Mir Cəfər Bağırov kim idi?
Şəxsiyyəti, əməli və taleyi
Mən öz Tanrımla görüşə
hazıram.
Ancaq Tanrım mənimlə əzablı
ünsiyyətə hazırdırmı?
-
bu, başqa məsələdir.
Uinston Çörçill
Mən son
illərdə yazdığım "Stalin" pyesinə belə
bir kiçik şərh vermişdim: "Mənim həyatımın
böyük bir hissəsi Sovet İttifaqında keçib.
İllər amansız bir sürətlə
bir-birini əvəz edir və bu nəhəng imperiyanın
-Sovet İttifaqının süqutu uzaqlaşdıqca, elə
bil, elə həmin sürətlə də suallar bir-birini əvəz
edir: "mən necə bir ölkədə
yaşamışam?", "bu ölkəyə kimlər rəhbərlik
edib?", "rəsmi portretlərinin arxasında o rəhbərlər
kim idi?", "onlar üçün ölkə, xalq,
kommunizm idealları və hakimiyyət nə demək idi?",
"əqidə onlar üçün həqiqət idi, yoxsa,
maska?", "söz ilə əməl arasındakı
uçurumun səbəbi nə idi?" və s. və
i.a."
Bu yazı da eyni düşüncələrin
ifadəsidir.
Bu yazı tarixi oçerk, bioqrafiya,
siyasi portret deyil, sadəcə, yaxın tariximizlə
bağlı fərdi düşüncələr, fərdi və
olsun ki, subyektiv təhlil və qiymətləndirmədir və
buna görə də burada tarixi xronologiyaya əməl
olunmayıb, əgər belə demək mümkünsə,
assosiativ təəssüratlarla yazılıb.
Sovet İttifaqının
dağılmasından 33 il keçib və yəqin ki,
artıq oxucuların xeyli qismi bu yazıda adları çəkilən
şəxsləri tanımırlar, bəlkə bəzilərinin
heç adlarını da eşitməyiblər. Mən bəhs
etdiyim şəxslərin hər biri ilə bağlı
ayrıca şərh verməmişəm, ancaq maraqlanan oxucular
onların hamısı haqqında internetdən məlumat tapa
bilərlər.
Beləliklə, Sovet Azərbaycanına
uzun müddət - 1933-1953 - rəhbərlik etmiş Mir Cəfər
Bağırov kim idi?
1
Mir Cəfər
Bağırovun şəxsiyyətinin, əməllərinin və
taleyinin əhatə və məzmun miqyası və göstəriciləri
elə geniş və səciyyəvidir ki, onun haqqında
söz demək, bilavasitə Sovet İttifaqının (Sovet
imperiyasının) tarixinə varmaqdır və bu baxımdan
Azərbaycan tarixçiləri ilə bərabər, rus və
xarici sovetoloqların tədqiqatları, müasir rus siyasi-sənədli
publisistikasının qənaətləri, ortaya çıxan
nəticələr tamam rəngarəng və tamam da əlvan
bir siyasi-ictimai və ideoloji-inzibati qurama mənzərəsi
yaradır. Onları saf-çürük etmədən və
tutuşdurmadan söz demək, bir-birinə əks mövqelərdən
birinin üstündə dayanmağa gətirib çıxara
bilər və bu da artıq birtərəfli mövqe olacaq.
Sovet İttifaqı adi klassik imperiya
deyildi, yəni demək olmaz ki, bu imperiya tam şəkildə
Rusiya və onun müstəmləkələrindən ibarət
idi, çünki əslində Rusiyanın özü də
Azərbaycan, yaxud Ukrayna, yaxud da Estoniya kimi, Sistemin müstəmləkəsi
idi. Bolşevik inqilabının əsas rəhbərlərindən
Lev Trotskinin məşhur sözlərindən biri belə idi:
"Sənə lənət olsun, patriotizm!" (orijinalda:
"Budğ proklət patriotizm!")
Düzdür, rus dili hakim dil idi, sovet rəhbərliyi
Stalindən sonrakı dövrdə, əsas etibarilə
ruslardan və qismən digər slavyan xalqlarından ibarət
idi və özünün böyük fitri istedadı və
böyük də fərdi bacarığı, fövqəladə
işgüzarlığı sayəsində azərbaycanlı
Heydər Əliyevin Siyasi Büro (Politbüro)
üzvlüyünə qədər yüksəlməsi,
SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi
mühüm vəzifə tutması Sovet İttifaqında nadir
istisna idi.
Sovet imperiyasını Sistem idarə
edirdi və bu Sistemin ideoloji-inzibati xüsusiyyəti əsasən,
ilk dövrlərdə - 1910-cu illərin sonu, 20-ci illərdə
milli mənsubiyyətləri üstələmişdi. Sovet
imperiyası əslində genetik rus qanını itirmiş
Romanovlar imperiyasını (klassik imperiyanı!) əvəz
etdikdə yeni rəhbərlər müxtəlif millətlərin
nümayəndələri idi: almandan, yəhudidən
kalmıka, çuvaşacan qarışıqqanlı Vladimir
Lenin, yəhudi Lev Trotski (Leyba Bronşteyn), Yakov Sverdlov (Yankel
Rozenfeld), Qriqori Zinovyev (Ovsey-Qerş Radomıslski), Lev Kamenyev
(Rozenfeld), Yemelyan Yaroslavski (Qubelman), Maksim Litvinov (Meyer-Qenox
Vallax-Finkelşteyn), Qriqori Sokolnikov (Qirş Brilliant),
gürcü İosif Stalin (Cuqaşvili), Serqo Orconikidze, Avel
Yenikuidze, rus Nikolay Buxarın, Aleksey Rıkov, Valerian
Kuybışev, Pavel Postışev, Sergey Kirov, latış Yan
Rudzutak, Robert Eyxe, ukraynalı Nikolay Krestinski, Vlast Rudzutak,
moldav Mixail Frunze, bolqar Xristian Rakovski (Krıstyu Stançev) və
başqaları.
Məşhur rus ədəbiyyatşünası
və eyni zamanda sovetoloq Vadim Kojinov hesablayıb ki, 1917-1922-ci
illər arasında Kommunist Partiyasının Mərkəzi
Komitəsində əsas aparıcı qüvvə 10 yəhudi
və 11 başqa millət nümayəndələrindən
ibarət idi, ruslar isə ikinci dərəcəli mövqedə
idilər (bax: Vadim Kojnov. Pravda stalinskix repressii, ili komu
nujnı bolğşie jertvı, Moskva, Alqoritm, 2010, str. 159.).
Sistem bu yazının əsas obyektlərindən
biri, bəlkə də elə birincisidir və Sistemin də
xüsusən, 1937-38-ci illərdə onurğa sütunu
"NKVD" idi. 1917-ci ildən etibarən, Sovet
İttifaqının əsas repressiya orqanının adı
müxtəlif illərdə dəyişilərək, mahiyyəti
dəyişməyən bu təşkilat baş hərfləri
ilə (abbreviaturalarla) tanınıb və biz də qorxulu illəri
daha çox ehtiva edən, rus dilndə olsa da, sovet xalqları
arasında geniş yayılmış "NKVD"
istilahından istifadə edirik. Lenin dövründən
başlayaraq, Stalinin ömrünün son illərinə kimi
"NKVD" başçıları (sədr, narkom, nazir)
bunlar idi: Feliks Dzerjinski (polşalı), Yakov Peters
(latış) Vyaçeslav Menjinski (polşalı), Henrix (Yenox)
Yaqoda (yəhudi), Nikolay Yejov (rus), Lavrenti Beriya
(gürcü-minqrel).
