Çiqler soyadlı birisi
Tam adı-soyadı
Herman Karl Hesse olan və
almanca yazıb-yaradan İsveçrə yazarı,
şairi, tənqidçisi,
publisisti və rəssamıdır. Zəngin
ədəbi fəaliyyətinə
görə 1946-cı il üçün
ədəbiyyat üzrə
Nobel mükafatına layiq
görülüb.
Bir vaxtlar şəhərin Brauerqass
dalanında Çiqler
soyadlı cavan bir oğlan yaşayırdı. O, hər
gün küçədə
addımbaşı rastlaşdığımız
insanlardan əsla seçilmirdi: belələrini
biz kütlədən biri
kimi qəbul elədiyimiz üçün,
adətən sir-sifətləri
də heç cür yadımızda qalmır.
Hə, Çiqler hər
barədə adi insan idi, bütün
məşğuliyyəti də
başqalarınınkından zərrəcə fərqlənmirdi.
İstedadlı biri olmasa da, bacarıqsız insan da deyildi, pulu, kef-səfa sürməyi, zövqlə
geyinməyi də sevirdi. İnsanların böyük əksəriyyəti
kimi, o da qorxaq idi: həyat tərzi hansısa cəhdlər və məqsədlər üzərində
yox, sırf qadağalar və cəzalanma qorxusu üzərində qurulmuşdu.
Bütün sadalananlarla
yanaşı, bu cavan oğlan xoşagələn cəhətlərdən
də xali deyildi və ümumilikdə götürəndə,
adama xeyli dərəcədə normal insan
təəssüratı bağışlayırdı,
hətta şəxsi özəlliklərindən özünün
hədsiz dərəcədə
razılıq duyduğu,
bunlara böyük önəm verdiyi də sezilirdi. Hər insanoğlu kimi, o da özünü əsl şəxsiyyət
sanırdı, halbuki sıradan bir insan idi, üstəlik,
o, istənilən insan
övladı kimi dünyanın gedişatının
öz taleyində əks olunduğundan da əmin idi. Heçcə nəyə şübhə bəsləməz,
mövcud şərtlər
onun düşüncələrinə
zidd gələndə
isə, narazı halda üzünü başqa bir səmtə tutardı.
Müasir dövrün insanı
kimi o, puldan savayı, başqa bir güc mənbəyinə,
yəni elmə də sonsuz sayğı duyurdu. Elmin məğzinin nədən ibarət olduğunu açıqlamaqda
isə çətinlik
çəkirdi, onun statistikadan və qismən də bakteriologiyadan ibarət bir şey olduğu
qənaətindəydi, ancaq
dövlətin elmi axtarışlara yüksək
dəyər verməsindən
və ona xeyli vəsait ayırmasından da hərtərəfli
agah idi. Atası xərçəng
xəstəliyindən vəfat
etdiyi üçün
o, bu illəti araşdıran alimlərə
xüsusilə dərin
rəğbət duyurdu.
Üstəlik, Çiqler
əmin idi ki, ötən dövrdə görünməmiş zirvələr
fəth edən elm onun da aqibətinin, nə vaxtsa eyni sonluqla bitməsinə
əsla yol verməz.
Öz imkanları ilə
müqayisədə Çiqlerin
daha zövqlü geyinməyə çalışdığı
elə ilk baxışdan
diqqəti çəkirdi
və cari ilin dəbindən o, heç cür geri qalmazdı. Hər rübün və ayın modasıyla ayaqlaşmaq onun qazancına görə bir zövq deyildi və o, bunu "əsl meymunluq" adlandırır, belə davrananlara isə aşkar nifrət bəsləyirdi. Özünü
ciddi insan saydığı üçün
orda-burda hökuməti
və öz müdiriyyətini söyməkdən
əsla çəkinməzdi,
yetərdi ki, özükimilərinin
əhatəsində olsun
və özünü
tam güvəndə hiss eləsin.
Deyəsən, mən
onun təsvirinə hədsiz aludə oldum axı.
Hər şeyə rəğmən,
bu Çiqler, həqiqətən də,
xoş bir cavan oğlan idi və onun
sıralarımızı tərk
eləməsi bizlərdən
ötrü ciddi bir zərbəyə çevriləcəkdi. Çünki
gənc yaşda başına gələn
o qəribə hadisə
onun bütün planlarının və qəlbində bəslədiyi
ümidlərin üstündən
qalın bir xətt çəkəcəkdi.
Bizim şəhərdə məskunlaşandan
az sonra, Çiqler xoş bir bazar günü keçirmək niyyətinə
düşür. Həmin
vaxtlar o, bizlərə
hələ isinişməmişdi
və şəhərimizdəki
heç bir icmaya qaynayıb-qarışmağa
da cürət göstərmirdi.
