Faciə və qəhrəman
Seyid Hüseyn XX əsr Azərbaycan nəsrinin və ədəbi-tənqidi
fikrinin yetirdiyi seçilmiş şəxsiyyətlərdən
biridir. Taleyi zamanın dolambaclarında
əriyib yox olan, böyük istedadını canı qədər sevdiyi xalqın və millətin istiqlalı yolunda sərf etməyə imkanı yetməyən, bütün
varlığını milli şüuurn formalaşmasına,
ictimai-mədəni inkişafa
təkan verilməsinə
sərf etmək etmək istərkən amansız reallıqlara boyun əyməyə məcbur edilmiş yazıçı, tənqidçi,
publisist... Hekayələrində
dövrünün kəskin
problemlərinə toxunan,
ədəbi-tənqidi məqalələrində
ədəbiyyatımızın çoxcəhətli yaradıcılıq
problemlərini əks
etdirən yazıçının
irsi əhəmiyyətini
bu gün də qoruyub saxlayan qiymətli mənbədir.
Qızı Qumral Sadıqzadə
atası haqda yazdığı kitabı
belə adlandırıb:
"Son mənzili Xəzər
oldu". Amma əsl gerçəklik tarixdən
görünən gerçəklikdir.
Və bu tarixin, bir əsr
sonranın dəyişən
dəyərləri və
meyarları müstəvisindən
baxanda faciə qəhrəmanlarının taleyi
başqa dərinlikdə
görünür. Bu dərinliyin
adı əbədiyyətdir.
Son mənzili əbədiyyət
olan Seyid Hüseynin ömür mətni bu gün
də haqqında danışmağa rəvac
verirsə, deməli, hər şey taleyin deyil, tarixin qoyduğu nöqtə ilə tamamlanır.
"Biz, Seyid Hüseyndən xalq düşmənləri, müsavatçıları
və millətçiləri
daha kəskin ifşa edəcək bədii və qüvvətli əsərlər
gözləyirik. Seyid
Hüseyn belə əsərləri yarada bilər".
Seyid Hüseyn yaradıcı şəxs olaraq milli ədəbiyyatımızın zənginləşməsi üçün
bütün potensialından
yararlanmağa çalışmışdır.
Ancaq Azərbaycan ədəbiyyatının bir
çox görkəmli
xadimi kimi repressiya dalğası ondan və ailəsindən
yan keçməmişdir.
1936-cı ildə Yazıçılar
İttifaqının üzvlüyündən
çıxarılmış Seyid Hüseynin əsərlərinə siyasi
rəng qataraq adına "xalq düşməni" damğası
vurulmuş, onu gizli fəaliyyət göstərən əks-inqilabi
burjua-millətçi təşkilatının
üzvü kimi ittiham etmişlər. Yazıçı 1937-ci il iyulun
15-də Şüvəlandakı bağında həbs olunmuş, ən ağır cəzaya - güllələnməyə məhkum
edilmişdir. Uzun sürən əzablı işgəncələrdən sonra,
1938-ci ilin əvvəllərində
rejimin çıxardığı
hökm yerinə yetirilmişdir.
Seyid Hüseyn Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər Müsavat Partiyasının
üzvü kimi fəaliyyət göstərmişdir.
Sovet hakimiyyəti qurulandan sonra o, formal olaraq Müsavat Partiyasından ayrılsa
da, özünün əks-millətçilik
ideologiyasını qoruyub-saxlamış,
azərbaycançılıq ideallarına sadiq qalmışdır. Yazıçının
ölümünü tezləşdirən
əsas səbəblərdən
biri, zənnimcə bununla əlaqədardır.
Çünki 1920-ci illərdə
qurulan sovet dövlətçiliyinin ilkin
amalı ədəbiyyatı
öz ideoloji prinsiplərinə tabe tutmaq, "yeni cəmiyyət,
yeni ədəbiyyat quruculuğu"
proseslərinə təkan
vermək idi. Bu xüsusda nəzərdə
tutulan, planlaşdırılan
əsas ideya yüklü məsələlərdən
biri xalqı milli-mənəvi bazadan məhrum etmək, onu milli heysiyyat və mənlik duyğusundan uzaqlaşdırmaq
idi. Bu işin sürətlənməsinə kömək
edə biləcək əsas şərtlərdən
biri də Azərbaycançılıq ideallarının
formalaşmasında müstəsna
rolu olan Musavatçılara divan tutmaq,
onlarla əlaqədə
olanları milli-ictimai
düşüncədən yox etmək məqsədi güdürdü.
