"Mənim könlüm deyir
ki..."
Lirika mövzusunda
variasiyalar
Cavan vaxtı dostlarımla şənləndiyimiz
bir məclisdə sevməkdən söz düşmüşdü. Tizfəhm
dostlarımdan biri üzünü mənə
tutub ərklə dedi: - Nizaməddin, özünü aldatma, sən ədəbiyyatdan başqa heç nəyi sevmirsən.
Dostumun bu fəhminə
heyran qaldım. Yaşım artdıqca başa düşdüm
ki, doğrudan da, mən
ədəbiyyatdan, daha
doğrusu, lirikadan başqa heç nəyi sevməmişəm.
Yazdığım ədəbi-nəzəri,
fəlsəfi publisistik
40-a yaxın kitab, 300-ə yaxın
tənqid və publisistik məqalə bu sevginin bəhrəsidir.
Nəsrdən xoşum
gəlmir, mənim aləmimdə nəsr qoca kişi kimidir. "Ədəbiyyat
nəzəriyyəsi" (2012) adlı fundamental dərsliyimdə
belə yazmışam:
"Roman ədəbiyyatın qocalıq şəklidir",
"Hekayə ədəbiyyatın
diş ağrısıdır".
Ağrıyan kiçik
bir diş bütün bədəni lərzəyə gətirdiyi
kimi, bir hekayə əsasında da
bütövlükdə ədəbi
prosesə qiymət vermək olar. Məsələn, Mirzə
Cəlilin "Poçt
qutusu", Ə.Haqverdiyevin
"Mirzə Səfər",
"Bomba", Y.V.Çəmənzəminlinin
"Cənnətin qəbzi",
Mir Cəlalın "Təzə
toyun nəzakət qaydaları", "Kəmtərovlar
ailəsi", Mövlud
Süleymanlının "Qar", Elçinin "Baladadaşın ilk məhəbbəti"
və s.
Dram iki arvadın doqqazda dalaşmasına oxşayır,
biz də ondan nəzəriyyə düzəldirik.
Tarixi roman maraq doğurur. Çünki tarix üstü örtülmüş yalandır.
Fəqət, tarixi olmayan cəmiyyətin və millətin gələcəyi də yoxdur. Tarixlə məşğul olmaq qarını sevmək kimi bir şeydir.
Mənim məşğul
olduğum ədəbi
tənqid də ki, əslində mədəni
qeybət kimidir. Bəzi arvadlar qeybətin adını
"söhbət" qoyduğu
kimi, biz də giley-güzarın adını
tənqid qoymuşuq.
Bəs mən ədəbiyyatın
nəyini sevmişəm?!
Mən ədəbiyyatın
ən zərif, ən cazibədar, dua kimi, nəğmə
kimi səmimi olan janrını sevirəm. Onun adı Lirikadır!
Əvvəlcə, obyektivlik naminə
son əlli ildə lirika barəsində yazılmış dəyərli
araşdırmaların adını
çəkmək lazımdır.
M.Quluzadə "Füzulinin
lirikası", S.Əliyev "Füzulinin poetikası", G.Əliyeva
"Xəyal və idrakın vəhdəti",
F.Abdurəhmanova "Lirikada
psixologizm" monoqrafiyaları,
P.Xəlilov "Dindirir
şeir məni", P.Hüseynov "Qəzəllərin
gözəlləri", Elçinin
"Şeir axını...",
Yaşar Qasımbəylinin
"60-cı illər Azərbaycan
və Özbək lirikasının müqayisəli
təhlili əsasında
"Milli oyanış və
özünəqayıdış lirikası" (2012) adlı
fundamental monoqrafiya bu mövzuda çox qiymətli araşdırmadır.
Lirikanı mənə
dahi "qəlb şairi" Mövlanə
Məhəmməd Füzuli
sevdirib. Lirika mənim sevgilimdir, onunla məşğul olmaqdan ziyadə zövq alıram. Əsl şair "Söz gözəlinin nazını çəkməyi"
(Füzuli) bacarmalıdır.
