 ölkədə,
Azərbaycan dili -
Şaha abidə!
Bir xəbər tez çatdı pisniyyətlərə, -
Taclı xanım özü
gəlib səngərə,
şahın arxasınca, şahdan
xəbərsiz.
Onu izlədilər yerli və yersiz.
Şah Xətai tanındıqca
dünyada,
Sultan Səlim şah
dözmədi bu ada.
Tanrım, türk sözünün
özü bir anddı,
deyiblər,
qədimdən bu bir misaldı.
Qısqandı, dözmədi Sultan Səlim
Şah,
yerdə xalq şahiddi, göydə də Allah.
O, Taclı xanımı gərək sayaydı,
onu əsir alıb aparmayaydı.
Başqa misal da var eldə-obada,
namusu-namusdu - ya şah, ya gəda!
O, gündən duruydu, Aydan arıydı,
o, Şah sarayının ilk baharıydı.
Dahi bir almanın verdiyi qiymət
şaha diqqətiydi,
tarixə hörmət.
İnam
Türkiyəli uzman həkim
Musa Kılıca
Musa Kılıc,
yaşa, var ol dünyada.
Bu torpağın
şairiyəm mən, xocam.
Ərdoğana
oxşayırdın yuxuda,
inandım ki,
mən sağalıb qalxacam.
Bu torpağın
şairiyəm mən, xocam.
Atropat
Heredot, Arrian, bir də Diogen,
bir də Strabon,
hər fikri oyaq, -
yazdı tarixini bəşəriyyətin,
tarix! -
neçə min il eradan qabaq.
Hələ Platonun bizə dediyi,
elə bir fəlsəfi
töhfəsi varmı?
Ya Aristotelin qoyub getdiyi
mənəvi sərvətin
əvəzi varmı?
Qədim kitabları varaqlayıram,
adı, ünvanı var orda
hər şahın.
Mənim də,
sərkərdə Atropat babam
ən yaxın dostuydu
İskəndər şahın.
Yalçın qayaları çapsın,
oyatsın,
axtarın elə bir heykəltaraşı -
Atropatın heykəlini yaratsın,
-
Əlbəttə,
Şah İskəndərlə yanaşı.
Özünü tanıyıb onda
qalxacaq
qədim əsrlərin bir
pərdəsi də.
Niyə qürurludu, niyə
pakdı xalq, -
bilir şairi də,
sərkərdəsi də.
"Oğul"
"Telefonda mənə bir xəbər oxudular, heyrətlə susdum: "Oğlumun məni "Qocalar evi"nə atacağını
bilsəydim, ona köpək südü əmizdirərdim ki, sədaqəti
öyrənsin".
Allahım, dünyanın axırıdırmı,
bunca, yadlaşıbdı insan-insana?
Kimsə aşağıdır, yuxarıdırmı? -
yanıldım, kimsə yox,
Allahım, Ana!
Gör, nəyi gətirir
oğluna əvəz,
bu onun laylası, duası deyil.
Əsrin naləsidir bəlkə
də bu səs,
tək ana qəlbinin
ağrısı deyil.
Analar eşitsin qoy, o
ananı,
kimsə fikirdədi, yəqin
dərd çəkir.
"Bəşəri dəyərlər" - deyənlər
hanı?
bir oğul "yanılıb"
üstdən xətt çəkir.
Ürəyini sındırmasın o qullar,
mənim sirrim deyil, o, əsirimdi.
Anasına heykəl qoyan oğul var, -
şair,
sənin, mənim müasirimdi.
Oxu
Şəmistan Əlizamanlıya
Yerdə eşitdiyim göy
gurultusu
yerin nemətidi, haqqın öz səsi.
Şərəfli bir ömür,
sən yol yolçusu,
sən bir də
Tanrının bizə töhfəsi.
Oxu, qoy o səsi eşitsin bəşər,
bərk oxu, qoy bir də yer
silkələnsin.
Xasiyyətin həlim,
özün mötəbər,
başına çiçəklər, güllər ələnsin.
Şəmistan, vəsf elə
qələbəmizi,
yaşadıq, üçrəngli bir bayraq üçün.
Qalib Baş Komandan eşidir bizi,
oxu,
biz vuruşduq, oxumaq üçün!
Dünyanın sirri
- Şair, yenə yazırsanmı? -
sual verdi biri, mənə.
Tanıtmaq istədi yəqin
məndəki şairi mənə.
Axşam olur, sabah olur,
mən yazmasam günah
olur.
Yazan zaman agah olur
bu dünyanın sirri mənə.
Soyumasın od nəfəsin,
əvəzi yoxdu heç kəsin.
Ulu Tanrım çox görməsin
öz verdiyi
şeri mənə.
Nəriman HƏSƏNZADƏ
Ədəbiyyat qəzeti. - 2024.- 6 aprel, ¹11-12.- S.4-5.