Həmin illərdə
sənətkardan tələb
olunan ideoloji tələbləri Seyfulla
Şamilovun "Kommunist"
qəzetinin 12 mart 1937-ci il sayında
çap olunan "Ədəbiyyatda bolşevizm
ideyalığı uğrunda"
adlı məqaləsi
aydın göstərir.
Məqalədə Seyid
Hüseynlə bağlı
fikirlərə diqqət
edək: "Seyid Hüseyn özünün
mürtəce keçmişini
və müsavatla əlaqəsini daha kəskin bir sürətdə ifşa etmək üçün indiyədək yazmış
olduğu az-çox dəyərli hekayələrdən
sonra özünü bir qədər doğrultmağa çalışır.
Xüsusən, onun son
zamanlarda böyük
Stalin Konstitusiyası ilə
əlaqədar olaraq yazmış olduğu hekayələri Seyid Hüseyn və onun yaradıcılığını
Əhməd Cavadlardan
və Yusif Vəzirlərdən müəyyən
dərəcədə ayırır.
Görünür ki, Seyid
Hüseyn sovet ədəbiyyatının ona
vermiş olduğu imkanları doğrultmaq fikrindədir. Lakin biz, Seyid
Hüseyndən xalq düşmənləri, müsavatçıları
və millətçiləri
daha kəskin ifşa edəcək bədii və qüvvətli əsərlər
gözləyirik. Seyid
Hüseyn belə əsərləri yarada bilər. Bu, onun yenidən qurulması üçün su və hava kimi
lazımdır".
Bu, bir əsr
öncə insanının
yaşadığı gerçəklər
sırası, zamanın
əsl sənətkarların
qismətinə yazdığı
fəci tale idi. Seyid Hüseyn də bu faciə
qəhrəmanlarından biri...
Düzdür, o, rejimin
tələbləri səviyyəsində
hekayələr ortaya qoydu, bəzən mövqeyinin dəyişdiyini
çılpaqcasına göstərmək
üçün bədiilik
məziyyətlərinə belə lazımınca diqqət yetirmədi. Fəqət öz həmkarlarını ifşa
etmək işinə imzasını atmadı, ona görə repressiya dalğasından
salamat ötüşüb, özünü lazımı
dərəcədə "doğrulda" bilmədi.
Görünür, içindəki
müstəqillik, hürr
duyğusunun, musavat havasının yoxa çıxmasına rejimi
inandırmağa müvəffəq
olmadı.
Ədəbiyyatımızdakı İsmailiyyə abidəsinin
memarı
Bədii düşüncəmizdə Seyid Hüseynə qədər erməni vəhşiliyinə verilən
qiymətin bəzi örnəkləri məlumdur.
Məmməd Səid Ordubadinin "Qanlı sənələr", Mir Möhsün
Nəvvabın "1905-1906-cı illərdə erməni-müsəlman
davası" əsərləri
və s. Tarixin bir parçasına çevrilmiş bu əsərlərdə törədilən
faciə o qədər
tükürpədici və
amansız hadisələrlə
zəngindir ki, bəlkə
də yazıçı
təxəyyülünə yer qalmır. Bu xüsusda icra edilən vandalizm aktına, XX əsrin əvvəllərində ədəbiyyatımızda
ermənilərin törətdiyi
İsmailiyyə vəhşətinə
verdiyi ilk bədii qiymətin müəllifi Seyid Hüseyn olur. Ümumiyyətlə,
Seyid Hüseynin bədii nəsri XX əsrin əvvəllərinin
reallığını dürüst
əks etdirir. Xalqın cəhalət içində boğulması,
avamlıq, öz hüquqlarını bilməmək
səbəbindən məruz
qaldığı zalımlıqlar,
insanların şəriət
qanunları ilə aldadılması, dini fanatiklərin təlqin elədikləri cənnət-cəhənnəm
xofu bu əsərlərdə
bütün təfərrüatı
və çılpaqlığı
ilə ortaya qoyulur. Bu xüsusiyyətlər
o dövrün bir çox yazıçılarının
əsərlərində qabarır,
xüsusilə Y.V.Çəmənzəminli, B.Talıblı, Qantəmir,
H.Sanılı, C.Cabbarlı
kimi yazıçıların
mətnlərində bütün
kəskinliyi ilə üzə çıxırdı.
