Heydər Əliyevin milli təhlükəsizlik konsepsiyası müasirlik

 

Müasir dövrdə vüsət götürən inteqrasiya proseslərindən heç bir dövlətin kənarda qalması mümkün deyil, hətta uzaq Afrikanın və Asiyanın uzun illər izolyasiyada qalmış ayrı-ayrı xalqları da inkişaf səviyyəsindən asılı olmayaraq bu prosesin tərkib hissəsinə çevrilir, ulu öndər Heydər Əliyevin dediyi kimi, onlar da "ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfələrini verirlər". Bəzi hallarda milli qüvvələrin müqaviməti ilə qarşılaşmasına baxmayaraq, elm və texnologiya qloballaşmanı mədəni və mənəvi müstəvidə artıq reallıq faktına çevirmişdir, bu gün onun siyasi, iqtisadi, sosial strukturlarının formalaşması prosesinin getdiyini açıq-aydın görürük. Doğrudur, bu proses "ikili standartlar", "sivilizasiyalar fərqi" kimi tendensiyalı yanaşmaları hələ tarixin arxivinə göndərməyib, amma qlobal problemlərin, xüsusilə, ekoloji problemlərin aradan qaldırılması sahəsində birgə fəaliyyətin müsbət nəticələri artıq özünü hiss etdirməkdədir. Onu bəri başdan qeyd edək ki, xalqlar arasında inteqrasiya, yaxınlaşma prosesləri heç də hamar getmir, bu sahədə problem və çətinliklər tam aradan qalxmayıb, dünyanın ayrı-ayrı ölkələrində etnik, irqi, dini və mədəni zəmində qarşıdurmalar, münaqişələr, konfliktlər baş qaldırmaqdadır, üstəlik, onu da bildirək ki, həmin problemlərdən heç bir dövlət tam sığortalanmayıb. Hər hansı bir dövlətin etnik-mədəni sahədə konkret siyasəti olmazsa, həmin dövlət və cəmiyyət üçün multikultural təhlükənin yaranması və yaxud xarici qüvvələrin həmin ölkə daxilindəki milli və etnik azlıqlardan sui-istifadə etməsi gözləniləndir. Müasir dünya üçün bu gün olduqca aktual olan bu məsələ ulu öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışı dövründə onun da dərhal diqqətini cəlb etmiş, Azərbaycan dövlətçiliyinin gələcək konturlarında multikultural təhlükəsizlik məsələlərinə xüsusi yer ayırmışdır. Ölkəmizin daxilindəki bugünkü əmin-amanlığı ulu öndər Heydər Əliyevin təməlini qoyduğu və Azərbaycan Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi multikulturalizm siyasətinin təntənəsi hesab etmək olar.

Görkəmli alim, akademik Kamal Abdullanın "Heydər Əliyev və multikultural təhlükəsizlik" adlı əsəri məhz ulu öndər Heydər Əliyevin multikultural təhlükəsizlik sahəsindəki siyasi-ideoloji görüşlərinin və praktiki fəaliyyətinin elmi-fəlsəfi müstəvidə araşdırılmasına həsr edilmişdir. Kitab 11 fəsildən ibarətdir, elmi redaktorları Azərbaycan Dillər Universitetinin Multikulturalizm Mərkəzinin müdiri Loğman Rəşidzadə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitik şöbəsinin müdiri Rəşad İlyasovdur.

