Bir pişiyin həyatı və fəlsəfi baxışları
Samanlığın küncündəki çəlləyin
içində doğuldum.
İşıq yumulu göz qapaqlarıma elə vururdu ki, ilk səkkiz gündə dünyanı çəhrayı
gördüm.
Səkkizinci gün daha yaxşı oldu. Baxdım və qara kölgənin üstünə böyük
bir aydınlığın
düşdüyünü gördüm; o aydınlıqda
toz zərrələri
və böcəklər
rəqs edirdi. Saman isti və ətirli
idi. Hörümçəklər
kirəmitlərdən sallanıb
yatmışdı, milçəklər
vızıldayırdı, hamının
kefi kök idi. Bu mənə cəsarət verdi, balaca almazların fırlandığı və
tavana qədər uzanan sütunun üstündəki bəyaz
boşqaba toxunmaq istədim. Top kimi fırlandım, gözlərim
acışdı, qabırğalarım
ağrıdı, boğuldum.
Axşama qədər
öskürdüm.
II
Pəncələrim güclənəndən sonra bayıra çıxdım və bir qazla dostlaşdım.
Çox dəyərli
heyvan idi, çünki qarnının
altı çox isti idi. Onun
qarnının altına
girirdim, o da fəlsəfi
söhbətləri ilə
məni formalaşdırırdı.
Deyirdi ki, hin müttəfiqlər respublikasıdır,
ən çalışqan
canlı insan olduğu üçün
bizi o idarə edir, itlər dəli-dolu olsalar da, bizi mühafizə edirlər. Əziz dostumun qarnının altında emosiyadan boğulub ağlayırdım.
Bir səhər aşbaz qadın əlində arpa ilə gəldi, mehribanlıqla qaza yaxınlaşdı. Qaz başını uzadanda aşbaz qadın onu tutdu və
iri bıçaq çıxartdı. Böyük
filosof olan əmim qaça-qaça
gəlib qışqır-bağır
salan qaza təsəlli verməyə
başladı: "Gözəl
bacım, fermanın yiyəsi sizin ətinizi yeyəndən sonra zehni güclənəcək
və bizə daha yaxşı baxacaq, itlər sümüklərinizi yeyəndən
sonra bizi daha yaxşı qoruyacaq". Qaz səsini kəsdi, çünki başı bədənindən ayrılmış,
qan axan boğazından qırmızı
xortuma oxşayan bir şey çıxmışdı.
Əmim tullanıb yerdəki kəsik başı götürüb
qaçdı. Mən
bir az qorxmuşdum,
yerdəki qan gölünə yaxınlaşıb
yalamağa başladım.
Dadı xoşuma gəldi, mətbəxə
getdim görüm, orada da qan var, ya yox.
III
Təcrübəli və qoca olan əmim mənə bəşəriyyətin
tarixini öyrətdi.
Lap əvvəllər,
əmim doğulanda ağa ölüb, uşaqlar atalarını dəfn etməyə, qulluqçular rəqsə
getdiyi üçün
heyvanlar başlı-başına
qalıblar. Dəhşətli
qarmaqarışıqlıq düşüb. Həmcinsləri
çox gözəl lələkləri olan bir hind toyuğunu yolublar. Axşam bir gəlincik hinə girib, cəngavər hind toyuqlarının
boğazını dişləyib,
qanını sovurub. Təbii ki, hind toyuqları
daha qışqıra
bilməyiblər. Hindəki
mənzərə çox
gözəl idi: itlər bir ördəyi parçalayıb
yeyiblər, atlar cuşa gəlib itlərin belini sındırıb. Əmim
özü də yarım dənə toyuğu həzm-rabedən
keçirib. Yaxşı
vaxtlar idi, - dedi.
Axşam adamlar qayıdanda
hamısının dərsini
veriblər. Əmimə
dəyən qamçı
belindəki tüklərin
bir hissəsini yolub. Xaltaya vurulmuş itlər peşmanlıqla ulayıb,
təzə ağanın
əllərini yalamağa
başlayıblar. Atlar
ciddi-cəhdlə yəhərlərini
qoyublar. Artıq güvəndə olan hin əhli isə
qaqqıldayıb, qulu-qulu
edib, vaqqıldayıb
minnətdarlıqlarını bildiriblər. Amma altı
ay sonra toyuq qəssabı fermaya gələndə əllisi
birdən bıçağın
dadına baxıb. Mənim mərhum dostumun da içində olduğu qaz dəstəsi qanadlarını
çırpa-çırpa əvvəlki səliqə-səhmanın
geri qayıtdığını
qışqırıb, xalqın
himayədarı olan fermeri tərifləyiblər.