Adı çəkilən
sənətkarların yaradıcılığını
birləşdirən ümumi
mövzular əsasən
üç istiqamətdə
meydana qoyulurdu: maarifçilik məsələləri,
qadın azadlığı
problemi, şəriət
qanunlarının tənqidi.
Seyid Hüseyn nəsrində həmin problemlər demək olar ki, davamlı şəkildə əksini
tapmış, vətəndaşlıq
qayəsi ilə işıqlandırılmışdır.
XX əsrin əvvəllərində milli-ictimai
şüuru düşündürən
məsələlərdən biri erməni daşnaklarının Bakıda
törətdikləri vandalizm,
mədəniyyət abidələrimizin
məhv edilməsi, vəhşicəsinə dağıdılması
idi. Dövrün aydınlarının - Əli
bəy Hüseynzadə,
Məhəmməd Əmin
Rəsulzadə, Əlimərdan
bəy Topçubaşov,
Üzeyir bəy Hacıbəyli, Mirzəbala
Məmmədzadə, Seyid
Hüseyn, Abdulla Şaiqin
bədii-publisist yazılarında
həmin məsələ
böyük ürək
ağrısı ilə
təcəssüm etdirilirdi.
1919-cu ildə İsmailiyyə
binasının (indiki
Elmlər Akademiyası)
yandırılması erməni
vandalizminin ən böyük, miqyaslı nümunəsi oldu. Bu müdhiş olay bədii-ictimai fikirdə təlatüm yaratmış,
qələm adamları
həmin vəhşiliyi
kəskin şəkildə
pisləmişdilər. Azərbaycanlılara
qarşı hazırlanan
bu qəsdin üstünü açmaq
üçün Seyid
Hüseyn "Həzin
bir xatirə İsmailiyyə" hekayəsini
yazmışdır. Dərin
lirizmi, güclü publisistik ruhu ilə seçilən bu hekayədə İsmailiyyənin həqiqi
bədii səlnaməsi
yaradılmış, onun
milli istiqlal məfkurəsində
oynadığı rol
əks olunmuşdur. Vətəndaş yazıçıya
görə, binanın
xalq qarşısındakı
bir-birindən dəyərli
xidmətlərindən ən
qiymətlisi onun siyasi cərəyanlar meydanına çevrilərək
xalqın milli-mənəvi
tarixində əvəzsiz
rol oynamasıdır. Seyid Hüseyn İsmailiyyəni xalqın,
millətin müqəddəs
və toxunulmaz məbədi sayır, azadlıq və istiqlal rəmzi kimi dəyərləndirirdi.
Hekayənin sonluğu
dərin vətəndaş
narahatlığı ilə
süslənmiş bu
notlarla bitirdi: "Ey bakılı qardaş, ey azərbaycanlı vətəndaş,
niyə dayanıb baxıyorsan? Coş! İsmailiyyənin, hər
vaxt böyük salonunda öz gələcəyin üçün
gün ağladığın
İsmailiyyənin qarşısına
gəl. Onu səndən ayırırlar.
Onu lüzumsuz bir meyit kimi
dəfn ediyorlar. Həm də sənin gözünün
qabağında dəfn
ediyorlar. Halbuki onun məhzun gözləri səni gözləyir, sənin həsrətini çəkir".
Həmin mövzuda "Yaşıl
qələm" ədəbi
birliyi ən yaxşı bədii əsər üçün
müsabiqə elan etmiş,
birliyin rəhbəri olan Seyid Hüseyn
"Həzin bir xatirə İsmailiyyə"dən
sonra yazdığı
"İsmailiyyə" hekayəsi
ilə öz mövqeyini bir daha sərgiləmişdir.
Hər iki hekayədə S.Hüseyn
Cümhuriyyət dövrü
ədəbiyyatında qabaran
ən başlıca problemə toxunmaqla milli dövlətçiliyin, milli hökumətin
amallarını sənətkarlıqla
bədii nəsrə gətirir, onları vətəndaşlıq ləyaqəti
və can yanğısı
ilə ifadə edirdi.