Məlum olduğu kimi, milli təhlükəsizliyin vacib komponenti kimi çıxış edən multikultural təhlükəsizlik çoxmədəniyyətli mühitin mövcudluğunu şərtləndirən vacib prinsip olaraq ilk növbədə, etnik və dini icmaların birgəyaşayış maraqlarının təmin edilməsinə və həmin maraqların dövlət maraqları ilə uzlaşdırılmasının əsaslarının hazırlanmasına yönəldilir. Lakin bu maraqlar humanizm, insanpərvərlik, bərabərlik, ədalət prinsipləri üzərində qurulmadıqda uzunömürlü olmur. Akademik bunu nəzərə alaraq dövlət və milli təhlükəsizlik üçün bu vacib məsələni bərabərlik və ədalət prinsipləri çərçivəsində şərh edir və multikultural situasiyanı bu müstəvidə dəyərləndirərək yazır: "Azərbaycanın multikulturalizm modeli nümunə olaraq ölkəmizdə yaşayan müxtəlif dinlərin və xalqların nümayəndələrinin bərabər hüquqa malik olduğuna istinad edir. Müxtəlif xalqların öz ana dillərində tədrisə cəlb edilməsi, adət-ənənələrinin, milli-mənəvi özəlliklərinin qorunub saxlanması, inkişaf etdirilməsi üçün dövlət himayəsinin göstərilməsi və başqa siyasi və humanist aktların həyata keçirilməsi multikultural təhlükəsizliyin əsas tərkib hissələridir". Akademik bu fikirləri irəli sürərkən ulu öndər Heydər Əliyevin Azərbaycanda yaşayan xalqlara münasibətdə bərabərlik və humanizm prinsiplərinə əsaslanan məşhur siyasi formuluna istinad edir: "Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da - bütünlükdə hamısı azərbaycanlıdır". 

Multikulturalizmin bir dövlət siyasəti olaraq tətbiq olunduğu Kanadada onun üç tarixi mərhələsi xüsusi qeyd olunur: etnik mənsubiyyət, bərabərlik və vətəndaşlıq multikulturalizmi dövrləri. Birinci mərhələ əslində görkəmli kanadalı filosof Ç.Teylorun "tanınma siyasəti"ni, milli azlıq və konfessiyaların "fərqliliyinə kor qalmama" ideyasını özündə əks etdirir ki, Qərbdə bu məsələ nə qədər ziddiyyətli olsa da, Azərbaycanda bu sahədə heç vaxt problem olmayıb. Azərbaycanda yaşayan hər bir xalq öz etnik-mədəni dəyərləri ilə qəbul olunub, qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu faktı nəzərdə tutaraq IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda demişdir: "Multikulturalizm nisbətən yeni və bəzən çətin tələffüz edilən termin olmasına baxmayaraq, multikulturalizm ideyaları hər zaman ölkəmizdə mövcud olmuşdur. Tarixi dönəmdən və siyasi sistemdən asılı olmayaraq, xalqımız hər zaman istər ölkədə, istərsə də onun hüdudlarından kənarda multikulturalizmi fəal müdafiə edir və təşviq etmişdir".

Akademik Kamal Abdulla bugünkü ümumdünya sivilizasiyasının mövcudluğunun bütövlükdə dünyada yaranışın ibtidai mərhələsində insanın sosiallaşması faktından keçdiyini, inkişaf və tərəqqinin ümumbəşəri dəyərlərin mübadiləsi hesabına baş verdiyini vurğulayır, amma bunun heç də bütün tarix boyu tam ağrısız, əziyyətsiz, rəvan və hamar yolla getmədiyini bildirir. Fikrini dini-mifoloji və tarixi mətnlərdən gətirilən nümunələrlə, hazırkı dünyada etnik-dini zəmində baş verən hadisələrlə bağlı faktoloji materialla əsaslandıran alim müqayisələr aparır və bu mənada, Azərbaycan tarixində "ağ ləkələr"in hiss edilməyəcək dərəcədə az olduğunu bildirir: "Əsrlər boyu Azərbaycanda titul xalq-Azərbaycan türkləri ləzgilərə, talışlara, yəhudilərə, tatlara, inqloylara, avarlara, malakanlara, almanlara, polyaklara və digər avtoxton və alloxton xalqlara, eyni zamanda ayrı-ayrı miqrantlara eyni gözlə baxmış, onların cəmiyyətə inteqrasiyası üçün hər cür əlverişli şərait yaratmışdır".

