"Oğuznamə"lərdə
Türk tanrıçılığının
müsəlmanlıq iddiaları
"Oğuz kağan" eposunda ideya-estetik təsdiqini tapan türk tanrıçılığı
I minilliyin sonlarında,
yəni təşəkkül
tapmağa başladıqdan
təxminən min il sonra
islam dini (və fütuhatı) ilə qarşılaşdı.
Dünya miqyaslı bu möhtəşəm (və mükəmməl!)
dinə qarşı açıq-açığına çıxa bilməsə
də, öz varlığını qoruyub
saxlamaq üçün
müəyyən müqavimət
üsulları, "diplomatik"
münasibət texnologiyaları
işləyib hazırlamaqdan
qalmadı. Türk tanrıçılığının "ideoloqlar"ı çox
tezliklə anladılar
ki, sələflərinin təqdim
etdikləri etnik tarix və ya
şəcərə elə
də qədimə getmir. Halbuki istər iudaizmin, istər xristianlığın,
istərsə də islamın (əslində islam əvvəlki dinlərin "tarix"ini
özündə ehtiva
etdiyindən "ideoloq"lar
"Qurani-Kərim"in məlumatları
ilə kifayətlənə
bilərdilər) mifik
tarixşünaslığı son dərəcə qədim
(və zəngin) qaynaqlardan gəlirdi.
Türk tanrıçılığının
retrospektiv iddialarının
yer aldığı
ilk geniş məlumatlı
mənbə, yəqin
ki, Fəzlullah Rəşidəddinin
"Came ət-təvarix" kitabıdır ki, onun
"Tarixi-oğuzan və
türkan və hekayəti-cahangiri-u" adlanan ikinci fəslində bu barədə bəhs olunur. Farsca yazılmış həmin
əsərin qədim
türk - oğuz mənbələri (istər
şifahi, istərsə
də yazılı və hər iki halda türkcə)
əsasında epik tarix olaraq tərtib
edildiyinə heç bir şübhə yoxdur.
Demək olar ki, bütün
məlum oğuznamə
mətnlərini (onların
sayı iyirmi beşdir ki, bu da türklərin, xüsusilə
oğuzların tanrıçılıqla
islam arasında əlaqə yaratmaq, öz şəcərələrini
də bu tarixi-ideoloji kontekstdə təqdim etmək üçün yüz illər boyu nə qədər böyük enerji sərf etdiklərini göstərir) araşdıraraq
möhtəşəm bir
nəhr dastan halına
gətirən Prof. Dr.Ə.B.Ərcilasunun
"Oğuznamə (Oğuz
Bitiq)" kitabının
verdiyi müqayisə,
(və ümumiləşdirici)
məlumatlara görə,
türklərin mifoloji
tarixində ən qədim əcdad Nuh peyğəmbərdir. Halbuki
iudaizm (tövrat) Adəm və Həvvadan başlayan insan nəslinin Nuha (Noya) qədər
bütöv bir şəcərəsini verir.
Dünyanı oğulları arasında
bölüşdürərkən Nuh peyğəmbər Türküstanı,
ümumən Şərq
ellərini böyük
oğlu Yafəsə bağışlayır. "Came ət-təvarix"in başlanğıcında
göstərilir ki, türklər
Yafəsi Abulca xan kimi xatırlayır,
onun Nuh peyğəmbərin
oğlu, yoxsa nəvəsi olması məsələsinə münasibətdə
tərəddüd edirlər.
Ancaq türklərin, monqolların, bütün
köçəri xalqların
məhz Abulca xanın nəslindən gəldiyinə inanırlar
(səh.193). Həmin mənbəyə
görə Abulca xan, yaxud Olcay
xan, yaxud da Yafəs özü Türküstanda köçəri
həyat tərzi yaşayırmış. Yayda
İnanç şəhəri
yaxınlığındakı Or Tağ və Kür Tağa gedər, qışda isə həmin yörələrdəki Borsuk adlı
yerdə məskunlaşarmış
ki, burada Talas və Karı Sayram şəhərləri vardı.
Abulca xanın ölkəsinin paytaxtı
da burada yerləşirdi
(səh.193).