Seyid Hüseyn dövrünün
problemlərinə nüfuz
edirdi, realist bir sənətkar olaraq zəmanəsi üçün
səciyyəvi olan məsələləri ümumiləşdirərək
bədii nəsrin obyektivinə fokuslayır,
onları anlaşıqlı
şəkildə, sadə
və təbii bir dil ilə
təsvirə çəkməyi
bacarırdı. Bu hər
şeydən öncə,
yazıçının milli həyata dərindən bələdliyi, milli koloritə
bağlılığı və həssaslığı
ilə əlaqədar
idi. Hətta sovet dövründə mövcud olan vulqar sosiologizmin, marksizm-leninizm prinsiplərinin,
sinfilik nəzəriyyəsinin,
proletkultçuluğun bütün
ədəbi mətnlərə
tətbiqinin ümumən
ədəbiyyata vurduğu
ziyanlar, həmin ziyanların Seyid Hüseynin bir çox hekayələrində
təcəssümü belə,
bu hekayələrin dəyərini və əhəmiyyətini azaltmır.
Qadın olmağın faciəsi
- "Sən xilas olmaq üçün bu üsul və
qanun ilə mübarizə etməlisən!"
Seyid Hüseyn nəsri üçün səciyyəvi
olan əsas cəhətlər psixoloji
təfərrüatın, xarakterlərin
bədii təcəssümündə
realist koloritin, sosial təhlilin güclülüyüdür.
Yazıçının hekayələrində
qabaran başlıca ideya maariflənmə olmuş, ona mane olan əsas səbəb kimi dini fanatizm tənqid
predmetinə çevrilmişdir.
O, dini baxışları
dəyişmək üçün
incə mətləblərə
toxunur, xalqın şüuruna təsir edə biləcək detallara müraciət edirdi. Ədibə görə, nə qədər ki, din qanunları
insanların şüuruna
hakim kəsilib və onları öz diqtəsi ilə hərəkət etməyə,
yaşamağa vadar edir, heç bir inkişafdan söhbət gedə bilməz. Bu mənada, maarifçilik, şüur
inqilabı əsas tələb kimi əsərlərinin prioritet
xəttini təşkil
edirdi. Təsadüfi deyil, yazıçının
demək olar ki, bütün hekayələrində
həmin maarifçi funksiyanı təmsil edən və həyata keçirən tiplər yer almışdır.
Seyid Hüseyn ziyalı, maarifpərvər bir şəxs kimi cəmiyyəti inkişafdan
saxlayan, onun gerizəkalılığına yol açan, mənəvi məhvə sürükləyən amillər
sırasını görürdü
və əsərlərindəki
tənqidi pafosu həmin neqativlər əleyhinə yönəldirdi.
Bu xüsusda Seyid Hüseynin toxunduğu, əsərlərinin başlıca
leytmotivinə çevirdiyi
başlıca mövzulardan
biri qadın azadlığı məsələsidir.
Bildiyimiz kimi, bu mövzu XX əsrin əvvəllərində
yaşayıb-yaradan bütün
aydınlarımızı məşğul
etmiş, əsərlərində
qadın köləliyinə,
qadın əsarətinə
qarşı vuruşmağı
əməl borcu saymışlar. C.Cabbarlı,
B.Talıblı, Qantəmir, Y.V.Çəmənzəminli,
C.Məmmədquluzadənin yazdığı hekayə,
povest və pyeslərdə qadın azadlığının təbliği
inadlı bir ehtirasla aktuallanırdı.
Seyid Hüseyn də "Bir gənclik macəraları", "Gələcək
həyat yollarında",
"Şirinnaz", "İki
həyat arasında",
"Yatmış kəndin
qış gecələrində",
"Gilan qızı"
və başqa hekayələrində qadın
dünyasının, qadın
yaşamının ekzistensiyasını
yaradır, onun mənəvi sarsıntı
və yaşamını
ictimai-psixoloji müstəviyə
çıxardırdı. Bu hekayələrdə qadın
milli mentalitet standartlarından
imtina edır, köhnə dəyərlərin
məqbul saydığı,
ənənəvi əxlaqla
motivləşən cəmiyyət
qanunlarına üsyana
qalxışırdı. Kişilərin
cəmiyyətdəki patriarxal
roluna, kişi və qadın kombinasiyasının pozulmasına
rəvac verən qütbləşməyə qarşı
Seyid Hüseyn hüquq bərabərliyi mövqeyini qabardır, əsərlərində bu
tendensiyanın funksional
olmasına çalışırdı.