IV
Əmim qaramat olsa da, indiki vəziyyətin əvvəlkinə nisbətən
yaxşı olduğunu
etiraf edir. Deyir ki, əvvəllər
cinsimiz vəhşi idi, elə günü
bu gün də meşələrdə
əcdadlarımıza oxşayan
pişiklər var. Çöl
siçanı ovlamaqla
dolanır, tez-tez də ovçuların gülləsinə tuş
gəlirlər. Bir dəri,
bir sümük, tükləri yolunmuş bir qisim pişiklər
isə damlarda gəzir, siçanların
getdikcə azaldığından
şikayətlənirlər. Dünyəvi həzzin zirvəsinə çatmış
bizlər isə mətbəxdə daldalanır,
quyruğumuzu nazla yellədir və gündə ən çox beş-on çəkələk zərbəsi
ilə ömrümüzü
sürürük.
V
Musiqi ilahi sənətdir.
Bu da müzakirəyəgəlməz bir həqiqətdir ki, bizim cinsimiz musiqi mövzusunda xüsusi yerə sahibdir. Musiqi bizim bağırsaqlarımızdan
çıxır. İnsanlar
bunu çox yaxşı bilirlər deyə, skripka düzəldəndə bizim
bağırsaqlarımızı işlədirlər.
Bu ilahi səsləri
çıxartmaq üçün
bizi iki şey ruhlandırır: göy üzündəki ulduzlar və eşq. Pis təqlidçi
olan insanlar isə salonlara doluşub, tullanıb-düşməklə
bizə oxşadıqlarını
zənn edirlər. İlahi musiqi damların üstündə,
gecənin ehtişamında,
bütün tüklərimiz
qabaranda yarana bilər, ancaq.
İnsanlar qısqanclıqdan bizi
daşlayırlar. Hirsdən
partlasalar da, yabanı
səsləri ən yovuşmaz dişi pişiyi də yumşaldan, şəhvətli
ulduzların titrədiyi,
ayın eşqdən saraldığı vaxt onu özünü bizim qollarımıza atmağa məcbur edən məğrur kükrəmələrimizə, kəskin notlarımıza,
çılğın nəğmələrimizə
əsla çata bilməz.
Hələ xəyallarını itirməyən gənclik nə xoşbəxtdir! Mən də bir vaxtlar sevdim
və səsimi qalınlaşdırıb kükrəyərək
damlarda qaçdım.
Xalaqızlarımdan birinin
qəlbini oğurladım,
iki ay sonra altı çəhrayı-bəyaz
balamız oldu. Onları yemək istədim. Bir halda ki, atalarıyam, bu mənim ən təbii haqqımdır.
Amma kimə deyirsən?
Ona da pay vermək istədiyim
xalaqızım, yəni
arvadım üstümə
tullandı. Onun qabalığı xoşuma
gəlmədi və onu yerindəcə boğdum. Sonra balalarımın
altısını da uddum.
Amma balaca vələdüzzinalar
bir işə yaramadı: atalarını
doydurmağa da. Yumşaq
ətləri üç
gün mədəmə
ağırlıq saldı.
Uca ehtiraslardan iyrənib
musiqidən uzaqlaşdım
və mətbəxə
qayıtdım.
VI
İdeal xoşbəxtlik
haqqında çox fikirləşmişəm və
məncə, bu mövzuda vacib tapıntılar etmişəm.
Xoşbəxtlik isti havada göl sahilində yatmaqdan ibarətdir. Çürüyüb gübrəyə
dönən peyindən
təravətli qoxu yayılır, parlaq saman çöpləri gün
altında parıldayır.
Hind toyuqları gözlərini
məhəbbətlə qırpır,
qırmızı ətlərini
dimdiklərinin üstünə
atırlar. Toyuqlar istini daha yaxşı
hiss etmək üçün
samanı eşib içinə girirlər. Parıldayan gölün səthində böcəklər
qaçışır, geridə
hava qabarcıqları
buraxırlar. Yarıyumulu
gözlərlə xəyala
dalırıq, artıq
heç nə fikirləşmirik, heç
nə arzulamırıq.