Göründüyü kimi, "Oğuznamə"lər
Nuh peyğəmbərin yurdu,
məkanı barədə
bir söz demir, ancaq Yafəsin
(Abulca xanın) vətəninin Türküstan
və onun ətrafları olduğunu
dəqiq müəyyən
edir.
"Came ət-təvarix"
məlumat verir ki, Abulca xanın Dip Yabqu xan adında
oğlu vardı. Dip -
"taxt - hakimiyyət",
Yabqu isə "xalqın öndəri"
mənasına gəlir.
Olduqca nüfuzlu, məşhur hökmdar Dip
Yabqu xanın dörd oğlu dünyaya gəldi: Qara xan, Or xan,
Kür xan və Küz xan. Onlar da ataları
kimi böyük şöhrət qazandılar.
Oğuznamələr üzərindəki tarixi-xronoloji
müşahidələr belə
bir qənaətə gəlməyə əsas verir ki, mifoloji şəcərə tədricən
peyğəmbərlərdən etnoslara - xalqlara, tayfalara, nəsillərə
keçməyə başlayır.
Məsələn, "Şəcəreyi-tərakimə"nin
interpretasiyası "Came ət-təvarix"dəkindən
fərqlənir:
Nuh peyğəmbər
üç oğlunun
hərəsini bir yerə - Hamı Hindistana, Samı İrana, Yafəsi isə uzaq Şimala
göndərdi. Və
onlara tapşırdı
ki, Yer üzündə
başqa insan qalmadığına, dünyanın
taleyi sizdən asılı olduğuna görə özünüzə
yurd tutun, oğul-uşaqlarınız doğulub
artsın, insan nəsli hər tərəfə yayılsın...
Bəzilərinin peyğəmbər
saydığı Yafəs
İtil və Yayık (Volqa və Ural) çayları
sahillərinə yerləşdi.
İki yüz əlli il orada yaşadı. Və səkkiz oğlu dünyaya gəldi: Türk, Xəzər, Səkləb, Rus, Minq, Çin, Kimeri, Tarix.
Yafəs ölüm ayağında
ikən böyük oğlu Türkü öz taxtına oturdub digər oğullarına vəsiyyət
etdi ki, onu özlərinə padşah
bilib sözündən
çıxmasınlar... Türk
çox yerləri gəzib, axırda İsıq Köl ətrafında məqam tutdu. Çadır evi ilk dəfə o qurdu, türklər arasında geniş yayılmış adətlərin
bir qismi də ondan qalır.
Türkün dörd oğlu oldu: Tütək, Çigil, Bersaçar və Əmlak.
Yafəs kimi Türk də "uzaq səfərə gedəndə"
(öləndə) hakimiyyəti
böyük oğluna
verdi. Tütək müdrik bir padşah olmuşdur. Atası kimi onun da türk törəsinin zənginləşməsində
xidmətləri böyükdür.
Əcəm (İran) padşahlarından
birincisi olan Kəyumərsin müasiri
idi. Və iki yüz qırx
il ömür sürdükdən
sonra oğlu Amulca xanı öz yerinə qoyub gedər-gəlməzə
üz tutdu (səh. 200-201).
Burada maraqlı olan məqamlardan biri mifik türk hökmdarları şəcərəsinin
eyni dərəcədə
mifik İran hökmdarları
şəcərəsi ilə
müqayisəsidir ki, bu
kifayət qədər
qədim tarixi köklərə malik İran - Turan epik yaradıcılıq
mədəniyyətindən gəlir.
Əbülqazi Bahadır xanın
"Şəcəreyi-tərakimə"si
Amulca xandan sonra hakimiyyətə onun oğlu Bakuy Deb xanın, sonra onun oğlu
Kök xanın, sonra onun oğlu
Alınca xanın gəldiyini xəbər verir. Alınca xanın hakimiyyəti illərində türklərin
vilayətləri, el-ulusları
daha da genişlənir.
Və ona əmanət edilən ölkənin güclənməsi
üçün çalışmış
Alınca xan Tatar və Monqol adlı əkiz oğullar qoyub ata-babaları kimi bu dünyadan köçür. Tatar və
Monqol hər biri onun üçün
ayrılmış yerdə
hökmdarlıq etməyə
başlayır.
Monqol xanın Qara xan, Kür xan,
Kır xan və Or xan
olmaqla dörd oğlu dünyaya gəlir. Monqol xan öldükdən sonra hakimiyyətə böyük oğlu Qara xan keçir.