Professor Bədirxan Əhmədov
yazır ki, "...istər
"İki həyat arasında", istərsə
də "Sarıköynək",
"Həzin bir xatirə", "Gənclik
macəraları" və
s. hekayələrində S.Hüseyn heç də birmənalı şəkildə sovet hakimiyyətinin Azərbaycan
qadınlarını azadlığa
çıxarması ideyasını
təbliğ etməmişdir.
Burada ümumiyyətlə,
Şərq həyatında
orta əsr feodal-partiorxal adət-ənənələrinin
törətdiyi faciələr
göz önünə
gətirilir".
"Yatmış kəndin qış gecələrində" hekayəsi
Telli adlı gənc bir qızın
taleyi üzərində
qurulub. Telli İslam adlı biri ilə ailə həyatı qurmuş, lakin evliliyinin üçüncü ilində
əri başqası ilə evlənərək
üstünə günü
gətirmişdir. Belə
təhqirə dözməyən
Telli qaynı Rizvanın evində sığınacaq tapmış,
eyni zamanda İslamın zövcəsi
olmaqda da davam etmişdir. Qarlı bir qış gecəsində evdə tək qalan Telli ilə qonşu otaqda qalan Müəllim arasında xoş münasibət yaranır,
getdikcə bu xoş ünsiyyət sevgiyə çevrilir. Müəllim Tellinin acı həyat hekayətini dinlədikdən
sonra özünü ona simsar sanır,
qıza öz hüquqlarını bilməyi
və onun uğrunda mübarizə etməyi təlqin edir. Müəllimin və Tellinin mübarizəsi öz səmərəsini verir. Çətin də olsa, onlar İslam kimi əyyaşlara, Molla Xəlil kimi riyakarlara qalib gəlirlər. Hekayə nikbin bir sonluqla başa
varsa da, düşündürür:
Telli düşdüyü
acınacaqlı taleyi
daşımağa məcbur
edilən XX əsrin birinci yarısında yaşamış qadınların
tipikləşdirilmiş obrazıdır.
Ərləri tərəfindən
əzilən, təhqir
edilən, hüquqları
əlindən alınan,
lakin heç bir halda boşanma
səlahiyyəti olmayan
Azərbaycan qadınlarının
obrazı.
"Yatmış kəndin qış gecələrində" hekayəsində
təsvir olunan vaqeə nikbin sonluqla bitirsə, "Gilan qızı"nda belə bir işıq
nəzərə çarpmır.
Hekayədə öz taleyini səhifələyən
Qonça adlı qızın acınacaqlı
aqibəti təsvirə
çəkilir. Əsər
mövhumatın fəci
qanunları içində
boğulan, cəmiyyətin
basqısı altında
ömrü puça gedən bir qızın taleyini qapsayır. On üç yaşlı Qonçanın
atası öldükdən
sonra mülkünə
və arvadına sahiblənən əmisi onu özündən çox yaşlı və qorxunc bir adama - Nizamüddövləyə
vermək qərarına
gəlir. Qonçanın
bütün çabaları,
fəryad və iniltiləri nəticəsiz
qalır. Onu aldadaraq zorən həmən adamın zövcəsi edirlər.
"O, söylədikcə, həyatının səhifələrini
çevirdikcə, İranın,
o təfəssüx etmiş
Şərq həyatının,
o içərisindən çürümüş
orta əsr mədəniyyətinin bütün
mənfi cəhətləri,
dərəbəylik üsul-idarəsinin
rəzalət çirkinlikləri1 bir kino faciəsi kimi mənim nəzərimdə açılır,
təcəlli edirdi".
Qəhrəmanın onu
qorumaq, qaçırmaq
istəyi amansız rejim, mənfur irtica və qanunlar səbəbindən
baş tutmur. Müəllif bu faciənin, nadanlığın
nədən rişələndiyini
doğru göstərir:
"Səni qurtarmaq mümkün deyildi; çünki səni əzən, səni təhqir edən, sənin varlığını
xırpalayıb gəmirən
Nizamüddövlə deyil,
nizamüddövlələrə elə səlahiyyət verən məmləkətimizin
nizamı, üsulu və qanunudur. Bu üsul və qanun yaşadıqca, sən düşdüyün
fəlakətdən qurtara
bilməyəcəksən! Sən xilas olmaq üçün bu üsul və
qanun ilə mübarizə etməlisən!"