Alim Azərbaycan tarixinin demək olar ki, bütün mərhələlərini tolerantlıq və multikultural dəyərlər və ənənələr baxımından tədqiqat müstəvisinə çəkir, ictimai-siyasi münasibətlər zəminində etnik-dini dəyərlərin evolyusiyasını izləyir: Zərdüştilik, "Kitabi-Dədə Qorqud", klassik və orta çağ ədəbi-mədəni abidələrində, AXC dövrü, Sovet dövrü, müstəqillik dövrü və s. siyasi sistemlərdə multikultural düşüncənin yerini və rolunu müəyyənləşdirir. Azərbaycan ictimai-fəlsəfi fikrinin bədii mətn üzərində ərsəyə gəldiyini və formalaşdığını, yunan-islam mədəniyyəti ilə sintez olunaraq panteist idraka yüksəldiyini qeyd edən alim "vəhdəti-vücud"un əslində "mənəvi qloballaşma"nın ilk təzahürlərindən biri kimi meydana çıxdığını təkzibolunmaz dəlillərlə əsaslandırır. Əgər beynəlxalq aləmdə multikulturalizmin fəlsəfi əsasları indi araşdırılırsa, Azərbaycanda və Yaxın Şərqdə orta çağ fəlsəfi fikri tolerantlıq və multikulturalizmi fərqli termin altında bir ideoloji sistem kimi irəli sürmüşdü. Sufiliyin "sülhi-küll" (ümumi sülh) ideyası, ilk növbədə, məzhəblər arasında ziddiyyətin aradan qaldırılmasını nəzərdə tuturdu ki, bu da İbn əl-Ərəbinin "məhəbbəte-küll" (ümumi məhəbbət) ideyasının yeni mərhələdə təzahürü idi. "Encyclop?die de l'Islam" yazır ki, bu ideyaya görə, bütün dini fikirlərə, hətta bir-biri ilə ziddiyyətdə olan ideyalara qarşı ehtiram göstərmək vacibdir. Akademik çox düzgün olaraq qeyd edir ki, şairlərimiz, mütəfəkkirlərimiz bütün əsərlərində məhz bu cür multikultural ideyalar irəli sürmüş, dünyaya tolerant fikir ünvanlamışlar.

Azərbaycan dünya tarixini mükəmməl bilən ulu öndər Heydər Əliyev, hətta kommunist ideologiyasının zəfər yürüşü dövründə belə süni beynəlmiləlçiliyin assimilyasiyaya hədəflənmiş siyasətini milli-mənəvi dəyərlərin, fəlsəfi-əxlaqi sisteminin bərpasına istiqamətləndirməklə xalqımızın uzaq tarixlərdən gələn adət-ənənələrinə yenidən həyat vermiş oldu. O bilirdi ki, min illər ərzində formalaşmış mənəvi dəyərləri qısa tarixi zaman yaddaşlardan, xalqın ruhundan silə bilməz, xalq ilk fürsətdəcə öz sözünü deyəcək. Akademik ulu öndərin sovet rejimi çərçivəsində gördüyü işləri "xalqın qırılmış ruhunun özünə qaytarılması kimi xarakterizə edərək yazır: "Heydər Əliyev zərrə-zərrə, addım-addım Azərbaycanda azərbaycançılıq mühitini, Azərbaycan ruhunu bərpa etməyə, formalaşdırmağa başladı, unudulmuş mənəvi-əxlaqi dəyərləri dirçəltdi, onların sosial rəvacı üçün siyasi reabilitasiya elan etdi. Tarixi adət-ənənələr, milli bayramlar, rituallar yenə də ictimaiyyətin halal haqqı kimi onlara qaytarıldı. Bununla bərabər multikultural siyasət inkişaf etdirildi, milli birlik, həmrəylik formalaşdırıldı".