Qışda isə xoşbəxtlik
mətbəxdə ocağın
yanında oturmaqdır.
Alovun kiçik dilləri odunları qucaqlayır, budaqlar çırtıldayıb əyilir,
duman qapqara bacaya tərəf millənir. Ocağın üstündəki şiş
xoş səslə tıqqıldayıb dönür.
Şişdəki toyuq,
əvvəlcə, qızarır,
sonra qaralır və axırda möhtəşəm şəkil
alır. Üstünə
çəkilən yağ
rəngini yumşaldır,
qoxusu burnunuzu qıcıqlandırır, dilinizlə
dodaqlarınızı yalayırsınız.
Dərinin altındakı
yağın iyini ciyərinizə çəkirsiniz,
gözlərinizi yuxarı
dikib xoşbəxtlik içində əti şişdən çıxaran
aşbaz qadının
payınıza düşəni
sizə verməsini gözləyirsiniz.
Yeyən xoşbəxtdir, yediyini
həzm edən xoşbəxtdir, həzm edəndə yatan isə daha xoşbəxtdir.
Yerdə qalan, sadəcə, boşluqdur,
ürəyin səbirsizliyidir.
Xoşbəxt pişik
dediyin yerində qıvrılıb yatar, mədəsinin işlədiyini,
bədəninin canlandığını
hiss edər, lətif bir şəfqət bədənini çulğalayar
və əzələlərini
ehtiyatla hərəkət
etdirər. Bütün
əsəbləri sakitdir.
Əgər dünya ağıllı adamların
dediyi kimi, bütünlükdə tanrıdırsa,
onda yer üzü də sonsuza qədər üstündəki canlıları
həzm edən və yumru kürəyini
günəşdə isitməklə
məşğul olan bir qarın olmalıdır.
VII
Fikirləşdikcə zehnim qəribə
tərzdə açıldı.
Dəqiq hesablamalar, sağlam yanaşmalar və yüksək diqqət sayəsində təbiətin bir çox sirrinə vaqif oldum.
İt o qədər eybəcər, xaraktersiz heyvandır ki, qədimlərdə
bütün qanunların
əksinə doğulmuş
və öyrədilmiş
heyvan hesab olunur. Doğrudan da, dincəlmək təbii hal olduğu halda, bir heyvanın
daim hərəkət
etməsini, nələrləsə
məşğul olmasını,
üstəlik, bunu məqsədsiz, heç ehtiyac yox ikən,
qarnı tox və heç nədən qorxmadığı halda etdiyini necə izah edə bilərik?
Gözəllik dünyada
kübarlıq, əsilzadəlik,
təmkinlilik kimi qəbul edilərkən, bu heyvanın həmişə tullanıb-düşməsini,
ulamasını, gic-gic
hərəkətlər etməsini,
camaatın üstünə
hücum çəkməsini,
təpik yeyəndən
sonra qaçıb getməsini necə qəbul edə bilərik? Tanrının şah əsəri və ən üstün xilqətinin pişik olduğu halda, bu heyvanın
ondan nifrət etməsini, bircə cırmaq da yemədiyi halda, onu qovmasını,
ətini yemək istəməsə də, belini sındırmasını
necə başa düşmək olar?
Bu qarşılaşdırmalar
itlərin lənətli
olduğunu sübut edir; onların bədəninə günahlar
və cəzalandırılmış
ruhlar girib. Bu ruhlar onların bədənində əzab
çəkir. Buna görə
itlər həmişə
narahat olur və hərəkət edir. Bu ruhlar dəli olub: itlər bu səbəbdən
hər şeyə ziyan vurur, döyülür
və günün dörddə üçünü
zəncirdə keçirdir.
Bu ruhların gözəl
və yaxşı - hər şeydən zəhləsi gedir. İtlər buna görə
bizi boğmağa çalışır.
VIII
Ağıl daxilində bəslədiyi
önyarğılardan yavaş-yavaş
xilas olur, aydınlanır, öz-özünə
düşünür, əşyaların
həqiqi mahiyyətinə
bu cür çatdım.
