"Bu gecə yuxuda Şuşanı gördüm, Dunayın sularına danışdım
yuxumu"
Azərbaycan torpağı istedadlar
yetişdirir. Bu torpaqda
yaşayan insanların
görünüşləri sadə olsa da, onların ruhunun dərinliyinə enmək insanı çox vaxt təəccübləndirir.
O dərinliklərdə heç
vaxt boşluqlar olmur. Azərbaycanda yaşayıb-yaradan yazarların
irsinə baxdıqda, orada hərtərəfli yaradıcılıq yolu görürük. Bu, klassik
ədəbiyyatımızda da, çağımızda yaşayan
qələm adamlarının
yaradıcılığında da mövcuddur.
Dünyəvi kontekst Elçin
İsgəndərzadənin yaradıcılığına nəzər
yetirdikdə məni təəccübləndirən məqamlardan idi. Onun yaradıcılığının
böyük qismini etdiyi tərcümə əsərləri əhatə
edir. Seçilmiş əsərlərində toplanan
bu tərcümələrdə
Federiko Qarsia, Lorka, Oljas Süleymenov,
Sayqo, İsikava Takuboku, Tanikova Syuntaro, Mirçea Dinesku, Pyer Tilman, Jorj Qado, Pol Elüar, Tadeuş Rujeviç, Paul Selan, Flora
Naci, Lui Araqon, Filip Supo,
Roje Jilber-Lekont, Anri Mişo, Anna Boqriana, Aleksandr Navrotski kimi yazarların əsərləri yer alır.
Tərcümə prosesi çox ciddi əhəmiyyətə
malik yaradıcılıqdır. Bu, dünya ölkələrində
yaranan ədəbi nümunələri tanıtmaqla
yanaşı, eyni zamanda mühiti hərəkətə keçirən
bir priyomdur. Eyni zamanda tərcümələr
vasitəsilə gedən
proseslərə nəzər
yetirmək, ədəbiyyatdakı
paralelliklər, fərqli
məqamlar və çatışmazlıqlar görünür.
Elçin İsgəndərzadənin yaradıcılığında təbiət motivi güclüdür. Tərcümələrində
də daha çox təbiəti özündə əks etdirən və sevgi motivlərinə həsr olunan nümunələr, sanki bilərək seçilib.
Şairin öz yaradıcılığı ilə
səsləşən məqamlara
diqqət yetirək:
Solğun günəş,
Yaşıl duman.
Tutqun, yuxulu
Gəmi və liman.
Kədər sayıqlamayla
Yuxudan oyadır çobanı.
Yaxud
Günəş şüası
Döydü zülmət pəncərəmi,
Hər yan işıqlandı
birdən.
Həmən nura qərq oldu...
...Və qəfil gözdən itdi.
Bir zamanlar mənim olan
Bəlalı sevgin kimi...
Bədii tərcümə sənəti
mədəniyyətlərin təmasıdır, çağdaş
qlobal problemlərin həlli yollarının axtarılmasında önəm
kəsb edən faktorlardan biridir. Bədii əsərləri
tərcümə edən
şəxs sənətkarın
duyğu və həyəcanlarını həssaslıqla
qavramalı, mətnə
hörmətlə yanaşmağı
bacarmalıdır. İstər
keçmişdə, istər
bu gün, azərbaycanlı ziyalılar
Şərq və Qərb təfəkkürünün
sintez şəklində
paralel inkişafına
stimul verən əsərlər yazmış
və öz nitqlərində və ideyalarında bu amili irəli sürməkdən çəkinməmişlər.
Humanist və tolerant düşüncə
sisteminə sahib olan xalqımız daima yenilikçi olmuş,
modern fikir mübadiləsinə
hər zaman aydın və humanist mövqedən
yanaşmışdır. Şərqin
Qərbə bu
professional baxışı təəssüf ki, bəzi
qərblilərin Şərqə
baxış bucağından
fərqli və səmimi idi. Elçin İsgəndərzadənin
tərcümələrindən aydın olur ki, o, dünya ədəbiyyatını
mənimsəmiş, bəyənmiş
və onları Azərbaycan auditoriyasına
çatdırmağın vacibliyini
dərk etmişdir. Şairin yaradıcılığında
Şərq ("Şərq
miniatürü", "Sadiq bəy Afşar",
"Bir Misir gözəlinə",
"Sultan Məhəmməd Təbrizinin xatirəsinə",
türkçülük ("Atatürk anıt məzarında",
"Trabzon", "İstanbulda Orxan Vəlini düşünərkən", Tokat ebrüsü"), Azərbaycançılıq (əksər
şeirləri) ideyaları
ilə yanaşı, Qərb konteksti də mövcuddur. Onun Qərbi təsvir edən əsərləri son dərəcə
maraqlıdır.
Bu müqayisədən
və qeydlərdən
aydın olduğu kimi, dünyada yaranan ədəbiyyatın
bir-birindən təsirlənməsi
çox normal bir situasiyadır. Bu baxımdan,
Qərbin Şərqdən,
Şərqin Qərbdən
təsirlənməsi milli zəmini
qorumaqla, ədəbiyyatda
yeni tərz, forma, süjet,
mövzu axını formalaşdırır.