Sözün gözəlliyi
təkcə onun bədii vasitələrlə
süslənməsində, şairin ilhamı və istedadının cilalanmasında deyil, həm də (və daha çox!)
sözün müqəddəsliyindədir.
Söz sehrkarı Füzuli deyib: "İlahi feyzdən bir xəzinədir söz", "Sözə
xor baxmaq olmaz, hər bir söz Ərşdən
gəlib bədiyyə
biz", "Söz yaradanın
mədii-sənası, nəğməsidir".
Bəli, "şair sözü müqəddəs
sözdür" (Bissarioin
Belinski). Bəs həqiqi şair kimdir:
"Bilirəm ki, sən
dərdli yaranmısan.
Dərd isə şairliyin əsas sərmayəsidir", - deyib Füzuli.
O dahi əmin idi ki, "Şeir yazanın adı şeir vasitəsilə aləm səhifəsində
əbədi olaraq qalır".
Şairlər seçilmişlər - Allahın ən sevimli bəndələridir.
"Əvvəli Peyğəmbərlər,
sonra şairlər" deyərək,
şairləri peyğəmbərlərdən
sonra gələnlər
adlandırırdı Şeyx
Nizami. Füzuli (və orta əsrlərin
Azərbaycan şairləri!)
şeir dedikdə, məhz adı Qəzəl olan Lirikanı nəzərdə
tuturdu. Ədəbi-nəzəri
fikirdə belə bir qənaət yer alıb ki, lirika bədii yaradıcılığın ən
çətin növüdür.
Akademik Məmməd Cəfər "Füzuli
düşünür" (1958) əsərində yazıb,
"Füzuli lirikdir,
ədəbiyyat tarixində
hər şairə bu ad verilmir. Böyük lirik hər şeydən əvvəl həssas, dahi insan, böyük
mütəfəkkir deməkdir".
Məhz o farsca qəzəllər "Divan"ın
"Dibaçə"sində yazıb. "Qəzəl
aşiqin könül
dərdini mərhəmətli
sevgilisinə açması
və məşuqun öz halını sadiq aşiqinə bildirməsidir".
Qəzəldür səfabəxşi
əhli-nəzər,
Qəzəldür güli-bustani-hünər,
Qəzəl bildirir şairin
qüdrətini,
Qəzəl artırır nazimin şöhrətini.
Qəzəl de ki, məşhuri-dövran ola,
Yazmaq da, oxumaq da asan
ola.
Füzuli lirikasının iki
əsas məsdəri
var: Qəzəl və
Gözəl! Onlar bir-birini tamamladır. Füzuli qəzəlinin Muğam ahənginə yatmasının səbəbi
də budur. Füzuli sözə can verən şairdir, onun lirikasında söz ölünü diriltmək qüdrətinə
malikdir:
Ver sözə ehya ki, tutduqca səni Xabi-əcəl,
Edə hər saət səni ol uyğudan
bidar söz.
Alimlərin (məsələn,
professor Musa Adilovun!) fikrincə,
"Nəsimi ruhu coşduran sözlərdən,
Füzuli ruhu sakitləşdirən sözlərdən
istifadə edib".
Bu da təbiidir: Nəsimi cavan, Füzuli qoca idi, fəqət, hər ikisi İnsan gözəlliyini sevir və ilahiləşdirirdi.
Səni bu hüsni-camal
ilə, kamal ilə görüb,
Qorxdular həq deməgə,
döndülər, insan
dedilər.
- deyib Nəsimi. Füzuli isə belə yazıb:
Ey mələksima, səndən
özgə heyrandır
sanə
Həq bilir, insan deməz, hər kim ki İnsandır.
Füzuli lirikası şairin
fələkləri yandıran
ahından yaranmışdı.
Və bu ahla yazırdı:
Məndən Füzuli, istəmə əşari-mədhü-zəmi,
Mən aşiqəm, həmişə
sözüm aşiqanədir.
Füzuli aşiq (Məcnun!) idi və elə ona görə də lirikası - sözü "həmişə
aşiqanə" idi.
***
Bəs lirika nədir? Lirika sözü
"Lira" adlı musiqi
alətindən götürülüb.