Bəlkə onun bədbəxtliyi də elə bundan irəli gəlirdi. İnsanın yalqızlığa
məhkumluğu yaxşı
bir şey sayılmır axı.
Beləcə, ixtiyarında şəhərimizin
görməli yerləriylə
tanışlıqdan başqa
hər hansı məşğuliyyət qalmadığından,
o da bunlarla bağlı
məlumatlara maraq salır. Ciddi götür-qoydan sonra Tarix muzeyi ilə
Heyvanat parkına getməyə qərar verir. Bazar günü səhər saatlarında muzeyə giriş pulsuz idi, günortadan
sonra isə Heyvanat parkına girişdə endirimlər
tətbiq edilirdi.
Düymələri parça ilə
üzlənmiş sevimli
kostyumunu əyninə
taxan Çiqler bazar günü Tarix muzeyinə yollanır. Əlində də zərifliyi ilə gözoxşayan, tinli və səthi qırmızı lakla örtülən bir əsa tutubmuş: ancaq öz zahiri
görkəminə kübarlıq
və incəlik qazandıran bu aksessuarı o, binanın girişindəki qapıçıya
təhvil verməyə
məcbur qalır.
Geniş zallarda baxılası
əşyaların sayı-hesabı
yox imiş. Vitrinlərin üzərinə
səliqə ilə vurulmuş lövhəciklərlə
tanış olan Çiqler belə qənaətə gəlir
ki, hər şeyə
qadir elmin qazandığı danılmaz
nailiyyətlərə şahid
olan xoşniyyət ziyarətçinin qəlbində
bu sahəyə istər-istəməz dərin
bir rəğbət hissi oyanar.
İlk baxışda tör-töküntüyə bənzəyən,
ağır, paslı açar topası, yaşıl muncuqları ətrafa dağılan boyunbağı və bu kimi əşyalar
həmin o lövhəciklər
sayəsində heyrətamiz
maraq doğururdular onda. Qəribədir ki, elmin araşdırmadığı
heç bir sahə qalmayıbmış:
necə də hər şeyə vaxt tapır, bunca işin öhdəsindən gəlirdi
alimlər - hə, belə getsə, yaxın vaxtda elmin nəinki xərçəngə, hətta
ölümə də
bir çarə tapacağına hər hansı şübhə yeri ola bilməzdi.
İkinci zalda qarşısına
çıxan şüşə
şkafın qapısında
özünün aşkar
əks olunduğunu görüncə, onun diqqəti bir dəqiqəliyə öz
görkəminə cəmləndi:
kostyumuna, saç düzümünə, yaxalığına,
şalvarının ütü
qatına və qalstukuna diqqət yetirdi ki, görsün hər şey könülaçandır, ya
yox.
Sonra isə məmnun halda köks ötürüb, öz yoluna davam elədi və bu səfər
qədim oymaçıların
bir neçə əl işi diqqətini çəkdi.
Özündənrazı halda:
"Bunları yaradanlar
məharətli olsalar
da, əcəb avam imişlər ha", - deyə
düşündü. Hər
saatın tamamında
fil sümüyündən yonulmuş fiqurları menuet rəqsi ifa edən qədim
otaq saatına o, bir xeyli tamaşa
elədi və bunu da bəyəndi.
Daha sonra bu məşğuliyyət
onu qismən bezdirməyə başladı,
gah əsnədi, gah da şəstlə
cibindən çıxardığı
saata göz atdı: bu qızıl
saat Çiqlerə atasından yadigar qalmışdı.
Nahara hələ xeyli
vaxt qaldığını
anlayınca, ani təəssüf
hissi keçirsə də, qədəm qoyduğu növbəti zal onun həvəsini
yenidən körüklədi.
Burada orta əsrlərin mövhumatına
dair eksponatlar, sehr kitabları, gözmuncuğular, cadugər
xələtləri sərgilənirdi.
Bir küncdə isə
bütöv bir əlkimya laboratoriyası qurulmuşdu: körük,
həvəngdəstə, iri
şüşə qablar,
namnazik qurğuşun
lövhələr, xəzlər
və bənzər əşyalar gözə dəyirdi. Zalın bu qismi digərlərindən
xüsusi kəndirlə
ayrılmışdı, lövhəcikdəki
xəbərdarlıq yazısı
isə əşyalara
toxunmağı yasaqlayırdı.
Ancaq bu cür qadağalara kim idi ey,
məhəl qoyan?! Həm də axı o zalda Çiqler tamamilə yalqız idi.