Uzun müddət Stalinlə birlikdə
işləmiş, onun əsas və məşhur
silahdaşlarından biri olmuş Vyaçeslav Molotov 1970-ci illərdə
Leninin: "Rus insanı - pis işçidir" ("Russkiy
çelovek - ploxoy rabotnik") sözlərini
xatırlayır və bunun həqiqət olduğunu deyir
(Feliks Çuev. Molotov. Poluderjavnıy vlastelin, Moskva,
"Olma-press", 2002, str. 331.). Bu sözləri bolşevik
inqilabının (indi buna "bolşevik
çevrilişi" də deyirlər) Leninlə bərabər
rəhbəri Lev Trotski təkrar edir və Sovet
imperiyasının rəhbər simalarından biri də -
Molotov bu sözləri yada salır və təsdiq edir. Əgər
biz Sovet İttifaqına rus imperiyası deyiriksə, bu
imperiyanın bünövrəsi qoyulan zaman söylənən
bu fikir, rus insanına belə bir münasibət, elə bilirəm
ki, başqa bir ab-havadan, inqilabi əhval-ruhiyyədən xəbər
verir.
Yetmiş illik sovet dönəmində Azərbaycan
bütün sahələrdə - maarif, mədəniyyət,
iqtisadiyyat, sənaye, elm, milli-mənəvi göstəricilər
(ilk növbədə də, ədəbi-bədii dil!) və
s. çox inkişaf etdi, ancaq bu böyük inkişafla bərabər,
sovet dönəmi ayrı-ayrı dövrlərdə XX əsr
tariximizin amansız və qəddar repressiyalar, mənəvi
sıxıntı və əzablar, milli pərişanlıqlar
dövrü idi.
30 il bu imperiyanın başında Stalin
durdu və ilkin "rəhbərlər" 1930-cu illərdə
güllələndikdən sonra Nikita Xruşşova qədərki
dövrdə Stalin Siyasi Bürosunun əsas fiqurları da rus
Vyaçeslav Molotov və Georgi Malenkov, yəhudi Lazar
Kaqanoviç, gürcü Lavrenti Beriya, erməni Anastas Mikoyan
və başqaları idi. Düzdür, Stalin rusdan artıq rus
idi, özünü də gürcü mənşəli rus
adlandırırdı və belə də hesab edirdi.
Sovet tarixini tədqiq edən müəlliflər
arasında xüsusi seçilən, nüfuzlu tarixçi və
siyasətşünas, Priston Universitetinin professoru Robert Taker
İosif Stalin haqqında yazdığı böyük
formatlı, petitlə yığılmış, az qala, 900 səhifəlik
fundamental monoqrafiyasında yazır ki, hələ inqilabdan əvvəl
özünü "əsil rus inqilabçısı"
hesab edirdi və deyirdi ki, 1907-ci ildə partiyanın London
qurultayında 85 menşevik nümayəndələrinin
çoxu yəhudi idi, onlardan sonra gürcülər,
yalnız bundan sonra isə ruslar gəlirdi, 92 bolşevik
nümayəndələr əsas etibarilə ruslardan,
yalnız onlardan sonra yəhudilər, onlardan da sonra
gürcülər gəlirdi. Buna görə də Stalin
zarafatla deyirdi ki, menşevik fraksiyası "yəhudi
fraksiyasıdır", bolşeviklər isə "əsil
ruslardır". (Robert Taker. Stalin - istoriə i
liçnostğ, Moskva, "Vesğ Mir", 2006, str. 102-103.)
Ancaq biz bilirik ki, hər zarafatda bir həqiqət
də var və mənə elə gəlir ki, Stalin, xüsusən,
bütün Sovet imperiyasının "Yoldaş Stalini"
olduqdan sonra bu dərəcədə ucalıq, alilik
müqabilində rus yox, Sovet İttifaqındakı əyalət
xalqlarının birinin nümayəndəsi olduğundan xəcalət
çəkirdi. Mənim düşüncəmə görə,
onun "Cuqaşvili"dən imtina etməsi də, gənclik
çağlarında gürcü dilində yazdığı
şeirlərinin təbliğini, Mixail Bulqakovun
yazdığı və "Yoldaş Stalin"in yox, yeniyetmə
Sosonun və gənc Kobanın həyatından bəhs edən
"Batum" pyesinin tamaşaya qoyulmasını və
çapını qadağan etməsi də elə bu komplekslə
bağlıdır. Bu baxımdan, Robert Takerin göstərdiyi
bu fakt da əlamətdardır ki, həmin London qurultayında
Stalin bütün gürcü inqilabçıları ilə
aranı vurmuşdu və artıq 1923-cü ildəki
çıxışlarından birində Gürcüstan
Respublikasını nəzərdə tutaraq: "Sovet ərazisinin
Gürcüstan deyilən bir hissəciyi" - demişdi (həmin
kitab, səh. 105.). Bunu da deyim ki, Bulqakovun "Batum" pyesi
Sovet İttifaqında ilk dəfə yalnız 1988-ci ildə
çap olundu ("Sovremennaə dramaturqiə", ¹5.). Həmin
92 bolşevikin əsas etibarilə rus olduqlarına gəldikdə
isə, onların da bir qismi elə Leninin özü kimi
ruslaşmış ruslar idi.
Son illərdə Stalinin nəvəsi,
tanınmış rus rejissoru Aleksandr Burdonskidən
alınmış DNT nəticəsində Stalinin atası pinəçi
Vissarionun osetin əsilli olduğu ortaya çıxıb və
belədir, ya belə deyil - bunun elə bilirəm ki, xüsusi
bir əhəmiyyəti yoxdur - İosif Stalin şəxsiyyətinin
tarixi miqyası onun milli mənsubiyyətini uzaq bir kölgəliyə
göndərib. Bu da sovet quruluşu ilə bağlı
maraqlı və yeni bir məlumatdır ki, son illərdə
üzə çıxmış sənədlərə
görə 15 il "KQB"yə sədrlik etmiş, sonra da
partiyanın Baş katibi vəzifəsini (Stalinin yerini!)
tutmuş Yuri Andropov əslində həm ata, həm də ana
tərəfdən yəhudi imiş. Onun rəsmi bioqrafiyasında
isə milliyyəti rus kimi yazılırdı və bu
"rus"un əsl adı və famili Qriqori Liberman olub.
Sovet İttifaqında kadrların
ruslaşdırılması daha artıq dərəcədə
Nikita Xruşşovla başladı, ancaq Vyaçeslav Molotovun
dediyinə görə, Stalin özü də həyatının
sonlarında hesab edirmiş ki, yüksək vəzifələrə
əsasən, rusları, ukraynalıları və
belarusları irəli çəkmək lazımdır (Feliks
Çuev. Molotov. Poluderjavnıy vlastelin, Moskva,
"Olma-press", 2002, str. 336.).