Eyni faciə və bu faciənin ölümlə nəticələnən
sonluğu Seyid Hüseynin "Gənclik macəraları" hekayəsində
də əks etdirilir. Hekayə məhəbbət motivi üzərində qurulsa
da, bir çox məqamlara həssaslığı,
həqiqətlərin çılpaq
inikası baxımından
diqqət çəkir.
Belə ki, qadın köləliyi, qadın hüquqsuzluğu fonunda yazıçı şəriət
qanunlarının yarıtmazlıqlarını,
İran üsul-idarəsinin riyakarlığını uğurla
sərgiləyir. Gənc
yaşlarından sevmədiyi,
özündən xeyli
böyük, imkanlı
adama ərə verilən Şirinnaz onu bu məngənəyə
salan cəmiyyətin qurbanı olur. Seyidi sevməsinə rəgmən onu Çopura verirlər. İllər sonra tale onları - Mir Damad və Şirinnazı görüşdürür. Ziyarətdə
olan bir çox hadisələr -
din pərdəsi altında
ziyarətçilərin başına
oyun açan yalançı şəriət
xadimlərinin riyakarlığı
bu insanların gözünü açır.
Onlar artıq digərlərindən daha
fərqli, daha cəsarətli düşünə
bilirlər. Şirinnaz
gecəni ərinə
dua eləmək üçün məsciddə
deyil, sevdiyi insanla bir yerdə
keçirir. Xəstə
olan əri Çopurun ölümündən
sonra evlənməyə
qərar verən gənclərin istəyi bu dəfə də baş tutmur. Bu dəfə qaynının zövcəsi
olmağa təhrik edilən Şirinnaz olacaqlar qarşısında
yeganə çıxış
yolunu intihar etməkdə - özünü
yandırmaqda görür.
Qadın hüquqsuzluğundan, şəriət qanunlarının
tənqidindən, cəmiyyətin
qüsur və naqisliklərindən yazmaq,
onları qabartmaq Seyid Hüseynə, eləcə də onun nəsildaşlarına
nə üçün
lazım idi? İlk növbədə insanların
gözünün açılması,
onların maariflənməsi,
həmçinin yeni təfəkkür
quruculuğu proseslərinin
tərkib hissəsi olma səbəbindən. Müəllifin hətta saf məhəbbətin təlqin olunduğu hekayələrində belə
məhəbbət adı
altında həm də yeni həyatın təsvirini görməmək
mümkün olmur. Maraqlıdır ki, qadınların,
xüsusən, ailəli
qadınların aşiq
olduqları insanlar həm də yeni təfəkkür tipli insanlardır. Bu insanların
qadınlara etdikləri
təsir birinci növbədə, onların
beynindən, şüurlarından
başlayır. Qadınların
içlərinə, qəlblərinin
dərinliklərinə gömdükləri
sevgi hissini oyandırmaqla bahəm, həm də onları bir insan olaraq özünü
dərk etməyə,
haqlarını tanımağa
və qorumağa səslədikləri üçün
oxucuda rəğbət
oyada bilirlər. Həm bu sırada
oxucu həmin qadınları ittiham belə edə bilmir, xəyanətini əsaslandırmağa çalışır.
"Yatmış kəndin
qış gecələrində"
halal zövcəsi Tellinin
üzərinə günü
gətirən əri
İslam, "Mehriban"da rus qızına aludə olub bütün məvacib və diqqətini ona sərf edən
Zeynal, "Gənclik macəraları"nda özündən
yaşda xeyli kiçik qızla evlənib, onun arzularına zəncir vuran Çopur, "Gələcək həyat
yollarında" hekayəsində
avam kənd qadını saydığı
arvadını "oxumuş,
savadlı, şəhər
tərbiyəsi görmüş"
müəlliməyə dəyişən
və ailəsini atıb gedən Eldar - hər biri oxucuda köhnə
dünyanın adamları
olduqlarına görə
deyil, keçirdikləri
meşşan həyat
tərzinə, qadınlarına
qarşı rəftarlarına
görə ikrah doğururlar.