O, Or Tağı ilə
Kür Tağında yaylardı ki, indi həmin yerlər Uluğ və Kiçik dağ adlanır. Qışda isə Sir çayının
mənsəbi ilə Qara Qum və Borsuka gedərdi (səh. 201-202).
Beləliklə, türk-oğuz mifik-epik
təfəkkürü gələ-gələ
Abulca xan ilə Qara xanın
funksiyalarını eyniləşdirir.
Və heç fərqinə də varmır ki, bunlardan birincisi Nuh peyğəmbərin
oğlu, yaxud nəvəsi Yafəs, digəri isə Monqol xanın dörd oğlundan ən böyüyüdür.
"Şəcəreyi-tərakimə"
davam edir:
Türk xalqı Yafəsdən
(Abulca xandan) Alınca xanadək müsəlman idi (burada, tamamilə təbiidir ki, "müsəlman"
dedikdə tək bir Tanrıya etiqad, müəyyən dini-ruhani qaydalara riayət etmək nəzərdə tutulur -
N.C.). Alınca xan padşah olduqdan sonra xalq o qədər
zənginləşdi ki, başını
itirib yolunu azdı. Tanrını yaddan çıxarıb
kafir oldular. Qara xan zamanında isə kafirlik o həddə çatdı
ki, atası oğlunun
müsəlman olduğunu
eşitsə, onu öldürürdü, oğul
da atasının müsəlman
olduğunu eşitsə,
onu öldürürdü...
(səh.202).
Bu isə o deməkdir ki, tanrıçılıqdan
müsəlmanlığa yol
axtaran mifoloji-epik təfəkkür tanrıçılığı
müsəlmanlığa qovuşdurmağın
ən münasib yolunu müsəlmanlığın
tarixini tanrıçılıqdan
başlamaqda görür.
Və bunun ən mükəmməl təzahürü öz ifadəsini Yazıçıoğlu
Əlinin "Təvarixi-Ali-Səluq"unda tapır:
Qara xanın bir oğlu doğuldu. Üç gün, üç gecə anasının südünü
əmmək istəmədi.
Ona görə də anası ara vermədən ağlayardı.
Hər gecə yuxusunda görərdi ki, oğlu ona deyir:
"Ey mənim anam! Əgər Tanrıya tapınıb onu sevənlərdən olsan, sənin südünü əmərəm".
Xanım tamamilə kafir olan
ərindən, qohum-əqrəbasından
çəkinərək bu
barədə kimsəyə
bir söz demədi ki, onu da, uşağını da öldürərlər.
Gizlicə Tanrıya həqiqi iman gətirdi, oğlu onun südünü əmməyə başladı.
Bir yaşına çatanda
artıq gücü, qüvvəsi, hərəkətləri
ilə hamını təəccübləndirməyə başladı. Atası onu görüb dedi ki, bizim nəsildə hələ belə igid dünyaya gəlməyib, ululuq və kamal mərtəbəsinə
çatacağına heç
bir şübhə yoxdur... Və yığışıb ad
verməkdən ötrü
məşvərətə başlayanda bir yaşlı uşaq dilə gəlib dedi ki, "mənim adımı Oğuz qoyun!" Məclisdəkilər
hər nə qədər təəccüblənsələr
də, cavabında bir söz deyə
bilməyib razılaşdılar
(səh.203).
Oğuzun tanrıçı tərcümeyi-halının
"Oğuz kağan"
dastanında necə əks olunduğu bizə ən mükəmməl şəkildə
uyğur oğuznaməsindən
məlumdur. Yazıçıoğlu
Əli "Oğuznamə"si
isə anadan müsəlman olaraq doğulmuş Oğuzun böyüyəndən sonra
başına gələnlərin
təfərrüatına belə
varır:
Oğuzun həddi-büluğa çatdığını görən
atası Qara xan onu evləndirmək
qərarına gəldi.
