Kərkük ədəbiyyatşünaslıq dünyasının zirvəsi
Azərbaycanda və türk dünyasında İraq türkmanlarına xüsusi ehtiram və böyük rəğbət vardır. Hər şeydən əvvəl,
ona görə ki,
İraq türkmanları türk
dünyasının ayrılmaz
bir parçasıdır.
İkinci səbəb
isə, İraq türkmanlarının
ayrı-ayrı dövrlərdə
müxtəlif səbəblərdən
müəyyən çətinliklərlə
üz-üzə qalmalarından
doğan həyəcan
və narahatlıq olmuşdur. Fikrimcə, üçüncü və
ən əsas səbəb isə, qədim tarixi kökləri olan bu türk qövmünün
bütün zamanlarda dilini, ədəbiyyatını,
mədəniyyətini, milli kimliyini qoruyub saxlaması və inkişaf etdirməsi ilə bağlıdır.
İraq türkmanları
İraqın müxtəlif
regionlarında mövcud
olsalar da, onların ən sıx yaşadıqları yer Kərkük bölgəsidir.
Coğrafi cəhətdən
həm də "Türkmən Eli" adlandırılan
Kərkük bölgəsi
və ətrafı
İraq türkmanlarının ana vətəni hesab olunur. Kərkük isə rəmzi şəkildə İraq türkmanlarının
paytaxtıdır. Ona görə
də bəzən
"Kərkük" sözü
geniş mənada İraqda yaşayan türklər anlayışını
ifadə edir.
Tarix boyu həmişə
İraq türkmanları arasından
görkəmli şairlər,
alimlər, tanınmış
böyük ziyalılar
çıxmışdır. Etiraf etmək lazımdır ki, İraq türkman
xalqının
görkəmli yetirmələri
sırasında İhsan Doğramacı,
Əbdüllətif Bəndəroğlunun
və Əta Tərzibaşının müstəsna
xidmətləri vardır.
İhsan Doğramacı tibb
elminin və universitet quruculuğunun yüksəldilməsində, Əbdüllətif
Bəndəroğlu İraq-türkman yazılı ədəbiyyatının və
mətbuatının inkişaf
etdirilməsində, Əta
Tərzibaşı isə
türkman folkloru və el ədəbiyyatının
toplanılması, araşdırılması
və nəşri sahəsində böyük
xidmətlər göstərmişlər.
Əbdüllətif Bəndəroğlunun
Azərbaycanla, Əta
Tərzibaşının Türkiyə
ilə İraq türkmanları
arasında yaratdıqları
ədəbi-mədəni körpülər
bu coğrafiyada yaşayıb-yaradan türkmanların
tanıdılması, yaşadılması,
onların mənəvi
sərvətlərinin geniş
dairədə yayılması,
öyrənilməsi, təbliği
baxımından mühüm
rol oynamışdır.
Böyük elmi-siyasi
nüfuzuna görə
İhsan Doğramacı İraq türkmanlarının lideridir.
Geniş elmi-ədəbi
xidmətlərinə və
ümummilli mövqeyinə
görə Əta Tərzibaşı İraq türkmanlarının
Dədə Qorqududur. Ədəbiyyat və mətbuat sahəsindəki
işinə, fəaliyyətinə
və vətəndaşlıq
missiyasına, ictimai fəaliyyətinə görə
Əbdüllətif Bəndəroğlu
İraq türkmanlarının Abbas Zamanovudur.
Əta Ömər oğlu
Tərzibaşı 14 noyabr
1924-cü ildə İraqın
Kərkük şəhərində
bələdiyyə məmuru
ailəsində anadan olmuşdur. İlk təhsilini
Kərkükdə, universitet
təhsilini isə Bağdadda almışdır.
Bütün ömrü
boyu vəkillik və mətbuat işi ilə məşğul olmuşdur.
Uzun illər Kərkük şəhərində
çap edilmiş
"Bəşir" qəzetinin
türkman bölməsinin
redaktoru kimi fəaliyyət göstərmişdir.
O, "Afaq" və
"Bəşir" qəzetlərində
Kərkük xoyratları
və manilərini toplayıb çap etdirməklə milli düşüncənin
qorunub saxlanılması
və yeni nəsillərə
çatdırılması sahəsində mühüm
xidmətlər göstərmişdir.
Əta Tərzibaşının
Kərkük mətbuatında
çıxan türkman
folkloru haqqındakı
çoxsaylı məqalələri
bu xalqın milli-mənəvi özünüdərki
və zəngin folklor irsinin təbliği baxımından
mühüm əhəmiyyətə
malikdir. Kərkükdə
2016-cı ildə dünyasını
dəyişmiş Əta
Tərzibaşının çoxcəhətli
elmi-ədəbi fəaliyyəti,
qiymətli toplama materialları və elmi əsərləri doğma xalqına xidmət etmək baxımından nəsillərə
nümunədir.
Müasirlərinin yazdıqlarına görə,
Əta Tərzibaşı,
ilk növbədə, Kərkük-Türkman
Eli bölgəsini, bütövlükdə
isə İraq türkmanlarının
yaşadıqları bütün
bölgələri gəzərək,
folklor nümunələrini
toplamaq işində böyük fədakarlıq
nümunəsi göstərmişdir.
Onun xalq arasından yazıya alıb, toplama kitablarına daxil etdiyi Kərkük folkloru nümunələrində
bölgədə yaşayan
insanların ləhcə
xüsusiyyətləri deyiliş
tərzini olduğu kimi əks etdirir.
