Xalq yazıçısı Anar:
"Bunu ilk dəfədir açıqlayıram..."
Azərbaycan Yazıçılar Birliyinin
sədri, Xalq yazıçısı Anar Kult.az-a müsahibə
verib. AYB Mətbuat xidməti həmin müsahibəni təqdim
edir.
- Anar müəllim, keçmiş
AYO-çular bir-bir sizi müdafiə edən yazılar
yazır, müsahibələr verir. Bunu sizin qələbəniz
hesab edəkmi?
- Mən heç kəslə
müharibə aparmamışam ki, qələbə çaldığımı
hesab edim. Əleyhimə çıxanların arasında da
istedadlı adamlar olduğunu heç vaxt danmamışam.
İndi onlardan bir çoxu Yazıçılar Birliyinə
ögey münasibətin mənasız olduğunu dərk ediblərsə,
mətbuat orqanlarımızda gen-bol çap olunurlarsa, bu,
şübhəsiz ki, ədəbiyyatımızın qələbəsidir.
- Sanki siz də bir az acıq
çıxırsınız,
aşağılayırsınız. Məsələn, bir
müsahibədə keçmiş AYO-çu haqqında
"mənim bəzi yazılarım var, verirəm, tərcümə
edir" demişdiniz. Yazıçı-şairlərin
çoxu bu sözünüzü onu təhqir etməyiniz kimi
qarşıladı.
- Məsələni açıqlayaq. Mənim "Yeni
Müsavat" qəzetində dərc olunmuş müsahibəmdə
Azad Yaşar haqqında dediyim sözləri nəzərdə
tutursunuz. Ondan başlayım ki,
"yazıçı-şairlərin çoxu" deyəndə
nəyə əsaslanırsınız? Anket
paylamısınız, ya "şairlərin-yazıçıların
çoxunu" yığaraq toplantı keçirib bu nəticəni
çıxarmısınız? Üç-beş təxribatçının,
"qan çıxmayan yerdən qaşıyıb qan
çıxarmaq" istəyənin yenidən ara vurmaq təşəbbüslərini
"şairlərin, yazıçıların
çoxunun" fikri kimi qələmə vermək
düzgün deyil. Məsələnin mahiyyətinə gəldikdə
isə, deməliyəm ki, Azad Yaşarla xoş münasibətlərimiz
var, haqqında səmimi yazı da yazmışam. O vaxt sovet
dövründə Moskva qəzetləri üçün rus
dilində xeyli məqalə yazmışdım. Onları
olduğu kimi dilimizdə çap etdirmək istədim ki, o
vaxtkı mövqeyimlə indiki mövqeyim arasında ciddi bir fərq
olmadığı aydın olsun. Əlimdə başqa janrlarda
yeni yazılarım olduğu üçün bu tərcüməni
özüm çatdıra bilmədim. Azaddan xahiş etdim və
o, bu işi yüksək peşəkarlıqla etdi. Vəssalam.
Burda Azadın guya ki, təhqir olunduğunu yalnız qara qəlbli
adamlar zənn edə bilər. Elə bu günlərdə Azad
Birliyə gəlmişdi, bu məsələdən də
danışdıq və "bulanıq suda balıq
tutanlar"a güldük.
- Anarın "Tövbə qapısı"
məşhurdur, deyirlər, o, çox şeyi və çox
adamı bağışlayır. Bəs Anar Azərbaycan ədəbiyyatında
kimi bağışlamadı və bağışlamayacaq?
- Azərbaycan ədəbiyyatının klassiklərindən
tutmuş, ən görkəmli çağdaş
yazıçılarını ləkələməyə
çalışanları bağışlamadı,
bağışlamayacaq.
- Bir neçə dəfə film sektorundan, daha dəqiq desək,
ssenarilərinizə film çəkilməməyindən
şikayətlənmisiniz. Necə olur ki, xalq
yazıçısı, AYB sədri Anarı kənara qoyurlar?
Kimlər edir? Bəlkə o sahədə kimlərləsə
şəxsi davanız var?