Əvvəl qardaşı
Kür xanın, sonra Küz xanın qızlarını
yanına göndərsə
də, onların heç biri Oğuzun təklifinə məhəl qoyub dini (burada tanrıçılıqla
müsəlmanlıq təxminən
eyni başa düşülür - N.C.) qəbul
etmədilər. Məsələnin
əsl mahiyyətini bilməyən ata Qara xan üçüncü
qardaşı Or xanın qızını
da ona aldı. Oğuzun dini qəbul etmək təklifinə bu qız belə cavab verdi ki, Tanrını tanıyıb
bilmirəm, ancaq sənin sözündən
də çıxmaram.
İman gətirib Haqq-Təalaya
sığındı. Və
Oğuz onunla evləndi (səh. 204-205).
Tanrıçılıqla müsəlmanlığı artıq eyni bir din olaraq qəbul edən oğuznamə yaradıcılığı
bütün digər dinlərin tarixində olduğu kimi kafir - dindar (allahsız - allahlı) qarşıdurmasına
meydan açır ki,
bunun ən ziddiyyətli, dramatik təzahürü özünü
kafir ata ilə dindar oğul arasında göstərir.
Və "Came ət-təvarix"
bu barədə aşağıdakıları söyləyir:
Oğlunun tanrıçı - müsəlman olduğuna əmin olan kafir (eposun məntiqinə görə bunun özü də bir cür inamdır
- N.C.) ata qohum-əqrəbasını
yığıb məsləhətləşir
ki, "yolunu azmış"
Oğuza qarşı necə hərəkət etsinlər. Və onun öldürülməsini
qərara alırlar...
Bunu eşidən kiçik arvadı (əslində əmisi qızlarının hər
üçü onun rəsmi arvadı sayılırdı, ancaq Oğuz yalnız tanrıçılığı - müsəlmanlığı qəbul
etmiş üçüncü
əmisi qızını
öz arvadı hesab edirdi - N.C.) məsələnin nə yerdə olduğunu ərinə xəbər verir. Oğuz kafirləri - atası Qara xanı, əmiləri Kür xanı və Küz xanı öldürür, yetmiş
beş il əmilərinin
törəmələri ilə
vuruşub, axırda onları məğlub edir (səh.207).
Oğuznamələr bundan sonra Oğuzun fütuhatı barədə bəhs edir ki, bu həm
Makedoniyalı İskəndərin
Türküstan səfərlərini,
həm də müəyyən mənada
İslam dininin yayılması
uğrundakı müqəddəs
müharibələri - qəzəvatı
yada salır. "Came ət-təvarix"
Şamaxı şəhərinin
müqavimətini qırıb
xərac aldıqdan sonra Oğuzun Arran və Muğana
gəldiyini yazır. Xəbər verir ki, yaz fəsli idi, yaylaqlara çıxdılar, qışda
isə yaylaqlardan enib hər tərəfi
- Savalan, Ala dağ, Ağdıböri dağlarınadək
hər yeri aldılar. Azərbaycan vilayətini ələ keçirdilər. Gözəl
otlaqlarda cins atlarını bəslədilər
(səh. 221- 222).
"Oğuznamə"nin
yalnız şifahi olaraq dildən-dilə keçib zənginləşən
bir epos deyil, həm də dinin kanonlarını izah (və nümayiş)
etdirən kitab olduğunu
nəzərə çatdıran
"Əfqanıstan əfşarları
oğuznamə"si (Kazan əlyazması)
belə bir əhvalat danışır:
Oğuz xan ömrünün
sonuna gəlib çıxdığını hiss edib möhtəşəm
bir toy keçirdi. Və həmin toyda üzünü Misir tarixçilərinə
tutub göstəriş
verdi ki, Tanrı qüdrət əli ilə bu dünyanı
yaradandan, Adəmdən,
onun peyğəmbər
oğullarının və
xilafət məqamında
oturan oğullarının
ta Nuh vaxtına qədərki
həyatından, Tanrının
tufanı başlayıb
bitirməsindən ta bizim
dövrümüzə, ta bizim
övladlarımızın dövrünədək əhatə
edən böyük kitablar yazın.
O zaman bütün Misir hakimləri, tarixçiləri toplaşıb
əziyyətlər çəkərək
Allahın yardımı
ilə böyük bir kitab yazıb adını "Oğuznamə"
qoydular. O kitab o qədər
ağır idi ki, insan yerdən qaldıra bilməzdi.