Leonid Brejnev dövrü
"İnkişaf etmiş sosializm" dövrü adlandırılırdı,
Brejnev vəfat etdi - həmin dövr "durğunluq
dövrü" kimi təqdim edilməyə başladı,
sonra Mixail Qorbaçov hakimiyyətə gəldi və son
müsahibələrindən birində " - Heydər Əliyev
partiyanın Baş katibi seçilə bilərdimi?"
sualına cavab verərkən, açıqca deyirdi ki, Sovet
İttifaqına slavyan xalqlarının nümayəndəsi rəhbərlik
etməli idi. Kommunizmə sonsuz sədaqətini nümayiş
etdirə-etdirə, lap gənc yaşlarından orden və
medallar ala-ala hakimiyyətə gəlmiş Mixail
Qorbaçovun bu fikri, əlbəttə, kommunizm ideyaları ilə
daban-dabana zidd idi.
(Ümumiyyətlə, Qorbaçovun
bioqrafiyası məndə mistik bir təəssürat
yaradır: elə bil ki, bu adam traktorçu vaxtlarından
etibarən, təhtəlşüur olaraq Sistemi aldatmaqla,
öz sədaqətinə inandırmaqla dağılmağa məhkum
edilmiş Sovet İttifaqının aqibətində son
nöqtəni qoymaq missiyasına doğru sürətli
addımlarla irəliləyib və həmin missiyanı yerinə
də yetirib. Əgər bu mistik fərziyyəni qəbul etsək,
bəlkə heç onun özünün də taleyinə
yazılmış bu missiyadan xəbəri olmayıb və o,
bu missiyanı təhtəlşüur olaraq yerinə yetirib.
Ukrayna şairi Boris Oleynik də Qorbaçovun alnındakı
iri qara ləkəyə mistik yanaşır və onu
"qaranlıqlar knyazı" hesab edir (bax: Boris Oleynik.
Neizvestnıy Qorbaçev. Knəzğ tğmı, Moskva,
Alqoritm, 2022.).
Stalin son dərəcə qüdrətli
diktator, böyük tarixi şəxsiyyət idi, ancaq Sistem
ondan da qüdrətli idi. Sistemin təməlini inqilabi fanatizm
və Vladimir Lenin, Lev Trotski, Qriqori Zinovyev, Yakov Sverdlov, Feliks
Dzerjinski və başqaları qoymuşdusa, qeyz, ədavət
və kin-küdurətlə dünyaya baxmağa başlayan
Sistemi bilavasitə Stalin bəsləmiş, yetişdirmiş,
formalaşdırmış, kamilləşdirmişdi. 1937-38-ci
illərlə bağlı mətbuatla, arxiv sənədləri,
müxtəlif xatirələr və s. ilə tanış
olduqca, mən, az qala, cismani surətdə hiss edirdim ki, Stalin həyata
gətirdiyi "37-38"i vaxtında və böyük
ustalıqla cilovlamasaydı, Sistem onun özünü də
"xalq düşməni" kimi güllələyə bilərdi
- 1937-38-ci illərin artıq məntiqə
sığışmayan və qorxunc ab-havası Sistemi
şüurlu və get-gedə müstəqilləşən
robota çevirməkdə idi. Stalin "37-38"i elə nəhəng
ustalıqla və amansız dərrakə ilə
cilovlamağı bacardı ki, artıq Sistem - "Yoldaş
Stalin"in özü idi.
Hərdən o illərin sənədli
süjetlərinə baxanda, sadə camaatın Stalinə
sevgisini görəndə, fikrimdən keçir ki, bu qədər
qırğın, sürgün, əzab-əziyyət ola-ola bu
sevgi hardandır? Əlbəttə, gizli bir nifrət də az
deyildi, ancaq sevginin miqyası nə qədər böyük
idi - bunu da danmaq mümkün deyil və ancaq elə bunu yada
salım ki, vəfatı zamanı onunla son görüşə
gəlməyə can atan kütlənin arasında onlarla, bəzi
sovetoloqların yazdığına görə isə yüzlərlə
insan tapdaq altında qaldı. Görünür, paradoks
ondadır ki, şüurlu və şüuraltı qorxu hissi bəzən,
həqiqətən də, sevgiyə çevrilə bilir.
Vyaçeslav Molotov rus şairi və
publisisti Feliks Çuyevlə elə həmin söhbətində
deyir ki, XX qurultaydan sonra Gürcüstanda iğtişaşlar
başlamışdı və maraqlısı da budur ki,
Stalinin şəxsiyyətinə pərəstiş
haqqında, onun qanunlara məhəl qoymaması, cinayətlər
törətməsi barədə məruzəçi Nikita
Xruşşov olduğu halda, Tiflisin tualetlərində həmin
qurultaydakı çıxışında Stalini tənqid edən
Anastas Mikoyanın şəkillərini asırdılar (yenə
orada, səh. 429.).
Bu qəribəlikdə yəqin belə
bir səciyyəvi cəhət xüsusi rol oynayırdı ki,
1929-cu ildə Stalinin 50 illiyində, 1939-da 60 illiyində,
1949-da 70 illiyində Stalin haqqında ən bəlağətli
sözləri, onu Sovet İttifaqının və bütün
dünya proletariatının Allahı (bolşevik Allahı!) səviyyəsinə
qaldıran sözləri məhz Anastas Mikoyan demişdi (bax:
Stalin. Moskva, Alqoritm, 2008, str. 272.). Bəyəm, bu xüsusiyyət
elə Nikita Xruşşovun özü üçün də
səciyyəvi, ona da xas olan bir cəhət deyildi?
Ancaq söhbət yalnız bu tipli
gülünc paradokslardan getmir, sovet quruluşu son dərəcə
ziddiyyətli bir quruluş idi və bu ziddiyyətlər də
bir çox hallarda heç bir məntiqlə izah edilə bilməyəcək
faciəvi paradokslar yaradırdı.
Baxın, bu quruluş Azərbaycanın ən
ucqar kəndlərində də məktəb açdı,
savadsızlığı (oxuyub-yazmaq mənasında)
sıfıra endirdi, qısa bir zamanda universitetlər,
texnikumlar, sənət məktəbləri yaratdı, ancaq eyni
zamanda bu quruluş heç bir təqsiri olmayan böyük
pedaqoq Firudin bəy Köçərlini məhkəməsiz,
yaxud 15 dəqiqəlik yalançı məhkəmə ilə
Bəkir Çobanzadə kimi çox istedadlı və
işıqlı bir professoru güllələdi.
Bu quruluş professional teatrı olmayan Azərbaycanda
yenə də, qısa bir zamanda yalnız Bakıda yox,
rayonlarda da Dövlət teatrları açdı, teatr xadimlərinə,
aktyorlara yaradıcılıq şəraiti, xüsusi teatr
universiteti yaratdı, artistləri, rejissorları deputat təyin
etdi, onlara mükafatlar verdi, onları evlə, maaşla təmin
etdi, ancaq eyni zamanda bu quruluş artistlikdən başqa
heç bir işlə məşğul olmayan Abbas Mirzə
Şərifzadəni, yaxud Ülvi Rəcəbi 10-15 dəqiqəlik
saxta məhkəmə, ya da "Üçlük"lərin
(Sistemin təyin etdiyi üç nəfərin) qərarı
ilə "xalq düşməni" elan edib, güllələdi.