Antik yunan ədəbiyyatında Liranın
müşayiəti ilə
ifa olunan nəğmələr Lirika
adlanırdı (ətraflı
bax: Şəmsizadə
N. "Ədəbiyyat nəzəriyyəsi"
dərslik 2012, səh.
142-214).
Böyük tənqidçi V.Belinski ona belə təyinat verib: "Lirika lal duyğulara söz və surət verir, onları köksün dar qəfəsindən bədii həyatın - ədəbiyyatın təmiz
havasına çıxarır".
Dünya ədəbiyyatında
lirikanın C.Bayron,
R.Bernes, A.Puşkin, M.Lermontov, S.Yesenin, İ.Brodski... bizim ədəbiyyatda M.P.Vaqif, Aşıq Ələsgər,
M.Müşfiq, S.Vurğun...
kimi nümayəndələri
var.
Akademik Həmid Araslı
belə yazıb:
"XV əsrdən etibarən
Azərbaycan ədəbiyyatında
məhəbbət lirikası
istiqamətverici rol oynayır".
Azərbaycan ədəbiyyatı Ə.Xaqaninin M.Füzulinin
məktubları istisna
olmaqla, təxminən, XIX əsrə qədər mifik janrlarla təkamül edib. Və əslində
"Şeiri bir sənət növü kimi öyrənən
elm" (X.Təbrizi) -
Poetika (xüsusən,
Əruz nəzəriyyəsi
VIII əsr) ədəbiyyat
haqqında elmdə aparıcı olub. Bunu klassik şair
və alimlərin mülahizələrindən də
bilmək olar. Məsələn: "Şeir
haqqında yazmaq şeir yazmaqdan çətindir"
- deyib. Şərhçilik
məktəbinin banisi
Xətib Təbrizi (XI
əsr) "Poeziya daha fəlsəfi, daha ciddidir" - yazır. Öz "Poetik" əsərində antik
yunan filosofu Aristotel "şeir vəznli, qafiyəli kəlamdır"
(N.Tusi). Məşhur nəzəriyyəçi Qudəma İbn Cəfər
(X əsr) deyib: "Qəzəl məhəbbət
deməkdir, qadınlara
olan çılğın
sevgi haqqında hekayətdir". Azərbaycan
Əruz nəzəriyyəsinin
banisi Əkrəm Cəfər bu qənaətə gəlib:
"Əsl şeir dil ilə musiqi
arasında xüsusi bir sənətdir. Şeir dilin musiqisi, musiqinin dilidir". Böyük lirik şair A.S.Puşkini bəyənməyən məşhur
rus tənqidçisi D.N.Pisarev yazıb: "Lirik olmağa yalnız birinci dərəcəli dahilərin
ixtiyarı var". Həqiqətdə o şairlər
lirik ola bilirlər ki,
onlar öz şəxsi subyektiv duyğularını ümmun
duyğuları kimi verə bilirlər. Azərbaycanın qüdrətli
lirik şairi S.Vurğun lirikaya
belə təyinat verib: "Lirika öz nəğməsini oxuduqdan sonra o saat uçub gedən gəldi-gedər quşlara bənzəməməlidir.
Lirik şeir, mahnı insan qəlbini dilə gətirməli, onun qəlbində yuva salmalı və zümrüd quşu kimi onu isindirməli,
zəhmətdə, mübarizədə,
kədərli və nəşəli dəqiqələrdə
insana yoldaş olmalı, onda nəcib hisslər oyatmaq və beləliklə də, insanı yüksəltməli,
onu daha güclü, daha ağıllı və mənəvi cəhətdən
zəngin etməlidir".
Əbədi gənc lirik M.Müşfiq
deyirdi ki, şeir divanədir, ona toxunmayın, qoy, hara gedirsə-getsin. 1920-30-cu illərdə
Azərbaycanda çalışan
türkiyəli alim və
şair İsmayıl
Hikmət lirik şeiri yaradan ilham barəsində
(1925-ci il. "Maarif və
mədəniyyət"in 4-5 sayında s.7) belə obrazlı bir fikir yazıb. "Cəbr ilə sənət heç bir zaman imtizac etməmişdir. İlham pərisinin
büllur gərdəninə
istibdad zənciri keçirilməz, ipək
saçlarına istiqlal
çələngləri vururlar".