- Əvvəla, mənim heç kəslə
şəxsi davam yoxdur. İkincisi, siz doğrudanmı, elə
hesab edirsiniz, xalq yazıçısına, ya lap elə AYB sədrinə
bütün qapılar açıqdır? Xalq
yazıçısı olmayanda da, olanda da, AYB sədri
olmayanda da, olanda da, mənim, demək olar, əksər kino (və
bəzi səhnə) əsərlərim dava-dalaşla
keçib. Qiymətləri yalnız hazır olandan, tamaşaçı
marağı və rəğbəti qazanandan sonra verilib. Dəfələrlə
dediyim kimi, on iki ildir, mənim bir ssenarim də çəkilmir.
Halbuki bu illərdə üç tammetrajlı filmin ssenarisini
yazmışam, onlardan ikisi Mədəniyyət Nazirliyi tərəfindən
bəyənilib və qəbul olunub (üçüncüsünü
təqdim etməmişəm), aybaay, ilbəil məni
arxayın edirlər ki, mütləq çəkiləcək,
intəhası, hələki vəsait tapılmır. Hər
şeyə vəsait tapılır, amma bu il 125 illik yubileyi
qeyd olunacaq böyük dramaturq Cəfər Cabbarlı
haqqında yazdığım "Azad bir quşdum"
ssenarisinin çəkilişinə pul tapılmır. Bu il də
çəkilməsə, haçan çəkiləcək?
Bu sualı mənə yox, Mədəniyyət Nazirliyinin
ünvanına yönəltsəz, daha düzgün olar.
- Sizin haqqınızda
deyilən bir iddia da budur ki, "Anar
olmasa, AYB olmayacaqdı". Özünüz bununla
razısınız? Belə çıxır ki, illər sonra
AYB ləğv olunacaq?
- Əlbəttə, razı deyiləm. Azərbaycan
Yazıçılar Birliyini mən yaratmamışam ki, mənimlə
də sona yetsin. Birlik yazıçıların tarixi
ocağı kimi həmişə yaşamalıdır. İntəhası,
mən burda sədr olmayanda, bəlkə də AYB-nin əleyhinə
olanların sayı xeyli azaldı. Ta o vaxta qədər ki, yeni
sədrdən umduqlarını - fəxri adlar, təqaüdlər,
mənzillər və sairə və ilaxır ala bilməyənlərin
yeni dalğası meydana çıxacaq. Hamı
özünü hər şeyə layiq bilir və
hamının bütün iddialarını heç kəs
ödəyə bilməz. Amma yenə də bədbin olmaq istəmirəm.
Ümid etmək istəyirəm ki, gələn nəsillərdə
yazıb-yaratmaq ehtiyacı və həvəsi
yazıb-yaratdıqlarından nəsə bir şey qazanmaq təmənnasından
üstün olacaq.
- Deyilənə görə, vaxtikən
Heydər Əliyevə müraciət eləmisiniz ki, AYB sədri
olmaq istəmirsiniz, hətta sədr olsun deyə bir neçə
adam da təklif etmisiniz. O adamlar kimlər idi ki, Heydər
Əliyev onları bəyənmədi, sizin də sədrlikdən
getməyinizə xeyir-dua və ya icazə verməyib?
- Bəli, Romadan Bakıya qayıdarkən,
təyyarədə mərhum Heydər Əliyevlə ətraflı
söhbətimiz oldu. Bütün yolboyu davam edən
üç saatlıq söhbətdən yalnız həmin məsələyə
aid parçanı deyim. Növbəti qurultayda sədrlikdən
getmək istədiyimi dedim. "Bəs səni kim əvəz
edəcək?" - deyə xəbər aldı. Üç nəfərin
adını çəkdim. Bunu ilk dəfədir
açıqlayıram: Yusif Səmədoğlu, Sabir Rüstəmxanlı,
Zəlimxan Yaqub. Prezident: "Bilirsən ki, mənim hər
üçünə böyük hörmətim var, - dedi. - Hər
üçünü yüksək dəyərləndirirəm
(indi onu da əlavə edə bilərəm ki, Prezident Yusif Səmədoğlunun
və Sabir Rüstəmxanlının yubileylərində
şəxsən iştirak etmişdi. Çin səfərinə
Yusifi, Sabiri, Zəlimxanı aparmışdı).