Budur, o, sırf maraq xatirinə əlini uzatmaqla, bu qəribə
əşyalardan bəzilərinə
toxundu. Orta əsrlərə aid bütün
bu əndirəbadi inanclar barədə dəfələrlə eşitmiş
və oxumuşdu, ancaq insanların bu cür sarsaq
şeylərə inanması
heç cür ağlına sığışmırdı
və anlamırdı
ki, bütün bu cadu-pitikli fırıldaqları
və bunlara bənzər batil inancları qadağan edəcək birisi niyə indiyə qədər tarix meydanına atılmayıb?!
Əlkimya isə, əksinə, hər cür rəğbətə
layiq idi, çünki ən faydalı elm sayılan kimya məhz elə onun sayəsində
meydana çıxmışdı.
İlahi, deməli, qızıl əldə etməyə can atan əlkimyaçıların bu
odadavamlı şüşə
qabları da, cadugərlərin
yararlandığı bu
mənasız əşyalar
da əsla faydasız-filan
deyilmiş, çünki
onlarsız bugünkü
aspirin və bayıldıcı
hücum qazları da mövcud olmazmış!
O, dalğın halda kiçik və tünd rəngli, quruduğu üçün bir həb qədər yüngül olan kürəni ovcuna aldı, barmaqları arasında fırlatdıqdan
sonra onu təkrar yerinə qoymaq istəyəndə arxadan ayaq səsləri
eşitdi. Geri qanrılınca,
başqa bir ziyarətçinin gəldiyini
gördü. Lövhəcikdə
yazılan qadağanı
az əvvəl oxumasına baxmayaraq, kürəciyi əlinə
alan Çiqler qəfil narahatlığa qapıldı. Buna görə
də kürəciyi sıxan ovcunu cibinə salaraq, həmin binadan çıxdı.
Küçədə gedərkən həmin
kürəbiçimli həb
təkrar yadına düşdü. Çıxarıb,
yerə atmazdan əvvəl onu burnuna tərəf aparıb qoxladı. Həbdən zəif və xoş bir qətran qoxusu gəlirdi deyə, onu təzədən qaytarıb
cibinə qoydu.
Sonra yolunu restorandan saldı, yemək sifariş verdi, maraqlı nə yazırlar deyə, gündəlik qəzetləri vərəqlədi,
qalstukunu düzəltməklə,
geyim-keçimlərindən asılı olaraq, ətrafındakı müştəriləri
gah sayğıyla, gah da yekəxana
tərzdə süzməyə
başladı. Yemək
süfrəyə gec gətirildiyindən, Çiqler
muzeydən oğurladığı
və indi cibində duran əlkimya həbini çıxarıb iyləməyə
başladı. Sonra o, işarət
barmağının dırnağıyla
həbin səthini qazıdı və ən nəhayət, əsl uşaq marağıyla onu ağzına atdı. Tezliklə ağzında əriyən həbin dadı da sən deyən fəna sayılmazdı və Çiqler onun üstündən bir qurtum pivə içdi. Elə həmin dəm yemək də süfrəyə gətirildi.
Saat ikidə bizim cavan oğlan tramvayın pilləkənindən
yerə sıçradı,
az sonra isə Heyvanat parkının vestibülünə
qədəm qoydu və bazar günü qiymətiylə özünə
bilet aldı.
Xoş bir təbəssümlə
meymunlar saxlanan bölümə girib, şimpanzenin qəfəsi
önündə ayaq saxladı. Gözlərini
ona zilləyən iri meymun salamlaşırmış
kimi, başını
tərpətdi və bəm bir səslə
soruşdu:
- İş-güc necədir, qardaşım?
İzaholunmaz dəhşət və
çiyrinmə hissi keçirən Çiqler
ani geri çəkildi
və ta o bölümdən
aralanana qədər həmin meymunun ona ünvanladığı
bu qınaqları eşitdi:
- Buna bir bax, əcəb də ədalıdır! Yastıpəncəli sarsaq!
Çiqler bu dəfə adi meymunların saxlandığı bölümə
üz tutdu. O nadinclər də ora-bura hoppanaraq, elə hey çığırırdılar:
- Dostum, qənd versənə, mənə!
Biləndə ki, bu "dostları"nda
qənd-zad yoxdur, onlar möhkəm qəzəbləndilər, sırf
cırnatmaqdan ötrü
"acından ölən
hərif" adlandırmaqla,
ona dişlərini ağartdılar. Buna heç
cür qatlaşa bilməyəcəyi üçün
o, çaşqın və
fikirli halda bayıra çıxdı,
nisbətən xoş
münasibət umduğu
maral və ceyranlar saxlanan bölümə tərəf
yönəldi.
İri və əzəmətli
bir sığır oradakı məhəccərin
kənarında durub, ziyarətçiləri süzürdü.
Həmin dəm qorxu hissindən Çiqlerin az qaldı ürəyi dura. Belə çıxırdı
ki, qədimdənqalma sehrli
həbi udduğu andan etibarən o, heyvanların dilini anlamağa başlayıbmış.
