Ruhumuz, düşüncəmiz
və ədəbiyyatımızda
Şuşa möcüzəsi
"Külli Qarabağın abi-həyatı;
Nərmü-nazik bayatıdır, bayatı"
Böyük zəfərimizlə
rəngi qırmızıya
boyanan Qarabağ mövzulu ədəbiyyatımıza
yeni nəfəs, yeni ruh,
yeni düşüncə gəldi.
Yazılan əsərlərdə,
müxtəlif məzmunlu
şeir və poemalarda, zəfər, şəhidlər və işğaldan qurtarılan
bölgələr ədəbi
obraz kimi ədəbiyyatsevərlərin diqqətinə
çatdırıldı. Yazılan
şeirlər ruhumuza nəğmə kimi hopdu. Mahnının nəqarəti kimi, dilimizdə dolaşdı,
ruhumuza hakim kəsildi.
Əməkdar mədəniyyət
işçisi, Azərbaycan
Mətbuat Şurasının
sədri, "525-ci qəzet"in
redaktoru, AYB sədr müavini, şair, jurnalist Rəşad Məcidin Şuşaya həsr etdiyi şeirləri ruhumuza hopan, dodaqlarda nəğməyə dönən
şeirlərdəndir.
Rəşad Məcid hələ,
1979-cu ildə 15 yaşlı
yeniyetmə ikən Azərbaycan poeziyasının
baş mövzularından
olan Şuşaya şeir həsr edib. "Cıdır düzü" adlandırdığı
şeirdə şairin
"həyəcanları", "Dəli gülüşləri",
"savaşları", "ən rahat, xoşbəxt anları bu müqəddəs torpaqla bağlıdır.
Sehrli-sirli, özü
ən gözəl şeir, nəğmə olan Şuşanın
"nəğmələri ilə qanad açan" şairin
"Cənnətə düşən,
göyə uçan"
dərmanı da, ilhamı
da Xarıbülbüllü Şuşadır:
Səninlə bağlıdır
həyəcanlarım,
Ən rahat anlarım,
xoşbəxt anlarım.
Sənin nəğmən ilə
qanad açmışam,
Cənnətə düşmüşəm, göyə uçmuşam.
Səninlə bağlıdır göz
yaşlarım da,
Dəli gülüşlərim, savaşlarım da.
Yenə köməyim ol,
bu çətin anda,
Tapım o gördüyüm axarı,
bülbül.
Qaytar, o əvvəlki səadətimi,
Qaytar, bəxş etdiyin
baharı, bülbül.
Gəzim qarış-qarış, addımbaaddım,
O gözəl, o əziz diyarı, bülbül.
Yenə səsin gəlsin,
qoy qanadlanım,
Qalxım nəfəsinlə yuxarı,
bülbül -
Xarıbülbül!
Şeir, Şuşanın,
Cıdır düzünün
sehrindən ilhamlanan
on beş yaşlı
yeniyetmə şairin
1981-ci ildə dərc
olunan ilk şeiri olub. İllər sonra Şuşada keçirilən "Xarıbülbül"
musiqi festivalında
(12-13 may 2021-ci il) olarkən şair, "tarixin möcüzə sərgisi"
adlandırdığı Şuşanın
sehrinə yenidən düşüb. Bu möcüzə
gözəlliyi görüb
sehrinə düşməmək
mümkün deyil, 42 ildən sonra Şuşa haqqında yeni
şeirini yazıb. O günün təəssüratından
bəhs edən Rəşad Məcid müsahibələrindən birində
deyir: "Keçən
il işğaldan sonra
ilk dəfə Cıdır
düzündə "Xarıbülbül"
festivalına gəldik.
Prezident çıxış
edərək qeyd etdi ki, "Bu festival şəhidlərimizin
xatirəsinə həsr
olunub, Şuşanın
azadlığını qəhrəman
əsgərlərimizə borcluyuq",
- dedi və ardınca Şuşa haqqında ən təsirli sözlərindən
birini, "Dünyanın
çox gözəl şəhərlərində olmuşam,
amma Şuşaya bənzər şəhər
görməmişəm..." söyləməsi, "40 ildi
Şuşanı ilahi
məkan bilən, 30 ildən sonra Şuşada olmağın
səadətini yaşayan
bir insan üçün bu sözləri eşitməyin
nəticəsi sevinc göz yaşlarına qərq olmaqdı". Yenidən doğulmaqdır,
su torpağın qatlarından süzülərək
durulduğu kimi durulmaqdır, həsrətində
olduğun həsrətlisinin
vüsalına qovuşmaqdır.