Və Sovet İttifaqının tarixi
bütün sahələrdə bu cür, təkrar edirəm,
normal ağıla sığışmayan, izah edilə bilməyən
paradokslarla zəngindir.
Bu ziddiyyətin bir tərəfi nə qədər
qiymətli idisə, o biri tərəfi xüsusən, Lenin və
Stalin dönəmində daha artıq dərəcədə qəddarlıq,
vəhşilik, quzğunluq nümunəsi idi.
Qorxu - bu hiss sovet tarixinin bəzi illərində
okean sularının qabarması - çəkilməsi kimi
şiddətlənir, sonra nisbətən yumşalırdı
və xüsusən, həmin qabarma çağlarında
insanları (sovet vətəndaşlarını!) öz həyatını
xilas etmək, qorumaq üçün müxtəlif yollar
axtarmağa məcbur edirdi və satqınlıq etmək də,
bir-birinə böhtan və şər atmaq, bir-birinin
üzünə durmaq, olmayan günahlarını etiraf etmək
də bu qorxu hissindən yaranırdı. Sovet
İttifaqının ən ali orqanı Kommunist Partiyası
idi, ancaq Leninin başladığı, qorxulu
konturlarını müəyyənləşdirərək həyata
tətbiq etdiyi və Stalinin dahiyanə ustalıq və səriştə
ilə inkişaf etdirib, formalaşdırdığı elə
bir Sistem yaranmışdı ki, bunun mayası qorxu ilə
yoğrulmuşdu, mahiyyətində qorxu dayanırdı.
1960-70-ci illərdə Siyasi Büronun ən
güclü üzvlərindən biri Aleksandr Şelepin (onun
"Dəmir Şurik" ayaması var idi) uzun sükutdan
sonra vəfatından bir il əvvəl, 1993-cü ildə
müsahibə verib və mən o müsahibəni internetdə
tapıb oxudum. Orada çox maraqlı, eyni zamanda Sovet
İttifaqının rəhbər "mətbəxi"
("Kreml mətbəxi") barədə təsəvvür
yarada bilən belə bir faktla rastlaşdım: 1958-ci ildə
Nikita Xruşşov Şelepini SSRİ Dövlət Təhlükəsizlik
Komitəsinin ("KQB"nin) sədri təyin edəndə,
kabinetdə onu bir küncə çəkərək, deyib:
" - Sizdən böyük şəxsi xahişim var.
"KQB"də hər şey edin ki, məni gizlincə dinləyə
bilməsinlər".
Bu şəxsi xahişi o adam edir ki,
Stalindən sonra diktatorluğu ələ keçirməyi
bacararaq, artıq SSRİ-də hakimi-mütləq idi və
"KQB" də bilavasitə onun tabeçiliyində fəaliyyət
göstərirdi. Ancaq baxın, onun da daxilində bir qorxu,
etimadsızlıq var idi və bu da, yəqin əlamətdar
bir hadisədir ki, 1964-cü ildə Xruşşovu taxtdan salan
(və onu "ifşa" edən) sui-qəsdçilərin
arasında elə həmin Şelepin və ondan sonra
"KQB"nin sədri olmuş Vladimir Semiçastnı əsas
təşkilatçılar sırasında idi (general-polkovnik
Semiçastnı 1960-cı illərin əvvəllərində
Azərbaycan KP MK-nın Moskvadan göndərilmiş ikinci
katibi idi və ona daima diqqət göstərən, onu pillə-pillə
irəli çəkən Xruşşov bu dəfə də
Semiçastnını Azərbaycandan birbaşa SSRİ
"KQB"sinin sədri vəzifəsinə apardı, ona
general-polkovnik rütbəsi verdi, sonra da çox çəkmədi
ki, bu adam, dediyim kimi, Nikita Xruşşova qarşı sui-qəsdin
mühüm, həlledici təşkilatçılarından
biri oldu).
Yəqin bu da İosif Stalindən
üzü bu tərəfə Kreml mətbəxindəki
psixoloji əhval-ruhiyyə, orada hökm sürən ab-hava
üçün əlamətdar bir faktdır ki, Nikita
Xruşşov partiya taxtından salındıqdan sonra
yazdığı (diktə etdiyi) xatirələrində belə
bir epizod söyləyir: "Stalin bu qərara gəlmişdi
ki, Voroşilovu namuslu adam bilməkdə səhv edib, o (yəni
Voroşilov - E.), ya ingilis, ya da Stalinin ağlına gələ
biləcək hansısa başqa bir kapitalist ölkəsinin
casusudur". (Mən bu sitatı Xruşşovun xatirələrinin
redaktə edilməmiş nəşrindən gətirirəm:
Nikita Xruhev. Vospominaniə, İzbrannıe otrıvki, New York,
1982, str. 107.)
Marşal Kliment Voroşilov isə Siyasi
Büronun üzvü, Rusiyada vətəndaş müharibəsinin
Sovet təbliğat maşınının uzun onilliklər boyu
təbliğ və tərənnüm etdiyi məşhur
"qırmızı" komandir-qəhrəmanı idi və
SSRİ-də, o cümlədən də, Azərbaycanda onun
adına yüzlərlə küçə, kolxoz, müəssisə,
ali məktəb və s. və i.a. var idi, ancaq baxın, Stalin
(Sistem) bir anın içində onu ingilis, ya da
"ağlına gələ biləcək hansısa başqa
bir kapitalist ölkəsinin" casusu elan edə bilərdi.
Stalinin şəxsiyyətinə pərəstiş
"ifşa" olunandan sonra Sistemdə çürümə
prosesi başlamışdı və qorxu nisbətən
azaldıqca, dediyim həmin ziddiyyət get-gedə Sovet
İttifaqında siyasi və mənəvi riyakarlığa gətirib
çıxardı: partiya funksionerləri, dövlət
işçiləri günorta Nikita Xruşşovdan sitatlar gətirir,
onun şəxsiyyətini və fəaliyyətini örnək
göstərir, Kommunist Partiyasına sədaqət və inam
nümayiş etdirir, axşam isə elə həmin
Xruşşovdan tutmuş, Çapayev və Staxanovacan sovet rəhbərlərindən
və məşhurlarından anekdotlar
danışırdılar.
Aparıcı kommunizm ideolojisi tam şəkildə
şüarçılıqla əvəz olunmuşdu və
Kommunist partiyası heç vəchlə kommunist əqidəsini,
dünyagörüşünü ifadə etmirdi. Partiya karyera
üçün ilkin və mütləq ictimai pilləyə,
rahat və imkan daxilində rifah həyat təminatçısına
çevrilmişdi. Partiya üzvlərinin 90 faizdən
çoxu, o cümlədən, partiya funksionerləri
marksizm-leninizm klassiklərini oxumamışdı və
ideologiyanı, dediyim kimi, sitatçılıq əvəz
etmişdi. Yerdə qalan 5-6 faiz isə fürsət tapıb
partiya tarixindən, elmi ateizmdən dissertasiyalar yazıb, elmi dərəcə
alanlar, universitetlərdə dərs deyən müəllimlər
idi və onlar da, əsasən, əqidə adamları yox,
peşə, yəni fənn adamları idi. Yadıma gəlir,
"Mənim ərim dəlidir" tragikomediyamda elmi ateizm
professorunun Sovet İttifaqı dağılandan sonra mollalıq
etdiyini yazmışdım və bu bədii qroteks yox, həqiqətin,
reallığın ifadəsi idi. Bir sözlə, Sovet
İttifaqını həmin siyasi-ideoloji riyakarlıq və
belə bir ideoloji eybəcərlik yıxdı.