Beləliklə, Əta
Tərzibaşı zəngin
Kərkük folklor xəzinəsinin orijinal şəkildə qorunub saxlanılmasına və özündən sonrakı
nəsillərə olduğu
kimi çatdırılmasına
nail olmuşdur.
İkincisi, Əta Tərzibaşı
Kərkük folklorunu
mümkün olan bütün əsas janrlar üzrə toplamışdır. Əlbəttə,
regionun xalq yaddaşı sərvətlərinin
özünəməxsusluğuna görə onun toplama materialları içərisində təbii
olaraq xoyratlar və manilər əsas yer tutur.
Türk dünyasında
Əta Tərzibaşı
Kərkük xoyratlarının
və manilərinin əsas toplayıcısı
kimi qəbul olunur. Kərkük xoyratları və nümunələrini toplayanlar
içərisində ən
zəngin sərvət
Əta Tərzibaşıya
məxsusdur. O, hətta
bir xoyrat və ya maninin
bir neçə variantını toplayıb
əldə etməklə,
bu janrın Türkman Elinin bütün bölgələrində
fərqli şəkildə
yarandığını və
yayıldığını diqqət mərkəzinə
çəkmişdir. Bu isə
xoyratların və manilərin geniş dairədə yayıldığını
göstərməklə bərabər,
həm də Kərkük-türkmən xalqının
mənəvi zənginliyini
əyani şəkildə
nümayiş etdirmək
deməkdir. Bu mənada,
Əta Tərzibaşı
Kərkük Elinin zəngin mənəvi sərvətlər xəzinəsinin
əsas toplayıcısı
və tədqiqatçısı
olduğunu nümayiş
etdirir.
Əta Tərzibaşı Kərkük
xoyratları və maniləri ilə yanaşı, ilk dəfə
olaraq Türkman Elinin şərqilərini
və türkülərini
də yazıya almışdır. Bu şərqilər
və türkülər
Kərkük türkmanlarının
könül dünyasının
nə qədər geniş və zəngin olduğunu nümayiş etdirir. Əta Tərzibaşı,
eyni zamanda Kərkük havalarını,
yəni xalq mahnılarını da toplayıb,
onların melodiyasını
xalqa çatdırmaq
vəzifəsini də
həyata keçirmişdir.
Bütün bunlara görə bir çox Kərkük şərqiləri və türkülərinin xalq mahnısı kimi bu gün də
yaşadılması və
ifa edilməsinin davam etdirilməsi, yaddaşlara həkk olunması Əta Tərzibaşının xidmətidir.
Beləliklə, Kərkük
xalq mahnıları
ilk dəfə Əta
Tərzibaşı tərəfindən
yazıya alınaraq
tam halda xalqın mənəvi sərvəti
kimi yenidən həyata qaytarılmışdır.
Bundan başqa, Əta
Tərzibaşı ilk dəfə
olaraq Kərkükdə
geniş yayılmış
"Arzu Qənbər"
dastanını da toplamış,
sistemə salmış,
bitkin bir hala gətirmiş və 1964-cü ildə Bağdadda kitab halında nəşr etdirmişdir. Onun Kərkük aşıq ədəbiyyatına
dair toplama materialları və araşdırmaları da folklorşünaslıq
baxımından mühüm
əhəmiyyətə malikdir.
Ümumiyyətlə, Əta Tərzibaşı
Kərkük türkmanlarının
zəngin folklor xəzinəsini yaratmışdır.
Əta Tərzibaşının
topladığı şifahi
xalq ədəbiyyatı
nümunələri Kərkük
Elinin mənəvi pasportu və milli kimlik sənədləridir.
Əta Tərzibaşı
zəngin Kərkük
folklor irsini toplayıb yeni nəsillərə
çatdırmaqla Türkman
Elinə pozulmaz Kərkük möhürü
vurmuşdur.
Toplama işi ilə yanaşı, Əta Tərzibaşının fəaliyyətində
tədqiqatçılıq da mühüm yer tutur. O, Kərkük folklorunun ən mahir tədqiqatçısıdır.
Daha doğrusu, Əta Tərzibaşı
çoxillik ardıcıl
fəaliyyəti sayəsində
Kərkük folklorşünaslıq
məktəbi yaratmışdır.
Görkəmli alimin topladığı Kərkük
folkloru nümunələrinə
aid apardığı araşdırmalar,
yazdığı məqalələr
onun fəaliyyətini
tamamlayır. Əta Tərzibaşının folklorşünaslığa
dair tədqiqatları
Kərkük folklorunun
mühüm elmi əsaslarını təşkil
edir. O, Kərkük folklorunu dərindən tədqiq etməklə bu zəngin mənəvi xəzinənin
obyektiv elmi qiymətini vermişdir. Onun folklorşünaslıq
tədqiqatları Kərkük
şifahi xalq ədəbiyyatı nümunələrinin
daxili məntiqindən
çıxarılaraq elmi
cəhətdən əsaslandırılmış
tədqiqatlardır. Əta
Tərzibaşının folklorşünaslıq
tədqiqatları Kərkük
folklorşünaslıq elminin
möhkəm elmi bünövrəsini təşkil
edir.