30 ildən sonra yenidən Şuşada olmağın səadəti
içində, həmin
günün səhəri,
cənab Prezidentin sözlərinin təsirilə,
42 ilin ardından
"Şuşa" şeirini
yazan şairin o günkü təəssüratları
çox təsirlidir:
"Həmin günün
səhəri gözümü
Şuşada açanda
inana bilmirdim. Bir də gördüm, qulağıma azan səsi
kimi Alim Qasımovun canlı muğamı gəlir. Bütün bunlardan ilhamlanaraq 42 ildən sonra Şuşaya yeni şeir həsr etdim." Akademik İsa Həbibbəyli
yazır ki, "Rəşad
Məcid üçün
şeir "bir dolu ürəyin püskürmə çağı"dır,
"dikəlib asfaltı
deşən bənövşə"dir,
"sinədə boğmaq
mümkün olmayan bir qəfil hönkürtü" kimi
təbii proseslərin
nəticəsində yaranmış
bədii düşüncənin
ifadəsidir". Eynilə
"Şuşa" şeirində
olduğu kimi:
Min şəhər adı var
dillərdə əzbər,
Adların ən üstün
adıdır Şuşa.
Musiqi notudur cüt hecasıyla: Şu-Şa
Dilimin şəhdidir, dadıdır
Şuşa.
Ciyərdə nəfəsdir, damarda
qandır,
Ruha qanad verən sirli məkandır,
Biri beş edəndir, güc artırandır,
Qoşundur, əsgərdir, ordudur
Şuşa.
Qoynuna hər gələn yüz xəyal eylər,
Uzaqdan baxanlar qeylü-qal
eylər.
Birini coşdurar, birin
lal eylər,
Tilsimdir, ovsundur, cadudur Şuşa.
"Şuşa" şeiri yalnız şeir deyil, həzin mahnıdır, bütün gözəllikləri
ilə gözümüz
önündə cilvələnən
Şuşanın müqəddəs,
sehrli, möcüzəli
ruhu hopan rəsm əsəridir.
"Rəşad Məcid
yalnız şair deyil, "dünyagörüşünün
miqyası etibarilə
həm mükəmməl,
bütöv, etibarlı
bir Azərbaycan övladı, həm də dünyanın gəliş-gedişindən, ümumən
həyat (və insan) mənzərələrindən
yaxşı baş çıxaran həssas analitikdir, dünyanın tarixindən olduğu kimi, bu günündən
də dərs almağın, öyrənməyin,
ona uyğunlaşmağın
və ya onunla polemikaya girməyin metodlarını,
üsullarını yetərincə
mənimsəmiş çevik,
öz mövqeyi olan mütəfəkkirdir.
Və Rəşad Məcidin analitizminin, mütəfəkkirliyinin canlılığı,
məhsuldarlığı ondadır
ki, "amorf", sxolastik
və ya pedant deyil, dünyayla onun öz dilində
- onun az qala, hər gün dəyişən
"çağırışlar"ının
(həyəcanlarının!), stilizasiyalarının, improvizələrinin,
ritm-intonasiyalarında danışa
bilir..." Bu sözlərin
altında akademik
Nizami Cəfərovun imzası var.
Şuşaya həsr etdiyi şeirlər də bu müqəddəs torpağın möcüzəsinə
düşən, həyəcanlarını,
səsini duyan, bu səsin sehrinə
düşüb göylərə
yüksələn mütəfəkkir
şairin duyğularıdır,
qəlb çırpıntılarıdır.
Hər daşı, hər qayası, gülü-çiçəyi (Xarıbülbülü), cıdırı-düzü
(Cıdır düzü)
duyğulu hər bir insan üçün
bir şeir, nəğmə olan Şuşa (geniş anlamda Qarabağ) Rəşad Məcid üçün "gözəllik
önündə təzələnib
durulduğu", "Cıdır
düzü" deyəndə
ürəyinin qanadığı
məkandır:
Dərədə möcüzə, dağda
möcüzə,
Torpağa bu qədər vurulmamışdım.
Gözəllik önündə heç
vaxt, heç vədə,
Belə təzələnib durulmamışdım.
Dili tutulubmu torpağın, daşın?
Görən, niyə belə
səssizdi bu yer?
Haçansa Üzeyir ayağı
dəyib,
Yəqin ona görə əzizdi bu yer.
...Burda daşları
da qoruyaq, gəlin,
Hansı bir daşdasa Vaqif qanı var.