Anekdotlardan söz düşmüşkən,
sovet rəhbərləri haqqında anekdotlardakı bir əlamətdar
cəhət odur ki, Xruşşov, Brejnev, Leninin özü
gülüş hədəfi olduqları halda, Stalin, hətta
anekdotlarda da gülüş hədəfi, gülüş qəhrəmanı
yox, hökm verən, qərar qəbul edən, hazırcavab,
böyük və ədalətli (!) hökmdar - personajdır.
(Bu səciyyəvi anekdota fikir verin:
"Ruzveltlə Çörçill söz qoyurlar ki, Stalini
mat qoysunlar, deməyə sözü olmasın və növbəti
görüşləri zamanı Çörçill deyir: "
- Bu gecə mən bir yuxu görmüşəm. Görürəm
ki, bütün dünya ölkələri birləşib,
vahid bir hakimiyyət yaranıb. Mən də o hakimiyyətin
Baş naziriyəm". Ruzvelt deyir: " - Mən də o
cür yuxu görmüşəm. Özüm də o dünya
hakimiyyətinin Prezidentiyəm". Çörçill
soruşur: " - Cənab Stalin, siz necə, belə bir yuxu
görməmisiz?" Stalin: " - Görmüşəm, -
deyir. - Mən də sizi və cənab Ruzvelti həmin vahid
dünya hakimiyyətindəki o vəzifələrə təyin
etdim!")
Sovet senzurasının (bədnam
"Qlavlit"in) rəhbərləri guya siyasi sayıqlıq
nümayiş etdirərək, hansısa bədii əsərdən
Sistem baxımından şübhəli görünən bir
hissəni çıxarırdı, axşam isə evə gəlib,
elə o çıxarılmış hissəni ləzzətlə
tərifləyə-tərifləyə, sovet gerçəkliyini
lağa qoya-qoya evdəkilərə danışırdı və
bu cür siyasi-əxlaqi fantosmaqoriya Stalindən sonrakı
(qorxunun azaldığı) dövr üçün get-gedə
daha artıq səciyyəvi olur və kütləviləşirdi.
Sovet İttifaqının
hökmdarları öldükdən (Yuri Andropov, Konstantin
Çernenko), yaxud vəzifədən kənarlaşdırıldıqdan
sonra (Georgi Malenkov, Nikita Xruşşov, Mixail Qorbaçov - əslində
o da kənarlaşdırıldı) heç kimə
çevrilirdilər və belə bir "heç kimlik" bəzən
miskinliyin yox, mənəvi puçluğun və
ikiüzlülüyün, siyasi qəlpliyin göstəricisi
olurdu. Nikita Xruşşovun qızı Rada Adjubey 2000-ci illərdə
"YouTube"dəki müsahibələrindən birində
deyir ki, atası, yəni odlu-alovlu
çıxışlarıyla daima kapitalizmi, ilk növbədə
də, ABŞ-ı ifşa edən Xruşşov vəzifədən
çıxarıldıqdan sonra axşamlar radio ilə
"Amerikanın səsi"nə qulaq asırmış.
Bu yaxınlarda mən oxudum ki, indi heç
sovet dövründə yaşamış insanların da
xatırlamadığı, hətta sovetoloqların da
yadına düşməyən sovet rəhbəri (SSRİ
Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi)
Konstantin Çernenko öz ayağı ilə trap pilləkanlarını
qalxıb təyyarəyə minə bilmədiyinə görə,
onu təyyarəyə qaldırmaq üçün xüsusi
sifarişlə Almaniyada hazırlanmış trap-eskolator gətirirlər
və mühəndislər bu eskolatoru əvvəlcədən
adi təyyarə trapının arxasında elə yerləşdirirlər
ki, baxanda belə təsəvvür yaranır ki, eskolatorun
qaldırdığı Çernenko trapın pillələrini
guya öz ayağı ilə qalxır, yəni xalq öz rəhbərini
sağlam və işgüzar görsün - doğrusu, elə
bil ki, multfilm süjetidir.
Çox səciyyəvi və əlamətdar
bir riyadır və bir tərəfdən, Sovet
İttifaqını Mixail Qorbaçovun vecsizliyindən
çox, elə bu cür riyakarlıqlar yıxdısa, o biri tərəfdən
də, Qorbaçovun partiyanın Baş katibi vəzifəsinə
(Stalin mərtəbəsinə) qalxmasının özü də
artıq kütləviləşmiş həmin siyasi-əxlaqi
riyakarlığın nəticəsi idi, yəni SSRİ-nin
kartdan qurulmuş bir imperiya kimi domino effektli sürətlə
və şərəfsizcəsinə dağılması,
tarmar olması labüd idi.
Ancaq biz çox uzağa getməyək,
çünki "Sovet uzaqları"na getdikcə, gedirsən
və qayıtmaq çətin olur.
Mən dedim ki, sovet rəhbərləri
vəfat etdikdən sonra "heç kim" olurlar, yalnız
İosif Stalin ("Yoldaş Stalin) sağdan da, soldan da nə
qədər haqlı və haqsız zərbələr
alırsa, heç vəchlə "heç kim"ə
çevrilmir və bir halda kı, söhbət ölümdən
düşdü, bu günün özündə də
sovetşünaslar, konkret olaraq stalinşünaslar dəqiq
sübut edə bilmir ki, Stalin öz əcəli ilə
ölüb, yoxsa, onu öldürüblər.
Müharibə vaxtı ABŞ-ın
SSRİ-də səfiri olmuş Averell Qarriman deyir ki, bir dəfə
Nikita Xruşşovla görüşərkən soruşub:
" - Stalin özünə varis tapmışdı?"
Xruşşov: " -Yox, - deyir. - O, elə bilirdi ki, daima
yaşayacaq." (Nikolay Zenğkoviç. Taynı uxodəheqo
veka - ljesvidetelğstva, falğsifikaüii, kompromat, Moskva,
"Olma-Press", 1999, str. 172.)
Stalin Sovet İttifaqında ilahi bir səviyyəyə
qalxsa da, insan idi və ölümü ilə bağlı
versiyalardan biri belədir ki, ona qarşı sui-qəsdi Lavrenti
Beriya tək həyata keçirib, başqa bir versiyaya görə,
bu sui-qəsdi Nikita Xruşşov, Georgi Malenkov, Lavrenti Beriya (hərdən
o zaman müdafiə naziri, sonralar isə Nazirlər Sovetinin sədri
olmuş Nikolay Bulqaninin də adını çəkirlər)
müştərək hazırlayıblar, hətta versiyalardan
birinə görə beyninə qan sızıb
yıxılmış Stalin özünə gələndə,
Xruşşov onu şəxsən boğub öldürüb.