Əta Tərzibaşının tədqiqatlarında folklorla
yanaşı, yazılı
ədəbiyyatın araşdırılması
da mühüm yer tutur. O, Kərkük şairlərinin şeirlərini
toplayaraq ilk dəfə
şeir antologiyası
kimi nəşr etdirmiş və onlara müqəddimələr
yazmışdır. Bu müqəddimələrdə
Kərkük şairləri
haqqında zəruri elmi məlumatlar və dəyərləndirmələr
öz əksini tapmışdır. Bütövlükdə
Kərkük yazılı
şeirini elmi tədqiqatları ilə geniş ictimaiyyətə
çatdırması Əta
Tərzibaşının ədəbiyyatşünaslıq
sahəsində mühüm
xidmətidir.
İraqda yaşayıb, Məhəmməd
Füzulidən yazmamaq,
ondan söz açmamaq mümkün deyildir. Əta Tərzibaşı da öz
Füzulinaməsini meydana
qoymuşdur. İraqda
yaşayıb-yaratmış böyük Azərbaycan şairi Məhəmməd
Füzuli haqqındakı
tədqiqatları da Əta
Tərzibaşının Kərkük
ədəbiyyatşünası kimi borcu və
vəzifəsi olaraq meydana çıxmışdır.
Əta Tərzibaşının məqalələrində Məhəmməd
Füzuli haqqında, nəinki geniş oxucu kütləsinə, hətta tədqiqatçılara
az məlum olan məlumatlar vardır. Məhəmməd
Füzulinin "ailə
həyatının türkcə
ilə yoğrulmuş
olaraq keçməsi",
şairin dörd dildə, yəni "bəlli üç dildən (Azərbaycan, fars və ərəb
dillərindən - İ.H.) ayrı əski Tatar ləhcəsində, yaxud Monqolca" da şeirlər
yazması, ilk dəfə
Katib Çələbinin
"Füzulini öz
adı ilə Məhəmməd ibn Süleyman"
deyə adlandırdığını
təqdim etməsi, Sadiqinin "şairin otuz min beytlik şeiri arasında ərəbcə divanını
görməsi" kimi
məlumatları ərəb
və türkman mühitində səsləndirən
Əta Tərzibaşı
geniş mənada, Füzulişünaslığı da zənginləşdirmişdir. Onun
Füzulinin ərəb
dilində yazılmış
qəsidələri və
"Mətləül-etiqad" əsəri haqqında yazdığı məqalələr
təkcə türkmən
mühiti üçün
deyil, bütövlükdə
Məhəmməd Füzulini
araşdıran hər
bir tədqiqatçı üçün
qiymətli elmi mənbələrdir. Məhəmməd
Füzulinin dünya şöhrəti haqqında
deyilmiş aşağıdakı
fikirlər elmi cəhətdən qiymətli
olmaqla bərabər, həm də Əta Tərzibaşının
bu böyük sənətkara bəslədiyi
xüsusi rəğbəti
ifadə edən qənaətlər kimi də əhəmiyyətlidir:
"Artıq Füzuli
dünyaca tanınmış
bir şair olaraq könüllərdə
yaşamaqdadır. Batıdan
daha çox doğuda ün salan şairimizin gün keçdikcə tanınma çevrəsi genişlənməkdədir. Həyatı
hər gün bir az da aydınlaşmaqla
dəyəri artmaqdadır".
Əta Tərzibaşı Kərkük
mühitində böyük
Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyar
haqqında ilk məqalə
yazanlardan biridir. Bağdadda çıxan
"Qardaşlıq" jurnalında
1964-cü ildə çap
olunmuş "Şəhriyar"
məqaləsi Əta
Tərzibaşının bir
az əvvəl Təbrizə etdiyi səfəri zamanı Məhəmmədhüseyn Şəhriyarla
görüşü əsasında
yazılmışdır. Tanıtma
xarakteri daşıyan
məqalədə Məhəmmədhüseyn
Şəhriyarın qısa
tərcümeyi-halı və
əsərlərinin nəşri
haqqında məlumat verilmiş, ölməz sənəti yüksək
qiymətləndirilmişdir. Aşağıdakı dəyərləndirmə
Əta Tərzibaşının
Şəhriyar sənətinin
möhtəşəmliyi haqqındakı
elmi baxışlarını
əyani şəkildə
nümayiş etdirir: "Bu gün İranın ən böyük şairi olaraq tanınan Şəhriyar, eyni zamanda Türk şeir aləmində də müstəsna bir yer tutan
dəyərli bir simadır. Əslən və şəxsən türk olan bu şair özünü
ən çox türk ədəbiyyatı
çevrəsində "Heydər
babaya salam" adlı şeir kitabı ilə tanıtmışdır... Şeirlə
zirvəyə çatmış
böyük bir sənətkar olan Şəhriyar əsərləri
ilə həm insanlığa, həm də avam təbəqəsinə
müraciət edən
və oxucular üzərində dərin
təsirlər icra edən mümtaz bir şəxsiyyətdir. Üslubu parlaq və cazibəlidir. Bunu anlam və
mövzu etibarilə də yeni və canlı bir şah əsər saydığımız "Heydər
babaya salam" kitabında yaxından görməkdəyiz. ...O, hər
zaman təqlidçilikdən qaçmış, tanınmış
ustad bir sənətkarın başarılı
tərənnümlərini özündə toplamışdır.
...Bu uca sənətkar
İstanbul kimi bir mühitdə yaşamış
olsaydı, görəcəyi
təqdir və təşviq sahəsində
türk ədəbiyyatına,
kim bilir, neçə qiymətli əsərlər ərməğan
edərdi".
"Şəhriyar"
məqaləsində, həmçinin
şairin şəxsi
həyatı və güzəranın çətinlikləri
haqqında da Əta Tərzibaşının acı
təəssüratları da nəzərə çatdırılmışdır.