Onun "Gotika klubunda", "Ermitaj yaşantısı",
"Piterli Anastasiya ilə
dialoq", "Parisdə
gecə", " Buxarestin
qızları", "Orhiddə
kafe" kimi şeirləri Qərbin gözəlliklərinin təsvirinə
həsr olunub.
Parisdə Yenisey meydanından keçirəm
-
Şuşada dolaşır Xarıbülbül
sevdalı xəyalım,
Ulduzlara göz vurmağa
yox halım.
Bu gecə talesiz insanların
Bir hüzn çələngidir Paris.
Şeirin davamında Nazim Hikmətin
misralarını xatırlayan
şair, Nazim kimi Parisi sevgilisiz boş hava fişəngi
adlandırır.
Şairin şeirlərindəki Məmməd Arazla paralellikləri öncəki
yazımızda xatırlatmışdıq.
Bir digər paralellik də elə Qərb mövzusunun işlənmə texnikasındadır.
Məmməd Araz da Qərbə dair yazdığı əksər
şeirində Azərbaycanı,
Şərqi ora daşıyır. Şərqi
düşünür, darıxır.
Məmməd Arazın "Eyfel
qülləsində" şeiri
də bədii cəhətdən çox
maraqlıdır. Eyfel
qülləsindən Parisin
və dünyanın təsvirini verən sənətkarın bu şeirini oxuduqda, sanki Parisin canlı
mənzərəsi gözlərimiz
önündə açılır.
Bu mənzərənin işıqları,
ehtişamı gözlərimizi
qamaşdırır. Gözəlliklərlə
birlikdə, görünməyən
gerçəkliklərin də
əks olunduğu şeirdə insan sevinclə birlikdə kədərlənir də.
Burada dərdlərini
unutduğunu söyləsə
də, şair isə bunu özündə
gizlədə bilmir. Çünki unudulmuş dərd xatırlana və dilə gətirilə bilməz, Məmməd Araz Parisdə belə öz "dərdini unutmur", xalqını düşünür.
Elçin İsgəndərzadə yaradıcılığında da bu xətt görünür:
rəssam dostum Çingiz Əzizin
Yarımçıq bir sevgi akvarelini xatırlatdı,
"Gotika" mənə
-
Bəmbəyaz bir Piter gecəsi...
"Vətən ətri" şeirində
şair yenə Azərbaycanı - Şuşanı
xatırlayır:
"Bu gecə yuxuda Şuşanı gördüm,
Dunayın sularına danışdım
yuxumu".
"Bir sevgi bayatısı" şeirində
Qərbdə - Varşavada
bir kitabxanada başlayan sevgi nəğməsi ta Yaponiyaya
kimi uzanır, oradan Azərbaycana - Bakıya ötürülür:
Aramızda sevgi fərqimiz
var, yapon gözəli,
Tokio ilə Bakı arasındakı saat fərqi qədər...
Elçin İsgəndərzadə yaradıcılığını bir çox başlıqda toplamaq mümkündür. Şair
bütün başlıqların
haqqını verəcək
nümunələr yaradıb.
Onun yaradıcılığında
yer alan Şərq-Qərb məsələsi
son dərəcə maraqlıdır.
Şərq-Qərb kontekstlərinin
paralel işlənməsi
bu gün üçün dünya ədəbiyyatını maraqlandıran
məsələlərdəndir. Bununla bağlı xüsusi tədqiqat institutları, mərkəzləri
yaradılıb. Şərq
ölkələrinin ədəbiyyatında
Qərbin təsviri, Qərbdə yaranan janrların işlənmə
trayektoriyası, stilistikası
Qərb üçün
daim maraq kəsb edib.
Yazımı Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin ölkə yazıçılarının
onuncu qurultayında dediyi fikirlərlə bitirmək istəyirəm:
"Azərbaycan Asiya
ilə Avropanın birləşdiyi, qovuşduğu
bir ərazidə yerləşən, amma Avropaya daxil olan bir ölkədir.
Ancaq Azərbaycan öz kökünə, dini mənsubiyyətinə,
ənənələrinə görə Şərq aləminə, islam, türk dünyasına daxil olubdur. Bu qəbildən olan xalqlar, millətlər içərisində Azərbaycan
xalqı XIX-XX əsrlərdə
öz milli köklərindən
ayrılmayaraq öz ədəbiyyatını, mədəniyyətini
dünyanın inkişaf
etmiş Qərb mədəniyyəti, ədəbiyyatı
ilə birləşdirə
bilibdir. Bizim ədəbiyyatımızı, mədəniyyətimizi Qərb
mədəniyyəti ilə
birləşdirən, onun
sintezini yaradan insanlar çox uzaqgörən, müdrik insanlar olublar".
NARGİS
Ədəbiyyat qəzeti. - 2024.- 6 aprel, ¹11-12.- S. 33.