Stalinin ölümü ilə
bağlı həqiqət yəqin ki, "KQB"nin də
arxivi daxil olmaqla, bütün gizli arxiv sənədləri, xüsusən,
Stalinin xəstəliklərinə aid sənədlər üzə
çıxdıqdan sonra məlum olacaq, ancaq elə bilirəm
ki, "- Adları çəkilən bu adamlar Stalinin vəzifəyə
gətirdiyi ən yaxın silahdaşlarıdır və onlar
belə bir dönüklük və xəyanət edə bilərdilərmi?"
kimi bir sual yaranarsa, cavab birmənalıdır: Bəli!
Yalnız elə bir faktı yada salmaqla kifayətlənmək
istəyirəm: Stalinin vəfatından bircə ay sonra,
Malenkovun Nazirlər Sovetinin sədri, Xruşşovun MK katibi
olduğu bir zamanda, Daxili İşlər naziri, eyni zamanda
Nazirlər Soveti sədrinin birinci müavini Lavrenti Beriyanın
şəxsən imzaladığı orderlə Stalinin oğlu
Vasili Stalin həbs edildi və sürgünə, təqibə
məruz qalaraq, içkiyə qurşanıb 41 yaşında
vəfat etdi. Bu adamlar Stalin zamanı ayrı-ayrılıqda
sovet rəhbərliyində ikinci yerə iddialı rəqiblər
idi, ancaq 1937-ci ildə Stalinin təbliğindəki mədhnamə
və səcdə baxımından ondan sonra ikinci yeri isə
Nikolay Yejov tuturdu.
Stalin 1936-cı ildə "NKVD"nin rəhbəri
Henrix Yaqodanı vəzifədən çıxardı və
onun yerinə Yejovu təyin etdi. Henrix Yaqoda Kirovun
ölümündən sonra Stalinin tapşırığı
ilə cidd-cəhdlə və amansızcasına
"düşmən" axtarışlarına
başladı, məşhur və qeyri-məşhur siyasi
xadimlərdən adi peşə sahiblərinəcən
insanları "ifşa" edib güllələnməyə
göndərdi, sonda da Stalin onun özünü tutdurub,
güllələtdirdi. Siz bu ötəri epizoda fikir verin və
görün, kiçikdən tutmuş, böyüyəcən
bütün Sovet İttifaqının ehtiyat etdiyi, çəkindiyi
Henrix Yaqoda hələ "NKVD"yə
başçılıq edərkən, Stalin onunla hansı bir
tərzdə davranır: Yaqoda Maksim Qorki ilə dostluq etməyə
çalışırdı və Qorki ağır xəstə
yatanda Stalin Molotov və Voroşilovla birlikdə onu
yoluxmağa gələndə, görür ki, Yaqoda da
ordadır. Stalin: " - Bu niyə burda sülənir? - deyir. -
Tez buradan sürüksün!" (Kreyq Braun. Teoriə şesti
rukopojatiy, Moskva, ASE, "017, str. 168.)
Biz Yejova qayıdaq.
Konstantin Simonov Stalinin xüsusi rəğbət
bəslədiyi yazıçılardan biri, bəlkə də
birincisi idi və gənc yaşlarından etibarən, az qala, hər
əsərinə görə Stalin ona öz adını
daşıyan mükafat verirdi. Simonovun 80-ci illərdə
Stalin haqqında yazdığı kitabda söylədiyi bir
fikir mənə maraqlı və çox da əlamətdar
göründü. Simonov yazır ki, Nikolay Yejovun şəxsiyyəti
və fəaliyyəti haqqında şişirdilmiş təriflərin,
"dəmir narkom" adlandırılan bu cırtdanboylu
adamın bütün informasiya vasitələrində hədsiz
dərəcədə vəsf edilməsinin arxasında
bilavasitə Stalinin təhriki dayanırdı, çünki
Stalin bu qırğın kompaniyasını (Böyük
Terroru) başlayarkən, zamanı gələndə onu
dayandrmağı da əvvəlcədən
planlaşdırmışdı və həmin zaman yetişəndə
qırğına cavabdeh olacaq bir adam tələb olunurdu - həmin
adam da Nikolay Yejov idi (Konstantin Simonov. Qlazami çeloveka moeqo
pokoleniə. Razmışlenie o İ.V.Staline, Moskva, APN, 1989.).
Stalin 1936-cı ildə artıq tam surətdə
istifadə etdiyi, sıxıb suyunu çıxartdığı
Xalq Daxili İşlər komissarı (naziri) Henrix Yaqodanı vəzifədən
çıxartdı (sonra da güllələtdirdi) və onun
yerinə Nikolay Yejovu təyin etdi. 1937-38-ci illərin dəhşətləri
bilavasitə bu adamın adı ilə bağlıdır və
bu liliput insanın həyatı və fəaliyyəti barədə
ədəbiyyatı, artıq çap edilən "məxfi sənədlər"i,
stenoqramları oxuduqca, məndə belə bir təəssürat
yarandı ki, söhbət içindəki natamamlıq,
yarımçıqlıq komplekslərinin burulğanı ilə
yaşayan (məhkəməsində etiraf etmişdi ki, o, həm
də passiv seksual azlıq nümayəndəsi olub), insanlara
(və ümumiyyətlə insanlığa!) dəruni nifrət
bəsləyən, eyni zamanda bu mənada, bəlkə
heç özündən də asılı olmayaraq intiqam
hissi ilə fəaliyyət göstərən və
bütün bunları gizlətmək üçün öz
psixikasını zorlayan həm cismani, həm də mənəvi
mənada xəstə bir fərddən gedir.
Heç kimin tanımadığı belə
bir təsadüfi adam Stalinin təhriki ilə çox qısa
bir müddətdə Sistemin böyük və qorxulu nümayəndələrindən
birinə çevrildi. Leninin mavzoleyinə də, özünə
də, Stalinə, "ağsaqqal" Kalininə, Kirova,
Voroşilova və bu qəbildən başqalarına
(bunları mən hələ ibtidai məktəb dərsliklərindən
xatırlayıram) oda-mədhiyyələr yazan məşhur
qazax akını Cambul Cabayev Nikolay Yejova həsr etdiyi tərifnamə
rəsmən "parlaq ədəbiyyat hadisəsi" kimi qiymətləndirildi
(belə bir inandırıcı versiya da var ki, dövrün
konyukturasından istifadə edib, qonorar almaq üçün
bu ədəbi makulaturaları qoca Cambulun adından kasıb
rus şair-tərcüməçiləri yazırdı).
Viktor Şafrannikov kimi əyalət bəstəkarları bu
odaya xüsusi musiqi bəstələyib məşhurlaşdı,
Yejovun adı şəhərlərə, prospektlərə,
kolxozlara verilirdi, nümayişlərdə, "qəzəbli"
sovet zəhmətkeşlərinin - fəhlələrin,
kolxozçuların kütləvi "ifşa"
yığıncaqlarında onun şəkilləri Stalinlə
yanaşı qaldırıldı.