Bu təəssüratlar Məhəmmədhüseyn
Şəhriyarın həyatı
mühitini dərindən
başa düşmək
üçün çox
əhəmiyyətlidir: "Yaşının çox
irəliləməsinə baxmayaraq,
(o zaman Şəhriyar 59 yaşında
imiş - İ.H.), onu
fəna ir nalət içərisində
yıpranmış və
hüznlə mücəssəm
bir timsal olaraq gördüm. ...Aldığı az-çox
əməkli aylığı
ilə yaşayaraq, Təbrizdəki evində özünü ibadətə
qapdıraraq, çox
mütəvazi... bir həyat yaşamağa öyrətmişdir. Özü
mötədil bir şair olub, dini və insani
duyğuları daşıyır.
Çox mütəvazi,
sakin və alicənab bir insan olan Şəhriyar
indi çap olunmamış şeirlərini
hazırlamaqla məşğul
olmaqdadır... Dəyərli
şair Şəhriyarla
görüşdüyüm əsnada kəndisinin oralarda təqdir görüb-görmədiyini soruşduğumda
"Əziyyət görməməyim
də, təqdir istəmirəm" - şəkildə
cavab vermişdi!".
Əta Tərzibaşının "Şəhriyar" məqaləsi
bu görkəmli Azərbaycan şairini
İraq-türkman mühitində
tanıtmaq baxımından
ilk addım kimi mühüm əhəmiyyətə
malikdir. Bütövlükdə
isə, "Şəhriyar"
məqaləsi türk
dünyasında Məhəmmədhüseyn
Şəhriyar haqqında
şairin özü ilə görüşün
təəssüratları əsasında
yazılmış ilk məqalələrdən
biri kimi də əhəmiyyətlidir.
Ədəbiyyatşünaslıq məsələləri ilə ardıcıl olaraq məşğul olan Əta Tərzibaşının
Azərbaycan klassik ədəbiyyatının görkəmli
nümayəndəsi Cahan
şah Həqiqi haqqında 1973-cü ildə
yazdığı "Cahan
şahın türkcə
şeirləri" adlı
məqalə həyatı
və yaradıcılığı
o zamana qədər az öyrənilmiş şair-hökmdar haqqında
mühüm bir mənbədir. Divan ədəbiyyatına
həsr edilmiş silsilə məqalələri,
klassik türk şeirində dil və üslub məsələlərindən bəhs
edən araşdırmaları
Əta Tərzibaşının
orta əsrlər ədəbiyyatına dair elmi cəhətdən əhəmiyyətli elmi əsərləridir. "Nəsrəddin
Xoca haqqında yeni bilgilər" məqaləsində
türk dünyasında
məşhur olan bu hazırcavab və müdrik lətifəçinin tərcümeyi-halının
naməlum səhifələri
açıqlanmışdır. Eyni zamanda İraqda
yaşayıb-yaratmış Əzbil şairi Qəribi, uşaqlığı
Kərkükdə keçən,
"Kərkük mənim
cənnətimdir" - deyən
şairi Xalidə Nüsrət Zorlutun, Hicri Dədə, Kərkük şairlərindən
Əbdülqədir Fariz,
Molla Sadıq və başqaları haqqındakı məqalələr
bu sənətkarlardan
söz açan ilk mənbələrdir. Türkiyə
ədəbiyyatından Namiq
Kamal, Yəhya Kamal Bayatlı
və başqalarına
dair araşdırmaları
türk ədəbiyyatının
Kərkük ellərində
tanıdılmasına xidmət
edir. Türk Dil Qurumunun üzvü
kimi Əta Tərzibaşı Kərküklə
Türkiyə elmi-ədəbi
mühiti və türk dünyası arasında etibarlı körpülərin yaradılması
yollarında ardıcıl
olaraq, dönmədən
fəaliyyətini davam
etdirmişdir.
Azərbaycan-Kərkük ədəbi-elmi əlaqələrinin
inkişafında da Əta
Tərzibaşının xidmətləri
ayrıca qeyd edilməyə layiqdir. Məhəmməd Füzuli
haqqındakı məqalələr
silsiləsi Əta Tərzibaşının Azərbaycan
ədəbiyyatının öyrənilməsi
sahəsindəki böyük
xidmətidir. "Şəhriyar"
məqaləsində Azərbaycan
şəhriyarşünaslığını
zənginləşdirəcək qiymətli faktlar vardır. "Şimali Azərbaycanda türkmənoloji
araşdırmaları" adlı məqaləsində
isə Əta Tərzibaşı Azərbaycan-Kərkük
elmi-ədəbi əlaqələrinin
1950-1977-ci illəri əhatə
edən mükəmməl
bir salnaməsini yaratmışdır. Əhməd
Ağaoğluna həsr
edilmiş məqaləsi
ilə Əta Tərzibaşı Azərbaycan
xalqının ədəbiyyatı
ilə yanaşı, ictimai fikrinə də yaxından bələd olduğunu və rəğbət bəslədiyini diqqətə
çatdırmışdır. Əlibəy Hüseynzadənin
türkçülük baxışları
haqqındakı fikirlərində
də Əta Tərzibaşının Azərbaycan
mütəfəkkirinin ideyalarına
müsbət münasibəti
ifadə olunmuşdur.