Odur ki, əmirlərin çoxu kitabın qısa icmalının hazırlanmasını,
şərhinin verilməsini
istədi. Və həmin kitab bizim dövrə bu şəkildə gəlib
çıxdı (səh.
233-234).
Əlbəttə, "Oğuznamə"nin ilk (və möhtəşəm)
nüsxəsi əgər,
doğrudan da, olmuşsa
(hərçənd buna inanmaq
elə də asan deyil), dərhal
belə bir sual üzərində düşünməyi tələb
edir ki, hansı janrda tərtib edilmişdir... Bu sualın
cavabını yenə
də həmin mənbədə - "Əfqanıstan
əfşarları oğuznamə"sində
tapırıq. Burada göstərilir ki, Oğuz
xan cənabları xilafət ( hökmdarlıq)
məqamında oturduğu
zaman bütün Yer üzünü iman nuru ilə aydınlatdı...
Amudəryadan keçib
İran vilayətində istila
bayrağını yüksəltdi.
Moğol elindəki -
ki, türk xalqı olduqları məlum və məşhurdur - adətlərin çoxunu
Oğuz xan icad etmişdir. Nökər tutmaq, maaş vermək; orduda minbəyi, yüzbəyi, onbəyi rütbələri ondan yadigar qalmışdır.
Oğuz xan yetmiş üç il xilafət (idarə) məqamında oturmuş, elin hamısını müsəlmanlığa
dəvət etmişdir.
Müsəlman olanlara
xoş münasibət
göstərmiş, olmayanlarla
döyüşmüşdür, özlərini öldürüb
uşaqlarını əsir
almışdır (səh.
234).
Deməli, "Oğuznamə" mifoloji-tarixi təsəvvürlərə
əsaslanan bir din - iman kitabı olmuşdur ki, türk tanrıçılığının müsəlmanlıq iddialarını
bütün miqyası
(və ən başlıcası, etnik-etnoqrafik
səmimiyyəti!) ilə
əks etdirir. Sözügedən sonsuz səmimiyyətin bir amili də oğuznamələrin
(və Oğuz xanın) zəngin türkcəsidir ki, Türkmənistan
türkləri oğuznaməsində
bu barədə deyilir: Niçem yıllık vatan kirqizdim ilqə, Büyük xaqanlıq açdım türki tilqə (Neçə illik vətən qazandım elə, Böyük xaqanlıq açdım türki dilə).
"Oğuz kağan" dastanından
başlayaraq son oğuznamələrə
qədər gözdən
keçirilmiş müxtəlif
xarakterli mətnlər
deməyə əsas verir ki, onlar poetik struktur etibarilə biri digərinin birbaşa davamı olsa da, ideya-məzmunca üç
dövrü əhatə
edir: 1)türk tanrıçılığı dövrü (e.ə. I minilliyin sonlarından II minilliyin əvvəllərinə
qədər); 2) türk
tanrıçılığının müsəlmanlıq iddiaları
dövrü (II minilliyin
əvvəllərindən orta
əsrlərin sonlarına
qədər); 3)türk
etnosunun müstəqil
türk xalqlarına ayrılmasından sonrakı
"qarışıq" dövr (orta əsrlərin sonlarından
sonrakı dövr). Birinci dövr "Oğuz kağan" eposunun, ikinci dövr oğuznamələrin,
üçüncü dövr
isə həmin oğuznamələrin təşəkkül
tapmaqda olan müxtəlif türk xalqları tərəfindən
daha realist bir şəkildə interpretasiya
edilməsinin dövrüdür.
Ancaq bütün hallarda nəzərə almaq lazımdır ki, həmin dövrlər bir-birini türk cəmiyyətində gedən
çox mürəkkəb
ideya-mənəvi proseslər
kontekstində əvəz
etdiyindən hər bir əvvəlki dövr sonrakında ehtiva olunmaqla yanaşı, yeni keyfiyyətlər
qazanır ki, bunun da əsasını mifoloji, dini və tarixi
motivlərin tədricən
daha çox etnoqrafik, etik və estetik dəyərlərə çevrilməsi
müəyyən edir.
Bu isə ondan irəli gəlir ki, etnos zaman-zaman eposun önünə keçir.
Nizami CƏFƏROV
Ədəbiyyat qəzeti. - 2024.- 6 aprel, №11-12.- S. 32-33.