Ulu öndərin sovet totalitar sistemi çərçivəsində Azərbaycan Respublikasında həyata keçirdiyi milli özünüdərkə yönəli siyasəti ötən əsrin 80-ci illərinin sonlarında başlayan milli-azadlıq hərəkatının ideya əsasını və məqsədlərini formalaşdırdı, dövlət quruculuğunun təməl prinsiplərinin müəyyənləşməsində mühüm rol oynadı. Dahi şəxsiyyətin sovet Azərbaycanına rəhbərlik etdiyi 70-ci illərdə onun təşəbbüsü ilə qəbul olunmuş Konstitusiyada vicdan azadlığının bəyan edilməsi dini etiqad azadlığının etiraf olunmasında, milli adət-ənənələrin, ritualların və milli bayramların, Azərbaycan ərazisində yaşayan xalqların dəyərlərinin reabilitasiyasında, xüsusilə, Azərbaycan dilinin dövlət dili elan olunması tarixi ədalətin bərpasında mühüm rol oynamaqla bərabər, millətin özünəinamını, qürur və cəsarətini özünə qaytardı. Akademik Kamal Abdulla yad ideoloji mühitdə milli təfəkkürün bərpasının yalnız passionar şəxsiyyət tərəfindən mümkün olduğunu ulu öndərin öz sözləri ilə bir daha təsdiqləmiş olur: "Bu illərdə, sovet dövlətinin tərkibində, sosialist quruluşunun içində yaşayan respublikamızda biz azərbaycançılığımızı heç vaxt unutmadıq. Bizim dilimiz də, dinimiz də yaşayıb, elmimiz, təhsilimiz inkişaf edib. Əgər bunlar olmasaydı, respublikamız 1991-ci ildə özünü müstəqil dövlət kimi bütün dünyaya bəyan edə bilməzdi".

Təbii ki, sərt sovet ideoloji sistemi çərçivəsində belə bir addım atmaq sovet dövlətinin rəhbərliyində təmsil olunan şəxs üçün çox çətin idi, ona müxtəlif rənglər verilə, siyasi səbatsızlıq donu geydirilə bilərdi, amma ulu öndər bu siyasəti ardıcıl şəkildə həyata keçirməklə respublikadakı ab-havanı, süni beynəlmiləlçilik, saxta internasionalizm mühitini dəyişərək onu hər bir xalqın öz etnik-milli dəyərlərinin bərpasına, birgəyaşayış normasına yönəldə bildi. Akademik Kamal Abdulla çox doğru olaraq qeyd edir ki, Azərbaycan müstəqillik qazandıqdan sonra məhz sovet dönəmində qoyulmuş təməl üzərində "multikultural hərəkat sosial ovqatdan, ictimai əhval-ruhiyyədən siyasi müstəviyə köçürüldü, mükəmməl bir konsepsiya halına gətirildi".

Kitabda ulu öndərin hər bir dönəmdəki fəaliyyəti tarixi-müqayisəli metod əsasında analiz süzgəcindən keçirilir, oxucunun qarşısında cahanşümul şəxsiyyətin müstəqil dövlət quruculuğu, xüsusilə, milli münasibətlərin tənzimlənməsi sahəsindəki titanik əməyinin parlaq səhifələri bütün əzəməti ilə açılır. Müəllif 1990-cı illərin əvvəllərində ölkədə milli-etnik münasibətlər zəminində baş verən "gözlənilməz hadisələr"in məhz ulu öndərin vaxtilə irəli sürdüyü prinsiplərə diqqətsiz yanaşılmasının nəticəsi olduğunu elmi dəlillərlə əsaslandırır və bununla da dövlətçilik yolumuzun dahi Heydər Əliyev yolu olduğunu bir daha təsdiqləyir. Kamal Abdulla qeyd edir ki, ulu öndər müstəqil Azərbaycanda multikultural təhlükəsizliyin iqtisadi, siyasi və hüquqi bazası olmadan onun reallaşmasının qeyri-mümkün olduğunu yaxşı bildiyindən, azərbaycançılıq milli ideologiyasının quruculuğuna məhz bu işlərdən başladı: "Multikultural təhlükəsizlik, əslində milli təhlükəsizliyin, ən son anda dövlət təhlükəsizliyinin tərkib hissəsidir. Son dərəcə həssas yanaşma tələb edən bu məsələ, ilk növbədə, siyasi qiymətini almalı, hüquqi müstəvidə təsbit olunmalıdır. Ulu öndər bu məsələyə ciddi yanaşmış, multikulturalizmi dövlət siyasətinə çevirmək üçün, ilk növbədə, onun hüquqi təminatı qayğısına qalmışdır. Müstəqillik dövrü Azərbaycan Konstitusiyasının hazırlanması zamanı Heydər Əliyev ölkədə multikultural mühiti qorumaq, tolerant əhval-ruhiyyəni əbədi bərqərar etmək üçün xüsusi maddələr işlənib hazırlanmasına göstəriş vermişdir."