Əcdadlarımız deyirdi ki, göy
üzü hündürdə
yerləşən, hər
iki tərəfi bağlı çardaqdır
(damlarda gəzən pişiklər hələ
də bu inancı qoruyub saxlayır). Xalam deyirdi ki: "Çardaqlarda
siçovullar yaşayır,
o qədər gombuldurlar
ki, çətinliklə gəzirlər
və biz nə qədər yesək, bir o qədər artıb çoxalırlar".
Amma qətiyyən şübhə yoxdur ki, bu siçovuldan başqa heç nə yemədikləri üçün daha yaxşı mətbəx təsəvvür etməyən
kasıbların yanaşmasıdır.
Üstəlik, çardaqlar
ağac rəngində
və ya boz olur, göy
üzü isə mavidir, bu da onları qarşı-qarşıya
qoymağa mane olur.
Əslində onlar bu yanaşmanı olduqca incə bir fikirlə
əsaslandırırlar. Deyirlər
ki: "Göy üzü
saman və ya un anbarıdır, çünki
oradan xırmanda buğda sovrulanda çıxan sarı buludlardan və ya çörək kündələrinin üstünə
un səpiləndə çıxan
ağ buludlardan çıxır".
Mən onlara belə cavab verirəm: "Buludlar taxıl dənələrinin qabıqlarından
və ya un tozundan əmələ gəlmir, çünki buludlar yerə düşəndə suya dönür".
Bir az mədəni
olan başqa pişiklər isə toyuq qızardılan şişin Tanrı olduğunu iddia edir, onun bütün
gözəl şeylərin
qaynağı olduğunu,
dayanmadan hərəkət
etdiyini, ocaqda olsa da, özünün yanmadığını, ona
baxmağın belə
zövq olduğunu deyirdilər.
Məncə, onlar səhv edirdilər, çünki
onu pəncərədən,
uzaqdan, axşam günəşi kimi gözəl, parıltılı,
rəngli, şeirvari bir dumanın arxasından görürdülər.
Mənsə, saatlarla onun yanında oturmuşdum deyə, şişin süngərlə
təmizləndiyini, əyiləndə
düzəldildiyini bilirdim.
Elmim inkişaf etdikcə qəlblə mədənin illüziyalarından
xilas olmuşdum.
Ağlınızı daha böyük
qavrayışlara hazırlamalı
və hər şeyə sağlam nəzərlərlə baxmalısınız.
Təbiət hər yerdə özünə oxşayır: balaca şeylərdə böyük
şeylərin şəkillərini
təqdim edir. Bütün bu heyvanlar haradan çıxır? - Yumurtadan.
Elədirsə, onda yer üzü sınmış çox böyük yumurtadır.
Dünya dediyimiz vadinin gözlə görünən
sərhədlərinə və
formasına fikir versək, bundan əmin olarıq. Vadi yumurta kimi
qabarıqdır, göy
üzünə toxunan
iti kənarları kələ-kötür, kəskin
və bəyazdır.
Yumurtanın sarısıyla ağı
birləşib qayaları,
evləri və bütün sərt torpağı təşkil
edir. Bəzi hissələr yumşaq qalıb ki, onlar da insanların əkib-becərdiyi
yerlərdir. Yerdə qalansa, sudur, göllər və axar sulardan ibarətdir.
Hər yaz bir az da təzələnib
axır.
Günəşə qalanda, onun vəzifəsini hamı bilir: o, yumurtanın yavaş-yavaş bişməsi
üçün üstündə
gəzdirilən böyük,
qırmızı közdür.
İstilik içinə
nüfuz etsin deyə, yumurtanı qəsdən sındırıblar
- aşbaz qadın həmişə belə edir. Dünya böyük bir yumurtadır.
Bu bilgəlik səviyyəsinə çatandan
sonra nə insanlardan, nə təbiətdən, nə
də başqa birindən istəməli heç nəyim qalmayıb. Amma hər halda, bir tikə
toyuq əti ola bilər. Bilgəliyimin içində yatmaqdan başqa heç nə etmirəm, çünki aqilliyə çatmışam və
məndən əvvəl
heç bir düşünən pişik
əşyaların mahiyyətinə
varmayıb.
İppolit TEN
Tərcümə: Həmid
PİRİYEV
Ədəbiyyat qəzeti. - 2024.- 6 aprel, ¹11-12.- S. 37.