Bu sığır isə
onunla, sadəcə, özünün dilsiz baxışlarıyla, iri və palıdı rəngli gözləriylə
təmas qurmağa üstünlük verirdi. Daha öncə onun lal baxışlarından
əzəmət, itaət
və qüssə ifadəsi yağırdı,
indi qarşısında
dayanan insana münasibətdə isə
bu baxışlarda, sadəcə, yekəxanalıq,
ciddiyyət və dəhşət qarışıq
bir nifrət hissi donmuşdu. Bu sığırın səssiz
və əzəmətli
baxışlarından yağan
məna bir kitab səhifəsindəki mətn
qədər Çiqlerə
bəlli idi: indi o, özünün şlyapası, əl ağacı, cib saatı və səliqəli kostyumu ilə bu sığırın
nəzərində bir
tör-töküntü, gülünc
və iyrənc bir varlıq sayılırdı.
Sığırdan uzaqlaşan Çiqler,
əvvəlcə, dağ
keçisinin, sonra adi keçilərin, lamanın, qaban və ayıların ziyarətinə yollandı.
Təhqirə gərək
duymayan bu heyvanlar da ona hamılıqla nifrət bəsləyirdilər. Aralarında
gedən söhbətlərə
qulaq verməklə, Çiqler onların insanlar haqda nələr düşündüyünü
öyrəndi. Bu rəylərdən
dəhşətə gəldi.
Sərbəst dolaşmaq
haqqının məhz
bu təlxək geyimli, iyrənc, iylənmiş və ləyaqətsiz ikiayaqlılara
tanınmasından heyvanlar
hədsiz dərəcədə
narazı imişlər.
Pumanın öz balasıyla
nələrdən danışdığına
da bir ara qulaq verdi: ləyaqət
və təcrübi müdriklik barədəki
bu söhbətə, hətta insanlar arasında da nadir rast gəlinərdi. Bazar günü
Heyvanat parkında dolaşan böyük insan kütləsi barədə panterin də qısa, dəqiq və kübarca açıqladığı
fikirlərə qulaq verdi. Uzun yala
malik aslanın gözlərinə
baxarkən o, qəfəslərdən
və insanlardan uzaqdakı bu yırtıcı heyvanlar aləminin necə geniş və heyrətamiz olduğunun fərqinə vardı. Qurumuş budağın üstə qüssəli halda, amma vüqarla
oturan şahin quşunun tükənməz
dərdinə şərik
oldu, qəfəsdə
əsir tutulan zığ-zığ quşlarının
bu əsarətə məğrurcasına, aşkar
soyuqqanlılıq, hətta
məzə ilə qatlaşdıqlarını gördü.
Fikirlərinin alışılmamış məcrasından qopan, basqıya qapılan Çiqler çarəsiz
halda, təkrar insanların arasına döndü. İndi o, hər
yanda az əvvəl yaşadığı
sarsıntını və
dəhşəti paylaşacaq
birisini axtarırdı,
danışılanlara qulaq
verirdi ki, bəlkə
təsəlliverici, ağlabatan,
könülaçan nə
isə eşidə, davranışlarında hansısa
ləyaqət, təbiilik,
nəciblik, təmkinli
bir əzəmət görməkdən ötrü
ziyarətçilərə göz qoyurdu. Ancaq ümidləri heç doğrulmadı. Səslərə, sözlərə
qulaq verdi, hərəkətlərə, jest və baxışlara diqqət yetirdi, ancaq indi öz
ətrafına bir növ heyvana xas gözlərlə baxdığından qarşısında
başdan-ayağa öz
zatından qopan, min bir cildə girən, saxtakar, cürbəcür heyvanlara
xas cəhətləri
özündə cəmləşdirməklə,
heyvanabənzər məxluqlardan
ibarət iyrənc bir cəmiyyət həyatı gördü.
Özünün insan məğzindən
dərin xəcalətə
qapılan Çiqler artıq çarəsiz bir ovqatla dolaşırdı.
Tinli əsasını,
onun ardınca isə əlcəklərini
o, çoxdan kolluğa
tulazlamışdı. Şlyapasını
çıxarıb, çəkmələrini
soyunandan və qalstukunu açandan sonra isə o, başını sığırın
qəfəsinə söykəyərək
hönkürməyə başladı.
İnsan axınının rahat
hərəkətinə maneçilik
törətdiyi üçün
Çiqleri dərhal yaxalayıb, psixiatriya müəssisəsinə göndərdilər.
Herman
HESSE
Tərcümə: Azad Yaşar
Ədəbiyyat qəzeti.
- 2024.- 6 aprel, ¹11-12.- S. 47-48.