Kitabda daha sonra multikulturalizm sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafı istiqamətində ulu öndərin atdığı addımlar, gördüyü nəhəng işlər işıqlandırılır. Təbii ki, multikulturalizm ona görə bu gün daha mütərəqqi idarəetmə modeli hesab olunur ki, o, fundamental insan hüquq və azadlıqları sisteminin tərkib hissəsinə aiddir, o, demokratik cəmiyyətin norma və prinsiplərini özündə ehtiva edir. Bunu zamanında qiymətləndirən ulu öndərin bu sahədə BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, UNESKO kimi beynəlxalq təşkilatlarla Azərbaycanın əməkdaşlığına xüsusi önəm vermiş, bu istiqamətdə ardıcıl şəkildə səmərəli əməkdaşlığın konturlarını müəyyən etmişdir. Kitabda multikultural dəyərlərlə bağlı olan bütün məsələlər Azərbaycan tarixi, dünya tarixi və müasir beynəlxalq siyasi-hüquqi münasibətlər müstəvisində araşdırılır. Kitabın Varislik bölməsində ulu öndərin multikulturalizm sahəsindəki siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, onun yeni və mükəmməl mərhələyə çatdırılması, nəzəri və elmi bünövrəsinin möhkəmləndirilməsi kimi məsələlər yer almışdır. Alim bütövlükdə dünyada multikulturalizmə optimist yanaşmanın Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu, onun dövründə Azərbaycanın multikulturalizm modelinin sistemli şəkildə inkişaf etdirildiyini, beynəlxalq müstəvidə tanıdıldığını qeyd edir və cənab Prezidentin bu məsələdə qətiyyətli olduğunu bildirir. O, Prezidentin Nazirlər Kabinetinin 2016-cı il 10 yanvar tarixli iclasındakı çıxışından aşağıdakı cümlələri sitat gətirir: "Azərbaycan multikulturalizm nümunəsi göstərir ki, multikulturalizm yaşayır, baxmayaraq ki, bəzi siyasətçilər deyirlər ki, multikulturalizm iflasa uğrayıb, bəlkə də, haradasa iflasa uğrayıb, amma Azərbaycanda yaşayır". Prezident İlham Əliyevin bu fikirləri 2020-ci ildə 44 günlük müharibədə bir daha öz təsdiqini tapdı: Azərbaycanın düşmən üzərində qəti qələbəsi multikultural dəyərlərin ölkəmizdə tam bərqərar olduğunu, etnik-dini zəmində heç bir qarşıdurma və konflikt olmadığını, Azərbaycanda yaşayan bütün xalqların Prezident ətrafında bir yumruq kimi birliyinin bariz nümunəsi oldu. Həmin günlərdə Azərbaycan torpaqları uğrunda talış da, ləzgi də, avar da, yəhudi də, inqloy da, kürd də və adlarını sadalaya bilmədiyimiz onlarla digər xalqların nümayəndələri şücaət və ləyaqətlə döyüşdü.

Bir sözlə, "Hedər Əliyev və multikultural təhlükəsizlik" kitabından bir daha aydın olur ki, ulu öndərin milli təhlükəsizlik strategiyasında xüsusi yer alan multikultural təhlükəsizlik konsepsiyası Azərbaycan dövlətçiliyinin təkcə dünəni və bu günü üçün deyil, həm də onun gələcəyi üçün vacib proqram sənədidir. Bu kitabın digər dillərə tərcümə edilməsi etnik-dini zəmində problemlər yaşayan dövlətlər üçün faydalı olardı.

 

İbrahim N.QULİYEV

Ədəbiyyat qəzeti. - 2024.- 6 aprel, ¹11-12.- S. 14-15.