"İki həyat arasında" - yaşamaq, ölmək...
XX əsrin birinci yarısı Avropa dəyərlərinin
dünya mədəniyyəti
və ədəbiyyatını
qapsadığı dövr
idi. Bütün düşüncə sferalarının,
eləcə də humanitar sahənin dünya ilə təması, ünsiyyəti
başlanırdı. Özülü
XIX əsrin sonlarında
M.F.Axundzadə ilə başlanan bu dalğa XX əsrin əvvəllərində
fəaliyyət göstərən
aydınlarımızın qələmində daha geniş əməl cizgisi kəsb edirdi. S.Hüseynin
də qələmi bu sırada öz funksionallığı
ilə ön sıralarda idi. "Yeni həyatın mahiyyətini
oxucunun şüuruna çatdırmaq, onu mənhus keçmişindən,
inkişafına mane olan
köhnə adət-ənənələrdən
qoparıb, yeni həyat,
yeni cəmiyyət qurucularının
cəbhəsinə atmaq
- Seyid Hüseynin nəsrinin başlıca ideya xüsusiyyətidir"
(Abbas Zamanov). Lakin burada
çox incə bir məqam var. "... inkişafa mane olan köhnə adət-ənənələrdən
qoparılmaq" bəzi
hallarda xalqın öz kökünə,
milli-mənəvi dəyərlərinə
daş atmaqla nəticələnirdi və
təəssüf ki, S.Hüseyn də bu prosesdən kənar deyildi. S.Hüseyn və
onun kimi dövrün digər yazarlarının qüsuru
bunda idi ki, üsyankar ovqatı, inqilabi düşüncəni
sıçrayışlı formada yeritməyə cəhd edir, bu işdə daxili təkamül prinsipinə əsaslanmırdılar.
Nəticədə əsərlərin
bir qismi bədiilik məziyyətlərini
itirir, daha çox ideoloji təbliğatın ruporu səciyyəsi daşıyırdı.
1920-ci illərdəki sovet istilasının ədəbiyyata öz maraq və qanunlarını
diqtə eləməyə
çalışması, dövrün
ziyalılarının basqı
və təzyiqlə üzləşməsi onların
yaradıcılıqlarında da dönüş yaradır,
hakim rejimin qanunları
çərçivəsində fəaliyyət göstərmələrinə
məcbur edirdi. Seyid Hüseyn də inqilabın maşınına əyləşən,
rejimin yüksəlişini,
inqilabi coşqunu vəsf edən hekayələr yazmışdır.
Yeni cəmiyyət quruculuğu,
insanları xoşbəxt
sabahlara aparan sistemin işıqlı gələcəyinə inam,
köhnə təfəkkürlü
insanların tənqidi
bu hekayələrdə
qabardılan xüsusiyyətlər
idi. İki həyat tərzinin - köhnə və yeni dünyanın müqayisəli
təsviri, bu xüsusda yeniliyin təbliği Seyid Hüseynin hekayələrində
başlıca ideya idi. Müəllifin
"Bir küçənin tarixi", "Gələcək
həyat yollarında",
"Onun oğlu",
"Uzundərə" və
bir çox başqa hekayələri daha çox ictimailəşmiş insanların
dünyagörüşünü, həyata baxışını,
yeni cəmiyyət quruculuğu
proseslərində onların
iştirakını sərgiləməyə
yönəlib. "İki
həyat arasında"
hekayəsində Ənisə
deyir: "Bizim zamanımızın xüsusiyyəti
odur ki, əski həyat uçulur. Onun adət-ənənələri
də əsasından
yıxılıb dağılır;
yerində yeni bir həyat qurulur. Biz elə bir cəmiyyətin
üzvüyük ki, o öz
içərisinə ancaq
yeni adamları qəbul
edir. Yeni adam o deyildir ki, yalnız zahiri şəklini və qiyafəsini dəyişmiş olsun.
Yeni adamın həyatı
da, görüşü də,
düşüncəsi də,
əxlaqı da, hətta
damarlarında axan qanı da yeni olmalıdır".