Mən Yejov haqqında və onun dövründəki
repressiyanın qara koloriti haqqında təsəvvür yaratmaq
üçün, yalnız 1937-ci ildə Moskvada, Böyük
Teatrda ("Bolşoy Teatr"da) çekistlərin 20 illik
yubileyi münasibətilə keçirilən təntənəli
gecəni xatırlamaqla kifayətlənəcəyəm.
Nikolay Yejovun qorxulu-hürkülü
şöhrətinin həmin çılğın
dövründə "ifşalar"ın, o cümlədən,
Azərbaycandakı "ifşalar"ın ən
qızğın çağında Siyasi Büronun
Vyaçeslav Molotov, Lazar Kaqanoviç, Kliment Voroşilov,
yavaş-yavaş stalinçi dividentlər qazanan Nikita
Xruşşov, Georgi Malenkov kimi nüfuzlu üzvləri - Stalin
silahdaşları Nikolay Yejovla birlikdə rəyasət heyətində
oturmuşdular. Məruzəçi Anastas Mikoyan idi və o, ən
bəlağətli ifadələrlə Nikolay Yejova elə
diferambalar, mədhiyyələr oxuyurdu ki, bunlar Stalindən
başqa heç bir bolşevik haqqında deyilməmişdi.
Anastas Mikoyan bütün sovet vətəndaşlarını
(!) "yoldaş Yejovdan stalinçi üslubda işləməyi"
öyrənməyə çağırır və deyirdi:
"Bu gün bütün "NKVD" və ilk növbədə,
yoldaş Yejov sovet xalqının sevimliləridir". Mikoyan
böyük bir ruh yüksəkliyi, iftixar və fəxarətlə
atasını "xalq düşməni" kimi
"ifşa" etmiş pioner Kolyanı bütün sovet gənclərinə
nümunə göstərir və pioner Kolyanın
atasını güllələtdirməsini sovet cəmiyyətinin
böyük mənəvi (!) qələbəsi hesab edirdi.
Hakim ideologiyanın belə bir siyasi
bölgüsü var idi: kommunistlərin kiçik ideoloji
qardaşları komsomolçular idi, komsomolçuların da
kiçik qardaşı pionerlər idi və pionerlər (gələcək
nəsil!) 1930-cu illərdə güclü təbliğat
obyektlərindən birinə çevrilmişdi. Hakim ideologiya
pionerləri sosializm quruculuğuna yad olan atalarına, qohum-əqrəbalarına
qarşı qaldırırdı və Mikoyanın nümunə
göstərib, heyranlıqla təriflədiyi Kolya kimi
atalarını "ifşa" edən pioner-qəhrəmanların
ən məşhuru Pavlik Morozov idi. Maksim Qorki atasını
"ifşa" edib həbsə saldıran Pavliki "bizim
epoxanın balaca möcüzəsi" adlandırırdı,
Sergey Mixalkov, yaxud Stepan Şipaçev kimi məşhur və
Sistemə məhrəm rus şairləri ona şeir və
poemalar həsr edirdi, onun haqqında povestlər, pyeslər,
operalar yazılırdı və yaxşı xatırlayıram
ki, 1951, ya 52-ci il idi, mən 2-ci, ya 3-cü sinifdə oxuyanda məktəbdən
bizi bir neçə dəfə Gənc Tamaşaçılar
Teatrında eyni "Pavlik Morozov" tamaşasına
aparmışdılar (müəllifi xatirimdə deyil).
Uşaqların bir qismi - mən də onların arasında -
çaşqınlıq içində idi: bir tərəfdən,
sevimli pioner qəhrəman, o biri tərəfdən də,
atanı satmaq... (İki-üç ildən sonra - yeniyetməlik
ərəfəsi idi - mən Merimenin "Matteo Falkone"
novellasını oxudum və bu əsərdə
satqınlıq etdiyi üçün atası balaca Fortunatonu
güllələyirdi. O novella mənə çox təsir
etmişdi və Merime Fortunatonun ölümünü elə təsvir
etmişdi ki, ona çox yazığım gəlirdi, Pavlik
Morozova isə nifrət etməyə başladım.)
Uzun sözün qısası, pionerlərlə
bağlı qlobal bir yaramazlıq kompaniyası
aparılırdı və bəzən uşaqlar həqiqətən,
ideoloji robota çevrilirdi. Onlardan biri də Azərbaycanda
geniş təbliğ olunan və Gəncədə anadan
olmuş Qrişa Akopyan idi. 1937-38-ci illərdə isə Azərbaycanda
"xalq düşməni" kimi ifşa olunmuş
atalarından imtina edən, onları lənətləyən, onların
güllələnməsini tələb edən pionerlərin
"izhari-nifrət" yığıncaqları
keçirilirdi və mən "Ölüm hökmü"
romanında bu "izhari-nifrət" kompaniyalarından
geniş bəhs etmişəm.
Ancaq biz Mikoyanın məruzəsinə
qayıdaq.
Mən bu məruzəni oxuduqca,
açıq-aşkar hiss edirdim ki, Anastas Mikoyanın
özü daxilən heyvani bir qorxu içində olub və elə
bil ki, dovşan ağzını açmış qorxunc ilanla
üzbəüz dayanıb, nə dərəcədə
yaltaqlıq olursa-olsun - cidd-cəhdlə özünü
qorumaq istəyir. Məsələ burasındadır və mənim
buna qətiyyən şübhəm yoxdur ki, həmin "təntənəli
gecə"də rəyasət heyətində əyləşmiş
bütün vəzifə sahiblərinin, "kiçik rəhbərlər"in,
o cümlədən, Siyasi Büro üzvlərinin
hamısının (!) içində - olsun ki, birində nisbətən
az, o birində daha artıq - həmin heyvani qorxu hissi var idi.
Stalin ayrı-ayrı vaxtlarda - həmin "təntənəli
gecə"yə qədər və sonrakı dövrdə
Zinovyev, Kamenyev, Buxarindən tutmuş, Kuznetsova və
Voznesenskiyə qədər xeyli Siyasi Büro üzvlərini,
üzvlüyə namizədləri güllələtdirmişdi,
Molotovun, Kalininin, Yejovun özünün arvadlarından
tutmuş, Kaqanoviçin, Orconikidzenin qardaşlarına qədər
Siyasi Büro üzvlərinin yaxınlarını həbs
etdirmiş, psixi xəstəxanaya saldırmış, intihara
sürükləmişdi.
Vaxtıyla hansısa bir müsahibədə
dediyim maraqlı psixoloji, bəlkə də sosial-psixoloji təbiət
hadisəsini təkrar etmək istəyirəm: Lavrenti Beriya
daxil olimaqla, güllələnmiş Siyasi Büro üzvlərini
və 51 yaşında intihar etmiş Serqo Orconikidzeni nəzərə
almasaq, Stalinin ən yaxın ətrafının çoxu həyatlarının
mürəkkəbliyinə, bəzən də əməlli-başlı
qəzavü-qədərlərə baxmayaraq, uzun ömür
sürüblər: Lazar Kaqanoviç - 98 il, Vyaçeslav
Molotov - 96 il, Kliment Voroşilov - 88 il, Georgi Malenkov - 87 il,
Anastas Mikoyan 83 il, Nikolay Bulqanin - 80 il... Stalinin siyasi muzey
eksponatı kimi saxladığı Semyon Budyonnı - 90 il və
s. Stalinin özü isə 74-75 yaşlarında vəfat
etmişdi (son illərdə üzə çıxan sənədlərə
görə o, 1879-cu ildə yox, bir il əvvəl - 1878-ci ildə
anadan olub).