XX əsr Azərbaycan poeziyasında
bir neçə lirik şair var. Mikayıl Müşfiq, Səməd Vurğun, Əli Kərim, Hüseyn
Arif, Nəbi Xəzri, Nəriman Həsənzadə, Ramiz Rövşən. Bu sıraya mənim dostlarım - Musa Yaqubu və Zəlimxanı da əlavə
edə bilərəm.
Lirikanın əsas mövzusu Eşq, Sevgi, Məhəbbətdir!
Eşqdir mehrabı uca göylərin,
Eşqsiz, ey dünya, nədir dəyərin?
- yazıb dahilər
dahisi, Şərq renessansının zirvəsi
Nizami Gəncəvi.
Sıraladığım şairlərin lirikasının
başlıca keyfiyyəti
səmimiyyətdir. Dünyada
üç şey var ki, yalnız
səmimiyyətə tabe
olur: Lirika, Dua və Eşq!
Mən həmişə demişəm
və yazmışam:
Ədəbiyyatında Füzuli
əbədiləşən xalqın şairi olmaq çox çətindir. Mövlanə
Məhəmməd Füzuli
və Mirzə Ələkbər Sabir Azərbaycan
xalqının yaddaşına,
milli mənəviyyatına elə daxil olub ki, orada başqa şairə yer yoxdur...
***
M.Müşfiq Azərbaycan şeirinin
əbədi gənc klassikidir, o, heç bir ideologiyaya, siyasətə boyun əymədi, xoşbəxtəm
ki, Müşfiqin 100 illik
yubileyini aparmaq mənə nəsib oldu və bu
yubileydə (2008-ci ildə
Dövlət Musiqili Komediya teatrında!) onun haqqında "Şeirimizin sübh çağı" adlı
məruzə etdim. Müşfiqin zərif lirikası sübh şəfəqləri qədər
təmiz və şəffafdır. Onun
"Küləklər", "Yenə o bağ olaydı", "Duyğu
yarpaqları", "Tap", "Göy göl" kimi şeirləri duyğusal, romantik lirikanın ən yaxşı nümunələridir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin
"Mikayıl Müşfiqin
100 illik yubileyinin keçirilməsi haqqında"
17 aprel 2007-ci il tarixli
sərəncamında deyilir:
"Mikayıl Müşfiqin yaradıcılığı
XX əsr Azərbaycan
ədəbiyyatının parlaq
səhifələrindən birini təşkil edir. Ədəbi fikir tariximizə yenilikçi şair kimi daxil olmuş
Müşfiq dövrün
yüksək bədii
dəyərə malik, romantik
ruhlu və dərin ictimai məzmunlu poeziyasını
yaratmışdır". "Küləklər" şeirində
oxuyuruq:
Hər səhər, hər axşam, hər axşam, hər səhər
Çox zaman sərsəri küləklər
bixəbər
Bir yaxın dost kimi qapımı döyərlər
Küləklər, küləklər, bəstəkar
küləklər.
***
Bəzimiz qorxulu, bəzimiz
qorxusuz,
Bəzimiz duyğulu, bəzimiz
duyğusuz,
Bəzimiz uyğulu, bəzimiz
uyğusuz,
Küləklər, küləklər, ey
sərin küləklər,
Sizdə var qoxusu hər
yerin, küləklər.
Müşfiq küləklərin obrazını
azadlıq simvolu kimi yaradır, onun
lirik qəhrəmanı,
şair "mən"i
küləklərə qoşulmaq
təşnəsi ilə
yaşayır. İstedadına
və şəxsiyyətinə
dərin hörmət
bəslədiyim, şair
dostum Ramiz Rövşən
deyir ki, Müşfiqin
ən yaxşı şeiri "Küləklər"
lirikasıdır.
(Davamı var)
Nizaməddin ŞƏMSİZADƏ
Ədəbiyyat qəzeti. - 2024.- 6 aprel, ¹11-12.- S. 28.