Yazıçılar Birliyinin beynəlxalq əlaqələrinin
çox vacib olduğu indiki vaxtda sənin sədr
qalmağın məsləhətdir". Heydər Əliyev
"məsləhətdi" sözünü işlətdi.
O, heç vaxt yazıçılarla söhbətdə
"icazə vermək" kimi ifadələr işlətməzdi.
- Bəs sonralar niyə sədrlikdən
getmək istəmədiniz?
- Sonralar da dəfələrlə bu fikrə
düşmüşəm. Amma bədxahlarım məni devirməkçün
elə naqis iş olmadı ki, ona əl atmamış olsunlar:
yüksək rütbəli məmurlardan tutmuş,
varlı-karlı oliqarxlara qədər, kim qaldı "məni
yıxmaqçün" elçi salmasınlar? Mətbuatda,
saytlarda iftira, böhtan, yalan qalmadı ki, ünvanıma
yağdırmasınlar! Beş-on adamla "mitinq"
keçirib Yazıçılar Birliyində çevriliş
etməyə çalışdılar. Belə bir şəraitdə
istefa verib qaragüruhun qabağından qaçmaq olmazdı.
Mən işi bir az çətinə düşən kimi
bir-iki gurultulu cümlə deyib aradan çıxanlardan deyiləm.
Özümü güclü sayıram, çünki arxamda
Allah, həqiqət və məni layiqincə tanıyan və
dəyərləndirən xalq durur. Heç vaxt, heç bir hərəkət
etməmişəm ki, onunçün gözüm kölgəli
olsun. Yazıçıların əksəriyyəti də -
qocasıyla, cavanıyla - məni məhz buna görə dəstəkləyir.
Beş qurultayda yekdilliklə (sonuncu qurultayda iki səs istisna
olmaqla) sədr seçilməyim bunun əyani göstəricisidir.
Qurultay nümayəndələrindən bircəsi də deyə
bilməz ki, mənə səs vermələri
üçün onlara hardansa - yuxarıdan,
aşağıdan, sağdan, soldan göstəriş, ya təzyiq
olub. Demokratiya dedikləri də elə budur da. Yalnız öz
iradələriylə lehimə səs verdikləri
üçün bir daha doğma yazıçılar
kollektivinə dərin minnətdarlığımı bildirirəm.
Amma məsələyə həm də ayıq başla
baxıram. Yaxşı dərk edirəm ki, mənə səs
verənlərin bir qismi nəyə görə bu seçimi
edir. Çünki yazıçıların bir neçəsi
bu vəzifədə özünü, ya yerlisini, ya ən
azı, ona nələrsə vəd verən adamı görmək
istərdi. Amma iş ondadır ki, vəzifə bir,
iddiaçılar isə çoxdur, bu onu, o bunu bu vəzifədə
görmək istəməz. Yerlər də müxtəlifdir
axı, bu bölgədən olan adam başqa bölgədən
olanı o kürsüdə görmək istəməz. O ki
qaldı vəd verməyə, icrası çətin, ya
imkansız olan boş vədlər verməyə nə var ki.
"Hamam suyuyla dost tutmaq" ən asan işdir. Odur ki,
bütün bu götür-qoylardan sonra "yenə Anar
yaxşıdır" qərarına gəlirlər.
Sualınıza tutarlı cavab verə bildimmi?
- AYB-yə əks olan
yazıçı-şairlər deyir ki, Anarın Çingiz
Abdullayevdən xoşu gəlmir, onun linç olunmasında əli
var. Məsələn, Azərbaycan dili ilə bağlı olan
foruma Çingiz Abdullayevi qəsdən göndərmişdiniz?