Əta Tərzibaşı Kərkük
danışıq dilinin
Azərbaycan dili ilə "çox yaxın və bəlkə əkiz qardaşlar olduğu"nu
elmi cəhətdən
əsaslandırılmış şəkildə təqdim
etmiş, şifahi və yazılı ədəbiyyatlarımız arasındakı
doğmalıq haqqında
qiymətli fikirlər
irəli sürmüşdür.
İraq-türkman və
Azərbaycan ədəbiyyatına
həsr edilmiş elmi əsərləri ilə Əta Tərzibaşı ayrı-ayrı
ölkələrdə yaşayan
və bir-birinə doğma olan xalqın böyük elm xadimi olduğunu isbat etmişdir. Əta Tərzibaşının
görkəmli Azərbaycan
ziyalıları - xalq
şairi Rəsul Rza, Həmid Araslı, Abbas Zamanov, Mirzəağa Quluzadə,
Yaşar Qarayev, Sabir Rüstəmxanlı, Qəzənfər
Paşayev, Ayaz Vəfalı
ilə yazışmaları
və görüşləri
ədəbi əlaqələrimizin,
ədəbiyyatların və
mədəniyyətlərin birliyinin qiymətli səhifələridir. Bununla
belə, Əta Tərzibaşının həyatı
və yaradıcılığı
tam halda Azərbaycan kərkükşünaslığının yaradıcısı professor Qəzənfər
Paşayevin tədqiqatları
vasitəsilə xalqımıza
çatdırılmışdır. Qəzənfər Paşayev
Kərkük elmi-ədəbi
mühitinə həsr
etdiyi çoxsaylı
araşdırmalarında Əta
Tərzibaşının çoxcəhətli
fəaliyyətindən və
elmi xidmətlərindən
də bəhs etmişdir. Onun 2016-cı ildə Bakıdakı
"Təhsil" nəşriyyatında
çapdan çıxmış
"Əta Tərzibaşının
folklorşünaslıq fəaliyyəti"
adlı monoqrafiyası
Azərbaycanda bu görkəmli İraq-türkman
aliminə həsr olunmuş ilk genişhəcmli
tədqiqat kimi mötəbər bələdçi-mənbə
hesab olunur. Hazırda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
əməkdaşı Orxan
İsayevin Əməkdar
elm xadimi, professor Qəzənfər
Paşayevin rəhbərliyi
ilə "Əta Tərzibaşının ədəbiyyatşünaslıq
fəaliyyəti" mövzusunda
apardığı tədqiqat
işi görkəmli
İraq-türkman tədqiqatçısına
həsr edilmiş birinci dissertasiya kimi onun elmi
fəaliyyətinin sistemli
şəkildə öyrənilməsinə
əhəmiyyətli elmi
töhfədir.
Əta Tərzibaşının həyatı və elmi fəaliyyətinin türk dünyasında tanıdılması və
təbliğində tanınmış
türkman şairi və tədqiqatçısı
Şəmsəddin Kuzəçinin
böyük xidməti
vardır. Ümumiyyətlə,
Şəmsəddin Kuzəçi
İraq-türkman ədəbiyyatının
toplanması, tədqiqi
və nəşri sahəsində ardıcıl
olaraq fəaliyyət göstərən fədakar
ziyalıdır. Onun
İraq-türkman ədəbiyyatına
dair araşdırmaları
və toplama materialları bu ədəbiyyatın çoxcildlik
salnaməsidir. Şəmsəddin
Kuzəçi həm
də müasir dövrdə Kərkük
türkman ədəbiyyatının
əsas yaradıcılarından
biridir. Şəmsəddin
Kuzəçinin şeirləri,
sanki Kərkük ədəbiyyatının yazılı
türkman xoyratlarıdır.
O, xoyrat janrının
yazılı örnəklərini
yaratmağın mükəmməl
nümunəsini göstərir.
Həm də tədqiqatçı
kimi fəaliyyət göstərən Şəmsəddin
Kuzəçinin rəhbərlik
etdiyi Türkman Mədəniyyəti Mərkəzi
İraq-türkman ədəbiyyatının
toplanılması, araşdırılması
və nəşri işinə ardıcıl
olaraq uğurla xidmət edir. Türkiyədə fəaliyyət
göstərən Türkman
Mədəniyyət Mərkəzinin
dünya türkman ziyalılarını öz
ətrafında birləşdirən
və əlaqələndirən
qurum kimi nəşr etdirdiyi kitablar, həyata keçirdiyi ədəbi-mədəni
tədbirlər indiki dövrdə İraq türkmanlarının
zəngin ədəbi
irsini beynəlxalq miqyasda təbliğ etmək missiyasına şərəfli bir nümunələrdir. Şəmsəddin
Kuzəçinin Türkman
Mədəniyyət Mərkəzi
Azərbaycanla əlaqələrin
daha da genişləndirilməsi
sahəsində də
geniş iş aparır. Azərbaycan
Milli Elmlər Akademiyasının
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Folklor İnstitutu ilə Türkman Mədəniyyət Mərkəzi
arasında 2024-cü ildə
imzalanmış müqavilələr
Kərkük elmi-ədəbi
mühiti ilə ölkəmizin tədqiqatçılarının
əlaqələrinin genişləndirilməsində
yeni üfüqlər açır.
Bütün bunlarla bərabər,
görkəmli elm xadimi,
böyük folklorşünas
Əta Tərzibaşının
həyatı və çoxcəhətli fəaliyyəti
bu vaxtadək ayrıca bir elmi-tədqiqat əsərində
"Əhatəli şəkildə,
bütün yönləri
ilə araşdırılıb
təqdim olunmamışdır.