S.Hüseynin əksər hekayələrində
"iki həyat arasında" qalmış
qəhrəmanların yeniliyə
asan keçidi və bu zəmində
onların köhnələrlə
mübarizəsi təsvir
olunur. Bəzən bu eyniliyə aludə olan qəhrəmanlar köhnəlik
adı altında bütün milli-mənəvi
dəyərlərə qarşı
çıxır, onlara
əskinin qalığı
deyə istehza ilə yanaşırlar. Məsələn, "Uzundərə"
hekayəsində yenilik
adı altında ifrata varan Cəmilə mənəvi zövqü klubda, dərnəkdə iştirak etməkdə, istədiyi oğlanın çaldırdığı "Uzundərə" rəqsinə
"köhnə hava"
deyə tənə edib Qərbin müsiqi sədaları altında vals oynamaqda, kütlə ilə birgə yaşamaqda görür. Cəmilə sovet qurucuğu proseslərində
bütünlükdə özünü
ictimai həyata həsr edən, bu yolda hətta
şəxsi həyatını,
mənəvi hisslərini
belə donduran, arxa plana keçirən ümumiləşmiş obrazdır.
Hekayədəki bir epizoda, Cəmilənin ailə qurmaq üzrə olduğu Mirzağa arasındakı
aşağıdakı dialoqa
diqqət edək:
"Mirzağa deyirdi:
- Sən bilmirsən, Cəmilə!
Xəlvət guşəyə
çəkilib ikili yaşamağın başqa
bir zövqü vardır. Belə gurultulu klub həyatından nə çıxar.
- Hər nə çıxarsa buradan çıxar. Burada ictimai bir həyat vardır. Kütlə ilə bərabər yaşamalı, onun tənəffüs etdiyi havayə tənəffüs
etməlidir. Buradakı
zövq evdə yalqızca keçirilən
həyatın zövqündən
daha faydalıdır.
Mirzağa Cəmilənin fikrinə
şərik olmaq istəmirdi.
- Bəlkə, - deyirdi, - bəzi cəhətlərdə klubdan
maddi hava almaq olar. Mən
maddi şeylərdən
bəhs etmirəm. Mən deyirəm ki, insana mənəvi həyat lazımdır. Bu
mənəvi həyatı
da evdə keçirəcəyimiz
yalqızca həyatdan
alacağız.
- Təmamilə əksini söyləyirsiniz.
Mənəvi həyatı
biz ancaq klub vasitəsilə əldə
edəcəyiz".
Yaxud "Çarxların hücumu"
hekayəsində müəllif
mühafizəkarlığa qarşı çıxarkən
yeniləşməni bütün
fərdi-intim məsələlərə
belə daxil edir, müqəddəs sayılan dəyərlərin
sərhədləri pozulur,
hər bir hərəkət, hər bir düşüncə yenilik adına tabe tutulur.
Əlbəttə, Seyid Hüseynin
yanlış qənaətləri,
dövrdən, ictimai-siyasi
mühitdən və ideoloji təbliğatın
təsirindən qaynaqlanan
qarışıq təsəvvürlərlə
bağlı idi. Bu illərdə yeni ədəbiyyat
tipinin, yeni təfəkkürün
formalaşması az qala siyasi tələb
səviyyəsində qoyulurdusa,
ədəbiyyatdan mövzu
baxımından "müasir
insan", "sovet vətəndaşının həyatı",
qurulan "yeni cəmiyyət"lə
bağlı əsərlər
tələb olunurdusa,
bu tələbin reallaşması müəyyən
qədər Şərq
dəyərlərinin iflasından,
onlara qarşı mübarizə zəminindən
hasilə gəlməli
idi. Bu mənada, Seyid Hüseynin dirəniş gücü zamanın reallıq və tələbləri qarşısında yetərli
deyildi. Çünki onun özü də "iki od arasında" qalmışdı.
Yaşamaqmı, ölməkmi?!
Zaman amansız, Stalin terroru
və repressiyaları
önündə insanların
qorxu və təlaşları, mənəvi-psixoloji
sarsıntıları kəlmələrə
sığmayacaq qədər
ağır və ağrılı idi. Heç kimə rəhm edilmirdi. Seyid Hüseynə də edilmədi, fəci sonluq yetişdi, ölüm qaçılmaz oldu.
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti. - 2024.- 6 aprel, №11-12.- S. 16-17.