- Suallarınızın
tonundan duyulur ki,
Yazıçılar Birliyinə asi olanlardansız. Amma mən
həmişə ən tikanlı sualları da
cavablandırmağa hazıram. Odur ki, naməlum
yazıçı-şairlərin adından verdiyiniz bu absurd
sualı da cavabsız qoymuram. Heç bir yerdən heç bir
təklif, göstəriş, ya təsir olmadan 36 il bundan əvvəl
mən şəxsi təşəbbüsümlə
Çingiz Abdullayevi təşkilat məsələləri
üzrə katib gətirdim. Nizamnaməmizə görə bu vəzifəyə
Qurultayda seçilmirlər. Birliyin rəhbəri tərəfindən
təyin olunurlar. Yəni, Çingizin bura gəlməsi ancaq və
ancaq mənim şəxsi təşəbbüsümdür.
Sonrakı qurultaylarda Çingiz mənim təklifimlə təşkilat
katibi yox, tamhüquqlu katib seçildi. Bütün bu illər
ərzində tam anlaşıqlı və
qarşılıqlı hörmət şəraitində
işləyirik. Etilbarlı dostum Fikrət Qocanın vəfatından
sonra yenə də mənim təklifimlə Çingiz Birliyin
Birinci katibi seçildi. Hansı əbləh məntiqlə mən
Çingizi "linç etmək" fikrinə düşməliyəm?
Çingiz hər gün neçə yerdə
çıxış edir. Hamısına onu nə məqsədləsə
mən göndərirəm? Hələ çox illər bundan
əvvəl də indiki iftiraçıların eyni
ağılda olan sələfləri şayiə
buraxmışdılar ki, guya mən Çingizin əleyhinə
imza toplayırmışam. Görünür, səfehlik də
nəsildən-nəsilə miras kimi keçir. Belələri
öz davranışlarını başqalarına aid etməkdə
pərgardırlar. Bəzən mənə elə gəlir ki,
bu sayaq adamlar güzgüdə özlərinə baxıb məni
görürlər.
- Anar müəllim,
sizə elə gəlmir ki, sədr
olmasanız, bu gün daha çox sevilərdiniz? Məlumdur
ki, bəzi insanlar tərəfindən sevilməmə səbəbiniz
həm də 30 il sədr olmağınızdır.
- Mən otuz il yox, otuz yeddi ildir ki,
Yazıçılar Birliyinin rəhbəriyəm. Odur ki, sizin
təbirinizcə, "sevilməməyim"in tarixi yeddi il də
artıqdır. Məsələ ondadır ki, mən heç
vaxt hamı tərəfindən sevilməyi qarşıma məqsəd
qoymamışam. Məncə, sevginin keyfiyyəti kəmiyyətindən
üstündür. Mənimçün ən vacib olan şey
boynuna götürdüyün vəzifəni namusla icra etməkdir.
Bu, birinci şərtdir. İkinci, gördüyün işin
düzgün və ədalətli anlaşılmasıdır.
Sevilib-sevilməməyini isə gərək vecinə almayasan.
37 il ərzində heç bir şey ummadan səhhətimin,
sağlamlığımın, istirahətimin, nəhayət,
yaradıcılığımın hesabına bu çətindən-çətin
işi davam etdirirəmsə, buna görə məni
qınamaq ən azı insafsızlıqdır. 86 yaşda
olmağımı mənə irad tutanlara isə sözüm
budur ki, hamısı bu yaşa çatdıqdan sonra da
çox-çox illər yaşasınlar.
- Anar müəllim,
elan etmisiniz ki, növbəti qurultayda iştirak etməyəcəksiniz.
Tam səmimi, öz yerinizə hazırda kimi
görürsünüz? Əgər əlinizdə
özünüzün seçmək kimi ixtiyarınız
olsaydı, kimi seçərdiniz?
- Mən heç vaxt heç yerdə
deməmişəm ki, növbəti qurultayda iştirak etməyəcəm.
Demişəm ki, növbəti qurultayda sədrliyə namizədliyimi
irəli sürməyəcəm. Ömür vəfa etsə,
gələn qurultayda mütləq iştirak edəcəm və
sədr vəzifəsinə ən layiqli namizədə səs
verəcəm. Onun adını isə qurultay günü ilk
olaraq məhz sizə deyəcəyimə söz verirəm.
Söhbətləşdi: Orxan
SAFFARİ
Ədəbiyyat qəzeti. - 2024.- 6 aprel, №11-12.-
S.
13.