Doğrudur, hələ
2004-cü ildə Elçin
Şükürlü "Qardaşlıq"
jurnalında çap etdirdiyi "Kərkükdə
keçən bir türk bilgini Əta Tərzibaşı"
adlı məqaləsində
görkəmli alimin bioqrafiyasını ilk dəfə
elmi ictimaiyyətə
təqdim etmişdir. Bundan başqa, Sübhi Saatçının
2014-cü ildə "Türkmən
eli" jurnalında çap etdirdiyi "Əta Tərzibaşının
həyatından cizgilər"
məqaləsində də
onun tərcümeyi-halının
bir çox mühüm məqamlarından
söz açılmışdır.
Eyni zamanda Nevzat Kevsəroğlunun
2016-cı ildə hələ
ustad ədəbiyyatşünasın
sağlığında Kərkük
Vəqfi tərəfindən
çap edilmiş Əta Tərzibaşının
"Füzuli haqqında
yazılar" kitabının
giriş hissəsinə
"Əta Tərzibaşının
həyatı və əsərləri" adlı
nisbətən geniş
bir məqalə daxil edilmişdir. Məqalədə tərcümeyi-halı
yığcam şəkildə
verilmiş fədakar ədəbiyyatşünas alimin
əsasən, çap
olunmuş əsərlərinin
qısa annotasiyaları
təqdim olunmuşdur.
Bu baxımdan, Əta Tərzibaşının həyatı
və fəaliyyətinin
tam halda araşdırılıb
öyrənilməsi kimi
məsuliyyətli və
şərəfli vəzifəni
ilk dəfə olaraq Şəmsəddin Kuzəçi
həyata keçirmişdir.
Onun geniş oxucu auditoriyasına və elmi ictimaiyyətə
təqdim etdiyi "Kərkükün təməl
daşı Əta Tərzibaşı" kitabı
türk dünyasında
bu sahədə olan boşluğu doldurur. Bu, Əta Tərzibaşının çoxcəhətli
elmi fəaliyyəti və publisistikası haqqında yazılmış
birinci ensiklopedik kitabdır.
Şəmsəddin Kuzəçi ilk dəfə
olaraq Əta Tərzibaşının elmi
tərcümeyi-halının tam mənzərəsini yaratmışdır.
Əta Tərzibaşının
həyatı və mühiti, təhsili, vəkillik və jurnalistlik fəaliyyəti,
folklorşünaslıq sahəsindəki
yorulmaz çalışmaları
ilə bir sırada, həm də onun həyatının
məşəqqətli illəri:
sürgündə olduğu,
Kərkük soyqırımı
dövrü, təqib
olunması, əsərlərinin
senzura təzyiqlərinə
məruz qalması və sair kimi
ağır tərcümeyi-hal
faktları da Şəmsəddin
Kuzəçinin dili ilə şahidlərin yaddaşı əsasında
və sənədlərin
işığında araşdırılaraq
elmi-publisistik şəkildə
təqdim olunur. Şəmsəddin Kuzəçinin
kitabı, sanki Əta Tərzibaşının
həyatının və
taleyinin sənədli
romanıdır. Bu orijinal
elmi-publisistik əsəri
Əta Tərzibaşının
Şəmsəddin Kuzəçi
tərəfindən yazılmış
gündəlikləri də
adlandırmaq olar. Şəmsəddin Kuzəçi
Əta Tərzibaşının
həyatı və mühitini onun müasirləri ilə əlaqəli şəkildə
təsvir etməklə,
geniş mənada, bu görkəmli alimin tərcümeyi-halının
əsasında Kərkük
dünyasının bir
əsrlik salnaməsini
yaratmağa müvəffəq
olmuşdur. Kitabda Əta Tərzibaşının
xalqa və elmə həsr edilmiş tərcümeyi-halı
Kərkük elatının
- Türkman Elinin taleyi və təkamül yolunun salnaməsi səviyyəsində
ümumiləşdirilmişdir.
Əta Tərzibaşının elmi və publisistik
fəaliyyəti Şəmsəddin
Kuzəçinin kitabında
sistemli şəkildə
araşdırılaraq təqdim
olunur. İndiyəqədərki
araşdırmalarda əsas
diqqət daha çox Əta Tərzibaşının ədəbiyyatşünaslıq
fəaliyyətinə, şifahi
xalq ədəbiyyatının
toplanılması və
nəşr edilməsi
sahəsindəki xidmətlərinə
yönəldildiyi üçün
onun mətbuat sahəsindəki işi tədqiqatlarda özünün
layiqli yerini ala bilməmişdir. Şəmsəddin
Kuzəçi Əta
Tərzibaşının mətbuat
sahəsindəki çoxillik
fəaliyyətini diqqətlə
öyrənmiş və
faktlar əsasında işıqlandırmışdır. İlk dəfə bu kitabda Əta Tərzibaşının jurnalistlik
fəaliyyətinin bütün
gedişatı elmi şəkildə işıqlandırılmışdır.
Bundan başqa, Əta
Tərzibaşının əlyazmaçı
kimi fəaliyyəti haqqında demək olar ki, söz açılmamışdır. Şəmsəddin Kuzəçi
Əta Tərzibaşının
əlyazmaların toplanılması
və araşdırılması
sahəsindəki xidmətlərinin
miqyasını və
mahiyyətini ilk dəfə
olaraq elm dünyasının
üzünə açmışdır.
