Milli Kitabxana Teymur Elçinin 100 illik
yubileyi münasibətilə sərgi hazırlayıb
Milli Kitabxana tərəfindən “Azərbaycan
uşaq ədəbiyyatının görkəmli nümayəndəsi:
Teymur Elçin - 100” adlı virtual və eyniadlı ənənəvi
sərgi hazırlanıb.
Kitabxanadan bildirilib ki, Teymur Elçinin
100 illik yubileyi münasibətilə hazırlanan virtual sərgidə
ictimai xadimin əsərləri, tərcümələri,
sözlərinə bəstələnmiş musiqi notları,
haqqında ədəbiyyatlar və dövri mətbuat səhifələrində
dərc olunmuş məqalələr, fotolar nümayiş
olunur.
Virtual sərgi ilə tanış olmaq
istəyənlər https://anl.az/el/vsb/Teymur_Elchin/index.htm linkindən
istifadə edə bilərlər.
Sərgi 1 həftə davam edəcək.
Uşaq ədəbiyyatının
görkəmli nümayəndəsi, şair, publisist, tərcüməçi,
ictimai xadim Teymur Elçin 1924-cü il martın 28-də
Şuşada anadan olub.
Teymur Elçinin Azərbaycan uşaq ədəbiyyatının
zənginləşməsində çox böyük xidmətləri
olub.
Ədəbi
yaradıcılığını bütünlüklə
uşaqlara həsr edən şairin “Qar qız”, “Qulaq asın,
danışım”, “Bahar, adlar, uşaqlar”, “Sözlər, nəğmələr,
nağıllar, laylalar”, “Laylalar”, “Şəkərim, duzum”,
“Torağayın nəğməsi”, “Babalar, nənələr,
nəvələr ”, “Kirpinin laylası”, “Turacın laylası”,
Siçan balası” və s. kimi şeirlərində uşaq
aləminin min bir məqamı öz əksini tapıb.
Onun bir sıra şeirlərinə Fikrət
Əmirov, Tofiq Quliyev, Rauf Hacıyev, Əşrəf Abbasov,
Süleyman Ələsgərov, Oqtay Zülfüqarov, Oqtay Rəcəbov
və başqa bəstəkarlar tərəfindən çox
sayda mahnılar bəstələnib.
Teymur Elçinin bədii tərcümə
sahəsində də xüsusi xidmətləri olub. Onun
İ.V.Turgenev, S.Marşak, K.Çukovski, P.Voronko, Y.Raynis və
başqalarının əsərlərindən etdiyi tərcümələr
bu gün də Azərbaycan klassik tərcümə irsimizin ən
gözəl nümunələri kimi Azərbaycan
oxucularının ən çox sevdiyi və mütaliə
etdiyi əsərlər sırasında öz yerini
tutmaqdadır.
Teymur Elçinin həm də bir ictimai
xadim kimi Azərbaycan mədəniyyətinin inkişafında
böyük xidmətləri olub. O, uzun illər Dövlət
Radio və Televiziya Komitəsinin və Mədəniyyət
Nazirliyinin rəhbərliyində çalışıb və
bu sahədə böyük təşkilatçılıq fəaliyyəti
göstərib.
Nəriman
HƏSƏNZADƏ
Ədəbiyyat
qəzeti. - 2024.- 6 aprel, ¹11-12.- S. 5.