Belə çıxır ki, daima qorxu,
stress içində yaşamaq, bir tərəfdən, infarkta gətirib
çıxarırsa (xüsusən, sadə, zəif və
sinirləri zərif insanları), o bir tərəfdən də,
gördüyümüz kimi, hadisələrin, qanlı
olayların sərtləşdirdiyi insanların orqanizmini səfərbər
edir, onları möhkəmlədir və öyrəncəli
edir!?
Ancaq biz yenə çekistlərin o yubiley
gecəsinə qayıdaq.
Nikolay Yejovun birinci müavini, məşhur
cəllad, 1930-cu illərin əvvəlində Azərbaycan
çekistlərinin rəhbəri təyin edilmiş və
burada "üçlük" sədri kimi qanlı vəhşiliklər
törətmiş, 1937-ci ildə başlayan Böyük
Terrorun əsas təşkilatçılarından biri olan
Mixail Frinovski (qısa müddətdən sonra Stalin onun
özünü də "xalq düşməni" kimi
güllələtdirdi) isə elə həmin yubiley gecəsində
çıxış edərək, Nikolay Yejovu "yoldaş
Stalinin dostu" adlandırır (!) - Bu isə, əslində
Yejovun bütün vəzifələrindən (o, həm də
MK-nın katibi idi) qat-qat yüksək bir "vəzifə"
təyinatı idi, çünki o vaxta qədər heç
kim Stalinin silahdaşından yuxarı mərtəbəyə
- Stalinin dostu ucalığına
qaldırılmamışdı.
Ancaq... İosif Stalin özü bu təntənəli
yubiley gecəsində iştirak etmirdi.
Nə üçün?
Bəlkə Stalin Simonovun dediyi kimi, ipin
ucunu çəkmək məqamını dəqiq
planlaşdırdığı üçün hesab edirdi ki,
qətllər, "ifşa"lar hələ lazımi məqama
gəlib çatmayıb və o, nəhəng bir ölkəni
bürümüş bu nəhəng də dəhşətin
qeyri-insani ağırlığını bir müddətdən
sonra bu liliputun çiyinlərinə yükləyəcəyini
elə həmin vaxtda hazırlayırdı, buna görə də
Anastas Mikoyanı qabağa verib, özü çekistlərin
o təntənəli iclasına gəlməmişdi?
Şekspiranə bir intriqa meydana çıxır ki, Anastas
Mikoyanın Böyük Teatrda Nikolay Yejovun ünvanına tərifnamələr
söylədiyi vaxt, Kremldə Stalinin düşüncələrində
Yejovun taleyi həll olunurdu və yaxud da bu tale artıq həll
olunmuşdu.
Anastas Mikoyan az qala, 700 səhifəlik
xatirələrində bu məşhur çekist yubileyi barədə
bir kəlmə də demir və ümumiyyətlə 37-38-ci
illər dəhşətinin üzərindən ötəri
keçərək, həmin illərdə İvan (Ovanes)
Tevosyanı, yaxud 11-ci bolşevik ordusunun başında duran
Mixail Yefremovu "Stalin repressiyaları"ndan xilas etməyindən,
Stalinin öz ailə üzvlərini məhv etməsindən yazır,
bütün günahları Stalinin üstünə ataraq, hər
vasitə ilə özünü "Stalin
represiyaları"nın əleyhdarı olduğunu göstərməyə
çalışır. Mikoyanın bolşevik fəaliyyəti
və siyasi karyerası bilavasitə Azərbaycandan
başlayıb, Serqo Orconikidze və Sergey Kirovla birlikdə
işğalçı 11-ci Qırmızı ordu ilə
Bakıya gəlib və sonrakı dövrlərdə də Azərbaycanla
bağlı mühüm məsələlər Siyasi Büro
üzvü kimi onun vəzifələri ilə bağlı
olub, ancaq həmin 700 səhifəlik xatirələrində bir
sovet Respublikası kimi Azərbaycan yoxdur və 20 il bu ölkəyə
rəhbərlik etmiş Mir Cəfər Bağırovun da
adı çəkilmir, bütün səhifələrdə
özünün şişirdilmiş xidmətlərindən
bəhs edir. Sergey Kirovdan danışanda isə, onun əvvəllər
"Azərbaycan KP MK-nın Birinci katibi kimi, xırda (! - E.)
bir vəzifədə" işlədiyini yazır (Anastas
İvanoviç Mikoən. Tak bılo - razmışleniə o
minuvşem, Moskva, Vaqrius, 1999, str. 366.) və bir məqamı
da qeyd etmək istəyirəm ki, Mikoyan xatirələrində
Stalinlə bərabər, Molotovdan, Malenkovdan, Beriyadan
tutmuş, Leonid Brejnevə, Mixail Suslovacan - bir sözlə,
birgə işlədiyi bütün siyasi xadimlər (rəhbərlər)
haqqında mənfi fikirlər söyləyir, hətta onlar
haqqında nifrətlə danışır.
Elə burada bir cəhəti qeyd etmək
istəyirəm: bir-biri haqqında bu cür mənfi fikirlər
söyləmək yalnız Anastas Mikoyanın yox, Molotovun,
Xruşşovun, Kaqanoviçin, başqalarının da xatirələri
üçün səciyyəvidir və istər-istəməz
fikirləşirsən ki, bir-birinə nifrət edən, canavar
kimi burun-buruna dayanmış bu insanlar bir yerdə Sovet
İttifaqı kimi nəhəng bir imperiyaya necə rəhbərlik
ediblər?
Sovet dövrü ilə bağlı
siyasi, eləcə də hərbi xadimlərin (Jukov, Rokossovski,
Vasilevski, Konev, Çuykov, Qreçko və başqa
marşalların) memuarları bir çox prinsipial məqamlarda
etibarlı mənbə deyil, çünki bütün bu
adamlar Sistemin altında və Sistemin göstərişi və
istəyi ilə fəaliyyət göstəriblər və bu
fəaliyyəti tam çılpaqlığı ilə,
obyektivcəsinə göstərmək - yəqin ki, şəxsi
fədakarlıq, etiraf və cəsarət tələb edir.
Leonid Brejnevlə işləmiş müəlliflərin
yazdığına görə, o, yəni Brejnev elə onun
dövründə çap edilmiş, Lenin mükafatı
almış xatirələrini özü heç oxumayıb və
bu xatirələri yazmış jurnalistlərin adları da
artıq məlumdur. Anastas Mikoyanın xatirələrini isə
oğlu, tarix elmləri doktoru Serqo Mikoyan çapa
hazırlayıb, Ön söz yazıb və güman ki, onun
Sistemdən sonrakı redaktəsi də az olmayıb.
(Ardı var)
ELÇİN
Ədəbiyyat
qəzeti. - 2024.- 6 aprel, ¹11-12.- S.6-9.