Təqdim olunan araşdırmalardan anlaşılır
ki, Əta Tərzibaşının
şəxsi mənzilində
yaratdığı Əlyazmalar
arxivi İraq türkmanlarının
tarixi və taleyinin çoxcildlik külliyyatıdır. Əta
Tərzibaşının əlyazmalar
arxivi Kərkük dünyasını milli varlığı
və mənəvi zənginliyi, bu xalqın tarixi və ədəbiyyatının
zəngin xəzinəsidir.
Şəmsəddin Kuzəçi
bu istiqamətdəki araşdırmaları ilə
Əta Tərzibaşının
Əlyazmalar arxivinin açarını bir ailənin sərvəti olmaqdan çıxarıb,
geniş mənada, Kərkük xalqının
və türk dünyasının üzünə
açmışdır.
Əlbəttə, Əta Tərzibaşının
folklor və ədəbiyyat çalışmaları
Şəmsəddin Küzəçinin
gözü ilə də təhsildən və tədqiqatdan keçirilmişdir. Müəllifin
Əta Tərzibaşını
yaxından tanıması
və onun iş şəraiti və tədqiqatçılıq
üsuluna şəxsən
bələd olması
bu istiqamətdə də fərqli müşahidələrin meydana
çıxmasına səbəb
olmuşdur. Şəmsəddin
Kuzəçinin kitabında
oxucu tədqiqatçı
Əta Tərzibaşını
yalnız masa arxasında
yox, həm də oba-oba gəzdiyi Kərkük ellərinin ocaq başında da görmək
imkanı qazanır.
Bu yolla Şəmsəddin
Kuzəçi Əta
Tərzibaşıdan həm
də "yüksək
insani duyğulara sahib
olan şəxsiyyət"
kimi də bəhs etmişdir. İllər keçdikcə,
bu böyük el ağsaqqalını tanıyanlar azaldıqca, Şəmsəddin Kuzəçinin
əsl insan və şəxsiyyət kimi Əta Tərzibaşıdan
söz açdığı
məqamların qiyməti
daha da çoxalacaqdır.
Çünki şəxsiyyətin daxili mahiyyətini açmadan onun fəaliyyətinin və xidmətlərinin əsl qiymətini vermək mümkün deyildir. Şəmsəddin
Kuzəçi Əta
Tərzibaşıdan şəxsiyyət
kimi bəhs etməklə, gələcək
nəsillər və tədqiqatçılar üçün
həmin sərvəti
kağızlara köçürərək
elmi mühitə gətirmişdir.
Məlum olduğu kimi, görkəmli İraq-türkman
tədqiqatçısı Əta Tərzibaşının
məqalələrini ilk dəfə
Nevzat Kevsəroğlu
toplayıb, 2016-cı ildə
İstanbulda kitab halında
çap etdirmişdir.
Lakin həmin kitab adında
da ifadə olunduğu
kimi, Əta Tərzibaşının "Füzuli
haqqında yazılar"ından,
elmi-publisistik məqalələrindən
ibarətdir. Nevzat Kevsəroğlu "Əta
Tərzibaşının Füzuli
haqqında araşdırma
yazıları" adı
ilə böyük Azərbaycan şairinə
həsr edilmiş 20 məqaləsini oxuculara çatdırmışdır. Bundan sonra, Şəmsəddin
Kuzəçi də
Mustafa Ziya ilə birlikdə Əta Tərzibaşının müxtəlif
mövzularda yazılmış
seçmə məqalələrinin,
o cümlədən, Məhəmməd
Füzulidən bəhs
edən 4 məqaləsinin
2018-ci ildə Ankarada
"Məqalələr" şəklində nəşrini
həyat keçirmişdir.
Şəmsəddin Kuzəçinin
Əta Tərzibaşıya
həsr etdiyi kitabında Azərbaycan oxucularına təqdim etdiyi məqalələr Türkiyə nəşrinə
edilmiş əlavələrlə
daha da təkmilləşdirilmişdir.
Bu kitabda Əta Tərzibaşının bir
neçə məqaləsi
ilk dəfə elmi ictimaiyyətə çatdırılır.
Azərbaycanda nəşr
edilən məqalələri
böyük türkman
alimi Əta Tərzibaşının həyatı
və fəaliyyətinin
tam halda elmi ictimaiyyətə təqdim
edilməsi baxımından
mühüm əhəmiyyətə
malikdir. Təqdim edilən məqalələr
ədəbi əlaqələrimizin
tarixi köklərini və ənənələrini
öyrənmək baxımından
da əhəmiyyətli addımdır.
"Kərkükün
təməl daşı
Əta Tərzibaşı"
kitabına ilk dəfə
olaraq görkəmli
elm xadiminin elmi və publisistik kitabların, onun haqqında yazılmış
elmi əsərlərin
və şeirlərin
biblioqrafiyası da daxil
edilmişdir. Biblioqrafiyada
Əta Tərzibaşının
19 kitabından başqa,
onun haqqında yazılmış kitabların
və tədqiqat əsərlərinin, magistr
dissertasiyası və
diplom işlərinin öz əksini tapması İraq-türkman
Tərzibaşışünaslığının
real elmi mənzərəsini
tam halda təsəvvür
etməyə imkan verir. İlk dəfə olaraq professor Qəzənfər
Paşayevin Əta Tərzibaşının Azərbaycanda
nəşr etdirdiyi kitablarının biblioqrafik
göstəricisinin də
"Kərkükün təməl
daşı Əta Tərzibaşı" kitabına
əlavə olunması
ədəbi əlaqələrin
inkişaf etdirilməsi
sahəsində uzun illərdən bəri ardıcıl və səmərəli şəkildə
fəaliyyət göstərməkdə
davam edən bu görkəmli elmi xadiminin xidmətlərinin bir daha nəzərə çatdırılması mənasında
əhəmiyyətli addımdır.