Bura yaddaşıdır
obanın, elin,
Burda hər bir nəslin
öz ünvanı
var...
Haşiyə çıxaraq
bu müqəddəs məkanla bağlı düşüncələrimi qeyd
etmək yerinə düşər, deyə düşünürəm. Mən
də nə şuşalıyam, nə
də 2 il öncəyə
qədər Şuşanı
görməmişdim. Amma ruhən
şuşalıyam, qəlbən
şuşalıyam, çünki
azərbaycanlıyam. Azərbaycansız
Şuşa, Şuşasız
Azərbaycan olmadığı
kimi, Şuşa bütün azərbaycanlıların
göz bəbəyidir,
hər gün ruhumuzun pərvazlandığı
müqəddəs məkandır,
Bakıdan hər gün "Salam, Şuşam",
"Sabahın xeyir, Şuşam" pıçıldadığım,
hər gün hava haqqında məlumatlarını izlədiyim
vətən torpağıdır.
Bir sözlə, Şuşanın
elmi-ədəbi və
mədəni mühitinə
həsr olunmuş Beynəlxalq simpoziumda iştirak etmək üçün getdiyim Şuşaya sevgimi, həsrətimi, ən əsası, heyrətimi sözlə ifadə etmək çox çətindir. Rəşad
Məcidin "Tilsimdir,
ovsundur, cadudur", - dediyi Şuşa məni lal etmişdi.
Lal olmaq da danışmaqdır,
hətta sükut daha çox danışmaqdır, insanın
özünün-özü ilə danışmağıdır,
bəzən pıçıltısı,
bəzən harayıdır.
Bütün bu duyğular, yəni Şuşanı ilk görənlərin
duyğuları, Rəşad
Məcidə çox
maraqlıdır: "Şuşanı
ilk dəfə görən
insanları müşahidə
etmək, keçirdiyi
hissləri anlamağa
çalışmaq çox
maraqlıdır." Şuşanı
ilk dəfə görən
bir insan kimi mən bütün
gözəl duyğuları
bir arada yaşadım. Üzərindən
2 il qədər zaman kəsimi
ötsə də, Şuşa adını duyunca, hələ də o duyğular ruhuma hakim kəsilir və belə duyğulu anlarımda şair Rəşad Məcidin "Şuşa"
şeirini özümdən-özümə
hədiyyə edirəm.
İllər boyu tarixiylə, yazılarla, şeirlərlə yaddaşımıza
və ruhumuza işləmiş, qanımıza
hopmuş müqəddəs
məkan, "tilsim",
"cadu", "möcüzə"
olan Şuşa belə anlarda ruhumuzun dərmanıdır.
Şuşa hər bir şairin arzuladığı
mövzudur. Şuşa
haqqında çox yazılıb, hələ
daha çox yazılacaq. Yazılan şeirlər himn kimi, nəğmə kimi ruhumuza hopacaq,
Rəşad Məcidin
bu müqəddəs məkana həsr etdiyi şeirlər kimi. Çünki Rəşad Məcidin lirikası "içərisində
olduğu cəmiyyətlə
və doğma təbiətlə birgə
nəfəs alan bir qəlbin həyata şairanə şəkildə vurğunluğudur.
Onun şeirlərində
dünya da, Vətən
də, ictimai motivlər də, milli duyğular da, sevgi də, Rəşad Məcid üçün şeir "bir dolu ürəyin püskürmə çağı"dır,
"dikəlib asfaltı
deşən bənövşə"dir,
"sinədə boğmaq
mümkün olmayan bir qəfil hönkürtü" kimi
təbii proseslərin
nəticəsində yaranmış
bədii düşüncənin
ifadəsidir. Rəşad
Məcidin lirikası içərisində olduğu
cəmiyyətlə və
doğma təbiətlə
birgə nəfəs alan bir qəlbin
həyata şairanə
şəkildə vurğunluğudur."
Dünya, Vətən,
ictimai motivlər,
milli duyğular, tale, sevgi,
təbiət və s.
təqdimatıdır. "Saf, təmiz və təbii" duyğuların vəhdətindən
yaranan Rəşad Məcid poeziyası Şuşaya həsr etdiyi şeirində deyildiyi kimi, dodaqlarda pıçıltıya
dönən "tilsimdir,
sehrdir, əfsundur".
Lütviyyə
Əsgərzadə
Ədəbiyyat qəzeti. - 2024.- 6 aprel, ¹11-12.- S. 31.