Əta Tərzibaşıya
həsr edilmiş 20 şeirin müəllifi haqqındakı məlumatlar
isə bu böyük alim və ictimai xadimə İraqda bəslənilən
ümumxalq məhəbbətini
diqqətə çatdırmağa
işıq salır. Nəticə olaraq böyük zəhmət bahasına hazırlanmış
bu geniş əhatə dairəsinə
malik olan biblioqrafiyanın
tərtib edilməsi və çap olunması Şəmsəddin
Kuzəçinin mühüm
elmi xidmətidir. Təqdim olunan zəngin biblioqrafik göstərici Əta Tərzibaşının həyatının
və çoxcəhətli
fəaliyyətinin faydalı
bir bələdçisidir.
Gələcəkdə Əta
Tərzibaşı haqqında
kitab və məqalə
yazanlar, dissertasiya hazırlayanlar üçün
bütövlükdə Şəmsəddin
Kuzəçinin "Kərkükün
təməl daşı
Əta Tərzibaşı"
kitabı və bu kitabda verilmiş
geniş biblioqrafik məlumatlar mötəbər
bir mənbə ola bilər.
Ümumiyyətlə, məlum olduğu
kimi, Şəmsəddin
Kuzəçi uzun illərdir ki, İraq turkmanlarının
tarixi, milli kimliyi, əhalisi, coğrafiyası,
onların nəşr
etdirdikləri mətbuat
orqanlarının fəaliyyəti
ilə əlaqədar
apardığı araşdırmaları
ilə və tərtib etdiyi şeir antologiyaları ilə tanınır. Tanınmış bir şair kimi də İraq-türkman mühitində qəbul edilən Şəmsəddin
Kuzəçi "Kərkükün
təməl daşı
Əta Tərzibaşı"
kitabı ilə həm də zəhmətkeş bir ədəbiyyatşünas olduğunu
meydana qoymuşdur. Şəmsəddin Kuzəçinin
Azərbaycanda nəşr
edilən "Kərkükün
təməl daşı
Əta Tərzibaşı"
kitabı ədəbiyyatşünaslıq
elminə qiymətli bir töhfədir. Bu, indiyə qədər Əta Tərzibaşı
haqqında yazılmış
ən əhatəli
kitab kimi də əhəmiyyətlidir. Heç
tərəddüd etmədən
"Kərkükün təməl
daşı Əta Tərzibaşı" kitabını
əhatə dairəsinin
və informasiya tutumunun genişliyinə və zənginliyinə görə "Əta Tərzibaşı ensiklopediyası"
da adlandırmaq olar. Şəmsəddin Kuzəçinin
təqdim etdiyi araşdırmalar Əta Tərzibaşının İraq-türkman ədəbiyyatşünaslıq
dünyasının zirvəsini
fəth etmiş görkəmli bir elm xadimi olduğunu isbat edir. Həqiqətən
də, Əta Tərzibaşı XX əsrdə
ərəb dünyasında
Kərkükün zəngin
şifahi və yazılı ədəbiyyatını
tədqiq və təbliğ edən ən görkəmli türkman alimidir.
Şəmsəddin Kuzəçinin "Kərkükün təməl
daşı Əta Tərzibaşı" kitabının
Azərbaycanda - Bakıda,
Milli Elmlər Akademiyasının
"Elm" nəşriyyatında nəşr edilməsi yeni
tarixi şəraitdə
elmi və ədəbi əlaqələrimizin
daha da inkişaf etdirilməsi sahəsində
atılmış qiymətli
addımdır. Bu nəşr
uzun illərdən bəri Azərbaycanla Kərkük türkmanları
arasında elmi-mədəni
əlaqələrin inkişaf
etdirilməsində böyük
xidmətləri olan,
2023-cü ildə "Azərbaycan
məqalələrim" adlı
kitabı ilə ölkəmizə aid yazdığı
araşdırmaları türk
dünyasına çatdıran,
"Azərbaycan sevdalısı"
kimi ad qazanmış Şəmsəddin Kuzəçinin
Azərbaycanla genişlənməkdə
olan əlaqələrinin
daha bir əhəmiyyətli səhifəsi
kimi də qiymətlidir. "Kərkükün
təməl daşı
Əta Tərzibaşı"
kitabı həm də 2023-cü ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun fəxri doktoru elmi adına
layiq görülmüş
doktor Şəmsəddin
Kuzəçinin Azərbaycan
elmi qarşısında
mükəmməl hesabatıdır.
Nəhayət, bu, Azərbaycan Milli Elmlər
Akademiyasında yaradılmış
"İraq-Türkman Araşdırmaları
Əlaqələndirmə Şurası"nın
fəaliyyəti dövründə
çap edilən ilk
kitab kimi də dəyərli və əhəmiyyətlidir. İnanırıq
ki, geniş mənada,
İraq-türkman ədəbiyyatının
araşdırılması və
təbliğinə kömək
edəcək bu qiymətli kitab Azərbaycan
kərkükşünaslığı üçün də mötəbər bir mənbə olacaqdır.
28 mart 2024-cü il
İsa
HƏBİBBƏYLİ
Ədəbiyyat qəzeti. - 2024.- 6 aprel, ¹11-12.- S.10-12.